Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
İnformasiya təhlükəsizliyinin təmini üçün proqram təminatının hazırlanması üzrə ixtisaslaşmış “Check Point” şirkəti 2016-cı ilin oktyabrında dünyada kiberhücum və zərərverici proqram sayının 5% artımı haqda məlumat verib. “Check Point” şirkətinin nümayəndəsi bildirib ki, cari ilin digər ayları ilə müqayisədə şirkətlərə hücumların sayı rekord təşkil edib. Tədqiqatçıların qiymətləndirməsinə görə, əməliyyatların məsafədən icrasını və zərərverici proqram təminatının yüklənməsini təmin edən “Conficker” virusu qeydə alınmış hücumların təxminən 17%-ni təşkil edib. “Locky” fırıldaqçı proqramından istifadəyə əsaslanan kiberhücumların payı 5%-ə yaxınlaşıb. “Check Point” şirkəti aşkar edilmiş hücumların 5%-də qeydə alınmış “Zeus” bank troyanını ən geniş yayılmış kompüter viruslarının üçlüyünə daxil ediblər.
Kembric Universitetinin alimləri tərəfindən hazırlanmış kiçikölçülü robot cərrah pasiyentin gözündə əməliyyat keçirməkdə kömək edəcək. Robotun ölçüsü kiçikdir və iki manipulyator vasitəsilə hərəkətə gətirilən nazik “əl”lərinin diametri 1.8 mm təşkil edir və bu, bəzi əməliyyat növlərinin keçirilməsinə kifayət edir. “Axsis” robotu məxsusi olaraq cərrahi dəqiqliyi təmin etmək üçün hazırlanıb, çünki onun “əl”ləri ilə müqayisədə insanın barmaqları qalındır. Robot mürəkkəb proqram təminatı tərəfindən idarə olunur. Sözügedən proqram təminatının əsas məqsədi insanın hərəkətlərini öncədən müəyyənləşdirməklə mürəkkəb məsələlərin icrası zamanı onu səhvlərdən qorumaqdır. Robotun “əl”ləri “NASA”-nın məhsulu olan xüsusi polietilen sapdan hazırlanıb və elastikdir, öz xüsusiyyət və möhkəmliyinə görə poladı xatırladır. Yığcam avtomatlaşdırılmış robotun dəyəri elə də baha olmadığından kiçik xəstəxanalar üçün əlçatandır.
“WhatsApp” tərtibatçıları öz messenceri üçün yeni yenilənməni işə salıblar. Artıq videoların baxılması daha qənaətcil və rahat olub. Bu yenilənmə üçün “WhatsApp” əlavəsinin istifadəçiləri yalnız videofaylı yüklədikdən sonra bu videoya baxa bilərdilər. Yenilənmə isə videoçarxlara axın rejimində baxılmasına imkan verir. Bu o deməkdir ki, artıq videofayla yüklənən zaman baxmaq mümkün olacaq. Bu gün “WhatsApp”da 1 milyarddan artıq istifadəçi qeydiyyatdan keçib. Onlar dəfələrlə proqram tərtibatçılarından videofaylların baxılması ilə bağlı məsələnin həllini xahiş ediblər. Çünki bu prosedur xeyli vaxt və trafik aparırdı, insanlar isə tez-tez cihazlarına onlara ümumiyyətlə lazım olmayan fayllar yükləyirdilər. Çünki onların bu fayllara öncədən baxmaq imkanları yox idi. “WhatsApp” komandası bu xahişi nəzərə alıb və “Android” cihazları üçün yenilənməni həyata keçirib. Proqramın beta testləri uğurla həyata keçirilib. Artıq bu yenilənmənin iOS və “Windows” əməliyyat sistemlərində işə düşəcəyini gözləmək qalır.
“Apple Music” musiqi xidmətinin abunəçilərinin sayı 20 milyonu keçib. Bu xidmət 2015-ci ilin iyun atında işə salınıb. 2016-cı ilin sentyabr ayında “Apple” bu ödənişli xidmətdən 17 milyon istifadəçinin istifadə etdiyini bildirib. Nəşr qeyd edir ki, belə bir “təsirli” artımın olmasına baxmayaraq, “Apple Music” xidmətinin müştərilərinin sayı hələ də onun rəqibi “SpotifY” xidmətindən iki dəfə azdır. Əldə olunan məlumatlara əsasən, 2016-cı ilin mart ayında “Spotify” xidmətinin ödənişli abunəçilərinin sayı 30 milyon nəfər olub. Sentyabr ayında isə bu rəqəm 40 milyona çatıb. Nəşr əlavə edib ki, hər iki xidmətin bu cür göstəriciləri striminq musiqisinin populyarlığının artmasından xəbər verir.
Çində “YunOS” əməliyyat sistemi iOS-dan daha populyar olub. Bu texnologiya bulud texnologiyası üzərində çalışır və ondan bir çox firmaların istehsalı olan smartfonlarda istifadə olunur. Ancaq mütəxəssislər hesab edirlər ki, çox çətin ki, bu əməliyyat sistemi daxili bazarda deyil, dünya bazarında rəqabət aparmağı bacarsın. Artıq bu platformanı on milyonlarla cihazlarda quraşdırıblar. Çinlilər özləri isə bunun dünya tərtibatçılarının inhisarçılığına bir cavab olduğunu hesab edirlər
ABŞ-ın “Apple” şirkəti rəqəmsal reklama Cənubi Koreyanın “Samsung” şirkətindən 179 faiz daha çox vəsait xərcləyib. Bu barədə “Business Insider” nəşri “Pathmatics” şirkətinə istinadən məlumat verib. Əldə olunan məlumatlara görə, 2016-cı il noyabrın 30-da yekunlaşmış illik müddətdə “Apple” şirkəti displey, mobil və video reklama 97 milyon dollar sərf edib. “Samsung” şirkətində isə bu rəqəm 80,4 milyon dollar olub. “Samsung” şirkətinin “Apple”in təmsil olunmadığı soyuducu, televizor və bu kimi digər müxtəlif seqmentlərdəki məhsul reklamı xərclərini nəzərə almasaq, ABŞ şirkəti reklama Cənubi Koreyalı rəqibindən 179 faiz daha çox vəsait sərf edib.
Bu gün kompüterin vazkeçilməz qurğusu olan maus 48 il əvvəl meydana gəlib. 1968-ci il dekabrın 9-da “kompüter siçanı”nın (mouse) ad günüdür. Məhz bu gün Stenford Tədqiqat İnstitutunun əməkdaşı Duqlas Engelbart San-Fransiskodakı konfransda mausu nümayiş etdirib. Bu, bir düyməsi olan təkərli ağac kub idi və diskin köməyi ilə hərəkət edirdi. Ona mouse – siçan adını siçan quyruğuna oxşayan kabelinə görə verirdilər. Sonradan Engelbartın ideyası ilə Xerox şirkəti maraqlanıb. Şirkətin əməkdaşları mausun quruluşunu dəyişiblər və o hazırda gördüyümüz qurğuya oxşamağa başladı. 1970-ci illərin əvvəllərində Xerox şirkəti ilk dəfə olaraq mausu fərdi kompüterin bir hissəsi kimi təqdim etdi. Bu mausun üç düyməsi var idi, diskin yox, roliklərin köməyi ilə hərəkət edirdi, qiyməti isə 400 dollar idi!
Müasir yapon ədəbiyyatının banilərindən biri Nasume Sosekinin (1867-1916) android oxşarı yaradılıb. Bu haqda Nisyoqakusya Universiteti məlumat yayıb. Bildirilib ki, robot “yazıçı” 100 illik fasilədən sonra oxucularla danışıb. “Yazıçı” bildirib: “Dostlar, biz çoxdandır ki, görüşmürdük. Bundan təxminən 100 il keçib”. Qeyd edək ki, robot tanınmış yazıçının ölümünün 100 illiyi münasibəti ilə yaradılıb. Texnikanı Nisyoqakusya Universitetinin alimləri ərsəyə gətiriblər. Android tədris müəssisələrində istifadə olunacaq. Belə ki, bu qurğu Nasume Sosekinin əsərlərini şagirdlərə oxuyacaq.
“İnstaqram” daha bir yeniliyi ilə istifadəçilərini sevindirib. Bundan sonra yazılan şərhləri də bəyənmək mümkün olacaq. Belə ki, öz səhifənizdə və ya istənilən istifadəçinin səhifəsində yazılan şərhləri bəyənə bilərsiniz. Hətta şərh bölməsini bağlamaq mümkündür. Bir başqa yenilik isə artıq İnstagramda da paylaşımların altındakı şərhləri eynən Facebook və Twitter-dəki kimi like etməyin mümkün olmasıdır. Qeyd edək ki, bir müddət əvvəl İnstagram sosial şəbəkəsinin əməkdaşları yardım funksiyasını tətbiq edəcəkləri barədə məlumat vermişdilər. Funksiyanın özəlliyi ondan ibarətdir ki, əgər instagram istifadəçisi izlədiyi şəxslərdən birinin bədbin statusuna rast gələrsə, dərhal bu haqda sosial şəbəkə administrasiyasına məlumat verə biləcəklər. Bu zaman statusu paylaşan həmin şəxslə əlaqə qurularaq ona psixoloqla danışmaq, öz problemlərini onunla bölüşmək təklif olunacaq.
“WhatsApp” messenceri üçün yenilənmə işə salınıb. Bu yenilik sayəsində artıq “WhatsApp”a göndərilən videolara baxmaq daha rahat və qənaətcil olub. Əvvəllər istifadəçilər videoya yalnız yüklədikdən sonra baxa bilərdilər. Yenilikdən sonra isə istifadəçilər artıq videoçarxlara axın rejimində baxa biləcəklər. Bu o deməkdir ki, artıq videofayla yüklənmə zamanı da baxmaq mümkün olacaq. “WhatsApp” komandası çoxsaylı xahişdən sonra bu məsələni nəzərə alıb. Qeyd edək ki, yenilənmə “Android” cihazları üçün nəzərdə tutulub. Proqramın beta testləri uğurla həyata keçirilib. Artıq bu yenilənmənin “İOS” və “Windows” əməliyyat sistemlərində işə düşəcəyi gözlənilir.
Kaliforniya Universitetinin əməkdaşları, SALTO adlı birayaqlı qeyri-adi robot yaradıblar. O, 1.2 m hündürlüyə tullana və divardan özünü itələyə bilir. Robotun çəkisi 100 qr, hündürlüyü isə 26 sm-dir. Cihazın konstruksiyasının hazırlanması zamanı Afrikanın qalaqo adlı primatlarının bədən hissələrinin biomexanik prinsiplərindən istifadə olunub. Belə ki, həmin heyvanlar yarıoturuş vəziyyətində öz boylarından qat-qat hündürlüyə tullana bilirlər. Bunun sirri isə elastik vətərlərdədir. SALTO da bir neçə dəfə dalbadal tullana bilir. Bundan əlavə olaraq o həmçinin özünü divarlardan da itələyə bilir. Robotu hərəkətə gətirən kiçik motor, əlavə enerjini yaradan isə mexanik yaydır.
Amerikalı bloggerlər dünya ölkələrinin nüvə silahlarının yerləşdiyi xəritəni təqdim ediblər. Bir neçə gün ərzində 300.000 baxış yığan videoda ABŞ-ın, Avropa ərazilərində yerləşdirdiyi nüvə silahlarından bəhs olunur. Həmin nüvə silahları Rotterdam, Milan, Köln, Brüssel və Venesiya kimi şəhərlərdə yerləşdirilmişdir. Videoda həmçinin Rusiya, Briyaniya, Çin, Pakistan, Hindistan və Şimali Koreya ərazilərində olan nüvə silahlarından da bəhs olunur. Qeyd olunur ki, nüvə silahlarının yerləşdiyi anbarlar insanların yaşadıqları ərazilərə yaxındır.
Mobil platformaya gələcək olan PlayStation oyunları üçün bugün iki video yayımlandı. Xatırladaq ki, Sony mobil cihazlar üçün PlayStation oyunu gətirəcəyini açıqlamışdı. Amma bu vədin üzərindən artıq yarım ildən çox vaxt keçib. Vəziyyət belə olduqda Sony və ForwardWorks, PlayStation Experience 2016 tədbirində gələn il təqdim etməyi düşündüyü oyunların siyahısını açıqlayıb. Açıqlamalara görə bu oyunlar: Hot Shots Golf,Wild Arms, Arc the Lad və What Did I Do to Deserve This, My Lord? olmalı idi. ForwardWorks, bugün bu oyunlardan əlavə Doko Demo Issho və Boku no Natsuyasumi kimi keçmiş oyunları da təqdim edəcəyini nümayiş etdirən videolarla yayımladı. Bundan əlavə Sony başqa bir oyun üçün Square Enix ilə birlikdə çalışdıqlarını, Disgaeavə Yomawari oyun silsiləsi üçünNippon Ichi Software ilə də bir araya gələcəklərini açıqladı. Təəssüf ki, bu oyunlar Yaponiyada çıxış edəcək. Oyunların başqa ölkələrə təqdim olunub-olunmaması haqda məlumat yoxdur. Yaponiyadakı mobil cihazlarına gələcək ilk oyun 2017-ci ilin baharında təqdim olunacaq Hot Shots Golf olacak.
Indiegogo-da, Hey Stick adlı dünyanın ən balaca selfi çubuğu üçü vəsaitin toplanması kampaniyasına start verilib. Yeni selfi çubuğu vasitəsilə istifadəçilər video, müxtəlif növ selfilər çəkə və dostları, qohumları ilə videogörüntü üzərindən ünsiyyət qura biləcəklər. Cihaz Bluetooth özəlliyinə və idarəetmə pultuna sahib olacaq. Selfi çubuğunun uzunluğu 16 sm, enliyi 6.5 sm, diametri 1.9 sm, çəkisi isə 95 qr-dır. Tam açılmış vəziyyətdə onun uzunluğu 65 sm-ə kimi çatır. O, alüminiumdan hazırlanıb və xarici görünüşünə görə dodaq boyasını xatırladır. Mini selfi çubuğu, Kanadanın Hey World adlı startapı hazırlayıb. Startapın sözlərinə əsasən öz kiçik və dəbli görününşünə görə Hey Stick cihazını istənilən yerdə, hətta cibinizdə belə gəzdirə bilərsiniz. Əgər Indiegogo-da vəsaitin toplanması kampaniyası uğurla başa çatsa, Hey Stick gələn ilin Fevral ayında 19$ qiymətinə satışa çıxacaq. Statik selfi, video çəkilişlər və videogörüntü üzərindən ünsiyyət üçün nəzərdə tutulmuş ştativi isə ayrıca 9$-a əldə etmək lazım gələcək.
YouTube-un xidmətlərindən biri olan youtube-mp3.org, artıq Google axtarış sistemlərində yer almayacaq. Xatırlayırsınızsa, bir neçə ay əvvəl məşhur musiqi şirkətləri musiqi yükləmə saytlarını məhkəməyə verməyə hazırlaşdıqlarını açıqlamışdıq. YouTube ilə birlikdə Spotify, Deezer və Apple Music kimi xidmətlər də belə saytlara qarşı çıxaraq öz etirazlarını bildirmişdilər. Hətta qeyri-leqal yükləməyə görə 150.000 dollar tələb etmişdilər. Bu mövzuda öz mövqeyini ortaya qoyan Google məşhur sayt youtube-mp3.org-u axtarış nəticələri siyahısından çıxarıb. YouTube-dan musiqi yükləmələrinin təxminən yarısını əhatə edən youtube-mp3.org, artıq Google-un axtarış nəticələrindən qaldırılıb. Amma domen hələ də xidmət verməkdə davam edir. Böyük şirkətlərin təzminat tələbi yerinə yetirilməsə belə, Google-un belə addım atması çox böyük irəlləryişə səbəb ola bilər. Amma digər tərəfdən istifadəçilər Google-da açar sözlərdən istifadə edərək youtube-mp3.org kimi çalışan saytlarla qarşılaşa biləcəklər.
Android Nougat yenilənməsi üçün tez hərəkətə keçən “Sony”, indi də 7.1.1 versiyasını istifadəçilərə təqdim edən ilk istehsalçılardan olmaq istəyir. Keçdiyimiz vaxtlarda digər istehsalçılardan tez hərəkətə keçən və X Performance ilə Xperia XZ modelərinə Android Nougat yenilənməsini gətirən “Sony”, istifadəçilərinin rəğbətini qazanmışdı. Gələn məlumatlara görə hazırda sadəcə General Mobile GM 4G modelində aktiv olan Android 7.1.1 üçün işə başlayan şirkət, bu yenilənməni “Google” telefonları xaricində təqdim edən ilk kənar istehsalçı olmaq istəyir. Sony developer komandasının əsas fokusu 7.1.1-dədir! “Sony”nin Xperia Concept developer komandasının açıqladığı məlumatlara görə 7.1.1 yenilənməsi, hazırda təcili olaraq reallaşdırmalı olduqları əsas məsələdir. Olduqca iddialı bir açıqlama edən komanda “Əgər bizdən əvvəl bunu təqdim edən başqa bir marka olsa, çürük pomidorlarınızı hazırlayın.” sözlərinə yer verdi. Güc menyusuna restart seçimi və şəkilli klaviatura dəstəyi kimi bir çox yeni xüsusiyyəti toplayan Android 7.1.1 versiyası, görünüşə görə Sony istifadəçiləri tərəfindən tezliklə sınaqdan keçirilə biləcək.
007-ci ildə satışa çıxan ilk iPhone modeli ilə ilk Android modeli qarşı-qarşıya gəlsə nə olar? Və qarşınızda iOS 1.0 və Android 1.0 qarşıdurmasının nəticəsi! Günümüzdə ağıllı telefonlara baxdığımızda iOS ilə Android cihazlar arasında böyük bir rəqabət yaşanır. Bu vəziyyət əslində illər əvvəl də bənzər olaraq başlamışdı. 2005-ci ildən etibarən Android-i hazırlayan “Google”, ilk Android ilə bazarı “partlatmağa” hazırlaşarkən 2007-ci ildə Steve Jobs-un səhnəyə çıxıb iPhone-u təqdim etməsi ilə bütün planları pozulmuşdu. “Google”un hardasa Android əməliyyat sistemini başdan yazmaq məcburiyyətində qoyan iPhone-dan sonra, 2009-cu ildə ilk Android ağıllı telefonu olan HTC Dream, istifadəçiləri ilə görüşmüşdü. Bəs HTC Dream ilə iPhone 2G qarşılaşdırılsa nə olar? İlk iPhone, İlk Androidə qarşı! Hazırda mobil sektorunu əlində saxlayan iki əməliyyat sisteminin ilk nümunələrini qarşılaşdıran bir YouTube kanalı, ilk modellərin fərqliliklərini gözlər önünə sərir. İstəyirsinizsə sözü daha çox uzatmayaq və sizi video ilə baş-başa buraxaq.
Yeni standart bir sıra göstəricilərə görə “Bluetooth” texnologiyasının indiki nəslini xeyli üstələyir. “Bluetooth Special Interest Group” (“Bluetooth SIG”) təşkilatı cari ilin iyununda elan edilmiş “Bluetooth 5” simsiz rabitə standartını rəsmən təsdiqləyib. Yeni standart bir sıra göstəricilərə görə “Bluetooth” texnologiyasının indiki nəslini xeyli üstələyir. “Bluetooth 5” rabitə standartı 4 dəfə böyük hərəkət radiusuna malikdir və dördüncü nəsil “Bluetooth” rabitə standartı ilə müqayisədə məlumatların ötürülmə sürəti iki dəfə yüksəkdir. Bundan başqa, “Bluetooth 5” standartında simsiz qurğu ilə qoşulma olmadan göndərilən məlumatların tutumu 8 dəfə artırılıb. “Bluetooth 5” standartının tətbiqi ev və ya bütün binanı rabitə ilə təmin etməklə “əşyalar interneti”nin inkişafına səbəb olacaq, yüksək sürət daha məhsuldar qurğulardan istifadəyə imkan verəcək. Həmçinin “Bluetooth” standartından istifadə başqa simsiz rabitə texnologiyalarından istifadə zamanı yarana bilən mümkün maneələri azaldacaq. “Bluetooth 5” dəstəkli ilk istehlak qurğularının yaxın iki-üç ayda bazarda əlçatan olacağı gözlənilir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments