Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Dünyanın ən populyar mobil messencer proqramlarından olan Telegram-da çoxdan gözlənilən funksiya istifadəyə verilib. Menssencer vasitəsilə artıq audiozənglər etmək və zəngləri qəbul etmək olar. Funksiya ilk əvvəl ABŞ və Qərbi Avropa ölkələrində istifadəyə verilib. Amma prinsip etibarilə bu funksionaldan iOS və ya Android sistemli smartfona malik hər kəs istifadə edə bilər. Yetər ki, funksiyasının artıq işlək olduğu smartfondan telefonunuza zəng edilə.
“Apple” korporasiyası iki aksesuarın patenti üçün ərizə verib. Bu aksesuarların köməyilə “iPhone” və “iPad” qurğularını noutbuka çevirmək mümkündür. Sözügedən sənəd ABŞ Patent və Əmtəə Nişanları Bürosunun saytında dərc edilib. Aksesuarlar “iOS” sistemi ilə işləyən qurğular üçün tutqac formasında hazırlanıb. Birinci halda “iPad” ekran rolunda çıxış edir və ona trekpada malik klaviatura birləşdirilir. Öz ekranı ilə təchiz edilmiş ikinci aksesuar “iPhone” üçün nəzərdə tutulub və trekpad rolunu yerinə yetirir. Sənədə əsasən, qurğu videokart, portlar və noutbuka uyğun başqa atributlara malik ola bilərlər. Ancaq qurğunun işləməsi üçün ona “iOS” sistemli cihaz gərəkdir.
Populyar “Microsoft Word” mətn redaktoru daha “ağıllı” olacaq. “Office 365” paketinə əlavə ediləcək süni intellekt yalnız orfoqrafiya və punktuasiyanı deyil, həm də mətn üslubunu düzəldəcək, istifadəçilərin diqqətini jarqon, ədəbsiz leksika, slenq və anlaşılmaz ifadələrə cəlb edəcək. Bir sözlə, “Microsoft”un süni intellekti üslub redaktorlarını və korrektorları tam əvəz edəcək. Süni intellekt 16.0.7409.1000 versiyasından etibarən əlçatan olacaq. Standart “Pravopisanie” panelini əvəz edəcək “Korrektor” paneli mətndəki qeyri-dəqiqlikləri düzəldəcək.
“Viber” şirkəti eyniadlı messencerinin mobil proqramının “iOS” və “Android” platformaları üçün yeni versiyasını istifadəyə verib. İndi “Viber 6.8” versiyasında göndərilən şəkillərə stikerlər bərkitmək imkanı əlçatandır. Messencerin yeni versiyasında, həmçinin istifadəçilər üçün xüsusi stikerpak (göndərilən şəkillər üçün stikerlər) əlçatan olub. Şlyapa, eynək, bığ və başqa məzəli aksessuarlar şəklində olan stikerlər göndərilən hər bir fotoşəkli fərdiləşdirməyə kömək edəcək. Ötən il “Viber” messencerində 40 milyarddan çox stiker göndərilib. “Fotoşəkillər üçün stikerlər” kolleksiyası messencerin çoxmilyonlu auditoriyası üçün əyləncəli ünsiyyət və özünü ifadə etmək üçün daha geniş imkanlar açacaq. “Viber messencerinin stikerlər kolleksiyası çox böyükdür. Biz onların hər biri ilə qürur duyuruq – “Viber” messencerinin məhsul-direktoru Ofir Eyyal deyib”. Hazırda “Viber” messencerində 32 mindən çox stiker əlçatandır. Bu halda şəkil və stikerlərin göndərilməsi xidmətin funksiyaları arasında populyarlığına görə ikinci və üçüncü yerləri tutur.
“Intel” korporasiyası tərəfindən təqdim edilmiş yeni tip kompüter yaddaşı kompüter texnologiyaları sənayesində inqilab edə bilər. İnnovativ həll “3D XPoint” adlandırılıb. Yeni hazırlama özündə iki yaddaş tipinin funksiyalarını birləşdirir və əksər sərt disklərdən 1000 dəfə daha sürətli işləyən “informasiya anbarları” yaratmağa imkan verəcək. “Intel” korporasiyası hələ ki yeni texnologiyanın iş prinsipini sirr kimi saxlayır. Kompüterlərdə informasiyanın saxlanılması üçün ənənəvi olaraq iki “anbar” tipindən istifadə edilir: sərt disk və “DRAM” yaddaş tipinin ayrı-ayrı xanaları. “DRAM” yaddaşı informasiyanın qısamüddətli saxlanılmasında istifadə olunur, daha sürətli, amma bahadır və sərt disklərlə müqayisədə ölçüsü kiçikdir. “3D Xpoint” həlli hər iki yaddaş növünü əvəz edəcək. ABŞ şirkətinin nümayəndəsi bildirir ki, bu halda yeniliyin məhsuldarlığı sərt disklərlə müqayisədə 1000 dəfə, yadda saxlanılan informasiyanın tutumu isə “DRAM” yaddaşla müqayisədə 10 dəfə çox olacaq.
“DDR5” əməli yaddaş tipi əvvəlkindən iki dəfə daha sürətli olacaq. Əməli yaddaş, onun tipi və işləmə sürəti istənilən kompüterin məhsuldarlığına təsir edir. Hazırda ən çox istifadə edilən “DDR4” əməli yaddaş tipidir. Sözügedən yaddaş tipi əvvəlkindən məlumatın ötürülmə sürətinin yüksək olması, yüksək tezlik xüsusiyyətləri və aşağı enerji sərfiyyatı ilə seçilir. Artıq tezliklə daha qabaqcıl həll istifadəçilərin ixtiyarına veriləcək. Yaddaş standartlarının təyin edilməsi ilə məşğul olan “JEDEC” (elektron qurğular sahəsində ixtisaslaşmış mühəndislik cəmiyyəti) bu həftə elan edib ki, yeni “DDR5” əməli yaddaş standartı üzərində işlərə artıq start verilib. “DDR5” əməli yaddaş tipi indiki “DDR4”-lə müqayisədə iki dəfə daha sürətli, həmçinin enerji cəhətdən səmərəli olacaq. Bundan başqa, “DDR5” əməli yaddaş tipinin sıxlığı iki dəfə böyükdür. Beləliklə, “DDR5” yaddaş tipinin tutumu “DDR4” ilə müqayisədə iki dəfə böyük olacaq. “DDR5” standartının yekun spesifikasiyası 2018-ci ildə elan ediləcək, amma 2020-ci ildə kompüterlərdə qurulmağa başlanılacaq. Yeni yaddaş tipi ilk olaraq server və oyun fərdi kompüterlərində tətbiq ediləcək, bundan sonra noutbuk, mobil qurğu və kompüterlərdə kütləvi şəkildə qurulacaq.
”iPhone 8”lə bağlı yeni təfərrüatlar bəlli oldu. İnternetdə “Apple”ın istehsalına hazırlaşdığı “iPhone 8” smartfonu ilə bağlı yeni təfərrüatlar yayılıb. Cihaz “Samsung Galaxy S8”də olduğu kimi, küncləri maili yox, hamar OLED-displeylə təchiz ediləcək. Bununla yanaşı, “Galaxy S8”lə bənzərlik də olacaq. Belə ki, displeyin bütün ekran boyu olacağı gözlənilir. Ekranın diaqonalının 5,8 olacağı bildirilir. “iPhone 8”in “Lighting” qoşulma yerinin olmayacağı, əvəzində “MacBook”da istifadə olunan USB-C ilə təchiz ediləcəyi deyilir. Yeni smartfon bu ilin payızında təqdim olunacaq.
“Telegram” messencerinə səsli zəng funksiyası əlavə olunub. Bu haqda messencerin rəsmi bloqunda məlumat verilib. Yeni funksiya yalnız “Android” və “iOC” əməliyyat sistemləri ilə çalışan mobil cihazlarda əlçatan olacaq. Artıq Qərbi Avropada yaşayanlar audiozəng funksiyasından istifadə etməyə başlayıb. Digər regionların istifadəçiləri isə yaxın vaxtlarda bu imkanı əldə edəcəklər. Bütün zənglər “end to-end” şifrələmə ilə qorunacaq. Bundan başqa, təhlükəsiz ünsiyyət üçün həmsöhbətin şəxsiyyətinin təsdiqlənməsi nəzərdə tutulub. İstifadəçi naməlum şəxslərin zəngindən imtina edə və ümumiyyətlə, zəngləri qadağan edə bilər.
Çinin nəhəng internet provayderi “Tencent” şirkəti “Tesla”nın 5 faiz səhmlərini alıb.Bunun üçün şirkət 1,8 milyard dollar ödəyib. Razılaşma artıq “Tesla”nın səhmlərinin qiymətini 3,5 faiz bahalaşdırıb. Hazırda “Tencent”, səhmlərin 20 faizindən çoxunun sahibi olan İlon Mask özü nəzərə alınmasa, “Tesla”nın 4-cü və ya 5-ci böyük səhmdarıdır. Yeri gəlmişkən, İ. Mask qeyd edib ki, Çin bazarına böyük ümidlər bəsləyir. Ötən il “Tesla”nın satışlarının 15 faizi Çinin payına düşüb. Bu isə 2015-ci ilin göstəriciləri ilə müqayisədə kəmiyyət baxımından 3 dəfə çoxdur.
“Odnoklassniki” sosial şəbəkəsi məhsullar, brend xidmətləri və internet mağazalarından ibarət vitrinin sınaqlarına başlayıb. Artıq sosial şəbəkədə “Megogo” və “ShowJet” xidmətlərinin film və seriallarını, “Sportmaster”, “Media Markt”, “Clarins” və s. firmaların məhsullarını sifariş vermək mümkündür. Yaxın günlərdə vitrini bütün qruplarda əlavə etmək imkanı yaranacaq. Sosial şəbəkə rəhbərliyi qeyd edir ki, “Odnoklassniki” artıq sadəcə sosial şəbəkə deyil, əlavə və xidmətlərin eko-sistemidir. “Biz istəyirik ki, istifadəçilər “Odnoklassniki”də bütün lazım olan şeyləri – dostlar, maraqlı kontentlər, faydalı məhsul və xidmətlər tapa bilsinlər”, – deyə rəhbərlikdən bildirilib. Saytdakı hər elana qiymət, şərh və foto əlavə etmək mümkündür. Qrupların inzibatçıları yeni əlavə edilmiş məhsulları dərhal xəbər lentinə əlavə edə biləcək. İstifadəçi qruplarındakı elanlardan fərqli olaraq, mağazaların məhsullarının reklamı müddətsiz olacaq. Məhsulların qrupda yerləşdirilməsi üçün ödəniş etmək lazım gəlməyəcək. Məhsul və xidmətləri qrupdakı çatla sifariş etmək mümkün olacaq. Bunun üçün elandakı “əlaqə” düyməsi istifadə ediləcək. Artıq indidən vitrinlər sosial şəbəkənin veb-versiyasında istifadəyə açıqdır. Yaxın zamanlarda isə mobil cihazlarda da açıq olacaq.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments