Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Yaponiyanın “Fukoku Mutual Life Insurance” sığorta şirkəti 30-dan çox əməkdaşını süni intellektlə əvəz edəcək. “IBM Watson” texnologiyası əsasında yaradılmış süni intellektə malik yeni “əməkdaşlar” hələ ki, ödənişlərin qiymətləndirilməsi bölməsində işləyəcəklər. Onlar tibb, sığorta haqqında hesabatlar və digər sənədləri emal edəcəklər. Daha əvvəl bu sənədləri 130-dan çox əməkdaş hazırlayırdı. Onlar ildə 130 mindən çox sığorta hadisəsini təhlil edirdilər. Şirkətin süni intellektə keçidlə bağlı qərarı nəticəsində 34 əməkdaş ixtisar ediləcək və bu, ildə təxminən 1,2 milyon dollar məbləğində vəsaitə qənaət etməyə imkan verəcək.
Cənubi Koreyanın “Samsung” korporasiyası “Samsung Galaxy” smartfonlar seriyasından yeni, “Samsung Galaxy S8” adlı modeli hazırlayıb. Çində Twitter-in analoqu olan Weibo mikrobloqinq servisində yeni modelin ilk fotoları paylaşılıb. “Samsung Galaxy S8″in displeyinin kənarları əyridir. Smartfonun sağında enerji yığma düyməsi, solda isə səs tənzimləyici düymə var. Ekranın altındakı ənənəvi klaviş yoxdur və onun yerində “Samsung” loqotipi mövcuddur. Çox yəqin ki, yeni modeldə naviqasiya ekran klaviaturası vasitəsilə gerçəkləşdiriləcək. Ümumiyyətlə isə yeni modelin dizaynı mövcud “Samsung Galaxy”lərdən ciddi fərqlənmir. The Wall Street Journal-ın məlumatına görə, “Samsung”un yeni flaqmanının rəsmi təqdimatı apreldən sonra olacaq.
Sock-Aid adlı bu cihaz ilə artıq əyilmədən corab geyinmək mümkün olacaq. Dizayner Deniel Urbanek bunu iş yoldaşının yaşlı nənəsi üçün düşünüb hazırlayıb. Bu ideya qüsurlu insanlara çox yardımçı olacaq, hətta hamilə qadınlar belə məhz bu cihazdan istifadə edərək corablarını geyinə biləcəklər. Yeni istehsal olunan cihazın İstifadəsi çox rahatdır, bunun üçün corabı, sadəcə, cihazın kənarlarına bərkidib, onu xüsusi çubuğu ilə yerə qoyub ayağı corabın içinə astaca salmaq kifayətdir. Artıq yetərincə istifdəçisi olan cihaz haqqında rəylər çox müsbətdir. Cihazı 32 dollara sifariş etmək mümkündür.
CES 2017 tədbirində noutbooklar cəhətdən hər şey gözlənilən kimi oldu. Bir çox şirkətlər, Intel Kaby Lake prosessorları əsasında öz yeni və güclü notbook modellərini təqdim etdilər. Lakin onların arasında “Razer” şirkəti həqiqətən də təəccübləndirməyi bacardı. Belə ki, şirkət, tədbir çərçivəsində 3 ədəd 4K ekrana sahib noutbookun prototipini təqdim etdi. Sözügedən noutbookun heç bir xarici ekranı yoxdur. Əlavə iki ekran isə noutbookun üst qapağından kənarlara doğru açılaraq NVIDIA Surround texnologiyası sayəsində oyunlarda 180 dərəcəlik baxış bucağını təmin edir. Kod adı Project Valerie olan yeni noutbook, yenilənmiş Razer Blade Pro modeli əsasında hazırlanıb. Hər biri 17.3 inç olan 3 ekran birlikdə 12K görüntü keyfiyyətinə sahibdir. Noutbookun daxilində çox güclü NVIDIA GeForce 1080 model videokart yerləşir. İki əlavə ekran sayəsində noutbookun qalınlığı 38.1 mm təşkil edir. Hələki yeni model prototipdir. Şirkətin gələcəkdə noutbooku kütləvi istehsalata verməsi hələki bilinmir. Tədbir zamanı noutbooku incələmiş insanların məlumatlarına əsasən yeni model, iş zamanı yüksək səviyyədə qızır. “Razer”in yeni noutbooku, Chroma adlı proyektor ilə təchiz olunub. Həmin 4K proyektor vasitəsilə televizor və ya kompüter ekranına sığmayan istənilən görüntünü divarda əks etdirmək olar. Həmçinin 155 dərəcə baxış bucaqlı kamera, ətraf mühiti incələyir və otaqdakı mebellərin xüsusiyyətlərini nəzərə alaraq əks etdirilən görüntünü ona görə tənzimləyir. Sözügedən Chroma texnologiyası şirkətin digər məhsullarında da istifadə olunacaq.
Çinli alimlər, odda yanmayan və suda islanmayan yeni növ kağız yaradıblar. Yaradılmış yeni material öz xüsusiyyətlərinə görə dünyada analoqu olmayandır. Yeni kağız, Şanxay Keramika İnstitutunun mütəxəssisləri tərəfindən yaradılıb. Alimlərin sözlərinə görə orqanik olmayan kağız, elastik, dözümlü və ekstremal şəraitlərdə mexaniki zədələrə məruz qalmayandır. Kağız 200 dərəcə temperatura qədər tab gətirə bilir. Bundan əlavə olaraq kağızın quruluşu ona, suyu itələmək özəlliyini verir. Bu hətta kağız mexaniki zədələnsə belə baş verir. O, qəhvə, süd, çay və s. kimi içkilərlə təmasda heç bir izi üzərində buraxmır. Hal-hazırda çinli alimlər yeni kəşflərini patentləşdirmək üçün lazımi yerə sorğu göndəriblər. Alimlərin fikrincə yeni kağızın istifadəsi üçün inanılmaz sayda sahələr var.
Artıq Instagram demək olar ki, iPhone 7-nin bütün xüsusiyyətlərini dəstəkləyir. iPhone 7-nin prezentasiyası zamanı Instagram-ın təsisçisi Mike Krieger söz vermişdi ki, məşhur fotoservisə iPhone-nun Live Photo funksiyasını və genişləndirilmiş rəng çalarlarını əlavə edəcək. Bugün o, öz Twitter səhifəsində bildirib ki, şirkət, iPhone 7 və iPhone 7 Plus-ın genişləndirilmiş rəng çalarlarını Instagram üçün təqdim edir. Maraqlısı odur ki, bundan sonra iPhone istifadəçiləri fotoservisə Live fotoları kənar tətbiqlərsiz yükləyə biləcəklər. Beləliklə Live fotolar avtomatik olaraq GIF formata çevrilərək Instagram Stories-də paylaşılacaq.
Süni intellekt mexanizmlərdən çıxan səsləri “dinləyərək” nasazlığı aşkar edəcək. Dəfələrlə avtomobil sürücüsünün öz avtomobilinin səsinə qulaq asaraq “deyəsən, mühərrikdə problem var” deməsinin şahidi olmuşuq. İsrailin “3DSignals” şirkətinin süni intellekti artıq bu məsələlərlə məşğul olacaq. Onlar tərəfindən yaradılmış dərin kompüter təlimi prinsiplərindən istifadə edən süni intellekt sistemi mexanizmlərdən çıxan səsləri dinləyərək onlarda nasazlıq əlamətləri axtarır. “3DSignals” şirkətinin mütəxəssisləri tərəfindən lazımi avadanlığa (avtomobilin mühərriki və ya quraşdırma konveyeri) quraşdırılan ultrasəs mikrofonları 0-100 KHs diapazonunda akustik titrəyişləri qeydə almaq qabiliyyətinə malikdir. Bu mikrofonlar tərəfindən toplanılmış məlumatlar “bulud” xidmətinə ötürülür və qlobal neyron şəbəkəsi onların işlənməsi ilə məşğul olur. Sistem titrəyişlərin normal göstəricilərdən fərqliliyi zamanı nasazlıq tipini aşkar edərək nəqliyyat vasitəsinin sahibinə bu barədə məlumat verir. İndi “3DSignals” artıq ağır sənaye sektorunun bir neçə şirkəti ilə əməkdaşlıq edir və gələcəkdə sürücüsüz hərəkət edən taksi şəbəkələri işə salmağı planlaşdıran firmalarla danışıqlar aparır.
Dünyada üç ekranla təchiz edilmiş ilk noutbuk təqdim edilib. “Razer” şirkəti Las-Veqasda öz işinə başlayan “CES” sərgisində üç ekranla təchiz edilmiş qeyri-adi oyun noutbukunun prototipini təqdim edib. “Blade Pro” modeli əsasında hazırlanmış “Project Valerie” adlı noutbuk işıqlandırma ilə təchiz edilmiş iki əlavə ekrana malikdir və noutbukun qapağını açdıqdan sonra mərkəzi hissədən avtomatik olaraq açılır. 17.3 düymlük ekranların hər birinin təsvir ölçüsü 3840×2160 piksel (“4K Ultra HD”), ekranların ümumi təsvir ölçüsü 11520×2160 piksel təşkil edir. Noutbuk tərəfindən dəstəklənən “Nvidia Surround View” texnologiyası təsviri bütün ekranlar boyunca “dartmağa” imkan verir. “Project Valerie” noutbukunun qalınlığı 3.8 sm, çəkisi isə 5.5 kq-dır. Noutbuk “Nvidia GeForce GTX 1080” videokartı ilə təchiz edilib. Şirkət “Project Valerie” noutbukunun başqa parametrləri haqda məlumat vermir.
2017-ci ilin başlaması ilə “App Store” onlayn mağazası “Apple” korporasiyasına 240 milyon dollar həcmində gəlir gətirib. Bu göstərici xidmət üçün rekord nailiyyətdir. “Apple” korporasiyasının qlobal marketinq üzrə vitse-prezidenti Fil Şiller bildirib ki, 2016-cı ilin dekabr ayında “App Store”nin qazancı 3 milyard dollara çatıb. Xidmətin ötən il ərzində əldə etdiyi ümumi gəlirin həcmi isə 8,5 milyard dollar təşkil edib. Qeyd edilir ki, “App Store”da ötən il ən böyük populyarlığa malik proqram əlavəsi “Pokemon GO” olub.
