Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
“Microsoft” korporasiyası son vaxtlar “Skype” xidmətinin inkişafına böyük diqqət yetirir. Belə ki, servisin “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün təqdim edilən növbəti yenilənməsində istifadəçi interfeysi daha da yaxşılaşdırılıb və bir neçə yeni funksiya əlavə olunub. Əlavədə “dialer” zəng proqramının işə salınması üçün yeni düymə, zənglər pəncərəsində isə tez zəng etmə imkanı yaradılıb. Qrup zənglər zamanı hazırda yalnız danışan abunəçini göstərən işıq yanmağa başlayır ki, bu da baş verənlərdən daha yaxşı xəbərdar olmağa imkan verir. Mütəxəssislərin sözlərinə görə, yenilənmə bir sıra məlum problemlərin, o cümlədən səsli bildirişləri dinləyərkən audionun səsləndirilməsi ilə bağlı problemin həllinə kömək edəcək. Qeyd edək ki, “Skype Insiders Program” proqramının iştirakçısı olmaqla “Skype”ın bütün yeni funksiyalarından ilkin istifadə etmək olar.
PİN kodun köməyi ilə smartfonun blokdan çıxarılması metodu təhlükəli ola bilər. “SpringSource” şirkətinin keçmiş texniki direktoru Adrian Kolyerin “The Morning Paper” adlı populyar bloqunda cihazlara müdaxilənin yeni üsulu təsvir edilib. Hakerlər PİN kod yığımını izləmək üçün “Wi-Fi” siqnalını təhlil edirlər. Qurğuya müdaxilə aşağıdakı formada baş verir. Məsələn, kafedə əlində smartfon masa arxasında əyləşmiş ziyarətçini öz qurbanı kimi seçmiş haker simsiz giriş yaradır. Kolyer iddia edir ki, qurğunun “Wi-Fi” siqnalı, həmçinin PİN kodu yığan istifadəçinin barmaqlarının vəziyyətindən asılıdır. Beləliklə, “Wi-Fi” siqnalının titrəyişlərini təhlil və interpretasiya edən haker cari anda cihazda daxil edilmiş kodu öyrənə bilər. Qurğulara belə müdaxilə üsulu “WindTalker” (“Küləklə danışan”) adlandırılıb. Digər müdaxilə üsullarından (məsələn, basılan klavişlərin səsi üzrə parolları müəyyənləşdirən və ya əlin hərəkətini (yaxud mausun) izləyən) fərqli olaraq, yeni müdaxilə üsulu cihaza bilavasitə giriş və bu zonada mövcud “Wi-Fi” kanallar üzrə qoşulma tələb etmir. “WindTalker” “Wi-Fi” siqnalının məlumatlarını və ona dəyişiklikləri müqayisə edir. Mikromaneələr “Channel State Information” (CSI) zaman sırasında unikal pattern yaradırlar. Bundan sonra bütün informasiya xüsusi proqramda toplanılır və alqoritmlərin köməyi ilə təhlil edilir. Məqalənin müəllifi “WindTalker”i sınaqdan keçirmiş insanlara və “Alipay” ödəmə sistemində hesab sahiblərinə istinadən qeyd edib ki, müdaxilə cəhdinin ödəmə sistemi üçün əldə etdiyi 3 mümkün paroldan biri uyğun gəlib.
“Cisco” şirkətinin “Cisco Global Cloud Index” (2015 – 2020) illik hesabatına görə, “bulud” trafikin həcmi 3.7 dəfə (2015-ci ildə 3.9 zettabaytdan 2020-ci ilə 14.1 zettabaytadək) artacaq. 2015-2020-ci illərdə məlumat mərkəzi tərəfindən həyata keçirilən biznes məsələlərinin sayı 2.4 dəfədə artacaq, ancaq onların məlumat mərkəzinin ümumi yüklənməsində ümumi payı 79%-dən 72%-dək azalacaq. Eyni dövrdə istehlak məsələlərinin sayı 3.5 dəfə artacaq və 2020-ci ilə məlumat mərkəzində həyata keçirilən məsələlərin 28%-i istehlakçı sektorunun payına düşəcək, 2015-ci ildə bu göstərici 21% təşkil edib. Bu halda “əşyalar interneti”, təhlil və verilənlər bazası proqramları biznes məsələləri arasında artım nümayiş etdirib. İstehlak məsələləri arasında sosial şəbəkələr və video daha sürətli artım nümayiş etdirəcək.
“HP” şirkəti “Autodesk University” konfransında “Z2 Mini” adlı kiçikölçülü işçi stansiyasını təqdim edib. İstehsalçının iddiasına görə, yeni qurğu hazırda bazarda mövcud istənilən kommersiya mini-kompüterdən iki dəfə daha güclüdür və 6 ekranla iş rejimini dəstəkləyir. Yeni qurğu layihəçilər, “3D” modelləşdirmə sahəsində peşəkarlar, “DesignCAD 3D Max”, “ArchiCAD” istifadəçiləri üçün nəzərdə tutulub. Səkkizbucaqlı qurğunun korpusunun hündürlüyü 5.8 sm-dir. Xüsusi layihələndirilmiş ventilyator və soyuma sistemi sayəsində aparat səssiz işləyir. Yeni model “Intel Xeon E5” prosessoru, “Nvidia” qrafik kartı və “HP Z Turbo Drive SSD” daşıyıcısı ilə təchiz edilib.
Mütəxəssislər və istifadəçilər müasir virtual reallıq qurğularının başlıca problemlərindən biri kimi virtual reallıqdan lazımınca həzz almağa imkan verməyən naqilləri göstərirlər. Lakin gələcəkdə vəziyyət dəyişə bilər. Belə ki, bu yaxınlarda Massaçusets Texnologiya İnstitutunun əməkdaşlarının virtual reallıq kaskalarını naqillərdən azad edəcək “MoVR” adlı yeni qurğu yaratmaları məlum olub. Qurğunun əsasını “5G” şəbəkələrində istifadə edilən texnologiyalar təşkil edir. Bunun sayəsində kompüterdən siqnalın virtual reallıq kaskasına sürətli ötürülməsi təmin edilir. Layihə müəlliflərinin sözlərinə görə, simsiz kanallarla məlumatların ötürülməsi üçün digər texnologiyalar bu nəticəyə nail olmağa imkan vermir. Lakin “MoVR” qurğusunda istifadə edilən texnologiyanın çatışmazlığı da var. Çünki siqnalın stabil ötürülməsi üçün onun yolunda maneə olmamalıdır. Mütəxəssislər qurğunu siqnalın istiqamətini müəyyənləşdirən və onu heç bir maneənin olmadığı tərəfə yönəldən xüsusi mexanizmlə təchiz edərək problemi həll ediblər. Hazırkı mərhələdə “MoVR” yarı plastik kart ölçüsündə iki kiçik antenaya malikdir. Lakin gələcəkdə antenaların ölçüləri nisbətən böyüyə bilər ki, bunun da sayəsində qurğuya bir neçə virtual reallıq kaskasını qoşmaq mümkün olacaq.
Avropa İttifaqı ölkələrinin kitabxanalarına kitabların elektron versiyalarından istifadə hüququ 2014-cü ildə verilsə də, indiyədək onların belə ədəbiyyatı abunəyə vermək ixtiyarı olmayıb. Bu və ya digər nəşrin elektron nüsxəsi ilə oxucu yalnız yerində – kitabxanada tanış ola bilirdi ki, bu da elektron ədəbiyyatdan istifadənin bütün üstünlüklərindən yararlanmağa imkan vermirdi. Belə ki, elektron kitabdan istifadə prinsipi oxu zalında ümumi iş üsulundan çox fərqlənmirdi. Bundan sonra istənilən oxucu başqa yerdə lazımi elektron nəşrlərlə işləyə biləcək. Yeni qaydaya görə, kitabxanalar nəşrlərin elektron nüsxələrini abunəçiyə vermək hüququ əldə ediblər. Aİ ölkələrinin bütün kitabxanaları elektron ədəbiyyatın populyarlaşdırılması üçün qanuni hüquqa malik ola bilər. İstədiyi nəşri abunə hüququndan istifadə edərək götürmək istəyən oxucu onu qurğuya yükləyərək kitabxananın müəyyənləşdirdiyi vaxt ərzində istifadə edə bilər. Bundan başqa, oxucu həmin elektron nüsxənin unikal istifadəçisinə çevrilir. Çünki ondan başqa heç kim bu nüsxədən istifadə edə bilməz. Nəşrdən istifadə müddəti başa çatdıqdan sonra kitab kağız informasiya daşıyıcılarından istifadədə olduğu kimi kitab anbarına təhvil verilmir – kitab sadəcə açılmır və yenidən geniş oxucu kütləsinin ixtiyarına verilir.
