Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Deyəsən, zamanla maşinist peşəsi tarixə qovuşacaq. Ən azından Çində bu cür olacağını demək olar. Səbəb, bu ölkədə maşinisti olmayan metro qatarlarının istifadəyə verilməsidir. Belə qatarlardan biri dekabrın 28-də Honkonq şəhərində işə salınacaq. Maşinist kabinəsinin olmadığı qatar avtomotik mexanizmlə idarə olunacaq. Sürəti isə saatda 80 kilometr təşkil edəcək. Sürücüsüz metro qatarının istifadəyə verilməsi heç də hər kəsin ürəyincə olmayıb. Bəzi sərnişinlər bu cür qatara minməyə risk etməyəcəklərini bildiriblər.

qatar

“Facebook” yeni funksiyası ilə növbəti dəfə gündəmə gəlib. Sosial şəbəkə nəhəngi Messenger tətbiqinə birdən çox istifadəçiylə görüntülü danışma xüsusiyyətini əlavə edib. “Facebook” nümayəndələrinin sözlərinə görə, hər ay 245 milyon istifadəçi görüntülü zəng funksiyasından istifadə edir. Lakin indiyə qədər yalnız bir şəxslə danışmaq mümkün idi. Bundan sonra istifadəçi eyni anda bir neçə şəxsi öz söhbətinə qata biləcək. Sözügedən funksiyanı hal-hazırda iOS-larda icra etmək mümkündür. Android platformalı telefonlarda isə onun nə vaxt istifadəyə veriləcəyi hələlik açıqlanmayıb.

face

“Samsung Galaxy S8” haqqında daha bir maraqlı xəbər yayılıb. Yeni modelin Qualcomm Snapdragon 830 və 835 prosessoruna sahib olacağı, 6 GB RAM, 64 GB, 128 GB və 256 GB kimi daxili yaddaşla təmin ediləcəyi ehtimal edilir. Telefonun daha bir özəlliyi isə cüt arxa kameraya sahib olmasıdır. “Samsung Galaxy S8”-in arxa kamerasında radikal dəyişik edildiyi, cüt lensli sistemə keçildiyi deyilir. İddialara görə, “Galaxy S8”-in ön kamerası da avto fokus xüsusiyyətinə sahib olacaq. Qeyd edək ki, sözügedən modelin 2017-ci ilin yanvar ayında təqdimatı gözlənilir.

s8-plus

Hər səhər oyandıqdan sonra yatağınızı toplamağa tənbəllik edir və ya, həqiqətən, vaxt tapa bilmirsinizsə, artıq bu işi sizin üçün həll edəcək yeni bir texnologiya hazırlanıb. Təqdim olunan Smartduvet adlı ağıllı yorğan, yataq toplanması problemini aradan qaldırır. Smartduvet adlı yorğan xüsusilə yuxudan oyandıqdan sonra yerlərini yığmağı sevməyənlərin və ya vaxt edə bilməyənlər üçün hazırlanan bir layihədir. Ən əsası da bu texnologiyadan yararlanmaq üçün yeni bir yataq və ya yorğan almaq lazım deyil. Yorğan və ya adyala qoyulan bu sistem yatarkən üzərinizdə bir ağırlıq hiss etmənizə səbəb olmur. Səhər yuxudan oyanıb naharınızı hazırlayarkən mobil tətbiqinizi açaraq yatağınızın toplanmasını reallaşdıra bilərsiniz. Əgər evdən çıxarkən yatağınızı toplamağa vaxtınız çatmasa, bunu dərd etməyin, çünki hazırlanan bu sistem sayəsində əvvəlcədən təyin etdiyiniz saatda Smartduvet yatağınızı toplayacaq. Əgər istifadə etdiyiniz yorğan üzlüklərini dəyişdirmək istəsəniz, tək etməniz lazım olan Smartduvet’i istifadə etdiyiniz Yorğandan çıxardıb, yenisinə taxmaqdır. İstifadəçilərin marağını çəkməyi bacaran Smartduvet sistemi üçün Kickstarter üzərindən bir kampaniya başladılıb. 30 min dollar vəsait yığmağı hədəfləyən kampaniya artıq möhkəm addımlarla irəliləyir.

