Tiflisdəki Azərbaycan Teatrı qəzalı vəziyyətdədir

Tiflisdəki Azərbaycan Teatrı qəzalı vəziyyətdədir

Tiflisdəki Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrı hazırda qəzalı və bərbad vəziyyətdədir. Biz tamaşalarımızı Tiflisdəki digər teatrlarda oynayırıq. Bu isə bizim üçün maliyyə sarıdan çox çətindir. Teatrın durumuna aid bu fikirləri teatrın direktor müavini, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Hacıyev bildirib. Onun sözlərinə görə, dəfələrlə Gürcüstan və Azərbaycanın əlaqədar təşkilatları, həmçinin mədəniyyət nazirlikləri teatrın qəzalı vəziyyətdə olmasını görüblər. Gürcüstan Mədəniyyət Naziri teatrın tezliklə təmir olacağını və layihənin hazırlandığını da bildirib: “Tiflis Azərbaycan Dövlət Dram Teatrının gənc kollektivi indiyədək bir çox tamaşaların premyerasına imza atıb və sözsüz ki, bundan sonra da çalışacaq və istedadlı aktyorlarımızın səyi nəticəsində daha çox tamaşalarda oynayacağıq,” N. Hacıyev bildirib.

Direktor müavini qeyd edib ki, hazırda bütün çətinliklərə baxmayaraq teatrda 12 aktyor çalışır: “Qeyd edim ki, hazırda teatr tamaşalarında oynayan aktyorlardan 7 nəfəri ulu öndər Heydər Əliyevin və E. Şevardnadzenin təşəbbüsü ilə Tiflis Azərbaycan Dövlət Teatrının bərpa olunması üçün yaradılan xüsusi qrup olaraq Şota Rustaveli adına Tiflis Teatr və Kino İnstitutunun teatr və kino aktyoru ixtisası üzrə bitirib,” N. Hacıyev bildirib.

Teatrın direktor müavini N. Hacıyev açıqlamasında bu günlərdə Azərbaycanın Gürcüstana yeni təyin olunan səfirinin teatrın binasına baş çəkdiyini və binanın qəzalı vəziyyətini və aktyorlarımızın necə dözülməz bir iş şəraitində çalışdıqlarını gördüyünü bildirib: . “Azərbaycan səfiri bizlə görüşündə aktyor heyətinə 2004-cü ildən bu günədək qəzalı bina və bərbad infrastruktur şəraitinə baxmayaraq, teatrın fəaliyyətini bir gün belə dayandırmadığımıza görə, kollektivə təşəkkürünü bildirdi, eyni zamanda imkan və səlahiyyətləri çərçivəsində köməklik göstərəcəyinə söz verdi. Sonra yeni səfir Dursun Həsənov teatrın bədii rəhbərini və məni teatrın mövcud problemlərini və onun gələcək perspektivini daha ətraflı müzakirə etmək üçün səfirliyə dəvət etdi. Bu, bizi çox sevindirib. Düşünürəm ki, yaxın günlərdə yeni səfirlə görüşəcəyik,” teatrın direktor müavini bildirib.

Teatrın bədii rəhbəri V. Nikoladze hazırda teatr binasının tamaşa oynamaq üçün yaramadığını qeyd edib: “Mən bu teatra təyin olmamışdan Türkiyədə çalışmışam və türk dilini mükəmməl bildiyim üçün Tiflis Azərbaycan Dövlət Dram Teatrı mənə doğma olub. Amma təəssüf edirəm ki, teatrımızda tamaşalar hazırlamaq və oynamaq üçün istədiyimiz şərait yoxdur. Düşünürəm ki, bir ölkədə bir dövlət teatrı fəaliyyət göstərirsə, onun öz teatrı olmalıdır. Bu sözləri mən dəfələrlə söyləmişəm. Düşünürəm ki, hər iki dost, qardaş və qonşu ölkə olan Azərbaycan və Gürcüstan dövlətləri bizim teatrı müasir teatr standartlarına uyğun olaraq təmir edəcək və biz bu binada tamaşalarımızı həvəslə nümayiş etdirəcəyik,” bədii rəhbər bildirib.

Xatırladaq ki, Tiflisdə Azərbaycan dilində ilk tamaşa 1873-cü ildə oynanılıb.

Nizami Məmmədzadə

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register