Marneulidə “Marneuli 500” elektrik yarımstansiyasının açılışı oldu
Marneulidə “Marneuli 500” adlı elektrik yarımstansiyası layihəsinin rəsmi açılış mərasimi keçirilib.
12 dekabr taixində Marneulidə “Marneuli 500” adlı elektrik yarımstansiyası layihəsinin rəsmi açılış mərasimi keçirildi. Tədbiri Gürcüstanın Dövlət Elektrik İdarə edilməsi Sisteminin sədri Sulxan Zumburidze açaraq BEST/BETAS adlı Türk şirkəti tərifindən inşa olunan “Marneuli 500“ yarımstansiyanın inşasını yüksək qiymətləndirib. Sonra o, sözü Gürcüstanın baş naziri Giorgi Kvirikaşviliyə verib. Baş naziri çıxışında öncə Türkiyədə baş verən terror hadisəsinə görə Türkiyə rəhbərliyinə və Türk xalqına, mərasimdə iştirak edən Türk səfiri Zeki Levent Gümrükçüyə başsağlığı verdi.
Sonra çıxışına davam edən G. Kvirikaşvili bu gün açılışını həyata keçirdikləri “Marneuli 500” yarımstansiyasının böyük əhəmiyyətə malik olduğunu bildirib: “Bu stansiyanın istismara verilməsi Gürcüstanın enerji ötürülməsi üçün nəzərdə tutulan 735 milyon avro investisiyasının çox əhəmiyyət kəsb edən bir hissəsidir. Bu, həm də yerli əhaliyə iqtisadiyyatın inkişaf etdirilməsi və emal müəssisələrinin tikintisi üçün vacib bir obyektdir. “Marneuli 500” layihəsi “Regional enerji təchizatının yaxşılaşdırılması” layihəsi çərçivəsində həyata keçirilib. Bu investisiya ölkəmizin təhlükəsizlik və ölkənin enerji təchizatını əhəmiyyətli dərəcədə daha da yaxşılaşdıracaq və bizim beynəlxalq layihələrdə iştirakımızı və ölkəmizin stabil elektrik təchizatını gücləndirəcək,” – Kvirikaşvili bildirib.
Açılış mərasimində Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü, Asiya İnkişaf Bankının Gürcüstandakı daimi nümayəndəsi Yeşim Elxan Kayalar çıxış edərək “Marneuli 500” yarımstansiyasının açılışının əhəmiyyətli enerji sistemi olduğunu vurğulayıblar.”
Kaxa Kaladze çıxışında “Şahdəniz 2 layihəsinin Gürcüstan üçün önəmli olduğunu bildirib.
Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü Gürcüstanın baş nazirinə Türkiyədə baş verən terror qurbanlarına verdiyi başsağlığı üçün təşəkkürünü bildirib və Türkiyənin terrorizmə qarşı mübarizədə Gürcüstanın mühüm tərəfdaşı olduğunu qeyd edib.
Açılış mərasimində Türkiyənin Gürcüstanda fəaliyyət göstərən şirkət rəhbərləri, Kvemo Kartli bölgə qubernatoru Paata Xizanişvili və Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili və digər rəsmi şəxslər iştirak edirdilər.
Gürcüstanın Energetika Naziri Kaxa Kaladze açıqlamasında yeni istifadəyə verilən yarımstansiya qonşu ölkələr arasında idxal, ixrac və tranzit üçün əsas enerji təsislərindən biri olacağını bildirib: “Bu yarımstansiyaya Azərbaycandan və digər qonşu ölkələrdən elektrik enerjisi daxil olur və burdan Tiflisə, həmçinin əgər ehtiyac olarsa, sonra Tükiyəyə ixrac olunacaq. Bundan başqa, biz ölkə üzrə əsas enerji sistemini modernləşdirmək istəyirik. Bunun üçün 735 mln avro ayırması təsdiqlənib və bu layihə 2017-ci ildən başlayaraq 2027-ci ildə başa çatacaq,” nazir bildirib.
Gürcüstanın Dövlət Elektrik İdarəedilməsi Sisteminin sədri Sulxan Zumburidze açıqlamasında “Marneuli 500” yarımstansiyasının Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə bir il bundan əvvəl tikintisi başlanıldığını bildirib: ”Bu layihənin tikintisinə 20 mln dollar xərclənib. Bu stansiya həm Gürcüstan üçün, həm də region üçün vacibdir. Tikinti işlərini BEST/BETAS adlı Türk şirkəti həyata keçirib. Düşünürəm ki, bu yarımstansiya tam gücü ilə işlədikdən intensiv zavodlar fəaliyyətə başlayacaq və regionda iqtisadiyyat güclənəcək.”
S. Zumburudze Dövlət Elektrik İdarəedilməsi Sisteminin Azərbaycanla birgə bir çox layihələr həyata keçirdiklərini bildirib: “Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır. Biz iki ölkə olaraq birlikdə yüksək gərginlikli infrastrukturları birlikdə maliyyələşdirəcək və gələcəkdə daha çox layihələr həyata keçirməyə davam edəcəyik. Keçən il tranzit üçün Qardabanidə 500 və 330 kilovoltluq yüksək gərginlikli iki yarımstansiya istifadəyə verdik və indi bizim Azərbaycanla elektrik sistemi sahəsində əlaqələrimiz daha da güclənir və biz gələcəkdə daha səmərəli işləyəcəyik,” S. Zumburidze bildirib.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments