Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” şirkəti Kaliforniya ştatında sürücüsüz avtomobil texnologiyasını inkişaf etdirmək üçün icazə alıb. Bu barədə Kalifornuya Motorlu Avtomobil İdarəsi məlumat yayıb. Bununla ştatın ictimai nəqliyyatında sürücüsüz avtomobillərin test edilməsinə razılıq almış olub. Kaliforniya ştatında sürücüsüz avtomobil texnologiyasını inkişaf etdirmək üçün avtomobil nəhənglərindən “Volkswagen”, “Mercedes-Benz”, BMW, “General Motors”, “Ford”, “Nissan” və “Honda”nın icazələri artıq var.

1

WhatsApp-dan hamının səbirsizliklə gözlədiyi yenilik. Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi WhatsApp mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir. Smartfon istifadəçisi əksər insanların istifadə etdiyi platforma səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir. WhatsApp-ın ilk əvvəl tətbiq etdiyi “göndərilən mesajı ləğv etmə” xüsusiyyəti səhvən göndərilmiş mesajın 5 dəqiqə ərzində ləğv edilməsini nəzərdə tuturdu. Ancaq bu yenilik daha bir addım irəli aparılaraq istifadəçilərin səhvən göndərdiyi mesajları zaman məhdudiyyəti olmadan silə bilməsini təmin edəcək. Həmçinin mobil tətbiqlərdən başqa veb versiyada da işləyəcək bu xüsusiyyət göndərilən mesajların iki tərəfli silinməsinə icazə verəcək.

2

”Apple”ın yeni “iPhone 8” smartfonu unikal – görünməz kamera ilə təchiz ediləcək. Kamera cihazın arxa panelində yerləşəcək. Məlum olub ki, “iPhone 8” “Home” sensor düyməli böyük displeyə malik olacaq. Hazırda “Apple” səkkizinci “iPhone”un əsas prototiplərinin sınaqlarını keçirir. Smartfonun displeyin arxasında gizlədilmiş selfi kamerasına da malik olacağı bildirilir. Şirkət hələ ki “iPhone 8”in texniki xüsusiyyətləri barədə məlumat vermir. Hələlik ancaq o dəqiqdir ki, iOS əməliyyat sisteminin yenilənmiş versiyası smartfonla birlikdə təqdim ediləcək.

3

Dünya rekordu üçün “ən uzun selfi çubuqu” ilə çəkilən şəkil Dubayda çəkilib. Rekord ITP Live şirkəti tərəfindən yenilənib. Şirkət şəkili 16,6 metr uzunluğunda selfi çubuğu vasitəsilə çəkib. Əvvəlki rekord iki italyan blogerə aid olub. Hansı ki,onlar 15,57 metr uzunluğunda selfi çubuğundan istifadə etmişdilər. Rekord nəticə Ginnesin Rekordlar Kitabının nümayəndəsinin iştirakı ilə qeydə alınıb.

4

“Chromium” əsasında işləyən “Chrome” və başqa brauzerlərdə istifadə edilən “V8 JavaScript” mühərrikinin hazırlanmasına məsuliyyət daşıyan komanda ötənilki nailiyyətini paylaşıb. İstehsalçılar “Google” tərəfindən “JavaScript” mühərrikinin məhsuldarlığını ölçmək üçün yaradılmış “Octane” məhsuldarlıq testində bir sıra testlər keçiriblər. Amma “Octane” məhsuldarlıq testi brauzerin real şəraitdəki davranışını əks etdirmir. Buna görə “V8” mühərrikinin tərtibatçılar komandası onu “Facebook”, “Reddit”, “Twitter” və “Wikipedia” kimi məşhur saytlarda yoxlamaq qərarına gəlib. Tərtibatçılar “JavaScript” mühərrikinin real məhsuldarlığını ölçmək üçün yeni “Speedometer” adlı məhsuldarlıq testi yaradıblar. Yeni testin nəticəsinə görə, tipik veb-səhifələrin yüklənmə sürəti skriptlərin işə düşməsindən asılıdır. Buna görə son ildə optimallaşdırma üzrə aparılmış işlər prosessorun arxitekturasından asılı olaraq, saytların yüklənmə vaxtının 10-20 faiz artmasına səbəb olub.

5

Çində nəqliyyat vasitələrində yüksəksürətli internetin təmini üçün “SJ-1” ailəsinə aid ilk müasir telekommunikasiya peyki buraxılıb. Yerətrafı orbitə buraxılan peyk Çin əhalisinin, o cümlədən nəqliyyat sərnişinlərinin simsiz yüksəksürətli internetlə təmini məqsədilə mövcud geostasionar orbitdə on beş il müddətində dövr edəcək. Qeyd olunur ki, Çin Kosmik Elmlər və Sənaye Birliyi orbitə bütün dünyada genişzolaqlı internetdən istifadənin təmininə imkan verəcək 156 kiçik peyk buraxmağı planlaşdırdığını bəyan edib.

6

Belçikanın “Miam Factory” şirkəti üçölçülü (3D) printerdə istehsal olunan şokoladların buraxılışına başlayıb. Şokolad fiqurları bir dəfə aparatdan keçməklə 0,2 millimetr ölçüsündə laylar şəklində hazırlanır. şokolad şirniyyatlarının “3D” printerdə istehsal texnologiyasını qida sənayesi sahəsində müxtəlif innovasiyalara imza atan Lej Universitetinin mütəxəssisləri kəşf ediblər. “3D” qənnadıçılar xüsusi sifariş əsasında konfetlər üzərində oymalar, yazılar və ya xüsusi formalı konfetlər istehsal edə bilirlər. Məsələn, Pasxa bayramı münasibətilə pivə şüşələri şəklində şokoladlar buraxılıb. İstehsal prosesinin müddəti şokoladın fiqurundan asılı olaraq 10 dəqiqə və 3 saat arasında dəyişir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, şirniyyat hazır olandan dərhal sonra istifadəyə yararlı hesab edilir.

7

“TrendForce” analitik şirkəti cari ilin birinci rübündə dünyada 307 milyon smartfon buraxılmasını və bunun əvvəlki rübdən 23 faiz az olmasını açıqlayıb. Hesabat dövründə “Samsung” şirkəti bazarın 26,1 faizinə sahib çıxaraq birinci yeri tutub. Bu, ötən rübdə Cənubi Koreya istehsalçısının payının 18,5 faiz olması nəzərə alınmaqla böyük artım hesab olunur. İkinci yeri tutan “Apple” şirkətinin payı, əksinə, 20,3 faizdən 16,9 faizədək azalıb. Üçüncü yerdə qərarlaşan Çinin “Huawei” istehsalçısının bazar payı dəyişməz (əvvəlki 11,3 faizə nisbətdə 11,4 faiz) qalıb. Sonrakı pillələrdə “Oppo” (8,8 faizdən 8,1 faizədək azalma), “Vivo” (7,1 faizdən 6,2 faizədək azalma), “LG” (5,8 faizdən 4,6 faizədək azalma) şirkətləri yer alıb. Çinin smartfon istehsalçıları arasında isə mütləq lider 24,7 faiz payla “Huawei” şirkətidir, ikinci və üçüncü yerdə müvafiq olaraq “Oppo” (17,6 faiz) və “Vivo” (13,4 faiz) qərarlaşıb.

8

“iOS 11” əməliyyat sisteminin illik yenilənməsi və mobil qurğuların texniki tələblərinə dəyişikliklərə görə əksər “iPhone” istifadəçiləri onu quraşdırmaq imkanından məhrum olacaq. Bununla əlaqədar olaraq “Apple” şirkəti köhnəlmiş qurğuların dəstəklənməsini dayandıracaq, “iPhone” smartfonlarının çoxu yalnız “iOS 10” sistemini dəstəkləyəcək. Mütəxəssislərin məlumatına görə, əməliyyat sisteminin yeni versiyası müasir, daha təkmil qurğular üçün nəzərdə tutulub. Otuz iki giqabaytlıq qurğuların dəstəklənməsi yenilənmiş “iOS” sistemində də istisna edilməyən səhvlərə səbəb ola bilər. Yenilənmiş proqram təminatı əldə etmək istəyən istifadəçilərə “Apple” şirkətinin “iOS 11” sisteminə uyğunlaşdırılan yeni smartfon modellərini almaq tövsiyə olunur.

9

“VKontakte” sosial şəbəkəsi bütün istifadəçilər və qruplar üçün canlı yayım funksiyasını işə salıb. Videotranslyasiyanı kompüter, noutbuk və xüsusi avadanlıqların köməyi ilə işə salmaq olar. “VKontakte” canlı yayımı işə salmaqla bağlı təlimat da hazırlayıb.

10

Ötən il “Microsoft”, “Google”, “Opera” və “Mozilla” şirkətləri arasında hansı brauzerin daha az enerji sərf etməsi ilə bağlı mübahisə olmuşdu. Hər bir şirkət öz proqram təminatının üstün olmasını iddia edirdi, amma “PCWorld” resursunun müstəqil ekspertləri tərəfindən keçirilmiş test nəticəsində məlum olub ki, “Microsoft Edge” brauzeri “Windows” əməliyyat sistemi üçün ən enerji səmərəli brauzerdir. “Microsoft” şirkəti “Windows 10 Creators Update” yenilənməsinin çıxarılmasından sonra brauzerlərin enerji səmərəliliyi üzrə daha bir test keçirməyə qərar verib. Test üçün “Intel HD Graphics 520” daxili qrafik kartına və 8 QB əməli yaddaşa malik, 2,4 QHs takt tezliyində işləyən “Intel Core i5-6300U” prosessoru ilə təchiz edilmiş “Surface Book” noutbuku istifadə edilib. Üç belə noutbukda “Microsoft”, “Google” və “Mozilla” şirkətlərinə məxsus brauzerlərin son versiyaları işə salınıb. Hər üç brauzerdə “Vimeo” resursundakı eyni video açılıb və batareyanın şarjının qurtarmasına kimi davam edib. Bu halda səs, bildirişlər, “Bluetooth” və olduğun yerin təyini deaktiv edilib, parlaqlıq 75% təyin edilib. Sınaq nəticəsində “Firefox” brauzeri işə salınmış noutbuk 7 saat 4 dəqiqə, “Chrome” ilə olan noutbuk  9 saat 17 dəqiqə, “Edge” ilə olan noutbuk isə 12 saat 31 dəqiqə işləyib. Beləliklə, “Edge” brauzeri “Chrome” ilə müqayisədə 35% daha az enerji sərf edir.

11

“Qualcomm” şirkəti məhkəmənin qərarı ilə “BlackBerry”yə 815 milyon dollar təzminat ödəyəcək. Bununla əlaqədar Kanada şirkətinin səhmləri 15 faiz bahalaşıb. 2010-2015-ci illər ərzində “BlackBerry” mütəmadi olaraq patentlərin lisenziyalaşdırılması üçün “Qualcomm” şirkətinə ödəniş edib. Bununla bağlı ABŞ-ın Federal Ticarət Komissiyası Kanada şirkətinə qarşı iddia qaldırıb. Komissiya hesab edib ki, “BlackBerry”nin ödənişləri həddindən artıq çoxdur. Məhkəmənin qərarı ilə “Qualcomm” bu şirkətə 815 milyon dollar ödəyəcək. Mayın 30-dan sonra isə mütəxəssislər vəkillərə ödənilən qonorar və faizlərin də həcmini müəyyən edəcəklər. Bunun ABŞ şirkətinin dəyərinə necə təsir edəcəyi məlum deyil. Ancaq bununla belə, kanadalılar artıq öz kapitalını genişləndirə bilib.

12

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register