Gürcüstan məhsullarının Avropa İttifaqına ixracına mane olan amillərin analizi

1 sentyabr 2014-cü ildən etibarən Gürcüstan Avropa İttifaqı ölkələri ilə DCFTA sazişindən faydalanır ki, bu da gürcü ixracatçılara Avropa bazarına Gürcüstan məhsullarının sıfır tarifi üzrə gətirilməsinə imkan verir. Sazişin imzalanmasından 2 il 3 ay keçir, lakin gürcü məhsullarının Avropa İttifaqına ixracı o qədər də artmayıb.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2016-cı il yanvar ayından noyabra qədərGürcüstandan Avropa İttifaqına 513 milyon dollar həcmində ixracat baş tutub ki, bu da bir öncəki ilin eyni müddəti ilə müqayisədə 14% azdır. İdxalat isə 17% artıb.

Gürcüstan Milli statistika xidmətinin məlumatı Eurostat-ın dərc etdiyi məlumatlarla üst-üstə düşmür. Xüsusilə Gürcüstan statistikasına əsasən, 2015-cü ildə Avropa İttifaqına ümumi ixracının dəyəri 2014-cı illə müqayisədə 3,4% artıb, Avropa statistikası isə 12% artım qeydə alıb. Fərq bir neçə amillə izah oluna bilər: 1. FOB (Freeonboard) ixrac dəyəri CIF (Insurance, Cost, Freight) idxal dəyərindən fərqlənir. FOB qiymətinə sığorta və daşınma daxil deyil, ona görə də nəticə etibarilə CIF qiyməti yüksəkdir; 2. Eurostat-ın məlumatları avro ilə hesablanır, 2015-ci ildə isə avro dollara nisbətdə xeyli ucuzlaşıb ki, bu da  Gürcüstandan idxal olunmuş malın dəyərinin artmasına səbəb olmuşdur. Hər iki amil və Eurostat və Gürcüstan Statistika Komitəsinin məlumatlarına əhəmiyyətli dərəcədə təsir edir, lakin fərq hər halda çox nəzərəçarpandır. Gürcüstan Statistika Komitəsinin xarici ticarət Departamentində bildirirlər ki, məhz onlar ticarət haqqında Eurostat-a məlumatlar göndərirlər. Ekspertlər onu da qeyd edirlər ki, Avropa İttifaqının bazarlarına Gürcüstan Statistika Komitəsinin məlumatlarında nəzərə alınmayan gürcü məhsulları da daxil olur. Bu da fərqin bir səbəbi ola bilər.

Bəzi aqrar məhsulların istehsalının statistikasını nəzərdən keçirək: meyvə istehsalı əvvəlki illə müqayisədə 2015-ci ildə 36% azalıb, o cümlədən alma istehsalı – 70%, şaftalı – 38% azalıb. Üzüm istehsalı isə əksinə, 19%, sitrus meyvələri isə 12,2% artıb. Qoz kimi mühüm ixrac məhsulunun istehsalı isə 2015-cu ildə cəmi 2,7% artıb. Tərəvəzlərə gəlincə isə, onların istehsalı 15% azalıb, o cümlədən kartof istehsalı – 4,6% azalıb. Ümumiyyətlə, tərəvəzin orta məhsuldarlığı 2015-ci ildə 7% (kartof – 30%) düşüb ki, bu da bir daha səmərəsiz və faydasız istehsalatı göstərir, bunun bir çox səbəbləri var.

Ticarətin klassik nəzəriyyəsinə görə, sərbəst ticarət ticarətin hər iki iştirakçısına öz rəqabət üstünlükləri dərk etməyə və iqtisadi səmərəliliyini artırmağa imkan verir. Gürcüstan və Avropa İttifaqının timsalında görmək olar ki, Gürcüstanın rəqabətli üstünlüyü intensiv əmək sahələrində ola bilər, məsələn, aşağı və orta ixtisaslı işçilərin (üstəlik, əhalinin təxminən yarısı kənd təsərrüfatı ilə məşğuldur) cəlb olunduğu kənd təsərrüfatı, eyni zamanda, istehsal və xidmətin intensiv kapital sektorlarına Avropa İttifaqının rəqabət üstünlükləri kimi baxmaq olar. Gürcüstan məhsullarının rəqabətli üstünlüyünün olub-olmadığını müəyyənləşdirmək üçün, bir neçə indeksdən istifadə edilir ki, bunlardan ixracat məlumatlarına əsaslanaraq hesablanan Balass aşkarlanması müqayisəli üstünlüklərin indeksi (RCA) geniş yayılıb. İndeks 0-dan müsbət sonsuzluğa qədər dəyişir və yalnız konkret zamanda aşkarlanmış üstünlüyü göstərir. Eugeorgia.info 5 ən böyük ixrac qrupunu seçməyə və 2009-2015-ci illərdə müvafiq məhsullar üçün Balassın aşkarlanmış müqayisəli üstünlüklər indeksini hesablamağa çalışıb. Qrup aşağıdakılardır: mis filizi və konsentratlar, fındıq və digər qozlar, metal və dəmir, təbii üzüm şərabları və mineral sular. Nəticələrə əsasən, hər beş məhsulun 2009-2015-ci illərdə rəqabətli üstünlüyü aşkar edilmişdir, bununla belə, bu indeksin real mənzərəni əks etdirməyə qadir olmayan çatışmazlıqları da nəzərə alınmalıdır, eyni zamanda, onu illər üzrə müqayisə etmək olmaz, bundan başqa, onlar qeyri-simmetrikdir ki, bu da aşkarlanmış üstünlüyün keyfiyyətli müqayisəsinə imkan vermir; o yalnız bir suala cavab verir: ölkənin konkret müddət ərzində dünya ölkələri ilə müqayisədə rəqabətli üstünlüyü var idi yoxsa yox. Tədqiqatçılar həmçinin, müxtəlif iqtisadi indikatorlar vasitəsilə düzəlişlərin edilməsini nəzərdə tutan rəqabətli üstünlüklərin aşkar olunması üçün müxtəlif metodologiya təklif edirlər.

Tədqiqatçılar DCFTA effektini qiymətləndirmək üçün rifah analizini tətbiq edir və hər iki tərəf üçün azad ticarət mümkün mənfəəti və itkilərini qiymətləndirir. Tədqiqatçıların fikrincə, Şərq Tərəfdaşlığı ölkələri Avropa İttifaqı ilə azad ticarət sazişi nəticəsində birmənalı şəkildə xeyir götürəcəklər.

“Ticarət davamlılığını təsirin Qiymətləndirilməsi” yekun hesabatında qeyd olunur ki, Gürcüstanda da makro səviyyədə müsbət dəyişikliklər olacaq. Qiymətləndirmələrə əsasən, Gürcüstandan Avropa Birliyinə ixrac qısa müddətdə 9%, idxal isə 4,4% artacaq. Uzunmüddətli perspektivdə ixracın artımı 12,4%, idxalın artımı isə 7,5% nəzərdə tutulur ki, bu da ticarət balansını yaxşılaşdıracaq. Bundan başqa, əmək haqqının 3,5% artması gözlənilir. İstehlak qiymətlərinin gözlənilən azalması ilə birgə bu dəyişikliklər gəlirlərinin artımını şərtləndirəcək. (Avropa Komissiyası, 2012) bu qiymətləndirmənin makroiqtisadi amillərin dəyişdirilməsini nəzərdə tutmaması faktı diqqəti cəlb edir ki, bu da bu gün ölkəmiz üçün aktual deyil.

Assosiasiya sazişi haqqında 25 noyabr 2016-ci il tarixli hesabatda göstərilib:

“Kənd təsərrüfatı sektoru struktur nöqsanlarla qarşı-qarşıyadır ki, bu da bağlıdır: torpaqların fraqmentasiyası, təhsilə məhdud çıxış, müasir texnologiyalar, kənd təsərrüfatı krediti və sığorta ilə, nəticədə bu da məhsuldarlığın aşağı düşməsinə, idxalatdan asılılığa, qida məhsullarının qiymətlərinin yüksək olmasına gətirib çıxarır. Baxmayaraq ki, əhalinin yarısından çoxu kənd yerlərində yaşayır, kənd təsərrüfatı istehsalının ilkin payı 2015-ci ildə ümumdaxili məhsulda 9,2% təşkil edib. Nəticə etibarilə, kənd təsərrüfatı və aqrobiznes 2009-ci ildən stabil olaraq artmaqda davam edir. Bütün istehsal 2014-ci illə müqayisədə 2015-ci ildə 2,7% artıb. Lakin ixracın həcmi 26% azalıb ki, bu da əsasən regional bazarlarının azalması ilə və valyuta tərəddüdləri ilə əlaqədardır. DCFTA-nın yeni imkanlarından irəli gələrək Gürcüstan bazarların diversifikasiyasını davam etdirir”.

Gürcüstandan Avropa İttifaqı ölkələrinə ixrac niyə artmır sualına bir çox səbəb göstərilir ki,  bu da məhsullardan asılı olaraq dəyişə bilər. Lakin biz burada iri ixracatçıların ən çox dedikləri mane olan amilləri, eləcə də aqrar sektorun problemlərini nəzərdən keçiririk ki, bunlar da yerli istehsalçıların Avropa İttifaqı bazarına çıxmasına mane olur.

Aşağı keyfiyyət və məhsulun müxtəlifliyi

Gürcüstanda istehsal olunan məhsul Avropa bazarında rəqabətə davamlı deyil, çünki onun keyfiyyəti Avropa standartlarına uyğun deyil. Buna səbəb həm keyfiyyətli məhsulun yaradılması üçün müvafiq bilik çatışmazlığı, həm də mövcud maliyyə problemi ola bilər. Fermerlər keyfiyyəti necə yaxşılaşdıracağını bilmir. İri ixracatçıları üçün həm keyfiyyətli, həm də həmcins məhsul yığımı böyük problemdir, məhsulun standart kateqoriya üzrə bölgüsü müvafiq olaraq çətinləşir. Yerli yığım məntəqələrinin olmaması səbəbindən, məhsulun əlavə nəqlinə ehtiyac olur ki, bu zaman məhsulların zədələnməsi nəticəsində itkilər artır. Kiçikmiqyaslı fermerlər üçün alınması böyük xərclərlə bağlı olan keyfiyyət sertifikatının olmaması da əhəmiyyətli dərəcədə mane olur. Digər tərəfdən, fermerlərin dövriyyə vəsaitləri və maliyyəyə çıxışı yoxdur. Nəticədə, istehsalın həcmi az olduğundan, fermerlər fasiləsiz tədarük və keyfiyyətli məhsul tələb edən Avropa İttifaqı bazarına çıxa bilmirlər. Buna görə də onlar, əsasən, yerli bazara yönəlirlər. Burada da onlar yeni problem ilə qarşılaşırlar – idxalı ilə rəqabət apara bilmirlər. Gürcüstan kənd təsərrüfatının inkişafı strategiyasında rəqabət qabiliyyətinin artırılması üçün fermerlərin biliklərinin və səmərəli kənd təsərrüfatı ilə bağlı xidmətlərin artırılması ilə yanaşı, peşə təhsili və ali təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dəstək göstərilib.

İnfrastrukturun olmaması, logistika, soyuducu təsərrüfatı və daşınma

İnfrastrukturun olmaması xüsusən kənd yerlərində yaşayan fermerlər üçün özlüyündə böyük problemdir. Kəndlərə aparan yolların vəziyyəti məhsullarının daşınması zamanı zədələnmə riskini artırır, bəzən suvarma və drenaj sistemlərinin nasazlığı əkinləri təhlükə altında qoyur və məhsuldarlığın artmasına mane olan mühüm şərtdir. Kənd təsərrüfatının inkişaf strategiyasına meliorasiya sistemlərinin müasirləşdirilməsi və bərpası daxildir.

 “Kənd təsərrüfatı Nazirliyi keçirdikləri təsirli tədbirlərin (reabilitasiya və istismar işləri)  nəticəsində su ilə təmin olunmuş sahələr 2012-2014-cü illərdə 88 minədək, qurudulan sahələr isə 25 min hektar artıb. Suvarılan və qurudulmuş sahələrin 2020-ci ilədək üç qat artırılması planlaşdırılır”, – strategiyada nəzərdə tutulub.

Kənd təsərrüfatının inkişaf strategiyasında strateji istiqamətlərindən biri də məhsul yığımından sonra texnologiyalarının tətbiqinə yardımolaraq açıqlanıb.

“Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə həm ölkə miqyasında, həm də regional səviyyədə məhsul yığımından sonra texnologiyaya tələbat, məhsul yığımı görə, paylama imkanları və emal imkanlarının aşkarlanması üçün araşdırma aparılacaq. Bu tipli investisiyaların texniki və maliyyə əsaslandırılması müəyyən olacaq ki, bu da bütün maraqlı tərəflər üçün əlçatan olacaq. Emal olunmuş məhsulların saxlanılması və ilkin saxlanılma üçün anbar və soyuducu infrastrukturun yaradılması və istismarına, məhsulun uzunmüddətli saxlanılmasına, keyfiyyətin və satış növünün qorunmasına kömək edəcək logistika mərkəzləri, həmçinin, paylama şəbəkəsinin yaradılmasına aid tövsiyələr hazırlanacaq.”, – strategiyada göstərilib.

Logistika mərkəzləri və soyuducu təsərrüfatı fermerlərə məhsulları uzun müddət saxlamaq və onların qiymətinin ən yüksək olduğu vaxt onları satışa çıxarmaq imkanı verəcək. Beləliklə, fermerlər öz məhsullarını yalnız mövsümi deyil, digər vaxtlarda da ixrac edə biləcəklər.

Dövriyyə vəsaitlərinin xırdalığı və maliyyənin əlçatanlığı problemi

İxracatçılara fermerlərdən meyvə və tərəvəz almaq üçün dövriyyə vəsaiti lazımdır, lakin dövriyyə kapitalının kiçikliyi göz qabağındadır. Gürcü ixracatçısı Avropa bazarına çıxmaq istəyərkən, o məhsulların stabil təmin edici olmalıdır, eyni zamanda, digər tədarükçüləri ilə rəqabət apara bilməlidir ki, bu da böyük həcmdə məhsul çıxarılması deməkdir. Bu məhsulları böyük mağaza şəbəkələri və topdansatış distribütorları qəbul edirlər. İxracatçının tələbatı ödəyə biməsi üçün ona böyük məbləğdə vəsait lazımdır, banklar isə, öz növbəsində, borc verilməsindən çəkinirlər və ya belə təyinatlı borcu yüksək faizlə verirlər: çünki məhsulun zədələnməsi riski yüksəkdir, bu halda isə ixracatçı banka olan borcunu ödəyə bilməyəcək. Maliyyənin əlçatanlığını biznesin aparılmasında mane olan ilk problemlərdən biri adlandırmaq olar. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən irəli sürülmüş güzəştli aqrokredit layihəsi təşəbbüsü fermerlər üçün maliyyəni müəyyən dərəcədə əlçatan edir, çünki kreditin təsdiqlənməsi halında faizin ödənməsinə kömək edir. Halbuki, layihədə nöqsanlar da var, xüsusilə, məbləği limit təyin edilib, biznesin genişləndirilməsi zamanı isə eyni mənfəəti əldə etmək mümkün deyil.

Torpağın fraqmentasiyası

Kənd təsərrüfatı sahələrinin yüksək fraqmentasiyası kənd təsərrüfatı məhsullarının istehsalının həm bu, həm də sonrakı mərhələləri ilə bağlı çox sayda problemləri doğuran əsas səbəbidir. Bu gün Gürcüstanda 700 mindən çox təsərrüfat var ki, onların mülkiyyətində orta hesabla 1,5 Ha torpaq sahəsi var; Kadastr xəritəsi qaydaya salınmayıb, torpaqların yalnız 25% qeydə alınıb. Bu il hökumət pulsuz torpaq qeydiyyatı proqramına başlayıb, lakin proqramının səmərəliliyi hələ qiymətləndirilməyib. Kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün iki əsas istiqaməti istifadə etmək olar: İstifadə edilən torpaq sahələrinin artırılması və resurslardan daha səmərəli istifadə. Kənd təsərrüfatında xam torpaqların artırılması hesabına məhsuldarlığın artırılmasının necə əldə olunması haqqında əlavə məlumat üçün bizim yazıya baxın.

Təhsilə məhdud çıxış

Aqrar məktəblərdə və elmi-tədqiqat institutlarında, orta və yüksək səviyyəsi ilə mütəxəssislərin  hazırlandığı Sovet dövründən fərqli olaraq, bu gün bu quruluşlar dağılıb və aqrar profilli mütəxəssislərin çatışmazlığı müşahidə olunur, tələbələr arasında aqrar istiqamət qeyri-populyardır, müvafiq olaraq, dövlət təsirli siyasət aparmalı, prioritet istiqamətləri inkişaf etdirməli və xüsusi proqramlar həyata keçirməlidir. Eyni zamanda, xarici mütəxəssislərin gəlməsi və yerli fermerlər üçün təlimlərin keçirilməsini təmin etməlidir. 2014-cı ildən”Kənd Təsərrüfatı Elmi Tədqiqat Mərkəzi” fəaliyyətə başlayıb ki, bunun da məqsədlərindən biri biliklərin yayılması proqramı çərçivəsində inkişaf və regional genişlənmə mərkəzlərinə dəstəkdir.

Avropa bazarları haqqında məlumat qıtlığı

İqtisadi siyasət (EPRC) (kiçik fermerlərin məlumatlandırılması və ehtiyaclarının araşdırılması) Araşdırmalar mərkəzi tərəfindən aparılan tədqiqata əsasən, rəyi soruşulan 500 fermerdən 71% DCFTA və digər güzəştli ticarət rejimləri haqqında heç nə bilmirdilər. Əksər fermerlər məhsulların gigiyenik standartları HACCP və Globalgap haqqında məlumatı qeyri-hökumət təşkilatlarından alıb. Ona görə də vacibdir ki, dövlət fermerlərlə əlaqəni gücləndirsin və Avropa İttifaqı bazarının tələbləri ilə onları tanış etsin. Fermerlər DCFTA tərəfindən təklif edilən imkanlardan maksimum dərəcədə istifadə etməlidirlər.

Avropa bazarında gürcü məhsullarının aşağı səviyyədə tanınması

Gürcü aqrar məhsulların mənşəyi Avropa İttifaqının bazarı üçün hələ də yaddır, buna görə də aqressiv marketinq tədbirlər keçirmək və ölkənin vahid brendini yaratmaq lazımdır ki, bu da Avropa Birliyi ölkələri istehlakçıları arasında Gürcüstan məhsulları haqqında müəyyən təsəvvür yaradacaq, lakin buna qədər keyfiyyətinin yaxşılaşdırılması üzərində işləmək lazımdır. Bu istiqamətdə beynəlxalq sərgilərdə də fəal iştirak etmək vacibdir.

Yuxarıda sadalanan problemlərin aradan qaldırılması məqsədilə ekspertlər tərəfindən təklif olunan tövsiyələr əsasında kənd təsərrüfatında səmərəliyi artırmaq və yeni imkanlar öyrənmək olar. Əgər biz vahid həcmin artımına və ixrac potensialının öyrənilməsinə nail olmaq istəyiriksə, kollektiv istehsal və kooperativlərinin inkişafına yardımı problemin həlli yolu hesab etmək olar. Kollektiv istehsal zəncirinin hər mərhələsində xərclərin dəyərini azaldır və bu miqyasda qənaət əldə olunmasına kömək edir. 2013-ci ildən bu günədək qeydə alınan kooperativlərinin (1595) sayı kooperasiya prosesinin uğurla getdiyini təsdiq edir, lakin indi növbədə onların keyfiyyət xarakteristikasıdır. Kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması və təhsilin əlçatan olmasına nail olunmasında dövlətin rolu mühümdür. Dövlət də Avropa İttifaqı bazarlarının araşdırılmasını təmin etməli və fermerləri yeni imkanlarla tanış etməlidir.

Ketevan Melkadze (magistr ISET)

Mənbə: eugeorgia.info

АНАЛИЗ ФАКТОРОВ, ПРЕПЯТСТВУЮЩИХ ГРУЗИНСКОМУ ЭКСПОРТУ В СТРАНЫ ЕВРОСОЮЗА

http://eugeorgia.info/ru/article/551/analiz-faktorov-prepyatstvuyushchix-gruzinskomu-eksportu-v-strani-evrosoyuza/

Məqalə Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Birliyi Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə tərcümə olunub. Məqalənin məzmununa görə onun müəllifi məsuliyyət daşıyır və heç bir halda Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Xarici İşlər Nazirliyinin və ya Birləşmiş Krallıq hakimiyyətinin mövqeyini əks etdirmir.

 

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register