Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” sosial şəbəkəsində yeni vakansiyalar yerləşdirmək və axtarmaq imkanı meydana çıxıb. Istifadəçilər və müxtəlif şirkətlər öz səhifələrində “Vakansiyalar” adlı xüsusi bölmədə iş elanları yerləşdirə bilərlər. Yeni funksiyanın köməyi ilə istifadəçilər onları maraqlandıran vakansiyanı daha rahat tapa biləcəklər. Elanlar istifadəçilərin xəbər lentində meydana çıxacaq. Elana daxil olduqda, istifadəçinin şəxsi məlumatları olan pəncərə “Facebook” səhifəsində üzə çıxacaq ki, onu potensial işəgötürənə göndərmədən öncə redaktə etmək mümkün olacaq. Yeni funksiya hələ ki, yalnız Amerika və Kanadadan olan istifadəçilər üçün əlçatandır.

1

ABŞ-ın “Gap Inc.” şirkəti “Geyim otağı” (“DressingRoom”) əlavə reallıq proqramını yaradıb. Virtual ölçmə proqramı “Google” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Onlayn-ölçmə üçün istifadəçidən yalnız öz çəki və boy parametrlərini smartfona daxil etmək tələb olunur. Sonra proqram bu məlumatlar əsasında seçilmiş geyimin istifadəçiyə uyğun olub-olmadığını müəyyənləşdirir. Ölçmənin nəticəsi istifadəçini təmin edərsə, proqram vasitəsilə həmin geyimi əldə edə biləcək. “DressingRoom” proqramı yalnız “Google Tango” platforması olan smartfonlarda dəstəklənəcək ki, bu da hələ ki, “Lenovo Phab2 Pro”-da mümkündür. “Gap” şirkətinin biznesin inkişafı və strategiyası üzrə vitse-prezidenti Cil Krakovun sözlərinə görə, “DressingRoom” yalnız ticarətin stimullaşdırılması yollarından biridir.

2

“Apple” korporasiyası bu il yeni məhsullarını təqdim edəcəyi konfransını San-Xose şəhərində keçirəcək. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. “Apple” 2002-ci ilə qədər öz konfranslarını San-Xosedə keçirirdi. Sonra isə San-Fransiskoya üstünlük verildi. Lakin San-Fransiskoda tədbirlərin keçirildiyi mərkəz hazırda təmirə bağlanıb. İyunun 5-də keçirilməsi nəzərdə tutulan konfransda “Apple”ın “iOC” və “Mac OC” əməliyyat sistemlərinin yeni versiyasının təqdim ediləcəyi gözlənilir. “Ağıllı” saatlar və “Apple TV” üçün yenilənmələr də elan oluna bilər.

3

ABŞ-ın Los-Anceles şəhərinin sakinləri və qonaqları artıq film və qısametrajlı videoçarxları IMAX kinoteatrında virtual reallıq formatında izləyə biləcəklər. Bu, film seanslarının virtual reallıq texnologiyası ilə təqdim edildiyi ilk müəssisədir. Kinoteatrın əsas üstünlüyü ondan ibarətdir ki, burada bütün qurğular virtual reallıq rejimində işləyir. Kinoteatrda müxtəlif qurğular və imkanlarla təchiz edilmiş 14 otaq təqdim olunur. IMAX-ın rəhbərliyi virtual reallıq rejimində film izləmək üçün qarnitür və qurğuları Yaponiya və Çin də daxil olmaqla, onlarla ölkədən əldə edib. “ILMxLABs”, “Sony”, “Lionsgate”, “Starbreeze”, “Survios” və “Ubisoft” şirkətləri artıq Los-Ancelesdə yerləşən bu kinoteatrı filmləri izləmək üçün hazır məhsulla təmin etmək barədə istəklərini bildiriblər. Qeyd edək ki, istifadəçilər lazımi qurğuları özləri sərbəst seçə bilərlər. 1 seansın qiyməti 7-10 dollar arasında dəyişəcək. Kinoteatrda eynək, şlem, geyim, kreslo və jiletlər var və onlara yeni texnologiyalar əlavə ediləcək.

4

Niderlandda hərəkət edərkən diqqətini smartfon ekranlarından ayıra bilməyən sakinlər üçün xüsusi işıqfor quraşdırılıb. Işıqfor piyadaların hərəkətini yaxşılaşdırmaq məqsədilə Bodeqraven-Reuveyk şəhərində yaradılıb. Xüsusi işıqfor diqqətini mobil qurğu ekranından ayıra bilməyən insanların görə biləcəyi parlaq qırmızı və ya yaşıl rəngli zolağı yerə proyeksiya edir. İşıqfor ümumi təhlükəsizlik üçün quraşdırılıb. Çünki avtomobili idarə edən zaman insanların diqqətini yayındıran smartfon bunu yeriyərkən də edə bilər. Hazırda yalnız şəhər məktəblərindən birinin yaxınlığında quraşdırılan sistemin tezliklə başqa yerlərdə istifadəyə veriləcəyi gözlənilir. Oxşar sistemin sınaqları Avstraliya və Almaniyada keçirilir.

5

Nitqin tanınması imkanlarını genişləndirən çip. Yeni çipi enerjini az miqdarda istehlak etməklə adi tənzimləyicilərə və digər qurğulara yerləşdirmək mümkündür. ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri nitqin avtomatik tanınması üçün yüksək keyfiyyətli çip hazırlayıblar. “Amazon” şirkətinin “Echo”, “Google”un “Home” və “Apple”ın “Siri” səs köməkçiləri sayəsində elektron qurğularla “ünsiyyət” yaratmaq mümkündür. Alimlərin hazırladıqları yeni çip müasir smartfonlarda nitqin tanınması üçün istifadə olunan tipik həllərlə müqayisədə enerjiyə 90 faizdən çox qənaət edəcək. Məsələn, “iPhone” smartfonlarında “Siri” səs köməkçisi ilə ünsiyyət qurmaq üçün tətbiq edilmiş qurğu bir vatt həcmində enerji sərf edir. Yeni çip isə müvafiq işin yerinə yetirilməsinə 0,2-10 millivatt enerji sərf edəcək. Yeni çipi enerjini az miqdarda istehlak etməklə adi tənzimləyicilərə və digər qurğulara yerləşdirmək mümkündür. Bu da “əşyaların interneti” texnologiyalarının inkişafına güclü təkan verəcək.

6

İnternet istifadəçilərinin sayı 2020-ci ildə dörd milyardı ötəcək. Proqnozlara görə, 2020-ci ilədək dünyada internet istifadəçilərinin sayı 4,1 milyarda çatacaq. Beynəlxalq Telekommunikasiya İttifaqının statistikasına görə, 1995-ci ildə dünya üzrə hər yüz nəfərdən biri internet xidmətindən istifadə edirdisə, 2000-ci ildə bu rəqəm yeddiyə çatıb. Internetdən istifadə edənlərin sayı 2015-ci ildə 3,2 milyard təşkil edib. Bir il sonra isə dünyada təxminən 3,5 milyard nəfər internet çıxışına malik olub. Ötən il Amerika qitəsində hər yüz nəfərdən 65-i, Müstəqil Dövlətlər Birliyi ölkələrində 66-sı, ərəb ölkələrində 41-i, Afrikada 25-i, Avropada 79-u, Asiya və Sakit Okeanı ölkələrində isə 42-si internetə çıxış imkanı əldə edib. Proqnozlara görə, 2020-ci ilədək dünyada internet istifadəçilərinin sayı 4,1 milyarda çatacaq.

7

YouTube-da 30 saniyəlik reklam videolarına son. “Google” şirkəti xəbər verib ki, 2018-ci ildə YouTube videoservisi, 30 saniyəlik reklam videolardan azad olacaq. Qeyd etmək lazımdır ki, həmin reklam videoların işə düşməsi zaman 5 saniyə gözləmək lazım gəlir. Ondan öncə reklam videolarından əsas videoya keçid etmək olmur. Şirkət rəsmisi bildirib ki, “Google” daha çox kommersiya formatında diqqətini cəmləyəcək. Kommersiya formatı isə bir çox reklam verənlər və izləyicilər üçün daha maraqlıdır. “Biz, ümumdünya internet istifadəçilərinə reklam videolarının daha yaxşı dəstəyini reallaşdırmaq üçün çalışırıq. Bu fikir çərçivəsində artıq 2018-ci ildən başlayaraq biz 30 saniyəlik reklam videolarına son verəcəyik. Bunun yerinə biz həm istifadəçilər, həmdə reklam verənlər üçün əlverişli olacaq formata keçid edəcəyik” – deyə şirkət bildirib. Bu cür xəbərin müsbət qarşılanmasına baxmayaraq bu o demək deyil ki, şirkət bu cür reklamların hamısından imtina edəcək. Belə ki, 15-20 saniyəlik reklam videoları olduqları kimi qalacaqlar.

8

Dünyada bir ilk: Robot polis xidmətə başladı. Çinin Xenan əyalətində ilk dəfə olaraq robot-polis xidmətə başlayıb. O, Çjençjou şəhərində dəmiryolu vağzalında gözləmə zalının patrulu ilə məşğul olur. Bu barədə  Gbtimes xəbər yayıb. Robot təkərlərlə hərəkət edir. Onun korpusunda sensorlu vericilər var, boyu isə  insan boyunu keçmir. O,  müstəqil şəkildə ərazini patrul edə, insanların üzünü skan edə və tanıya, həmçinin suallara cavab verə bilərlər. Bundan başqa robot  havanın temperaturunu  müəyyənləşdirə və yanğın barədə xəbərdarlıq edə bilir. Hazırda robot test rejimində növbədədir.

9

Huawei-dən flaqman Honor 8 Pro gəlir. Huawei-nin yeni flaqman cihazı MWC 2017-ci ildə təqdimata hazırlaşır. Huawei, səs gətirəcək yeni bir cihaz ilə qarşımıza çıxmağa hazırlaşır. Hal-hazırda Honor 8 və Honor 8 Lite cihazlarını təqdim edən Huawei, bu iki cihaz da orta səviyyə cihaz istifadəçilərini hədəf almışdı. Ancaq Huawei, MWC 2017-ci ildə səs salmağa qərarlıdır. Honor 8 ailəsinə yeni bir üzv daha qatacaq olan Huawei, bu dəfə flaqman cihaz istifadəçilərini hədəf alacaq. Bu məzmunda təqdim olunacaq cihaz isə Huawei 8 Pro-dur. Əslində daha əvvəl təqdim olunan və bu ayın sonunda Çində satışa çıxacağı gözlənilən Huawei V9-un beynəlxalq versiyası olaraq qarşımıza çıxan Honor 8 Pro, buna baxmayaraq bəzi xüsusiyyətləri ilə V9-u geridə qoyur. Huawei 8 Pro-nun xüsusiyyətləri bunlardır: 5.7-inç Quad HD(1440×2560 piksel) ekran, 2.4GHz Kirin-960 prosessor, 6GB RAM, 128GB artırıla bilən yaddaş sahəsi, 3900mAh batareya, 12 meqapiksel arxa, 8 meqapiksel ön kamera, Barmaq izi oxuyucu sensor, Android 7.0 Nougat. MWC 2017-ci ildə təqdim olunacaq Honor 8 Pro-nun Mart ayında satışa çıxması gözlənilir.

10

Xiaomi Redmi 5-in foto və texniki göstəriciləri sızdırıldı. “Xiaomi” şirkətinin yeni büdcəli smartfonunun foto və texniki göstəriciləri, sertifikatlaşdırma saytı TENAA-da təqdim olunub. Mütəxəssislərin fikrincə MAE136seriyalı model, bazara Xiaomi Redmi 5 adı ilə satışa çıxacaq. Yeni smartfonun dizaynı, Redmi 4-ə bənzəyir. O, Redmi 4-dəki kimi netal korpusa, üst və alt hissədə plastik çərçivələrə, yuxarı sol hissədə kameraya və arxa panelin orta hissəsində barmaq izi skanına sahibdir. Lakin yeni cihazın ön paneli, əvvəlki modeldən fərqlənir. Belə ki, bu dəfə “Home” düyməsi dairəvi formadadır. Qalan idarəetmə panelləri isə Redmi 4-dəki kimidir. Cihazın texniki göstəriciləri barəsində məlumat azdır. Məlum olan odur ki, smartfonun batareya həcmi 4000 mAh təşkil edəcək. Həmçinin yeni model iki SIM kart özəlliyini də özündə birləşdirəcək.

11

232 saatını sərf edərək Apple Campus 2 binasını, Minecraft oyununda yaratdı. Alex Westerlund adlı videoblogger, “Apple” şirkətinin yeni kampusu Apple Campus 2-ni Minecraft oyununda uçan boşqab tərzində yaradıb. O öz yaratdığı şah əsərinin bütün detallaını əks etdirən videonu, YouTube kanalında təqdim edib. Videoda şirkətin üzük formasında olan yeni kampusu əks olunub. Alex-in yaratdığı kampus, uzaq gələcəkdən gəlmiş hansısa kosmik gəmiyə bənzəyir. Qeyd etmək lazımdır ki, yeni kampusun dizaynı vaxtı ikən Steve Jobs tərəfindən təqdim edilmişdi. Videoblogger tərəfindən yaradılmış maket, özündə şirkətin Kupertinoda yerləşən baş ofis binasını, yeraltı dayanacağı, fitnes mərkəzi, konfrans zalını və s. birləşdirir. 4 mərtəbəli kampusun dəqiq oxşarını yaratmaq üçün Alex, 232 saatını sərf edib. Şirkətin baş ofis binasının daxili dizaynı da diqqətsiz qalmamışdır. Qeyd etmək lazımdır ki, Apple Campus 2-nin tikintisi bu il sona çatacaq. Real binanın ümumi ərazisi 120.000 kvadrat metr təşkil edir.

Bu robot evdar xanımların işini asanlaşdıracaq. Bir çox insanlar işdən evə yorğun gəldikləri üçün yemək bişirə bilmirlər. Bu səbəbdən əksər insanlar satışda olan hazır qidalara üz tuturlar. Bu qidalar da təbii ki, hər birimizin sağlamlığına zərərlidir. Elə bu səbəbdən də London mərkəzli bir şirkət, mətbəxdə hər bir işinizi edə bilən robot asistent inkişaf etdirib. Moley Robotik adlı şirkət mətbəxiniz üçün “robochef” adlı robot asistentini təqdim edib. Robot ilk növbədə insan hərəkətlərini yaddaşına yazır. Daha sonra isə bunları son dərəcə həssas hərəkətlərə çevirərək reallaşdırır. Verilən məlumatlara görə şirkət, robotu bu ildən etibarən bazara təqdim edəcək. “Robochef” sizin üçün yemək bişirməkdən əlavə, qablarınızı yumağa da köməkçi olacaq. Əlavə tətbiqdən istifadə edərək uzaqdan nəzarət edə biləcəyiniz robota, evə gəldiyinizdə yeməyinizin hazır olmasını sifariş edə bilərsiniz. Əlbəttə ki, bu qədər təcrübəli texnologiyanın qiyməti ucuz olmayacaq. Bu robota sahib olmaq üçün siz 15.000 dollar pul ödəməli olacaqsınız. Lakin ümid edirik ki, qiymət zamanla hər hansı bir yeni texnologiyada olduğu kimi azalacaq.

12

Elektron cihazlar üçün şəffaf ekran yaratmaqdan ötrü çoxsaylı cəhdlər edilib və bu yaxınlarda “Japan Display Inc” şirkəti də öz variantını təqdim edib. Yapon şirkətinin istehsalı olan ekranın şəffaflıq əmsalı 80% təşkil edir və ən müxtəlif sahələrdə (pəncərə, artırılmış reallıq cihazları və sairə) tətbiq oluna bilər. Yeni tip displeyin şəffaflıq əmsalı bundan əvvəl təqdim edilmiş belə qurğularla müqayisədə iki dəfə yüksəkdir. Bu, yeni istehsal texnikasından istifadə ilə izah edilir. Məsələn, polyarizator və işıq filtrindən istifadəyə əsaslanan maye kristal ekranlarda şəffaflıq səviyyəsi 30%-i ötmür, belə texnologiyalardan istifadə edilmiş “OLED” tipli ekranlarda 45%-lik şəffaflıq əmsalına nail olmaq mümkündür. Hazırda 300×300 piksel təsvir ölçülü şəffaf ekran nümunəsinin diaqonalı 4 düym təşkil edir. Belə ekranlar elektron kitab, saat, smartfon, artırılmış reallıq sistemləri, reklam lövhələri, mağaza vitrinləri, “ağıllı” pəncərələr və digər sahələrdə tətbiq oluna bilər.

13

“Amazon” şirkəti səs, videozəng, messencer və görüş təşkili funksiyalarını birləşdirən “Chime” proqramını istifadəyə verib. “Amazon Web Services”in tərkibinə daxil olan yeni proqramın hədəfi istifadəçilər  arasında ünsiyyəti asanlaşdırmaqdır. “Chime” proqramı korporativ bazar üçün nəzərdə tutulub. “Amazon”un rəsmisi məlumat verib ki, tamamilə “sıfırdan” yaradılmış bu proqram mobil qurğu və stasionar kompüterlər arasında asanlıqla keçid etməyə imkan verir. “Chime” tətbiqində istifadəçi müşavirəyə gecikdiyi halda xəbərdarlıq göndərmək, cari statusu göstərmək (məsələn, “məşğuldur”, “şəbəkədə” və ya “yoxdur”), ekranı həmsöhbətə göstərmək, həmçinin danışıq iştirakçılarından birinin mikrofonunun səsini almaq mümkündür. Həmçinin sənədlərin bərkidilməsi funksiyasına malik çat əlçatandır. “Chime” proqramı “Android” və “iOS” sistemi ilə işləyən qurğularda, həmçinin “Mac” və “Windows” kompüterlərində əlçatandır. 30 gün ərzində proqramdan istifadə pulsuzdur, bundan sonra tarif planı seçmək lazımdır. Ekranın iki hissəyə bölünməsi funksiyası dəstəklənməyən və 2 iştirakçı üçün baza versiyası (“Basic Edition”) pulsuzdur. “Plus Edition” versiyası hər bir yeni istifadəçi üçün aylıq 2.50 dollara başa gələcək. “Pro Edition” versiyasının dəyəri 15 dollardır.

14

Çinin “ZTE” şirkəti “MWC” sərgisində dünyada beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk smartfonu nümayiş etdirməyi planlaşdırır. “ZTE Gigabit Phone” smartfonu saniyədə 1 Qbit sürətlə internetə qoşulacaq. İstehsalçının məlumatına görə, bu sürət virtual reallıqda 360 dərəcəlik axınlı videoları və ultra yüksək təsvir ölçülü çarxları izləməyə imkan verəcək. Telefon ABŞ və Avstraliya bazarları üçün nəzərdə tutulub, çünki beşinci nəsil şəbəkələri ilk öncə adı çəkilən ölkələrdə əlçatan olacaq. Sözügedən smartfon “Qualcomm” şirkətinin “Snapdragon 835” çipi ilə işləyəcək. Bu çipin modulu artıq 1 Qbit/s-lik internet sürətini dəstəkləyir. 27 fevral tarixində  Barselonada start götürəcək “MWC” sərgisində “ZTE Gigabit Phone” haqda bütün təfərrüatlar məlum olacaq.

15

Çinin texnologiya nəhəngi “Huawei” şirkətinin rəhbərliyi özünün rəqəmsal köməkçisinin yaradılması imkanlarına baxır. Bununla da ABŞ-ın “Siri” şirkətinin yaxın zamanlarda rəqibi ola bilər. Mənbə bildirir ki, bununla bağlı müəyyən işlər artıq artıq başlayıb. Bunu həmçinin “Huawei” şirkətinin rəqəmsal köməkçisinin yaradılması prosesinə yüzdən artıq mütəxəssisin cəlb etməsi faktı da təsdiqləyir. Təxmin edilir ki, “Huawei” ilk növbədə “Siri”nin rəqibini Çin istifadəçiləri üçün tərtib edir. Sistem istifadəçilərlə yerli dildə ünsiyyət quracaq və onun daxili bazardan kənara çıxa biləcəyi məlum deyil. Bu arada şayiələr ondan xəbər verir ki, “Huawei”in rəqəmsal köməkçisi Çində qalacaq. Ölkədən kənarda isə şirkət “Google” və “Amazon” şirkətlərinin xidmətləri ilə qarşılıqlı əməkdaşlıq edəcək.

16

“Eset” beynəlxalq antivirus şirkəti “Adobe Flash Player” yenilənməsi adı altında mobil qurğularda yayılan troyan barədə xəbərdarlıq edib. Virus bank hesablarındakı pulun oğurlanması üçün istifadə olunur. Zərərverici proqram təminatı müdaxiləyə məruz qalmış sayt və sosial şəbəkələr vasitəsilə yayılır, smartfon və planşetə qurulduqdan sonra “Saving Battery” xidməti adı altında işləməyə başlayır və sistemdə geniş imtiyazlar istəyir. Lazımi imtiyazları ələ keçirmiş troyan uzaq serverlə əlaqə yaradır və əsasən mobil bankçılıq sistemlərində vəsaitlərin ələ keçirilməsi üçün istifadə edilən başqa virusları sistemə yükləyir. Mobil qurğuya müdaxilə etmiş yükləyici virusu antivirusun köməyi ilə silmək mümkündür. Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, virusun silinməsi onun quraşdırdığı zərərverici proqramlara təsir etməyəcək.

17

Moskvadan olan proqram təminatı istehsalçıları avtomobillər üçün “qara qutu” layihəsini hazırlayıblar. Layihə Rusiyanın Kaluqa şəhərində Açıq İnnovasiya Stratap Turunda (Open Innovatiobs Startup Tour) təqdim edilib. Layihənin müəlliflərindən biri Vyaçeslav Pivovar bildirib ki, “avtomobil qara qutusu” universal yüksəkdəqiqli telematika materialıdır və onun silsilə istehsalına başlamaq planlaşdırılır: “Bu məhsul avtomobil sığortası bazarı iştirakçıları, avtomobillərin icarəyə götürlüməsi, avtodillerlər və lizinq şirkətləri, eləcə də kommersiya yükləri və sərnişin daşımaları üçün nəzərdə tutulub. Məhsul yol polisinin və sığorta şirkətlərinin işini asanlaşdırmağa hesablanıb”. Yol-nəqliyyat hadisəsinin rəsmiləşdirilməsi, onun səbəblərinin araşdırılması və günahkarların müəyyən edilməsi zamanı təkcə hadisə iştirakçıları arasında deyil, həm də sığorta şirkətləri, yol polisi ilə də maraqlar münaqişəsi yaranır. Layihəni hazırlayanlar güman edirlər ki, bu vəziyyətdə “avtomobil qara qutusu” qəzanın necə baş verməsi mənzərəsini tam aydınlığı ilə ortaya çıxaracaq. Avtomobilin “göyərtəsində” yerləşdiriləcək “qara qutu” kənar müdaxilələrə və ağır zərbələrə qarşı tam qorunub və olduqca davamdlıdır.

18

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register