Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən bahalı 5 avtomobili. Radio Marneuli oxuculara beş ən bahalı maşının siyahısını təqdim edir:

“Whatsapp”  istifadəçilərinə şad xəbər var.  Bundan sonra istifadəçilər bir-biriylə nəinki mesajlaşa, hətta görüntülü danışa biləcəklər. Bu özəllik  bir sıra ölkələrdə mümkün idi. Lakin son günlərdə Gürcüstanda da görüntülü danışıq mümkün olub. Bunun üçün telefonunuzda  “Whatsapp”ın ən son versiyasını yükləyin.

whatsapp

Noyabr ayında soyuq havalar yavaş-yavaş özünü göstərməyə başlarkən, qarlı günlərin də tez bir zamanda olacağı gözlənilir. Qarlı havalarda isə yolları qardan təmizləyən bir robot hazırlanıb. Yeni istehsal olunnan Kobi adlı robot bütün fəsillərdə, xüsusi ilə də qış mövsümündə qapımızın qarşısında və yollarda olan qarı təmizləyir. Kobiyə kənardan baxanda Transformers ya da Wall-E adlı robotları xatırladır. Yeni istehsal olunan Kobi adlı robot isə Wi-Fi, Bluetooth və ya mobil data köməyi ilə istifadə olunmadığı zamanlarda hava vəziyyətini müşahidə edir. Beləcə də sizləri nə vaxt qar yağacağından ya da havanın küləkli olub-olmayacağından xəbərdar edir . Eyni zamanda robotun dizaynında iştirak edən sensorlar və GPS sayəsində olduğu yerləri təyin edə bilir. Havalar pisləşməyə doğru getdikdə və qar yağdığı zaman qapınızın önündəki qar yığınlarını təmizləməyə başlayır. Beləcə də kürəklə qar təmizləmə məsələsini aradan qaldırır. Təbii ki, Kobinin tək bacarığı qarlı zamanlarda ortaya çıxmır. Cihaz üç fərqli modulla birlikdə gəlir. Bunlar qara, yarpaqlara və çəmənlərə xüsusi olaraq hazırlandı. Bu moduləar sayəsində cihazdan havanın gözəl olduğu zamanlarda da istifadə edərək bağçanızı hər zaman təmiz saxlaya bilərsiz. Verilən məlumatlara əsasən, həyatınızı asanlaşdıran Kobi hələ bazara çıxarılmayıb. Sevimli robotun 2017-2018-ci ilin qış fəslində satışa təqdim edilməsi gözlənilir. Kobo adlı robotun təxmini olaraq satış qiyməti isə 4.000 dollar olacaq.

qar-temizleyen

“Google” şirkəti son zamanlar öz xidmətlərində neyron şəbəkəsindən istifadəyə başlayıb ki, bu da yeni imkanlar açır və vaxt ötdükcə sözügedən xidmətlərin müstəqil təkmilləşməsinə imkan verir. İndi “Google Translate” xidməti müasir texnologiyaların sayəsində bütöv cümləni tərcümə etməyi öyrənib. Bundan əvvəl sözügedən xidmət ayrı-ayrı sözləri və ifadələri tərcümə etdiyinə görə çox vaxt cümlənin mənası düzgün alınmırdı. Hazırda “Google Translate” neyron kompüter tərcümə texnologiyasının tətbiqi sayəsində cümlələri dəqiq tərcümə etmək üçün onları tam təhlil edir. Hazırda neyron şəbəkəsinin köməyi ilə tərcümə yalnız 8 dildə əlçatandır: ingilis, fransız, alman, ispan, portuqal, çin, yapon, koreya və türk. “Google” şirkəti mövcud olan bütün dillərin dəstəyini reallaşdırmağı planlaşdırır.

