Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bir robot zəka düzəltməmişdilər, o da oldu. London Universitet Kolleci, Şeffild və Pensilvaniya universitetlərinin mühəndisləri məhkəmə qərarlarını təxmin edən zəka hazırlayıb. Zəkanın əsas məqsədi Avropa İnsan Haqları Məhkəməsində aparılan işlərin nəticələrini təxmin etməkdir. Mühəndislər zəkanın yükləndiyi kompyuterə 584 məhkəmə işini daxil edib. Zəka 79 faiz düzgün cavab verib.  Hazırda beynin üzərində təkmilləşdirmə işləri aparan universitetlərin mühəndisləri zəkanın yaxın zamanda vəkil və hakimlərin yerini tutacağını bildirib.

komekci

Londonda yerləşən “Interactive Architecture Lab” laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanmış “Sarotis” adlı süni dəri virtual reallığa yüklənmə formasını tamamilə dəyişdirəcək, dəridən gələn məlumatları hiss etməyə imkan verəcək. “Sarotis” ikinci dəri kimi görsənir. Hələ ki istehsalçılar onu yaxalıq şəklində təqdim ediblər. Materiala hərəkət və dərinlik sensorları qurulub, həmçinin protezlərdə istifadə edilən texnologiyalar reallaşdırılıb. Sistem ətraf ərazini “3D” formatında göstərən “Google Project Tango” proqram təminatından istifadə edir. “Sarotis” faktiki olaraq virtual və ya artırılmış reallıq haqda məlumatlar axınını taktil hisslər dəstinə çevirir. Süni dəri təzyiqi gücləndirmək və ya azaltmaqla istifadəçiyə komandalar verir. Mütəxəssislər tərəfindən keçirilmiş sınaqda gözü görməyən insan “Sarotis” süni dərisinin komandaları üzrə boş otaqda hərəkət edib. Süni dəri onun divara çırpılmasına imkan verməyib və ya marşrut üzrə hərəkət etməsinə kömək edib. İstehsalçılar əmindirlər ki, 2020-ci ilə smartfon sahiblərinin 70%-i kompüter “3D” görüntü sistemlərindən istifadə imkanına malik olacaqlar. Bu, süni dərinin imkanlarını genişləndirməyə imkan verəcək – zəif görmə qabiliyyətli insanlar üçün sistemlərdə, təhlükəsizlik qurğuları, naviqasiya və əlbəttə ki, videooyunlarda ondan istifadə etmək mümkün olacaq.

analiz_krovi

“Twitter” şirkəti qısa videolar üçün nəzərdə tutulan “Vine” servisini bağlayacağını elan edib. Yaxın bir neçə ay ərzində mobil tətbiq tamamilə söndürüləcək. Hazırda servisin tətbiqini, veb saytını və servisdə olan videoları heç bir təhlükə gözləmir. İstifadəçilər əvvəlki kimi servisə daxil olub öz qiymətli videolarını yükləyə bilərlər. İstifadəçilərin videoları izləyə bilmələri üçün “Vine”ın veb saytı hələ ki onlayn şəkildə qalacaq. Servisin tamamilə bağlanmasından öncə istifadəçilərə qabaqcadan xəbər veriləcək. Qeyd edək ki, “Vine” servisi 2013-cü ildə işə salınıb.

