Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Fevralın 8-də “Google” şirkəti “Android Wear 2.0” əməliyyat sistemini təqdim edib. Bu, “ağıllı” saatlar kimi daşınar cihazlar üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. “Google” “LG Watch Style” və “LG Watch Sport” smart saatlarının iki yeni modelini də təqdim edib. Yeni əməliyyat sistemi saatın ekranında təqvim, müxtəlif kontaktlar və digər müxtəlif əlavələrdən məlumatları əks etdirəcək. Saatın əqrəbini adi smartfonun ekranında olduğu kimi səhifələmək mümkün olacaq. “Android Wear 2.0” proqram platforması smart saatlarında bildirişləri genişləndirməyə imkan verəcək. Məlumatlara cavab vermək üçün əllə yazılma, ekran klaviaturasından yığılma və ya sadəcə, məlumatları səslə diktə etmək mümkün olacaq. Smart saata əlavə edilmiş ağıllı cavabların verilməsi funksiyası istifadəçiyə dəstək olacaq. “Android Wear 2.0” özünün “Google Play” mağazasına malikdir ki, bu da saatın yaddaşına dərhal əlavələr yükləməyə imkan verəcək. Ancaq “Android Wear 2.0” əməliyyat sistemini daha əvvəl satışa çıxarılmış hər smart-saat dəstəkləməyəcək. “Android Wear 2.0” üçün yenilənmə “ASUS ZenWatch” 2 və 3, “Casio PRO TREK Smart”, “Nixon Mission”, həmçinin bir sıra digər smart saatlar üçün planlaşdırılıb.

1

Cənubi Koreyanın LG şirkəti “Watch Style” və “Watch Sport” smart saatlarını rəsmən təqdim edib. Bu saatlar bazarda “Android Wear 2.0” bazasında çalışan ilk “ağıllı” saatlardır. Hər iki model bənzər dizayna malikdir. Onlar dairəvi displeyə sahibdir və 4 GB yaddaş, fırlanan yan düymə, “Google Assistant” səs köməkçisi, toz və nəmdən müdafiə funksiyaları ilə təchiz olunub. “Style” modeli daha kompakt ölçüsü və nazik korpusu ilə fərqlənir. O, 1,2 ölçülü, 360*360 piksel OLED-displey, 512 MB operativ yaddaş və 240 meqa Amper-saat həcmli akkumulyatora malikdir. “Watch Style” gümüşü, qızılı-çəhrayı və titan rənglərində buraxılır. “Watch Sport” modeli isə daha iri və “Android Wear” sayəsində daha güclüdür. Saat 1,38 ölçülü, 480*480 piksel OLED-displeyə, 768 MB operativ yaddaşa, 430 mAs həcmli akkumulyatora və nəbz ölçənə malikdir. Saat 3G və 4G şəbəkələrini, GPS və NFC-ni dəstəkləyir. Saatdan “Android Pay” vasitəsilə ödəniş etmək mümkündür. “Watch Sport” tünd göy və titan rənglərində buraxılacaq. “Watch Style” və “Watch Sport” ABŞ-da fevralın 10-da satışa çıxarılacaq. Bir qədər sonra isə Cənubi Koreya, Kanada, Britaniya, Tayvan, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada satışlar başlayacaq. “Style” modelinin qiyməti 250 dollar, “Sport” modelinin qiyməti isə 350 dollar olacaq.

ABŞ-ın “Apple” şirkəti qiyməti 1000 dollar olacaq yeni yüksək keyfiyyətli smartfon istehsal etməyə hazırlaşır. Şirkət rəhbərliyinin ətrafına yaxın mənbələrin sözlərinə görə, “Apple” artıq cari ildə 3 yeni smartfon təqdim etməyi planlaşdırır. Onlardan biri iki növdə olan “iPhone 7S” əlavə modelidir. Bu modellər 4,7 və 5,5 düym olan əməliyyat sistemli smartfon olacaq. Digəri isə özündən əvvəlki modellərdən çərçivəsiz displeyi ilə seçilən yeni “iPhone 8” modeli olacaq. Proqnozlara görə, yeni telefonların hər üç modeli kənardan kənara qədər OLED displeyli olacaq. Qeyd etmək lazımdır ki, yeni bazarda bu telefonların qiymətləri olduqca yüksək olacaq. Xüsusiyyətlərinə görə qeyd etmək olar ki, smartfonun yan düymələri sensor olacaq, “çərçivəsiz” ekran isə sensorlu ”Home” düyməsinə malik olacaq. Məlumat var ki, “Apple”in tərəfdaşı dünyanın lazer avadanlıqları istehsalında aparıcı olan “Lumentum” şirkəti olacaq. “Apple” özünün əsas cihazlarında yüksək pikselləri olan 3D formatlı kameralardan istifadə etməyi planlaşdırır. OLED texnologiyasından istifadə olunmaqla bu il buraxılacaq yeniliklərin istifadəyə verilməsi şirkətin yubileyi ilə bağlıdır.

2

Yapon alimlərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu ilk dəfə olaraq yeni planet sisteminin yaranmasını müşahidə ediblər. NHK telekanalının yaydığı məlumatda bildirilir ki, bu müşahidə Günəş sisteminin necə yarandığını daha yaxşı anlamağa imkan verəcək. RIKEN İnstitutunun və Tokio Universitetinin alimlərinin daxil olduğu qrup 450 işıq ili məsafəsində Buğa bürcü istiqamətində ulduzlardan və planetlərdən ibarət yeni sistemin formalaşdığı sahəni aşkar edib. Müşahidələr dünyanın ən böyük ALMA teleskopunun yerləşdiyi Çilidə aparılıb.

3

“Nintendo” şirkəti özünün yeni oyun konsolu “Nintendo Switch”ın videoicmalını yayıb. Oyun martın 3-də eyni anda bütün dünyada istifadəçilərin ixtiyarına veriləcək. Videoda oyun konsolunun xüsusiyyətlərindən – təkmilləşdirilmiş vibrasiya xidməti, İR-kamera və “JoyCon” coystiklərindən bəhs olunur. “Nintendo Switch” artıq Tokioda keçirilmiş rəsmi tədbirdə təqdim edilib. Təqdimatda yaradıcılar bildiriblər ki, cihaz öz universallığı ilə seçilir. Belə ki, o, həm televizora qoşula bilən masaüstü oyun stansiyası kimi, həm də portativ şəkildə fəaliyyət  göstərə bilər. “Nintendo Switch”ın qiymətinin 299 dollar olacağı gözlənilir.

“Nokia” şirkətinin rəhbərliyi “Comptel” tərtibatçı şirkətini satın almaq imkanlarını nəzərdən keçirir. Bu şirkətin əldə edilməsinə 347 milyon avro xərclənəcək. Belə bir alış nəticəsində şirkət özünün proqram məhsullarının yaradılması və satışı üzrə müstəqil biznesini yaratmağa ümid edir. Bu barədə “Nokia”nın rəsmi şəxsləri də məlumat veriblər. Xarici xəbər mənbələrində bildirilir ki, cari ayın sonunda “Nokia” tender elan edəcək. Bu tender 4 həftə davam edəcək. Bu isə o deməkdir ki, Finlandiyanın tərtibatçı “Comptel” şirkətinin əldə edilməsi ilə razılaşma ən yaxın vaxtlarda baş tuta bilər.

4

“Facebook”da yeni funksiya fövqəladə hallarda yardım göstərəcək. “Facebook” sosial şəbəkəsi fövqəladə hallarda avtomatik aktivləşən “Safety Check” servisinin imkanlarını genişləndirir. Belə ki, servisə təbii fəlakətlər zamanı qarşılıqlı yardımın təşkilinə kömək edəcək “Community Help” (Cəmiyyətin köməyi) funksiyası əlavə olunub. Hər bir istifadəçi “Safety Check” xidmətinin avtomatik işə düşdüyü (servis eyni yerdən müəyyən fəlakət və ya böyük hadisə barədə çoxlu məlumatlar daxil olanda işə salınır) ərazidə olduğu zaman ətrafdakı insanlara yemək, su, qan və ya nəqliyyatdan istifadə imkanı təklif edə və ya istəyə bilər. Rahatlıq üçün müvafiq “Facebook” səhifəsində yardım kateqoriyaları yerləşdirilib. Orada, həmçinin “Heyvanlar üçün qida”, “Uşaq əşyaları”, “Geyim” bölmələri yer alıb. Bundan başqa, “Community Help” fəlakət zonasında insanların axtarışına və onlarla rabitə əlaqəsi qurmağa kömək edəcək. İlkin mərhələdə “Community Help” funksiyası sınaq rejimində ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Hindistan və Səudiyyə Ərəbistanında təbii fəlakətlər şəraitində işləyəcək. Sonradan sınaq müddətinin nəticələrinə uyğun olaraq bütün qeydə alınan çatışmazlıqlar aradan qaldırılaraq bu funksiyadan bütün ölkələrdə və bütün fövqəladə hallarda istifadə mümkün olacaq.

5

Son zamanlar hava haqqında məlumat təqdim edən Facebook, bu təşəbbüsünü bir az da irəli apararaq sosial şəbəkəyə gerçək bir hava proqramı inteqrasiya edir. Beləliklə daha ətraflı hava məlumat təmin olunacaq. Facebookun sizə bəzən hava vəziyyətinə yönəlik məlumatlar verdiyini yəqin ki ,  hiss etmisiniz. İndi isə şirkət, sosial şəbəkənin kompüter və mobil versiyalarının içinə gerçək bir hava proqramı inteqrasiya edir. Həmçinin bu həftə Facebook, hava vəziyyəti haqqında bir neçə güncəlləmə çıxarıb. İlk olaraq Facebook, bundan sonra xəbərlərin ən üst hissəsində meydana çıxan, daha ətraflı bir hava vəziyyəti məlumatı təqdim edəcək. Hava vəziyyəti məlumatı, beş günlük hava vəziyyəti proqnozlarını də birləşdirəcək. Bundan başqa, hava vəziyyəti alarmları yaradılacaq. Beləliklə, yağış gözlənilən bir gündə bu vəziyyəti sizə xatırladacaq. Bununla yanaşı son bir həftə ərzində Facebookun iOS və Android versiyalarına xüsusi bir hava durumu hissəsi əlavə olunduğu hiss edilib. Bu xüsusiyyətin sosial media saytının kompüter variantında isə mart ayında istifadəyə verilməsi planlaşdırılır. Bir çoxumuzun gün ərzində Facebook-u istifadə etdiyi düşünülsə, ətraflı hava vəziyyəti biliyinin əlavə platformaya bir müsbət qiymət qatacağını deyə bilərik. İnsanların başqa sayta daxil olmasına ehtiyac qalmadan bu məlumatı facebook-dan əldə etməsi , böyük bir asanlıq təmin edəcəkdir.

6

Fast Company adlı Apple şirkətinə yaxın texnologiya xəbər saytının yaydığı xəbərə görə iPhone 8 heç bir fiziki düyməyə sahib olmayacaq və əvvəlki iPhone-lərə görə tamamilə fərqli bir dizayna sahib olacaq. Bu xəbərə əsaslanaraq, iPhone 8-in düyməsiz bir dizayna sahib olacağını söyləyə bilərik. Düymələrin yığışdırıl iPhone 8 daha güclü su keçirilməz xüsusiyyətə sahib olacaq. iPhone 8-in qiymətinin təqribən 1000 dollar olacağı gözlənilir. iPhone 8-ə gücləndirilmiş və dərinlik təyini funksiyasına sahib arxa kameraya, virtual reallıqlar üçün 3D tanıma texnologiyasına sahib olacaq. iPhone 8 böyük ehtimalla iPhone 7-dən daha böyük bir batareyaya sahib olacaq. Beləliklə, batareya ömrü əhəmiyyətli dərəcədə artacaq. Fast Company-nin hesabatında yeni iPhonenin 5.5 və ya 5.8 düymlük OLED ekrana, paslanmaz poladdan hazırlanmış korpusa və şüşədən hazırlanan bir dizayna və ekran altında Touch İD bamaq izi sensoruna sahib olacağı deyilib. iPhone 8 istifadəçilərin ürəyini fəth etsə də, iPhone 7 və 7 Plus-ın istehsalı davam edəcək.

7

2017-ci ilin ən çox gözlənilən smartfonlarından biri də Microsoftun Surface Phone telefonudur. İddialara görə olduqca güclü texniki xüsusiyyətlərə sahib olacaq smartfon kompyuter funksiyalarını telefonda işlətməyə imkan verəcək. 3 növ Surface Phone tanıdılması gözlənilir, bunlardan 2si hədəflənmiş kütləyə, 1 növü isə peşəkarlara xidmət edəcək. İddialara görə cihazın ekranı Lumia XL-in ekranına bənzəyəcək. Cihaz, böyük ehtimalla, 1440 x 2560 piksel keyfiyyətində 5.5 və ya 6 düymlük ekrana sahib olacaq. Snapdragon 835 və ya İntel Kaby Lake prosessoruna sahib olacağı gözlənilən cihazda 1 USB girişi, maye soyutma texnologiyası və Active-Matrix təbii işıq yayan diod ekran olacaq. 3 növü olacaq cihazda, hədəf kütləyə hesablanmış növündə 4 Gb RAM, peşəkar istifadəçilər üçün hazırlanacaq versiyada isə 8 Gb Ram olacaq. Cihazın daxili yaddaşının 64/128 və 512 GB həcmində olacağı və 3000 mAh gücündə batareyaya sahib olacağı gözlənilir. 21MP-lik arxa və 8 MP-lik ön kameraya yer verələc və cihazda parmaq izi sensoru olacaq. Yayılan fotolarda əsasən, smartfonda 3.5 mm-lik qulaqlıq girişivə USB Type-C bağlantısı olacağını təxmin edirik. Surface Phone smartfonunun 750 və 1200 dollar arasında bir qiymətə sahib olacağı və 2018-ci ilə qədər tanıdılacağı iddia hədəflənib.

8

Adətən virus deyərkən ağla birinci Windows sistemi gəlir. Böyük istifadəçi kütləsinə sahib olan Windows tez-tez hackerlərin hədəfinə tuş gəlir. Linux və Mac OS (əməliyyat sistemi)  əməliyyat sistemi olan cihazlar isə bu vəziyyətdə bir qədər şanslı görünə bilər. Yəqinki, bir çoxuğumuz Mac OS-da virus olmur cümləsi ilə rastlaşmış və işlətmişik. Təəsüfki, bu ifadə də artıq öz doğruluq payını itirir. Səbəbi isə getdikçə artan Mac istifadəçiləridir ki, bu da hackerləri Mac OS sisteminə qarşı hərəkətə keçməyə sövq edir. İran mərkəzli olduğu düşünülən bir qrup hacker MacDownloader adlı bir virus hazırlayıb. Flash Player və ya Bitdefender yenilənməsi kimi görünən bu virus cihaza yükləndiyi zaman MacBook, iMac və Mac Mini kimi cihazlardan məlumatlarınızı oğurlayır. Bu vəziyətdə nəsə yükləyərkən etibarlı websaytlardan istifadə etməyi məsləhət görürük. Artıq Windows kimi Mac OS istifadəçiləri də hackerlərin radarına tuş gəlib.

9

Onurğa beynin sinir siqnalları ilə idarə olunan protez yaradılıb. London İmperiya Kollecinin alimləri onurğa beyninin sinir sonluğunun siqnallarını interpretasiya edən və onları protez əlin hərəkətinə çevirən unikal sistem işləyib hazırlayıblar. Protez əli hərəkət etdirmək üçün insan yalnız lazımi hərəkət haqda düşünməli, bundan sonra hərəkətedici sinirlərdən oxunulan elektrik impulsları protezin müvafiq mexaniki hissələrini hərəkət etdirəcək. Əvvəlki nəsil protezlərdə datçiklər pasiyentin amputasiya edilmiş əl-ayağındakı əzələlərin sonluğuna bərkidilirdi və bu, çox vaxt problem yaradırdı. Bu əzələlərin dartılması protezi hərəkətə gətirir. Amma əksər hallarda əzələlər çox güclü zədələndiyindən protezin hərəkəti çox məhdud olurdu. Pasiyentlərin təxminən 50%-i protezin işindəki nasazlıq səbəbindən ondan imtina edirdilər. Bu səbəbdən bir çox mütəxəssislər artıq çoxdan sinir sisteminə önəm verməyə başlayıblar. Britaniyalı alimlər fərqli metoddan istifadə ediblər. Onlar əvvəllər  onurğa beyindən amputasiya edilmiş əl-ayağa aparan hərəkəti sinirləri ayıraraq onları zədələnməmiş döş əzələləri ilə birləşdiriblər. Bundan sonra bu əzələlərin üzərindəki dəriyə əzələ aktivliyini qeydə alan xüsusi sensorlar bərkidilib. Bu, bu və ya digər hərəkət haqda, sadəcə, düşünməklə protezi hərəkətə gətirməyə imkan verib.

10

Virus xəstəliklərinin tez aşkarlanması üçün cihaz hazırlanıb. Yaponiyada 10 dəqiqəyə insanda müxtəlif virus və bakteriyaların törətdiyi bu və ya digər infeksiyalı xəstəliyin olmasını və tipini müəyyənləşdirməyə imkan verən 500 qramlıq unikal kompakt cihaz yaradılıb. Qurğunu Milli Sənaye Elmləri və Texnologiyaları İnstitutunun mütəxəssisləri ilə birlikdə hazırlayan “Nihon Itagarasu” şirkətinin rəsmi nümayəndəsi bildirib ki, cihazın bu il satışına başlamaq nəzərdə tutulur. Bildirilir ki, hazırda virusun mövcudluğunu aşkarlamaq və tipini müəyyənləşdirmək üçün yalnız ixtisaslaşmış müəssisələrdə olan ağır stasionar avadanlıq tələb olunur. Bu növ prosedurun həyata keçirilməsi üçün hazırda Yaponiyada təxminən 1 saat lazımdır. “Yeni cihaz bunu tüpürcək və qan nümunələri ilə təqribən 10 dəqiqəyə etməyə imkan verir”, – şirkət nümayəndəsi qeyd edib. Cihaz ucqar yerlərə asanlıqla çatdırıla, adi poliklinikalarda, yeyinti sənayesi müəssisələrində, təyyarə göyərtələrində, “quş qripi” xəstəliyinin yayılmasında şübhələr yaranan zaman fermalarda istifadə oluna bilən xüsusi batareya ilə işləyir. Şirkət nümayəndəsi iş üçün xüsusi biliklər tələb edən cihazın peşəkarlar üçün nəzərdə tutulduğunu vurğulayaraq  hələlik məişətdə tətbiq edilməyəcəyini düşündüyünü bildirib. Onun sözlərinə görə, hazırkı mərhələdə cihazın sınaq nümunələri yaradılıb, eləcə də qiymət müəyyənləşdirilməyib. “Eyni analiz üçün hazırkı stasionar qurğuların qiyməti 2-3 milyon yen (18-27 min dollar) təşkil edir. Biz cihazı daha ucuz – 1 milyon yenə (9 min dollara yaxın) satmaq niyyətindəyik”, – o əlavə edib.

11

“Sony”nin yeni smartfonun ilk fotoları təqdim olunub. Fotoları təqdim etmiş mənbənin məlumatlarına əsasən yeni smartfon Xperia XA 2 adlanacaq. İnternetdə gəzən bir çox məlumatlara əsasən Xperia XA 2, MTK Helio P20 prosessoru, 4 GB RAM, 23 MP arxa və 16 MP ön kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon, USB Type-C və 3.5 mm-lik audiogirişə sahib olacaq. Xperia XA 2-nin MWC 2017 sərgisində təqdim olunacağı güman edilir. Onun qiymətinin isə 320$ civarında olacağı gözlənilir.

12

“Nokia”nın məşhur N seriyasının qayıdacağı barəsində iddialar gəzir. Yeni satışa çıxmış Nokia 6 modeli, Çində bütün satış rekordlarını qırmaqda davam edir. Smartfonun satıldığı mağazalar isə çox zaman sifarişlərin çatdırılması barəsində çətinlik çəkirlər. Görünür insanlar, “Nokia”nın öz N seriyası isə bazarda hökmranlıq etdiyi vaxtları yaxşı xatırlayırlar. Artıq Nokia brendi ilə smartfon istehsalını reallaşdıran “HMD Global” şirkəti, məşhur N seriyasını geri qaytara bilər. Hələ 2009-cu ildə “Nokia”, Çində Nseries ticarət nişanını qeydiyyatdan keçirtmişdi. Lakin bir neçə müddət bundan öncə ona oxşar ticarət nişanı çin dilində qeydiyyatdan keçib. Hələki qeydiyyatın kim tərəfindən edildiyi məlum deyil. Buna baxmayaraq qeydiyyatda smartfonlardan söz getdiyini nəzərə alsaq belə qənaətə gəlmək olar ki, qeydiyyatı məhz “HMD Global” şirkəti edib. İstisna deyil ki, yaxın zamanda təqdimatı olacaq flaqman smartfon N seriyasının davamçısı olacaq.

13

Son zamanlar proqram və ya əməliyyat sistemlərinin köhnə versiyaları üçün dəstəyin dayandırılması ilə bağlı xəbərlər tez-tez yayılır. Bu, əksər hallarda köhnə proqramlarda yeni funksiyaların reallaşdırılmasının qeyri-mümkünlüyü və ya aşağı təhlükəsizlik səviyyəsi ilə izah olunur. Əgər siz Skype” proqramının “Windows” və ya “Mac” əməliyyat sistemləri üçün “köhnə quraşdırmalarından istifadə edirsinizsə, o zaman 1 mart tarixindən həmin quraşdırmaların dəstəyi dayandırılacaq. Bu haqda “Microsoft” şirkəti öz rəsmi bloqunda yazıb. “biz müştərilərimizin “Skype” proqramından problemsiz istifadəsi üçün mütəmadi düzəlişlər edirik. 1 mart tarixindən “Skype” proqramının köhnə versiyalarından (“Windows” üçün 7.16 və aşağı versiyalar, “Mac” üçün 7.0-dan 7.18-dək ) istifadə edənlər sistemə daxil ola bilməyəcəklər. Əgər siz belə istifadəçilərdən birisinizsə, o zaman yeniləməni yükləmək lazımdır” – “Microsoft” şirkətinin rəsmisi deyib.

14

“Google” şirkəti tezliklə “iPhone” smartfonunda işləyən “Chrome” brauzeri üçün yeniləmə çıxaracaq və bundan sonra “QR” kodlarının oxunması funksiyası mümkün olacaq. Əvvəllər belə imkan yalnız “Android” istifadəçiləri üçün əlçatan idi. “Alma” şirkətinin smartfonlarında bu funksiya yox idi. Sözügedən funksiyanı aktivləşdirmək üçün istifadəçi barmağını brauzerin ikonkası üzərində saxlamalı və bundan sonra açılan menyudan skaner kodlarını seçməlidir. Funksiyanı aktivləşdirmək üçün daha bir variant axtarış sətrində “QR” yığmaqdır. İstifadəçi “QR” kodu skan etdikdə brauzer onu kod daxilində şifrlənmiş xüsusi istinad üzrə yönləndirəcək. Əgər istifadəçi ştrix kodu skan edirsə, o zaman “Chrome” həmin məhsul haqda qiymət və rəyləri göstərir.

15

“Samsung” şirkəti yaxın vaxtlarda “Samsung Galaxy C5 Pro” adı ilə təqdim olunacaq yeni smartfon versiyası yaradıb. “Samsung Galaxy C5 Pro” smartfonunun müxtəlif mikrosxemlər dəsti (chipset) ilə təchiz olunmaqla iki variantda təqdim ediləcəyi gözlənilir. Birinci qurğu “Mali-T830” qrafik mikrosxeminə malik səkkiznüvəli “Exynos 7870” mikroprosessoru ilə işləyir. Aparat 16 giqabayt tutumlu quraşdırılmış, 2 giqabayt operativ yaddaşla təchiz edilib. Smartfonun yaddaşını, həmçinin əlavə olaraq “microSD” kartı ilə genişləndirmək mümkündür. Məlumata görə, “Samsung Galaxy On7 Pro 2017” adlanacaq ikinci model 5,7 düymlü ekrana malik olmaqla “Media Tek Helio P20” tipli səkkiznüvəli prosessorla təchiz ediləcək. Qrafik çip “Mali-T880” mikrosxeminə malikdir. Qurğunun yaddaş tutumu istehsalçı tərəfindən 3 giqabayt operativ, 32 giqabayt quraşdırılmış yaddaş göstəricilərinədək genişləndirilib. “Android 7.0 Galaxy J7 2017” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

16

Belçikanın rəqəmli texnologiyalarla məşğul olan “Newfusion” şirkəti ölkə tarixində ilk dəfə olaraq dərialtı çip texnologiyasını tətbiq edib. Şirkət əməkdaşları dəriyə yerləşdirilən çiplər vasitəsilə qapıları aça və texnikadan istifadə edə biləcəklər. Çip kiçik ölçüyə malik olsa da, orada işçiyə ofisə daxil olmağa, noutbuk, eləcə də printer və digər ofis əşyalarından istifadə etməyə imkan verən çoxlu məlumat saxlanılır. Elektron açarlar səkkiz əməkdaşın razılığı ilə onların bədəninə yerləşdirilib. Məlumata görə, çiplər identifikasiya üçün istifadə olunan vəsiqələri əvəz edib. Elektron açarın hər birinin qiyməti 100 dollar təşkil edir.

17

ABŞ-ın “Intel” korporasiyası bükük formada korpusa malik noutbuku patentləyib. Hazırda bir sıra şirkətlər bükük formalı televizor və monitorlar istehsal edirlər, ancaq belə modellərin sayı standart modellərdən xeyli azdır. Məsələn, “Acer Predator 21 X” noutbukunun bükük monitorla təchiz edilməsinə baxmayaraq, korpusun əsas hissəsi düz formaya malikdir. Patentin mətninə əsasən, “Intel” korporasiyası korpusu bükük formaya malik noutbuk hazırlamaq niyyətindədir. Sənəddə, həmçinin korpusdan ayrılan ekran təsvir edilib. Ehtimal ki noutbuk planşet kompüterin imkanlarını birləşdirəcək. Noutbukun texniki məlumatları açıqlanmır. Patentdə, həmçinin belə formanın seçim səbəbi izah olunmur. Təxmin edilir ki, bükük kompüterlər daha erqonomik ola bilər. Eyni zamanda belə noutbukları masa üzərində yerləşdirdikdə daha az qızacaq.

18

Ultrasəs dalğalarının köməyi ilə hava vasitəsilə cihazların enerji ilə doldurulmasını təmin edən “UBeam” adlı maraqlı texnoloji startapın direktoru Meredis Perri sözügedən texnologiyanı Los-Ancelesdə keçirilmiş “Upfront Summit” sammitində nümayiş etdirib. O, böyük çexola salınmış smartfonu ultrasəs dalğaları saçan böyük ağ qutunun qarşısına gətirdikdə indikator qurğunun enerji topladığını göstərib. Şirkətin lideri, həmçinin xatırladıb ki, enerji doldurmaq üçün çexol nümayiş etdirilmiş prototiplə müqayisədə daha nazik olacaq. Bununla belə layihənin bazara çıxarılma müddəti haqda məlumat yoxdur. Ötürücü aparatın ölçüsünün kiçildilməsi növbəti addım olacaq. Nümayiş zamanı bildirilib ki, yeni qurğunu sikkə ölçüsündə çip daxilində yerləşdirmək mümkün olub. Həmçinin “UBeam” cihazının dəstəklədiyi məsafə və qurğuların siyahısı haqda məlumat verilməyib.

Mobil telefonların istehsalında ixtisaslaşmış Çin şirkətlərindən biri qəti tədbirlər tətbiq etmək qərarına gəlib. Şirkət rəhbərliyi əməkdaşlarının 90 faizini işdən çıxarıb və onları robotlaşdırılmış-avtomatlaşdırılmış mexanizmlərlə əvəz edib. Çinin “Changying Precision Technology Company” şirkətinin 600-ə yaxın əməkdaşı ixtisara düşüb. Bu şirkətin rəhbərliyi onları robotlar və avtomatlaşdırılmış qurğularla əvəzləmək qərarına gəlib. Hazırda şirkətdə cəmi 60 nəfər çalışır. Şirkətin planlarında daha 20 ştatın ixtisarı var. Müəssisə rəhbərliyi görülən işdən razıdır. Belə qəti tədbirlərin nəticəsi olaraq istehsalı rekord həddə – 250 faizə qədər artırmaq mümkün olub. Zay məhsulların sayı 80 faizə qədər azalıb. Çox güman ki, belə nəticələrə digər Çin şirkətləri də diqqət yetirəcək və yaxın gələcəkdə bu nümunədən istifadə edəcəklər.

19

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register