google-neyron

“Thuraya” şirkəti Avropa, Orta Asiya, Avstraliya və Afrikada peyk telefon rabitə xidmətinin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkət, həmçinin öz peyk telefonlarını istehsal edir. Belə telefonların əsas funksiyası ekstremal şəraitdə sabit rabitəni təmin etməkdir. Amma yeni “XT-Pro Dual” telefonu dünyada iki “SİM” kart dəstəkləyən ilk iki rejimli telefondur: həm peyk rabitəsini dəstəkləyir, həm də “GSM” şəbəkələrdə işləyir. “Thuraya XT-Pro Dual” telefonu istifadəçilərə çağırışlar arasında keçid etməyə imkan verən “Always On” funksiyasını dəstəkləyir. Beləliklə, bu telefon hər yerdə əlçatan olmağa imkan verir. Şəhər ərazisində “GSM” rabitədən istifadə etmək olar, zəif əhatə dairəsinə malik yerlərdə isə peyk rabitəsini işə salmaq olar. “Thuraya” şirkətinin şəbəkəsi Avropa, Afrika, Asiya və Avstraliyanın 160-dan çox ölkəsini əhatə edir. Bundan başqa, yeni telefonda kömək üçün “SOS” düyməsi nəzərdə tutulub. Telefon toz və suya qarşı davamlıdır, daxili akkumulyator danışıq rejimində 11 saat, gözləmə rejimində 100 saat üçün kifayətdir.

thuraya

ABŞ-ın “SpaceX” şirkəti dünyanın istənilən nöqtəsində ucuz internetdən istifadəni təmin etmək məqsədilə Yer orbitində dörd mindən çox peyk yerləşdirmək niyyətindədir. “SpaceX Satellite Constellation” proqramı çərçivəsində 83 müxtəlif aşağı orbitdə 4425 peykin yerləşdirilməsi nəzərdə tutulur. Onların yerləşmə hündürlüyü 1110-1325 km arasında dəyişir. Hazırda ölkələrlə layihədə iştirakla bağlı danışıqlar aparılır. Şirkətin baş direktoru İlon Mask ucuz simli rabitəyə tələbatın kifayət qədər böyük olmasını bildirərək proqramın tezliklə trafik bağlantısında 50 faizlik paya sahib olacağını qeyd edib. İlkin peykin 2017-ci ildə, sonuncunun isə 2020-ci ilədək buraxılması planlaşdırılır.

spacex

“Seagate” şirkəti istifadəçilərin 5 terabayt tutumlu məlumatı özləri ilə daşımasına imkan yaradıb. Şirkətin “Backup Plus” seriyasından təqdim etdiyi yeni portativ sərt disk məhz belə tutuma malikdir. Bu tutum ənənəvi (USB-C interfeysi ilə yox) forum-faktorda “USB 3.0” interfeysi ilə qoşulan və əlavə enerji tələb etməyən kənar sərt disklər üçün rekord göstərici hesab edilir. Portativ qurğuda yeni terabaytlıq 2,5 düymlük plastinlərdən istifadə edən “BarraCuda” sərt diski yerləşdirilib. Sərt disk lokal kompüter, mobil qurğular, “bulud” servisləri və sosial şəbəkələrdən məlumatların arxivləşdirilməsini sadələşdirən “Seagate Dashboard” proqram təminatı ilə təchiz edilib. “macOS” sistemi istifadəçiləri üçün “NTFS” drayverlər təklif olunur. Qırmızı, gümüşü, qara və göy rəngli alümin korpusa malik diskin ABŞ-da qiyməti 190 dollar təşkil edir.

