Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Şimali Koreya beynəlxalq bank sistemi – SWIFT-dən kənarlaşdırılıb. Bu barədə Belçikanın xarici işlər naziri açıqlama yayıb.  Sanksiya Pxenyanın növbəti raket sınaqları ilə əlaqədardır və Şimali Koreyanın 3 bankına şamil olunacaq. Xatırladaq ki, martın 6-da Şimali Koreya Yapon dənizi istiqamətində 4 raket atıb. Onlardan 3-ü Yaponiyanın nəzarətindəki 200 millik zonaya düşüb. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın bu addımını qınayıb və sərt tədbirlər görəcəyini bəyan edib. Qeyd edək ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) beynəlxalq banklararası informasiya mübadiləsi və ödəniş sistemidir. Qurum SWIFT-BIC, BIC code, SWIFT ID və ya SWIFT code adları ilə də tanınır. 1973-cü ildə təsis edilən sistemin təsisçisi qismində 15 ölkə və 239 bank çıxış edir. Hazırda 209 ölkədən 9 mindən çox bank sistemdə iştirak edir. Təşkilat Belçika qanunları əsasında fəaliyyət göstərir.

1

Cənubi Koreyanın “Samsung” şirkəti ABŞ-da istehsala iri investisiya yatırmağı planlaşdırır. Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat verib. İlkin investisiyalar 300 milyon dollar təşkil edəcək. “Samsung” məişət texnikası istehsalının bir hissəsini Meksikadan ABŞ-a köçürməyi planlaşdırır. Beləliklə, şirkət ABŞ-da təxminən 500 min yeni iş yeri yarada bilər. Mənbənin məlumatına görə, “Samsung”un ABŞ-da istehsal yaratmaq həvəsi Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra yaranıb. Belə ki, Tramp bütün şirkətləri ABŞ-da yeni iş yerləri yaratmağa çağırıb. “Samsung”un nümayəndəsi CNBC telekanalına bildirib ki, şirkət ABŞ-da məişət texnikası istehsalı müəssisəsinin yaradılması ilə bağlı ilkin danışıqlar aparır.

2

Əfsanəvi “Nokia 3310” modelinin yenilənmiş versiyasına sifarişlərin sayı gözləntiləri üstələyir. Bu barədə “Carphone Warehouse” onlayn mağazasının nümayəndələri bildiriblər. Mənbə dəqiq məlumatlar verməsə də, cihaza böyük tələbatın olduğunu söyləyib. Yeni “”Nokia 3310” Barselonadakı “MWC 2017” sərgisi zamanı təqdim edilib. Tərtibatçılar tanınmış modeli yeni plastiklə təchiz edib və dizaynı üzərində ciddi işləyiblər. Qeyd edilir ki, telefonunun təqdimatından sonra “Nokia” brendi ilə bağlı axtarış sistemlərində sorğular təxminən 800 faiz artıb. Bununla belə, əksər istifadəçilər “Snake” oyunu ilə maraqlanıblar. Adıçəkilən telefon bir sıra çatışmazlıqlara da malikdir. Onların arasında bu seqment üçün qiymətin yüksək olması, həmçinin yalnız GSM 900 və 1 800 MHs şəbəkəsində işləməsidir.

3

İnternetdə bu ay təqdimatı gözlənilən yeni “Samsung Galaxy S8” smartfonunun qiyməti və rəngləri barədə məlumat yayılıb. Mobil bazarın analitiki Roland Kvandt özünün “Twitter” səhifəsində bildirib ki, “Samsung Galaxy S8” smartfonunun baza modelinin qiyməti 845 dollar, S+ variantının qiyməti isə 950 dollar olacaq. Lakin digər məlumata əsasən qiymətlər müvafiq olaraq 799 və 899 dollar təşkil edəcək. Cihaz üç rəngdə – qara, bənövşəyi və gümüşü rəngdə buraxılacaq. İlk rəsmi təqdimat martın 29-da Nyu-Yorkda keçiriləcək. KİV nümayəndələri məlumat əldə ediblər ki, qapalı təqdimatı artıq Barselonada keçirilən dünya mobil sərgisində baş tutub. Smartfonun müvafiq olaraq 5,8 və 6,2 ölçülü və kənarları əyilmiş AMOLED-displeylə təchiz olunduğu bildirilir. Cihaz şüşədən deyil, alüminiumdan hazırlanıb ki, bu da onun dözümlüyünü artırır. Smartfonun sınaqdan keçirilməsi üçün bir neçə mobil operator şirkətinin nümayəndələri dəvət olunub. Onlar məlumatları yaymamaq üçün xüsusi sənəd imzalayıblar.

4

“Apple” korporasiyası bu ilin aprelində yeni “iPad Pro”nu təqdim etməyə hazırlaşır. Bu barədə Qərb mediası tədarükə hazırlaşan riteylerlərlə istinadən yazır. İlkin xəbərlərə əsasən “Apple iPad Pro” istehsala tam hazırdır. Təxmin edilir ki, onun təqdimatı aprelin 4-də baş tutacaq. Bundan sonra planşet dərhal mağazalara göndəriləcək. Yeni planşetin qiyməti köhnə modeldən 1,5 dəfə yuxarı olacaq. Bu, onunla izah edilir ki, cihazın texniki xüsusiyyətləri yaxşılaşdırılıb. “Apple iPad Pro”nun ABŞ-da satış qiyməti təxminən 299 dollar olacaq.

5

2017-ci ilin sonunadək Çin rusiyalı mütəxəssislərin köməyi ilə dünyada ilk dəfə olaraq mülki məqsədlər üçün sualtı qayıq istehsal etməyi planlaşdırır. Sualtı qayıq göyərtəsinə 40-dək sərnişin götürə biləcək. “China Daily” qəzeti yazır ki, “Tianjin Ostar Underwater Vehicles Co” şirkəti gəminin hazırlanması üçün Rusiyanın bir neçə elmi tədqiqat institutu ilə birgə müəssisə yaradıb. Şirkətdən bildiriblər ki, belə sualtı qayıq turizm məqsədilə də istifadə oluna bilər.

6

Çində oktyabr ayından etibarən mobil telefonlarda internetin istifadəsi pulsuz olacaq. Çinin üç böyük provayderi – “Çin Mobil Əlaqə”, “Çin Birləşmiş Şəbəkə Əlaqəsi Qrupu” və “Çin Telekommunikasiya Şirkəti” bununla bağlı razılaşma əldə ediblər. Bu qərarın Çinin mobil əməliyyatlar və idarəetmə sistemində əhəmiyyətli yeniliklərə səbəb olacağı qeyd olunub.

7

“Samsung Electronics” şirkəti “Galaxy S7” və “S7 Edge” smartfonlarının pərakəndə satış qiymətinin endirilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə şirkətin ABŞ seqmentinin rəsmi internet mağazasında dərc edilən məlumatda deyilir. Bundan sonra ötən ilin qabaqcıl model sırasından olan smartfonları 100 dollar ucuz qiymətə əldə etmək mümkün olacaq. Smartfonların pərakəndə satış qiymətinin azaldılması “Samsung”un yeni qabaqcıl “Galaxy S8” modelinin təqdimatı ərəfəsində anbar ehtiyatlarını boşaltmaq istəyi ilə izah olunur. Maraqlıdır ki, smartfonların qiymətinin aşağı salınması yalnız Asiya və Şimali Amerika bazarına şamil edilib və Avropada smartfonların qiyməti dəyişməz qalıb.

8

2017-ci ilin ilk yarısında tanıdılması gözlənilən ən məşhur smartfonlardan biri Samsung Galaxy S8 və S8 Plus-dur. Bu smartfonlar barədə hər gün yeni iddialar ortaya atılır. Yayılan son şaiyələrdən biri isə cihazın qiyməti ilə bağlıdır. WinFuture və MobileGeeks kimi mənbələr yeni cihazların qiymətinin 843 və 949 dollar olacağını bildirib. Başqa bir mənbədən yayılan məlumata görə yeni telefonlar gümüşü, qara və bənövşəyi rəngdə olacaq. Qeyd edək ki, Samsung şirkətinin telefon bazarındakı satışları qənaətbəxş deyil və Note 7 faciəsi hələ də unudulmayıb. Ona görə yeni Galaxy S8 modellərinin üzərinə böyük yük düşür. Samsung şirkəti mükəmməl bir telefon tanıtmaqdan əlavə Note 7 faciəsini də unutdurmalıdır. Buna görə də, cihazın texniki imkanlarından əlavə qiyməti də çox böyük əhəmiyyət kəsb edir. Əlbətdə, bu şaiyələr hələ ki təsdiqini tampayıb və son sözü Samsung deyəcək.

9

ABŞ mühəndisləri MnO2 (Manqan dioksidi) elementi əsasında işləyən yeni tip akkumulyatorlar hazırlayıblar. İnnovativ üsul kiçik ölçüyə malik qurğunun uzun müddət ərzində işləməsinə nail olmağa imkan verib. Yeni tip akkumulyatorlar strukturuna görə unikaldır və uzunmüddətli iş qabiliyyətinə malik olmaqla az yer tuturlar. Qurğunun kompaktlığı çoxlu elektrodları bir akkumulyator batareyasına yerləşdirməyə imkan verən modullu arxitektura ilə əlaqədardır ki, bu da yüksək tutumlu güclü akkumulyatorlar yaratmağa şərait yaradır. Məlumata görə, yeni akkumulyatorlar günəş və külək energetikası sahəsində canlanmaya səbəb olaraq onların rentabelliyini və aqreqatların istismar müddətini artıracaq. Manqan əsasında işləyən yeni tip akkumulyatorların qiyməti ucuzdur, enerji ilə tez doldurulur və yüksək enerji tutumuna malikdir. Böyük enerji tutumlu yeni qurğuların müsbət cəhəti kimi ekspertlər onların əsasını təşkil edən elementin geniş yayılmasını hesab edərək akkumulyatorların təhlükəsiz və zəhərsiz olmasını xüsusi qeyd edirlər ki, bu da ekologiya üçün təhlükəni aradan qaldırmağa imkan verir.

10

Yeni LG G6-nı çox maraqlı testdə keçirtdilər. Keçən ay MWC 2017-də təqdim olunmuş yeni LG G6, “LG” şirkətinin ilk modulsuz və IP68 standartlı sudan qorunmaya sahib flaqman smartfonu olmuşdu. Bu isə o deməkdir ki, sözügedən smartfon 1 metr dərinliyində suda uzun müddət qalmaq özəlliyinə sahib olmaldır. Bundan əlavə olaraq yeni smartfon, MIL-STD-810 standartlı hərbi dözümlülüyə də sahibdir. Max Lee adlı videoblogger, LG G6-nı sözün əsl mənasında ən sərt testdən keçirdib. Belə ki, o, LG G6-nı 24 saat müddətinə suya salıb və üstəlik suyu dondurub. Qeyd etmək lazımdır ki, IP68 standartlı istənilən smartfon bu cür testə dözmür. Sonda videoblogger, LG G6-nın olduğu buz əridib onu yenidən yandırmağa cəhd göstərdi. Böyük təəccübə səbəb olsa da smartfon tamamilə işlək vəziyyətdə idi.

2017-ci ilin sentyabrında kütləvi istehsalına başlanılacaq “iPhone 8” və “iPhone 8 Plus” smartfonları oktyabr-noyabrda satsa çıxarılacaq. Bu barədə “Apple” şirkətinin məlumatında deyilir. Ənənəvi olaraq yeni “iPhone” modellərinin satışı payızın əvvəlində başlayır. Lakin bu il istisnalıq təşkil edəcək və həmin vaxtda yalnız smartfonların istehsalı start götürəcək. Bundan başqa, oktyabr-noyabrda satsa çıxarılacaq yeni smartfonları bir sıra ölkələrdə təxminən noyabrın axırında, dekabrın əvvəlində əldə etmək mümkün olacaq. “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının istehsal və satış vaxtının yubadılmasına səbəb kimi istehsalçının qabaqcıl qurğuların ekranına quraşdıracaq barmaq izi skaneri ilə təchiz etmək istəyi göstərilir.

11

Böyük şəhərlərdə tullantıların utilizasiyası problemi mövcuddur. Çirkli küçələrə baxmaq heç kimin xoşuna gəlməsə də, təəssüf ki, belə küçələr var. Məsələn, bəzi insanlar zibili küçəyə tullayır, yaxud zibil qutusuna atmaqda tənbəllik edirlər. “SENCITY” şirkəti insanları bu problemə daha ciddi yanaşmağa və küçələri təmiz saxlamağa məcbur etmək üçün videooyunlardan istifadəyə qərar verərək təmizkar vətəndaşları mükafatlandıran “tetraBIN” adlı xüsusi zibil qutusu düzəldiblər. Maye kristal ekrana bükülmüş “TetraBIN” zibil qutusunun displeyində göstərilən yarasalar və ac itlər onları yedizdirməyi xahiş edirlər. Kimsə zibil tulladıqda zibil qutusunun içərisində atılan əşyaya reaksiya verən həssas membran işə düşür. Bundan sonra nahar vaxtı itlər dadlı toyuq ayaqları yeyirlər. Zibil qutusuna atılmış zibilə görə “oyunçular”a unikal promokod verilir. Bu promokodu sözügedən zibil qutusu istehsalçısının saytında qeydiyyatdan keçirməklə hədiyyələr əldə etmək mümkündür.

12

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register