Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Ağıllı saatlar artıq bir çox baxımdan telefonla bərabər üstünlüklər daşımaqdadır. Google ağıllı saatlara yeni bir xüsusiyyət daha gətirmək niyyətindədir. Artıq ağıllı saatlar vasitəsilə restoran və marketlərdə ödəniş etmək mümkün olacaq. Google Play-ın 10.0 verisyası ilə tanış olduqca maraqlı bir nüans diqqəti cəlb edib. Beləki, Tap-to-Pay xidməti haqqında yayılan məlumatlar tezliklə ödəniş sistemində işinizi asanlaşdıra biləcəyinə işarədir. Verilən məlumata görə “Google” bu yeniliyi Android Wear cihazlarında sınaqdan keçirəcək. Kodlar arasında”Saatınızı terminal yaxınlaşdırın”ifadəsi bunu deməyə əsas verir. Yəni əgər sizin də adı çəkilən Android Wear adlı ağıllı saatınız varsa, onda tezliklə saatınızdan alış-verişdə istifadə edə biləcəksiniz. Bir digər maraqlı məqam isə bir dəfə istifadə olunan tətbiqlərdir. Android saatlar tətbiqləri yükləmədən bir dəfəlik olmaqla istifadə edə biləcəklər. Ağıllı saatlar o qədər də rəğbət görməsə də gələcəkdə kredit kartlarını əvəz etməsi ehtimalı satışlara da müsbət təsir göstərə bilər. Bu yenilik hal-hazırda aktivdir və Google istifadəçiləri arasında test edilməkdədir.
Ben-Gurion Universitetinin alimləri vakuumlu qulaqlıq istifadəçilərinin danışıqlarını necə dinləmək üsulunu göstəriblər. Danışıqları nəinki real vaxtda dinləmək, hətta qulaqlıqlar vasitəsilə yazmaq da olar. Bu təcrübədə kompüterə qoşulmuş vakuumlu qulaqlıqlardan istifadə olunub. Danışıqları dinləmək üçün Speaker adlı təcrübi tətbiq də hazırlanıb. Onlar 6 m radiusda səsi tutmaq üçün hava vibrasiyalarını elektromaqnit dalğalara konvertasiya ediblər. Bundan əlavə olaraq Speaker tətbiqi kompüterin 3.5 mm audio girişinin və qulaqlıqların funksiyalarını dəyişib. Belə ki, onlar mikrofon kimi çalışmağa başlayıblar. Konvertasiya üçün isə standart RealTek audio çipindən istifadə olunub.
Finlandiyanın “Eve Tech” şirkəti hal-hazırda Eve V planşeti üzərində çalışır. Məlumatlara əsasən bu planşet bazarda ən güclülərindən biri olacaq. Şirkət, layihəni Indiegogo platformasına yerləşdirəndən sonra lazım olan 75.000$ vəsaiti 4 dəqiqə ərzində yığıb. 24 saat ərzində layihə 600.000$ (hal-hazırda isə 785.000$-dan çox) vəsait toplayıb. 500 ədəd planşet olacaq start tirajı isə 3 dəqiqə ərzində ön sifariş edilib. Ön sifariş etmiş ilk şəxslər, planşeti 2017-ci ilin Fevral ayında əldə edə biləcəklər. Bəs bu layihəni bu qədər uğurlu edən nədir? Maraqlısı ondadır ki, istifadəçilərin diqqətini planşetin 1399$-lıq variantı çəkib. Bu variant Intel Core i7-7Y75 (Kaby Lake-Y seriyası) prosessoru, 16 GB RAM, 512 GB daxili yaddaş və 12.3 inç-lik ekran ilə təchiz olunub. Sizcə bu qiymət bahadır? Elə isə müqayisə üçün deyək ki, 512 GB daxili yaddaşa sahib Microsoft Surface Pro 4 2199$, Dell XPS 13 isə 1849$ qiymətinədir.Eve V planşeti bir dəfə şarj olunandan sonra 10-12 saat ərzində çalışa bilir. Ayrıca olaraq 39$-a V Pen stilusunu almaq və 50$-a Windows 10 Pro əməliyyat sistemini yazmaq olar.