seagate

Amerikalı ixtiraçı Co Counz bostanda alaq otlarının biçilməsi üçün robot icad edib. Kənd təsərrüfatının avtomatlaşdırılması üçün sistemlər hazırda əksər ölkələrdə hazırlanır. Belə ki, bundan əvvəl ABŞ-ın “FarmBot Inc.” şirkəti eyniadlı robot fermasının seriyalı istehsalı üçün vəsait toplamağa başlayıb. Apreldə Yaponiya fermerlərin təqaüdə çıxdıqdan sonra robotlarla əvəz edilməsini nəzərdə tutan proqram təqdim edib. Bu məqsədlə ölkədə 20 yeni aparat növü hazırlanır. C.Counzun “Tertill” adlanan yeni robotu günəş batareyası, akkumulyator, otbiçən maşın və yaxınlaşma ötürücüləri ilə təchiz edilən dördtəkərli qurğu səkilindədir. Alaq otunu aşkar edən robot otbiçəni işə salaraq onu kəsməyə başlayır. Lakin qeyd etmək lazımdır ki, robot klirensdən keçən bütün bitkiləri alaq “hesab edir”. Həmçinin aparat hələ bitməmiş əkinləri və hündür bitkiləri çəpərləyən tordan yan keçə bilir. İxtiraçının sözlərinə görə, “Tertill” seriyalı istehsala hazır olan zaman iki əlavə funksiya ilə təchiz ediləcək. Məsələn, robot öz istifadəçisinin smartfonuna torpağın və əkinin vəziyyəti barədə məlumatlar ötürə, eləcə də quşları qorxudan müqəvva funksiyasını yerinə yetirə biləcək. Robotun istehsalı üçün ixtiraçı “Franklin Robotics” şirkətini təsis edib. Bundan əvvəl isə o, “Roomba” robot tozsoranını yaratdığı “iRobot” şirkəti ilə əməkdaşlıq edib.

robot-ot-picen

“TrendForce” analitik şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ildə  dünyada təxminən 154.5 milyon planşet tədarük ediləcək ki, bu da ötən illə müqayisədə 8.3% azdır. Mütəxəssislərin proqnozuna görə, 2017-ci ildə aparıcı planşet brendləri öz strategiyalarına düzəliş edərək alıcılara ucuz qurğular təklif etməklə tələbatı yüksəldə biləcəklər. Nəticədə planşetlərin tədarük həcmi aşağı templə azalacaq: belə ki, 5.3% azalaraq 146.4 milyon təşkil edəcək. “Mühafizəkar taktikaya üstünlük verən əksər planşet brendlərindən fərqli olaraq “Amazon” və “Huawei” şirkətləri öz planşetlərinin tədarük həcmini dəfələrlə artırmağa çalışırlar. Biz hesab edirik ki, yaxın gələcəkdə bu iki istehsalçı öz planşet çeşidini genişləndirməyə davam edəcək. Bundan başqa, 2017-ci ilin birinci rübündə “Microsoft” şirkəti “Surface Pro 5″ modelini təqdim edəcək. Bütün bunları nəzərə alaraq demək lazımdır ki, gələn ildə planşetlərin tədarük həcmi azalmağa davam edəcək, amma azalma çox cüzi olacaq” – “TrendForce” şirkətinin analitiki Anita Van deyib. 2015-ci ildə “Amazon” qeyri-adi ucuz planşet modellərini təqdim etməklə  bu bazarda səs-küy salıb. Həmin vaxtdan artıq “Amazon” şirkətinin planşet  tədarükünün həcmi çox sürətlə artır. Gözləntilərə görə, 2016-cı ildə ABŞ şirkəti sözügedən bazarda 7.4% pay göstəricisi ilə üçüncü iştirakçı olacaq, 2017-ci ildə adı çəkilən şirkətin bazar payı 8.1%-dək artacaq. Rəqibin uğurlarını görən başqa şirkətlər, həmçinin ucuz qurğulara daha çox diqqət ayırmağa başlayıblar. Həmçinin təxmin edilir ki, “Samsung” şirkəti cari və gələn ildə müvafiq olaraq 17.4% və 16.9% bazar payı ilə ikinci yeri qoruyub saxlayacaq.