vine

Facebook Live istifadəçiləri maraqlı yeniliklə tanış ola bilərlər. Belə ki, şirkət yeni əlavə etdiyi xüsusiyyət sayəsində Facebook Live-da “maska taxma” seçimini edəcək. Bu yenilik də Snapchat-da yer alan filtrlərlə çox oxşarlıq təşkil edir. Yenilik qısa zaman üçün Halloween bayramı üçün nəzərdə tutulub. Belə ki, istifadəçilər canlı yayım etməyə başladıqdan sonra öz seçdikləri özəl maska filtrləri ilə izləyicilərinin qarşısına çıxa biləcək. Facebook mart ayında Snapchatda olduğu kimi video və fotolara animasiyalar əlavə edən MSQRD tətbiqini təqdim edən Masquerade startupını almışdı. İyul ayında da istifadəçilərə MSQRD köməyilə Facebook Live istifadə etmələrinə icazə verildi. Artıq Facebook öz tətbiqi içərisində yerləşdirdiyi filtrlər ilə daha çox diqqət çəkməyə başlayıb. Xüsusilə canlı yayım edərkən üzünü göstərmək istəməyən şəxslər bu yenilikdən rahat şəkildə istifadə edə biləcəklər. Bundan əlavə Halloween bayramı mövzularını əhatə edən reaksiya düymələri ilə işi daha əyləncəli hala gətirmək mümkün olacaq. Məsələn, cadugar kimi gülə bilər, kabus kimi üz ifadənizdə təəccüb yarada bilərsiniz və s. Bu yenilik hələ ki, sadəcə ABŞ, İngiltərə, Yeni Zellandiyadakı iOS istifadəçilərinə təqdim olunacaq. Amma yaxın zamanda digər ölkələrdə də istifadəyə veriləcək.

live

Terminator əfsanəsini gerçəkləşdirmək üçün Pentaqon təqribən 3 milyard dollar pul ayırıb. Baş rolda Arnold Şvarzeneggerin rol aldığı “Terminator” filmində bəhs edilən yox edən robotlar Pentaqon tərəfindən gerçəyə çevrilib. Robot texnologiyalarını əsasən təhlükəsizlik sistemlərində istifadə etməyə başlayan ABŞ, ilk əvvəl özünü öldürən dronların testini həyata keçirib. Belə ki, kiçik bir əyalətdə həyata keçirilən təcrübədə üzərində kamera yerləşdirilən dronlar hədəflərini təyin edə biliblər. Bu dronlar əllərində AK47 olan 12 şəxsdən ibarət birliyi heç bir yardıma ehtiyac duymadan təhlükəsiz hala gətirə bilib. 500 milyard dollar büdcəsi olan və keçən il yeni texnologiyalara 18 milyard dollar pul ayıran Pentaqon bunun 3 miyard dollarını insan-maşın savaş komandalarına sərf edib. Mexaniki tərəfi haqda çox da məlumat verilməsə də gələcək illərdə görüntü etibari ilə Terminatorlara bənzəyən savaş maşınları görə biləcəyik. Əsasən “insansız savaş maşınları” layihəsi üzərində ciddi işlər aparan ABŞ, hücum edəcəyi obyekti təyin edə bilən uçan savaşçı robotları, kiçik gəmilər və dənizaltı gəmilər istehsal edir. Bu dəniz maşınları yenə insan yardımı almadan minlərcə kilometr yol qət edə bilirlər. Hər kəsi maraqlandıran digər bir sual isə özləri qərar qəbul edən robotların insanlıq üçün nə dərəcədə təhlükəli olması məsələsidir. Stephen Hawking bu mövzuda bir qədər ehtiyatlı davranmağı tövsiyə etsə də alimlər bu mövzuda israrla davam etməkdədirlər.

terminator

Amerikalı fiziklər yeni yığcam məlumat daşıyıcısı təqdim ediblər. Tədqiqat “Science Advances” jurnalında dərc edilib. Fiziklər tərəfindən yaradılmış üçölçülü almaz çipində yaddaşın saxlanılması üçün azotla əvəz edilmiş vakansiyalardan (karbon atomunun ləğvi və onun azot atomu ilə əvəz edilməsi zaman yaranan kristal qəfəs defekti) istifadə olunur. Bu, azotun atomlarının spinlərinin manipulyasiyası üçün geniş imkanlar  açır ki, bu da müəlliflər tərəfindən lazerin köməyi ilə informasiyanın yazılması üçün istifadə olunub. “DVD” və “Blu-Ray” formatlı məlumat daşıyıcılarından fərqli olaraq, fiziklər yazılmış informasiyanın sıxlığı ilə bağlı məhdudiyyəti aradan qaldırmağa nail olublar. Prototip qurğuya yazılmış informasiyanın sıxlığı “Blu-Ray” ilə müqayisədə 100 min dəfə yüksək olub. Bundan başqa, müəlliflər bildiriblər ki, çipdəki informasiya qeyri-məhdud sayda yenidən yazıla bilər.

add

“Microsoft” korporasiyası Nyu-Yorkda keçirilmiş təqdimatda “Surface Studio” adlı ilk şəxsi istehsalı olan masaüstü kompüterini, “Surface Book i7” adlı yeni noutbuk-transformerini və simsiz virtual reallıq şlemlərini nümayiş etdirib, həmçinin “Windows 10” əməliyyat sisteminin növbəti böyük yeniləməsi haqda detalları bölüşüb. “Surface Studio” – bu, proqram nəhənginin qrafika sahəsində ekspertlər, dizaynerlər, illüstratorlar və yaradıcılıq peşələrinin başqa nümayəndələri üçün nəzərdə tutulmuş ilk fərdi kompüteridir (FK). Monoblok 28 düymlük sensor ekrana (13.5 milyon piksel, tərəflərin nisbəti –  3:2) malikdir, çox nazik korpus və aparatı həm üfüqi, həm də şaquli vəziyyətdə qalmağa imkan verən daxili şarnirlə təchiz edilib. “iMac” kompüterinin rəqibi olan “5K” təsvir ölçülü ekranla təchiz edilmiş qurğu “Surface Pen” stilusu və yeni “Surface Dial” aksessuarının köməyi ilə daxiletməni dəstəkləyir. “Microsoft”un rəsmisi bildirib ki, “Surface Studio” monoblokunun sensor ekranı təsadüfi toxunuşları (məsələn, dirsəklə) qeydə almır və stilusla toxunuşlara ani reaksiya verir. Monoblok kompüter “Intel Core i5” və ya “i7” prosessoru, “Nvidia GTX 980” qrafik kartı, 32 QB-dək əməli yaddaş və 2 TB-dək tutuma malik daşıyıcı, “Mini DisplayPort”, 4 ədəd “USB 3.0”, “Ethernet” konnektor və “SD” kartlar üçün slotla təchiz edilib. “Surface Studio” monoblokunun qiyməti 2999 ABŞ dollarından başlayır. Artıq ilkin sifariş əlçatandır. Yeni qurğunun çatdırılması dekabrın əvvəllərinə gözlənilir. “Surface Book”un dizaynı sələfindən heç nə ilə fərqlənmir. Yeni modeldə təkmilləşdirmələr əsasən elektron içliklə bağlıdır: avtonom iş vaxtı 16 saatdır, qrafik məhsuldarlıq iki dəfə artırılıb. 2016-cı ilin noutbuk-transformeri “Intel i7” prosessoru, “Nvidia GeForce GTX 965M” (1.9 teraflops) video sürətləndiricisi və tamamilə yeni soyutma sistemi ilə təchiz edilib. 256 QB, 512 QB və 1 TB yaddaş konfiqurasiyasına malik yeni qurğunun qiyməti müvafiq olaraq 2399, 2799 və 3299 dollar təşkil edəcək. Leptopu “Microsoft.com” saytından sifariş etmək mümkündür. “Microsoft”, həmçinin “Windows 10” sistemi ilə işləyən və holoqramların göstərilməsi funksiyasına malik virtual reallıq şlemlərini təqdim edib. Bu şlemləri “HP”, “Dell”, “Lenovo”, “Asus” və “Acer” şirkətləri istehsal edəcək. Amma bu şirkətlərdən heç biri virtual reallıq bazarında aparıcı iştirakçı deyil. Qurğu haqda məlumat yox dərəcəsindədir. Şirkətin rəsmiləri bildiriblər ki, “HTC Vive” və “Oculus Rift”dən fərqli olaraq kənar kamera və ya lazer sistemlərinə ehtiyac olmayacaq, çünki hərəkəti izləyən trekerlər korpusda gizlədilib. Virtual reallıq şlemləri 299 dollara satılacaq. Bundan başqa, şirkət “Windows 10” əməliyyat sisteminin növbəti böyük yeniləməsi – “Windows 10 Creators Update”ni təqdim edib. 2017-ci ilin yazında onu pulsuz yükləmək mümkün olacaq.

microsoft

Bu gün istifadəçi ilə qarşılıqlı ünsiyyət üçün süni intellektə əsaslanan alqoritmlərdən istifadə edən interaktiv köməkçi ilə heç kimi təəccübləndirmək olmaz. Bütün nəhəng şirkətlərin şəxsi smartfonunda belə assistent mövcuddur: “Microsoft”da “Cortana”, “Google”da “Google Assistant” və ya “Apple”da “Siri” interaktiv köməkçiləri. Bu yaxınlarda bu üçlüyə Karneqi Mellon Universitetinin ekspertləri tərəfindən hazırlanmış “S.A.R.A” (“Socially Aware Robot”) adlı daha bir köməkçi əlavə olunub. “S.A.R.A” köməkçisi digərlərindən fərqli olaraq, öz-özünə öyrənmə, sosial qarşılıqlı əlaqə və ünsiyyət bacarıqlarına malikdir. “S.A.R.A” köməkçisi kamera və mikrofonun köməyi ilə yalnız insan tərəfindən verilmiş sorğuları müəyyənləşdirmir, həm də onun vəziyyətini təhlil etmək qabiliyyətinə malikdir. Bu sistemin yaradıcılarından biri olan professor Castin Kassel deyir: “Bizim sistemimiz sizin hərəkətlərinizə uyğun olaraq düzəliş edir və sistem bir neçə düzəlişdən sonra ən optimal davranış xəttini seçir. Bu, bir ilkdir”. Qeyd edək ki, “S.A.R.A.” köməkçisi öz animasiyası, mimikası və əl-qol hərəkətlərinə malik avatar formasındadır. “S.A.R.A” interaktiv köməkçisi ilə danışmaq imkanı əldə etmiş şəxslər əmin edirlər ki, assistent tərəfindən təqdim edilən informasiya digər virtual köməkçilərdən geri qalmır. Amma vizual görüntü ünsiyyəti daha maraqlı edir.

komekci

“IDC” analitikləri 2016-cı ilin üçüncü rübü üzrə qlobal smartfonlar bazarındakı vəziyyət haqda ilkin məlumatları dərc ediblər. Mütəxəssislərin qiymətləndirməsinə görə, şirkətlər ilin son rübündə ümumilikdə 362.9 milyon smartfon tədarük ediblər. Aparıcı smartfon istehsalçılarının reytinqində dəyişiklik qeydə alınmayıb. İlk beşlikdə “Samsung”, “Apple”, “Huawei”, “Oppo” və “Vivo” şirkətləri qərarlaşıblar. “Galaxy Note 7” ilə bağlı problem qısamüddətli perspektivdə “Samsung” şirkətinin liderliyinə təsir etməyib: üçüncü rübdə şirkət əvvəlki kimi liderliyini qoruyub saxlayıb, ancaq Cənubi Koreya brendi üçün uzunmüddətli nəticələr hələ özünü göstərəcək. “IDC”-nin hesablamasına görə, 2016-cı ilin iyul-sentyabrında “Samsung” şirkəti 72.5 milyon smartfon tədarük edib. Bu halda mütəxəssislər bildiriblər ki, “Note 7”-nin satış həcmini Cənubi Koreya şirkətinin göstəricilərinə daxil etməyiblər. Ötən ilin göstəriciləri ilə müqayisədə “Samsung”un qurğularının tədarük həcmi 13.5% azalıb. “Apple” şirkəti 45.5 milyon “iPhone” smartfonu tədarük edib. Ötən il bu göstərici 48 milyon təşkil edib. Şirkət rəsmiləri etiraf ediblər ki, 5.5 düymlük “iPhone 7 Plus” smartfonuna olan çox yüksək tələbatın öhdəsindən gəlmirlər. “Huawei” şirkəti ilin son rübündə 33.6 milyon smartfon tədarük edərək ötənilki göstəricini (23%) yaxşılaşdırıb. Nəticədə “Huawei” şirkətinin bazar payı 7.6%-dən 9.3%-dək artıb.

smartfon

Kembric Universitetinin alimləri tərəfindən hazırlanmış yeni texnologiya internetə çıxışı olmayan rayonlarda mobil ödənişləri etməyə imkan verir. Bu məqsədlə yaradılmış nazik elektron çip “SİM” kartın yuxarı hissəsinə bərkidildikdən sonra mobil telefona taxılır. Bu çipin daxilində yerləşdirilmiş qurğu iki telefon arasında “SMS” mesajlardan istifadə etmədən əməliyyatlar həyata keçirməyə imkan verir. Pul köçürülməsi zamanı çip tərəfindən yaradılmış səkkizrəqəmli kod qurğular tərəfindən yoxlanılır: kod uyğun gəldiyi halda pul köçürülməsi uğurla həyata keçirilir. İnternetə qoşulma zamanı tranzaksiya haqda informasiya mobil ödənişlər sisteminin serverlərindəki tarixçədə qeydə alınır. İstehsalçılar bildiriblər ki, yeni texnologiya smartfonlara aid deyil, “Bluetooth”, “NFC” texnologiyaları olmayan ən sadə cihazları əhatə edir. “DigiTally” layihəsi, ilk növbədə, ənənəvi bank infrastrukturu mövcud olmayan regionlarda reallaşdırıla bilər. Bir qayda olaraq, belə ərazilərdə, həmçinin mobil rabitə qüllələrinin şəbəkəsi yoxdur, buna görə öz işində “SMS” mesajlardan istifadə edən mobil ödəmə xidmətləri orada işləmir.

sim

“Twitter” mikrobloqunda çalışan yeganə Rusiya vətəndaşı ixtisara düşüb. Son 3 ildə “Twitter”in “Media partnerships” bölməsində çalışan Aleksey Şelestenko hazırda şirkətin həyata keçirdiyi ixtisar dalğasına tuş gəlib. Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. A. Şelestenko şirkətin Rusiyadakı yeganə əməkdaşı idi. “Bu 3 ildə nə qədər maraqlı hadisələr baş verib… Rusiyadakı “Twitter” macəralarım haqda kitab yazmaq olar”, – deyə o, bildirib. Qeyd edək ki, “Twitter” əməliyyat xərclərini azaltmaq üçün ixtisara başlayıb. Şirkət əməkdaşlarının 9 faizini – 350 nəfəri işdən çıxaracaq.

isci

Hazırda maqnitlərin əksəriyyəti təzyiq altında tökmə metodu ilə hazırlanır. Bu texnologiya, məsələn, elmi-tədqiqat layihələrinin reallaşdırılması üçün müəyyən formalı maqnitlərin hazırlanması ilə əlaqədar bəzi  məhdudiyyətlərə malikdir. Vyana Texnologiya Universitetinin alimlərdən ibarət komandası tərəfindən hazırlanmış maqnitlərin “3D” çap texnologiyası istənilən forma və ölçüdə maqnitlər yaratmağa imkan verəcək. Bundan ötrü rəqəmli kompüter modelini hazırlayaraq onu lay-lay maqnit “mürəkkəbi” çəkən “3D” printerə yükləmək lazımdır. Polimerin əvəzinə 90% maqnit sapları və 10% əlaqələndirici polimerdən ibarət olan qarışıqdan istifadə etmək təklif edilib. Saplar maqnitləşdirilmədiyindən əldə olunmuş məmulat güclü maqnit sahəsinin təsirinə məruz qalmalıdır. Yeni texnologiya ən müxtəlif formalı maqnitlər hazırlamağa imkan verir. Bundan başqa, indi bir neçə materialdan ibarət maqnit yaradıla bilər.

maqnit

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register