Samsung yeni ildən etibarən bir neçə telefon tanıdacaq. Bunlardan biri də Galaxy J seriyasına məxsus 2017 model Galaxy J7 telefonudur. Xatırladaq ki, bir müddət əvvəl Samsung-un yeni üstün səviyyə telefon sayılan Galaxy S8 haqda məlumat paylaşmışdıq. Bu telefonun yüksək standartlara sahib olması gözlənilir. Bundan əlavə şirkət uyğun büdcə üçün nəzərdə tutulan telefonlar üzərində də işlər aparmaqdadır. Son illər Galaxy A və J seriyaları üzərində işlər aparan şirkət bu il də ənənəsinə sadiq qalaraq Galaxy J7 telefonunu tanıdacaq. Bu telefonun Galaxy S8 ilə müqayisədə daha ucuz olması gözlənilir. OnLeaks tərəfindən Samsung-un J7 telefonu haqqında məlumatlar sızdırılıb. Rəsmi olmayan məlumata görə Galaxy J7 telefonu şirkətin öz istehsalı olan Exynos prosessora, 3GB RAM və 32GB daxili yaddaşa sahib olacaq. Bundan əlavə telefonun 5.5 inçlik Full HD keyfiyyətli ekranının olması gözlənilir. Əslində bu telefonun bir qədər aşağı büdcə üçün nəzərdə tutulduğu vurğulansa da daşıdığı keyfiyyətləri heç də aşağı səviyyəli saymaq olmaz.

samsung1

Afrikanın boz tutuquşusu maraqlı video ilə internet ulduzuna çevrilib. Belə ki, bu tutuquşunun əsas özəlliyi, “Okay Google” sorğusundan sonra səslənən səsi eyni ilə təsvir etməsi bacarığıdır. Sözügedən maraqlı video YouTube-da yerləşdiriləndən 5 gün sonra 500.000-dən çox baxış sayı yığıb. Videoda tutuquşunun sahibi olan qadın “Okay Google” deyəndən sonra həmin tutuquşu, sorğu nəticəsində səslənən səsi eynilə təkrar edir. Afrikanın boz tutuquşuları quşlar arasında səsləri təkrar etmək baxımından ən istedadlılarından biri hesab olunur. Ortalama onlar 1.5 min sözü yadda saxlaya bilirlər.

Uber taksi xidməti yeniləndi. Artıq taksi istifadəsi daha əyləncəli olacaq. Bir müddət əvvəl xoşagəlməz hal yaşayan Uber, öz xidmət strukturunu inkişaf etdirmək qərarına gəlib. Keçən ay artıq sosial media vasitəsilə daha irəli gedəcəyi bildirilən Uber, taksi xidmətinə 2 yenilik əlavə etdi. Bu yeniliklər Snapchat filtrləri və şəxsin istiqamətinin təyinidir. Bu yeniliklər ətrafınızdakı insanları daha asanlıqla izləməyinizə şərait yaradacaq. Getmək istədiyiniz yerə yola düşdükdə çalışan filtrləri istifadə etməyə başlasanız, onda tətbiq sizi birbaşa Snapchat-a yönləndirir. Beləliklə, Uber taksisindən istifadə zamanı təqdim olunan xüsusi filtrlərdən istifadə edərək yeni hekayələr qura bilərsiniz. Uber-lə bir yerə getmək istədikdə ünvanı yazmalısınız. Amma tətbiqə əlavə olunan yeni xüsusiyyət sayəsində yanına getmək istədiyiniz şəxs varsa, onda onun ünvanı haqda asanlıqla məlumat alırsınız. Bunun üçün Uber ilə telefonunuzda yer alan kontaktları sinxronizə etmək və ana ekranda yer alan “Haraya?” bölümünə, yanına getmək istədiyiniz şəxsin adını yazmaq kifayətdir. Bu halda dostunuz və ya tanışınıza bildiriş gedir və o, öz yerini təstiqləsə, sürücü sizi ora aparır.

uber

“Montblanc” şirkəti innovasiyalı elektron kağızın istehsalı barədə xəbər verib. Belə ki, sözügedən innovasiyalı kağız, qələm ilə yazılmış mətni və çəkilmiş rəsmləri smartfonun yaddaşına ötürməyə imkan verir. Yeni məhsul Augmented Paper adlandırılıb. Sözügedən kağızda yazılmış mətni və ya çəkilmiş rəsmi xüsusi tətbiq vasitəsilə redaktə etmək, müxtəlif insanlara göndərmək və ya rəqəmsal mətnə çevirmək olar. Cihaz, rus, ingilis, alman, italyan, çin dilləri daxil olmaqla 12 dildə əlyazma mətnləri tanıya bilir. Rəqəmsal bloknotun təchiz olunmuş enerji tutumlu batareyası vasitəsilə 8 saata yaxın işləmək olar. Əgər cihaz müəyyən vaxtlarda isitifadə olunarsa onda enerji müddəti bir həftəyə kimi uzana bilər. Şarj prosesi USB giriş vasitəsilə həyata keçirilir. Virtual kağızın yaddaşında 100 səhifəyədək yazılı mətn saxlamaq olar. Augmented Paper gələn il satışa çıxacaq. Cihazın qiyməti isə hələki məlum deyil.

Son zamanlar Whatsapp üzərindən saxtakarlıq halları artmaqdadır. Hackerlər hədiyyə və ya daha sərfəli istifadə vədləri ilə istifadəçiləri aldatmaqda davam edirlər. Bir çox hallarda isə insanlardan bu mesajı 10 nəfərə göndərməsi tələb olunur. Qarşı tərəf tələb olunanı etdikdə isə onun kontaktında olan insanların da məlumatları təhlükə altına düşür. Son zamanlar isə hackerlər insanların çox sevdiyi markaların adından istifadə edərək onların məlumatlarını ələ keçirirlər. Bu dəfə isə seçilmiş aldatma üsulu Starbucks Gift Card adı daşıyır. Hackerlər hətta bunun üçün məşhur markanı təqlid edən sayt da hazırlayıblar. Burda hədiyyə kartını qazanmaq üçün mesajı 10 dostunuza göndərməyiniz tələb olunur. Daha sonra sizdən şəxsi məlumatlarınız tələb olunur. Bu tələblər Android və iOS istifadəçilərinə görə dəyişir. Verilən məlumata görə artıq müəyyən müddətdir ki, Cənubi Amerika və Şimali Amerika istifadəçiləri bu problemlə qarşılaşmaqdadır. Windows Messenger ilə həyatımıza daxil olan belə saxtakarlıq nümunələri yeni tətbiqlər üzərində də istifadə olunmaqda davam edir.

whatsapp

İnternetə hələ anonsu olmayan yeni BlackBerry modelinin render fotoları sızıdırılıb. Yeni model smartfonun kod adı Mercury-dir. Smartfon, QWERTY klaviaturaya sahib olacaq. Məlumata əsasən cihazın 4.5 inç-lik ekranı əyilmiş şəkildə olacaq, “Space” düyməsinə isə barmaq izi skanı inteqrasiya ediləcək. Həmçinin yeni model, flaqman sinfinə aid olacaq və güclü Qualcomm Snapdragon 821 prosessoru ilə təchiz olunacaq. BlackBerry Mercury avtonom rejimdə iki günə qədər çalışa biləcək. Qeyd etmək lazımdır ki, əvvəlki məlumatlara əsasən sözügedən model, DTEK70 adı ilə təqdim olunacaqdı. Onun satışa çıxması isə 2017-ci ilin əvvəlinə planlaşdırılıb.

blekberyy

Weibo sosial şəbəkəsinə hələ anonsu baş tutmayan HTC X10 smartfonunun foto və texniki göstəriciləri sızdırılıb. İlkin məlumatlara əsasən HTC X10, 5.5 inç Full HD ekran, 8 nüvəli MediaTek Helio P10 prosessoru, Mali-T860 qrafik çipi, 3 GB RAM ilə təchiz olunacaq. Cihaz, fotonun optik stabilizassiya sistemli və RAW dəstəkli 13 MP-lik arxa kameraya sahib olacaq. HTC X10, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Onun təqribi qiyməti isə 290$ təşkil edəcək. Güman olunur ki, büdcəli HTC X10, 12 Yanvar tarixində, CES 2017 tədbirindən sonrakı vaxtda Las Veqasda təqdim olunacaq.

htc

Məşhur KFC fast-food restoranlar şəbəkəsi, özünün standart olmayan reklam üsulları ilə tanınır. Bununla yanaşı restoranlar şəbəkəsinin kreativ şöbəsi yeni texnologiyaları mənimsəyəndən sonra hər şey daha da maraqlı oldu. Bu dəfə KFC-nin Çin filialı fərqlənib. Belə ki, sözügedən filial, interaktiv köşkü olan “ağıllı” restoranını istifadəyə verib. Həmin restorandakı interaktiv köşk, müştərilərin xarici görünüşlərinə əsaslanaraq onlar üçün ən optimal yemək menyusunu təqdim edir. Öz layihəsinin reallaşdırılması üçün KFC, Çinin “Baidu” adlı axtarış şirkəti ilə əməkdaşlıq edib. Kameralı və avtomatlaşdırılmış görmə sistemli terminal, müştərinin təqribi yaşını və cinsini təyin edir. Bununla yanaşı o, müştərinin üz ifadəsinə görə onun əhvalının necə olmasını da təyin edə bilir. Bu məlumatlar isə öz növbəsində müştəri üçün ən optimal menyunu təyin etməkdə köməklik edir. Məsələn 20 yaşlı gənc oğlana böyük yemək menyusu, səhər radələrində restorana gəlmiş 50 yaşlı qadına isə düyü sıyığı və soya südü (söhbət Çindən gedir) təklif olunacaq. Sözügedən KFC filialı öz mütəmadi müştərilərinin sifarişlərini yadda saxlayır və həmin müştərilər yenidən restorana gələndə terminal onların sevdikləri yeməkləri təqdim edir. Müştərinin özü isə terminalın təklif etdiyi menyu ilə razılaşmayaraq öz istəyinə görə digər menyunu seçə bilər. Hələki bu cür “ağıllı” restoran yalnız Pekində fəaliyyət göstərir.

kfc-china-face

Samsung şirkəti yeni ildən etibarən bir neçə telefon tanıtımı etməyə hazırlaşır. Belə telefonlardan biri də Galaxy S8 Plus-dur. Bir müddət əvvəl Samsung-un yeni ildən etibarən bir neçə yeni telefon tanıdacağı haqda məlumat paylaşmışdıq. Bu dəfə isə yeni bir məlumat Koreyaya məxsus MK News saytından gəldi. Sayt Samsung-un Galaxy S8 Plus adlı yeni model satışa çıxaracağını bildirir. Verilən məlumatda Galaxy S8 Plus-un Galaxy S8 ilə birgə tanıdılacağı bildirilir. Bundan əlavə yeni modelin, Galaxy S8-dən fərqli olaraq 6 inç və Quad HD ekrana sahib olacağı haqda məlumat verilir. Yeni telefonlar haqda məlumatlar hər kəsin marağını cəlb etsə də yenə də qeyd edək ki, bu məlumatlar rəsmi xarakter daşımır. Yeni modellərlə istifadəçilər yeni ildən etibarən tanış ola biləcəklər.

samsung

Məşhur videoblogger iPhone 7-ni inanılmaz təcrübədən keçirtdi. iPhone 7 modelinin satışa çıxmasından artıq bir xeyli vaxt keçib. Lakin buna baxmayaraq məşhur videoblogger TechRax hələdə bu cihazı, müxtəlif təcrübələr ilə sınayır. Bu dəfə o, iPhone 7-ni timsah üzərində sınaqdan keçirtməyə qərar verib. Belə ki, o, iPhone 7-nin dözümlülüyünü yoxlamaq üçün cihazı timsahın dişlərinə qurban verib. Videoblogger, iPhone 7-ni şəffaf təbəqə ilə örtərək onu timsahın ağzına yerləşdirib. Timsahın, cihazı birinci dəfə dişləməsindən sonra iPhone 7-nin ekranı çatlasa da işlək vəziyyətdə qalıb. Daha sonra videoblogger, timsahı qıcıqlandırıb və o cihazı dişləri ilə daha da bərk sıxıb. Nəticədə smarton sönüb və yararsız hala düşüb.

Yeni sızdırılmış fotolarda Huawei P10 tamamilə fərqli dizaynda təqdim olunub. Belə ki, yeni fotolarda smartfon, metal korpusa sahibdir və antenlərin çalışması üçün xüsusi plastik çərçivələrlə əhatə olunmuşdur. Yeni fotoları, Gizmochina saytı təqdimi edib. Metal korpuslu smartfonun ön hissəsinin aşağı tərəfində barmaq izi skanı yerkləşdiriləcək. Qeyd etmək lazımdır ki, əvvəlki bütün P seriyalı cihazlarda sözügedən sensor arxa paneldə yerləşirdi. Çox güman ki, yeni fotolar flaqman smartfonun dizaynlarından biridir. Daha öncə məlumat var idi ki, Huawei P10 əyilə bilən ekran və ya ikinci əlavə ekran ilə təchiz olunacaq. Onun texniki göstəricilərinə gəldikdə isə smartfon, 5.5 inç QHD ekran, 8 nüvəli Kirin 960 prosessoru, 6 GB RAM, 256 GB daxili yaddaş, 12 MP arxa və 8 MP ön kamera ilə təchiz olunacaq. Cihaz, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Huawei P10-nun təqdimatı 2017-ci ilin birinci rübünə planlaşdırılır.

huawei

MegaFon məsələ ilə bağlı rəsmi məlumat verib. Belə ki, Rusiyanın böyük mobil operatoru olan MegaFon, “Mail.ru Group” şirkətinin 63.8% səhmlərini alacaq. “Technote.az”ın “MegaFon”a istinadən verdiyi xəbərə əsasən müqavilənin dəyəri 740 milyon dollar təşkil edir. Onun 640 milyon dollarını MegaFon, müqavilənin bağlandığı zaman, qalan 100 milyon dollar vəsaiti isə 1 ildən sonra ödəməlidir. Səhmlər, “USM”, “New Media and Technology Investment LP”, “New Media Technologies Capital Partners Limited” və “Ardobe Finance Limited”qrup şirkətlərdən alınacaq. Yaxın zaman ərzində MegaFon-nun direktorlar şurası, satışın təsdiqlənməsi üçün səhmdarlar arasında görüş təşkil edəcək. Şirkətlərin məlumatlarına əsasən sözügedən müqavilə, ortaq layihələrin inkşaf etdirilməsində köməklik edəcək.

maxresdefault-5-640x360[1]

Ən böyük oyun platforması olan Steam hal-hazırda çökmüş vəziyyətdədir. Steam-ın niyə çökdüyü barədə hələki bir məlumat yoxdur. Dünən Steam Qış Endirimləri kompaniyası başlamışdı və böyük ehtimalla istifadəçilərin kütləvi şəkildə sayta girməsinə görə serverlər fəaliyyətini dayandıra bilər. Steama kiber hücum olması da istisna edilmir. Steam Status adlı bir Twitter hesabı bir qədər əvvəl Steamın saytına olan anlıq giriş sayını paylaşaraq Steam çökə bilər başlıqlı bir paylaşım eləmişdi. Dünyanın demək olar ki, heç bir yerində hal-hazırda Steama girmək mümkün deyil. Steam tərəfindən hələki bir açıqlama verilməyib.

steam

2017-ci ildə 95 faiz evlər internet ilə təmin ediləcək. Britaniya hökuməti super sürətli internet üçün 440 milyon funtsterlinq vəsait ayırıb. Layihəyə əsasən Birləşmiş Krallığın ən ucqar nöqtələri belə internet imkanlarından faydalana biləcək. 2017-ci ildə 95 faiz evlər internet ilə təmin ediləcək və 2020-ci ildə artıq Birləşmiş Krallığın 97 faiz əhalisi rabitə imkanlarına malik olacaq. Layihəyə əsasən internet sürətinin 100mb/s qədər yüksəldilməsi planlaşdırılıb.

internet

2018-ci ilədək 3-5 smartfon istehsalçısı “ağıllı” telefonlar bazarında elastik aparatlarını təqdim edə bilər. “Kolon Industries” şirkətinin top-menecerlərindən biri “The Korea Herald” nəşrinə müsahibəsində deyib ki, 2018-ci ilədək 3-5 smartfon istehsalçısı “ağıllı” telefonlar bazarında elastik aparatlarını təqdim edə bilər, 2019-cu ildə Koreyanın smartfon bazarında elastik qurğuların payı 20 faizə yaxınlaşa bilər. “Phone Arena” nəşri yazır ki, “Kolon Industries” şirkətinin adı geniş kütləyə naməlum olsa da, bu şirkət dünyada elastik displeylərdə şüşəni əvəz edən nazik plyonkaların yaradılması üçün lazımi rəngsiz polimidin yeganə kütləvi istehsalçısıdır. “Kolon Industries” şirkəti “Samsung” və “LG” şirkətlərinin tədarükçüsüdür, sonuncular elastik ekranların yaradılması üzərində fəal işləyirlər. Şirkətin polimid istehsalı üzrə bölməsinin direktoru Kanq Çunq-Seokun fikrincə, ilk elastik smartfonlar gələn il əlçatan ola bilər. Bu halda smartfonlarda elastiklik radiusu 5 millimetr təşkil edəcək. Xatırladaq ki, cari ilin iyununda “Lenovo” şirkəti “OLED” ekranla təchiz edilmiş elastik smartfonların iki prototipini təqdim edib.

smartfon

Aralarındakı məsafə 13 kilometrdən bir az çox olan hər iki şəhər Fransanın cənubunda yerləşir. Fransanın milli poçt operatoru dünyada ilk dəfə dron vasitəsilə mütəmadi olaraq bağlama göndərməyə başlayıb. Ilk hava marşrutu ölkənin kiçik şəhərləri olan Puryer və Sen-Maksimen-la-Sent-Bom arasında çəkilib. Aralarındakı məsafə 13 kilometrdən bir az çox olan hər iki şəhər ölkənin cənubunda yerləşir. Puryer şəhərində startaplar üçün inkubator yerləşir. Oranın sakinləri üçün belə hava marşrutu əvəzsizdir. Ərazidə dronların qəbulu üçün meydança təşkil olunub. Bağlamanı alacaq şəxsə SMS gəldikdən sonra o, meydançaya gələrək bağlamanı götürə bilər. Çatdırılma həftədə bir dəfə həyata keçiriləcək. Dron çəkisi bir neçə kiloqram olan bağlamanı 50 kilometr məsafəyə daşıya bilər. Dronun maksimal sürəti 30 kilometr-saatdır.

dron

Bir neçə ildən sonra robotlar insanları fiziki işlə yanaşı intellektual sahədə də əvəzləyə biləcək. Bəzi eksperlərin fikrinə görə, bir müddətdən sonra insanlar robotlarla rahat danışa biləcək. Perem universitetinin informasiya texnologiyası kafedrasının dosenti Dinara Qaqarinin sözlərinə görə, indiki zamanda robotlar insanları fiziki və kiçik intellektual sahədə əvəzləyə bilir, lakin bir neçə ildən sonra robotlar insanları ağır intellektual işlərdə də əvəzləyəcək. Bu isə əmək bazardında robotların insan əməyinin sıxışdırıb çıxarılması ilə nəticələnəcək. “TheFutureofJobs”-un analitik hesabatında qeyd olunub ki, Davos İqtisadi forumunda əldə olunan razılaşmaya görə, 2020-ci ildə əksəriyyəti ofis işiçisi olmaq şərti ilə 7 milyon insan ixtisar olunacaq.

isziz

“VKontakte” sosial şəbəkəsi və “RuTracker” torrent-trekeri ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsi tərəfindən yaradılan “ən pirat saytlar”ın “qara sıyahı”sına daxil edilib. Belə bir məlumat Qərbin ixtisaslaşdırılmış KİV-lərində dərc edilib. Onların əldə etdiyi məlumata görə, hər il tərtib olunan bu siyahıya ABŞ-ın kontent sənayesinə daha çox təhlükə yaradan fiziki və internet bazarlar daxil edilib. Bu siyahı ora daxil edilən internet portallarına qarşı ciddi sanksiyaların tətbiq edilməsini nəzərdə tutmur. Ancaq bu siyahı müəllif hüquqlarının monitorinqinə riayət edilməsi üçün istifadə olunacaq. Bu il tərtib edilən siyahıya həmçinin “ExtraTorrent”, “The Pirate Bay” və “Taobao” portalları da daxil edilib.

vk

Hindistanın onlayn riteyli “Snapdeal” artıq evə çatdırılma ilə nağd pulların satışına başlayıb. “Snapdeal” özünün yeni “Cash@Home” xidmətini anons edib. Bunun sayəsində Hindistanın bəzi şəhərlərində müştəri 2 min rupi və ya təxminən 30 dollara qədər məbləği sifariş edə biləcək və kuryer köməyi ilə əldə edə biləcək. Bu addım ölkədə iqtisadiyyatın demonetizasiyası səbəbi ilə nağd pul çatışmazlığı ilə mübarizəyə yönəlib.

Video və kompüter oyunları bazarının araşdırılmasında ixtisaslaş “SuperData” şirkəti bu ilin nəticələrini dərc edib. Şirkətin analitikləri tərəfindən dərc edilmiş hesabata əsasən, geridə qoyduqda olduğumuz ildə sənayenin ümumi gəliri 91 milyard dollar təşkil edib. Onda kiberidmanın payı 0,9 milyard dollar olub. Ən böyük gəlir mobil oyunlar bazarında qeydə alınıb – 40,6 milyard dollar. Masaüstü oyunlar seqmentində 35,8 milyard dollar, konsol oyunlarda isə bu rəqəm 6,6 milyard dollar təşkil edib. Oyunlarla bağlı videokontent isə 4,4 milyard dollar göstəricisində dayanıb. Mütəxəssislər hesab edirlər ki, qiymətinin yüksək olması və daimi kontentin olmaması bu il virtual reallıq texnologiyasında gözləntiləri doğrultmayıb. Bu sahə 2,7 milyard gəlir gətirib.

oyun

Dünəndən başlayaraq populyar “Pokemon GO” oyununun versiyası “Apple Watch” cihazlarının sahibləri üçün də əlçatan olub. Artıq “Apple Watch” sahibləri öz cihazlarında ən populyar “Pokemon GO” oyununu oynaya biləcəklər. İstehsalçılar bu oyunun hələ payızda çıxacağını anons etmişdi, ancaq “ağıllı” saatlar üçün populyar oyunun Yeni il ərəfəsində istifadəsi mümkün olub. Bu versiya tam oyun deyil, çünki “Apple Watch”dakı bəzi imkanların bu cihaz üçün istifadəsi mümkün deyil. Belə ki, “ağıllı” saatlarda istifadəçi pokemonların olduğu yerləri tapa, virtual əşyaları toplaya bilir. Ancaq yeni personajın tutulması üçün “iPhone”dan istifadə etməli olacaqlar. “Pokemon Go” oyununun versiyasını ancaq “Apple” məhsullarında istifadə etmək olar. Oyunun digər istehsalçıların “ağıllı” saatlarında oynanılması hələlik təqdim edilmir.

pokmon go

Əyilən smartfonlar mobil cihazlar bazarında olduqca populyar ola bilər. Cənubi Koreyanın “Konon Industries” şirkətinin nümayəndəsi Kan Çon-Seok əmindir ki, onların satış payı 20 faiz təşkil edəcək. “Kolon Group” əyilən cihazlar üçün xüsusi polimerlər istehsal edə biləcək bir çox şirkətlərdən biridir. Xüsusi plyonka yeni cihazlardakı şüşəni əvəz etməyə qadirdir. Hazırda şirkət öz texnologiyalarını “Samsung” və LG şirkətlərinə satır, baxmayaraq ki, bu təşkilatların nümayəndələri öz tədarükçüləri barədə heç bir məlumat vermirlər. “Kolon Group”un rəhbəri əmindir ki, ilk belə smartfonlar Cənubi Koreyada satışa çıxarılacaq. O, bu cür cihazları istehsal edəcək 5 istehsalçıdan 3-ü barədə də məlumat verib. “Samsung”, LG, “Xiaomi”, “Sony” və “Apple” şirkətləri OLED-in xeyrinə artıq LCD displeylərdən imtina ediblər. Belə ki, məhz onlar əyilməyə meyllidirlər və smartfonun əyilməsinə imkan verir.

smartfon eyilen

2017-ci ilin əvvəlində “Google” şirkəti “Android Wear 2.0” əməliyyat sisteminin bazasında iki yeni smart-saat istehsal edəcək. Hələlik saatların texniki xüsusiyyətləri barədə məlumat verilmir. “Ağıllı” saatlar hazırda “Google”un əməkdaşlıq etdiyi istehsalçının markası altında buraxılacaq. Bu barədə “Android Wear” nümayəndəsi Ceff Çanq bildirib. Bu əməliyyat sisteminin tətbiqi təkcə 2 flaqman cihazla məhdudlaşmayacaq. Digər şirkətlərin “Android Wear 2.0” əməliyyat bazasında olan smart-saatları da bazara çıxarılacaq. Cihazların texniki xüsusiyyətləri sirr olaraq qalır. Əldə olunan ilkin məlumata əsasən çox güman ki, bu cihazlar ürək ritmini ölçən monitora malik olacaq, LTE, həmçinin GPS-i dəstəkləyəcək.

google

“Kaspersky Lab” və “Wargaming” şirkətləri “World of Tanks” oyunçularının internet təhlükəsizliyini artırmaq üçün birgə təşəbbüslə çıxış ediblər. Sözügedən şirkətlər əfsanəvi oyunun motivləri əsasında unikal dizayna malik “Kaspersky World of Tanks Edition” məhsulunu təqdim ediblər. Kifayət qədər tanınmış “Kaspersky Internet Security” bazası üzərində qurulmuş bu kompleks həll oyunçulara kompüterlərini kiberhücumlardan qorumaqla yanaşı, onlarda oyun hesablarının qırılması və bank hesabından pul oğurluqları haqqında aydın təsəvvür yaradır. “Kaspersky Lab” gündəlik olaraq bir hissəsi də oyunçulara yönəlmiş 300 mindən çox yeni zərərli fayllar aşkarlayır. Onlayn oyunlardan və bankinq sistemindən şifrələri daşıyan şəxsi məlumatlar risk altındadırlar. Cinayətkarlar personajları və oyun dəyərlərini oğurlamağa cəhd edir və daha sonra bu virtual artifaktları həqiqi pul müqabilində satmağa və hətta bank hesablarından pul oğurlamağa da cəhd edirlər. Belə ki, 2016-cı ildə bütün dünya üzrə 180 mindən çox qurğu onlayn oyunlarda hesabların oğurlanmasına fokuslanmış troyan virusu tərəfindən hücuma məruz qalıb. Məhz “World of Tanks Edition” oyunçularının mühafizəsi üçün “Kaspersky Lab” və “Wargaming” şirkətləri öz güclərini birləşdiriblər. “Kibercinayətkarlar üçün oyunçular əvəzedilməz tapıntıdır. Oyunçular üçün isə daha çox qazanmaq və inventar əhəmiyyətlidir. Oyun dəyərlərinin və ya ümumilikdə, hesabın itirilməsi oyunçu üçün əsl fəlakətə çevrilə bilər. Bundan başqa, qara bazarda bu cür istifadə olunmuş hesablar daha bahadır. “Kaspersky Lab” şirkətinin məhsulları ənənəvi olaraq təhlükəsizliyi ən yuxarı səviyyədə təmin edirlər. Buna görə də bizim oyunçularımız öz oyun mülkindən narahat olmaya bilərlər”, – deyə “Wargaming” şirkətinin biznesin inkişafı üzrə aparıcı meneceri Yuliya Orlova qeyd edib. “Son zamanlar onlayn oyunlarda real pul müqabilində alınması mümkün olan obyektlərin sayı getdikcə çoxalır. Buna görə də cinayətkarlar aktiv şəkildə oyun hesablarından məlumatları əldə etməyə cəhd göstərirlər. Daha sonra əldə olunan məlumatlar hazırda sayı artmaqda olan xüsusi mağazalarda satışa çıxarılır. Biz bir daha bütün istifadəçilərə oyun zamanı daha ehtiyatlı olmağa və ilkin təhlükəsizlik qaydadalarına əməl etməyə çağırırıq. İlk növbədə, şübhəli mənbələrdən oyunlara qeyri-rəsmi “patch”lar yüklənilməməlidir. Belə ki, onlar oyun hesabından və ya bank kartından şifrələri oğurlayan zərərli proqramlar daşıya bilərlər. İkinci nəzərə alınmalı amil isə hesab məlumatlarını daxil etməyi tələb edən məktublara ehtiyatlı yanaşmaqdır. Diqqətsiz şəkildə göndərilən keçidə daxil olmaqla fişinq saytına daxil ola bilərsiniz. Son olaraq kompleks mühafizə həllinin quraşdırılması sizə kiberhücumlar haqqında unudub oyundan zövq almaq şansı verməklə yanaşı, sizi digər bütün internet təhlükələrindən qoruyur”, – deyə “Kaspersky Lab” şirkətinin biznesin inkişafı üzrə baş meneceri İrina Potanina bildirib. “Kaspersky World of Tanks Edition” məhsulunun üzərində qurulduğu “Kaspersky Internet Security” zərərli proqramların təyin edilməsi və bloklanması üçün ən müasir texnologiyaları, antifişinq xüsusiyyəti, istismara qarşı avtomatik mühafizə, login və parolun daxil edilməsi üçün virtual klaviatura və digər bu kimi funksiyaları özündə birləşdirir. Bundan başqa, bura sistem resurslarından minimal dərəcədə istifadə edən və istifadəçinin oyunu bütöv ekran rejiminə keçirdiyi halda bir müddətlik bildirişləri dayandıran xüsusi oyun rejimi də daxildir. “Kaspersky World of Tanks Edition” məhsulunu http://wot-virusa.net veb-saytından əldə etmək mümkündür. Təklif Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanda keçərlidir.

kasperski

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register