planset

ABŞ-ın “Google” korporasiyası smartfonun köməyi ilə çəkilmiş şəkillərin rəqəmləşdirilməsi üçün mobil proqram təqdim edib. Hər birimiz həyatda nə vaxtsa köhnə şəklimizi rəqəmləşdirmək istəmişik. Bu halda smartfonu əlimizə götürərək şəkli çəkməyə çalışmışıq. Ancaq nəticə hər kəsdə müxtəlif olub: bu, həm xarici amillərdən, həm də fotoqraf kimi bacarığımızdan asılıdır. “Google” şirkəti bu məsələnin operativ və keyfiyyətli həlli üçün mobil proqram çıxarıb. “fotoskaner” mobil proqramı şəklin yaxşılaşdırılmış rəqəmli surətini yaratmağa imkan verir. Proqram skan edilmiş şəkli çərçivəyə alır, korreksiyalaşdırır. Saytda, həmçinin bildirib ki, “Fotoskaner” tətbiqi parıltını ləğv edərək skan edilmiş şəkillərin keyfiyyətini yüksəldir. Skan etmədən sonra şəkilləri “Google Photos” xidmətində saxlamaq olar.

sekil-google

ABŞ-ın “Apple” korporasiyası özünün iki aparıcı tərəfdaşı – “Foxconn” və “Pegatron”dan istehsalın ABŞ ərazisinə köçürülməsi imkanlarını nəzərdən keçirməyi xahiş edib. Bu barədə “Nikkei” saytı məlumat yayıb. “Foxconn” və “Pegatron” “Apple” məhsulları üçün detallar hazırlayan mühüm şirkətlərdir. Mənbə “Foxconn”un təklifə müsbət yanaşdığını, “Pegatron”un isə xərc məsələsi ilə əlaqədar bundan imtina etdiyini bildirib. Əslində “Foxconn”un rəhbəri Terri Qou da ideyaya entuziazmla yanaşmır. O deyib ki, istehsalın ABŞ-a köçürülməsi xərcləri ikiqat artıracaq. Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası dövründə “Apple” şirkətini istehsalı ölkə ərazisinə köçürməyə məcbur edəcəyini bildirib.

apple

Son ildə hakerlərin qurbanı olan istifadəçilər özlərini düşünmədən aparmaqda davam edirlər. Belə ki, “Symantec” şirkətinin keçirdiyi tədqiqatdan məlum olub ki, istifadəçilərin 76 faizi internetdə məlumatların mühafizəsinin vacibliyini anlayır, lakin buna baxmayaraq şəxsi hesab məlumatlarının parollarını bölüşə və digər üsullarla fərdi və maliyyə informasiyasının təhlükəsizliyini təhdid altına ala bilir. Bundan başqa, istifadəçilərin 35 faizi haker hücumları üçün hədəfə çevrilə biləcək ən azı bir mühafizəsiz qurğuya sahibdir. Qeyd olunur ki, son ildə dünyanın 21 ölkəsində 689 milyon istifadəçi kiberhücumların qurbanı olub ki, bu da 2015-ci ilin göstəricisi ilə müqayisədə 10 faiz çoxdur. Tədqiqatın nəticələrinə görə, istifadəçilərin 30 faizi virtual şəxsi şəbəkədən (VPN) istifadə edərək heç vaxt “Wi-Fi” şəbəkəsinə qoşulmayıb ki, bu da potensial baxımdan cinayətkarlara trafiki ələ keçirərək məlumatları oğurlamağa imkan verir. Həmçinin istifadəçilər kibertəhlükə mənbələri barədə məlumatlı olmalarına baxmayaraq tanış olmayan şəxslərdən göndərilən elektron məktublarda olan istinadlara keçməkdə davam edirlər. Məlum olub ki, son il ərzində kiberhücumların qurbanı olan istifadəçilərin 66 faizi kibertəhdidlərlə qarşılaşmayanlarla müqayisədə daha çox ev “Wi-Fi” şəbəkəsinin mühafizəsi haqqında narahatdır. Bununla belə, onların yalnız 22 faizi ev “Wi-Fi” şəbəkəsinə parol qoyur.

vifi

“Samsung” gələn ilin əvvəlində bərpa olunmuş “Galaxy Note 7” smartfonlarının satışına başlaya bilər. Bu barədə “International Business Times” məlumat yayıb. Cihazların əsasən Hindistan və Vyetnam bazarına çıxarılacağı bildirilir. Hələlik “Samsung” bu barədə yekun qərar qəbul etməyib. Xatırladaq ki, Cənubi Koreya korporasiyası yeni “Galaxy Note 7″lərin öz-özünə alışması və partlaması ilə əlaqədar bu smartfonların istehsalını və satışını dayandırıb. Bu problemlə əlaqədar şirkətin gəliri 3-cü rübdə 30% azalıb.

not7

Dünyanın aparıcı telekommunikasiya avadanlığı istehsalçılarından biri   “Ericsson” şirkətinin proqnozuna əsasən, 2022-ci ilə smartfon sahibləri ilə operatorlar arasında bağlanmış abunə xidməti müqavilələrinin sayı 2 dəfə artacaq ki, bu da mobil trafikin həcminin 8 dəfə artmasına səbəb olacaq. Şirkətin proqnozuna görə, 2022-ci ilin sonuna dünyada 6.8 milyard smartfon istifadəçisi qeydə alınacaq. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 3.9 milyard təşkil edəcək. Cari ilin iyununda İsveç şirkətinin əvvəlki qiymətləndirməsinə əsasən, 2021-ci ilin sonunda smartfon istifadəçilərinin sayı 6.3 milyard səviyyəsində gözlənilirdi. “Ericsson” şirkətinin strategiya və texnologiyalar üzrə direktoru və baş vitse-prezidenti Ulf Evaldsson izah edib ki, proqnoz əsasən beşinci nəsil mobil rabitə xidmətinin gözlənilən populyarlığı səbəbindən dəyişdirilib. 2022-ci ildə dünyada 550 milyon “5G” istifadəçisinin qeydə alınacağı bildirilir. İlk “5G” rabitə şəbəkəsi artıq 2017-ci ilin sonunda istismara veriləcək. “Ericsson” şirkətinin rəsmiləri hesab edirlər ki, 2018-ci ildə operatorlar onun “5G” avadanlığını satın alacaqlar. Smartfonların geniş yayılması mobil trafikin həcminin artımına imkan yaradır, videoməzmuna baxış sonuncunun böyük hissəsini təşkil edir.

mobil_telefon

“Facebook” şirkəti sifətləri tanıyan “FacioMetrics” adlanan startapı əldə edib. FacioMetrics” ötən il ABŞ-ın Karnegi-Mellon universitetinin tələbələrin tərəfindən yaradılıb. Proqram smartfonlara ön kamera vasitəsilə sifətləri təhlil etməyə və 7 müxtəlif emosiyaları tanımağa imkan verir. “Facebook” bildirib ki, bu startap foto və videolarla daha çox əyləncə effektləri gətirməyə kömək edəcək. Bura real rejimdə animasiya olunmuş filtrlər və sifətlərin dəyişdirilməsi üzrə alətlər daxildir.

facebook

Müasir materialşünaslığın əsas istiqamətlərindən biri forması müvəqqəti tatuirovkaya uyğun gələn miniatür elastik interfeyslərdir. Belə interfeyslər aşağı sıxlıq və elektrik müqaviməti hesabına, məsələn, dərinin keçiricilik qabiliyyətini ölçmək üçün onun üzərinə yerləşdirilə bilər. Ancaq belə “tatuirovka”ların mexaniki akustik xüsusiyyətləri az öyrənilib. Səsi qeydə almağa imkan verən prototiplərin ölçüsü böyük  və lazımi həssaslığa malik deyildi. İllinoys Universitetinin alimləri yeni daşınan sensor tipi təqdim ediblər. Datçikin qalınlığı 20 m, çəkisi 213,6 qr-dır və üfüqi səthdə 25% dartıla bilər. Birinci mərhələdə sensor bədənin müxtəlif hissələrində (boyun, sinə və qarın) yoxlanılıb. Məlum olub ki, sensor ürək klapanlarının açılıb-bağlanması kimi, yuxu arteriyasında qanaxma, səs tellərinin vibrasiyası və hətta mədə-bağırsaq traktının aktivliyi kimi parametrləri qeydə ala bilir. Sistem, həmçinin “insan-kompüter” interfeysinin elementi kimi sınaqdan keçirilib. Xirtdəyə yerləşdirilmiş sensorun köməyi ilə könüllü “Pac-Man” oynayan zaman kompüterə səs komandaları göndərə bilib. Bu halda sözlərin tanınmasının dəqiqliyi 90% təşkil edib. Alimlərin sözlərinə görə, əlavə avadanlıqdan istifadə və daha geniş buraxılış zolağı hesabına göstəricini yaxşılaşdırmaq olar. Yuxarıda təsvir edilmiş səsin tanınması üsulu başqa analoji sistemlərdə də istifadə oluna bilər. Məsələn, dron və bioprotezlərin idarəetməsində.

sensor

“Samsung Electronics” və “Samsung Group” korporasiyasının daha üç qrupu iqtisadi qeyri-müəyyənlik fonunda son bir il ərzində ümumilikdə 8 000 əməkdaşını ixtisar edib. “Financial Supervisory Service” şirkətinin mütəxəssisləri hesablayıblar ki, “Samsung Electronics”, “Samsung Display”, “Samsung Electro-Mechanics” və “Samsung SDI” şirkətlərinin ümumi əməkdaşlarının ştatı sentyabr ayında 139 323 nəfər təşkil edib. Bu isə bir il əvvəlki göstəricidən 5,5 faiz və ya 8 117 nəfər azır. Onlardan “Samsung Electronics” 3 183 əməkdaşını ixtisar edib, “Samsung Display” ştatını 1 820 nəfər azaldıb, “Samsung Electro-Mechanics” 1 311 nəfər əməkdaşını, “Samsung SDI” şirkəti isə 1 803 əməkdaşını ixtisar edib. Ümumilikdə “Samsung Group”un əməkdaşlarının sayından danışsaq, bu rəqəm bir ildə 4,3 faiz azalaraq 212 496 nəfərə çatıb. Bu ixtisarların “Samsung”un “Note 7” modelindən imtina etdikdən sonra baş tutduğu isə məlum deyil.

samsung

ABŞ-ın Kornegi-Mellon Universitetinin alimləri və hindistanlı araşdırmaçılar müəyyən ediblər ki, 2014-cü ildən bu yana insanların selfi etmək istədiyi anda 124 ölüm hadisəsi qeydə alınıb. Bu barədə hesabat araşdırma qrupunun bloqunda dərc edilib. İlk belə ölüm hadisəsi 2014-cü ildə Hindistanda qeydə alınıb. O vaxtdan bəri ölkə ölüm selfisi siyahısında liderlik edir. 76 ölüm hadisəsi məhz Hindistanda baş verib. İkinci yerdə Pakistan qərarlaşıb. Burada da bu günə qədər 9 ölüm hadisəsi qeydə alınıb. ABŞ isə 8 ölüm hadisəsi ilə üçüncü yeri tutur. Dördüncü yerdə 6 halla Rusiya gəlir. Araşdırmaçılar aydınlaşdırıblar ki, çox vaxt selfidən ölüm hadisəsi hündürlükdən yıxılma hallarında baş verir. Sonrakı yeri boğulma halları tutur. Selfi zamanı yol-nəqliyyat hadisələri, dəmir yolunda qəzalar, silahla ehtiyatsız rəftar, heyvan hücumu və elektrik cərəyanı vurma hadisələrindən də ölüm halları qeydə alınıb.

selfi

IPASS provayderi tərəfindən keçirilən sorğu göstərib ki, insanlar simsiz interneti daha vacib sayırlar, sonrakı yerlərdə isə onlar üçün seks və alkoqol gəlir. Təcrübədə Amerika və Avropadan olan təxminən 1 700 könüllü iştirak edib. İştirakçılara testdən keçməyi təklif ediblər və ballıq şkala üzrə özləri üçün simsiz interneti, digər zəruri ehtiyacları və həzzin nisbətini müəyyən etməyi xahiş ediblər. Əldə olunmuş nəticələrə görə, Wi-Fi 40,2 faizlə ilk yeri tutur. Onun ardınca 36,6 faizlə seks gəlir, şokolad və alkoqol isə sonuncu yerləri tutur. IPASS provayder şirkətinin direktoru Pet Hyumun sözlərinə görə, internet bizim həyatımızda əsas rol oynayır və Wi-Fi-nin artan populyarlığı müsbət nəticəsini verəcək. Misal üçün, rəyi öyrənilənlərin 70 faizi, heç olmasa, bir dəfə oteli orada Wi-Fi olmasına görə bron edib.

qorumaq

Cənubi Koreya hökuməti “Google” şirkətinin “Google Maps” xidməti üçün ölkənin kartoqrafik məlumatlarını təqdim etməklə bağlı sorğusuna imtina cavabı verib. Ölkənin Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin fikrinə əsasən, Cənubi Koreyanın milli təhlükəsizlik məsələləri “Google” xəritələrinin təqdim edilməsindən əldə olunacaq mümkün faydalardan olduqca vacibdir. Cənubi Koreya qanunları kartoqrafik məlumatların, o cümlədən hərbi obyektlərin yerləşməsinin serverləri ölkə ərazisində yerləşməyən xarici şirkətlərə ötürülməsinə qadağa qoyur. “Google” bütün məlumatlarını Cənubi Koreyadan kənarda saxlayır. Qeyd edilir ki, bu qərar ona gətirib çıxaracaq ki, “Google” Cənubi Koreya ərazisində “Google Maps” marşrutlarını təqdim edə bilməyəcək.

google-map

Azərbaycana gələrkən pasport nəzarətini keçmiş və yerli mobil operatorun Sim-kartını almış əcnəbilərin şəxsiyyəti onlayn rejimində müəyyənləşdirilir. Bu barədə Trend-ə telekommunikasiya bazarında mənbə deyib. Azərbaycan qanunvericiliyinə əsasən, ölkəyə gələn əcnəbilərin ilk 10 gün müddətində Dövlət Miqrasiya Xidmətində qeydiyyatı tələb olunmur. Məhz bu səbəbdən ilk 10 gün ərzində ölkəyə gələn və Sim-kart almış əcnəbilərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmurdu. Amma bundan sonra bu məlumatlar onlayn rejimində daxil olur.

simkart_telefon

Qazaxıstanlılar “Zheti Аta” yeni mobil proqramının köməyi ilə gənclərə 7 nəsil ağacını və ya öz şəcərəsini tapmağı təklif edir. “Zheti Аta” köməyi ilə qeydə alınmış istifadəçilərin uzaq qohumlar ilə ünsiyyət saxlaması mümkündür. Milli.Az publika.az-a istinadən bildirir ki, proqramı Nazarbayev Universitetinin məzunu Asan Toleyev başda olmaqla, komandası ilə birlikdə hazırlayıb. Onun sözlərinə görə, smartfon sahibləri 7 arxa ulu babaları haqqında məlumatları doldurduqda xal qazanır. Hələlik daha çox arqınlar barədə məlumat toplanılıb, həmçinin reytinqin liderləri arasında nayman və dulatlar da var. “Hamıya məlumdur ki, qazaxlar əsrlər boyu tarixi qoruyub saxlamağa və onu sonrakı nəsillərə ötürməyə çalışıblar. Ona görə də bu gün bir çox ailə yeddinci nəsil şəcərəsi və öz ulu babaları barədə məlumatlıdır. Hətta bəziləri nəsil şəcərəsini yadda saxlamaq üçün dəftərdə öz qeydlərini aparırdı. Amma qohumları onlayn rejimdə axtarmaq üçün heç vaxt xüsusi bir alət, cihaz olmayıb”, – deyə Asan Toleyev bu barədə öz feysbuk səhifəsində status yazıb. Məlumat üçün bildirək ki, insanların nəsil bağlılığını əks etdirən cədvələ şəcərə deyilir. Keçmişdə bu cədvəllər ağac şəklində, kökü və budaqları göstərilməklə çəkilirdi, ona görə bunu şəcərə adlandırırdılar. Elmi dildə bunun adı qneseoloji cədvəldir.

smartfon_ecad

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register