Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bu xidmətin sayəsində onlayn rejimdə audio yayımlar həyata keçirmək mümkün olacaq. Funksiya öncə radiostansiyalara və audiokontentlə işləməyə üstünlük verən şirkətlərə istiqamətlənib. Sosial şəbəkənin ilk tərəfdaşları BBC və LBC olub. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib. İstifadəçilər “Android” və iOS əməliyyat sistemlərində Facebook əlavəsində radio dinləyə biləcəklər. Bununla belə, “iPhone” və “iPad” sahibləri üçün striminq yalnız sosial şəbəkənin açıq xidmətində əlçatan olacaq. Öz növbəsində, “Android” cihazların istifadəçiləri yayımları cihazın ekranı blokda olan zaman da dinləyə biləcəklər. Facebook sosial şəbəkənin bütün iştirakçıları üçün artıq 2017-ci ilin əvvəlindən audio yayımlara başlamağı planlaşdırır.

facebook

Berklidən olan startap, panoram kameralı ilk eynəkləri yaradıb. ORBI Prime adlanan eynək, 360 dərəcəli foto və video çəkərək onları sosial şəbəkələrdə paylaşmaq imkanını yaradır. ORBI Prime, 1080p keyfiyyətli 4 kamera ilə təchiz olunub. Onlardan ikisi eynək çərçivəsinin ön hissəsində, digər ikisi isə arxa hissəsində yerləşir. Nəticə etibari ilə çəkilmiş foto və videoların keyfiyyəti 4K-da olur. Həmçinin cihaz, videonun stabilizasiya sisteminə sahibdir. Beləliklə videoçəkiliş zamanı əsmələrə yol verilmir. Cihaz şarjla çalışır və onun enerji tutumu 90 dəqiqəlik çəkilişə bəs edir. Çəkilmiş materialları həmin dəqiqə sosial şəbəkələrə yerləşdirmək olar. Bunun üçün eynəklər Wi-Fi xüsusiyyətinə sahibdirlər. Eynəyin korpusu polikarbonatdan hazırlanıb və IP64 standartlı sudan qorunma özəlliyinə sahibdir. ORBI Prime-ın yaradıcılarının sözlərinə görə eynəkləri həm adi vəziyyətdə həmdə idman dəbilqələri vasitəsilə istifadə etmək çox rahatdır. Hal-hazırda istənilən şəxs ORBI Prime-ı 199$-a sifariş edə bilər. Cihaz gələn ilin Avqust ayında satışa çıxacaq. Həmin vaxtda onun qiyməti 650 dollar təşkil edəcək. Qeyd etmək lazımdır ki, layihə Indiegogo platformasında təqdim olunub və yaradıcılar artıq 250.000$ vəsait yığıblar. Halbuki startapçılara yalnız 75.000$ lazım idi.

Meizu M5S smartfonunun fotoları Çinin TENAA adlı sertifikatlaşdırma saytında aşkar edilib. Xarici görünüşcə yeni cihaz, Meizu M5-ə oxşasa da ondan fərqli olaraq metal korpusa sahib olacaq. Bu xüsusiyyətindən başqa onu Meizu M5-dən fərqləndirmək olmayacaq. Görünür “Meizu” dizaynerləri təcrübə aparmağı bacarmırlar. Yenilənmiş model, köhnəsindən 3 funksiya ilə fərqlənəcək. Belə ki, Meizu M5S, 5.2 inç ekran, 8 nüvəli və 1.3 GHz tezlikli prosessor (növü hələki məlum deyil), 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş, 2930 mAh enerji tutumlu batareya təchiz olunacaq. Smartfon 13 MP-lik arxa və 5 MP-lik ön kameraya sahib olacaq. Cihaz Android 6.0 əməliyyat sistemi vasitəslə çalışacaq. Meizu M5S-in qiyməti bilinməsə də, texniki göstəricilərindən belə qənaətə gəlmək olar ki, smartfon büdcəli olacaq. Çox güman ki, o, Çin bazarından başqa digər bazarlarda da satışa çıxacaq.

meizu

Nintendo, 2017-ci ildə yeni mobil oyunlar yayımlayacağını elan etdi. Super Mario Run-dan sonra Nintendo yeni oyunları ilə oyun sevərləri sevindirəcək. Super Mario Run ilə mobil platformaya giriş edən Nintendo, bir müddət əvvəl yenilənmiş bu oyunu istifadəçilərə təqdim etdi və qısa zamanda 50 milyondan çox yüklənmə ilə rekorda imza atdı. Nintendo başçısının etdiyi açıqlamada bu yükləmənin 2017-ci ilin ilk aylarında 100 milyonu ötməsi gözlənilir. Mobil oyun biznesində böyük uğur qazanmağa nail olan şirkət, 2017-ci ildən etibarən yeni oyunlar təqdim etməyə hazırlaşır. Nintendo rəhbəri, Tatsumi Kimishima, hələ ki, əsas qüvvələrini Nintendo Switch konsoluna sərf etdiklərini, ancaq mobil platformanı da unutmayacaqlarını bildirib. Onun sözlərinə görə 2017-ci ildə 2 və ya 3 mobil oyun daha yayımlayacaqlar. Tatsuminin belə açıqlaması Nintendo oyun sevərləri sevindirib. Belə iddia olunur ki, 2017-ci ildə Animal Crossing, Yoshi,Kirbyvə yaZeldakimi Nintendo seriyaları mobilə gələ bilər. Amma bu oyunlar Nintendo 3DS və Wii U-dakı kimi deyil, Super Mario Run formatında olacaq.

nintendo

Nokia-nın hər kəsin marağına səbəb olan yeni telefonu D1C haqda yeni məlumatlar və görüntülər paylaşılıb. Bir müddət əvvəl Nokia-nın yeni ağıllı telefonu D1C haqda məlumat paylaşmışdıq. Amma bu dəfə yenidən paylaşılan şəkillər keçən dəfəkindən bir qədər fərqlidir. Nokia D1C-nin bir orta büdcəli, digəri isə bir qədər bahalı olmaqla iki versiyasının təqdim olunması gözlənilir. Hər iki telefon Android 7.0 Nougat əməliyyat sisteminə sahib ola bilər. Bu dəfə görüntüsü yayımlanan D1C modelinin isə orta büdcəyə aid olduğu bildirilir. Bu versiyanın Snapdragon 600, 4GB RAM və 64GB daxili yaddaşa sahib olacağı gözlənilir. D1C modellərindən biri 5 inç, digəri isə 5.5 inç ekrana sahib ola bilər. Hər ikisinin ekran keyfiyyətinin 1920 x 1080 olacağı haqda məlumat verilir. Bu iki telefon arasında fərq isə barmaq izi sensorunun olması ilə seçiləcək. Admiral modeldə ön hissədə barmaq izi sensorunun olması gözlənilir. Orta sinif modeldə isə bu xüsusiyyətin yer almayacağı güman olunur. Nokia D1C-nin gələcək ay Las Veqasda baş tutacaq CES 2017-də rəsmən tanıdılması gözlənilir. Hər il baş tutan bu tədbir 5 yanvardan 8 yanvaradək olan müddəti əhatə edir.

nokia

Texnologiya inkişaf etdikcə texnoloji şirkətlərin də qiymətləri qalxmaqda davam edir. Equities.com-un analitiki Michael Markowskinın sözlərinə görə Microsoft dünyada ilk trilyon dollar dəyərində olan şirkət ola bilər. Xatırladaq ki, 2015-ci ildə Apple-ın qiyməti 710 milyard dollar qiymətləndirilmiş və 700 milyard dollardan artıq qiymətləndirilən ilk şirkət olmağı bacarmışdı. Sonralar şirkət 775 milyard dollar dəyərə qədər yüksəlsə də hal-hazırda dəyəri 617 milyard dollar təşkil edir. Apple-dan sonra isə bu siyahını 548 milyard dollar dəyərində olan Alphanet davam etdirir. Digər dünyaca məşhur texnologiya nəhəngi Microsoft 492 milyard dollar, Amazon 359 milyard dollar və Facebook 333 milyard dollar dəyərə malikdir. Hal-hazırda adı çəkilən Apple, Alphanet, Microsoft, Amazon və Facebook dünya üzrə ən böyük 5 texnologiya nəhəngi hesab olunur. Göründüyü kimi Microsoft bu siyahıda üçüncü yerdədir. Amma iddialar məhz bu şirkətin dünyada ilk trilyon dollarlıq şirkət olacağı istiqamətindədir. Markowskiyə görə Microsoft kimi bir şirkətin belə bir şansı daha yüksəkdir. Bu işdə Microsoft-un LinkedIn-i alması da böyük rol oynayır. Xatırladaq ki, Microsoft bunun üçün 26 milyard dollar pul ödəmişdi. Belə ki, açıqlamaya görə sosial media gəlirləri hal-hazırda daha yüksək qiymətləndirilməkdədir. Microsoft-un LinkedIn-i almasıyla hər bir LinkedIn abunəsi üçün sadəcə 60 dollar ödədiyi, Facebook-un isə platformasındakı sosial media istifadəçilərinin hər biri üçün ortalama 218 dollar ödədiyi də verilən məlumatlar arasında yer almaqdadır. Şirkət öz dəyərini 1 trilyon dollara çatdırmaq üçün hissə qiymətlərini 2 qatına çatdırmalı və o cümlədən LinkedIn-dəki mövcud 433 milyon istifadəçi sayını 2020-ci ilədək 700 milyona yüksəltməlidir. Analitikə görə bu işdə Microsoft-un tək rəqibi Alphanet hesab oluna bilər.

microsft

Snapchat hər keçən gün yeniliklər etməkdə davam edir. Snapchat öz yerini Facebook və onun sahib olduğu sosial şəbəkələrə verməməkdə iddialıdır. Buna görə də Snapchat sosial mediadan əlavə başqa sahələrə də yatırım etməkdə davam edir. Belə şirkətlərdən biri də artırılmış reallıqla məşğul olan şirkətdir. Bildiyiniz kimi Snapchat bir müddət əvvəl özünün təqdim etdiyi eynəklərlə diqqətləri öz üzərinə çəkmişdi. Amma belə görünür ki, şirkət sadəcə bununla kifayətlənmək niyyətində deyil. Snapchat İsrailə məxsus artırılmış reallıqla məşğul olan yeni bir şirkət alıb. Cimagine adlı bu şirkət üçün Snapchat 40 milyon dollar ödəyib. Belə güman olunur ki, gələcəkdə Snapchat öz eynəklərinə bu şirkətin köməkliyi ilə yeni xüsusiyyətlər qazandıracaq. Qeyd edək ki, Snapchat-ın aldığı Cimagine şirkəti, mobil cihazlar üzərindən, ev əşyalarının virtual olaraq yerini dəyişməyə imkan verən tətbiq təqdim edirdi.

snapchat-cimagine

Snapchat developerləri servisdə, üzlə idarəolunan Santa’s Helper adlı oyunu təqdim ediblər. Oyunçular bu oyunda qarlı yamacdan sürüşən elf rolunda çıxış edirlər. Santanın köməkçisi olan elf, oyunçunun üzünü əks etdirərək qarlı yamacdan sürüşərək müxtəlif hədiyyələr yığmalıdır. Bununla yanaşı həmin elf, onu yolundan etməyə çalışan dovşanlardan yayınmalıdır. Elfi idarə etmək üçün istifadəçi öz üzünü sola-sağa hərəkət etdirməlidir. Tətbiq, istifadəçinin gözlərinin vəziyyətini smartfonun ön kamerası vasitəsilə tanıyır. Beləliklə elfin hərəkət istiqaməti dəyişir. Snapchat-ın nümayəndələri bildiriblər ki, oyun sadəcə olaraq istifadəçilərə təqdim olunmuş bayramqabağı bir sürprizdir və onların gələcəkdə oyun layihələri yaratmaq kimi planları yoxdur.

santas-helper-snapchat

İstiliyi elektrik enerjisinə çevirmək üçün qurğu yaradılıb. ABŞ və Belçika tədqiqatçıları istilik enerjisini effektiv şəkildə elektrik cərəyanına çevirməyə imkan verən texnologiya təqdim ediblər. Texnologiya müəlliflərinin sözlərinə görə, belə qurğular istilik enerjisinin daxili yanma mühərriklərinin işi üçün əlavə məhsul olmasına görə çox faydalıdır. “Bizim istifadə etdiyimiz enerjinin təxminən yarısı istilik şəklində atmosferə keçir. Bərk termoelektriklər bu enerjinin bir hissəsini qaytara bilərlər. Hərəkətli hissələrə malik olmayan belə qurğular köhnəlmir və xidmətin göstərilməsini tələb etmirlər. Təəssüf ki, indi onlar çox bahadır və geniş yayılma üçün kifayət qədər effektiv deyil. Biz məhz bunu dəyişmək üzərində çalışırıq”, – tədqiqat müəlliflərindən biri Stiven Buna bildirib. Alimlər son işlərində nazik platin lövhələri əvəzinə Zeebek effekti sayəsində əvvəllər olduğundan daha güclü – bir neçə nanovoltdan onlarla və yüzlərlə nanovoltadək cərəyan verən platinin çiləndiyi nikeldən istifadə ediblər. Bu, az da olsa, əksər adi cihazlar üçün böyükölçülü və daha güclü qurğu yaratmağa kömək edə bilər.