ABŞ Senatının Nebraska ştatından olan üzvü Benjamin (Ben) Sassın taksi sürücülüyü ilə məşğul olduğu ortaya çıxıb. B. Sass boş vaxtlarında “Uber” taksi xidmətində sürücülük edir. Bunu xidmətdən taksi sifariş edən yerli tələbə təsadüfən aşkarlayıb. O, Benjamin adlı sürücünün şəklinin senatora çox bənzədiyini fərq edib. Bir qədər sonra B. Sass “Twitter”də həmin sürücünün özü olduğunu təsdiqləyib. Hansı səbəblə sürücülük etdiyini o, belə izah edib: “Nebraska sakinləri ilə birlikdə və onlar üçün çalışmaq xoşuma gəlir”. B. Sass pulsuz çalışdığını söyləyib, çünki senatorların əlavə gəlir mənbəyinə malik olması qanunla qadağandır. Xatırladaq ki, bu yaxınlarda prezident Barak Obama zarafatla səlahiyyət müddəti başa çatdıqdan sonra “Uber”də çalışacağını söyləyib.
Alimlər insan bədəninin daxilinə implantasiya edilmiş sensor və cihazlarla bağlı öz tədqiqat və sınaqlarının nəticələrini daha tez-tez dərc etməyə başlayıblar. Lakin hələ tarixdə heç vaxt beyin implantatı tədqiqat laboratoriyasının hüdudlarından kənara çıxmamışdı, çünki belə pasiyentlər ixtisaslaşdırılmış mütəxəssislərin müntəzəm nəzarətinə ehtiyac duyurlar. Beyin implantatından öz gündəlik həyatında istifadə edən ilk qadın 58 yaşlı Niderland sakini olub. “Bu, çox qeyri-adi bir hissdir” – həmin qadın “New Scientist” nəşrinin jurnalistlərinə deyib. Qadının gündəlik həyatında ona kömək edən beyin implantatı müntəzəm kalibrləmə və mütəxəssislərin nəzarətini tələb etmir. 2008-ci ildə qadına qoyulmuş yan amiotrofik sklerozu nəticəsində o, hərəkət etmək qabiliyyətini itirib. İndi qadın yalnız öz gözlərini hərəkətə gətirmək imkanına malikdir, amma həkimlərin iddiasına görə, pasiyent tezliklə bu qabiliyyətini də itirəcək. Bu səbəbdən qadın öz beyninə elektrodların tətbiqini nəzərdə tutan təhlükəli əməliyyata razılıq verib. Aktivlik elektrod tərəfindən oxunduqdan sonra planşet kompüteri ona göndərilmiş siqnalları interpretasiya edir və onları “proqramı başlat” və ya “çıqqıldatmaq” kimi komandalara çevirir. Xüsusi yazılmış proqram təminatı dəsti beyin implantatının sahibəsinə oyunlar oynamağa, internetdə informasiya axtarmağa və hətta başqa insanlarla ünsiyyət saxlamağa imkan verir. Qurğu altı ay ərzində dəqiq kalibrləmə tələb edib. Qadın öz barmağı ilə planşetin ekranına sıxdığını təsəvvür edib və kompüter onun fikirlərini düzgün tanımağı öyrənib. O, vaxt keçdikcə “Pong” kimi sadə oyunlar oynamağı öyrənib. Hazırda xarici qurğu qadının beyin komandalarını 95% dəqiqliklə oxuyur. Alimlər böyük uğura nail olublar. İndi qadın ən çox implantatın köməyi ilə öz əlil arabasının hərəkətini idarə etməyi arzulayır.
“Ericsson” şirkəti genişzolaqlı mobil internet bazarına həsr edilən hesabat dərc edib. Sənədə görə, beşinci nəsil mobil rabitə (5G) şəbəkələrinə qoşulmaların sayı tezliklə 550 milyardı ötəcək, lider region isə bütün “5G” qoşulmalarında payı 25 faiz təşkil edən Şimali Amerika olacaq. İkinci yerdə ümumdünya həcmində payı təxminən 10 faizə bərabər olacaq Asiya-Sakit okean regionu qərarlaşacaq. Qərbi Avropanın “5G” şəbəkəsindən istifadədə payı təxminən 5 faizə çatacaq. Analitiklərin proqnozlarına görə, Mərkəzi və Şərqi Avropada “LTE” şəbəkələrinə qoşulmaların artım tempi sürətlə gedəcək: 2016-cı ildə “LTE”-nin bütün mobil qoşulmalarda payı 10 faiz olduğu halda 2020-ci ildə bu göstərici 70 faizə çatacaq. Yaxın Şərq və Afrika ölkələrinin 2016-2020-ci illərdə “GSM/EDGE” texnologiyasından “WCDMA/HSPA” və “LTE” texnologiyalarına keçəcəyi və onlara qurğuların təxminən 80 faizinin qoşulacağı gözlənilir. İsveç istehsalçısının hesabatında, həmçinin mobil qoşulmaların 2022-ci ilədək sayının 8,9 milyardadək artacağı ilə bağlı proqnoz yer alıb. Bunun 90 faizinin genişzolaqlı mobil internet şəbəkələrinin payına düşəcəyi gözlənilir. Ümumi qiymətləndirməyə görə, həmin vaxtadək unikal abunəçilərin sayı 6,1 milyardlıq göstəriciyə çatacaq. Hazırda ümumdünya miqyasında abunəçilərin sayı 5,1 milyard, qoşulmaların sayı 7,5 milyard təşkil edir. Qoşulmaların sayı abunəçilərin sayını üstələyir, çünki onların bir hissəsi aktiv deyil, bəzi istifadəçilər isə bir neçə qurğu işlədir. Hesabatda şirkətin əsas fikir və nəticələri: Mobil video trafiki digər trafik növlərini sürətlə üstələməkdə davam edir: 2022-ci ilədək mobil video trafiki 50 faiz artacaq, sosial şəbəkələrin generasiya etdiyi trafik əhəmiyyətinə görə ikinci yeri tutacaq və 6 il ərzində 39 faiz artacaq. Real vaxt rejimində ünsiyyət üçün video əlavələri populyarlaşır: ABŞ-da hər beşinci smartfon sahibi videotranslyasiyalar edir. “VoLTE” texnologiyası daha geniş yayılır: hazırda dünyanın 50 ölkəsində bu texnologiyanı dəstəkləyən 80-dən çox şəbəkə istifadəyə verilib. 2022-ci ilədək texnologiyaya 3,3 milyard qurğu və ya dünyada bütün “LTE” qoşulmalarının 60 faizi qoşulacaq. “Əşyalar interneti” (IoT) diqqət mərkəzindədir: 2016-cı ilin sonunadək mobil şəbəkələrə qoşulmuş “IoT” qurğularının sayı 400 milyona yaxın olacaq, 2022-ci ilədək isə 1,5 milyarda çatacaq.
Yaponiyalı alimlər tərəfindən yaradılmış yığcam elastik datçik terahers radiasiyaya qarşı həssasdır. Terahers radiasiya submillimetrik dalğaya (0.1- 1 mm) malik elektromaqnit şüalanmanın növüdür və yüksək nüfuzetmə qabiliyyəti və təhlükəsizliyi sayəsində əksər obyektləri, həmçinin canlı orqanizmləri “işıqlandırmağa” imkan verir. Məsələn, bəzi aeroportlarda sərnişinlərin yoxlanılması üçün terahers skan etmə tətbiq edilir. Ancaq mövcud qurğuların ölçüsü böyükdür və lazımi həssaslığa nail olmaq üçün detektor absolyut sıfıra yaxın temperaturadək soyudulmalıdır. Tokio Universitetinin alimləri texnologiyanı təkmilləşdirmək üçün karbon nanoborular əsasında terahers datçik düzəldiblər. Datçik otaq temperaturunda müxtəlif əşyalar üzərində yoxlanılıb. “Aktiv” nümunə içərisində saqqız olan plastik qutuya yerləşdirilib. Bundan sonra lazer qutuya tərəf yönəldilib. Bütün hallarda əldə edilmiş təsvir gizli obyektin yerini və formasını müəyyənləşdirməyə imkan verib. Alimlər qeyd ediblər ki, şüanın tezliyi elektrodların istilikkeçirmə xassəsindən çox asılıdır. Müəlliflərin sözlərinə görə, yeni datçikin köməyi ilə dərman, ərzaq malları və tibbi alətlərin qeyri-invaziv yoxlamasını həyata keçirmək olar. Bundan başqa, o, rentgen və tibbi vizuallaşdırmanın başqa metodlarını əvəz edə bilər.
ABŞ alimləri virtual obyektlərin say xüsusiyyətlərini müəyyənləşdirə bilən süni intellekt sistemi yaradıblar. Kompüter təlimi sahəsində əldə edilən son nailiyyətlər süni neyroşəbəkələrə insanla, məsələn, şifahi nitqin və ya sifətin tanınması kimi müxtəlif əlavələrdə yarışmağa imkan verir. Lakin kompüterlər obyektlərin xüsusiyyətlərini müəyyənləşdirməkdə acizdirlər. Məsələn, neyroşəbəkənin idarə etdiyi robotun manipulyatoru qapı dəstəyinə doğru aparmasını öyrənməsi üçün təxminən iki saat lazımdır. “Google DeepMind” şirkətinin, Berkli Kaliforniya Universiteti və digər müəssisələrin alimləri dövri “LTSM” şəbəkəsi əsasında sistem hazırlayıblar. Sistemin ərsəyə gətirilməsi üçün alimlər kompüterin ətrafdakı əşyalara qarşılıqlı təsir göstərməsi məqsədilə iki müxtəlif virtual dünyadan istifadə ediblər. Birinci virtual dünyada eyni ölçüdə çəkisi eksperimentin hər sessiyasında sərbəst olan iki kub, ikincisində isə qüllə şəkilində qurulmuş beş kub olub. Kompüterin vəzifəsi birinci dünyada daha ağır kubu tapmaq idi. Bunun üçün o, obyektləri vertikal şəkildə hərəkətə gətirərək müəyyən güc sərf edib. Tapşırığın uğurla yerinə yetirildiyi təqdirdə süni intellekt şərti mükafat, uğursuz yerinə yetirəndə cərimə alıb. Təxminən 100 min dəfə təkrardan sonra kompüter ən ağır kubun aşkarlanması üçün əvvəlcədən bütün kubların çəkisini çəkərək cavab verməyin lazım olduğunu “anlayıb”. İkinci dünyada alqoritmin qarşısında olan obyektlərin sayını müəyyənləşdirmək durub. Bu halda kubların bir hissəsi bir-birinin üstündə yerləşərək vahid blok yaradıb. Kompüter, həmçinin kublara qarşılıqlı təsir edərək müsbət və ya mənfi əlaqə yaradıb. Tədricən kompüter tapşırığın yerinə yetirilməsi üçün optimal strategiya hazırlayıb: əvvəlcə qüllə dağıdılıb və bundan sonra onun elementlərinin sayı qiymətləndirilib. Alimlərin sözlərinə görə, potensial baxımdan metoddan, məsələn, dərə-təpəli yerdə hərəkət etməli olacaq robotlar üçün istifadə etmək olar. Bundan başqa, sistem vəzifəsi ətrafdakı obyektlərə məqsədyönlü təsir etmək olacaq servis robotlar, o cümlədən robot kosmonavtlar üçün aktual ola bilər. Mütəxəssislərin tətbiq etdikləri təlim sistemi hazırda süni oyun intellektinin öyrədilməsi üçün istifadə edilir.
“Domino’s Pizza” pizza mağazaları şəbəkəsi ilk dəfə olaraq pizzanın dron vasitəsilə hava ilə çatdırılmasını uğurla həyata keçirib. Pizza özəl bir müştəriyə çatdırılıb. Pizza mağazasından dronla hədəf yerinə çatdırılmaya isə mülki aviasiya ilə məşğul olan yerli hökumət tərəfindən razılıq verilib. Çatdırılma “Domino’s Pizza” və “Flirtey” startapı ilə birgə layihə çərçivəsində həyata keçirilib. “Flirtey” startapı dronlar vasitəsilə kiçik yüklərin daşınmasında ixtisaslaşıb. Mağazalar şəbəkəsi dünyanın daha 6 ölkəsində bu təcrübəni davam etdirmək niyyətindədir. Bu ölkələr Avstraliya, Belçika, Fransa, Hollandiya, Yaponiya və Almaniyadır.
ABŞ ərazisində işləyən Çin istehsalı olan smartfonların bir hissəsi dekoderlə təchiz edilib ki, onun sayəsində hər 72 saatdan bir mətn məlumatları Çin serverlərinə göndərilir. Bu barədə “The New York Times” nəşri yazır. Qəzetin məlumatına görə, ABŞ-ın təhlükəsizlik sahəsindəki mütəxəssisləri bu günlərdə “Android” smartfonları üçün nəzərdə tutulmuş yenilənmədə istifadəçinin hərəkətini, onun kimə zəng etdiyini və göndərdiyi məlumatları izləməyi imkan verən proqram təminatını qeydə alıblar. Hökumət əmin deyil ki, bu məlumatlar reklam məqsədləri ilə istifadə edilir, yoxsa məlumat toplamaq üzrə Çin kəşfiyyatının səyləri kimi qiymətləndirilməlidir. Zəifliyi aşkar edən “Kryptowire” şirkəti əmindir ki, aşkar olunan proqram təminatı mətn məlumatlarının məzmununu, telefon nömrələrinin siyahısını, zənglərin vaxtı, istifadəçinin geolokasiyasını və digər məlumatları Çin serverlərinə ötürür. Bununla belə, istifadəçilər bu dekoder barədə xəbərsizdirlər. İyulda bildirilib ki, Çindən olan hakerlər 10 milyon ədəd “Android” cihazlarına çıxış əldə ediblər.
Bir müddətdir hər kəsin gözlədiyi və artıq dünən aktiv hala gələn WhatsApp video zənglər istifadəçiləri sevindirdi. Dünən çoxdandır gözlənilən WhatsApp video zənglər aktivləşdi. Milli.Az technote.az-a istinadən xəbər verir ki, bu yeniliyə olan marağı nəzərə alan bəzi şəxslər onunla manipulyasiya etməyə başlayıb. Bu vəziyyətlə inkişaf etmiş ölkələrin istifadəçiləri qarşılaşıblar. Belə ki, istifadəçilər sadəcə WhatsApp-a gələn yenilənməni etməklə və ya Play Store-a daxil olaraq WhatsApp yenilənməni seçərək video zəngi asanlıqla aktivləşdirə bilirdilər. Amma bəzi şəxslər bir çoxlarının şəxsi məlumatlarını ələ keçirmək üçün “görüntülü axtarış xüsusiyyətinə sahib WhatsApp tətbiqini yüklə” başlığında linkə yönləndirirlər. İstifadəçi linki aktivləşdirmək istədikdə sizdən 4 nəfəri dəvət etməli olduğunuz haqda bildiriş gəlir. Təbii ki, bu da daha çox şəxsin məlumatlarını ələ keçirməyə yönəlib.
“Whatsapp” vasitəsi ilə məlumat toplayan “Facebook” bunu Avropada edə bilməyəcək. “Facebook” Birləşmiş Krallığın qadağasına əsasən, “Whatsapp” vasitəsi ilə Avropa ölkələrində istifadəçilərinin məlumatını toplamağı dayandırıb. Lakin feysbukun açıqlamasına görə, bu, müvəqqətidir. Bir müddət sonra yenə də Avropa ölkələrindəki istifadəçilərin də məlumatları toplanacaq. Qeyd edək ki, “Whatsapp” 2014-cü ildə 19 milyard dollar qarşılığında “Facebook”a satılıb. Məlumatların feysbuka ötürülməsi əməliyyatı isə avqust ayından başlayıb.
“Facebook”un “Snapchat”la rəqabəti bitmək bilmir. Belə ki, Zuckerberq bu dəfə də Snapchat-la oxşar xüsusiyyəti daşıyan startapı alıb. Zuckerberq Snapchat-da olan bütün xüsusiyyətləri Facebook-a daşımaqda iddialıdır. Belə demək mümkünsə Mark istifadəçilərini Snapchat-a vermək niyyətində deyil. Ona görə də Snapchat-da olan xüsusiyyətlər Facebook-da yer almaqda davam edir. Artıq Facebook-da da üz animasiyaları yer ala bilər. Snapchat-ın məşhur üz animasiyaları xüsussiyyətini Facebook-da tətbiq etmək istəyən Mark bunun üçün FacioMetrics adlı startapı alıb. Bu startap qrupu üz tanıma texnologiyası üzərində işlər aparmaqdadır. Hətta “Facebook” nümayəndələri canlı videolar üzərindən daha inkişaf etmiş analizlər edərək çox əyləncəli və daha əvvəl görülməmiş videolar da təqdim edəcəklərini bildiriblər. Qeyd edək ki, bir müddət əvvəl “Facebook” media nəhəngi, MSQRD-ni almışdı. Bu alqı-satqının da məqsədi üz dəyişdirmə funksiyası ilə əlaqədar idi.
Facebook Ceo-su Mark Zuckerbergin hesabı yenə hack olundu. Keçən yaz OurMine adlı hacker qrupu Zuckerbergin Twitter, Instagram və Pinterest hesablarını hack etmişdi. Hətta hacker qrupu bu haqda məlumat da paylaşmışdı. Amma bu hadisədən qısa zaman sonra hesablar yenilənərək istifadə bərpa olundu. Amma bu dəfə artıq Zukerbergin hesabı ikinci dəfə hack olundu. Həm də bu işi eyni hacker qrupu həyata keçirdi. Pinterest hesabı hack olunan Zuckerbergin bioqrafiyasında isə “Narahat olmayın, sadəcə təhlükəsizliyinizi test edirdik” ifadəsi yer alıb. Hesab isə qısa zamanda geri alınıb. OurMine, bu yaz ələ keçirdiyi Pinterest hesabında Zuckerbergin şifrəsinin “dadada” olduğunu bildirmişdilər.
“Facebook”, canlı yayım platforması Live üçün, çox vacib bir yeniliyi elan etdi. Bu yeniliklə bərabər “Facebook”, Live platformasının çox sıx istifadəsinə hazırlaşır. “Facebook”un canlı video yayım platforması Live üçün, nümayiş etdirilən canlı yayımlardan pul qazanmağın əsası qoyuldu. “Facebook”, daha əvvəl elan etdiyi kimi Live videolarında ianə (donation) funksiyasını aktiv edən bir düyməni təqdim etdi. Yaxşılıq etmək üçün Like etmək yerinə pul ödəmək zamanıdır. Ancaq bu düymə hər videoda görülməyəcək. Sadəcə gəlir məqsədi güdməyən yardım qurumları Facebook Live videolarında ianə toplaya biləcək. “Facebook” bu məqsədlə, 750.000 ədəd gəlir məqsədi güdməyən yardım qurumu və onların Facebook hesablarını bəlirlədi. Bunların xaricindəki qurumlar hələki ianə toplaya bilməyəcək. Yardım qurumları xaricində şəxs və qurumların Live videolarından pul qazana bilmək üçün biraz gözləmələri lazımdır. “Facebook” bu xüsusiyyəti bir müddət sonra hərkəs üçün yayına açacaq. Ancaq xüsusi şəxs və qurumların topladığı puldan ödədiyi komissiya haqqı və vergilər daha çox olacaq. Beləcə, Live platforması YouTube və ya Twitch kimi videobloggerlərin video paylaşıb pul qazana bildiyi bir platforma olacaq və beləliklə böyük maraq toplayacaq.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments