Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” sosial şəbəkəsi intihara meylli insanları müəyyənləşdirməyə kömək edən yeni alqoritm hazırlayıb. Alqoritm süni intellektə əsaslanır. Süni intellekt risk qrupundakı insanı müəyyənləşdirdikdən sonra ona ağır günləri keçirməyə kömək edən resurslar, eləcə də telefon nömrəsi tövsiyə edəcək. Qeyd edək ki, sosial şəbəkənin rəhbəri Mark Zukerberq daha əvvəl bir neçə dəfə bəyan edib ki, “Facebook” mürəkkəb vəziyyətlə üzləşmiş insanlara yardım etməli və onların özlərinə zərər vermələrini əngəlləməlidir.

1

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi ölkədə özüidarəolunan avtomobillərin populyarlaşdırılması ilə bağlı plan yaradıb. 2030-cu ilə qədər ölkədə maşınların 20 faizi pilotsuz olmalıdır. “DigiTimes Research” bildirir ki, artıq bu il Yaponiya hökuməti sıx məskunlaşmanın yüksək olmadığı rayonlarda özüidarəolunan avtomobillərin istifadə olunmasını dəstəkləyib. 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında pilotsuz taksilər çalışacaq. 2025-ci ildə özüidarəolunan avtomobillərə traslara çıxmağa icazə veriləcək, 2027-ci ildə bu maşınlar kiçik şəhərlərin, 2030-cu ildə isə ölkənin yollarına çıxa biləcəklər. Yaponiyanın nəhəng avtomobil istehsalçısı “Toyota Motor” şirkəti üzümüzə gələn il özünün yaratdığı özüidarəolunan avtomobillərin kommersiya istifadəsinə başlamağı planlaşdırır.

2

“Yahoo” şirkətinin Direktorlar Şurası şirkətin rəhbəri Marissa Mayerə mükafat verməkdən imtina olunması ilə bağlı qərar qəbul edib. 2014-cü ildə “Yahoo” şirkətinə haker hücumu həyata keçirilib. Kibercinayətkarlar şirkətin milyondan artıq müştərisinin məlumatlarını oğurlayıblar. Ancaq şirkət rəhbərliyi çoxlu sayda “Yahoo” istifadəçisinin akkauntunun sındırıldığını bildiyi halda, onların diqqətinə çatdırmayıb. Baş verən hadisə ilə bağlı yaranmış qalmaqaldan sonra “Yahoo”nun itkiləri 350 milyon dolları keçib. Yaranmış vəziyyət Direktor Şurası tərəfindən şirkətin rəhbəri Marissa Mayeri 2 milyon dollar həcmində mükafatdan məhrum etməklə bağlı qərar qəbul etməsinin əsasını qoyub. Bundan başqa, qeyd edilir ki, şirkətin hüquq məsləhətçisi Ronald Bella da “Yahoo”dan heç bir pul mükafatı almadan şirkətdən uzaqlaşdırılıb. Baş verən hadisəyə məsul olan şirkətin daha bir əməkdaşı isə 2015-ci ildə öz istəyi ilə işdən azad olunub.

3

“McDonald’s” restoranlar şəbəkəsi evlərə yemək sifarişlərini yerinə yetirmək üçün mobil proqram əlavəsi hazırlayır. Proqram əlavəsi yemək sifariş edib, onu daha sonra restorandan götürməyə və ya kuryer xidmətindən yararlanmağa şərait yaradacaq. Yenilik 2017-ci ilin sonuna qədər ABŞ-dakı və xaricdəki 20 min restoranda tətbiq ediləcək. Yeni təşəbbüsdə məqsəd gəlirləri artırmaq, eləcə də “McDonald’s” brendinə marağını itirən köhnə müştəriləri təkrar cəlb etməkdir.

4

“Kasperski Laboratoriyası”nın elmi əməkdaşları bildiriblər ki, dünya trafikində spamın payı 58,3 faiz təşkil edir. 2015-ci ilin göstəricisi ilə müqayisədə onun həcmi 3,03 faiz artıb. Müvafiq təhlilin nəticələri şirkətin rəsmi saytında dərc edilib. Mütəxəssislər əsas diqqəti ona yönəldib ki, 2009-cu ildən bəri dünya trafikində spamın payı artıb. Buna qədər isə göstəricilər ancaq müsbət tendensiya nümayiş etdirirdi. Qeyd edək ki, 2009-cu ildə spamın payı 85 faizə çatıb və bundan sonra tədricən azalıb. 2015-ci ildə mütəxəssislər onu 59,62 faiz qeydə alıblar. Ancaq pik noyabr ayında olub və 61,66 faizə çatıb. 2016-cı ilin nəticələrinə görə 58,3 faiz təşkil edib ki, bu da əvvəlki analoji hesabat dövrünün göstəricilərindən 2,03 faiz çoxdur. “Kasperski Laboratoriyası”nda qeyd ediblər ki, spamın yaranmasının əsas mənbəyi ABŞ-dır. Məhz bu ölkədə bu göstərici kritik həddə çatır. Oradan gələn göndərişlər dünya trafikinin 12,98 faizini təşkil edir. Bu reytinqdə ABŞ-dan sonra 10 faiz göstərici ilə Vyetnam yerləşib. Rusiyadan isə bütün ziyanverici məktubların cəmi 3 faizi göndərilir.

5

Dünyada daxili barmaq izləri skaneri ilə təchiz edilmiş ilk displey təqdim edilib. Sensor displeyə barmaq izləri skanerini quraşdırmaq ideyası çoxdan mövcuddur. Bəzi nəhəng mobil qurğu istehsalçıları, məsələn, “Apple” şirkəti, hətta belə həllin yaradılması üçün müxtəlif variantları təsvir edən bir neçə patenti qeydiyyatdan keçirib. Ancaq “Goodix” şirkəti “MWC 2017” sərgisi çərçivəsində “AMOLED” displeyə qurulmuş dünyada ilk barmaq izləri sensorunu təqdim edib. Yeni həll “In-Display Fingerprint Sensor” adlandırılıb. “Goodix” şirkətinin nümayəndələrinin sözlərinə görə, “In-Display Fingerprint Sensor” həlli “AMOLED” displeyin ayrıca sahəsini biometrik skanerə çevirir. Şirkətin nümayəndələrinin məlumatına görə, yüksək işləmə sürəti, aşağı enerji sərfiyyatı və yığcam ölçü yeni texnologiyanın əsas üstünlüyüdür. Yeni sensorun çıxarılma tarixi açıqlanmayıb.

6

Alimlər məlumatların məhv edilməsi üçün yeni üsul hazırlayıblar. Səudiyyə Ərəbistanının Elm Texnologiya Universitetinin əməkdaşları elektron formada saxlanan informasiyanın məhv edilməsi üçün innovativ texnologiya hazırlayıblar. Bu ixtira məhdud girişə malik məlumatlarla işləyən bir çox təşkilatların marağına səbəb olacaq. Hazırda mövcud olan məlumatların məhv edilməsi sistemləri yüksək mürəkkəbliyi və bahalığı ilə səciyyələnir. Ərəb alimlərinin həlli sadə, amma səmərəli texnologiyaya əsaslanır və məlumatları 10 saniyə ərzində tamamilə məhv etməyə imkan verir. Bu halda simsiz şəbəkə vasitəsilə məsafədən bu prosesi aktivləşdirmək mümkündür. “İstifadə etdiyimiz polimer material maraqlı fiziki xüsusiyyətə malikdir: qızma zamanı onun həcmi böyüyür. Belə ki, bu materialı 80 selsi dərəcəyə qədər qızdırmaq kifayətdir ki, onun həcmi 7 dəfə böyüsün. Məhz bu sadə prinsip silisium çiplərin fiziki məhv edilməsində  istifadə olunur” –   ixtiraçılar bildiriblər.

7

Gmail və digər elektron poçt servisləri maksimum 25 MB həcmli məktubları qəbul etmək və göndərmək imkanını verir. Lakin bu baxımdan bəzən istisnalar da olur. Beləliklə “Google” şirkəti bu limiti aradan qaldıraraq onu 50 MB edib. Bundan sonra istifadəçilər, 50 MB həcmə qədər olan məktubları qəbul edə biləcəklər. Lakin bununla belə göndərilən məktubların həcmi olduğu kimi 25 MB qalır. Buradan sual yarana bilər ki, əgər limit 50 MB-kimi qaldırılıbsa və əgər göndərilən məktubun limiti 25 MB-dırsa onda burda məntiq hardadır? Məsələ burasındadır ki, yeni özəllik, iki Gmail ünvanı arasındakı məktublaşmaya şamil olunmur. Əgər siz 50 MB həcmli məktubu digər elektron poçt servisi vasitəsilə Gmail ünvanına göndərsəniz onda problemsiz məktub bir başa ünvana çatdırılacaq. Lakin bir Gmail ünvanından digərinə sözügedən həcmli məktubu göndərən zaman isə istifadəçi məcburi şəkildə Google Drive servisindən istifadə etməli olacaq. Günümüzdə elektron poçt servisləri, göndərilən məktubun həcminin böyük olduğu halda onu avtomatik şəkildə bulud servisə yükləmə funksiyasına malikdirlər. Lakin müxtəlif servislərdə həcm məsələsi tamamilə fərqlənə bilər. Məsələn Outlook.com, 50 MB həcmə kimi məktub göndərmə imkanını verir. Bəzi servislər isə heç limit qoymur. Gmail-in bu yeni özəlliyi yaxın bir neçə gün ərzində bütün istifadəçilərə təqdim olunacaq.

8

“Caviar” şirkəti yeni Nokia 3310-nun premium versiyalarını təqdim edib. Onlardan biri xüsusi olaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putin-ə həsr olunub, digəri isə titan korpusdan hazırlanıb. Şirkət, MWC 2017-də təqdim olunmuş yeni Nokia 3310-nun dizaynını tamamilə dəyişib. Nokia 3310 Supermo Putin adlı model, titan korpusdan hazırlanıb və 999 probluq qızıl örtük ilə örtülüb. Telefonun düymələri keramikadan hazırlanıb. Mərkəzi düyməyə isə Rusiya Federasiyasının gerbi əks həkk olunub. Arxa hissədə prezident Vladimir Putinin fotosu yerləşdirilmişdir. Bu modelin qiyməti 1702$ təşkil edir. İkinci model, Nokia 3310 Titano adını alıb. Sözügedən modeldə dizaynerlər, 17 il bundan öncə işıq üzü görmüş o əfsanəvi Nokia 3310-nun xüsusiyyətlərini yaratmağa çalışıblar. Buna görə də telefonun korpusu, BT 23 markalı güllə keçirtməyən titandan hazırlanmışdır. Bu modeldə də bütün düymələr keramikadan hazırlanıb. Bu modelin qiyməti isə 1530$ təşkil edir.

9

Yaxın zamanda barmaq izi skanı texnologiyası bir başa ekrana inteqrasiya olunacaq. Barmaq izi skanı texnologiyasının bir başa smartfon ekranına inteqrasiya olunması fikri əslində çoxdan var idi. Hətta “Apple” kimi böyük istehsalçılar bu texnologiyanın patentini belə əldə ediblər. Lakin buna baxmayaraq digər istehsalçılardan fərqli olaraq “Goodix” şirkəti daha irəli gedib. Belə ki, MWC 2017 sərgisi çərçivəsində şirkət, AMOLED ekrana inteqrasiya olunmuş barmaq izi texnologiyasını təqdim edib. Bu yeni texnologiya In-Display Fingerprint Sensor adını alıb. Şirkətin verdiyi məlumata əsasən sözügedən texnologiya, smartfon ekranının müəyyən bir hissəsini barmaq izi skanına çevirir. Bunun sayəsində bir çox istehsalçılar “Home” düyməsində olan barmaq izi skanından imtina edə bilərlər. Şirkətin yeni məhsulu həmçinin yüksək işləmə sürəti, az enerji tələbatı və kompakt ölçüsü ilə fərqlənir. Onun məhz kompakt olması, nazik kənar çərçivələrə sahib istənilən smartfon və planşetə inteqrasiya olunmasına imkan yaradır. Yeni sensor texnologiyasının kütləvi istehsala çıxacağı barədə hələki məlumat yoxdur.

“Sony” şirkəti dünyada ən sürətli yeni “SD” kartını satışa çıxarmağa hazırlaşır. “SF-G” seriyalı kart martda 32, 64 və 128 QB formatlarında əlçatan olacaq. Sözügedən “SD” kartı 300 Mb/s sürətində oxuma və yazma sürətinə malik olacaq. “Sony” şirkətinin məlumatına görə, “4K” formatından istifadə edən fotoqrafların ehtiyaclarını nəzərə alaraq belə parametrlər hazırlanıb. Bu “SD” kartı yüksək təsvir ölçülü məzmunun çəkilişi və böyük tutumlu məlumatların kompüterə daşınması üçün uyğun variantdır. Şirkətin “USB 3.1 Gen1” interfeysi ilə uyğun olan yeni kart oxuducusu bu məqsədə xidmət edir. Köhnə mexaniki sərt disklərin sahibləri yeni “SD card”ın bütün üstünlüklərindən yararlana bilməyəcəklər. Yeni “SD” kartı “UHS-II” interfeysi ilə işləyir və yüksək sürətinə görə “Sony” şirkətinin proqram təminatına borcludur. Bu kartlar şirkətin bərpa proqramları ilə uyğundur, su keçirməzdir, temperatur fərqinə, zərbəyə və rentgen şüalanmasına qarşı dayanıqlıdır. “Sony” şirkəti hələ yeni kartların qiymətini açıqlamayıb.

10

ABŞ-ın özəl kosmik şirkəti “SpaceX” Ay turizmi ilə bağlı planını açıqlayıb. Şirkət 2018-ci ilin sonunda 2 turisti Ay ətrafında 1 həftə ərazində gəzdirəcəyini elan edib. “Biz “SpaceX”ın 2018-ci ilin sonunda iki şəxsi Ay ətrafında uçuşa göndərəcəyini elan etməkdən şadıq. Bu insanlar bütün bəşəriyyətin arzuları və ümidlərini özləri ilə daşıyaraq kosmosa səyahət edəcəklər”, – deyə şirkətin rəsmi saytında qeyd olunub. Turistlərin adları onların xahişi ilə açıqlanmayıb. Artıq onlar uçuş üçün tələb olunan ödənişi böyük hissəsini yerinə yetiriblər. Bu şəxslər il ərzində lazımi tibbi testlərdən keçəcək və məşq edəcəklər. Missiya “Dragon2” gəmisi ilə həyata keçiriləcək. Onu “Falcon Heavy” ağır daşıyıcı raketi fəzaya çıxaracaq. Qeyd edək ki, “SpaceX”ın sahibi İlon Mask daha öncə Marsda məskunlaşma ilə bağlı planlarını elan edib.

11

Yaponiyanın “Sony” şirkəti Barselonada keçirilən “Mobile World Congress” sərgisi çərçivəsində müxtəlif səthlər üzərində sensor ekran kimi universal işləmə imkanına malik yeni “Xperia Touch” proyektorunu təqdim edib. Ötən il oxşar proyektorun prototipini təqdim edən Yaponiya şirkəti bu dəfə qurğunun görünüşündə əhəmiyyətli dəyişikliklər edib. Qiyməti 1499 avro təşkil edəcək “Xperia Touch” qurğusunun yaxın vaxtlarda Avropa və Yaponiyada, o cümlədən ABŞ bazarında satışa çıxarılacağı gözlənilir. Məlumata görə, “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən proyektor onlayn mağazadan xüsusi əlavələrin yüklənməsini nəzərdə tutur. Bundan başqa, qurğu iki dinamiklə təchiz edilib. Qurğuda əsas məhdudiyyət kimi ekran ölçüsünün 80 düymdən çox olmaması qeyd edilir, əks halda, sensorlu funksiyaların lazımınca işləməyəcəyi bildirilir.

12

İllinoys Universitetinin alimləri tərəfindən kənd təsərrüfatına kömək məqsədilə hazırlanmış robot inspektor bitkilərin araşdırılması kimi uzun və yorucu prosesi öz üzərinə götürəcək. Fenotipləşdirmə – bu, bitkinin fiziki xarakteristikalarının müşahidəsi zamanı onun vəziyyətini qiymətləndirməyə imkan verən prosesdir. Belə müşahidələr əsasən insanlar tərəfindən aparılır və bütöv torpaq sahəsini yoxlamaq gərəkdiyi halda bu proses çox uzana bilər. Bu səbəbdən İllinoys Universitetindən olan mütəxəssislər komandası robot inspektor hazırlayıblar. Bu robot torpaq sahəsində hərəkət edərək bitkilərin vəziyyətini müşahidə edəcək. Yarım avtomatik qurğu kompüter vasitəsilə “GPS” texnologiyasının köməyi ilə idarə edilir. Robota qurulmuş tırtıl əksər maneələri dəf etməyə imkan verir. Kənd təsərrüfatı robotu hiperspektral və istilik kameraları, həmçinin hava  monitorları və impulslu lazer skanerləri daxil olmaqla sensorlarla təchiz edilib. Qurulmuş sensorlar robota gövdənin diametri, bitkinin hündürlüyü və yarpağın sahəsi kimi məlumatları toplamağa imkan verir. Robot tərəfindən toplanılmış informasiya daxili kompüterdə saxlanılır. Bundan sonra məlumatlar hər bir bitkinin “3D” modelinin yaradılmasında istifadə edilə bilər.

13

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register