Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Android telefonu olan Facebook istifadəçilərinə yeni xəbər var. “Apple” istifadəçilərinə daha əvvəl gələn bu xüsusiyyət Android həvəskarlarına artıq yeniləmədən sonra gələcək. Facebook Android telefon işlədən istifadəçilərinə yeniləmədən sonra HD video funksiyasını təqdim edəcək. Facebook sosial şəbəkəsində istifadəçilər HD videolar yükləmək istədikləri zaman müxtəlif məhdudiyyətlərə görə istədikləri kimi videolar paylaşa bilmirdilər. “Facebook Live” ilə Youtube və digər rəqiblərindən xeyli öndə olmağı bacaran Facebook artıq Android mobil telefonlara HD videolar yükləməyi təmin edəcək yeniləməni paylaşıb. Bu funksiyanı Androidlərdə aktiv hala gətirə bilmək üçün “Upload Videos in HD / Videoları HD olaraq yüklə” variantını açmaq lazımdır.

face

İllər sonra otellərə addım atdığınızda tamamilə fərqli xüsusiyyət və qeyri-adi xidmət anlayışı ilə qarşılaşacaqsınız. Mütəxəssislər bununla bağlı bəzi ipucularını veriblər. İlk olaraq müştərilərin ixtiyarına robot köməkçilər veriləcək. Dilinizdə danışacaq, ağlınızda olan bütün suallara cavab verə biləcək bu robotlar sizi hava limanında qarşılayacaq, oteldə bütün işlərinizdə köməyinizə gələcək, hətta istədiyiniz təqdirdə dostluq dəstəyi belə verəcəklər. Bir başqa özəllik isə otel otaqlarının bir neçə dəqiqəyə istədiyiniz tərzdə dizayn edilə bilməsidir. Məsələn xəyalınızdakı və ya secdiyiniz bir filmdəki mühiti otel otağınızda görə biləcəksiniz. Yuxu seçimi…Qəribə səslənsə də otel müştəriləri bu xidmətdən də istifadə edə biləcəklər. Yəni texnologiyanın köməyi ilə otellər müştərilərinə onların istədiyi yuxunu görmələrinə şərait yaradacaq. İstəyinizə uyğun olaraq yuxuda kosmosa səyahət edə, romantik bir mühitdə əyləşib dincələ də biləcəksiniz. Bunlar da son deyil. Ən maraqlısı budur ki, gələcəkdə otel restoranlarında sizin DNT analizinizin nəticələrinə uyğun olaraq damaq dadınıza uyğun, ən çox sevdiyiniz yeməklər təklif olunacaq. Hətta analizlərə uyğun olarq sizin üçün özəl pəhriz və bəslənmə menyusu hazırlanacaq.

yuxu

İnstaqram sosial şəbəkəsi daha bir yeniliyi ilə istifadəçilərini sevindirəcək. Foto paylaşım şəbəkəsində artıq canlı videolar da yerləşdirmək mümkün olacaq. Canlı video bir saata yaxın davam edəcək. Videoya həmin an baxmaq mümkün olacaq. Canlı yayımdan sonra video serverdə saxlanılmayacaq, ona görə həmin görüntüyə təkrar baxmaq mümkün olmayacaq. Bu xüsusiyyəti sayəsində “İnstagram”ın canlı videoları “Facebook”, “Live” və “Periscope” videolarından fərqlənəcək. Xidmətdən hələ ki yalnız ABŞ sakinləri istifadə edə bilər. Yaxın həftələrdə isə xidmətin bütün dünyada istifadəyə veriləcəyi gözlənilir. Xatırladaq ki, İnstaqram 2010-cu ildən istifadəyə verilib. Əvvəl bu sosial şəbəkə ancaq “Apple” istifadəçiləri üçün nəzərdə tutulmuşdu. 2012-ci ildən isə “Android” sistemlər də istifadəyə başlayıb.

instagram

Facebook valideynlər üçün yeni xüsusiyyətini təqdim edib. Facebook valideynlərin uşaqlarına daha asanlıqla nəzarət etməsi üçün yeni platforma təqdim edib. Yeni Valideynlər Portalı sosial mediada uşaqlara daha asan nəzarət etməyə şərait yaradır. Sosial media işlərimizi nə qədər asanlaşdırsa da bir çox valideynlər üçün uşaqlarına nəzarəti çətinləşdirir. Son vaxtlar bəzi etikadan kənar insanların uşaqlarla sosial media vasitəsilə əlaqə saxlaması onlar üçün təhlükənin meydana çıxmasına şərait yaradır. Bu mövzuda ailələri xəbərdar etmək istəyən sosial media nəhəngi Facebook, Valideynlər Portalı adlı xidmətini istifadəyə verdi. Sosial media nəhəngi, Valideyn Portalında uşağınıza real həyatda mövcud olan qaydaların internetdə də eynilə keçərli olması prinsipini xatırlatmaq məqsədi daşıyır. Portalda uşaqlara necə nəzarət etdiyinizə və hesablarını yoxlaya biləcəyinizə dair geniş məlumat öz əksini tapır. Qısaca desək, istər öz hesabınız, istərsə də uşağınızın hesabı olsun təcrübənizdən ən yaxşı şəkildə yararlanmaq və uşağınızı düzgün yönləndirmək üçün bu xidmət sizə çox yardımçı olacaq.

usaq_facebook

“Samsung” şirkəti, gələn ilin əvvəlində Galaxy C Pro adlı yeni smartfon seriyasını təqdim etməyi planlaşdırır. Həmin seriyadan olan Galaxy C7 Pro modelinin fotosu isə artıq internetə sızdırılıb. Galaxy C7 Pro, orta texniki göstəriciləri ilə seriyanın büdcəli smartfonu olacaq. Smartfon, nazik metal korpusa sahib olacaq. Çox güman ki, onun təqdimatı Yanvar ayında baş tutacaq. Cihazın qiyməti isə hələki bilinmir. Lakin onun texniki göstəriciləri ilə tanış ola bilərsiniz. 5.7 inç Full HD ekran, 4 GB RAM və 64 GB daxili yaddaş, Qualcomm Snapdragon 626 prosessoru, 16 MP arxa və 16 MP ön kamera.

samsung c7

GoPro kameraları bizlərə dünyanı müxtəlif rakurslardan görməyə imkan verdi. Lakin ekstremal şəraitdə video çəkiliş aparmaq üçün kameralar yüksək dözümlülüyə sahib olmalıdırlar. Maraqlısı ondadır ki, əgər bu cür kameralar, ekstremal təcrübədə sınansa nə baş verər? Məhz bunun üçün videoblogger Grant Thompson, GoPro Hero 5 kameralarını maye azota daxil etməyi qərara alıb. Nəticədə donmuş GoPro-lar sınaqdan uğurlu keçiblər və onların donu açılandan sonra yenidən çalışmağa başlayıblar.

iPhone istifadə edən şəxsə daha sonra Androidə keçmək bir qədər çətinlik yaradır. Bunu nəzərə alan Google bu problemi həll etmək niyyətindədir. Google, iPhone-dan Android-ə keçid etmək istəyənlər üçün tək kliklə problemləri həll edəcək yeni həll üsulu təqdim edib. iOS sistemindəki istifadəçilər bir çox məlumatı, fotonu, kontaktlarını iOS üzərində saxlayır və Android telefona keçdiklərində keçmiş məlumatları əldə etməkdə çətinlik yaşayırlar. Bu da onları hər dəfə yeni telefon alarkən yenə bu cihazın iPhone olması mövzusunda məcburiyyət hissi yaradır. Artıq Google bu problemə həll yolu təklif edib. Bunun üçün Google tək kliklə bu problemi həll edə biləcək. iOS üzərində Google Drive tətbiqini quranlar bundan sonra tək kliklə iOS cihazı üzərindəki bütün məlumatları Google Drive-a transfer edə biləcəklər. Bunun üçün istifadəçilər Google Drive tətbiqinin tənzimləmələr menyusundan Backup prosesini aktiv etməlidirlər. Proses bir qədər uzun zaman aldığı və telefonun bu müddət ərzində açıq qalması tələb olunduğu üçün Google telefonun tam şarjlı olmasını və WiFi-ın açıq olmasını tövsiyə edir. Prosesi tam uğurlu həyata keçirdikdən sonra Google Drive-da qeydiyyatda olan Gmail hesabını telefonda aktiv etdikdə Google Drive üzərindən bütün məlumatları cihazınıza geri yükləyə bilərsiniz.

drive-backup

iOS 10 ilə gələn iMessenger stickerləri sayəsində iPhone-da mesaj gizləmək artıq mümkündür. Gələn və göndərilən mesajları bu sticker ilə gizləyə bilərsiniz. Apple, iOS 10 yenilənməsi ilə iOS və macOS cihazları arasında mesajlaşmanı təşkil edən iMessage xidmətinə yeni xüsusiyyətlər qazandırdı. iMessage-in yeni xüsusiyyətləri arasında sticker və effektli mesaj göndərmə də yer alır. Bir müddət əvvəl App Store-da yer alan iMessage üçün stickerlərə yeni biri daha əlavə olundu. Hide Messages adındakı bu sticker, adından da bilindiyi kimi mesajları gizləməyə köməklik edir. Hide Messages ilə gələn və gedən bütün iMessage mesajlarını gizləyə bilirsiniz. Bu gizlilik necə həyata keçirilir? Əslində Hide Messages-in mesajı görünməz etməsinin əsas səbəbi mesaj yazma ekranının arxa fon rəngi ilə eyni rəngdə zolağa sahib olmasıdır. Bu zolağı mesajın üzərinə qoyduğunuz zaman sizə mesaj gəlməmiş və göndərməmiş kimi görüntü ortaya çıxarır.

Weibo sosial şəbəkəsində hələ təqdim olunmamış Huawei P10 smartfonunun render fotoları təqdim olunub. Maraqlısı ondadır ki, sözügedən render fotolar əvvəlki sızıntılardan bir qədər fərqlənirlər. Belə ki, daha əvvəl smartfonun yastı və əyilə bilən ekranlı versiyalarının fotoları paylaşılmışdısa bu dəfəki versiya, yastı ekran və ikinci köməkçi ekran ilə təchiz olunub. Köməkçi ekran əsas ekranın yuxarı hissəsində yerləşir. Bu cəhətdən yeni cihaz, LG V20-ə bənzəyir. Huawei P10, sözün əsl mənasında dəbə düşən P9 modelinin davamçısı olacaq. Smartfon, gələn ilin ikinci rübündə satışa çıxa bilər. HiSilicon Kirin 960 prosessoru ilə təchiz olunacaq P10 modeli iki versiyada istehsal olunacaq. Birinci versiya 4 GB RAM və 64 GB daxili yaddaş ilə, ikinci versiya isə 6 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz olunacaq. Məlumata əsasən smartfon, 5.5 inç Quad HD keyfiyyətli ekrana, 12 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Cihazın, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışması gözlənilir.

huawei

Snapchat-ın bir müddət əvvəl elan etdiyi xüsusiyyəti istifadəçilərə təqdim olundu. Snapchat-ın uzun zamandan bəri gözlənən yeni funksiyası “Qruplar” istifadəçilərə təqdim olundu. Yeni xüsusiyyət sayəsində Snapchat istifadəçiləri maksimum 16 nəfərlik qruplar qura və burda müzakirələr apara biləcəklər. Siz qura biləcəyiniz qrupa ad verə biləcəksiniz. Burda sizin göndərdikləriniz klassik Snapchat formatında olacaq. Yeni açdığınız və ya daxil olduğunuz qrupda paylaşdığınız snap-lər 24 saat sonra avtomatik olaraq silinəcək. Bundan əlavə qruplara etiketlər, Bitmojiker, Friendmojiler və səsli ya da videolu qeydlər göndərə bilərsiniz. Həmçinin alt hissədə yer alan qayçı işarəsi rəsmləri istədiyiniz kimi kəsməyə şərait yaradacaq. Bir digər yenilik isə Shazam ilə əlaqəlidir. Artıq Snapchat üzərindən Shazam-ı istifadə edərək musiqi axtarışı edə bilərsiniz. Kamera ekranına klik edib saxladıqda axtardığınız musiqi tətbiqin Tənzimləmələr qismində yer alacaq. Hal-hazırda Shazam uyğunluğu sadəcə iOS cihazlara təqdim olunub. Amma qısa zaman sonra Android də gəlməsi gözlənilir.

social-lg

Amerikalı alimlər passiv “Wi-Fi” texnologiyasını yaradıblar. Smartfonda “Wi-Fi” simsiz rabitə texnologiyası akkumulyatorun şarjını çox sərf edir. Vaşinqton universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni texnologiya indikindən 10 min dəfə az enerji sərf etməklə “Wi-Fi” siqnalı yaratmağa imkan verir. Yeni texnologiya “passiv Wi-Fi” adlandırılıb. Yeni texnologiya rəqəmli və analoq əməliyyatların ayrılması əsasında işləyir. Məhz sonuncu yüksək enerji sərfiyyatına səbəb olur. Passiv “Wi-Fi” siqnalı translyasiya etmək üçün ayrı analoq ötürücü aparatdan istifadə edəcək. Bundan sonra siqnal aşağı güclü rəqəmli çeviricilərin köməyi ilə əks olunur və ənənəvi paketlər şəklində ötürülür. Passiv “Wi-Fi” texnologiyasının enerji sərfiyyatı “Bluetooth LE” və ya “ZigBee” ilə müqayisədə 1000 dəfə azdır. Alimlər gələn ilin martında sözügedən texnologiyanı nümayiş etdirəcək və “USENIX” simpoziumunda yenilik barədə detalları açıqlayacaqlar.

Kimyaterapiyada baş dərisini soyudan kaska saçların tökülməsinin qarşısını alacaq. Kimyəvi terapiyadan keçən zaman baş dərisini soyudan xüsusi kaskadan istifadə süd vəzi xərçəngindən əziyyət çəkən qadınlara dərmanların zəhərliliyinə görə saçların tökülməsinin qarşısını almaqda kömək edə bilər. Bu barədə 1-ci və 2-ci mərhələdə süd vəzi xərçəngindən əziyyət çəkən 235 qadının iştirakı ilə tədqiqat aparan Beylor Tibb Kollecinin (Baylor College of Medicine) mütəxəssisləri bildirib. Tədqiqatda hər bir iştirakçı 4 və daha çox kimyəvi terapiyadan keçib və nəticədə baş dərisini soyudan kaska xəstələrin yarısından çoxuna kömək edib. Tədqiqat müəllifi Culi Rani Nanqya bildirib ki, saçların tökülməsi qadının psixoloji vəziyyətinə mənfi təsir göstərir. Baş dərisinin soyudulmasının həqiqətən saçların tökülməsinin qarşısını ala bilməsini müəyyənləşdirmək üçün C.Nanqya və onun həmkarları bütün iştirakçıları 2 qrupa bölüblər. Qadınların 2/3 hissəsi antrasklin (anthracycline) və taksan (taxane) antibiotiklərinin istifadə edildiyi kimyəvi terapiyaya başlamazdan yarım saat əvvəl baş dərisini 17 dərəcəyədək soyudan kaskanı geyinərək onu seans bitdikdən 90 dəqiqə sonra çıxarıblar. Yoxlama qrupu olan qadınların 1/3 hissəsi isə kaskanı geyməyiblər. Tədqiqatın yekununa görə, 1-ci qrupdan olan qadın xəstələrin 50,5 faizinin saçı tökülməyib – onlar yalnız cüzi nazikləşib. Yoxlama qrupunda iştirak edən bütün qadınların isə saçı tökülüb. Bildirilir ki, kimyaterapiya tez bölünən hüceyrələrə təsir edir. Bu isə təkcə xərçəng hüceyrələri deyil, həm də follikulin tükləridir. Soyutma follikulinlərə qan axınını azaltmağa kömək edir və bununla onlara zəhərli preparatın az miqdarı yetişir. Lakin onu da qeyd edək ki, kaskadan istifadənin mənfi cəhətləri də var. Belə ki, qiyməti 1000 dollardan yüksək olan kaskanı geyinən qadınlar narahatlıq və başağrısından şikayət ediblər.

32rdfcfwef_300

Bristol Universitetinin mütəxəssisləri qeyri-adi bir mexanizm yaratmağa nail olublar. Britaniya alimləri qidanı həzm edə bilən robot yaradıblar. Bristol Universitetinin mütəxəssisləri qeyri-adi bir mexanizm yaratmağa nail olublar. Bu robot canlı orqanizmlərlə qidalanır O, suya girən kimi ağzı ilə maye formasında olan, “polimer membran” adlandırılan orqanik materialı tutur və onu “mədə”sinə göndərir. Orada həzm prosesi gedir. Tullantı materiallar robotun arxa hissəsi vasitəsilə xaric olunur. Hələlik bu maşınlardan su anbarlarının təmizlənməsində istifadə olunacağı güman edilir. Lakin robotun müəllifləri onu daha da inkişaf etdirmək niyyətindədirlər. Orqanik maddələri ayırd edən robotun təkmilləşmiş variantı orqanik qidalarla sintetik qidaları ayırd edəcək. Bu robotun köməyi ilə istehlakçılar onlara təklif olunan qidaların təbii, yaxud süni olduğunu müəyyənləşdirə biləcəklər. Robotların gələcəkdə, dadı, iyi hiss etmək qabiliyyəti də olacaq. Bristol Universitetinin əməkdaşları yeni robotu süni intellektin inkişafı istiqamətində bir addım hesab edirlər.

britaniya

Mütəxəssislər tərəfindən dünyanın ən çox satılan smartfonlarının reytinqi tərtib edilib. “TOP-3”-lükdə ilk yeri “iPhone7” cihazı tutub. Mütəxəssislər bu cihazı “ən təmiz” smartfon adlandırıblar. Belə ki, smartfon içərisinə toz və suyun düşməsindən müdafiə olunub. Ancaq mütəxəssislər bildirir ki, “iPhone7” flaqmanı dünyanın ən yaxşı smartfonu deyil. Onların fikrincə, bu cihaz məhz özünün toz yığmamaq və nəm keçirməmək xüsusiyyətlərinə görə satış lideri olub. Ancaq ümumilikdə, smartfonun cihaz avadanlığına və funksionallığına görə ciddi rəqiblərə malikdir. “TOP-3”-lüyün gümüşünü “Samsung – Galaxy S7 Edge” cihazı əldə edib. Bu smartfon dəmir korpus və barmaq izlərinin tanınması ilə təchiz edilib. Üçüncü yerə Koreya brendinin məhsulu olan “HTC 10” layiq görülüb. O, geniş funksionallığına, optik sabitləşməsinə və olduqca cəld qoşulmasına görə istehlakçıların ürəyincə olub. Ümumilikdə, mütəxəssislər qeyd ediblər ki, geridə qoymaqda olduğumuz il texnologiya sahəsində bir sıçrayış olub. Adları sadalanan smartfonlardan başqa, dünyada olduqca layiqli cihazlar yaradılıb ki, onlar da bazar seqmentində yer tutacaqlar.

tel

“Apple AirPods” qulaqcığı satışa çıxarılıb. “Apple” şirkəti sentyabrın əvvəlində “iPhone 7” və “iPhone 7 Plus” smartfonları ilə birlikdə simsiz “AirPods” qulaqcığını təqdim edib. Qulaqcıq oktyabrın sonlarında satışa çıxarılmalı olsa da, bu, naməlum səbəblərdən təxirə salınıb. Təsdiq olunmamış məlumatlara görə, “Apple” səsin adi simsiz qulaqcıqlarda olduğu kimi ardıcıl deyil, eyni anda iki qulaqcığa ötürülməsi problemi ilə üzləşib. Hər halda, “AirPods” qulaqcığının “Apple”ın rəsmi saytında satışa çıxarılmasına görə şirkətin artıq bütün problemləri həll etdiyini düşünmək olar. Qulaqcıqda səsin intellektual səsləndirilməsi və stabil simsiz bağlantının dəstəklənməsi üçün yaradılan “Apple W1” prosessorundan istifadə olunur. “AirPods” qulaqda taxılmanı bildirən infraqırmızı sensorlarla təchiz edilib. Bundan başqa, qurğuda qulaqcığa iki dəfə toxunmaqla “Siri” səsli köməkçisini aktivləşdirməyə imkan verən quraşdırılmış akselerometr yer alıb, eləcə də hər bir qulaqcıq mikrofonla təchiz edilib. Həmçinin “AirPods” bütün “Apple” qurğuları ilə uyğunluq təşkil edir və onlar arasında avtomatik dəyişir. Şirkət nümayəndələrinin sözlərinə görə, qulaqcığı bir dəfə enerji ilə doldurmaqla 5 saat istifadə etmək olar və bu, enerjisi 24 saat musiqini dinləməyə kifayət edən xüsusi birləşdirici stansiya vasitəsilə edilir. Qulaqcıq birləşdirici stansiyanın qapağı açılandan dərhal sonra qurğuya qoşulur. ABŞ və Rusiyada satışa çıxarılan “AirPods” qulaqcığının tədarükünə iki həftədən sonra başlamaq nəzərdə tutulur.

airpods

Yeni “Nokia” telefonları təqdim olunub. “Nokia” brendi üzərində hüquqa sahib olan Finlandiyanın “HMD Global” şirkəti “Nokia 150” və “Nokia 150 Dual SIM” mobil telefonlarını nümayiş etdirib. Şirkətin məlumatına görə, yeni aparatlar artıq 2017-ci ilin əvvəlindən etibarən 26 dollara satışa çıxarılacaq. “Nokia 150” smartfon deyil, adi düyməli telefondur və 2,4 düymlük “QVGA” (240×320 piksel) təsvir ölçülü ekran, “FM” radio və mp3 pleyer, “Bluetooth”, işıq diodu işıqlandırıcısına malik “VGA” kamera, həmçinin yaddaş kartları (32 giqabaytadək) üçün “microSD” slotu ilə təchiz edilib. Çəkisi 81 qramdır. Akkumulyatorun tutumu (1020 milliamper/saat) 22 saat fasiləsiz danışıq üçün kifayətdir. Gözləmə rejimində bu müddət 31 gündür. “Nokia 150” telefonu 2.5G (900/1800 MHs) şəbəkələrinə qoşula bilir. Qurğunun yaddaşına klassik “Snake Xenzia” oyunu və “Gameloft” şirkətinin “Nitro Racing” yarış oyununun beta-versiyası yüklənib. Finlandiyanın “HMD Global” şirkəti “Nokia” şirkəti ilə əfsanəvi brendi 10 illik müddətinə mobil telefon və smartfonlarda yerləşdirmək hüququnu lisenziyalaşdırıb. “Nokia”nın keçmiş top menecerlərindən biri Arto Nummela firmaya rəhbərlik edir.

nokia

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register