Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Çinin telekommunikasiya avadanlığı və smartfon istehsalçısı “Huawei Technologies” şirkəti “bulud xidmətləri” bazarında “Amazon” və “Alibaba Group Holding” ilə rəqabət aparmaq niyyətində olduğunu açıqlayıb. Ötən ay son 5 ildə ən az artım tempi barədə hesabatla çıxış edən şirkət, fəaliyyətinin yeni bölməsini  genişləndirməyə hazırlaşır. Təkcə bu il “bulud xidmətləri” bölməsində əməkdaşların sayının 2 min nəfərdən artıq artırılması planlaşdırılıb. Qeyd edək ki, “bulud xidmətləri” bazarı durmadan artır. İDC analitik şirkətinin proqnozuna əsasən bu il ictimai “bulud” resurslarına yönələn xərclər 122,5 milyard dollara çatacaq.

1

Bir neçə təxirəsalmadan sonra “Toshiba” şirkəti nəhayət ki, növbəti rüblük hesabatını dərc edib. İstehsalçı üçün 2016-cı maliyyə ilinin üçüncü rübü dekabrın 31-də yekunlaşıb. Hesabat dövründə şirkətin gəliri 10,9 milyard dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricilərindən bir qədər azdır. Əməliyyat itkiləri 5,8 milyard dollar, xalis itkilər 5,6 milyard dollar olub. Birinci halda bu, əvvəlki ilin göstəricilərindən 1,2 milyard dollar çoxdur. İkinci halda isə itkilər bir ildə təxminən 5 dəfə artıb. Əsas itkilər “Energy System & Solutions” bölməsinin payına düşüb. Ötən illə müqayisədə bu bölmənin əməliyyat itkiləri 5,8 milyard dollar artaraq 6,6 milyard dollara çatıb. “Elimination” bölməsi istisna olmaqla, digər bölmələr mənfəət göstəricilərinin artımını nümayiş etdirib, lakin onların toplam gəlirləri “Energy System & Solutions” bölməsinin itkiləri ilə müqayisədə azdır. Qeyd edək ki, Türkiyənin məişət texnikası və elektronika istehsalçısı “Vestel” şirkəti “Toshiba”nın televizor istehsal edən bölməsini satın almaq istəməsi barədə yayılan məlumatları təsdiqləyib. Ancaq müqavilənin nə vaxt imzalanacağı hələlik məlum deyil.

2

Sinqapurda idarə və müəssisələri qorumaq üçün robot-mühafizəçilər peyda olub. “Ademco Security Group” şirkətinin istehsal etdiyi 4 təkərli robotlar 7 videokamera ilə təchiz olunub. Boyu 1,6 metr, çəkisi 160 kq olan S5 robotları avtonom rejimdə işləyir və onları məsafədən idarə etmək mümkün deyil. Ona görə də robotların fəaliyyətini izləmək lazım gəlir. İstehsalçı bildirir ki, bu robotlar oğruların müəssisəyə girişini qeydə ala bilər, amma ona müqavimət göstərə bilməz. S5 hətta pilləkənləri qalxmaq iqtidarında da deyil. Mühafizəçi robotların icarəsi ayda 7,5 min dollara başa gələcək. Başqa sözlə, robotun 1 saatlıq işinin dəyəri 10,4 dollar olacaq.

3

“Microsoft” korporasiyası “Vista” əməliyyat sisteminin dəstəyini rəsmən dayandırıb. Şirkət dəfələrlə bu sistemi öz tarixində ən uğursuz platforma adlandırıb. Bundan sonra həmin əməliyyat sistemi üçün təhlükəsizlik yeniləmələri çıxarılmayacaq, həmçinin tapılmış səhv və nasazlıqlar aradan qaldırılmayacaq. 2007-ci ilin yanvarında istifadəçilərin ixtiyarına verilmiş “Windows Vista” əməliyyat sistemi populyar “XP” platformasını əvəz edib. Yeni əməliyyat sistemi güclü elektron içliyə malik kompüter tələb edirdi. O dövrdə çox az kompüter “Vista” sisteminin xüsusi effektlərini göstərə bilirdi. Bundan başqa, bu və ya digər əməliyyatın edilməsinə icazə istəyən “User Account Control” funksiyası istifadəçiləri qıcıqlandırırdı. Buna görə də istifadəçilər “Windows XP” platformasına üstünlük verirdilər, 2 il sonra isə yeni “Windows 7” sistemindən istifadə etməyə başlayıblar. 2017-ci ilin martına olan statistikaya görə, fərdi kompüterlərin 0,72 faizi “Vista” sistemi ilə işləyib.

4

Britaniya alimləri “ağıllı” telefonların insanlar üçün, daha doğrusu onların şəxsi həyatı üçün nə qədər təhlükəli olduğunu açıqlayıblar. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, hakerlər smartfon istifadəçilərini rahatlıqla izləyə bilirlər. Belə ki, istifadəçi telefonun ekranında barmaqla hərəkət edərkən hakerlər onu izləyə, hətta xüsusi proqram vasitəsilə telefonun içindəki şəkil, video və digər şəxsi məlumatlara baxa bilirlər. Alimlər xəbərdarlıq edir ki, telefon koda qoyularkən ən azı 5 fərqli şifrədən istifadə edilsin.

5

Analitiklərin proqnozuna görə, 5 il ərzində “ağıllı” evlər üçün sensorlar yaşayış binalarına xidmət göstərilməsini və məişət sistemlərinin idarəetməsinə yanaşmanı kökündən dəyişdirəcək. “Ağıllı” evlər üçün texnologiyalar kütləvi bazarda daha da populyarlaşır. “J’son & Partners Consulting” şirkəti bunu şəxsi və ailə təhlükəsizliyinin möhkəmləndirilməsi, həmçinin vəsaitlərə ciddi qənaətlə izah edir. “ABI Research” şirkətinin mütəxəssislərinin proqnozuna görə, 2022-ci ilədək “ağıllı” evlər üçün qurulmuş sensorların ümumi sayı 4,5 milyarda yaxınlaşacaq. Belə sensorlar enerji resurslarından daha səmərəli istifadəyə, həmçinin su, elektrik enerjisi və qaz sərfiyyatını yüksək dəqiqliklə ölçməyə imkan verəcək. “Ağıllı” qurğu istehsalçıları öz həllərini kütləvi bazarda tanıtmaq üçün böyük səy göstərirlər. Onlar istehlakçıların təkliflərini nəzərə alaraq təhlükəsizlik, işıqlandırma və iqlim sistemləri sahəsində innovasiyalarla bağlı ən zəruri texnologiyaları hazırlamağa çalışırlar. “Ağıllı” evlər sahəsində əsas məsələ müxtəlif qurğular üçün vahid iş standartlarının yaradılmasıdır.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register