WhatsApp daha bir yenilik ilə istifadəçilərini sevindirib. Artıq WhatsApp-a göndərilən videoları yükləmədən izləmək mümkün olacaq. İstər sosial əlaqə vasitələri, istərsə də mesajlaşma xidmətləri hər gün öz istifadəçilərinə yeniliklər təqdim etməkdə davam edirlər. Bunun əsas səbəbi isə gün keçdikcə belə sosial platformaların çoxalmasıdır. Son zamanlar WhatsApp da bir çox yeniliklər təqdim etməkdədir. WhatsApp-ın sonuncu yeniliyi isə istifadəçilərin canlı olaraq bir-biri ilə ünsiyyətini təmin etmək idi. WhatsApp daha bir gecikmiş yeniliyini təqdim edib. Artıq istifadəçilər bir-birinə göndərdikləri videoları yükləmədən də izləyə biləcəklər. Bu xəbər bir çox istifadəçini sevindirəcək, çünki bir çoxları videonu açıb izləmək üçün onu yükləməli və bu bir qədər vaxt itkisinə səbəb olurdu. Gələn yenilənmə ilə artıq bu problem həll olunacaq. Həmçinin onu da qeyd edək ki, yenilik yalnız Android istifadəçiləri üçün keçərli xarakter daşıyır. Yaxın zamanda isə digər platformalar da bu yenilikdən yararlana biləcək.
“Microsoft” bugün, 25 ildən çoxdur Windows platformasında mövcud olan Solitaire oyun toplusunu iOS və Android versiyalarında təqdim etdi. Pulsuz olaraq iOS və Android platformalı telefonlar üçün App Store və Play Store-da yerini alan tətbiqin istifadəçisinin çox olacağı gözlənilir. Beləki Microsoft bugünə qədər sadəcə Windows 8 və Windows 10 əməliyyat sistemli kompüterlərdə bu oyunun 119 milyon istifadəçisinin olduğunu bildirir və ümid edir ki, iOS və Android platformalardakı oyunun köməkliyi ilə bu rəqəmi daha da artıra biləcək. Microsoft Solitaire kolleksiyasının iOS və Android versiyasına Klondike, Spider, FreeCell, Pyramid və Tripeaks oyun növləri daxildir və istifadəçi reytinqi mövcuddur. Microsoft bu oyunu Xbox Live-a inteqrasiya edərək dostlarınızla birlikdə oynamağa və nailiyyətlər qazanmağa şərait yaradır. “Microsoft” həmçinin 1.99$-a “Premium Versiya” təklif edir ki, burada reklamsız oyun keyfi və ikiqat qazanclı gündəlik yarışlar və oyun daxili hədiyyələr əldə etmək şansı tanınır. Microsoft tərəfindən “Dünyanın 1 nömrəli Solitaire oyunu” olaraq adlandırılan bu versiyaları uyğun olaraq Android üçün “Play Store”dan, iOS üçün “App Store”dan yükləyə bilərsiniz.
Bir neçə gün əvvəl Samsung-un Galaxy S7 Edge modelini üçün yeni parlaq qara rəng seçimi olacağı təqdim olunacağı bildirilmişdi. Galaxy S7 Edge-in qara rəngi mövcud idi, amma bu parlaqlıq iPhone 7 seriyasındakı kimi görüntü əks etdirmirdi. Bunu nəzərə alan şirkət daha parlaq qara rəng versiyasını Galaxy S7 Edge üçün təqdim edəcək. Yeni Galaxy S7 Edge telefonunun parlaq qara rəngi Weibo üzərindən canlı olaraq görüntüləndi. Yeni parlaq qara rəng digər qara rənglə müqayisədə daha nəzərə çarpandır. Parlaq qara Galaxy S7 Edge digər Galaxy S7 və Galaxy S7 Edge-dən fərqli olaraq tünd qara metal yan çərçivələrlə əhatələnib. Bu yeni modelin dekabr ayında istifadəçilərə təqdim olunması gözlənilir.
Çoxdan gözlənilən məlumat axır ki, mediayaya sızdırıldı. Belə ki, MWC 2017-də tanıdılacaq olan Android əməliyyat sisteminə sahib olacaq Nokia telefonunun texniki xüsusiyyətləri ilə bağlı bəzi məsələlərə aydınlıq gətirildi. Çoxdandır mobil telefon bazarından uzaq düşən “Nokia” yeni təqdim edəcəyi telefonu ilə istifadəçilərin və Nokia sevərlərin diqqətini cəlb edib. İlk əvvəl cihazın texniki xüsusiyyətlərinə keçmədən əvvəl qeyd edək ki, “Nokia”, VR cihazlara üstünlük verəcək. Hətta telefon VR cihazla uyğunluq təşkil edəcək. Mediaya sızdırılan məlumatlara görə yeni Android Nokia modeli Snapdragon 820 prosessoru, 5.2 inç və ya 5.5 inç 2K keyfiyyətli ekrana və kamera bölümündə Carl Zeiss optikasına sahib olacaq. Qeyd edək ki, əvvəlki məlumatlarda Snapdragon 835 prosessoru istifadə olunacağı bildirilmişdi. Amma yeni məlumat daha aşağı səviyyəli prosessor istifadə olunacağı haqda fikir formalaşdırır. Telefonun RAM-nın 3GB və ya 4GB olması gözlənilir. IP67 sertifikatı daşıyacaq olan Nokia modelinin suya və ya toza davamlı olacağı bildirilir. Bundan əlavə cihaz metal örtüyə sahib olacaq. Qeyd edək ki, əks olunan məlumatlar qeyri-rəsmi xarakter daşıyır. Gələn il MWC 2017-də tanıdılacaq telefonun hansı xüsusiyyətlərə sahib olması maraqla gözlənilir.
Boeing’s 787 Dreamliner, 280 sərnişinin yerləşdiyi reaktiv təyyarədir. Lakin ona milyonlar xərclənsə onda o, 40 nəfərli sərnişinə və 17 saatlıq fasiləsiz lüks uçuş üçün nəzərdə tutulmuş təyyarəyə çevriləcək. Yenidən dizayn olunmuş təyyarə iki ədəd əl-üz yuma yeri və ayrıca duş kabini olan böyük yataq otağı ilə təchiz olunub. Bundan əlavə olaraq təyyarədə 5 televizorlu və qəhvəyi rəngli müasir mebelli qonaq otağı da var. Bu lüks təyyarədəki adi oturacaqlar o qədər böyükdür ki, hətta adi təyyarədə olan bines klasdakı oturacaqlar belə onların yanında adi oturacaqlar kimi görünürlər. Təyyarənin daxili dizaynı “Pierrejean Design Studios” şirkətinə aiddir. Yenilənmiş dizayndan sonra təyyarə 5 vanna otağı ilə təmin olunmuşdur. Dreamliner-in əvvəlki qiyməti 225 milyon dollar təşkil edirdi. Lakin yenidən dizayn olunandan sonra onun qiyməti 100 dəfə artmışdır.
Oculus Rift uzun bir müddət əvvəl satışa təqdim edilmiş vəziyyətdə olsada, cihazın yüksək sistem tələbləri, virtual reallıq eynəyinin geniş kütlələrə çatmasının önündəki ən böyük maneə olaraq qalmışdı. Oculus Riftin inkişaf etdirdiyi yeni xüsusiyəti ilə birlikdə artıq daha aşağı gücdəki kompüter sahibləri də virtual reallığın dadını çıxara biləcəklər. Oculus’un “asynchronous Timewarp” adlı texnologiyası görüntülərin render aralığını yarıya salır ancaq vizual təcrübə olaraq 90 hz-lik kimi görüntü alınmasına imkan yaradır. Bu sayədə yüksək texniki xüsusiyyətlərə sahib bir kompüter olmasa belə, Oculus Rifti o kompüterdə istifadə etmək olur. Artıq AMD RX 400 ardıcıllığı və ya GTX 900 və ya 1000 ardıcıllığı ekran kartı sahibi olmaq, Oculus Rift istifadə etmək üçün kafi olur. Yeni texnologiyanın iş məntiqiylə əlaqədar detallı məlumatların yer aldığı Oculus xəbərdarlağına aşağıdakı linkdən göz ata bilərsiniz.
Virtual reallıq eynəyi Oculus Rift çox yaxında Xbox One dəstəyinə qovuşur. Xbox One Streaming to Oculus Rift adını daşıyan tətbiq, 12 dekabrda Oculus Store üzərindən ödənişsiz olaraq yükləməyə təqdim ediləcək. Oculus Rift istifadəçiləri bu tətbiq sayəsində başda Gears of War 4, Forza Horizon 3 və Halo 5: Guardians olmaq üzrə bir çox oyunu virtual reallıq eynəkləri ilə oynaya biləcəklər. İstifadəçilər Citadel, Retreat və ya Dome olaraq adlandırılan üç mühitdən birində oyun təcrübəsi yaşaya biləcəklər. Xbox One Streaming to Oculus Rift tətbiqi Xbox One ilə evdəki şəbəkə üzərindən əlaqə quracaq. Yalnız vurğulamaqda fayda var. Xbox One oyunlarında Oculus Rift istifadəçiləri virtual reallıq təcrübəsini tam mənasıyla yaşaya bilməyəcək. Sadəcə oyunlarını böyük bir ekranda oynayırmış hissinə qapılacaqlar.
Hələ çərşənbə axşamı Niderlanddakı Şərqi Brabantın dairə məhkəməsi, “Point of View” şirkətinin iflası haqqında rəsmi qərar qəbul edib. Qeyd edək ki, şirkət 2000-ci ildə təsis edilmişdi və Nvidia prosessorları əsasında videokartların istehsal olunması ilə məşğul olurdu. İlk öncə şirkət, GeForce FX 5000 ilə başlamış, sonra daha çox videokart istehsal etmişdir. Belə ki, artıq GeForce 8 seriyasında şirkətin 19 model videokartı var idi. GTX 500 və GTX 600 heçdə pis satılmırdılar. Çox güman ki, şirkətin iflası kompüter satışlarının aşağı düşməsi ilə əlaqədardır. şirkət sadəcə olaraq gəlirləri çoxdan keçmiş xərclərin üstünü örtə bilmədi. Planşet, noutbook və ağıılıı ev cihazlarının satışı kimi digər sahələrə daxil olmaq da şirkəti iflasdan qoruya bilmədi. Şirkətin Hollandiya, Çin, HonKonq, Fransa, ABŞ və Tayvanda ofisləri var idi. Lakin onun satışlarının böyük bir hissəsi məhz Avropanın üzərinə düşürdü.
Cənubi Koreyanın dünyaca məşhur şirkəti “Samsung Electronics” kompüter istehsalı biznesini “Lenovo”ya sata bilər. Bu haqda məlumatı Koreyanın The Bell adlı mətbuat şöbəsi verib. Yer alan xəbərə görə şirkət hal-hazırda bu mövzu ilə əlaqədar “Lenovo” ilə danışıqlar aparmaqdadır. Lakin “Samsung”un bu layihə üzrə ayrıca maliyyə məsləhətçisi olmadığı üçün işin hüquqi tərəfi Amerikalı Paul Hastings hüquq şirkəti tərəfindən həyata keçiriləcək. Eyni zamanda “Lenovo” tərəfini London hüquq şirkəti olan Freshfields Bruckhaus Deringer təmsil edəcəkdir. Hal-hazırda satış qiymətinin 1 trilyon koreya vonu, yəni 850 milyon dollar təşkil etdiyi bildirilir. Xatırladaq ki, Samsung printer biznesini “HP”yə 1.05 milyard dollara satmışdı. Qeyd edək ki, dünya kompüter bazarında Lenovo markalı kompüterlərin dəyəri 19.4% təşkil edir. Bu isə bu sektor üzrə ən böyük göstərici deməkdir.
“Promon” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri Tesla avtomobilinin oğurlanmasının yeni üsulunu təqdim ediblər. Yeni üsul, avtomobil sahibinin smartfonundan reallaşdırılır. Bunun üçün avtomobilin sahibi öz smartfonuna avtomobilin oğurlanması üçün hazırlanmış xüsusi tətbiqi yükləməlidir. Hər bir Tesla modeli üçün özünün tətbiqi hazırlanır (Android və iOS). Həmin tətbiq vasitəsilə avtomobilin harda yerləşdiyini müəyyən etmək, onun batareyasındakı enerji səviyyəsini yoxlamaq və s. olar. Lakin avtomobil sahibinin həyatını yüngülləşdirən bu tətbiqi asanlıqla hack etmək olar. Sosial mühəndislik üsullarından istifadə edərək hackerlər, Tesla sahibini zərərli tətbiqi öz smartfonuna yükləməsini məcbur edə bilər. Məsələn Teslanın şarj olunma stansiyası yaxınlığında qoşulma nöqtəsi yaratsaq, Wi-Fi-a qoşulan hər bir şəxsə tətbiqi yüklədiyinə görə xüsusi bonus təklif etsək tapşırıq yerinə yetirilmiş olacaq. Teslanın tətbiqi serverə qoşulan zaman Oauth logini əldə edir. Token (istifadəçinin məlumat təhlükəsizliyini təmin edən və istifadəçisinin audentifikasiyası üçün istifadə lunan kiçik USB cihaz) yaddaşda qalır və tətbiqə hər dəfə daxil olan zaman istifadə edilir. Avtomobili oğurlamaq istəyən şəxs tokeni sıfırlayaraq avtomobil sahibini login və şifrəsini yenidıən daxil etməyə məcbur etməlidir. Bunun üçün zərərli tətbiqlər tokeni pozur, login və şifrə isə avtomobil üzərində idarə ilə birlikdə ələ keçirilir.
Məlumata əsasən “Samsung” şirkəti Barselonada keçiriləcək Mobile World Congress 2016 tədbirində Galaxy S8 Edge smartfonunu təqdim edəcək. Smartfonun ilk fotosu Weibo sosial şəbəkəsində paylaşılıb. Paylaşılmış foto çox güman ki, smartfonun reklam çarxından götürülmüşdür. Yeni cihazın dizaynı əvvəlki modellərə bənzəyir. Buna baxmayaraq göründüyü kimi smartfon ikili arxa kameraya sahib olacaq. Çox güman ki, bu cür kamera yalnız Galaxy S8 Edge-də olacaq. Sadə Galaxy S8 isə bir kamera ilə təchiz olunacaq. İkili arxa kamera bir tərəfdən Huawei Mate 9-a bənzəyir, lakin iPhone 7 Plus-dan fərqlənir. Galaxy S8 Edge-in ekran ətrafındakı çərçivələr daha nazik olacaq. Ənənvi “Home” düyməsi fotoda yoxdur. Görünür onu ekranın alt hissəsinə quraşdırılmış ultrasəs barmaq izi skanı əvəz edəcək. “Home” düyməsi isə virtual formatda olacaq. Daha əvvəlki məlumatlara əsasən Galaxy S8 Edge Snapdragon 835 prosessoru ilə təchiz olunacaq. Həmçinin o, 6 GB RAM və 64/256 GB daxili yaddaşa sahib olacaq. Ekranların ölçülərinə gəldikdə isə Galax S8, 5.7 inç, Galaxy S8 Edge isə 6.2 inç ekrana sahib olacaq.
Bir neçə gün bundan öncə “Microsoft” CEO-su Satya Nadella bildirmişdi ki, şirkət smartfon bazarından gedən deyil. Bugün isə şirkətin yeni smartfonlarının texniki göstəriciləri sızdırıldı. Məlumata əsasən hal-hazırda şirkət minimum iki model Surface Phone üzərində çalışır. Onlardan biri 4 GB-lıq RAM, digəri isə 6 GB-lıq RAM ilə təchiz olunacaq. Hər iki smartfon Snapdraon 835 prosessoruna sahib olacaq. Şaiyələrə əsasən bu prosessor həmçinin Samsung Galaxy S8 smartfonunda da olacaq. “Technote.az”ın “Overclockers.ru”a istinadən verdiyi xəbərə əsasən hər iki Surface Phone modeli 5.5 inç ekranla təchiz olunacaq. Gözlənildiyi kimi şirkət gələn il Surface Phone-nun 3 modelini təqdim edəcək. Onların hər üçü də Windows Mobile 10 əməliyyat sistemi ilə çalışacaq. Əlavə ödənişlə smartfonlar üçün stilus və taxıla bilən klaviaturanı əldə etmək olacaq.
Bir çox texnologiya şirkətləri öz səsli asistantlarını istifadəçilərə təqdim etməkdədir. Belə asistantlardan biri də Contana-dır. Səsli asistantların artması şirkətlər arasında rəqabəti də artırmaqdadır. Artıq Android üçün Contana adlandırılan səsli asistanta bəzi əlavələr olunub. Belə yeniliklərdən biri də səsli asistantın ad gün təbriklərini istifadəçiyə xatırlatmasıdır. Android üçün digər mühüm dəyişiklik Cortana-nın çoxlu sayda təqvimə qoşulma imkanının olmasıdır. Belə olduqda istifadəçi təyin etdiyi görüş və tədbirləri yaddan çıxarmır. Contana-nın sizin planladığınız günlük işlərdən xəbərdar olması sizin işinizi daha da asanlaşdıracaq.
Yiimax adlı startap 400 vat gücə sahib elektromühərrikli və iki təkərli skateboardu təqdim edib. Skateboardın maksimal sürəti saatda 19 km-dir. Klassik skateboardları idarə etmək asandır. Lakin iki təkərli versiya daha manevrlidir. Bu cür skateboardlarda ön təkər idarəetmə, arxa təkər isə sürət yığmaq üçün nəzərdə tutulub. Yiiboard elektromühərrikli ilk skateboarddır. Onun çəkisi 6 kq-dır. Skateboardın sürəti xüsusi pult ilə, istiqaməti isə istifadəçinin bədən hərəkəti ilə tənzimlənir. Skateboardın korpusu IP54 standartı ilə nəmişlikdən qorunma xüsusiyyətinə malikdir. O, bir dəfə şarj olunandan sonra 29 km yol qət edə bilər. Tam şarj olma müddəti isə 3-4 saatdır. Arxa təkərdə rekuperasiya sistemi var. Yəni skateboard tormoz verən zaman sərf olunmuş enerjinin bir hissəsi geri qayıdır. “Yiimix” şirkəti sözügedən layihəni Indiegogo platformasına yerləşdirmişdir. Lakin çox güman ki, onlar lazım olan 50.000$ vəsaiti yığa bilməyəcəklər. Belə ki, bir həftə ərzində şirkət cəmisi 2104$ vəsait yığa bilmişdir. Ön sifarişlə skateboardu 359$-a almaq olar.
Bundan sonra insanlar öz günahlarını iPhone vasitəsilə yuya biləcəklər. Belə ki, Katolik kilsə tövbə etmək üçün iOS platformasında tətbiqini təqdim edib. Bu tətbiq vasitəsilə günah işləmiş inanclı insanlar tez bir zamanda tövbə edərək günahlarını yuya biləcəklər. Tətbiqi Musemantik studiyası yaradıb. Tətbiqin yaradılmasında əsas məqsəd interaktiv xəritələrin köməkliyi ilə yaxında yerləşən kilsələri tapıb insanların ora getmələrini və tövbə saylarını artırmaqdır. Tətbiq hal-hazırda Şotlandiyada start götürüb və Sindr adını alıb. “Müasir mobil telefon nəslinin ona ilham mənbəyi olacaq dost və köməkçi kimi ağıllı, şəxsi tətbiq lazımdır. Bu, tətbiqin əsas ideyasıdır” – deyə Musemantik studiyasının təsisçisi bildirib. Developerlər qeyd ediblər ki, hal-hazırda veb saytlar öz məşhurluğunu itirirlər. Tətbiqlər isə insanların gündəlik həyatlarında daha çox yeri tuturlar.
OnePlus 3T üçün hazırlanan reklam kampaniyası üçün kamera qarşısına keçən məşhur YouTuber, çəkdiyi video ilə bu ana qədər izlədiyimiz qutu açılış videolarını yenidən gözdən keçirdir. Bugünə qədər bir çox maraqlı qutu açılış videoları ilə qarşılaşmışdıq. Bəziləri “Yox daha nələr!” dedirdəcək qədər qəribə olsa da bu dəfə ki qutu açılış videosu ağla-xəyala gəlməyəcək cinsdən oldu. OnePlus, keçən həftə rəsmi olaraq təqdim etdiyi OnePlus 3T üçün ekstrim bir qutu açılış videosu hazırladı. OnePlus, yeni modeli 3T-nin reklam kampaniyası üçün YouTuber Jake Paul-u, Çexiya Respublikasının Praqa şəhərindəki hərbi hissəyə dəvət etdi. Reklam kampaniyası çərçivəsində bir savaş təyyarəsinin içində Paul-a qutu açılış videosu çəkdirən şirkət, indiyə qədər heç yerdə görülməyən bir qutu açılışına imza atdı. Köhnə savaş təyyarəsinin içində telefonun texniki xüsusiyyətləri və dizaynından danışan Jake Paul, bunu edərkən çox çətin bir iş bacardığına şahid oluruq. OnePlus 3T, 2.35 GHz sürəti ilə işləyən yeni nəsil Snapdragon 821 prosessorundan güc alacaq. Bundan əlavə isə 6 GB RAM və 128 GB-a qədər daxili yaddaş seçimi ilə qarşımıza çıxacaq olan OnePlus 3T dizayn olaraq da OnePlus 3 ilə eyni korpus dizaynını daşıyacaq. 5.5 inçlik FULL HD ekrana sahib olan yeni telefon Optic AMOLED ekran texnologiyasından da yararlanacaq. Bazara Noyabr ayının axrında çıxacaq OnePlus 3T, 440 dollardan başlayan qiymət etiketi ilə texnologiya marketlərindəki yerini alacaq.
Müəllif:Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments