Gürcüstan və Avropada tələbat olan və qıt olan giləmeyvə – böyürtkən plantasiyalarını necə salmaq olar

Fermer Qeorqi Kiknadze artıq 2 ildir ki, Qoridə Patriarxlığın bağlarına baxır. İlk öncə fermerə alma, böyürtkən və moruq bağlarına qulluq etmək tapşırılmışdı. Sonra o, məhsulun satışı ilə də məşğul olmağa başladı. Baxmayaraq ki, Qeorqi Kiknadzenin satış sahəsində heç bir təcrübəsi yox idi, böyürtkənin satışı onun üçün çox asan oldu – çünki məhsula tələbat məhsulun miqdarından bir xeyli çox idi. Böyürtkənə tələbat yüksək olduğundan Patriarxlıq öz bağlarını genişləndirməyi qərara aldı, Qeorqi Kiknadze isə özü torpaq almağa və özü böyürtkən yetişdirməyə qərar verdi. İndi o giləmeyvə üçün uyğun torpaq axtarır və bu işi gürcü fermeri üçün ən gəlirli işlərdən biri hesab edir.

“Əvvəlcə böyürtkən bağı cəmi 20 sot torpaq sahəsini əhatə edirdi, yığdıq, qablaşdırdıq. Mən “Qudvill”ə getdim. Hansı qiyməti təklif edəcəyimi bilmirdim, onda mənə 3.20 lari ödədilər. Menecer bizim şəbəkəni təmin etməyimizdən çox şad idi. Beləliklə biz “Qudvill”i təmin etməyə başladıq. 2-3 günə böyürtkənə elə tələbat yarandı ki, biz yeni bağlar saldıq. İlk məhsul 504 kq oldu. İndi isə elə həmin ərazidən 2 ton yarım məhsul götürürük, biz yeni bağlar da saldıq”, – Qeorqi Kiknadze danışır.

“Böyürtkən ikinci ildə məhsulun yarısını, üçüncü ildə isə artıq 100% məhsul verir, başqa hansı bitki belə məhsul verir və bu qədər tələbat var?” – kənd təsərrüfatı elmləri doktoru, professor Lali Qoqinava deyir. Onun sözlərinə görə, böyürtkənin çoxaldılması bu gün yaxşı gəlir mənbəyi ola bilər, belə ki, tələbat həmişə çoxdur, qiymət isə bir qayda olaraq yüksəkdir.

“Bütün xərcləri nəzərə alanda, bir hektar böyürtkən 17 000 lariyə başa gəlir. Artıq ikinci ildə məhsul alınır. Böyürtkənin qiyməti 4 laridir. Əgər 10 ton məhsul əldə olunsa, 40 000 lari alırsan, bir hektardan 10-12 ton yığılır, məhsul 15 tona da çata bilər, mən ən azını hesablayıram”, – Lali Qoqinava deyir.

Eugeorgia.info əgər böyürtkən bağı salmaq qərarına gələrsə, fermerə hansı mərhələlərdən keçmək lazım olduğunu araşdırmağa çalışıb. Biz həmçinin sizin nəzərinizə mütəxəssislərin məsləhət və tövsiyələrini təqdim edirik.

Böyürtkən bağı salmaq üçün ilk mərhələdə torpaq sahəsini düzgün seçmək lazımdır: böyürtkən üçün qumlu və ya gilli torpaq uyğundur, bununla belə o yaxşı drenajlanmış gilli torpaqda da yaxşı bitir. Aqrar universitetin laboratoriyasında müvafiq analiz etmək olar.

“Ən əsası torpaqda turşuluğun nə dərəcədə olduğunu bilmək lazımdır, tikansız böyürtkən üçün neytral torpaq lazımdır. Böyürtkən istilik sevən bitkidir, yaxşı günəş işığı düşən yer lazımdır. İstilik və işıq meyvələrin şirinliyinə təsir edir və şəkərliliyi artırır, həmçinin rənglənməsini də təmin edir”, – Lali Qoqinava fikirlərini bölüşdü.

Bu sahənin biliciləri birmənalı şəkildə deyə bilmirlər ki, konkret hansı regionda böyürtkən yetişdirmək olar – Gürcüstanın hər yerində müvafiq torpaq tapmaq olar.

“Böyürtkəni qışda temperaturun çox aşağı olmadığı hər yerdə yetişdirmək olar, torpaq məhsuldar olmalıdır. Birmənalı olaraq Msxetanın böyürtkən becərmək üçün yaxşı yer olduğunu demək olmaz. Biz əsasən Kaxeti və Kvemo Kartli bölgəsini tövsiyə edirik, lakin bu Qərbi Gürcüstanda və digər bölgələrdə də böyürtkənin məhsul verəcəyini istisna etmir”, – kənd təsərrüfatı Elmi-araşdırma mərkəzinin çoxillik bitkilər və əkin materialları araşdırması departamentinin rəisi Zviad Bobokaşvili deyir.

Torpaq seçildikdən sonra ərazini hazırlamaq lazımdır, bu drenajın yaxşılaşdırılması, qidalandırıcı maddələr və üzvi gübrələrin səpilməsi, həmçinin alaqlarla mübarizəni nəzərdə tutur.  Torpağı payızda şumlamaq və işləmək lazımdır, bu yazıda isə artıq böyürtkəni əkmək lazımdır.

“İkinci mərhələdə torpağı 25 30 santimetr dərinliyində şumlamaq lazımdır. Sonra isə kultivasiya, yəni torpağın xırdalanması həyata keçirilir. Amma buna qədər üzvi gübrələri gətirmək (hər hektara – 40-50 ton.)və torpağa səpmək, yəni kultivasiya həyata keçirmək lazımdır. Sonra isə bitkini 1 m və 20 sm məsafədə əkmək lazımdır”, – Lali Qoqinava deyir.

“Gübrələnmə mühüm mərhələdir. Torpağın analizindən sonra müvafiq miqdarda azot, fosfor, kalium səpmək lazımdır”, – Zviad Bobokaşvili qeyd edir.

Tinglərin seçilməsi də mühüm mərhələlərdən biridir. Kənd Təsərrüfatı Elmi Araşdırma Mərkəzi gələn ildən bu sahədə işlərə başlamağı planlaşdırır. Zviad Bobokaşvilinin dediyinə görə, böyürtkən növlərinin sınaqdan keçirilməsindən sonra konkret tövsiyələr vermək olar.

“Son 12 il ərzində Gürcüstana təxminən 7 müxtəlif şitil növü gətirilib. Bu mərhələdə elmi araşdırma mövcud deyil, bununla belə çester məsləhət görülür. Gələn ildən biz bu istiqamətdə işləməyi planlaşdırırıq, belə ki, böyürtkənə böyük tələbat var, ajiotaj başlayıb, biz növlərinin sınaqdan keçirilməsi prosesinə qoşulacaq və hansı növün ən yaxşı olduğu barədə qərar verəcəyik”, – Zviad Bobokaşvili bildirir.

“Ən yaxşısı Amerika növünün çesteridir ki, bunun da əvvəllər turş dadı var idi, lakin o, artıq bizim torpaq şəraitimizə uyğunlaşıb və daha şirin olub”, – Lali Qoqinava bildirir.

Böyürtkən çoxillik bitkidir, onun kök sistemləri illərlə yaşayır. Bununla belə, bitki yalnız 2 il davam gətirir və onu hər il yeni pöhrələrlə əvəz etmək lazımdır. Böyürtkənin güclü böyüməsi və çoxlu məhsul alınması üçün lazımi miqdarda suya ehtiyac var. Əks halda, meyvənin ölçüsü kiçilir. Gübrə də çox mühümdür.

“Əgər payızda əkilibsə, yazda divar sistemi yaradırıq, hər 5 metrdən bir dirəklər basdırır, üçqat qatar məftil çəkirik, üzümlüklərdə olduğu kimi. 1-ci məftil torpaqdan 60 santimetr hündürlükdə çəkilir, 2-ci 1,20 metr və üçüncü isə 1,80 metr hündürlükdə çəkilir. Dirəklər 3 metrlik olmalıdır ki, bundan da yarım metri torpağa basdırılır. Akasiya ağacından yaxşı dirəklər olur, onlar 20 30 il ərzində dözür. Qidalanmaya gəlincə isə ilk növbədə üzvi olmalıdır. Bir litri 60 litr suda açıb bitkini iki litrlə suvarmaq lazımdır. İkinci qida NPK-dır, hər bir kökə bir xörək qaşığı səpmək lazımdır”, ­- Lali Qoqinava bildirir.

Fermer Qeorqi Kiknadze böyürtkənə qulluq etməkdə ən böyük çətinlik pis iqlim şəraitidir. Təbii fəlakət fermerə çox böyük zərər verə bilər, lakin bunun da çıxış yolu var.

“Təbiət yardımçı olmalıdır. Misal üçün, bu il yağışlar olmadı, biz çox əla məhsul topladıq, bir qram da xarab olmadı. Keçən il isə, yağışlar mövsümündə 200 kq-a qədər böyürtkən xarab oldu, bununla belə biz bundan mürəbbə və şirə düzəltdik. Nəticədə heç də xarab olmadı”, – Qeorqi Kiknadze deyir.

Mütəxəssislərin dəyərləndirməsinə görə, böyürtkənə qulluq zamanı ən çətin proseslərdən biri budamadır. Bundan başqa, alaq otları plantasiyaya böyük zərər vura bilər. Lali Qoqinavanın bu baxımdan konkret tövsiyələri var:

“Bitkilərin arası ilə mini traktorla getmək lazımdır, bu yerlər işlənilməlidir. Əgər həşəratlar aşkarlanarsa, qarşısının alınması üçün göy daş çiləmək lazımdır, bu elə “kuperval”dır, 100 qram 10 litr suda açılır. Su da vacib amildir, hərdən o duzlu olur ki, bu da pisdir. Bunu da nəzərə almaq lazımdır”, – Lali Qoqinava deyir.

Məhsul yığımı da xüsusi bilik tələb edir. Böyürtkəni baş barmaq, şəhadət barmağı və orta barmaqla meyvənin özəyindən diqqətlə yığmaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, böyürtkən tez xarab olan məhsuldur, onun saxlanma müddəti yığıldıqdan sonra cəmi 3-5 gündür. Giləmeyvəni yığdıqdan dərhal sonra soyutmaq lazımdır, yəni onu 0-1°C dərəcə temperatura çatdırmaq lazımdır. Böyürtkənin tez xarab olan məhsul olmasına baxmayaraq, fermerlərə problem yaratmır, belə ki, tələbat o qədər böyükdür ki, yığımdan cəmi bir neçə saat sonra satılıb qurtarır.

“Soyuducuda saxlayıb qışda satmaq istədim, amma bacar bilmədim, bu halda “Qudvill” təchizatsız qalardı. Biz toplamağa səhər saat 5:30-da başlayırıq, 9-da qurtarırıq, qablaşdırırıq və mağaza şəbəkəsinə aparırıq. Maraq çox böyükdür, müxtəlif şəhərlərdən gəlib şitil alırlar, mən belə şey xatırlamıram. Hər şeyi səmərəlidir, əgər xərcləri hesablasaq, giləmeyvəyə qulluq üçün böyük resurslar lazım deyil, hətta digər məhsullarla müqayisə belə etmək olmaz”, – Qeorqi Kiknadze deyir.

Torpaq sahəsi aldıqdan sonra fermer “Gələcəyə tətbiq et” dövlət proqramında da iştirak etmək istəyir. Bu gün dövlətdən pul alaraq bütün regionlarda böyürtkən bağı salmaq olar, müvafiq dəyişikliklər bu yaxınlarda qüvvəyə minib. Proqramın meneceri Levan Dolidzenin müsahibəsində dediyinə görə, Kənd Təsərrüfatı Nazirliyinə böyürtkən bağının maliyyələşdirilməsi ilə bağlı xahişlə müraciət edib. Böyük maraq məhz dəyişikliklərlə şərtlənir.

“Proqramdan faydalanmaq istəyənlərin 1 hektar torpaq sahəsi olmalıdır. Sahənin kənarından 500 metrdən artıq olmayan məsafədə hər-hansı su mənbəyi – suvarma kanalı, göl, çay, su quyusu olmalıdır. Bu proqram çərçivəsində insanların dövlətdən hədiyyə olaraq maliyyə vəsaiti almaq imkanı var. Maliyyələşmə məqsədlidir, biz alınan şitillərin 70%-ni maliyyələşdiririk, bağ damcı suvarma sistemi ilə təchiz olunmuş olmalıdır, biz həmçinin bu sistemin quraşdırılmasını 50% maliyyələşdiririk. Biz bir nəfərə maksimum 100 000 lari veririk, maksimum 20 hektar üçün veririk”, – Levan Dolidze deyir.

Böyürtkən, ümumiyyətlə giləmeyvə yalnız Gürcüstanda deyil, eyni zamanda Avropada da çox populyardır. Son beş il ərzində Avropa İttifaqına giləmeyvə idxalı ikiqat artıb. Yalnız 2014-cü ildə Avropa İttifaqı olmayan ölkələrdən idxalat təxminən 400 milyon avro olub, bunun 72%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Tələbat ilbəil artır və yerli məhsul bunu qarşılaya bilmir. Giləmeyvəni yüngül qida meyvəsi hesab edirlər və çox vaxt doğranmış meyvə assortisi formasında satılır. Belə qablaşdırma xüsusilə Şimal-Qərbi Avropada məşhurdur. Gürcüstanın müəyyən üstünlüyü var: gürcü təsərrüfatçıları öz məhsullarını Avropa istehlakçılarına hələ Avropada giləmeyvə mövsümünün başlamadığı vaxtlarda, bununla bərabər giləmeyvənin idxal edildiyi Latın Amerikasında məhsul yığımının qurtardığı vaxtlarda təqdim edə bilərlər.

Qeorqi Kiknadze bizə onu da bildirdi ki, o, böyürtkən ixracatı haqqında təklif alıb, lakin o, stabil olaraq çoxlu miqdarda məhsul təmin edə bilmədiyinə görə imtina etməli olub.

“Mən təklif aldım, böyürtkəni Avropaya aparmaq istəyirdilər, istəyirdilər ki, mən gündə 1 ton giləmeyvə təhvil edim, amma məndə bu qədər yox idi. Mənimlə vasitəçi əlaqə saxladı, mənə ətraflı danışmadı, sonradan aydınlaşdırdım ki, ruslar giləmeyvəni buradan Avropaya ixrac etmək istəyirdilər. Mənim başqa bir neçə nəfərlə də əlaqəm var idi, amma əsas problem məhsulun kifayət qədər olmaması idi”, – Qeorqi Kiknadze deyir.

Xatiya Şamanauri

 

Mənbə: eugeorgia.info

КАК РАЗБИТЬ ПЛАНТАЦИЮ ЕЖЕВИКИ – ВОСТРЕБОВАННОЙ И ДЕФИЦИТНОЙ ЯГОДЫ В ЕВРОПЕ И ГРУЗИИ

http://eugeorgia.info/ru/article/550/kak-razbit-plantaciyu-ejeviki–vostrebovannoi-i-deficitnoi-yagodi-v-evrope-i-gruzii/

 

Məqalə Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Birliyi Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə tərcümə olunub. Məqalənin məzmununa görə onun müəllifi məsuliyyət daşıyır və heç bir halda Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Xarici İşlər Nazirliyinin və ya Birləşmiş Krallıq hakimiyyətinin mövqeyini əks etdirmir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register