enerji

Sürücüsüz avtomobillər üçün proqram təminatı hazırlayan mərkəz istifadəyə verilib. Bu il smartfon istehsalından imtina edərək proqram təminatının buraxılışına üstünlük verən Kanadanın “BlackBerry” şirkəti sürücüsüz avtomobil nəqliyyatı üçün həllərin hazırlanması ilə məşğul olacaq yeni tədqiqat mərkəzi açıb. Ottava şəhəri yaxınlığında yerləşən laboratoriyanın açılış mərasimində Kanada Baş naziri Castin Trüdo və şirkətin baş direktoru Con Çen iştirak edib. Məlumata görə, yeni mərkəz diqqəti şirkətin sürücüsüz avtomobillərdə istifadəsini planlaşdırdığı “BlackBerry QNX” platforması üçün proqram təminatının yaradılmasına yönəldəcək. Platforma avtomobillərə insanların iştirakı olmadan hərəkət etməyə imkan verən hazır alqoritmlər təklif etmir və gələcəkdə robotlaşdırılmış avtomobillər üçün proqram təminatının əsasını təşkil edəcək. Baş direktor C.Çen tərəfdaşların adını açıqlamayaraq qeyd edib ki, artıq bir sıra istehsalçılar sürücüsüz avtomobillər üçün “BlackBerry QNX” platformasını tətbiq edir. “Avtomobil şirkətləri üçün proqram həllərinin yaradılması bizim üçün sürətlə artan biznes olacaq. Bu, yalnız başlanğıcdır. Bütün avtomobil istehsalçıları potensial baxımdan bizim müştərilərmizdir. Bizim çoxlu işçi məkanına ehtiyacımız var”, – deyə baş direktor vurğulayıb. Bildirilir ki, layihəyə investisiyaların həcmi təxminən 76 milyon dollar təşkil edəcək. Hazırda işçilərinin sayı 5 minə bərabər olan “BlackBerry” şirkətində beş il əvvəl 17 min nəfər çalışıb.

blek

“FashionUnited” şirkətinin mütəxəssisləri müxtəlif ticarət markalarının sosial şəbəkələrdəki mövqelərini öyrənib və 2016-cı ilin populyar olan brendlərinin reytinqini tətbiq ediblər. Qiymətləndirmənin əsas amili “Facebook”, “Instagram”, “Pinterest” və “Twitter” kimi kütləvi sosial şəbəkələrdə qeydiyyatdan keçənlərin və fəal istifadəçilərin sayı olub. Hesablamalara görə, sosial şəbəkələrdə geridə qoymaqda olduğumuz ilin ən populyar brendi “Nike” olub. İdman geyimləri və ayaqqabılarının istehsalı ilə məşğul olan ticarət markasının “İnstagram” akkauntuna son bir il ərzində əlavə olaraq 12,7 milyon istifadəçi qeydiyyata düşüb. “FashionUnited” reytinqinin ikinci pilləsində “Nike”ın əsas rəqibi “Adidas” qərarlaşıb. Bu markanın “İnstagram”dakı tərəfdaşlarının sayı son bir il ərzində 12 milyon nəfərə qədər artıb. TOP-10-luğa “Chanel”, “Dior”, “Zara”, “Gucci”, “Louis Vuitton”, “Burberry”, “H&M” kimi tanınmış brendlərin adları daxil edilib.

jus

Avropa Statistika Komitəsi Avropanın hansı ölkəsində daha çox mobil internetdən istifadə olunduğunu hesablayıb. Nə qədər çox insanın mobil internetdən istifadə etdiyini müəyyən etmək üçün statistiklər sorğu keçiriblər. Mütəxəssislər 16-74 yaşlı Avropa Birliyi ölkələrinin sakinlərini sorğu-sual ediblər. Sorğunun nəticələrindən məlum olub ki, son üç ay ərzində daha çox mobil internetdən İspaniya sakinləri istifadə ediblər. Bu göstərici ölkədəki bütün ümumi internet istifadəçilərinin 93 faizi təşkil edib.  Bundan başqa, Kipr və Hollandiyada mobil telefonlardan internetə çıxışı istifadəçilərin 88 faizi əldə edib. Xorvatiyada bu rəqəm 87 faiz, Böyük Britaniyada 86 faiz, Danimarkada 85 faiz, Latviyada isə 62 faiz təşkil edib. Litva, Estoniya, Polşa və Çexiya kimi ölkələrə gəldikdə, bu ölkələrin sakinləri internetə çıxış əldə etmək üçün daha çox noutbuklardan istifadə ediblər.

telefon

Rusiyada mobil telefonların satış bazarının əsas payı Cənubi Koreyanın “Samsung” şirkətinə məxsusdur. Bu barədə “GfK Group” marketinq şirkətinin dərc etdiyi statistik məlumatlarda deyilir. Bu məlumatlara əsasən, mobil telefonlar bazarında “Samsung Elektronics” korporasiyası əminliklə liderliyini saxlayır – 20,1 faiz. İkinci yerdə ABŞ-ın “Apple” korporasiyası qərarlaşıb. Onun satış həcmində ümumi payı 12,4 faiz təşkil edir. Üçüncü yeri 8,6 faizlik payla Çinin “Huawei” şirkəti yerləşir. Dördüncü mövqedə Çinin “Lenovo” şirkəti qərarlaşıb ki, onun da satış göstəriciləri xeyli azalıb. Belə ki, ötən il 13,7 faiz bazar payına malik şirkət hazırda ümumi telefon məhsulları bazarının 7,4 faizini əldə edib.

samsung

2016-cı ildə Rusiyada internet vasitəsilə musiqi satışı ötən ilin analoji dövrü ilə müqayisədə 20 faiz artıb. Bu barədə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin bildirib. Volinin sözlərinə görə, cari ildə musiqi satışının həcmi 2,8 milyard rubl təşkil edib. Videokontentin satışı da 20 faiz artaraq 4,5 milyard rubl, elektron kitabların satışı isə 43 faiz artaraq 2,3 milyard rubl olub. Oyunların rəqəmsal satışının həcmi 53 milyard rubl olub ki, bu da ötən ilki göstəricidən 14 faiz çoxdur. Cari ildə internet bazarlarının həcmi 2,27 trilyon rubl təşkil edib. Bu məbləğ özündə elektron ödənişləri də ehtiva edir. Bu göstərici ötən ilkindən 16 faiz yüksəkdir.

kart

“VKontakte” sosial şəbəkəsində 2016-cı ilin sonuna qədər yeni funksiya fəaliyyətə başlayacaq. Saytın istifadəçiləri özü məhv olan məlumatlar dərc edə biləcəklər. Yeni imkanlar bir növ “İnstagram” sosial şəbəkəsindəki analoji “Stories” funksiyasına bənzəyir. Sosial şəbəkədə akkaunt sahibləri öz səhifələrinə 24 saatdan sonra avtomatik olaraq silinəcək media fayllar yükləyə biləcəklər. Bundan başqa, şəkil və videolarda “VKontakte”də istifadə edilən filtr və stikerlərdən istifadə etmək mümkün olacaq. Yeni bölmə xəbər lentinin atında yerləşəcək. Yenilik tezliklə “VKontakte” əlavəsinin iOS əməliyyat sisteminin 2.11 versiyasında istifadə olunacaq.

vk

2017-ci il yanvarın 11-dən etibarən Norveçdə FM diapazonunda yayım aparan radio ötürücülərinin qapadılmasına başlanacaq. Bu barədə Norveç hökuməti qərar qəbul edib. Beləliklə, Norveç FM radio yayımlarından rəqəmli standarta keçən ilk ölkə olub. FM tezlikləri tədricən qapadılacaq: əvvəlcə Nordland regionunda, sonra ölkənin cənubunda. Bəzi lokal radiolar isə 2022-ci ilə qədər FM tezliyində fəaliyyəti davam etdirəcəklər. Lakin ölkə əhalisinin əksəriyyəti qərarın əleyhinədir. Keçirilən rəy sorğusunda iştirak edənlərin üçdə ikisi qərarın əleyhinə çıxıb. Rəqəmli standarta keçdikdən sonra ölkədə təxminən 8 milyon radioqəbuledici lazımsız əşyaya çevriləcək.

fm

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register