Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
İnstaqrama yeni funksiyalar əlavə edilib. Şirkət rəsmi bloqu üzərindən 2 ən vacib və maraqlı yeni xidmətini təqdim edib. Belə ki, bu xüsusiyyətlərdən biri “Instagram Stories” üzərindən canlı yayım funksiyasıdır. Digər biri isə Instagram-dakı “Birbaşa Mesajlar” -“Direct” üzərindən şəxslərə və ya qruplara göndərdiyiniz fotoşəkil və ya videoların müəyyən bir müddət sonra silinməsi xidmətidir.
Məşhur “Vine” tətbiqinin Çin versiyası “Miaopai”də yerləşdirilən videolardan biri “iPhone” modellərinin kilidlənməsinə səbəb olur. Sosial şəbəkəyə yerləşdirilən 5 saniyəlik video virus deyil. Lakin o video açılan zaman telefon sönür. Telefon açılan zaman problem yaşana bilər. Bu zaman əsas düymə ilə telefonu kilidə salan düyməni 8 saniyə ərzində sıxıb saxlamaq lazımdır. Qeyd edək ki, “Apple” şirkəti hələ məsələ ilə bağlı açıqlama verməyib.
WhatsApp daha bir yenilik ilə istifadəçilərini sevindirib. Artıq WhatsApp-a göndərilən videoları yükləmədən izləmək mümkün olacaq. İstər sosial əlaqə vasitələri, istərsə də mesajlaşma xidmətləri hər gün öz istifadəçilərinə yeniliklər təqdim etməkdə davam edirlər. Bunun əsas səbəbi isə gün keçdikcə belə sosial platformaların çoxalmasıdır. Son zamanlar WhatsApp da bir çox yeniliklər təqdim etməkdədir. WhatsApp-ın sonuncu yeniliyi isə istifadəçilərin canlı olaraq bir-biri ilə ünsiyyətini təmin etmək idi. WhatsApp daha bir gecikmiş yeniliyini təqdim edib. Artıq istifadəçilər bir-birinə göndərdikləri videoları yükləmədən də izləyə biləcəklər. Bu xəbər bir çox istifadəçini sevindirəcək, çünki bir çoxları videonu açıb izləmək üçün onu yükləməli və bu bir qədər vaxt itkisinə səbəb olurdu. Gələn yenilənmə ilə artıq bu problem həll olunacaq. Həmçinin onu da qeyd edək ki, yenilik yalnız Android istifadəçiləri üçün keçərli xarakter daşıyır. Yaxın zamanda isə digər platformalar da bu yenilikdən yararlana biləcək.
“Direct Line” sığorta şirkəti pilotsuz uçan aparatlardan (dron) küçələrdə şəxsi işıqlandırma qurğuları kimi istifadə etməyi təklif edir. Böyük Britaniyanın “Direct Line” sığorta şirkəti gecə vaxtı insanlara özlərini daha təhlükəsiz hiss etmək imkanı yaratmaq üçün “Fleetlights” layihəsini düşünüb. Şirkət nümayəndələri bildiriblər ki, küçə fənərləri lazımi keyfiyyətlərə malik deyillər və ona görə işıqlandırma sistemi ilə təchiz edilmiş dronlardan istifadə etməyi təklif ediblər. İstifadəçilər şirkət tərəfindən hazırlanmış xüsusi mobil proqramın köməyi ilə şəxsi dron sifariş edə bilərlər. Çağırışdan sonra sifariş dronların idarəetməsi üzrə yerli mərkəzlərə göndərilir və operator tapşırığın icrası üçün daha müvafiq pilotsuz uçan aparatı təyin edir. Dronlar tamamilə avtonom uçurlar və təyinat yerinə çatdıqdan sonra lazımi insanı müstəqil taparaq onun arxasınca hərəkət edirlər. İstifadəçi işıqlandırma lazım olmadıqda pilotsuz aparatı stansiyaya geri göndərə bilər. Bundan başqa, operatorlar dronu enerji ilə doldurmaq üçün istənilən vaxt bazaya geri qaytara bilərlər. Bu halda gələn yeni dron istifadəçinin hərəkət yolunu işıqlandırmağa davam edəcək. İstifadə edilən dronlar təxminən 2.5 km-lik idarəetmə diapazonuna malikdir və havada 30 dəqiqədən çox qala bilirlər.
Prinston Universitetinin mütəxəssisləri dünyada ilk foton neyron şəbəkəsi yaradıblar. Alimlərin yeni inteqral mikrosxemi istənilən hesablamanı çox böyük sürətlə aparır. Qeyd etmək lazımdır ki, optik tipli kompüterlər texnologiya sahəsində əsl inqilab hesab edilir, çünki fotonlar elektronlardan fərqli olaraq informasiyanı daha sürətli emal etmək qabiliyyətinə malikdir. Buna baxmayaraq, belə qurğular çox bahadır. Neyronun tezlik xarakteristikasına malik optik qurğunun hazırlanması texnologiyalar dünyasında əsl inqilabdır. Belə həllin qovşaqları silisiumdan hazırlanmış yumru formalı kiçik dalğaverəndir (qısa məsafələrə radio dalğalarını ötürən boru). Silisium alt qatında hərəkət edən fotonlar lazer üçün siqnal rolunu yerinə yetirirlər və çıxışda onun gücünə nəzarət edirlər. Fotonlar üçün yaradılmış 49 qovşaqdan ibarət nümunəyə əsaslanan mütəxəssislər xüsusi tənlik hazırlayıblar. Məlum olub ki, foton neyron şəbəkəsi adi prosessorla müqayisədə informasiyanı üç dəfə daha sürətli emal etmək qabiliyyətinə malikdir.
Fransanın “Vision Systems” şirkəti tərəfindən təqdim edilmiş illüminatorlar planşet kompüterlərin funksiyasını yerinə yetirir. Müasir təyyarələrdə illüminatorlar, bir qayda olaraq, 2-3 qatlı üzvi şüşədən ibarətdir. Bəzi sərnişin təyyarələrində illüminatorun pəncərəsi elektrokimyəvi şüşədən olur. Bu material öz optik xüsusiyyətlərini dəyişdirmək qabiliyyətinə (məsələn, elektrik enerjisinin təsiri ilə tündləşmək) malikdir. “Acti-Vision Window” adlı yeni illüminator, həmçinin maye kristal ekran funksiyasını yerinə yetirir. İllüminator sensor panellə təchiz edilib və istifadəçi sonuncunun köməyi ilə vizual elementləri idarə edə bilər. “Acti-Vision Window”da ekran və illüminator rejimləri arasında keçid aşağı hissədəki xüsusi zonaya toxunuş nəticəsində baş verir. Bu halda elektrokimyəvi şüşə tündləşir və işıqlandırma aktivləşdirilir. Bu halda displey rolunu yerinə yetirən ikinci şüşənin köməyi ilə sərnişin, məsələn, internet saytlara və ya şəkillərə baxa bilər.
Beşyaşlı Teddi Vard 2014-cü ildə gəzinti zamanı sürüşərək hündür qayadan yıxılıb və nəticədə kəlləsinin sol nahiyəsinin sümükləri sınıq-sınıq olaraq ciddi zədələr alıb. Uşağın sağ qalmasına baxmayaraq kəllənin dəyişdirilməsi üzrə əməliyyatı həyata keçirmək mümkün olmayıb və uşaq evə 24 saat geyinməli olduğu qoruyucu kaskada buraxılıb. Uşağın anası Liza Vardın sözlərinə görə, əvvəllər oğlu yorulmaq bilməyən uşaq olub, lakin zədələrə görə dostlarıgilə qonaq getmək və onlarla birlikdə oynamaq imkanından məhrum olub. Buna səbəb isə ananın onun qəflətən yerə yıxılmasına görə keçirdiyi narahatçılıq idi. Teddinin dostlarının valideynləri də xəstə uşağa görə məsuliyyəti öz üzərilərinə götürməmək üçün onu qonaq dəvət etməkdən ehtiyat edirdilər. Lakin indi bunların hamısı keçmişdə qalıb. Los-Anceles Uşaq Xəstəxanasının (Children’s Hospital of Los Angeles) həkimləri uşağın probleminin həlli üçün çarə taparaq sənaye plastikindən implant yaradıblar. Müalicəni aparan həkim Mark Urata bildirib ki, bu material həqiqi sümük toxumalarının xüsusiyyətlərinə oxşar fiziki xüsusiyyətlərinə görə seçilir, implant isə uşaq üçün ideal şəkildə uyğun gəlib. Ötən həftə keçirilən əməliyyat uğurla başa çatıb. İndi Teddi başı üçün ehtiyat etmədən dostlarla oynaya bilər. Həmçinin o, yıxılmamışdan əvvəl olduğu kimi aktiv uşağa çevrilib. Onun üçün yeganə məhdudiyyət futbola aiddir. Həkimlər onun bu oyunu oynamasını qadağan ediblər.
“TrendForce” şirkətinin analitiklərinin proqnozuna görə, yaxın illərdə “Microsoft” şirkətinin “Windows” platforması qlobal noutbuk bazarında bazar payını itirməyə davam edəcək, rəqibləri “Chrome OS” və “Mac OS” isə əksinə, öz mövqelərini möhkəmləndirəcək. Mütəxəssislər “Chrome OS” sisteminin qurğu istehsalçıları üçün daha əlverişli variant olduğunu bildirib, çünki “Google” bu əməliyyat sisteminin quraşdırılmasına görə lisenziya yığımı tələb etmir. Bundan başqa, “Android” ekosistemi ilə daha sıx inteqrasiya xrombuklara maraq və tələbatın artmasına əlavə imkan yaradır. “Gartner” şirkətinin analitiki Mikako Kitaqava hesab edir ki, cari ildə xrombuklar fərdi kompüter (FK) bazarının müsbət dinamika göstərən bəzi seqmentlərindən biri olacaq. Ekspertin proqnozuna görə, 2016-cı ildə “Chrome OS” ƏS-i ilə işləyən noutbukların tədarük həcmi 15% artaraq 7.5-8 milyon arasında olacaq. “Mac OS” sistemi haqda danışan mütəxəssislər əlavə ediblər ki, 2016-cı il oktyabrın sonunda təqdim edilmiş yeni “MacBook Pro” qurğuları sayəsində “Apple” 2017-ci ildə noutbuk bazarında 8%-lik bazara sahiblənə bilər və bu artım “Windows” sisteminin zəifləməsi hesabına olacaq.
Müasir daşınan elektronika bir çox müsbət xüsusiyyətlərə malik olsa da, amma bəzi nüsxələr (məsələn, “ağıllı” saatlar) mühüm çatışmazlığa malikdir: akkumulyatorun şarjı tez bitir. Texas A&M Universitetinin alimləri tərəfindən yaradılmış yeni superkondensator tipi həm şəbəkə, həm də insan bədəninin hərarəti ilə enerji toplamaq qabiliyyətinə malikdir. Alimlər qrupuna doktor Çuonq Yu rəhbərlik edir. Kondensator “Thermally Chargeable Solid-state Supercapacito” adlandırılıb. Belə tip qurğu daşınan elektronikada standart batareyaları tamamilə əvəz edə bilər. Yeni qurğunun qalınlığı təxminən 3-4 mm-dir və elastikdir. Termodiffuziya xüsusiyyəti əsas iş prinsipidir. Termodiffuziya hesabına temperaturun təsiri ilə ionlar daha isti tərəfdən daha soyuq tərəfə yerini dəyişdirir və bu hadisə nəticəsində yaranan elektrokimyəvi potensial superkondensatorun şarjını təmin edir.
Mark Zukerberq qurucusu olduğu “Facebook” şirkətinin səhmlərinin daha bir hissəsini satışa çıxarıb. Satışa çıxarılan və artıq alınan səhmlərin dəyəri 95 milyon dollar təşkil edir. Qeyd edək ki, Zukerberq sentyabr və oktyabr aylarında da “Facebook”un dəyəri 190 (ümumilikdə 380) milyon dollar olan səhmlərini satışa çıxarıb. O, 2018-ci ilə qədər dəyəri ildə 1 milyard dolları ötməyən səhm satışları həyata keçirəcəyini bildirib. Hazırda “Facebook”un illik dövriyyəsi 52 milyard dollar təşkil edir. Dünyanın ən varlı adamlarından biri olan Zukerberq səhm satışından əldə edəcəyi gəliri uşaq xəstəlikləri ilə mübarizəyə və təhlükəli xəstəliklərin dərmanının tapılmasında alimlərə köməyə sərf edəcəyini bildirib.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatına əsasən, 2016-cı ilin sonuna planet əhalisinin 50%-i internetə çıxış imkanına malik olacaq. Ekspertlərin hesablamalarına görə, inkişaf etmiş ölkələrdə sakinlərin təxminən 80%-i, inkişaf etməkdə olan ölkələrdə 40%-i, az inkişaf etmiş ölkələrdə isə 15%-dən az hissəsi internetdən istifadə edirlər. Dünyada internetdən istifadə edənlərin sayı 47% təşkil edir, 2020-ci ilə bu göstərici 60%-ə yaxınlaşacaq. BTİ-nin proqnozuna görə, 2016-cı ilin sonuna 3.5 milyard nəfər internetə çıxışa malik olacaq. “2016-cı ildə insanlar internetə daxil olmur, çünki onlar daima internetdədirlər. “3G” və “4G” şəbəkələrinin geniş yayılması daha çox insanın internetdən istifadəsinə imkan yaradıb” – hesabatda deyilir. Bundan əvvəl bildirilmişdi ki, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində çıxışı zamanı dünya liderlərini internetin yayılmasına kömək etməyə səsləyib.
“Instagram” sosial şəbəkəsində canlı yayım funksiyası işə salınır. Bu barədə “Instagram”ın rəsmi saytında məlumat verilib. “Facebook” və “Periscope”da olduğu kimi, “Instagram” istifadəçiləri də hamı üçün canlı yayım təqdim edə biləcəklər. Bunun üçün güclü smartfona və keyfiyyətli mobil internetə malik olmaq lazımdır. Canlı yayım sistemi üçün ayrıca interfeys yaradılıb. Bütün canlı yayımlar “Instagram Stories”də yazılacaq, şərh və layklar ekranın aşağı hissəsində, izləyici sayğacı isə yuxarısında olacaq. Canlı yayımın başlanması haqqında bütün izləyicilərə bildiriş gedəcək. Bu sistemin mənfi cəhəti isə odur ki, canlı yayım bitəndən sonra videonu yaddaşda saxlamaq mümkün olmayacaq. Hazırda bu funksiya əlçatan deyil və yaxın 3-4 həftə ərzində bütün istifadəçilərdə tədricən aktiv olacaq. Bundan başqa, “Instagram” şərhlər üçün layklar funksiyasını işə salmağı da nəzərdən keçirir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments