Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“SuperData” analitik şirkəti 2016-cı il üçün interaktiv əyləncələr bazarı üzrə maliyyə statistikasını dərc edib. Statistikaya görə, başa çatmaqda olan ildə oyun sənayesinin gəlirləri 91 milyard dollara çatıb. Daha çox gəliri oyun həvəskarlarının təxminən 41 milyard dollar xərclədiyi mobil oyun proqramları gətirib. Onlar arasında ən çox satılan “Monster Strike”, “Clash of Clans” və “Clash Royale” oyunları olub. Bu baxımdan fərdi kompüterlər üçün oyunlar bazarı da geri qalmır. Oyun həvəskarları 2016-cı ildə adi oyunlara, abunə ilə kütləvi çoxistifadəli onlayn oyuna (MMO), “free-to-play” və digər sosial şəbəkə oyunlarına təxminən 36 milyard dollar sərf ediblər. Bu seqmentdə il ərzində yaradıcılarına 1,7 milyard dollar qazandıran “League of Legends” oyunu mütləq liderdir. Qalan məbləğ konsol bazarı, kiberidman, video oyunları və virtual reallıq bazarı arasında bölünüb. Konsol oyun həvəskarları bu il 6,6 milyard dollar xərcləyib ki, bunun da 591 milyard dolları “Call of Duty: Black Ops 3” və 585 milyard dolları “Overwatch” oyunlarına sərf edilib. Virtual reallıq qurğuları bazarında vəziyyət isə ürəkaçan deyil. Qurğuların qiymətinin baha və ciddi animasiya oyunlarının sayının az olmasına görə bu seqmentdə gəlir 2,7 milyard dollara bərabərdir.

superdata

“Kolon Industries” şirkətinin top-menecerlərindən biri “The Korea Herald” nəşrinə müsahibəsində deyib ki, 2018-ci ilədək 3-5 smartfon istehsalçısı “ağıllı” telefonlar bazarında elastik aparatlarını təqdim edə bilər, 2019-cu ildə Cənubi Koreyanın smartfon bazarında elastik qurğuların payı 20%-ə yaxınlaşa bilər. “Phone Arena” nəşri yazır ki, “Kolon Industries” şirkətinin adı geniş kütləyə naməlum olsa da, ancaq sözügedən şirkət dünyada elastik displeylərdə şüşəni əvəz edən nazik plyonkaların yaradılması üçün lazımi rəngsiz polimidin yeganə kütləvi istehsalçısıdır. “Kolon Industries” şirkəti “Samsung” və “LG” şirkətlərinin tədarükçüsüdür, sonuncular elastik ekranların yaradılması üzərində aktiv işləyirlər. Şirkətin polimid istehsalı üzrə bölməsinin direktoru Kanq Çunq-Seokun fikrincə, ilk elastik smartfonlar gələn il əlçatan ola bilər. Bu halda smartfonlarda elastiklik radiusu 5 mm təşkil edəcək. Xatırladaq ki, cari ilin iyununda “Lenovo” şirkəti “OLED” ekranla təchiz edilmiş elastik smartfonların iki prototipini təqdim edib.

qatlanan

Fransanın Turuvr şəhərində günəş batareyaları ilə örtülən dünyanın ilk avtomobil yolu hissəsinin açılışı olub. Açılış mərasimində ölkənin ekologiya, davamlı inkişaf və energetika naziri Seqolen Royal bildirib ki, avtomobil yollarının səthindən günəş işığının enerjisini elektrikə çevirən pannonun yerləşdirilməsi üçün istifadə edilməsi kənd təsərrüfatının aparılması üçün yararlı olan torpaqlara qənaət etməyə imkan verir. Dövlətdən 5 milyon avro məbləğində maliyyə dəstəyi alan layihənin 5 min sakinin məskunlaşdığı şəhərin işıqlandırılması üçün kifayət edəcək elektrik enerjisini hasil etməyə və toplamağa imkan verəcəyi bildirilir. Nazirin sözlərinə görə, 2017-ci ildə təsdiq ediləcək Fransada “günəş yolları”nın inkişaf planı beşillik müddətə belə örtüyə malik min km yolun çəkilməsini nəzərdə tutur. Qeyd edək ki, bir müddət əvvəl “Tesla” şirkəti Sakit okeanda yerləşən Tau adasını dizel generatorlarından günəş batareyalarına keçirib.

gunes

“Science” jurnalı 2016-cı ilin ən mühüm elmi kəşflərini açıqlayıb. “LIGO Scientific Collaboration” adlı beynəlxalq layihəyə daxil alimlər tərəfindən qravitasiya dalğalarının aşkar edilməsi və Günəşə ən yaxın Proksima Sentavra ulduzunun yaxınlığında Yer kürəsini xatırladan planetin tapılması bu siyahıya əlavə edilib. Jurnalın əməkdaşları, həmçinin “Google DeepMind” şirkəti tərəfindən hazırlanmış “AlphaGo” süni intellektinin qo oyununda peşəkar oyunçu Li Sedol üzərində qələbəsini qeyd ediblər. Orta yaşlı siçanlarda qocalmış hüceyrələrin ləğvinin ömrün uzunluğuna imkan yaratmasını sübut edən kəşf reytinqdə dördüncü yerdə qərarlaşıb. Bundan başqa, zülalların xüsusiyyətlərini proqnozlaşdırmağa imkan verən kompüter proqramlarının hazırlanması və laboratoriya şəraitində toxum hüceyrələrindən canlı siçanların yetişdirilməsi reytinqə salınıb.

science

Tiba şəhəri Tokiodan 40 km məsafədə yerləşir. İndi adı çəkilən şəhərdə aktiv tikinti işləri aparılır. Bir neçə il sonra 10 mindən çox nəfər yeni mənzillərlə təmin ediləcək – onlar üçün dron göyərtəsinə malik yeni göydələnlər inşa olunur. Evlər, həmçinin zəruri avadanlıq və hava nəqliyyatının incəliklərinə yiyələnmiş personalla təchiz ediləcək. Uçuş aparatları ilə lazımi səviyyədə davranmaq qabiliyyətinə malik operatorlar hazırlamaq üçün yerli ali məktəblərdə yeni ixtisas açıblar. Tiba şəhərinin meri deyib ki, məhsulların dronların köməyi ilə çatdırılması yaşlı sakinlərin işini asanlaşdıracaq. Onların bir çoxu üçün alış-verişə getmək çətindir, amma yüngül və sürətli dron lazımi məhsul, dərman və zəruri əşyaları birbaşa təqaüdçünün evinə çatdıracaq. İlk mərhələdə təxminən 200 dron işləyəcək. Pilotsuz aparatlar şəhərin üzərində uçaraq bağlamaları və alış-verişi insanlara çatdıracaq. Şəhər administrasiyasının məlumatına görə, pilotsuz uçan aparatlardan istifadə nəqliyyat sisteminin işini təxminən 40% yüngülləşdirəcək. Bundan başqa, Tiba şəhərinin meri turistləri yeni rayona cəlb etməyə ümid edir.

dron

Məlum olduğu kimi, “Microsoft” tədricən köhnə əməliyyat sistemlərinə dəstəyi dayandırır. Bundan əvvəl “Windows XP” bütün dəstək növlərindən məhrum edilib, “Windows Vista” əməliyyat sistemi isə 11 aprel 2017-ci il tarixinədək təhlükəsizlik bülleteni ilə təmin ediləcək. Qeyd edək ki, bəzi istehsalçılar, həmçinin tədricən köhnə ƏS-i üçün öz proqramlarının dəstəklənən versiyasını buraxmaqdan imtina edirlər. Ehtimal ki, gələn il “Mozilla” şirkəti “XP” və “Vista” sistemlərini dəstəkləməkdən imtina edəcək. Şirkətin rəsmi bloqunda tərtibatçılar bildirmişdilər ki, 2017-ci ilin sentyabrınadək brauzerin müvafiq versiyalarını çıxarmağa davam edəcəklər: “Firefox “Windows XP” və “Vista” əməliyyat sistemlərini dəstəkləməyə davam edən azsaylı brauzerlərdən biridir və biz ən azı 2017-ci ilin sentyabrına kimi təhlükəsizlik bülleteni çıxarmağı planlaşdırırıq. İstifadəçilərə yeniləmələrin alınması üçün əlavə hərəkətləri (təsirləri) etmək lazım olmayacaq. 2017-ci ilin ortalarında biz “Windows XP” və “Vista” platformalarına sadiq istifadəçilərin sayını dəqiqləşdirəcəyik və bundan sonra bu sistemlərin dəstək müddətinin dayandırılma tarixini söyləyəcəyik”.

mozila

Yaponiyanın MacOtakara saytı 2017-ci ildə təqdim olunacaq iPhone modelinin özəlliklərini təqdim edib. Mənbənin verdiyi məlumata görə, gələn il, 3 iPhone modeli təqdim olunacaq. 4.7 inç ekranlı iPhone 7s, 5.5 inç ekranlı iPhone 7s Plus və iPhone 8. Məlumata əsasən, iPhone 7s və iPhone 7s Plus modelləri LCD ekranla təchiz olunacaqlar. Lakin iPhone 7s Plus modeli daha parlaq və ekonomik OLED matrisaya sahib olacaq. Hər iki modelin korpusu alüminiumdan hazırlanacaq. iPhone 8-in isə korpusu şüşədən ibarət olacaq. iPhone 8-in arxa paneli üçün şüşə korpusu Çinin “Biel Crystal Manufactory” və “Lens Technology” şirkətləri istehsal edəcək. Həmçinin iPhone 8, naqilsiz şarj sistemini dəstəkləyəcək, şüşə korpus isə metaldan fərqli olaraq radiotezlikli maneələr yaratmayacaq. Ən əsas özəlliklərdən biri isə iPhone 8-in 3D çəkimlər üçün nəzərdə tutulmuş xüsusi kamerası olacaq. Əgər iPhone 7s və iPhone 7s Plus modellərində arxa kameralar horizontal olacağı halda, iPhone 8-də arxa kameralar vertikal şəraitdə olacaq.

iphone

Samsung yeni ildən etibarən yeni telefonlar tanıtmağa hazırlaşır. Bu dəfə Galaxy A seriyasına məxsus 2017 model Galaxy A5 telefonunun məlumatı mediyaya sızdırılıb.Samsung-un 2017-ci ildə istifadəçilərə təqdim etməyə hazırlaşdığı yeni Galaxy A5 modeli keçən ilki ilə müqayisədə daha yüksək standartlara malikdir. Yeni modelin 4 fərqli rəngə, yəni qara, qızılı, çəhrayı və mavi rənglərə sahib olacağı bildirilir. 2017 model Samsung Galaxy A5 telefonunun texniki xüsusiyyətləri. Bu modelin 5.2 inç Full HD Super AMOLED ekrana, 8 nüvəli, 1.8 GHz sürətlə işləyən Exynos 7880 çipsetə sahib olması gözlənilir. Bundan əlavə daha əvvəlki modellərdə 2 GB olan RAM yeni modeldə 3 GB-a yüksəldilib. Yeni modelin 32 GB daxili yaddaşı, 3000 mAh batareyası, 16 MP-li kamerasının olması gözlənilir. Ağıllı telefonda barmaq izi sensoru da öz yerini alıb. Yeni modelin IP68 sertifikata malik olacağı da yer alan məlumatlar arasındadır. Bu isə onun suya, toza qarşı dayanıqlı olacağına işarədir. Yeni telefon yanvarda baş tutacaq CES 2017 tədbirində tanıdılacaq. Modelin qiymətinin isə təqribən 390 dollar olması gözlənilir. Qiymət heç də orta büdcə üçün ucuz olmasa da telefonun sahib olduğu xüsusiyyətlər kifayət qədər normaldır.

samsung-galaxy-a5-2017

Samsung Galaxy S8-in gecikəcəyi barədə şaiyələrin fonunda daha bir smartfonun tez zamanda satışa çıxacağı məlum oldu. Sözügedən smartfon LG G6-dır. Cihazın gələn il MWC 207 sərgisindən sonra Mart ayında satışa çıxması gözlənilir. Bir sıra mənbələr isə smartfonun arxa panelinin render fotolarını təqdim ediblər. Təqdim olunmuş render fotolarda arxa paneldə yandırıb/söndürmə düyməsi, korpusun kənar hissəsində səs gücləndiricisi düyməsi əks olunmuşdur. Buna oxşar funksional düymələrini biz LG G5-də görmüşdük. Lakin yeni modelin arxa qapağı V20 fabletindəki kimi yastı formada olacaq. Bəzi məlumatlara əsasən şirkət bu dəfə yeni smartfonunda çıxarıla bilən enerji batareyasından imtina edəcək. Lakin bunun əvəzində cihaz suyadavamlı olacaq. LG G6 metal korpusa sahib olacaq və bu dəfə qalın rəng örtüyündən azad olacaq. Həmçinin smartfonun ikili arxa kameraya və göz qişasının skan sisteminə sahib olacağı da gözlənilir. Ekranın 5.3-dən 5.5 inç ölçüdə olacağı təxmin edilir. Texniki göstəricilərinə gəldikdə isə çox güman ki, LG G6, 8 nüvəli Snapdragon 835 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. 3.5 mm-lik audio giriş isə olduğu kimi qalacaq. LG G6 gələn ilin Fevral ayının sonunda keçiriləcək MWC 2017 sərgisində təqdim olunacaq. Şirkət, smartfonu rəqiblərindən öncə satışa çıxartmağı planlaşdırır. Buna görə də cihazın istehsalı Fevral ayında start götürəcək və Mart ayında satışa çıxacaq.

lg-g6-render-m

Çində dizaynı, qiyməti və xüsusiyyətləri ilə diqqət çəkəcək yeni telefon satışa çıxarılacaq. Telefonun istehsalçısı isə mərkəzi Çində yerləşən Gionee şirkətidir. Ağıllı telefon istehsalçısı Gionee, 7000 mAh batareya və dizaynı ilə diqqət çəkən M2017 modelini tanıtmağa hazırlaşır. Gionee M2017 telefonunun xüsusiyyətləri. Xüsusi formada dizayn olunmuş yeni M2017 modeli bir sıra xüsusiyyətləri ilə diqqət çəkir. Belə ki, Gionee M2017 telefonunun Snapdragon 653 prosessora, 6GB RAM, 128GB və 256GB daxili yaddaşa sahib olması haqda məlumat mövcuddur. Telefonun 5.7 inç, 2560 x 1440 keyfiyyətli ekrana sahib olması gözlənilir. Gionee M2017 model adlı telefonun arxa hissəsində 12MP və 13MP keyfiyyətli iki kamera yer alarkən, bunlardan biri iPhone 7 Plus modelində olduğu kimi 2x optic yaxınlaşma edə bilir. Telefonunu ön hissəsində isə 8MP kamera yer almaqdadır. 155.2 x 77.6 x 10.78 mm ölçülərə, 238 qram çəkiyə, USB Type-C girişə, barmaq izi sensora da sahib olan telefonun diqqət çəkən bir digər xüsusiyyəti onun 7000mAh batareyaya malik olmasıdır. 6 yanvar 2017 tarixindən etibarən satışa çıxacaq olan Gionee M2017-nin 128GB-a malik modelinin qiyməti 1010 dollar, 256GB-lıq modelinin isə 2446 dollara satışa çıxarılacağı bildirilir. İkinci modelin arxa korpusu (keysi) timsah dərisi ilə təchiz olunub.

gionee-m2017

“Xiaomi” şirkətinin Mİ 6 smartfonunu təqdim edəcəyi güman olunan tədbirin dəvət fotosu paylaşılıb. Təqdim olunmuş foto lakonikdir. Yəni fotoda smartfonun texniki göstəriciləri və dizaynı əks olunmayıb. Lakin təqdimat tarixi bildirilib. Əgər fotoya inansaq deməli Xiaomi Mi 6, 14 Fevral 2017-ci il tarixində təqdim olunacaq. Həmçinin fotodakı 6 rəqəmi, tədbirdə məhz Xiaomi Mi 6-nın təqdim olunacağına işarə verir. Daha əvvəlki məlumatlara əsasən Xiaomi Mi 6, yeni Snapdragon 835 çipi ilə təchiz olunmuş ilk smartfon olacaq. Ehtimal ki, smartfonun bir neçə versiyası satışa çıxacaq. Misal olaraq Mi 6S, Mi 6E və Mi 6P-ni gətirmək olar. Sözügedən modellər çiplərinin növlərinə görə bir-birilərindən fərqlənəcəklər. Smartfonun güman olunan texniki göstəriciləri ilə aşağıdan tanış ola bilərsiniz. 5.2 inç ekran, Snapdragon 835/Pinecone/Helio X30, 6 GB RAM və 64 GB daxili yaddaş, 20 MP-lik atrxa və 12 MP-lik ön kamera, 4000 mAh enerji tutumlu batareya (Quick Charge 4.0 funksiyalı), Smartfonun 500$ qiymətinə satılacağı təxmin edilir.

xiaomi

Telekommunikasiya avadanlıqlarının sertifikatlaşdırılması üzrə TENAA saytında Galaxy C5 Pro cihazının fotoları təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, smartfonun rəsmi anonsu hələki olmayıb. TENAA-da yayımlanmış məlumatlar Galaxy C5 Pro-nun texniki göstəricilərini təsdiqləyir. Smartfon, 5.2 inç Full HD ekran, Qualcomm Snapdragon 626 prosessoru , 4 GB RAM, 64 GB daxili və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy C5 Pro, 16 MP-lik arxa və 16 MP-lik ön kameraya sahib olacaq. Cihaz, Android 6.0.1 Marshmallow əməliyyat sistemi vasitəsilə çalışacaq. Bu smartfonun da, Galaxy C5 və C7 Pro ilə birlikdə Yanvar ayında təqdim olunması gözlənilir.

sam

Yaponiyada mobil telefonların ekranını təmizləmək üçün “tualet kağızı” istehsal olunub. Kağızı “NTT Docomo” mobil operatoru hazırlayıb. Artıq yeni məhsul Tokionun şərq hissəsində yerləşən Narita hava limanının terminallarında istifadə olunmağa başlayıb. Terminallardakı tualetlərdə adi tualet kağızı rulonları ilə yanaşı, smartfonlar üçün nəzərə tutulan kiçik rulon da asılıb. Kağızı istifadə etdikdən sonra unitaza atmaq məsləhət görülür. Alimlər bildirir ki, mobil telefonların ekranları təhlükəli bakteriyalarla zəngin olur. Onların arasında ən təhlükəli olan qızılı stafilokokk bakteriyasıdır.

kagiz

İnternetlə alkoqol ticarəti məsələsi demək olar ki, tənzimlənib və 2018-ci ildən internetlə alkoqol satışına başlanacaq. Bu barədə Rusiya sənaye və ticarət nazirinin müavini Denis Manturiv bildirib. Onun sözlərinə görə, internetlə alkoqol ticarəti pərakəndə satış şəbəkələrində olduğu kimi aparılmalıdır: “Alkoqolun internetdə satılmasına artıq prinsipial etiraz yoxdur. Yaxın yarım il ərzində mexanizmi nizamlamaq və 2018-ci ildən satışa başlamaq mümkün olacaq”. Nazir müavini deyib ki, hazırda əsas məsələ sektoru aydın, şəffaf və nəzarət oluna bilən duruma gətirməkdir.

alkaqol

Yaponiyanın “MacOtakara” portalı 2017-ci ildə təqdimatı gözlənilən “iPhone 8” smartfonu haqqında yeni məlumatlar yayıb. “iPhone 8”in 3D formatında çəkiliş üçün vertikal ikili kameraya, daha parlaq və qənaətcil OLED-displeyə malik olacağı bildirilir. Cihazın korpusu şüşədən olacaq və bunun sayəsində smartfon simsiz şarj edilə biləcək. Bundan başqa, gələn il “iPhone 7s” və “iPhone 7s Plus” smartfonlarının da təqdim olunacağı gözlənilir. Bu cihazların LCD-ekran, alüminium korpus və horizontal yerləşəcək obyektivə malik olacaqları gözlənilir. Qeyd edək ki, “Apple”ın “Ferrari” avtomobil brendi ilə əməkdaşlıq şəraitində xüsusi smartfon buraxacağı barədə də xəbər yayılıb.

iphone

Çin kiberterrorçuluqla mübarizə məqsədilə yeni strategiya hazırlayıb. İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bildirilir ki, Çin ölkənin kiberməkanı üçün qanuni və şəffaf təhlükəsizlik sistemi qurmaq istəyir. Məqsəd ölkəni kiberterrorçulardan qorumaq və informasiya məkanını təhlükəsiz saxlamaqdır. Qeyd edək ki, 2008-ci ildə bəyənilən müvafiq sistem üzərində aparılan işlər bu ilin payızında başa çatıb. 2016-cı ildə bu sistem test mərhələsində olub.

kiber

ABŞ-da yaşayan proqramçı Tommi DeVoss “Facebook” sosial şəbəkəsinin məxfilik bölməsində çatışmazlıq müəyyən edib. Problem gizli elektron ünvanına çıxış bağlı olub. Amerikalı proqramçının sözlərinə görə, zəiflik “Facebook Groups”da müşahidə olunur. Bu funksiyanın sayəsində istifadəçiləri hər hansı maraqlar ətrafında birləşdirən qruplar və icmalar yaratmaq imkanı mövcuddur. İstifadəçi səhifəsinin məxfiliyinin seçimindən asılı olmayaraq, bu və ya digər qrupun inzibatçısı istifadəçinin elektron qutusunun ünvanını öyrənə bilər. İstifadəçinin bu qrupda inzibatçı olmaq istəmədiyi halda, “Facebook”un mobil əlavəsində qrupa dəvətdən imtina edir, o zaman avtomatik olaraq ünvan sətrinin elektron ünvan görünən bir səhifəyə istiqamətləndirilməsi gedir. DeVassın fikrincə, bu problemin köməyi ilə kibercinayətkarlar istifadəçilərə fişinq hücumlar həyata keçirə bilərlər. Amerikalı proqramçı artıq bu çatışmazlıqla bağlı “Facebook” rəhbərliyinə məlumat verib və buna görə də 5 min dollar mükafat alıb. Hazırda problem aradan qaldırılıb.

face

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register