Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” sosial şəbəkəsi “Messenger”in qrup çatlarında pulköçürmə funksiyasını işə salıb. Bu barədə “Facebook”un bloqunda məlumat verilib. Hazırda yeni funksiya yalnız ABŞ-dan olan istifadəçilər üçün “Messenger”in veb versiyasında və “Android” əlavəsində işləyir, yaxın vaxtlarda isə iOS versiyası da əlçatan olacaq. Həmsöhbətlərdən pul istəmək üçün istifadəçi ödənişlər menyüsünə daxil olmalı və ona pul köçürməli olan qrup istifadəçilərini seçməlidir. Bundan sonra ödənişin ümumi məbləğini və bir adamın adını yazmalıdır. Adı çəkilən istifadəçilər sorğunu aldıqdan sonra kartla pul köçürə biləcəklər. Bu zaman “Facebook” ödənişlərdən komissiya haqqı tutmayacaq. Qeyd edək ki, “Messenger”in dialoqlarında pulköçürmə sistemi 2015-ci ildən işə salınıb.

1

“VKontakte” sosial şəbəkəsi bütün istifadəçilər və qruplar üçün canlı yayım funksiyasını işə salıb. Videotranslyasiyanı kompüter, noutbuk və xüsusi avadanlıqların köməyi ilə işə salmaq olar. “VKontakte” canlı yayımı işə salmaqla bağlı təlimat da hazırlayıb.

2

Çin nəqliyyatda sürətli interneti təmin etmək üçün ilk telekommunikasiya peykini orbitə buraxıb. Ixtisaslaşdırılmış geostasionar obyekt orbitdə 15 il qalacaq. Çinin Kosmik Elm və Sənaye Birliyi bəyan edib ki, bütün dünyada yüksək sürətli internetə çıxışı təmin etmək üçün kosmosa 150 kiçik peyk buraxmaq niyyətindədir.

3

“Qualcomm” şirkəti məhkəmənin qərarı ilə “BlackBerry”yə 815 milyon dollar təzminat ödəyəcək. Bununla əlaqədar Kanada şirkətinin səhmləri 15 faiz bahalaşıb. 2010-2015-ci illər ərzində “BlackBerry” mütəmadi olaraq patentlərin lisenziyalaşdırılması üçün “Qualcomm” şirkətinə ödəniş edib. Bununla bağlı ABŞ-ın Federal Ticarət Komissiyası Kanada şirkətinə qarşı iddia qaldırıb. Komissiya hesab edib ki, “BlackBerry”nin ödənişləri həddindən artıq çoxdur. Məhkəmənin qərarı ilə “Qualcomm” bu şirkətə 815 milyon dollar ödəyəcək. Mayın 30-dan sonra isə mütəxəssislər vəkillərə ödənilən qonorar və faizlərin də həcmini müəyyən edəcəklər. Bunun ABŞ şirkətinin dəyərinə necə təsir edəcəyi məlum deyil. Ancaq bununla belə, kanadalılar artıq öz kapitalını genişləndirə bilib.

4

2016-cı ildə ABŞ-da dronların satışı iki dəfədən çox artıb. Bu barədə “NPD Group” tədqiqat şirkətinin hesabatında bildirilir. Qeyd olunur ki, ən çox tələbat olan dronlar dəyəri 300 dollar olanlardır. Avtopilot və sahibini izləmə funksiyası olan dronlar daha çox satılır. Avtopilotu olan dronlar adi dronlardan 5 dəfə, sahibini izləmə (follow me) funksiyası olanlar isə 19 dəfə daha çox alınır. Hazırda ABŞ-da 770 min qeydiyyatdan keçmiş pilotsuz uçan aparat mövcuddur. Proqnozlaşdırılır ki, 2025-ci ildə dronlar ABŞ-da 100 min yeni iş yeri yaradacaq. Çünki dron bazarı sürətlə artdığından, bu sahədə mütəxəssislərə də ciddi ehtiyac yaranır.

5

2020-ci ildə Sinqapurun ictimai nəqliyyat sistemində pilotsuz avtobuslar istifadəyə veriləcək. Avtobusları “Singapore Technologies Engineering” hərbi şirkəti istehsal edəcək. Layihəni şirkətin “ST Kinetics” törəmə müəssisəsi həyata keçirəcək. 3 qapısı olan avtobuslar 36 sərnişini oturaq vəziyyətdə, 33 sərnişini isə ayaq üstdə apara biləcək. Maksimal sürəti 60 km/saat olacaq.

6

“Apple” öz yaradıcısı Stiv Cobsun çoxdankı arzusunu yerinə yetirərək şəkərli diabetlə mübarizə üçün innovativ cihazlar yaradacaq. Hazırda gizli layihənin reallaşdırılması ilə məşğul olacaq biomediklərin seçimi aparılır. Yeni əməkdaşlar Kaliforniya ştatındakı Palo-Alto yaxınlığında yerləşən laboratoriyada çalışacaqlar. Hələlik ideya “xammal” şəklində mövcuddur və müəlliflər boyunlarına götürdükləri işin nə dərəcədə real olduğuna dair sınaqlar keçirirlər. Yayılan məlumatlara əsasən gələcəkdə çox güman ki, “Watch”da quraşdırılacaq ötürücülər dəri vasitəsilə orqanizmə işıq şüaları göndərəcək və bununla da qandakı qlükozanın səviyyəsini ölçəcək. “Apple” nümayəndələri hər hansı şərh verməkdən imtina ediblər.

7

Rusiyalı mütəxəssislər qadınlar üçün nəzərdə tutulmuş unikal zirehli gödəkcə yaradıblar. Yeni gödəkçə vasitəsilə hüquq-mühafizə orqanlarında xidmət edən zərif cinsin nümayəndələrinin təhlükəsizliyini gücləndirmək mümkün olacaq. “Hazırda hüquq-mühafizə orqanlarında işləyən qadınların sayı əhəmiyyətli dərəcədə artıb. Bununla əlaqədar olaraq, zərif cinsin nümayəndələri üçün xüsusi müdafiəsi məsələ gündəmə gəlib. Hazırda yeni zirehli gödəkçənin “Liqa” adlanan ilk prototip mövcuddur. Artıq bu tərtibat son sınaqlardan keçirilir”, – deyə tərtibatçılar bildirib. Onların sözlərinə görə, hazırda şəxsi müdafiə üzrə dünya bazarı təxminən 1,9 milyard dollar dəyərində qiymətləndirilir. Yaxın 10 il ərzində bu rəqəm 50 faizdən çox artacaq. Zirehli gödəkcənin hazırlanması ilə Rusiyanın Polad Elmi-Tədqiqat İnstitutu məşğul olub. Mütəxəssislərin sözlərinə görə, geyim zərif cinsin nümayəndələrinin bədən formasını təkrarlayacaq ki, bu da onu daha rahat edəcək.

8

Ən uzun “selfi çubuğu” üzrə yeni dünya rekordu Dubayda müəyyən edilib. “ITP live” şirkətində şəkil çəkmək üçün 16,6 metr uzunluğunda selfi çubuğundan istifadə olunub. Bu göstərici Ginnesin rekordlar kitabının nümayəndəsinin iştirakı ilə qeydə alınıb. Qeyd edək ki, bundan əvvəlki rekord iki italyan bloqerə məxsus idi. Onlar 15,57 metr uzunluğunda self çubuğu vasitəsilə şəkil çəkdirmişdi.

9

“Facebook” sosial şəbəkəsi hələ 2015-ci ildə “Messenger” mobil proqramında istifadəçilər arasında pulköçürmə funksiyasını işə salmışdı. Amma indiyədək həmin funksiya yalnız dialoqlarda aktiv idi. İndi isə bu, həmçinin qrup çatlarında əlçatan olub. ulköçürmə funksiyasından istifadə etmək üçün bank kartı “Facebook” hesabına əlavə olunmalıdır. Haker hücumlarından müdafiə məqsədilə PIN kod və ya barmaq izi skanerindən istifadə etmək mümkündür. Bundan sonra “Messenger” mobil tətbiqində qrup çatında yalnız “Payments” ikonkasına sıxmaq, pul göndərmək istədiyiniz insanları seçmək, məbləği daxil etmək, lazımi qeyd aparmaq və tranzaksiyanı həyata keçirmək lazımdır.

10

Real vaxt rejimində çapın virtual monitorinqi üçün 3D” printer yaradılıb. İspaniyanın “Eurecat” şirkəti operatora real vaxt rejimində çap prosesini izləməyə və işin sonunadək nəticəni görməyə imkan verən xüsusi ekranla təchiz edilən “3D” printer hazırlayıb. Texnologiya seriyalı istehsalla məşğul olan fabriklər üçün faydalı yenilik ola bilər. Çünki çap prosesində olan obyekt haqqında bütün məlumat dərhal displeydə göstərilir və buna görə idarəetmə pultu arxasında duran mütəxəssis həmişə hazır məmulatın necə olacağını görmək, zərurət yarandıqda dərhal müəyyən dəyişikliklər etmək imkanına malik olacaq. Şirkətin sənaye texnologiyaları şöbəsinin rəhbəri Ksave Planta hesab edir ki, əksər iri fabriklərin beş ildən sonra üçölçülü çap, əlavə və virtual reallıqdan istifadə etməyə başlaması səbəbindən virtual reallıqla birlikdə işləyən çap aparatı prototipinin yaradılması bu texnologiyaların birgə tətbiqi üçün vaxtında və perspektivli variant olub. Texnologiya Barselonada illik “Advanced Factories” sərgisində nümayiş olunub.

11

İlk robotlaşdırılmış ayaq nümayiş olunub. “Toyota” şirkəti ilk robotlaşdırılmış “Welwalk WW-1000” ayaq prototipini nümayiş etdirib. şirkət nümayəndələrinin sözlərinə görə, bu ilin sonunda satışa çıxarılması gözlənilən “Welwalk WW-1000” qurğusu onun yuxarı hissəsində yerləşən xüsusi kontrollerdən siqnallar alan robotlaşdırılmış ramadan ibarətdir və sinir sonluqlarına xüsusi sensorlar vasitəsilə qoşulur. Bu, siqnalların ötürülməsini, eləcə də hərəkətə gətirilmə üçün onların şifrlərinin açılmasını təmin edir. Məlumata görə, hazırda “Toyota Motor Corp” Tokioda qurğunun sınaqlarını keçirir. Test zamanı mütəxəssislər qurğunun dözümlüyünü yoxlayaraq ondan qaçış zolağında bir neçə saat istifadə ediblər. Nəticədə məlum olub ki, qurğunun əsas problemi gündəlik istifadə zamanı tezliklə sıradan çıxa bilən elastik birləşmələrdir. Mütəxəssislərin sözlərinə görə, qiyməti 3200 dollar təşkil edən “Welwalk WW-1000” qurğusu insan ayağının funksionallığını tam əvəz edərək onu zədələrə daha davamlı edən ən müasir protezdir.

12

Çap plataları üçün qrafen mürəkkəb icad edilib. Kembric Universitetinin mütəxəssisləri çap plataları üçün qrafen materialından istifadəni təklif edərək xüsusi qrafen mürəkkəb yaradıblar.  Tədqiqat müəllifi Ceyms Maklaud bütün tip elastik elektronikanın çapı üçün elektrikkeçirici mürəkkəblərin yaradılması üzərində iş aparıldığını bildirib. “Bizim qrafen mürəkkəb mahiyyət etibarilə elektron sxemlərin çapı üçün istifadə edilən spirtə qatılmış tozaoxşar qrafendir. Spirtdən mürəkkəbin yaradılması üçün ilk dəfədir istifadə olunur”, – o qeyd edib. Bildirilir ki, mürəkkəb qrafiti yüksək təzyiq altında qrafeni parçalayaraq qatlara ayıran almaz mikrometrik kapillyarlar vasitəsilə buraxmaqla əldə olunur. Məhz bu məhlulda rəvan ötürülən materialın yaranmasına səbəb olur. Əldə olunan materialdan istənilən səthin üzərinə hopdurmaq, o cümlədən çap platalarının istehsalı üçün istifadə etmək mümkündür. Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

13

Apple-ın bu il təqdim edəcəyi yeni Mac modeli üçün ilk konsept işləri təqdim olundu. Apple, təxminən 4 ildir ki, Mac modellərini yeniləmirdi. Xatırlayacağınız kimi Tim Cook evində 3 ildən çox eyni kompüteri istifadə edənləri tənqid etmişdi. Bu tənqidin illər sonra öz firması olan Apple-a qarşı ediləcəyini hesablamayan Tim Cook, o dövrdə sosial mediada məsxərəyə qoyulmuşdu. Gec də olsa bu il içərisində Mac modellərini yeniləyəcəyini açıqlayan Apple, yeni Mac modellərində necə bir dizayn istifadə edəcəyi maraq edilməyə indidən başlanılıb. Curved qrupu maraq edilən Mac üçün ilk konsept işlərini təqdim etdi. Curved-in hazırladığı yeni Mac konseptinin cəlb edici olduğunu söyləyə bilərik.

14

İnternetdə “HTC” şirkətinin yeni smartfonunun ilk fotosu yayılıb. Yeni model One X10 adlanır və şirkət onda əsas diqqəti batareyadakı enerji tutumuna ayırır. Fotonun “Big style meets bigger battery” sloqanı ilə müşaiyət olunması onu göstərir ki, smartfonun dəbli korpusunun altında yüksək həcmli batareya olacaq. Fotodan da görmək olar ki, smartfonun arxa panelində barmaq izi skanı yerləşir və dizayn baxımından yeni cihaz, Desire 10 modelini xatırladır. Çox güman ki, bu cür marketinq üsulu ilə “HTC” şirkəti uduzmayacaq. Belə ki, smartfon bazarında hal-hazırda yaxşı performanslı cihaz çoxdur. Lakin yüksək həcmli batareyaya sahib smartfonu tapmaq bir qədər çətindir. Məlumatlaa əsasən HTC One X10, 5.5 inç ekran, 8 nüvəli MediaTek Helio P10 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 16 MP-lik arxa, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

15

Amerikalı mühəndis Scotty Allen, yerli elektronika hissələrinin istehsalını incələmək üçün Şanxayda bir neçə ay zaman keçirib. Onun videosu, elektronika hissələrinin yerli bazarına və iPhone modelləri üçün hissələrin hazırlanıb satılması ilə məşğul olan xüsusi yerlərə həsr olunub. Scotty, müxtəlif mobil cihazlar üçün hissələrin satıldığı bazarlarda uzun zaman keçirib. Kimsə həmin hissələrdən işlək smartfonun hazırlanmasının mümkünlüyü barəsində maraqlananda, Scotty-nin ağlına maarqlı bir fikir gəlib. Beləliklə o, smartfon hissələrinin satıldığı bazardan lazımi komponentləri alaraq 16 GB daxili yaddaşa sahib iPhone 6s modelini yığıb. Maraqlısı ondadır ki, onun özünün hazırladığı model 300$-a başa gəlib. Yəni əsl iPhone modeldən 2 dəfə daha ucuz.

Çində tam mənasıyla bir Nokia çılğınlığı yaşanır. Nokia 6-nın gümüş rəngli modeli Çində satışa təqdim edildi və çox qısa bir müddət içərisində tükəndi. HMD Global tərəfindən Çin bazarına xüsusi olaraq satışa təqdim edilən gümüş rəngli Nokia 6, eyni gün içərisində bütün anbarlarındakı olan telefonları tükəndi. Bundan əvvəl satışa təqdim edilən bir çox Nokia modeli də inanılmaz bir uğur əldə edərək Nokia-nı yenidən güclü markalar arasına daxil olmasını təmin etmişdi. Nokia 6-nın gümüş rəngli modeli də bu ənənəni davam etdirdi. Asiya bazarında mükəmməl bir uğur əldə edən Nokia 6-nın, Şimali Amerika və Avropa qitələrində necə bir performans nümayis etdirəcəyi isə maraq mövzusu oldu. Xatırlayacağınız kimi daha əvvəl gələn xəbərlərdə bu il içərisində Çin xaricindəki ölkələrdə də satışa təqdim ediləcəyi açıqlanmış amma dəqiq bir tarix verilməmişdi. Nokianın yeni falqmanı olması gözlənilən Nokia 9-un eyni uğuru təkrar edib edə bilməyəcəyi, smartfon telefon təqdim edilib satışa çıxdıqdan sonra bilinəcək.

16

Hazırda bir neçə böyük şirkət bükülən ekranla təchiz edilmiş müxtəlif cihazlar üzərində işləyirlər. Ancaq bükülən cihazların yaradılması üçün bükülən elektron içlik tələb olunur. Cənubi Koreyanın “Amotech” şirkətinin mütəxəssisləri öz texnologiyaları üzrə hazırlanmış elastik litium-ion akkumulyatorları üzərində yoxlamaların başa çatdığını bildiriblər. Sınaqlar zamanı məlum olub ki, yeni bükülən akkumulyatorlar zədələrə qarşı çox davamlıdır. Bükülən akkumulyatorlar keramikdən hazırlanmış qayçı ilə kəsiləndən sonra normal işləməyə davam edib. Şirkət bükülən akkumulyatorların 42, 135, 650, 1000 və 2000 milliamper/saat tutumunda bir neçə variantının istehsalına hazırlaşır. Bu modellər artıq Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) sertifikatlaşmasından keçib.

17

Ötən il “Google” şirkəti “Allo” messenceri ilə yanaşı, videokonfranslar üçün “Duo” xidmətini təqdim edib. Sözügedən xidmət istifadəyə verildikdən 1 həftə sonra “Google Play” rəqəmli mağazasında ən populyar pulsuz mobil tətbiqlərin reytinqində lider olub. “Duo” tətbiqinin populyarlığına baxmayaraq, istifadəçilər bu xidmətin məhdud imkanlarından şikayətləniblər və nəticədə xidmətin auditoriyası sürətlə azalmağa başlayıb. Ötən ayın sonunda xidmətin yaradıcıları tərəfindən istifadəyə verilmiş səsli rabitə funksiyası indiyədək yalnız Braziliyada əlçatan olub. İndi isə səsli rabitə imkanı hər kəs üçün əlçatandır. “Google Duo 9.1.1516” versiyasının çıxarılmasından sonra tətbiqin yuxarı hissəsində video və səsli mesaj rejimləri arasında çevirici peyda olub.

18

Bu ayın sonunda yeni “Meizu Pro 7” flaqman smartfonunun təqdimatı gözlənilir. Bu barədə “Meizu” şirkətinin vitse-prezidenti Li Nen bildirib. O deyib ki, bu ay “Meizu” özünün maraqlı dizayna malik yeni smartfonunu tədqim etməyə hazırlaşır. Söhbət “Meizu M5X” modelindən getmir. Xatırlatmaq yerinə düşər ki, ötən ilin aprel ayında “Meizu Pro 6” modeli təqdim olunub. Bundan başqa, bu ay digər texnoloji nəhəng – “Xiaomi” şirkəti “Meizu”nun layiqli rəqibini nümayiş etdirəcək. Şayiələrə görə, “Meizu Pro 7” 4K formatlı, 5,7 düym diaqonallı displeyə malikdir. Bundan başqa, smartfon “Sony IMX362” görüntü “datçik”inə malik 12 meqapiksel kameraya malik olacaq.

19

“Boud” startapı “Kickstarter” platformasında adi qulaqlıqları simsiz qulaqlıqlara çevirən kiçikölçülü “Bluetooth” modulun istehsalına vəsait toplanılması üzrə kampaniya başladıb. ölçüsü 12x12x48  mm və çəkisi 10 qram olan “PLUB” adlı cihazın kənar hissəsində qulaqlıqların qoşulması üçün 3,5 mm-lik konnektor yerləşir. Bu konnektor, həmçinin qurğunun enerji ilə doldurulması üçün istifadə olunur. 120 milliamper/saat tutumunda olan daxili batareya “PLUB” qurğusunun avtonom rejimdə 5 saatadək işləməsini təmin edir. Qeyd edək ki, “PLUB” ilk belə qurğu olmasa da, ancaq istehsalçılar bildirir ki, yeni modul analoqlarından öz yığcamlığı və nəfis dizaynı ilə seçilir.

20

“Facebook” sosial şəbəkəsi bu ilin payızında “Workplace” messencerinin pulsuz versiyasını işə salmaq qərarına gəlib. Bu messencer bazarda “Slack”ın əsas rəqibi olacaq. Tərtibatçılar bildirir ki, yeni xidmət şirkətlərin əməkdaşlarına müəyyən məhdud qruplar daxilində məlumat və fayl mübadiləsini həyata keçirmək imkanı verəcək. Bu, onların iş prosesinə müsbət təsir göstərəcək və vacib qərarların qəbul edilməsini sürətləndirəcək. “Workplace”in sınaqlarının keçirilməsi bu həftə planlaşdırılır. Pulsuz rəsmi versiya isə istifadəçilər üçün cari ilin oktyabr ayında əlçatan olacaq. Qeyd edək ki, adıçəkilən messencer səsli və videozənglər təklif edir. Axıcı video (streaming) da mümkün olacaq.

21

Bu günə qədər hücumlara qarşı tədbir almağı təmin edən bir çox sistem inkişaf etdirilib. Bunlardan bəziləri istifadəçilərini etibarlı olmayan sahələr üçün xəbərdar edir, bəziləri isə hücum zamanı kömək istəməyə imkan yaradır. Yeni istehsal edilən Nimb adlı üzük isə sizi təhlükələrdən qoruyacaq. Kənardan baxıldığında böyük bir üzüyü xatırladan Nimbin altında gizli bir düymə iştirak edir. Burada üç saniyədən uzun müddət təzyiq tətbiq etdiyinizdə, kömək sistemi hərəkətə keçir və daha əvvəldən təyin etdiyiniz üç adamla əlaqəyə keçir. Onlara olduğunuz mövqe və köməyə ehtiyacınız olduğu çatdırılır. Əgər aylıq olaraq əlavə 10 dollarlıq bir ödəmə etməyi qəbul etsəniz, xidmətin əhatəsi genişlənir. Köməyə ehtiyacınız olduğu məlumatı, 24 saat xidmət verən bir çağırış mərkəzinə çatdırılır. Arzu edənlər bu xüsusi üzüyə 130 dollar ödəməklə sahib ola bilərlər. Qara və ağ olmaqla iki fərqli rəng variantına sahib olan Nimb may ayından etibarən istifadəçilərə göndərilməyə başlanacaq.

22

“Microsoft IllumiRoom” layihəsinin və “Box” şirkətinin tərtibatçıları otağı əşyaları ilə birlikdə ekrana çevirərək onlar üzərində video nümayiş etdirən “Lightform” qurğusunun hazırlanması üçün səylərini birləşdiriblər. “Lightform” proyektora “HDMI” çıxışı vasitəsilə qoşulan kameralı prosessordur. Qurğu otaqdakı obyektlərin üzərində videonu translyasiya etmək üçün onların hamısını skan edir. “Lightform” həmtəsisçisi Rac Sodhi “Wired” nəşrinə müsahibədə bildirib ki, ilk qurğular bu ilin yayında satışa çıxarılacaq. Onun fikrincə, istifadəçilər, məsələn, yolkanı skan edə və Yeni il üçün onun bəzənməsini yoxlaya bilərlər. Məlumata görə, “Lightform” vasitəsilə filmlərə bir divarda deyil, bütün otaqda baxmaq mümkündür. Xatırladaq ki, “Microsoft IllumiRoom” “Xbox” oyun qurğusuna təsviri televizor çərçivəsindən kənara daxil etməyə imkan verən qurğu konseptidir. Proyektor təsviri ekranın arxasında yerləşən divara translyasiya edərək bütün otağı böyük displeyə çevirir.

23

“Facebook” sosial şəbəkəsi “Facebook Messenger” tətbiqində “M” rəqəmli köməkçisini istifadəyə verib. “M” köməkçisi süni intellekt elementlərindən istifadə edir və danışığın məzmunundan asılı olaraq çatda ünsiyyət aparan həmsöhbətlərə müxtəlif əməliyyatlar təklif edə bilər. Məsələn, istifadəçilər gələcək görüş barəsində müzakirələr apardığı halda messencer xəritədə görüş yerini və vaxtı təyin etməklə həmsöhbətlərdən birinə plan təklif edəcək. Bundan başqa, rəqəmli köməkçi stikerlər göndərməyi, pul köçürməyi, olduğun məkanı paylaşmağı, “Lyft” və ya “Uber” xidmətləri üzərindən taksi sifariş etməyi, həmçinin səsvermə funksiyasını (bu funksiya qrup çatlarında əlçatandır) işə salmağı təklif edə bilər. Rəqəmli köməkçi, həmçinin öyrənmək qabiliyyətinə malikdir. Bundan başqa, mobil qurğunun sahibi messencerin sazlamalarında “M” rəqəmli köməkçisini həmişəlik deaktiv edə bilər. Hazırda “M” köməkçisi ABŞ-da “Facebook Messenger” mobil  tətbiqinin “iOS” və “Android” istifadəçilərinə əlçatandır, amma müəyyən vaxtdan sonra “M” rəqəmli köməkçisinin imkanları genişləndiriləcək və başqa ölkələrdə də əlçatan olacaq.

24

İnternetdə sentyabrda “iPhone 8” ilə birlikdə satışa çıxarılacaq “Samsung Galaxy Note 8” smartfonunun ilk fotoşəkilləri təqdim olunub. Şəkillərdə xarici görünüşünə görə “Galaxy S8+” modelinə bənzəyən smartfonu görmək mümkündür. “Home” düyməsi ilə təchiz edilməyən qurğunun ekranı bütün ön səthi əhatə edir. Displey yan tərəflərə əyilib, ekran panelinin üstündə və altında yerləşən çərçivələrin ölçüsü daha da kiçildilib. Smartfonun yanında “S-Pen” elektron qələmi (stilus) yer alıb. Martda internetdə eskiz və xüsusiyyətləri dərc olunan “Samsung Galaxy Note 8”-in “4K” təsvir ölçülü çərçivəsiz 6,4 düymlü ekran, yuxarı və aşağı hissədə iki səsgücləndirici ilə təchiz ediləcəyi bildirilib. Qurğunun aşağı tərəfində iki “USB-C” çıxışı, qulaqcıq üçün 3,5 mm-lik çıxış, eləcə də “S-Pen” qələmi üçün slot quraşdırılıb. Aparatın yuxarı hissəsində SİM kart və yaddaş kartı üçün çıxışın quraşdırılması gözlənilir. Qeyd edək ki, “Samsung” şirkəti öz-özünə alovlanmasına görə satışdan çıxarılan “Galaxy Note 7” smartfonlarının satışının bərpası ilə bağlı qərar qəbul edib. Bərpa olunan qurğu orijinal modeldə quraşdırılan 3500 milliamper/saat tutumlu batareya əvəzinə 3200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

25

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register