Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Google” şirkəti Polşanın “Redkroft” dizayn studiyası ilə birlikdə araq istehsal edib. Araq butulkaları hədiyyə bağlamasında məhdud saydadır. Bildirilir ki, araq istehsalı “Google” şirkətinin binasının tarixi ilə bağlıdır. Belə ki, şirkət 10 ildir Varşavada keçmiş şərab zavodunun binasında yerləşir.

1

Almaniyanın məşhur idman geyimləri istehsalçısı “Adidas” 3D printerdə çap edilmiş yeni idman ayaqqabısı modelini təqdim edib. “krossovka”nın kütləvi istehsalına 2018-ci ildə başlanacaq. Yeni model “Futurecraft 4D” adlandırılıb. Bu modelin istehsalı ABŞ-ın Silikon vadisindəki “Carbon” texnoloji startapı ilə birgə əməkdaşlıq çərçivəsində baş tutacaq. Bu startap “General Electric”, “Alphabet’s Google”, “Sequoia Capital” və bir sıra vençur fondları tərəfindən maliyyələşdirilir. “Adidas” növbəti il 100 min cüt “Futurecraft 4D” satmağı nəzərdə tutur. Şirkətdə əmindirlər ki, “Carbon”la əməkdaşlıq 3D çap üsulu ilə altlıqların istehsalını sürətləndirmək və ucuzlaşdırmaq imkanı verəcək. “Adidas” təxmin edir ki, “Carbon” bir altlığın çap müddətini 1,5 saatdan 20 dəqiqəyə qədər azalda biləcək. Şirkətin texnoloji innovasiyalar şöbəsinin rəhbəri Qerd Mansın fikrincə, yeni modelin kütləvi istehsalının başlaması bu sahənin tarixində mühüm mərhələdir. Qeyd edək ki, ötən ilin sonunda “Adidas” altlığı 3D printerdə çap edilmiş və bir cütünün qiyməti 333 dollar təşkil edən bir neçə yüz ədəd idman ayaqqabısı satıb. Lakin bir altlığın çapı 10 saat davam edib.

2

“Google” korporasiyası bu gündən etibarən özünün axtarış və xəbər xidmətlərinə məlumatların yoxlanılması mexanizmi əlavə edir. “Google” informasiyaların səhihliyini yoxlayan xüsusi resurslara, məsələn, “PolitiFact” və “Snopes”a daxil olmaq üçün istinadlar qoyur və ekranda həmin informasiyanın doğru olub-olmadığı görünür. “The Verge” saytı yeni funksiyanın necə çalışdığına dair “skrinşot” da qoyub. Axtarışa daxil edilən sorğuda yazılıb: “27 milyon insan kölədir”. Axtarış cümləsinin altında isə qeyd olunub: “PolitiFact tərəfindən faktoloji səhvlərlə bağlı yoxlanıb: praktik olaraq doğrudur”. Bundan sonra sorğudakı məlumatı təsdiqləyən yazıya istinad göstərilir. Lakin sayt qeyd edir ki, “Google”un funksiyası istifadəçilərin diqqətini faktları yoxlayan təşkilatlara cəlb edəcək və yalan xəbərlərin yayılmasını əngəlləyə bilməyəcək.

3

“Facebook Messenger”də süni intellektli virtual köməkçi peyda olub. “M” adlı köməkçi danışıq zamanı ortaya çıxaraq istifadəçiyə kömək təklif edəcək və müxtəlif məsləhətlər verəcək. Funksiya hazırda yalnız ABŞ ərazisində iOC və “Android” əməliyyat sistemləri ilə çalışan cihazlarda əlçatandır. Digər regionlarda isə yaxın atlarda əlçatan olacaq. Ötən ilin dekabrından xidmət test rejimində işləyirdi. Köməkçi “M” söhbətin məzmununu təhlil edərək və konkret sözləri izləyərək müvafiq funksional imkanları aktivləşdirir. Məsələn, köməkçi istifadəçi adından stikerlər göndərə və taksi çağıra bilər. Digər imkanlar sırasında isə danışıq zamanı istifadəçilərin olduqları məkanlar barədə məlumat mübadiləsini, qrup çatında sorğu aparılmasını göstərmək olar.

4

Amerikanın Google kampaniyası bu gün «faktların yoxlanılması» funksiyasını işə salıb. Yeni funksiyaistifadəçilərə KİV-də yayılan xəbərlərin doğruluğunu yoxlamağa imkan verəcək. Qeyd edək ki, Facebook sosial şəbəkəsinin Amerika hissəsində oxşar funksiya mövcuddur. Google istifadəçilərin müxtəlif KİV-lərdə tapdığı xəbərləri, həmçinin rəsmi şəxslərin bəyanatlarını «doğru», «yalan» və «qismən doğru» ifadələri ilə müşaiyyət edəcək.

5

Rusiyadan olan bir qrup alim tərəfindən plombların istifadə müddətini uzadan, dişləri karies və mikroblardan müdafiə edən “ömürlük” nanomaterial hazırlanıb. Alimlər yeni materialın stomatologiyada texnoloji inqilab yaradacağına inanırlar. Nanohissəciklər özündə titan, dəmir, sink və digər metalların oksidini birləşdirir. Bir sıra eksperimentlərin nəticəsinə görə, qeyd olunan maddələrin cüzi konsentrasiyası belə orqanizmin özünün ifraz etdiyi təbii fermentlər kimi bütün zərərverici mikrob və bakteriyaları məhv edir. Alimlərin sözlərinə görə, başqa stomatoloji materialların hazırlanmasında da nanohissəciklərdən ibarət xüsusi antibakterial əlavənin istifadəsi nəzərdə tutulur.

6

Dünyanın ən populyar messencer proqramı “WhatsApp” dünəndən dəyişib. Yenilik “iOS” platformalı telefonlar üçün nəzərdə tutulub. Yeniliyə əsasən, artıq “iPhone” modellərində də şəkil və videonun üzərində yazı yazıb, göndərmək mümkün olacaq.

7

“Twitter” şirkəti eyniadlı saytının internetə qoşulma sürəti zəif olan ölkələr üçün veb-versiyasını (mobile.twitter.com) təqdim edib. Mobil proqramla müqayisədə “Twitter Lite” versiyasında funksiyalar azdır, ancaq yeni versiya internetə qoşulma sürəti zəif olan ölkələr üçün optimallaşdırılıb, az məlumat sərf edir və məzmunu daha sürətli yükləyir. “Twitter Lite” ilk növbədə internet istifadəçilərinin sayı 450-465 milyon təşkil edən Hindistana hədəflənib. Bununla belə, hindistanlı istifadəçilərin 20 faizi mikrobloqlar xidmətindən istifadə edir. “Twitter” öz xidmətinin “yüngül” versiyasını təqdim edən ilk şirkət deyil. Bu ilin fevralında “Microsoft” şirkəti tərəfindən təqdim edilmiş “Skype Lite” versiyası da internetə qoşulma sürəti zəif olan və bahalı internet trafikə malik regionlarda video vasitəsilə ünsiyyəti asanlaşdırıb.

8

Çində yükdaşıma şirkətləri poçt xidməti göstərən pilotsuz uçuş aparatları (dron-kuryer) üçün 150 aeroport inşa edəcək. Bundan başqa, Şensi vilayətində yükü 300 kilometr məsafəyədək daşıyacaq dronlar üçün aviabaza da tikiləcək. Cari ilin fevralında Çinin internet üzərindən ticarət edən “JD.com” şirkəti elan etmişdi ki, dünyada ilk dəfə dron-kuryerlər üçün logistika şəbəkəsini istifadəyə verəcək. Şirkətin mütəxəssisləri hesab edirlər ki, dron-kuryerlərdən istifadə sifarişlərin çatdırılması üçün nəqliyyat xərclərini 70 faiz azaltmağa imkan verəcək. Bundan başqa, sifarişlərin sutka ərzində Çin daxilində istənilən məntəqəyə çatdırılmasına imkan verəcək. Çin KİV-ləri yazır ki, dron-kuryer istehsalçıları hazırda istifadədə olan uçuş aparatlarının 50 kiloqramadək yükü daşımaq gücündə olduğunu bəyan edirlər. Gələcəkdə yarım ton ağırlığında yükü daşıyacaq dronların istehsalı planlaşdırılır. Artıq may ayından “JD.com” şirkəti 7 istiqamət üzrə dron-kuryerlər vasitəsilə yüklərin çatdırılmasına başlayacaq.

9

“Samsung” şirkəti rəsmi olaraq Galaxy S8+ smartfonunun daha güclü versiyasını, Koreya bazarında təqdim etdi. Təqdim olunmuş daha güclü versiya, 6 GB RAM və 128 GB daxili yaddaşla təmin olunub. Qeyd etmək lazımdır ki, standart model Galaxy S8+, 4 GB RAM və 64 GB daxili yaddaşa sahibdir. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model yalnız qara rəngdə təqdim olunub və onu Samsung-un rəsmi saytından ön sifariş etmək olar. Onun qiyməti, SKT, KT və ya LG U+ mobil operatorları ilə müqavilə əsasında 1017 dollar, mobil operatorlarla müqaviləsiz isə 1116 dollar təşkil edir. Satışların 18 Aprel tarixində start götürəcəyi güman olunur. Sözügedən modeli ön sifariş edən alıcılar, Samsung Dex cihazını tamamilə pulsuz əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Galaxy S8+ modelinin daha güclü versiyası, Exynos 8895 prosessoruna sahibdir və RAM, daxili yaddaş göstəricilərindən başqa digər modellərdən heç nə ilə fərqlənmir. Çox güman ki, bu model Çin və Hindistan bazarından başqa digər bazarlarda satışa çıxmayacaq.

10

“Nokia” brendinin sahibi Finlandiyanın “HMD Global” şirkəti bu il qabaqcıl “Nokia 9” smartfon modeli buraxmağı planlaşdırır. “Nokia Power User” saytının mənbələrə istinadən məlumatına görə, qurğu üzvi işıq diodlu (OLED) 5,5 düym ekran, eləcə də “Samsung Galaxy S8” smartfonunda olduğu kimi, gözün qüzehli qişası skaneri ilə təchiz ediləcək. “OLED” ekranın təsvir ölçüsü 2560×1440 piksel təşkil edəcək. Aparat “Qualcomm Snapdragon 835” prosessoruna, 6 giqabayt operativ yaddaşa, 64 və ya 128 giqabayt tutumlu fləş-toplayıcıya, eləcə də barmaq izi ötürücüsünə malik olacaq. Bundan başqa, smartfon “IP68” standartı üzrə suya və toza davamlı olacaq. Məlumata görə, “Nokia 9” smartfonunun arxa qapağında “Carl Zeiss” optik şüşəli 22 meqapikselli, ön tərəfdə 12 meqapikselli kamera quraşdırılacaq. Qurğunun 3800 milliamper/saat tutumlu akkumulyatoru “Quick Charge 4.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyəcək. Smartfonun bütöv alüminium korpusa malik olacağı ehtimal olunur, çünki mənbə “microSD” çıxışının və ya çıxarılabilən akkumulyatorun mövcudluğu barədə məlumat verməyib. Bundan əlavə, “Nokia 9” smartfonunun “OZO Audio” “3D” səsli audio texnologiyasını dəstəkləyəcəyi gözlənilir.

11

Mobil telefonlarda danışığın tanınması funksiyasına malik səs assistentindən istifadə adi haldır. Ancaq çox az adam bilir ki, bu funksiya istifadə zamanı 1 Vatt enerji istifadə etməklə yanaşı, qurğunun prosessorunu kifayət qədər çox gücə salır. Belə yüksək enerji sərfiyyatı sözügedən funksiyanın kiçikölçülü qurğularda tətbiqinə imkan vermir, amma Massaçusets Texnologiya İnstitutunun alim və mühəndisləri tərəfindən hazırlanmış yeni çip sayəsində bu vəziyyət dəyişə bilər. Alimlərin yeni həlli danışığın sürətindən asılı olaraq 0.2-10 millivatt enerji sərf edir ki, bu da indiki göstəricidən 100 dəfə daha azdır. Yeni tip çip səsli idarəetmədən istifadə zamanı akkumulyatorun şarjının 90%-dək qənaət etməsinə imkan verəcək. Bu, “ağıllı” saat və başqa daşınan elektronikadan istifadə zamanı mükəmməl həlldir.

12

İki əsas kameraya malik smartfonlar artıq adiləşib. Həmçinin bu yaxınlarda  iki ön kamera ilə təchiz edilmiş modellər satışa çıxarılıb. Ancaq “Alcatel” şirkəti dünyada ilk dəfə 4 kamera ilə təchiz edilmiş smartfon təqdim edib: iki əsas və iki ön kameralar. 4 kamera sözügedən aparatın yeganə maraqlı xüsusiyyətidir, çünki bu qurğu “Android 6.0 Marshmallow” versiyası ilə işləyən orta səviyyəli smartfondur. “Alcatel Flash” qurğusunda əsas kamera iki 13 meqapiksellik modulla (rəngli və ağ-qara) təchiz edilib. Hər iki modul f/2,0 diafraqma qiymətinə malik obyektivlərlə təchiz ediliblər. Bu, zəif  işıqlandırma şəraitində daha keyfiyyətli şəkillər çəkməyə imkan verir. Ön tərəfdə 8 və 5 meqapiksellik kameralardan istifadə edilib. “Alcatel Flash” smartfonu “Full HD” təsvir ölçülü 5,5 düymlük “IPS” ekran, 10 nüvəli “MediaTek Helio X20” prosessoru, 3 QB əməli yaddaş, 32 QB daxili yaddaş, 3100 milliamper/saat tutumunda akkumulyator, “SİM” kart üçün iki slot və barmaq izi skaneri ilə təchiz edilib. Smartfonun qiyməti hələ ki bildirilməyib.

13

“Microsoft” şirkəti tərəfindən istifadəyə verilmiş yeni “Sprinkles” mobil tətbiqi “iPhone” smartfonunda şəkillər çəkərək onları emal etməyə imkan verir. Proqram istifadəçi tərəfindən çəkilmiş şəkillər üçün yazı və stikerlərin seçimində kompüter təlimi texnologiyalarından istifadə edir. “Sprinkles” mobil tətbiqinin köməyi ilə şəkillərə stiker, yazı və emodzilər əlavə etmək mümkündür. Mobil tətbiqdə istifadə edilən süni intellekt texnologiyaları şəkildəki sifəti tanımağa, kadrda insanın yaşını və emosiyalarını müəyyənləşdirməyə, tanınmışlar arasında oxşarlarını tapmağa imkan verir. “Sprinkles” mobil tətbiqi, həmçinin şəklin çəkiliş yeri, vaxt və başqa detallarına müvafiq yazı və stikerləri avtomatik seçə bilir. Məsələn, əgər şəkildə qaşqabaqlı insan təsvir edilibsə, mobil tətbiq “gülümsəmək lazımdır” kimi yazı təklif edəcək. Daxili redaktor şrifti, mətnin ölçüsünü və yazının rəngini tənzimləməyə imkan verir. Hazırlanmış şəkli “iPhone” smartfonunda saxlamaq, sosial şəbəkələrdə paylaşmaq  və ya elektron poçtla göndərmək olar.

14

“International Data Corporation” (“IDC”) şirkəti qlobal koqnitiv sistemlər və süni intellekt texnologiyaları bazarı üzrə proqnoz verib. Qiymətləndirmələrə görə, ötən il sözügedən sahənin həcmi 7,9 milyard dollar təşkil edib. 2017-ci ildə bu bazarın həcmi 12,5 milyard dollara yaxınlaşacaq. Beləliklə, 2016-cı illə müqayisədə 59,3%-lik artım qeydə alınacaq. Hazırda süni intellekt İT sahəsinin tədqiqində çox böyük rol oynayır. Elektron ağıl, məsələn, “əşyalar interneti” qurğuları tərəfindən yaradılmış böyük tutumlu məlumatların təhlilində kömək edəcək. Ekspertlərin qiymətləndirməsinə görə, 2020-ci ilə dünyada internetə qoşula bilən 50 milyarddan çox avtomobil və cihaz işləyəcək. Süni intellekt əsasında işləyən həllər artıq gündəlik həyatda tətbiq edilir. Məsələn, süni intellekt əsasında insan danışığının tanınması, şəkillərdə sifətin müəyyənləşdirilməsi və fırıldaqçı hərəkətlərin aşkar edilməsi sistemləri işləyir. Yaxın vaxtlarda isə müxtəlif sahələrdə mürəkkəb məsələləri həll edən və süni intellekt əsasında işləyən yeni nəsil sistemlər istifadəyə veriləcək.

15

“Google” şirkəti müasir mobil sayt tərtibatçıları üçün yeni sertifikatlaşma proqramı tətbiq edib. Bu məqsədlə keçirilən testə saytların sürətinin işinin optimallaşdırılması ilə bağlı məsələlər daxildir. Hazırda müasir internet saytlarının mobil versiyaları günü-gündən aktuallaşır. Bu, ilk növbədə saytlara yüksək yükləmə sürəti ilə baxmağa imkan verən mürəkkəb mobil qurğuların inkişafı ilə əlaqədardır. Bu prosesə öz töhfələrini vermək istəyən “Google” nümayəndələri fəaliyyət göstərən mobil sayt tərtibatçılarının biliklərini qiymətləndirən imtahan qurğusu hazırlayıblar. Tərtibatçılar fəaliyyətlərində bir sıra amilləri nəzərə almalı olurlar. Söhbət mobil səhifələrin əhəmiyyətindən, əlavə və səhifələrin dizaynının yaxşılaşdırılmasından və saytların ümumi optimallaşdırılmasından gedir. Tərtibatçıların test tapşırıqlarının 80 faizini yerinə yetirəcəkləri təqdirdə onlar yüksək keyfiyyətə malik saytların yaradılması üçün “Google” tərəfindən akkreditasiya olunan sertifikat almaq hüququ əldə edəcəklər.

16

“Apple Watch” saatlarının yeni nəsli bu ilin ikinci yarısında buraxılacaq. “Apple Watch”un tədarük zəncirinə “Compal Electronics” şirkəti də qoşulub və bu şirkət “Apple Watch Series 3” saatlarının istehsalına 2017-ci ilin ikinci yarısında başlayacaq. “Compal” nümayəndələri hələlik məsələyə şərh verməyiblər. Mənbənin məlumatına görə, “Apple Watch Series 3” yeni “iPhone” smartfonu ilə eyni vaxtda – sentyabr ayında təqdim ediləcək. Hazırda “Apple Watch”un istehsalı ilə yalnız “Quanta Computer” şirkəti məşğul olur. Bu şirkət işinə davam edəcək və “Apple Watch Series 3″ün anonsundan sonra sifarişlərin bir hissəsini “Compal Electronics”lə bölüşəcək. “Canalys” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, ötən il 11,8 milyon ədəd “Apple Watch” saatı satılıb və bununla da “Apple” “ağıllı” saatlar bazarının 49 faizinə sahib olub.

17

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register