“YouTube” video xidmətində böyük marağa səbəb olmuş növbəti video yerləşdirilib. “Tal Solomon” nikli istifadəçi öz itinə xoruldamağı tərgitməyin yollarını nümayiş etdirib. Video internetdə hitə çevrilib. İtin yiyəsi yatarkən xoruldayan köpəyini videoya çəkib. Sonra o, heyvanı bu vərdişdən çəkindirmək məqsədilə smartfonu itin qulağına yaxınlaşdırıb və xorultusunu onun özünün dinləməsinmi təmin edib. Təəccüblüdür ki, heyvan dərhal oyanıb. Videonu 2 milyondan çox istifadəçi izləyib. Şərh yazan bəzi istifadəçilər bu üsulu tətbiq etmək niyyətində olduqlarını deyiblər.
ABŞ-ın “Microsoft” korporasiyası “Nissan” və BMW avtomobillərinin bəzi modellərində “Cortana” süni intellekt sistemi quraşdırmaq niyyətindədir. Bunu korporasiya nümayəndələri ABŞ-ın Las-Veqas şəhərində keçirilən “Consumer Electronics Show (CES) 2017” sərgisində açıqlayıblar. Artıq süni intellektin sınağı da keçirilib. Test zamanı “Cortana” sistemi sürücüyə optimal marşrutu seçməkdə kömək edib. Nəqliyyat vasitəsini saxladıqdan dərhal sonra isə sürücünü maşını icazə verilən yerdə saxlayıb-saxlamadığı barədə məlumatlandırıb. “Cortana” sisteminin avtomobilin alətlər panelinə quraşdırılması planlaşdırılır. Bu, sürücünün nəzərdə tutulan car işlərin, hadisələrin, xəbər və xatırlatmaların siyahısına da baxmasına imkan verəcək.
“L’Oreal” şirkəti “Nokia Technologies”in bölmələrindən biri olan “Withings” şirkəti ilə birlikdə “Kerastase Hair Coach” “ağıllı” darağını təqdim edib. Qeyri-adi aksessuara mikrofon, giroskop, eləcə də xüsusi “datçik”lər quraşdırılıb ki, onların köməyi ilə daraq saçların sağlamlıq durumunu müəyyən edir. “Ağıllı” cihaz tərəfindən əldə edilən bütün məlumatlar mobil əlavəyə ötürülür və orada təhlil olunur. Məlumatlar yerli hava proqnozu ilə də birləşdirilir (rütubət, hərarət, küləyin sürəti) və onun əsasında istifadəçiyə saçlara qulluqla bağlı konkret məsləhətlər verilir. “Ağıllı” daraq Las-Veqasda keçirilən “CES 2017” sərgisində nümayiş olunur. Gözlənilir ki, cihazın satışına bu ilin ortalarında başlanacaq. Onun qiyməti 200 dollar təşkil edəcək.
Çinin “Xiaomi” şirkəti Las Veqasda keçirilən “CES 2017” beynəlxalq elektronika sərgisində “Mi TV 4” adlı yeni televizorunu təqdim edib. Yeni məhsulun əsas özəlliyi çox nazik və çərçivəsiz korpusa malik olmasıdır. Televizorun qalınlığı cəmi 4,9 millimetr təşkil edir ki, bu da müasir smartfonlardan, o cümlədən “iPhone”dan daha nazikdir. Yeni məhsul qeyri-adi konstruksiyaya malikdir. Audio blok, ana plata və qoşulma yerləri ayrıca təqdim olunur. Bu, onun üçündür ki, alıcı yeni televizoru almaq əvəzinə, bu yolla (TV Bar) öz köhnə televizorunu yeniləməyə üstünlük verə bilər. “Bizim “ağıllı” TV yaradılması işində ən böyük innovasiyamız modul televizorların hazırlanması yoludur”, – deyə şirkət nümayəndəsi Hüqo Barra bildirib. Yeni televizorun qiyməti 2 min dollardan azdır. Bu isə öz analoqları ilə rəqabətdə “Mi TV 4”ə əlavə üstünlük verir.
Yaponiyanın “Cerevo” şirkəti müxtəlif səthlər üzrə yerimə və ya ayaqla zərbə hisslərini imitasiya edən “Taclim” virtual reallıq çəkməsini təqdim edib. Hazırda prototip mərhələsində olan qurğu yalnız toxunuşla duyulan hissləri imitasiya edir. Müasir virtual reallıq sistemləri istifadəçiyə görmə və eşitmə hisslərini qəbul etməklə modelləşdirilən kompüter dünyasına dalmağa imkan verir. Bununla belə, onlar istifadəçinin modelləşdirilən dünya ilə realdakı kimi əlaqə yaradan zaman qəbul edə biləcəyi hissləri imitasiya edə bilmədiklərinə görə virtual reallığa tam dalmır. Yeni “Taclim” virtual reallıq botinkası ayağın altından və pəncədən qalın kəmərlə bərkidilib. Altlıqda toxunuşla duyulan hissləri imitasiya edən üç modul quraşdırılıb. Las-Veqasda “CES 2017” sərgisində qurğunu sınaqdan keçirən “Gizmodo” saytının müxbirinin sözlərinə görə, botinkanın imitasiya etdiyi hissləri real adlandırmaq hələ ki qeyri-mümkündür. Məlumata görə, “Cerevo” şirkəti yeni çəkmənin satışına bu ilin payızında başlamağı planlaşdırır. Bir cütün qiymətinin 1000-1500 dollar arasında olacağı gözlənilir. Hazırda qurğu prototipi yalnız “Google VR” virtual reallıq eynəyi ilə uyğunluq təşkil etsə də, mütəxəssislərin bildirdiyinə görə, yaxın vaxtlarda digər sistemlər (Oculus Rift, Steam VR və ya PlayStation VR) üçün adaptasiya ediləcək.
“Motiv” şirkəti hazırda bazarda əksər “ağıllı” idman bilərziklərinin taxılan qolbaq formasında təqdim edilməsinə baxmayaraq oxşar qurğunu üzük şəklində buraxmaq qərarına gəlib. Belə ki, “Motiv” qurğusu “ağıllı” bilərziklər kimi eyni funksiyaları yerinə yetirir: qət edilən addımların sayını və nəbzi izləyir, eləcə də idman etməyin lazım olması barədə mütəmadi məlumat verir. İstehsalçı nümayəndəsinin sözlərinə görə, boz və çəhrayı qızılı rəngli materialın korpusunun əsasını ultranazik titan təşkil edir. Qurğunun əyilən batareyası “Motiv” şirkəti tərəfindən hazırlanıb və bütün standart USB çıxışlarına qoşulan maqnit birləşdirici stansiya (dok stansiya) vasitəsilə enerji toplayır. Üzüklə dəstdə iki enerji toplama qurğusu tədarük edilir. Məlumata görə, üzük smartfon proqramı ilə sinxronlaşaraq seçilən müddət üçün bütün informasiyanı kartoçka və statistika şəklində göstərir. İstifadəçiyə dəqiqəbaşı öz aktivliyini təhlil etməyə imkan verən qurğu müəyyən addımların sayı şəklində hədəflər əvəzinə, aktivlik dəqiqələrindən istifadə edir. Şirkət nümayəndələri qeyd ediblər ki, bu, istifadəçiləri daha çox motivasiya edəcək. “Motiv” üzüyü üçün ilkin sifarişlər 199 dollara qəbul edilir. Şirkət əvvəlcə istifadəçilərə uyğun üzük ölçüsünü müəyyənləşdirmək üçün xüsusi dəstlər göndərəcək. Tədarüklərə yazda başlamaq planlaşdırılır.
“Polar” şirkəti istifadəçinin fiziki aktivliyi izləməyə imkan verən “ağıllı” “Polar Team Pro Shirt” maykasını təqdim edib. Geyim bədənə kip yapışan quraşdırılmış ötürücülər vasitəsilə istifadəçinin ürək döyüntüsünün tez-tez vurmasını və fəallığını izləməyə kömək edir. Öz növbəsində ötürücülər qeydə alınan məlumatları kürəyin yuxarı hissəsində bərkidilən çıxarılıb taxılan modula ötürdükdən sonra informasiya smartfon və ya planşetə göndərilir. “Polar” mütəxəssislərinin fikrincə, onların məhsulu təkcə aktiv istirahət həvəskarları deyil, peşəkar idmançılar tərəfindən yüksək qiymətləndiriləcək. Quraşdırılmış ötürücülər sayəsində “Polar Team Pro Shirt” real vaxt rejimində hərəkəti izləyir, eləcə də sürət və qət edilən məsafə kimi göstəricilərin monitorinqini həyata keçirir. Qət edilən məsafənin ölçülməsi imkanının olması isə idman komandalarının məşqləri üçün xüsusi əhəmiyyətə malikdir. Şirkətin “Polar Team Pro” platformasını dəstəkləyən digər məhsulla paralel istifadə imkanının mövcudluğu “Polar Team Pro Shirt” maykasını başqa məmulatlardan fərqləndirir. Açıq-boz rəngli S-XL ölçülü “ağıllı” maykanın bu ilin martında satışa çıxarılacağı nəzərdə tutulur. Gözlənilən qiymət barədə məlumat verilmir.
Populyar “Telegram” əlavəsi özünün proqram təminatının funksionallığını genişləndirərək, komandaların ilkin siyahısına göndərilmiş məlumatları silmək imkanını əlavə edib. Məlumatlar nəinki göndərən istifadəçidə, həmçinin alan istifadəçidə də itəcək. Bu cür yenilik proqramın 3,16 versiyasında olacaq və belə üstünlükdən yararlanmaq istəyən istifadəçilər üçün ilk əvvəl proqramı yeniləmək gərəkdir. Silmək düyməsindən məlumatın göndərildiyi andan ilk iki sutka ərzində istifadə etmək mümkün olacaq. Sonrakı mərhələdə arzuolunmaz kontenti silmək mümkün olmayacaq. Bu faydalı seçimdən başqa, “Telegram” messenceri yazışmanın sonuna qayıdılması düymə
“L’Oreal” şirkəti Las-Veqasda keçirilən “CES 2017” sərgisi çərçivəsində dünyanın ilk “ağıllı” darağını nümayiş etdirib. “Hair Coach” adlanan qurğu adi kosmetik aksessuarlardan istifadəçini saçları zədələyə biləcək sərt istifadə barədə xəbərdarlıq etməsi ilə fərqlənir. Daraq “Withings” şirkəti (Nokia şirkətinin bölməsi) ilə birlikdə ərsəyə gətirilib. Qurğuya mikrofon, cərəyanötürən və giroskopun daxil olduğu bütöv sensorlar kompleksi inteqrasiya edilib. Daxil olan məlumatların qiymətləndirilməsi sayəsində mobil proqram saçların zədələnmə dərəcəsi, nəmlik, kövrəklik və qarışıqlıq kimi əsas sağlamlıq parametrlərini müəyyənləşdirə bilir. Əldə edilən informasiya yerli hava proqnozu (rütubət, temperatur, küləyin sürəti) ilə uyğunlaşdırıldıqdan sonra onun əsasında qurğu istifadəçisinə saçların qayğısına qalmaq üçün tövsiyələr verilir. Maraqlıdır ki, istehsalçı adi daraq dizaynını saxlamaq qərarına gələrək futuristlik əlavə etməkdən imtina edib. Bu, qeyri-standart elementlərin sadə alıcını uzaqlaşdıra bilməsi, klassik dizaynın isə “ağıllı” funksiyaların tədricən insanların həyatına tətbiqinə imkan verməsi ilə izah olunur. Satışına bu il başlanacaq “Hair Coach” darağının pərakəndə satış qiyməti hələlik açıqlanmasa da, ekspertlər onun 200 dollardan çox olmayacağını düşünürlər.
Tayvanın “Asus” şirkəti rəsmən 5 yanvar tarixində Las-Veqasda öz işinə başlayacaq “CES” sərgisi ərəfəsində 8 QB tutumunda əməli yaddaşla təchiz edilmiş “Zenfone AR” smartfonunu təqdim edib. Rekord tutuma malik əməli yaddaş yeni qurğunun yeganə özəlliyi deyil. “Zenfone AR” smartfonu, həmçinin dünyada “Google Tango” artırılmış reallıq texnologiyasının dəstəyinə malik ilk smartfondur. “Asus Zenfone AR” cihazı 1440×2560 piksel təsvir ölçülü 5.7 düymlük “Super Amoled” displeyi, artırılmış və virtual reallıq texnologiyaları ilə daha səmərəli işləmək üçün optimallaşdırılmış “Qualcomm Snapdragon 821” prosessoru ilə təchiz edilib. Smartfonun əsas yaddaşının tutumu 256 QB-dır və “microSD” kartının köməyi ilə onun tutumu artırıla bilər. Qurğunun təkmilləşdirilmiş avtofokusla təchiz edilmiş əsas kamerasının təsvir ölçüsü 23 meqapiksel, ön kamerada isə 8 Mp-dir. Həmçinin smartfon barmaq izi skaneri, “Quick Charge 3.0” sürətli enerji doldurma texnologiyasının dəstəyinə malik 3300 milliamper/saat tutumunda akkumulyator və “USB Type-C” portuna malikdir. Smartfon “Android 7.0 Nougat” sistemi ilə işləyir.
CES 2017 beynəlxalq sərgisində Proof adlı “ağıllı” qolbaq təqdim edilib. Bu qolbağın əsas özəlliyi isə onun, istifadəçinin fiziki aktivliyi deyil ziyafətlərdə və ya başqa yerlərdə alkoqollu içki tələbatının səviyyəsini nəzarətdə saxlamasıdır. Sözügedən qolbaq Android və iOS əməliyyat sistemli smartfona Bluetooth vasitəsilə qoşularaq qandakı alkoqolun miqdarı haqqında məlumatları istifadəçiyə bildirir. Bunun üçün qolbaq, xüsusi elektrokimyəvi ötürücüdən istifadə edir. Qandakı alkoqolun miqdarı haqqındakı nəticələr, Blood Alcohol Content sistemi vasitəsilə ötürülür. Nəticə isə ümumi qan miqdarına əsasən etanolun faiz göstəricisi şəklində əks olunur. İstənilən zaman istifadəçi, qolbağı elə ayarlaya bilər ki, qandakı alkoqolun miqdarı müəyyən həddə çatandan sonra qolbaq, vibrasiya ilə istifadəçini xəbərdar etsin. Beləliklə istifadəçi vaxtında alkoqollu içki tələbatını dayandıra biləcək. Bundan əlavə olaraq smartfonlar üçün nəzərdə tutulmuş tətbiq vasitəsilə bilmək olacaq ki, gecə, keçmiş əyləncəli tədbirdən sonra səhər sükan arxasına keçmək olar yoxsa yox. Tətbiq, istifadəçinin davranışlarını analiz edərək onun növbəti gecə nə qədər alkoqollu içki içəcəyini də müəyyən edə bilir. Qandakı alkoqolun miqdarı, xüsusi kartric vasitəsilə müəyyən edilir. Həmin kartric, qolbağın istehsalçısı tərəfindən patentləşdirilib. Kartric fasiləsiz olaraq 12 saat çalışa bilir. Qolbağın özünü isə 4 gündən bir şarj etmək lazım gələcək. Bu il “Proof” şirkəti öz “ağıllı” qolbaqları üçün vəsaitin toplanması kampaniyasına start verməyi planlaşdırır. Qolbağın güman olunan qiyməti isə 100-150$-dır. Buna baxmayaraq ABŞ-ın Beynəlxalq Səhiyyə İnstitutu artıq sözügedən layihəyə 100.000$ investisiya yatırıb.
CES 2017 sərgisi yalnız televizor, smartfon və robotların təqdim edildiyi bir tədbir deyil. Burda həmçinin çox maraqlı konsept cihazlar da təqdim olunur. Fransanın kiçik bir şirkəti bu sərgiyə GraalPhone adlı qeyri-adi konsept cihazını təqdim etmək üçün gəlib. Sözügedən cihaz, 4-ü 1-də hesab olunur. Yəni onu həm smartfon, həm planşet, həm kompakt noutbook, həmdə 5 qatlı optik zoom özəllikli kamera kimi istifadə etmək olar. GraalPhone, Windows 10 və Android əməliyyat sistemləri vasitəsilə çalışır. Hal-hazırda şirkət işlək vəziyyətdə olmayan prototiplərə sahibdir. Bu konseptin ideyası belədir: İstifadəçi, bir-birindən asılı olmadan çalışan Android smartfona və Windows 10 əməliyyat sistemli kompüterə sahibdir. Aparatı korpusa yerləşdirən zaman isə GraalPhone, 7 inç-lik Android planşetə çevrilir. Bu rejimdə istifadəçi üçün iki ədəd kamera aktiv olur. Beləliklə istifadəçi 3D fotolar çəkmək imkanına sahib olur. Kənara açılan ekranın alt hissəsində isə touchpad xüsusiyyəti olmayan klaviatura yerləşir. Xarici görünüşcə GraalPhone qənaətbəxş deyil. Lakin buna baxmayaraq cihazın yaradıcıları nikbindirlər və bu ilin sonunda yada gələn ilin əvvəlində cihazın final versiyasını təqdim etməyi planlaşdırırlar. GraalPhone-nun qiyməti isə 800-1000 avro arasında olacaq. Konsept cihazın yaradıcıları bir sıra böyük smartfon istehsalçıları ilə əməkdaşlığa ümid edirlər. Hal-hazırda isə onların önündə ən vacib iş dayanır. Belə ki, onlar elə etməlidirlər ki, hər iki əməliyyat sistemi bir-birinə mane olmadan normal şəkildə çalışsın.
Smartfon və ya planşetin daha çox funksiyalarından istifadə etdiyimizdə onun batareyasındakı enerji də bir o qədər tez bitir. Lakin bununla yanaşı cihazdakı enerjinin bitməsinə biz son anda nəzər yetiririk. Tamamilə enerjisiz qalan batareyanı çox tez bir zamanda tam enerji ilə təmin etməyin yekun bir üsulu yoxdur. Lakin Business Insider mənbəsi, bu prosesi sürətləndirmək üçün bir neçə faydalı məsləhətlər verib. iPhone, aviarejimə keçirilsə onda onun enerji göstəricisi daha sürətlə dolmağa başlayar. Belə vəziyyətdə bütün enerji yalnız batareyaya ötürüləcək. Belə ki, aviarejim zamanı naqilsiz interfeysin enerjiyə ehtiyacı olmur. Şarj zamanı cihazı keysdən çıxartmaq lazımdır. Beləliklə cihaz qızmaya məruz qalmayacaq. Bu barədə həmçinin “Apple”ın saytındakı təlimatda da qeyd olunub. “Şarj zamanı smartfona taxılmış keys, smartfonun qızmasına səbəb ola bilər. Bu isə öz növbəsində batareyaya mənfi təsir edir. Şarj zamanı cihazınızın qızdığını gördüyünüzdə onu keysdən çıxardın” – deyə saytda qeyd olunub. iPhone, USB-dən fərqli olaraq divarda olan elektrik girişi vasitəsilə daha sürətli enerji yığır. Bundan əlavə əmin olmaq lazımdır ki, şarj zamanı istifadə olunan şarj cihazı yüksək cərəyana tab gətirə biləndir. Bu baxımdan bəzi şarj cihazları smartfona lazım olandan daha az milliamper ötürürlər. Beləliklə smartfonun şarj olunma zamanı artır. Ən əsası isə şarj zamanı ümumiyyətlə iPhone-dan istifadə etməməkdir. Ekran enerji sərfiyyatına yol açan əsas faktorlardan biridir. Cihaz sönülü vəziyyətdə daha sürətlə enerji yığacaq.
Yaxın günlərdə məlum oldu ki, “HMD Global” şirkəti bu il Nokia brendi ilə 6-7 ədə smartfon təqdim edəcək. Həmin smartfonlardan biri olan Nokia E1 modelinin texniki göstəriciləri bugün internetə sızdırılıb. Sözügedən model, büdcəli olacaq və həmin seqmentə uyğun texniki göstəricilərə, qiymətə sahib olacaq. Beləliklə Nokia E1, 5.2/5.3 inç HD ekran, 4 nüvəli Qualcomm Snapdragon 425 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş, 13 Mp-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfonun, microSD xüsusiyyətini dəstəkləyəcəyi məlum deyil. Nokia E1 modelinin 27 Fevral – 2 Mart tarixlərində Barselonada keçiriləcək MWC 2017 sərgisində təqdim olunacağı gözlənilir.
Son vaxtlar internetdə iPhone 7 və iPhone 7 Plus modellərinin zədələnmiş ekranlarının ev şəraitində dəyişilməsi sualına tez-tez rast gəlinir. Bu baxımdan insanlara lazım olan, ekran modulunun dəyişdirilməsi barəsində ətraflı təlimatdır. Sözügedən komponent isə LCD ekran, sensor panel və dəyişdirilməsi qeyri-mümkün olan qoruyucu şüşədən ibarətdir. iPhone 7 və iPhone 7 Plus modelinin ekranını yalnız hazır şəkildə yığılmış modul vasitəsilə dəyişmək olar. Yalnız beləcə yaranmış problemi aradan qaldırmaq mümkündür. Ekranı sonradan yarana biləcək zədə riskindən qorumaq üçün isə onu qoruyucu lent ilə örtmək lazımdır. Bu zaman ekran ən azından cızıqlardan qorunacaq. İlk mərhələdə zədələnmiş şüşə paneli çıxartmaq lazımdır. Bunun üçün smartfonun aşağısında şarj girişi tərəfdəki iki vinti çıxartmaq lazımdır. Sözügedən vintlər,Pentalobe tiplidir. Bu isə hər iki modelin xüsusi özəlliyidir. Vintləri çıxardandan sonra plastik qırmanc vasitəsilə ekran panelini perimetr üzrə çox ehtiyyatla qaldırmaq lazımdır. Bunu etməmişdən öncə həmin plastik qırmancı saçqurudan ilə qızdırmaq da olar. Şüşə çıxarılandan sonra ekran panelini, iPhone-nun əsas hissəsindən ayırmaq lazımdır. Bu zaman çox ehtiyyatlı olmaq lazımdır. Belə ki, ekran ilə ana platanı birləşdirən şleyflər var. Həmin şleyflər həmdə iki metal lövhəni saxlayır. İki metal lövhəni açıb konnektorları çıxartmaq lazımdır. Bundan sonra paneli, əsas korpusdan ayırmaq olar. Yeni modulu quraşdırandan sonra əmin olun ki, ekranın və touchscreenin şleyfləri, detallar arasında saxılmayıb və bir-birilərinə birləşməyiblər. Qeyd etmək lazımdır ki, iPhone-nun son modellərində “Home” düyməsini əvəz etmək bir qədər problemlidir. Bu, iPhone 7 ekranı təmirinin əsas xüsusiyyətləri idi. Lakin nəzərə almaq lazımdır ki, bu təmiri ev şəraitində etmək üçün lazımi alətlərə və təcrübəyə sahib olmaq lazımdır.
Əfsanə geri qayıtdı. Nokia maraqla gözlənilən Android telefonlarından ilkini rəsmi olaraq tanıtdı. Telefon bazarına geri qayıtmağa hazırlaşan Nokia, bildiyiniz kimi bu il 6-7 ədəd yeni telefon təqdim edəcək. Bu telefonlardan bəzilərinin MWC 2017-də təqdim edilməsi gözlənilirdi lakin görünüşə görə Nokia daha cəld tərpənmək qərarına gəlib. Finlandiyalı “HMD Global” ilə birlikdə mobil cihaz sektorunda yeni smartfonlarla yoluna davam etməyə hazırlaşan Nokia, ilk Android cihazını rəsmi olaraq bazara çıxardı. İlk olaraq Çində satışa çıxan Nokia 6-nın xüsusiyyətləri isə belədir: 5.5-inç 2.5D curvel Full HD ekran, Snapdragon 430 prosessor, 4GB RAM, 64GB daxili yaddaş sahəsi (microSD dəstəyi), İki Simkart xüsusiyyəti, 16MP arxa kamera, 3000mAh batareya, Dolby Atmos stereo səsgücləndirici, Bluetooth 4.1, LTE, Android 7.0 Nougat əməliyyat sistemi 552 milyon ağıllı telefon istifadəçisinin mövcud olduğu Çin bazarının üstünlüyündən faydalanmaq adına Android cihazını sadəcə bu bazarda satışa çıxaran Nokianın sözü gedən telefonu üçün uyğun gördüyü qiymət isə 245 dollardır.
Toto Actilite adlı Yapon markası tərəfindən istehsal edilən 12.500 dollarlıq ağıllı ayaqyolu, siz heç əziyyət çəkmədən gigiyenik üsullarla işinizi həll etmənizə şərait yaradır. Ağıllı texnologiyalar artıq həyatımızın hər nöqtəsinə girmiş vəziyyətdədir, beləki ağıllı ayaqyolular belə artıq həyatımızın bir parçası olmağa başladı. Ancaq Yaponiyada istehsal edilən bir ağıllı ayaqyolu, adətən ağıllı olmağın sərhədlərini sınayır. Toto Actillite adlı bir Yaponiya şirkəti tərəfindən istehsal edilən on minlərlə dollar dəyərə sahib ağıllı ayaqyolu, daxilindən isidilən bir sistemə sahibdir. Oturduğunuzda olduqca isti bir ayaqyolu və sadəcə bir ədəd idarə konsolu ilə qarşılaşırsınız. İşinizi həll edib bitirdikdən sonra məsələ gigiyenaya gəldikdə isə tək bir düyməyə basaraq xüsusi sulama və isti havayla qurulama sistemi ilə birlikdə heç yorulmadan təmizliyi əldə edirsiniz. Təmizlik əməliyyatı tamamlandıqdan sonra sensorlar vasitəsilə çatdırılan deodorant əlavə xoş bir qoxu olmasına da şərait yaradır. İyrəncləşmədən başa salmağa çalışdığımız bu qəribə ayaqyolu 12.500 dollarlıq qiyməti ilə indi sadəcə varlıların evində ola biləcək bir sistemdir. Ancaq irəliləyən vaxtlarda bu tərz ayaqyolular inkişaf etdirilərək daha uyğun qiymətlərlə qarşımıza çıxsa, xüsusilə restoranlar, ticarət mərkəzləri və s. kimi məkanlarda olduqca gigiyenik bir ayaqyolu imkanı təklif edilə bilər.
Smartfonların dizaynını dəyişəcək texnologiya təqdim olunub. Ötən ilin sonunda “Synaptics” şirkətinin nümayiş etdirdiyi mobil qurğunun qoruyucu şüşəsinin altında yerləşdirilə bilən yeni “Natural ID” barmaq izi optik skanerinin yaxın gələcəkdə smartfonlarda tətbiq ediləcəyi gözlənilir. Bu dəfə isə şirkət Las-Veqasda keçirilən “CES 2017” sərgisində yeni texnologiyanı praktiki göstərib. Yeni sistemə yuxarıda qeyd edilən daktiloskopik sensor, eləcə də sifətin tanınması texnologiyası daxildir. Bu, smartfonları blokdan bu və ya digər halda daha asan üsulla çıxarmağa imkan verəcək. Məsələn, istifadəçi şaxtalı gündə küçədə olan zaman bunu əlcəkləri çıxarmadan – sadəcə, qurğuya baxmaqla edə biləcək. Texnologiyadan, həmçinin bank əməliyyatlarının mühafizəsi üçün istifadəsi nəzərdə tutulur. Məlumata görə, barmaq izi optik sensoru izi 1 mm qalınlığında mühafizəli şüşədən, o cümlədən dəyirmi 2,5D şüşədən tanıyır. Bu, sensoru mobil qurğulara ekranın altındakı fiziki düymə olmadan quraşdırmağa imkan verir. Həmçinin həqiqi barmaq izlərini saxta barmaq izlərindən fərqləndirmək üçün süni intellekt texnologiyasından istifadə edən sensorlar enerji sərfiyyatını azaldır. Qeyd edək ki, “Synaptics” şirkətinin həllərindən “Apple” smartfonlarında istifadə olunur. ABŞ istehsalçısı bu il buraxılması gözlənilən “iPhone 8” modelinin üst tərəfini şüşə ilə örtərək düymələrin tam ləğvini planlaşdırır.
Birinci smartfonun yanvarın 12-də nümayiş ediləcəyi gözlənilir. Tayvanın “HTC” şirkəti bu rüb üç yeni smartfon təqdim edəcək. Hazırda bu smartfonlar barədə dəqiq məlumat olmasa da, birinci smartfonun yanvarın 12-də nümayiş ediləcəyi gözlənilir. Bu, istehsalçının təqdimat üçün rəsmi dəvətdə işarə etdiyi yeni “U” istehsal xəttinin açılışı olacaq. Bu günlərdə isə məşhur “LlabTooFeR” resursu “Twitter” səhifəsində Tayvan istehsalçısının növbəti üç smartfonunun kod adının “HTC Alpine”, “HTC Ocean Note” və “HTC E66” olacağı barədə məlumat verib. Sonuncu modelin şəkli bu günlərdə internetdə görünən “HTC One X10” smartfonu olduğu bildirilir. Digər iki aparata gəldikdə, “HTC Alpine” adı altında şirkətin yeni qabaqcıl “HTC 11” modeli gizlənir. Heç bir məlumatın olmadığı modeldə yeni səkkiznüvəli “Snapdragon 835” prosessorunun quraşdırılacağı ehtimal edilir. “HTC Ocean Note” isə təqdimatı yanvarın 12-nə nəzərdə tutulan “HTC U Ultra” modelinin kod adıdır. Şayiələrə görə, smartfon kənarları bükülü 6 düymlük ekran, “USB Type-C” çıxışı, eləcə də smartfonlar arasında ən yaxşı kamera ilə təchiz ediləcək.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments