Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Huawei, alt seqment səviyyəsi smartfon telefonu olan Y5 2017-də təqdimatını bu gün səssizcə reallaşdırdı. Mobil Dünya Konqresi çərçivəsində təqdimatını reallaşdırdığıP10 və P10 Plus modelləri ilə bu il yeni flaqman yarışına olduqca uğurlu bir giriş edən Huawei, hər ötən gün yeni bir modelini təqdim etməyə davam edir. Huawei-nin bu gün səssizcə təqdimatını reallaşdırdığı alt seqment səviyyəsi smartfon telefonu olan Y5 2017, az büdcəyə sahib olan istifadəçilərə xitab edəcək. Huawei Y5 2017 xüsusiyyətləri və dizaynı! Huawei-nin yeni smartfon telefonu Y5 2017, gücünüMediaTek-in 1.4 GHz sürətində işləyən 4 ədəd Cortex-A53 nüvəsindən ibarətMT6737T prosessorundan və Mali-T720M2P qrafik prosessorundan təmin edir. 5 düym böyüklüyündəki ekranında 720p keyfiyyəti təqdim edən Y5 2017, 2 GB RAM-a və 16 GB daxili yaddaş sahəsi təmin edərkən, telefonun yaddaşı qeyri-kafi qaldığı vəziyyətlərdə microSD kart ilə 128 GB-a qədər artırılması mümkün olur. 5 megapiksel keyfiyyətində 84 dərəcə görüş bucağına sahib ön və arxa kamerası 8 megapiksellik keyfiyyətində olan smartfon telefon, Android 6.0 Marshmallow əməliyyat sistemi ilə işləyəcək, və 3000 mAh tutumlu batareyadan güc alacaq.

1

Keçən həftə “Samsung” şirkəti, Galaxy S8 və Galaxy S8+ flaqman smartfonlarını təqdim etmişdi. Əvvəlki modellər də olduğu kimi yeni modellər də böyük marağa sahib olublar. Dizayn dəyşikliyinə baxmayaraq korpusun materialı, əvvəlki iki nəsil modeldə olduğu kimi qalıb. Yəni, smartfonlar həm öndən, həmdə arxadan qoruyucu şüşə ilə, mərkəzdə metal çərçivə ilə qorunurlar. TechRax adlı məşhur videoblogger, dünyada ilk dəfə Galaxy S8 korpusunun dözümlülük testini keçirib. Videoblogger, Galaxy S8-in dözümlülüyünü, yeni çıxmış qırmızı iPhone 7 ilə qarşılaşdırıb. Hansı smartfonun korpusunun daha dözümlü olduğunu isə aşağıdakı videodan izləyə bilərsiniz.

Galaxy S8 və Galaxy S8+ smartfonlarının təqdimatından çox az müddət keçib. Sözügedən smartfonlar hələ rəsmi olaraq satışa belə çıxmayıblar. Lakin Cənubi Koreyanın bir sıra KİV-lərinin verdikləri məlumatlara görə “Samsung” şirkəti artıq yeni model olacaq Galaxy S9-un yaradılması üzrə işlərə start verib. Məlumata əsasən Galaxy S9-un ekran panelləri üzərində işlər keçən aydan bəri gedir. Əgər bu məlumat düzdürsə, onda şirkət yeni smartfonun hazırlanmasına yarım il tez başlayıb. Hal-hazırda şirkətin əsas şöbəsi, yeni smartfonda olacaq vacib elementlər üzərində çalışır. Əsasən diqqət, əkrana yönəldilib. Məlumata əsasən Galaxy S9-da ekran, ön paneldə daha böyük hissəni əhatə edəcək. İlk OLED ekran nümunələrinin nəzərdən keçirilməsi isə bu ayın ortalarına planlaşdırılıb. Təqribi olaraq bir ay sonra şirkət, Galaxy S9-da olacaq digər elementlərin istehsalına da start verəcək. Bəzi məlumatlara əsasən yeni modelin hazırlanmasına bu qədər tez start verilməsində əsas səbəb, keçən il Note 7 ilə baş vermiş uğursuzluq ucbatından yeni modellərin keyfiyyətlərinin daha dəqiq şəkildə yoxlanılmasıdır. Galaxy S9-da ola biləcək texniki göstəricilər barəsində danışmaq hələ çox tezdir. Lakin istehsalçı çətin ki, bu seriyanın konsepsiyasından vaz keçsin və çox güman ki, Galaxy S9 da çərçivəsiz ekrana sahib olacaq.

2

6 Aprel 1980-ci il tarixində “3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxardı. Bu məhsul çox qısa zaman ərzində məşhurlaşdı və nəinki ofis işçiləri arasında, həmçinin tələbələr, evdar qadınlar, sürücülər və s. tərəfindən istifadə edilməyə başlandı. Hər şey isə 1968-ci ildə başlamışdı. Həmin ildə “3M” şirkətində çalışmış kimyaçı Spencer Silver, zəif və iz buraxmayan kley yaratmışdı. İlk öncə heç kim bu ixtiranı ciddiyə almadı. Lakin şirkətin digər bir işçisi Arthur Fry, həmin kleydən özü şəxsən istifadə edirdi. Sözügedən kleyin ixtgirasından, onun məşhur məhsulda istifadə olunması arasında 12 illik vaxt intervalı var. 1999-cu ildə isə Fortune jurnalı, Post-It Notes kağızlarını, 20-ci əsrin ən vacib ixtiraları siyahısına daxil etmişdi. Qeyd etmək lazımdır ki, bu məhsul günümüzdə də daxilində heç bir dəyişiklik olmadan istehsal olunur və satılır. Təbii ki, digər istehsalçılar da var. Lakin “3M” şirkəti, digər istehsalçıları gəlirinə və bazardakı yerinə görə qabaqlayır.

3

Elektron mikroskoplar nümunələrin quruluşu barədə məlumatlar təqdim edəcək. Elektron mikroskopun yaradılmasının çoxlu kəşflərə imkan verməsinin şübhə doğurmamasına baxmayaraq Karnegi Universitetinin alimlərinin ixtirası sayəsində elektron mikroskopiya elmi yeni səviyyəyə çıxara bilər. Belə ki, mütəxəssislər yüksəkkeyfiyyətli fotoşəkillər əldə etməklə yanaşı, tədqiq edilən obyektlərin daxili strukturları barədə məlumatlar təqdim etməyə imkan yaradan “EMPAD” (Electron Microscope Pixel Array Detector) adlı cihaz yaratmağa nail olublar. Məlumata görə, adi elektron mikroskoplarda elektronların şüası tədqiq olunan nümunəni hissə-hissə skan edir. Aşağıda quraşdırılan cihaz elektronlar axınının materialın tərkibindən asılı olaraq dəyişən intensivliyini hesablayır. Əldə olunan məlumatlar əsasında kompüter şəkli tərtib edir. “EMPAD” siqnalları emal edən elektron sxemlə birləşən hər birinin ölçüsü 150 mikron olan 128 x 128 kvadrat piksel matrisadan ibarətdir. Cihaz elektronlar axınının intensivliyi ilə yanaşı, onların  hər pikselin üzərinə düşmə bucağını qeydə alır. Bu məlumatlar vasitəsilə xüsusi alqoritmlərin emalı zamanı materialın daxili quruluşunu atomar səviyyəyədək qeydə almaqla yanaşı, materialın daxilində yaranan və fəaliyyət göstərən bütün gücləri müəyyənləşdirmək mümkündür. Bir təsvirin əldə edilməsi üçün təxminən 1 milli-saniyə tələb olunur. Professorlar Devid Müller və Sol Qrunerin sözlərinə görə, yeni cihazın köməyi ilə materialda atomların daxili gərginliyi, əyilmə bucaqları və dövr etməsi, daxili elektrik və maqnit sahələrinin polyarlığı barədə informasiya əldə etmək olar. Hazırda universitetin materialların tədqiqi mərkəzində sınaqları keçirilən “EMPAD” elektron mikroskoplar üçün ənənəvi cihazlarla müqayisədə min dəfə böyük dinamik diapazona və yüz dəfə çox iş sürətinə malikdir.

4

Qrafen dəniz suyunu duzdan təmizləməyə kömək edəcək. Böyük Britaniya fizikləri və Nobel mükafatı laureatı Andrey Qrim dünyada dəniz suyu üçün ilk filtr yaradıblar. Qurğunun əsasını su molekullarını (H20) buraxmaqla duzun, xlor və natrium ionlarının keçməsinin qarşısını alan qrafen materialından düzəldilən tor təşkil edir. Qrafen filtrləri istənilən ölçüdə həm portativ qurğular, həm də sənaye təmizləyici aparatları üçün hazırlamaq olar. BMT-nin məlumatına görə, 2025-ci ilədək Yer kürəsi əhalisinin 15 faizi saf içməli suyun alınmasında problemlə üzləşəcək. Bu gün əksəriyyəti ərəb dövlətlərində sınaqdan keçirilən onlarla duzdan təmizləmə üsulu məlumdur. Lakin onların hamısı istifadə zamanı texnikanın sıradan çıxması və onun qiymətinin baha olması kimi iki çatışmazlığa malikdir. Qrafen filtrlər xəlbir kimi işləyərək duzları atomar səviyyədə xəlbirdən keçirəcək, ionlar isə yalnız su molekullarını buraxan kiçik məsamələrin içindən keçə bilməyəcək. Onların əsas problemi qrafenin sudan tədricən şişərək içindən bütün maddələri buraxmasında olub. Lakin alimlər qrafen zolaqlarını epoksid yapışqanı vasitəsilə bərkitməyə və onları suyun təsirindən qorumağa nail olublar. Filtrlərin əsas üstünlüyü onların əlavə enerji mənbələrinə ehtiyac duymamasındadır. Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

5

“Sprimo Labs” laboratoriyasının mütəxəssisləri havanın keyfiyyətini ölçən cihazı təkmilləşdirərək personal çip şəklinə salıblar. Artıq bu çipi “iPhone” ilə sinxronlaşdırmaq mümkündür. O, istifadə üçün çox rahatdır və enerji ilə doldurulma, eləcə də xüsusi qoşulma tələb etmir. Çip smartfona qoşulduğu andan işləməyə başlayır. Əvvəlcə sensor havanın hərarətini, sonra isə rütubətini və keyfiyyətini ölçür. Bütün bunlar smartfonun ekranında əks olunur. Hazırda tərtibatın sahibi “Kickstarter” şirkətidir. İlkin məlumata görə, belə bir cihaz 40 dollara başa gələcək.

6

Kaliforniya Universitetindən bir qrup kimyaçı elektrik keçirə bilən özü bərpaolunan material yaradıb. Bu material smartfonlar üçün ekran qismində istifadə oluna bilər. Mütəxəssislər qeyd edir ki, bu material sınaqlar zamanı cızıq və kəsiklərə qarşı davamlılıq nümayiş etdirib. Material yarıya bölündükdə belə 24 saatdan az müddətdə bitişir. Belə ki, bu materialın tərkibində olan ion və molekullar bir-birinə doğru hərəkət edərək üz qabığının birləşməsinə səbəb olur.

7

“YouTube” mobil proqramında canlı yayım funksiyası istifadəyə verilib. ötən il “Twitter” və “Instagram” şəbəkələrində mobil qurğulardan onlayn translyasiyalar aparmaq üçün imkan yaradılıb, bu ilin fevralında isə bu funksiya “YouTube”a da əlavə olunub və əvvəlcə ondan yalnız 10 mindən çox abunəçisi olan istifadəçilər yararlana bilib. Bununla “Google” şirkəti ümumilikdə server və funksiyaların fəaliyyətini sınaqdan keçirmək niyyətində olub. Son həftələr ərzində isə “YouTube” mobil əlavəsində onlayn translyasiyalar funksiyasından çoxu istifadə imkanı əldə edib. Bununla əlaqədar “YouTube” bloqunda yerləşdirilən məlumatda bundan sonra funksiyadan kanalda mindən çox abunəçisi olan bütün istifadəçilərin yararlana biləcəyi bildirilir. Onlayn translyasiya funksiyası birbaşa “YouTube”da quraşdırıldığına görə əlavə proqram yükləməyə ehtiyac yoxdur. Yayıma başlamaq üçün kameranın düyməsinə toxunaraq video üçün lentdə görünəcək təsviri seçmək və translyasiyanın adını göstərmək tələb olunur. Translyasiyanı, həmçinin birbaşa istinadla həm hamı, həm də konkret istifadəçilər üçün etmək olar.

8

Yaponiyanın yarımkeçirici çiplərin istehsalı üzrə aparıcı “Renesas Electronics” şirkəti avtomobilin avtonom idarə olunması ilə bağlı yeni sistemini təqdim edib. Yeni sistemli avtomobil yarımkeçirici çiplər vasitəsilə idarə olunur. Nəzarətin keyfiyyətini təmin etmək üçün dörd eyni yarımkeçirici çipdən istifadə nəzərdə tutulur. Bu, həm də təhlükəsizliyin təmin olunmasına xidmət edir. Çiplər sıradan çıxdığı təqdirdə sonuncu çip avtomobilin hərəkətini dayandıracaq. Avtomobildə, həmçinin sürücünü kiber hücumdan xəbərdar edən sistem də quraşdırılacaq.

9

“Apple” şirkətinin bu ilin sentyabr ayında bazara çıxarılması planlaşdırılan yeni “iPhone” modeli ilə bağlı iddialar səslənib. “iPhone 8” markalı telefonun qiymətinin 1000 dollardan baha olacağı qeyd olunur. Bu, “iPhone” modelləri arasında ən bahalı telefon hesab olunur. Yeni modelin ABŞ-da 850 dollardan başlayan qiymətlə satışa çıxarılacağı, digər ölkələrdə isə bu rəqəmin daha böyük olacağı da ehtimal edilir.

10

“DisplayMate Technologies” şirkətinin ekspertləri “Samsung” tərəfindən təqdim edilmiş qabaqcıl “Galaxy S8” smartfonunun ekranını müasir mobil qurğular arasında “ən yaxşı displey” adına layiq görüblər. Koreya Respublikasının firmasının istehsalı olan displeylər artıq bir neçə il ardıcıl olaraq bu ada layiq görülür. “Apple” korporasiyasının yeni “iPhone” smartfonu üçün “Samsung”dan 70 milyondan çox bükük “OLED” panel sifariş etməsinin səbəbi indi məlum olur. “Galaxy S8” smartfonunun displeyi əvvəlki modellərlə müqayisədə böyük ölçüyə malikdir, tərəflər nisbəti fərqlidir, elastik “OLED” alt qatlığı və “Gorilla Glass 5” qoruyucu şüşə ilə təchiz edilib. Bundan başqa, “Samsung”un displeyi parlaqlıq göstəricisinə görə “LG G6” qurğusunun displeyini geridə qoyur. Ekspertlər bildirirlər ki, “Samsung”un displeyi 2960×1440 (3K) təsvir ölçüsünə, 1020 nit parlaqlığa, ən yüksək kontrastlıq əmsalına malikdir.

11

“Apple Watch” saatlarının yeni nəsli bu ilin ikinci yarısında buraxılacaq. “Apple Watch”un tədarük zəncirinə “Compal Electronics” şirkəti də qoşulub və bu şirkət “Apple Watch Series 3” saatlarının istehsalına 2017-ci ilin ikinci yarısında başlayacaq. “Compal” nümayəndələri hələlik məsələyə şərh verməyiblər. Mənbənin məlumatına görə, “Apple Watch Series 3” yeni “iPhone” smartfonu ilə eyni vaxtda – sentyabr ayında təqdim ediləcək. Hazırda “Apple Watch”un istehsalı ilə yalnız “Quanta Computer” şirkəti məşğul olur. Bu şirkət işinə davam edəcək və “Apple Watch Series 3”ün anonsundan sonra sifarişlərin bir hissəsini “Compal Electronics”lə bölüşəcək. “Canalys” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, ötən il 11,8 milyon ədəd “Apple Watch” saatı satılıb və bununla da “Apple” “ağıllı” saatlar bazarının 49 faizinə sahib olub.

12

“Microsoft” və “Casio” korporasiyaları patent mübadiləsi ilə bağlı saziş imzalayıblar. şirkətlər yeni “ağıllı” saatların tərtibatında eyni müəllif hüquqlarına malik olacaqlar. “Microsoft” nümayəndələri bildiriblər ki, “ağıllı” saatlar “Casio” içliyinə malik olacaqlar, “Microsoft” vasitəsilə isə istifadəçilər cihazın imkanlarını genişləndirəcəklər. Hazırda bütün detallar ciddi şəkildə sirr saxlanılır. Ancaq istisna deyil ki, yaxın zamanlarda bazarda iki şirkətin iştirakı ilə tərtib edilmiş yeni cihazlara rast gəlmək mümkün olacaq. Təbii ki, saatlar təhlükəsizlik sensoru, süni intellektə və sair funksiyalara malik olacaq. Ancaq istifadəçiləri məhz nə gözlədiyi dəqiq məlum deyil.

13

ABŞ-ın “Advanced Tactics” şirkəti ötən ilin noyabrında təqdim olunmuş “Autonomous Panther AT” hibrid pilotsuz uçuş aparatının sınaqlarına başlayıb. Sınaqlar zamanı hibrid “yolsuzluq” dronu kiçik yükü uğurla ünvana çatdırıb. “Autonomous Panther AT” ilk növbədə hərbçilər üçün hazırlanır, lakin “Advanced Tactics” hesab edir ki, bu qurğu özəl kuryer firmalarını da maraqlandıra bilər. Belə ki, hərbçiləri dronun yükü ünvana az qalmış gizli şəkildə – yerlə apara bilmə qabiliyyəti daha çox maraqlandırırsa, özəl şirkətlər məhsulların yaşayış məntəqələrindən kənarda hava yolu ilə, yaşayış məntəqələrində isə yerüstü rejimdə çatdırılması üçün bu hibrid qurğudan yararlana bilər. Martın sonunda Kaliforniyada keçirilən sınaqlar zamanı dron 2,3 kiloqramlıq yükü təyinat yerinə çatdırıb. Bu barədə video “YouTube”da yerləşdirilib. “Autonomous Panther AT” 112 sm uzunluğa və 34 sm hündürlüyə malik düzbucaqlı korpusa malikdir. Cihazın ağırlığı 20,4 kiloqramdır və 6 elektrik mühərriki ilə təchiz olunub. Maksimal uçuş sürəti 80 km/saatdır. “Yolsuzluq” rejimində aparat 4 təkər vasitəsilə hərəkət edir. Bu rejimdə “Autonomous Panther AT” saatda 8 km sürətlə 100 km məsafəyə gedə bilər.

ABŞ-ın Coğrafi Məkan Kəşfiyyatı üzrə Milli Agentliyi (NAGR) yalnız amerikalı rəsmi agentlərin istifadə edə biləcəyi ”Tearline” adlanan mobil əlavə hazırlayıb. Proqramı hər kəs quraşdıra bilər, lakin sistemə müəyyən səlahiyyətlərə malik olanlar daxil ola biləcəklər. Bildirilir ki, “Tearline” bir növ kəşfiyyat əməkdaşları üçün özünəməxsus “Wikipediya” olacaq. Qeyd edək ki, NAGR hərbi, mülki və dövlət qurumlarını kartoqrafik informasiyalarla təmin etməyə cavabdeh olan dövlət agentliyidir. Qurum ABŞ-ın kəşfiyyat ictimaiyyətinə daxildir.

14

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register