Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bilirsinizmi, plastik pəncərələrin yay və qış rejimləri var? Marneulifm sizə bunun videoizahını təqdim edir.

“Bluetooth Special Interest Group” (“Bluetooth SIG”) təşkilatı cari ilin iyununda elan edilmiş “Bluetooth 5” simsiz rabitə standartını rəsmən təsdiqləyib. Yeni standart bir sıra göstəricilərə görə “Bluetooth” texnologiyasının indiki nəslini xeyli üstələyir. Məlumata görə, “Bluetooth 5” rabitə standartı 4 dəfə böyük hərəkət radiusuna malikdir və dördüncü nəsil “Bluetooth” rabitə standartı ilə müqayisədə məlumatların ötürülmə sürəti iki dəfə yüksəkdir. Bundan başqa, “Bluetooth 5” standartında simsiz qurğu ilə qoşulma olmadan göndərilən məlumatların tutumu 8 dəfə artırılıb. “Bluetooth 5” standartının tətbiqi ev və ya bütün binanı rabitə ilə təmin etməklə “əşyalar interneti”nin inkişafına səbəb olacaq, yüksək sürət daha məhsuldar qurğulardan istifadəyə imkan verəcək. Həmçinin “Bluetooth” standartından istifadə başqa simsiz rabitə texnologiyalarından istifadə zamanı yarana bilən mümkün maneələri azaldacaq. “Bluetooth 5” dəstəkli ilk istehlak qurğularının yaxın iki-üç ayda bazarda əlçatan olacağı gözlənilir.

bluetooth

“Samsung” şirkəti “Google”, “HTC”, “Oculus”, “Sony” və “Acer” şirkətlərinin daxil olduğu Ümumdünya Virtual Reallıq Assosiasiyasının yaradılmasını bəyan edib. Assosiasiyanın məqsədi virtual reallığın təşəkkülü və inkişafıdır. Şirkətlər aparat və proqram standartları formalaşdıracaq, ehtiyac olduqda məqsədə nail olmaq üçün hökumət və müxtəlif orqanlarda lobbiçilik edəcəklər. Bunadək yeni assosiasiyanın bütün üzvləri bir-biri ilə rəqabət aparsa da, hazırda onlar virtual reallıq bazarının inkişafı üçün birləşməyə hazırdırlar. “Google” rəhbərlərindən biri Con Uayli bildirib ki, Ümumdünya Virtual Reallıq Assosiasiyası hamı üçün daha yaxşı virtual reallıq təcrübəsinin təmini yolunda atılan ilk zəruri addımdır. “Tədqiqatlar sahəsində əməkdaşlıq və qabaqcıl təcrübə mübadiləsi sayəsində bu istiqamət genişlənəcək və inkişaf edəcək. Biz həmkarlarımızla bu sahədə əməkdaşlığa ümid edirik”, – o qeyd edib. “Samsung” şirkətinin mobil kommunikasiyalar üzrə vitse-prezidenti Tae-Yun Kimin sözlərinə görə, əhəmiyyətli tərəqqiyə nail olmaq üçün möhkəm təməlin yaradılması vacibdir. “Samsung” dünyada virtual reallığın etibarlı inkişafını təşviq və qəbul etmək üçün Ümumdünya Virtual Reallıq Assosiasiyasına qoşulmağa və bu sahənin digər liderləri ilə birgə fəaliyyətə şaddır”, – vitse-prezident əlavə edib.

mobil_telefon

Massaçusets Texnologiya İnstitutunun saytında yerləşdirilmiş məlumata görə, amerikalı alimlər tərəfindən hazırlanmış avtomatlaşdırılmış zəncir giriş-çıxış interfeysinin funksiyalarını yerinə yetirə bilər. Indi kompüterlərin proqram hissəsi ilə qarşılıqlı əlaqə üçün ənənəvi giriş-çıxış interfeyslərindən istifadə olunur: klaviatura, “maus”, monitor. Spesifik məsələlərin həlli üçün əlavə qurğular (məsələn, qrafik planşet) tətbiq edilə bilər, ancaq ümumilikdə belə qurğular dəsti çox məhduddur. Massaçusets Texnologiya İnstitutunda “Tangible Media Group” adlı laboratoriya alternativ interfeyslərin hazırlanması ilə məşğul olur. “ChainFORM” adlandırılmış yeni qurğu servomühərriklərdən ibarət zəncir formasındadır. Servomühərriklərin hər biri mikrokontroller, sistem lövhəsi, işıq diodları və datçiklərdən ibarət kənar birləşdirici karkasla təchiz edilib. Zəncirdən birgə və ya tək-tək istifadə etmək mümkündür, sonuncu vəziyyətdə komponentlər müxtəlif funksiyaları yerinə yetirəcək. İnterfeys, həmçinin hərəkətverici rolunu oynaya, rəngi dəyişdirə və insanın toxunuşlarına reaksiya verə bilər. Müəlliflər təqdimat zamanı “ChainFORM” qurğusunun müxtəlif imkanlarını nümayiş etdiriblər. Belə ki, zəncirdən rəng seçimi, üçölçülü obyektin formasının dəyişilməsi, valkoder, slayder, coystik və ekran üçün mikrokontroller kimi istifadə edilib. Bundan başqa, interfeys insanın hərəkətlərini qeydə alaraq yenidən canlandırmağa imkan verir.

maus

“SolarStratos” şirkəti günəş enerjisi ilə işləyən və kosmik turistləri kosmos hüdudlarına çatdıracaq yeni təyyarəni rəsmən təqdim edib. 7 dekabr 2016-cı ildə rəsmən buraxılan “SolarStratos” təyyarəsi ümumi ərazisi 22 kvadratmetr təşkil edən günəş panellərinin enerjisi ilə işləyir və 25 min metr hündürlüyə qalxa bilir ki, bu da alternativ enerji ilə işləyən yeni texnologiyaların əla nümayişi hesab olunur. Layihə müəllifi Rafael Domyanın sözlərinə görə, mütəxəssislər qrupunun məqsədi mədən yanacaq növlərindən istifadə edən texnologiyalardan dəfələrlə üstün olan yeni texnologiyaların imkanlarının nümayişi olub. Beləliklə, mütəxəssislər kosmos hüdudlarına çata bilən yeni təyyarə ilə hamını təəccübləndirə biliblər. Təyyarənin uzunluğu 8,5 m, qanadlarının uzunluğu 24,8 m, çəkisi 450 kq təşkil edir. Günəş panelləri massivi akkumulyatoru 20 kilovat-saat enerji ilə doldurur, öz növbəsində akkumulyator 32 kilovat-saat gücündə elektromotoru enerji ilə təmin edir ki, bu da 2,2 m diametrli propelleri fırlatmağa imkan verir. Layihə yaradıcılarının sözlərinə görə, təyyarə 24 saat fasiləsiz uça bilir və bu, kosmos hüdudlarına çatmağa kifayət edir. Bildirilir ki, təyyarənin hazırlanmasına 2014-cü ildə başlanılıb və indiyədək davam edir. Sınaqlara 2017-ci ilin yanvarında başlamaq, ilk uçuşun isə 2018-ci ildə həyata keçirilməsi planlaşdırılır. “SolarStratos” İsveçrədə keçirilən tədbirdə rəsmən təqdim edilib.

teyare

Norveç İstehlakçıların hüquqlarının müdafiəsi şurası internetə qoşulmuş ABŞ-ın “Genesis Toys” şirkəti tərəfindən düzəldilmiş uşaq oyuncaqlarını şəxsi həyatın toxunulmazlığı hüququnu pozmaqda ifşa edib. Məlum olub ki, “ağıllı” “My Friend Cayla” və “i-Que” kuklaları uşaqlar arasındakı dialoqu yazaraq “Nuance” (nitqin tanınması texnologiyaları üzrə ən böyük istehsalçılardan biri) şirkətinə göndərir və sonuncu səs faylları üzərində istədiyi kimi davranmaq hüququna malikdir. Bu halda “Genesis Toys” şirkətinin hərəkəti qaydalara zidd deyil. İstifadəçi razılaşmasında yazılıb ki, şirkət “hədəflənmiş” reklam üçün səs məlumatlarından istifadə edə və onları üçüncü şəxslərlə paylaşa bilər. Ancaq hüquq müdafiəçiləri məlumat veriblər ki, istehsalçı şirkət valideynlərə uşaqlarının səsinin marketinq üçün istifadə edilə biləcəyinə dair xəbərdarlıq etmir. “Casus” oyuncaqların qablaşdırılmasında “Mən səni tanıyıram” şüarı yazılıb. Nəticədə “ağıllı” gəlincikləri satışdan çıxarmaq tələbi ilə ABŞ-ın Federal Ticarət Komissiyası və Avropanın tənzimləyici orqanlarına şikayət edib.

kukla

“Google” və “Apple” kimi iri texnoloji şirkətlər ekologiyaya böyük diqqət yetirir. Məsələn, onlar təbii resursları sərf etməmək üçün bərpa olunan enerji mənbələrindən aktiv istifadə edirlər. Bu yaxınlarda “Google” əməkdaşları növbəti ildən şirkətin xalis enerjidən istifadəyə tam keçmək niyyətində olmasını açıqlayıblar. Belə ki, artıq yaxın vaxtlarda şirkətə məxsus məlumat emalı mərkəzləri və ofislər günəş, külək və nüvə enerjisindən istifadəyə keçməyə başlayacaq. “Biz bərpa olunan enerji mənbələrinin alışı üçün irimiqyaslı və uzunmüddətli sazişlər yaradan ilk korporasiyalardan biriyik. 2010-cu ildə biz Ayova ştatının külək ferması ilə elektrik enerjisinin alınmasına dair ilk saziş imzaladıq. Bu gün biz dünyada iri korporativ bərpa olunan enerji alıcısıyıq və 2,6 vatt külək və günəş enerjisinə nail olmaq üçün öhdəlik götürmüşük. Bu, əksər böyük müəssisələrdən çoxdur”, – “Google” nümayəndələri bildiriblər. “Google”, həmçinin planetin qorunmasına həsr edilən sayt istifadəyə verib.

dsd

“Qualcomm Datacenter Technologies” dünyada ilk 10 nm-lik server prosessorunu nümayiş etdirib. “Qualcomm Centriq 2400” seriyasının çipsetlərində “FinFET” texnologiyası üzrə 10 nm-lik texnoloji prosesin tətbiqi ilə yaradılmış 48 xüsusi “ARMv8” nüvəsindən istifadə olunur. Bu, məlumatların işlənməsi mərkəzlərində ən geniş yayılmış məsələlərin optimal həlli üçün yüksək məhsuldarlığı və enerji səmərəliliyini təmin edir. “Centriq 2400 seriyasının prosessorları məhsuldar, enerji səmərəli “ARM” serverlər konsepsiyasını reallaşdırmağa imkan verəcək. Ən yeni smartfonlar üçün aşağı enerji sərfiyyatında yüksək məhsuldarlığı təmin edən qabaqcıl inteqral sxem texnologiyaları “Qualcomm” şirkətinin diqqət mərkəzindədir, biz mobil qurğular üçün ilk 10 nm-lik prosessor istehsal etmişik və “ARM” prosessorları və birkristallı sistemlərin planlaşdırılmasında öz təcrübəmizdən istifadə edərək indi “Qualcomm Centriq” server prosessorlar xətti ilə məlumatların işlənməsi mərkəzləri üçün ən qabaqcıl həlləri təqdim etməyi planlaşdırırıq” – “Qualcomm Datacenter Technologies”in baş meneceri və baş vitse-prezidenti Anand Çandrasekxer deyib.

nano

Böyük Britaniyalı alimlərdən ibarət qrup tərəfindən hazırlanmış polimer materialı elektrolitlər əsasında həllərlə müqayisədə akkumulyatorların işini daha səmərəli edəcək. Belə batareyaların tutumu 10 min dəfə artacaq və bir neçə dəqiqə ərzində enerji ilə doldurulacaq. Elmin bu nailiyyətindən, həmçinin elektriklə işləyən avtomobillərdə istifadə etmək olar. Bundan başqa yeni texnologiya yumşaq kontakt linzalarda tətbiq ediləcək. Gələn il ilk belə məhsulun prototipi yaradılacaq. Bristol Universitetinin professoru Yan Hamerton texnologiyanın başqa imkanları haqda məlumat verib: “Bu araşdırma yalnız yüksək tutumlu akkumulyatorların yaradılmasında deyil, həm də bir çox başqa layihələrdə (bioelektronika, sensor, daşınan elektronika və qabaqcıl optika) istifadə edilə bilər.

polimer

2017-ci ildə dünyada mobil əlavələr bazarının həcmi 28,6 faiz artacaq və 166 milyard dollar səviyyəsinə çatacağı gözlənilir. Bu barədə “App Annie” agentliyinin hesabatında deyilir. Şirkətin məlumatına əsasən, yuxarıda qeyd edilən məbləğin 65 milyard dollarını proqram məhsullarının əldə olunması üçün istifadəçilərin, həmçinin abunəçilərin xərcləri təşkil edir. 101 milyard dollar isə tərtibatçıların və reklam verənlərin öz proqramının inkişaf etdirilməsi üçün xərcləridir. “App Annie” şirkətinin mütəxəssisləri həmçinin bildiriblər ki, bu il istifadəçilərin mobil əlavələrə xərclərinin təxminən 52 milyard dollar təşkil etməsi, reklam verənlərin xərclərinin isə 77 milyard dollar olması da mümkündür. Buradan belə qənaətə gəlmək olar ki, məhz gələn il proqram məhsullarında rəqəmsal elanların yaradılması cihazlar üçün bazarın əsas aparıcı gücünü təşkil edəcək. Mütəxəssislər həmçinin bildirib ki, bazar bir çox səviyyədə sosial şəbəkələr, müxtəlif video servislər, oyun kontenti sayəsində əldə saxlanılacaq. Daha sürətlə isə mobil video reklam inkişaf edəcək.

telefon

2013-cü ilin fevral ayında təqdim edilən “Sony PlayStation 4” oyun cihazı 3 il ərzində 50 milyon tirajla satılıb. Bu barədə Yaponiyanın “Sony” şirkəti xəbər verib. Şirkətdən bildirilib ki, bu həftə onun istehsal etdiyi oyun cihazının satışmış nüsxələri 50 milyon həddini keçib. “Sony PlayStation 4” 2013-cü ildə ABŞ və Avropada, 2014-cü ilin fevral ayında isə Yaponiyada satışa çıxarılıb. “Bu, “PlayStation”un tarixində ən yaxşı “qara cümə” olub”, – deyə “Sony” şirkətinin nümayəndələri noyabrın 25-də baş tutan “qara cümə”nin nəticələrini şərh edərkən bildiriblər. Qeyd edək ki, noyabrın 25-də ənənəvi Milad alış-veriş mövsümünün açılışı olub. “Microsoft” korporasiyası özünün oyun cihazının satışları ilə bağlı məlumatları açıqlamadığı üçün “Sony PlayStation 4” oyun cihazının özünün əsas rəqibi olan “Xbox One” oyun cihazını populyarlıqda keçib-keçmədiyini söyləmək çox çətindir.

playstation

“Samsung” korporasiyası ABŞ-dakı bütün “Galaxy Note 7” smartfonlarını məcburi şəkildə söndürəcək. Şirkət xüsusi proqram təminatı tətbiq edəcək və cihazlar yararsız hala düşəcək. Bu proqram smartfonun şarj olunmasını və mobil şəbəkələrə qoşulmasını əngəlləyəcək. Nəticədə smartfon mobil cihaz kimi fəaliyyətini tam itirəcək. Proqram təminatı dekabrın 19-da bütün smartfonlara göndəriləcək. Xatırladaq ki, sentyabrın əvvəlində “Samsung” şirkəti alışma və yanma təhlükəsi ilə əlaqədar “Galaxy Note 7” smartfonlarının sahiblərinə müraciət edərək onları cihazları söndürməyə və başqaları ilə dəyişdirməyə çağırıb. Daha sonra korporasiya bu smartfonların satışını və istehsalını dayandırıb. Nəticədə üçüncü rübdə şirkətin gəliri 30 faiz azalıb.

black-galaxy-s7-edge-leaks-1

Sabahdan Türkiyədə mobil telefonlara kommersiya xarakterli SMS-lərin göndərilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Yeni qaydalara əsasən, şirkətlər mobil telefon istifadəçilərinə reklam SMS-lərini birbaşa göndərə bilməyəcəklər. Onlar ilk növbədə SMS yolu ilə mobil nörmə sahibindən razılıq almalıdır. Əgər icazə SMS-nə müsbət cavab verilərsə, bundan sonra hansısa məhsulun və yaxud xidmətin reklamını özündə əks etdirən SMS-lər mobil telefonlara göndərilə bilər. Qaydalara əməl etməyən şirkətlər azı 5 min türk lirəsi (təxminən 2,5 min manat) cərimə ödəyəcəklər.

virtual

İnternet mənbələri, “HTC” şirkətinin yeni flaqman smartfonu HTC 11-in texniki göstəriciləri haqqında məlumatlar əldə ediblər. Hal-hazırda smarfonun kod adı HTC Ocean-dır. Cihaz bir neçə versiyada satışa çıxacaq. Güman olunur ki, onların adları Ocean Smart, Ocean Note və Ocean Master olacaq. Görünür onlar ekran ölçüləri və texniki göstəricilərinə görə bir-birilərindən fərqlənəcəklər. Hələki məlumdur ki, əsas model 5.5 inç-lik çərçivəsiz ekrana sahib olacaq. Smartfon, yeni Qualcomm Snapdragon 835 prosessoru və Quick Charge 4.0 özəllikli 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. “Technote.az”ın “Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən cihaz yalnız USB-C girişinə sahib olacaq. Yəni onda 3.5 mm audio giriş olmayacaq. Həmçinin məlumata əsasən HTC 11, 12 MP-lik ikili arxa və 8 MP-lik ön kameranı özündə biləşdirəcək. Smartfon Android 7.0 Nougat əməliyyat sistemi üzərində çalışacaq. HTC 11, 256 GB daxili yaddaşa sahib model ilə də satışa çıxacaq. Cihazın təqribi qiyməti 700$ təşkil edəcək. HTC 11-in rəsmi təqdimatı 27 Fevral – 2 Mart tarixləri arasında Barselonada keçiriləcək MWC tədbirində baş tutması gözlənilir.

HTC-Desire-S2-640x360[1]

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register