Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ alimləri smartfonlar üçün tam yeni batareya yaradıblar. Bir neçə saniyəyə enerji toplaması və işləmə vaxtının 7 gün təşkil etməsi batareyanın əsas fərqləndirici cəhətidir. Florida Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən ərsəyə gətirilən yeni texnologiya smartfonu həftədə bir dəfə enerji ilə doldurmağa imkan verəcək və batareya 5 saniyəyə enerji toplayacaq. Məlumata görə, hazırda sınaq mərhələsində olan yeni ABŞ texnologiyasına mütəxəssislər gələcəkdə ondan müxtəlif mobil sistemlərdə daha əlverişli istifadə üçün bütün lazımi dəyişiklikləri etməyi planlaşdırırlar. Qeyd edək ki, bundan əvvəl mütəxəssislər smartfonlarda əlavə akkumulyatordan istifadə variantını təklif ediblər. Nəticədə ekspertlər digər qurğuların bu şəkildə olmasının qabarit və qiymətə təsir edəcəyi və belə modellərin populyarlığının azala biləcəyi qənaətinə gəliblər. Belə perspektivi dərindən öyrənən analitiklər onun həyata keçirilməsindən imtina ediblər.

Massaçusets Texnologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Kompüter elmləri və süni intellekt laboratoriyasının (“CSAIL”) alimləri tərəfindən hazırlanmış dərin təlim alqoritmi bir kadr əsasında öz çarxlarını hazırlaya və gələcək hadisələrin inkişafını deyə bilir. “CSAIL” mühəndisləri tərəfindən ümumi uzunluğu 1 ildən çox və insanların adi, gündəlik həyatı təsvir edilmiş təxminən 2 milyon video neyron şəbəkəsinə göstərilib. Bu halda alqoritm hadisələrin sonrakı inkişafını əvvəlcədən bilməyib. Alimlər tərəfindən yaradılmış “ikiaxınlı arxitektura” bu məlumat yığımına əsaslanaraq gördüklərinə əsasən insanın hərəkətlərini yenidən yaratmağa çalışıb. Nəticədə aşağı keyfiyyətli çox qısa (cəmi 1 saniyə və ya 32 kadr) çarx hazırlayıb. Kompüter tərəfindən yaradılmış videoda, məsələn, çimərlik, dəmir yolu stansiyaları və yeni doğulmuş körpələrin sifəti təsvir edilib. Bundan sonra alimlər komandası “Amazon Mechanical Turk” xidmətinə çarxın keyfiyyətini qiymətləndirmək xahişi ilə müraciət edib. Təəccüblü olsa da, alqoritm tərəfindən yaradılmış video istifadəçilərə inandırıcı görünüb.

Alim Uilyam Rud protezləşdirmədə əsl inqilaba səbəb ola biləcək yeni innovativ texnologiyalı “3D” protez təqdim edib. Protezin “3D” printer və skaner vasitəsilə yaradılması onu maksimum həqiqi ayaq formalarına yaxınlaşdırıb. “3D” printer və skaner vasitəsilə yaradılan qurğudan istifadə çox rahat və sadədir, eləcə də xoşgörkəmli xarici görünüşə malik olması başqa insanlarda qorxu hissi yaratmır. Qurğu sağlam ayağa maksimum dərəcədə oxşayır və analoqları ilə müqayisədə az çəkisi ilə seçilir. Bundan əlavə, protez əksər hallarda yalnız kosmetik funksiyanı yerinə yetirən əvvəlki texnologiyalardan daha funksionaldır. “3D” protezin kütləvi istehsalına nə vaxt başlanacağı barədə məlumat verilmir.

“SD Card Association” qeyri-kommersiya təşkilatı smartfon və planşetlərdə proqramların işə salınması üçün “SD” tipli yaddaş kartlarına qoyulan minimal tələbləri təsvir edən yeni standart (“SD Specification 5.1”) qəbul edib. Mobil qurğular üçün yeni “SD” kartlar məlumatları saniyədə 500 Mbit sürətlə yaza və 1.5 Mbit sürətlə oxuya bilir. “Secure Digital” kartlarından istifadə standartı hələ 1990-cı illərin sonlarında “SanDisk” və “Toshiba” şirkətləri tərəfindən multimedia fayllarının (musiqi, video, şəkil) saxlanılması üçün universal qurğuların yaradılması məqsədi ilə hazırlanıb. Müəyyən vaxtdan sonra “SD” kartlar daha yüksək məhsuldarlığı və yeni formatlı videoları yazmaq qabiliyyəti sayəsində başqa formatları sıxışdırmağa başlayıb. Nəticədə “SD” kartlar proqramların saxlanılması üçün de-fakto standarta çevrildi.

Stenford Universitetinin alimləri tərəfindən innovativ materialdan köynək hazırlanıb. Yeni material xarici istilik şüasını keçirmir. Ancaq eyni zamanda köynək insanın bədəni tərəfindən yaradılan istiliyin 90%-ni buraxır. Belə istilik mübadiləsi sayəsində bədənin temperaturu selsi şkalası üzrə 2 dərəcə azala bilər. İnnovativ köynəyi geyinmiş insanlar isti havada, kondisionerlə təchiz edilməmiş otaqda özlərini rahat hiss edəcəklər. Bundan başqa, köynək tərin buxarlanmasına mane olmur. Mütəxəssislərin fikrincə, onların ixtirası elektrik enerjisinə qənaət etməyə kömək edəcək. Belə ki, isti iqlimə malik regionlarda kondisionerlərdən istifadə zamanı xeyli elektrik enerjisi sərf olunur. Yeni köynək kondisionerlərdən istifadəni azaldacaq. Köynəyin hazırlanmasında istifadə edilmiş material “nanoPe” adlandırılıb. Parça çoxsaylı dəliklərdən ibarət nazik plyonka formasındadır. Dəliklərin ölçüsünün qalınlığı insan saçından 100 dəfə azdır. Məhz bu dəliklərin sayəsində səmərəli istilik mübadiləsi həyata keçirilir.

“HandEnergy” yığcam akkumulyatoru xüsusi əl hərəkətlərinin köməyi ilə enerji toplayır və mobil qurğuların enerji ilə doldurulmasında istifadə edilə bilər. “HandEnergy” akkumulyatoru kürə formasındadır və ona əlin dairəvi hərəkəti ilə işə düşən rotor qurulub. Akkumulyatorun tutumu 1000 milliamper/saat təşkil edir. Mobil qurğuların enerji ilə doldurulması üçün istənilən “USB” kabelini cihaza qoşmaq olar. Rotorun köməyi ilə enerjinin yaradılması prosesi ləngdir – kiçik akkumulyatorun enerji toplaması üçün təxminən 1 saatlıq fırlanma tələb olunur. Ona görə “HandEnergy” akkumulyatoru yalnız gün ərzində mobil qurğunun şarjının səviyyəsinin saxlanılmasına kömək edəcək. “HandEnergy” akkumulyatorunun istehsalı üçün “Kickstarter” saytında pul toplanılması üzrə kampaniya başladılıb. Akkumulyatorun ilkin sifariş üzrə qiyməti 69 avrodur və çatdırılma 2017-ci ilin mayına planlaşdırılıb.

Hindistanda dünyanın ən iri günəş elektrostansiyasının tikintisi başa çatıb. Tamil-Nadu ştatında yerləşən “Kamuti” stansiyası 10,36 kvadrat km ərazidə quraşdırılan 2,5 milyon günəş panelindən istifadə edir. İnşaat işləri 8 aya tamamlanıb. 150 mindən çox yaşayış evinin elektrik enerjisi ilə təmini üçün nəzərdə tutulan elektrik enerjisi istehsalı üzrə yeni stansiyanın gücü 648 meqavat təşkil edir. İri günəş elektrostansiyasının tikintisi Hindistan üçün əhalinin daha ucuz elektrik enerjisi ilə təmini istiqamətində atılan mühüm addım hesab edilir. Ölkə 2022-ci ilədək 60 milyon evi günəş enerjisi ilə təchiz etməyi, 2030-cu ilədək isə qazıntı halında tapılmayan mənbələr sayəsində lazım olan enerjinin 40 faizinin istehsalını planlaşdırır. Dünyanın nəhəng günəş elektrostansiyasının inşası və ucuz enerjinin istehsalı üzrə layihələrin aktiv inkişafı sayəsində Hindistan növbəti ildə dünyada istehsal olunan günəş enerjisinin həcminə görə Çin və ABŞ-dan sonra üçüncü yeri tuta bilər. Qeyd edək ki, Hindistan dünyada yanar yanacaq növlərindən istifadənin minimallaşdırılması və ya tam imtina edilməsi üzrə aktiv tərəfdarlardan biridir.

Hollandiyanın “KPN” telekommunikasiya şirkəti Avropada ilk dəfə “LTE-M” adlı “Əşyalar interneti” texnologiyasını sınaqdan keçirib. “Qualcomm Technologies” və “Ericsson” şirkətlərinin istehsalçıları layihəyə kömək ediblər. Sınaqlar çərçivəsində “Qualcomm” şirkətinin test qurğuları və “Ericsson” şirkətinin infrastruktur avadanlığından istifadə edilib. İstehsalçıların məlumatına görə, “MDM9206” modeminin köməyi ilə məlumatların aşağı sürətlə ötürülməsi üçün iqtisadi cəhətdən səmərəli “Əşyalar interneti” texnologiyasının yaradılması mümkündür. “MDM9206” modemi “Əşyalar interneti” texnologiyası üçün yeni nəsil kommersiya “LTE” qurğularının imkanlarını dəstəkləmək üçün xüsusi hazırlanıb. Bu qurğular yüksək ötürmə qabiliyyəti tələb etmədən aşağı enerji sərfiyyatına və daha geniş əhatə dairəsinə malik olacaq. Mütəxəssislər biznes üçün “ağıllı” xərc və enerjinin hesablanması, tikintidə təhlükəsizlik, infrastruktur, sənaye kontrolu və avtomatlaşdırma, pərakəndə satış nöqtələri, aktivlərin izlənilməsi, tibbi layihələr kimi sahələr daxil olmaqla yeni imkanların geniş spektrini əhatə etməsini əsas üstünlüklərə aid edirlər.

Dekabrda “Play Station” oyun konsolu üçün yeni oyunlar istifadəyə veriləcək. Bu barədə “Sony” şirkəti məlumat yayıb. PS4 sahibləri “Invisible” və “Stories: The Path of Destinies” kimi oyunları oynamaq imkanı qazanacaq. Hər iki oyun istifadəçilərin diqqətinə layiqdir. Onlar yaxşı “geympley”ə və gözəl dizayna malikdir. PS3-ə sahib olanlar isə “Hyper Void” və ” Tiny Trooper” oyunlarını oynaya biləcəklər. “Sony PSP” sahiblərinə VVVVVV və “Color Guardians” kimi oyunlar təqdim ediləcək. Lakin bir çox istifadəçi yeniliklər haqqında mənfi fikirlər yazıb.

Rusiyanın “VKontakte” sosial şəbəkəsi öz messencerini istifadəyə verib. Bu barədə “VKontakte”nin bloqunda məlumat verilib. “Sizi “VKontakte”nin messencerindən istifadə etməyə dəvət edirik” – deyə məlumatda bildirilir. Messencerdə dostlar və həmkarlarla çat yaratmaq, foto və video mübadiləsi etmək, sənəd göndərmək və audio yazmaq mümkündür.

“Prisma” foto xidməti “Google”un versiyasına əsasən “Android” əməliyyat sistemi üçün 2016-cı ilin ən yaxşı proqram əlavəsi seçilib. Bu barədə ABŞ korporasiyasının illik reytinqində göstərilir. Ən innovativ proqram əlavələrinə “Twitter”ə məxsus “Periscope” da daxil olub. Ən gözəl əlavə isə eyni adlı tərtibatçının “Retrica”sı seçilib. Ən populyar əlavələr sırasında “Facebook”un videoselfi üçün MSQRD, “Rambler & Co” şirkətinin “Championat” əlavələri və “VKontakte”nin tərtib etdiyi “Vinci” foto xidməti də mövcuddur. Xatırladaq ki, bundan öncə “Time” jurnalı 2016-cı ildə tərtib olunan ən 10 ən yaxşı video oyunlarının siyahısını elan edib.

“Motorola” brendinin sahibi “Lenovo” şirkəti “Moto” smart-saatlarının istehsalını müvəqqəti olaraq dayandırıb. Motorola”nın bölmə rəhbəri Şakil Barka belə bir qərarı perspektivin və istifadəçilərin yeni “ağıllı” saatların istehsalına marağının olmaması ilə izah edirlər. Ş.Barka əmindir ki, yeni “Moto” modelinin tərtibatı gələcəkdə də aparılacaq. Ancaq hazırda istehsalı dayandırma lazımdır. Bununla belə, “Motorola” rəhbəri qeyd edib ki, “Moto 360” aktual “Android Wear” versiyasına qədər yenilənəcək. Mümkündür ki, belə bir qərarın qəbul olunması daşınar elektronikanın populyarlığının düşməsi ilə əlaqəlidir. 2016-cı ilin ikinci rübündə smart saatlar bazarı 33% azalıb.

Son zamanlar “3D” çap texnologiyası müxtəlif detal və mexanizmlərin yaradılması çərçivəsindən çox kənara çıxıb. Vaxt ötdükcə alimlərin əksəriyyəti “3D” printerlərdən tibbi məqsədlə istifadəyə başlayıb. Sümük, dərinin çap edilməsi üzərində işlər aparılır, hətta bütöv orqanların yaradılması sahəsində eksperimental həllər mövcuddur. Lakin bu deyilənlər hələ ki laboratoriya şəraitində əlçatandır. Amma ABŞ-dan olan alimlər qrupu “3D” çap texnologiyasının köməyi ilə qan damarları yaratmağa müvəffəq olublar. Çap edilmiş qan damarları sonradan dəyişə və inkişaf edə bilər, çünki onların əsasını hüceyrə strukturu təşkil edir. Bundan başqa, “3D” printerdə anatomik xüsusiyyətlərdən asılı olaraq istənilən strukturu çap etmək mümkündür və onları, hətta körpələrə köçürmək mümkündür. Minnesota Universitetinin alimləri yeni texnologiyanı kəşf ediblər. “3D” çap texnologiyasının köməyi ilə yaradılmış qan damarı kiçik quzuya implantasiya edilib və 50 həftədən sonra ultrasəs müayinəsi keçirilib. Qan damarlarının orta hesabla 56% inkişaf etdiyi məlum olub. Bu tədqiqat anadangəlmə damar xəstəliklərindən əziyyət çəkən insanlara kömək edə bilər, çünki indi vaxt ötdükcə inkişaf etməyən süni damarları əvəz etmək üçün bir neçə təkrar əməliyyat keçirmək lazımdır. İndi alimlər insanların iştirakı ilə kliniki sınaqlar keçirməyi planlaşdırırlar.

Çinin “Huawei” şirkəti Yaponiyada akkumulyator texnologiyaları üzrə 57-ci simpoziumda “Watt Laboratory” şirkətinin alimləri tərəfindən hazırlanmış innovativ batareyalar təqdim ediblər. Yeni batareyaların işləmə müddəti analoqları ilə müqayisədə 2 dəfə çoxdur, bundan başqa innovativ akkumulyatorlar yüksək temperaturda yaxşı işləyir. Yeni litium ion batareyalarında qrafendən istifadə edilib. Qrafen materialı akkumulyatoru soyudur və qurğuları çox qızmadan qoruyur. Müasir batareyaların əksəriyyəti 50 selsi dərəcəyədək temperaturda normal işləyir. “Huawei” şirkətinin akkumulyatorları 60 selsi dərəcədə də işləyir. Bundan başqa, elektrolitə yüksək temperaturda onun buxarlanmasını xəbərdarlıq edən xüsusi maddə əlavə ediblər. Həmçinin katod və anodun konstruksiyası optimallaşdırılıb. Testlərin nəticəsinə görə, yeni batareya yüksək temperaturda adi litium ion akkumulyatorlarla müqayisədə 5% daha soyuqdur. “Huawei” şirkətinin nümayəndələri iddia edirlər ki, yeni batareyalar dron, elektrik avtomobilləri və başqa qurğularda istifadə olunacaq. Yeni akkumulyatorları isti iqlimə malik ölkələrdə, həmçinin uzun müddət günəş şüalarının altında olan cihazlarda istifadə etmək faydalıdır.

Yapon alimləri elastik şəffaf maye kristal ekranların yaradılması texnologiyasını hazırlayıblar. Yenilik 2016-cı ilin mayında Beynəlxalq İnformasiya Displeyləri Cəmiyyətinin simpoziumunda qismən təqdim edilib, indi isə Toxoku Universitetinin press-relizində bu barədə yazılıb. Son zamanlar elastik ekranlara maraq artıb. Bir çox şirkətlər elastik ekran texnologiyasına əsaslanan qatlanan planşetlər, rulon formasında açılan displey kimi qurğuların hazırlanması ilə məşğuldur. Bununla belə, orqanik işıq diodları (“OLED”) texnologiyası əsasında hazırlanmış belə ekranların mövcud prototiplərinin əksəriyyəti oksigen və su buxarı üçün yüksək təsirlilik baxımından qeyri-stabildir. Bundan başqa, hələ ki, böyük ölçü, yüksək təsvir ölçüsü və aşağı dəyərə malik elastik “OLED” ekranlarının yaradılması texnologiyası hazırlanmayıb. Toxoku Universitetinin əməkdaşları elastik ekranda maye kristallardan istifadəyə qərar veriblər, sonuncu “OLED” kimi su və havanın təsiri nəticəsində çürümür. Bundan başqa, maye kristallar əsasında mövcud texnologiyaların köməyi ilə böyük ölçülü və ucuz ekranlar istehsal etmək olar. Tədqiqat işi müəlliflərinin fikrincə, onların texnologiyası mobil informasiya terminallarında, daşınan qurğularda, avtomobil ekranlarında və böyük rəqəmli göstəricilərdə tətbiq edilə bilər.

Analitiklər “Windows 10” əməliyyat sisteminin populyarlığının artdığını qeyd ediblər. “NetMarketShare” şirkətinin məlumatlarına əsasən, bu ilin noyabr ayı ərzində daha çox masaüstü kompüter sahibləri bu proqram təminatını yükləyiblər. Statistika göstərir ki, 23,7 faiz istifadəçisi “Windows 10” əməliyyat sistemini seçib. “Windows 7” tərəfdarlarının sayı 47,1 faiz təşkil edir. “Windows XP” əməliyyat sistemindən isə yalnız 8,63 faiz istifadə edir. “NetMarketShare” şirkətinin analitikləri bildiriblər ki, gələcəkdə “Microsoft” korporasiyası bütün masaüstü kompüter istifadəçilərini əməliyyat sisteminin sonuncu versiyasına uyğunlaşdırmağa çalışacaq. Əməliyyat sistemləri bazarında “Windows”un versiyalarının ümumi payı təxminən 91 faiz təşkil edir. Digər kompüter sahibləri başqa əməliyyat sistemlərinə üstünlük verirlər. Qeyd edilir ki, “Windows 10” bazarda müəssisələrin istifadəsində rahatlığına və əlçatanlığına görə xal toplayır. Bu şirkətlər daha əvvəl istifadə üçün vərdiş olaraq əməliyyat sisteminin yeddinci versiyasına üstünlük verirdilər.

Dünyanın ən iri dörd internet-şirkəti – Microsoft, Facebook, Twitter və Youtube terrorizmlə online mübarizə aparacaqlar. Şirkətlər öz aralarında unikal rəqəmli video identifikatorların mübadiləsini aparacaqlar və buda potensial terrorçunu müəyyənləşdirməyə imkan verəcək. Həmçinin bildirilir ki, şirkətlər müştərilərin fərdi məlumatlarını bölüşməyəcəklər.

“Instagram” xidmətinə bir sıra yeni funksiyalar əlavə edilib. Artıq istifadəçilər öz şəkillərinə yazılan şərhləri deaktiv edə biləcəklər. Həmçinin onlar fotoxidmətdə bəyəndikləri şərhləri “like” etmək imkanı qazanacaqlar. Məlumatda bildirilir ki, bu, yeganə yenilik deyil. “Instagram”da istifadəçini “blok” etmədən onu abunəçilər siyahısından silmək mümkün olacaq və bu halda istifadəçi heç bir xəbərdarlıq almayacaq. Mobil proqramın yeni versiyası dekabrın 6-dan istifadəçilərin bir hissəsi üçün əlyetərlidir, digər istifadəçilər isə hələ bir neçə həftə gözləməli olacaqlar.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register