Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” yeni nəsil kamerasını təqdim etdi. ABŞ-ın “Facebook” korporasiyası rəsmi olaraq özünün 360 dərəcəli “Surround 360” ikinci nəsil kameralarının istifadəyə verildiyini bəyan edib. Təqdimat F8 konfransının gedişində baş tutub. Bildirilir ki, yenilik kütləvi satış üçün nəzərdə tutulub. Məlum olub ki, alıcılar üçün cihazın iki versiyası – 6 və 24 kameralı cihazlar əlçatan olacaq. Cihazlar 8K genişlənməsi olan videolar çəkməyə icazə verəcək. Sonradan çəkilmiş videolara əlavələr edib onları tam olaraq VR fəzaya çevirmək mümkün olacaq. Həmçinin digər redaktorların köməyi ilə videolara redaktə etmək imkanları da olacaq. Qeyd edək ki, “Surround 360” satışlarına 2017-ci ilin sonunda start veriləcək.

1

“Facebook” eşitmə problemi olanlara dəri ilə “eşitməyi” öyrədəcək. “Facebook”un bölmələrindən biri eşitmə qabiliyyətindən məhrum olan insanlara səsləri dərinin köməyi ilə tanımağa imkan verəcək. Bu barədə “TechCrunch” məlumat yayıb. Yeniliklər bölməsinin rəhbəri Regina Duqanın sözlərinə görə, mütəxəssislər cihaz və proqram həlləri üzərində çalışırlar. Bu cihaz və proqramların yardımı ilə insanları əhatə edən səslərin titrəşimə çevirəcək, bu titrəşimləri isə dəri vasitəsilə “oxumaq” mümkün olacaq. Cihazın yaratdığı müəyyən tezliklər eşitmə orqanlarının yardımı olmadan beyin tərəfindən qəbul ediləcək. Duqan bunu qulaqda olan ilbiz ilə müqayisə edib. Onun fikrincə, bu qəbildən olan texnologiyaları Brayl şriftinin tətbiqi ilə müqayisə etmək olar. İlkin kütləvi nümayiş zamanı cihaz 10 sözü impulsa çevirə bilib. Təcrübədə iştirak edən şəxs nümayiş etdirilən bütün sözləri eşidə bilib.

2

“Facebook”da materiallardan şikayət proseduru sadələşdirilir. “Facebook” şirkəti eyniadlı sosial şəbəkədə yerləşdirilən materiallar və nəşrlərdən şikayət prosedurunu sadələşdirmək niyyətindədir. Bu barədə şirkətin qlobal əməliyyatlar üzrə vitse-prezidenti Castin Osofski bəyanat yayıb. Onun sözlərinə görə, buna səbəb ABŞ-ın Klivlend şəhərində sevgilisi ilə dalaşan 37 yaşlı Stefen Stevensin 74 yaşlı kişini “Facebook”un canlı yayımında qətlə yetirməsidir. Bu hadisədən sonra “Facebook” rəhbərliyi standartlardan kənar video və materiallardan şikayət etmək imkanını sadələşdirməyi qərara alıb. Hazırda şirkətin mütəxəssisləri bu istiqamətdə çalışırlar.

3

Almaniyanın “Audi” şirkəti Şanxayda keçirilən sərgidə yolsuzluq avtomobili olan yeni elektromobilini təqdim edib. “Audi”nin “e-tron Sportback” elektromobilinin “Tesla”nın “Model X 100D” modelinə ciddi rəqib olacağı gözlənilir. O, bir dəfə enerji ilə doldurulduqdan sonra 450 km yol gedə biləcək. 80% enerjini yarım saata toplayan “e-tron Sportback”ın maksimal sürəti saatda 210 km olacaq, 100 km/saat sürəti isə 4,5 saniyəyə toplayacaq.

4

“Facebook” şirkəti bildirib ki, yaxın zamanlarda sosial şəbəkədə musiqi xidmətləri yaradılacaq. “Facebook” şirkətinin əməkdaşları tərtibatçıların konfransında bildiriblər ki, sosial şəbəkədə musiqi xidmətlərinin tətbiq edilməsi üzərində çalışırlar. Xidmətlərin işə başlayacağı dəqiq tarixlər məlum deyil. “Facebook”da quraşdırılacaq ilk musiqi xidmətinin tərtibatçılar “Spotify” olacağını qeyd ediblər. Əlavədə istifadəçinin konkret həvəsinə uyğun kompozisiyaları seçmək imkanı yaradılacaq. Bundan sonra isə sosial şəbəkəyə “Apple Music” xidməti tətbiq ediləcək. “Facebook” istifadəçiləri indi də dostları üçün musiqi paylaşa bilirlər. Ancaq sosial şəbəkədə trekləri digər saytlara keçid etdikdən sonra dinləmək mümkün olur.

5

“Google” şirkəti özünün “Chrome” brauzerinə reklamların blok olunması funksiyasını əlavə edəcək. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Yeni funksiya 2 iş rejiminə malik olacaq. O, həm ekrana avtomatik çıxan reklam “pəncərələrini” və videolarını, digər zəhlətökən reklamları, eləcə də saytlardakı bu tip reklamlarla bağlı bütün elanları blok edə biləcək. “Google” yeni funksiyanı həm destkop, həm də mobil versiya üçün əlçatan etməyə hazırlaşır. İlk baxışdan yeni funksiya “Google” üçün sərfəli görünmür, çünki şirkətin əsas gəlir mənbəyi məhz reklamlardır. Lakin şirkətdən bildiriblıər ki, bu, müdafiə xarakterli addımdır. Belə ki, hazırda online reklamların blok olunması xidmətləri sürətlə yayılır. Bəzi qiymətləndirmələrə görə, ABŞ-da istifadəçilərin 26%-i blok xidmətlərindən yararlanır. Öz brauzerində bu cür funksiya yaratmaqla “Google” əslində blok xidmətlərindən istifadənin artmasının qarşısını almaq məqsədi güdür. Yeni funksiyanın bir neçə həftə ərzində istifadəyə veriləcəyi gözlənilir.

6

İnternetdə ABŞ-ın “Apple” korporasiyasının inşaatı başa çatmaqda olan ofis kompleksinin yeni görüntüləri yayılıb. Video “YouTube”dakı “Duncan Sinfield” kanalında yerləşdirilib. “Apple Campus 2”də tikinti demək olar ki, sona yetib. Binanın perimetri üzrə şüşə panellərin, eləcə də binanın damında günəş panellərinin quraşdırılması yekunlaşıb. Hazırda binanın içərisində işlər davam edir, mebellər yerləşdirilir. Paralel olaraq ofis kompleksinin çevrəsində abadlaşdırma işləri aparılır. Qeyd edək ki, nəhəng ofis Kaliforniyanın San Xose şəhərində tikilib. Yaxın aylarda kampusun açılışı gözlənilir.

“Yahoo” şirkəti 2017-ci maliyyə ilinin martın 31-də yekunlaşan birinci rübünün hesabatını dərc edib. şirkətin gəlirləri bir ildə 1 milyard dollardan 1,33 milyard dollara qədər artıb. Bununla belə, “Yahoo”nun bütün fəaliyyət istiqamətlərinin hər biri daha əvvəlki ilə nisbətdə daha yaxşı gəlir əldə edib. Şirkətin 99 milyon dollar həcmində gəliri həmin həcmdə olan xalis itkilərini əvəzləyib. Rübün sonuna qədər “Yahoo” 8,021 milyard dollar həcmində pul vəsaitinə və onların ekvivalentinə malik idi. Bundan əvvəlki rübün sonunda bu rəqəm 7,91 milyard dollara bərabər idi. “Yahoo”nun “Verizon” şirkəti tərəfindən əldə edilməsi ilə bağlı razılaşma iyun ayında yekunlaşmalıdır.

7

“Nokia”nın məşhur 3310 modelinin yenilənmiş versiyası may ayında satışa çıxarılacaq. Böyük Britaniyada yeni modelin qiyməti 49 avro olacaq. Yeni “Nokia 3310”-un 2 meqapiksel ölçülü kamerası və enerji doldurulmadan 3 həftə işləyə biləcək akkumulyatoru olacaq. Telefonun paneli qırmızı, sarı, qara və boz rənglərdə olacaq. Artıq bu modelə 3 mindən çox sifariş qəbul olunub.

8

Naqilsiz qulaqcıq istehsalçısı “Bose” şirkəti qalmaqalla üzləşib. Məlum olub ki, cihaz öz sahiblərini izləməyi bacarırmış. Belə ki, məlumatlar cihazdan maraqlı olan şəxslərə ötürülə bilər. Belə bir bəyanatı Kayl Zak adlı istifadəçi səsləndirib. O iddia edir ki, “Bose” şirkətinin istehsalı olan “QuietComfort 35” qulaqcıqları istifadəçilərin dinlədiyi musiqilər barədə məlumatları toplayır. Sonradan isə bu məlumatlar kommersiya məqsədləri ilə istifadə olunur. Mütəxəssislərin sözlərinə görə, istifadəçilərin seçimi olan musiqilər barədə məlumatları “Bose Connect” proqramı ötürür. Məlumatlar “Segment.io” xidmətində toplanır və oradan reklam şirkətlərinə verilir. Öz növbəsində “Bose Corp.” şirkətinin nümayəndələri bu iddialarla bağlı hər hansı şərh verməkdən imtina ediblər.

9

“Qualcomm” şirkəti 2017-ci maliyyə ilinin ikinci rübünün hesabatını dərc edib. Şirkət üçün hesabat dövrü martın 26-da yekunlaşıb. Üç ay ərzində “Qualcomm”un gəlirləri 5 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur. Əvvəlki rüblə müqayisədə isə şirkətin gəlirləri 16 faiz az olub. Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 0,7 milyard dollar təşkil edib. Bu, bir il əvvəlki dövrdən 48 faiz az, əvvəlki rübün göstəriciləri ilə müqayisədə isə 6 faiz aşağıdır. Şirkətin xalis mənfəəti 0,7 milyard dollar olub ki, bu da bir il əvvəlki göstəricilərdən 36 faiz az, əvvəlki rübün göstəricilərindən 10 faiz çoxdur. Hesabat müəllifləri bildirirlər ki, məhkəmə qərarı ilə “BlackBerry” şirkətinə 974 milyon dollar həcmində ödəniş edilməsi nəticələrə öz təsirini göstərib.

10

“Facebook” hər kəsi şifrə unutma dərdindən xilas edəcək. Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” ilə başqa saytlara və tətbiqetmələrə giriş daha da asanlaşır. “Facebook” ilə daxil ol” (Facebook Login) funksiyasına edilən yeniliklər nəticəsində şifrə unutma problemi köklü şəkildə həll edilir. “Facebook” bunun üçün fərqli platformalara texniki imkan yaradıb. Şirkətin dünən yaydığı rəsmi məlumatda qeyd edilir ki, artıq digər platformaların “Facebook Login”-dən istifadəsi üçün lazımi hazırlıq işləri bitib. Şirkət həmçinin “F8” konfransında bu xüsusiyyətin test versiyasını təqdim edib. Qeyd edək ki, bir çox tətbiqetmələrdə iki mərhələli şifrələmədən istifadə edilir və şifrə daxil olunduqdan sonra mobil telefonunuza yaxud digər məxsusi qurğunuza təsdiqləmə kodu gəlir. Əgər hansısa səbəbdən təsdiqləmə kodunu ala bilməsəniz “Facebook Login” sizin qurtarıcınız olacaq.

11

Gümüşdən kosmik “4D” parça yaradılıb. ABŞ Kosmik Agentliyinin (NASA) mühəndisləri dördölçülü (4D) texnologiya vasitəsilə gümüş və digər möhkəm materiallardan toxunan xüsusi parça yaradıblar. Material stansiyaları radiasiyadan qorumağa, eləcə də elastik antenaların yığılması məsələsində irəliləyişə nail olmağa kömək edəcək. Bu barədə agentliyin məlumatında deyilir. Agentliyin reaktiv hərəkət laboratoriyasının (Jet Propulsion Laboratory) alimləri “4D” çapının köməyi ilə gələcək parçanın bütün struktur və konfiqurasiyasını yarada biliblər. Hər şeyin materialın hazırlandığı funksiyalardan asılı olması bildirilir. ABŞ alimlərinin texnologiyası dəmir geyimə oxşasa da, bütün işlər lazımi materialı lay-lay yaradan “4D” çap printerində aparılır. Ekspertlərin sözlərinə görə, bu, modelləşdirmə prosesini sadələşdirir. Əldə olunan parçanı sıxmaq, dartmaq, əymək və dəfələrlə düzəltmək olar – material özündə parça və metalların xüsusiyyətlərini birləşdirib. Yaxın vaxtlarda Beynəlxalq Kosmik Stansiyada nümunənin sınaqlarına başlamaq nəzərdə tutulur. Eyni zamanda gümüş parçanın kosmosda mümkün çapı üzrə eksperiment aparılması planlaşdırılır.

12

İçməli suyu təhlükəli viruslardan təmizləyən filtr hazırlanıb. İsrailin Ben-Qurion və ABŞ-ın İllinoys universitetlərinin tədqiqatçıları şəhər axar sularını insan üçün təhlükəli viruslardan təmizləyə bilən polimer membranı sintezləşdirməyə nail olublar. Əvvəlki tədqiqatlardan məlum olub ki, ABŞ-da içməli suda az sayda adenovirus və noroviruslar aşkarlanıb. Alimlərin sözlərinə görə, şəhər axar sularının patogen viruslardan tam təmizlənməməsi insanların sağlamlığı üçün ciddi problemlər törədir. Məlumata görə, noroviruslar insanlarda viruslu qastroenterit əmələ gətirən birinci səbəbdir. Viruslar yoluxmuş su ilə insana asanlıqla keçərək diarreya və qusmaya səbəb olur. İnsan adenovirusları geniş spektr xəstəliklərə, o cümlədən kəskin respirator virus infeksiyaları (KRVİ), pnevmoniya, konyunktivit, sistit, eləcə də sinir sistemi xəstəliklərinə gətirib çıxara bilər. Alimlər işlərində təmizləmə filtrləri üçün xüsusi gel örtük hazırlayıblar. Yeni svitterion polimer hidrogel virusları qovaraq onlara filtrin içindən keçməyə imkan vermir. Svitterion polimerin tərkibində həm müsbət, həm də mənfi maddələrin olması deməkdir. Hidrogel suyun MS2 bakteriofaqı və HAdV-2 adenovirusundan təmizlənməsi zamanı səmərəlilik nümayiş etdirib.

13

“Microsoft” şirkəti “Exchange Server 2007” platformasının dəstəyini dayandırır. “Microsoft” şirkəti 11 aprel 2017-ci il tarixindən etibarən sözügedən platforma üçün təhlükəsizlik yeniləmələri buraxmayacaq, həmçinin texniki məsləhətlərin verilməsini dayandıracaq. Proqram nəhəngi indiyədək “Exchange Server 2007” platformasından istifadə edən şirkətlərə korporativ İT infrastrukturunun təhlükəsizliyini təmin etmək məqsədilə “Office 365” paketi çərçivəsində birbaşa, mərhələli və ya hibrid miqrasiya metodu vasitəsilə “Exchange Online”a keçməyi və ya yeni “Exchange Server 2016” versiyasından istifadəni tövsiyə edir. “Microsoft”un rəsmisi xatırladır ki, “Exchange Server” platformasının əsas və genişləndirilmiş dəstəyinin müddəti 10 ildir.

14

Tayvanın “HTC” şirkəti orta səviyyəli “One X10” smartfonunu təqdim edib. Yeni aparat tamamilə metaldan hazırlanmış korpusa malikdir və kifayət qədər yüksək tutumlu akkumulyatorla təchiz edilib. “HTC One X10” smartfonu 1920×1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 2 QHs-dək takt tezlikli səkkiznüvəli “MediaTek Helio P10” prosessoru, 700 MHs takt tezlikli “ARM Mali-T860” qrafik sürətləndirici ilə təchiz edilib. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 3 və 32 QB təşkil edir. Həmçinin fləş daşıyıcılar üçün “microSD” slotu nəzərdə tutulub. Smartfonun əsas kamerası 16 meqapiksel təsvir ölçüsünə, LED işıqlandırıcı və “Full HD” formatında videoçarxlar çəkmək funksiyasına malikdir. Videozənglər və “selfi” üçün nəzərdə tutulmuş ön kamera 8 meqapiksellik “BSI” sensorla təchiz edilib. Qurğu aşağıdakı simsiz kommunikasiya vasitələrini dəstəkləyir: “LTE” (300 Mbit/s), “Wi-Fi 802.11a/b/g/n”, “Bluetooth 4.0” və “GPS”. Aparatın arxa tərəfində barmaq izi skaneri quraşdırılıb. Smartfonun ölçüsü 152,9×75, 6×8,23 mm, çəkisi 175 qr-dır. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edən qurğu “Android” mobil əməliyyat sistemi ilə işləyir.

15

Mütəxəssislər “GPS” vasitəsilə real vaxt rejimində izlənilə bilən “E-Case” adlı “ağıllı” çamadan yaradıblar. “Ağıllı” çamadanın yaradılmasına səbəb səyahətlər zamanı hazırda müasir dünyada böyük problemə çevrilən əşyaların itirilməsi olub. Məlumata görə, qiyməti 250 dollar təşkil edən yeni qurğu alıcılara üç müxtəlif ölçüdə və beş rəng çalarında təklif olunur. Bazarda “ağıllı” məhsullar mövcud olsa da, onlar istifadəçiləri yalnız baqaj itəndən sonra məlumatlandırırlar. “E-Case” çamadanının qlobal “GPS” sistemi ilə təchiz olunması sayəsində baqajı smartfonda real vaxt rejimində izləmək mümkün olur. “E-Case”, həmçinin əlavə təhlükəsizlik üçün “Bluetooth” ilə təkmilləşdirilmiş rəqəmli bloklama və barmaq izi skaneri ilə təchiz edilib. Bundan başqa, qurğunu mətnli bildiriş vasitəsilə məsafədən blokdan çıxarmaq olar.

16

“Apple” şirkəti sürücüsüz avtomobillər üçün proqram platforması hazırlayaraq ABŞ hakimiyyətindən onların yollarda sınaqları üçün icazə alıb. ABŞ Dövlət Avtomobil Nəqliyyatı Departamenti “Apple” şirkəti tərəfindən 2015-ci ildə buraxılan “Lexus RX540h” markalı özüidarəolunan avtomobillərin sınaqlarının keçirilməsini təsdiq edib. Analoji icazələri, həmçinin “Volkswagen”, “Mercedes-Benz”, “Google”, “Tesla”, “Nissan”, “BMW”, “Honda”, “Ford” və “Bosch” şirkətləri alıb. Məlumata görə, şirkətin avtomobil hazırlaması ilə bağlı şayiələr 2014-cü ildə yayılmağa başlayıb. Lakin 2016-cı ilin oktyabrında “Bloomberg” agentliyi şirkətin avtomobil yaratmaq fikrindən daşınaraq avtomobil nəqliyyatının avtonom idarəetməsi üçün proqram platformaları üzərində çalışacağı barədə məlumat verib. 2016-cı ilin dekabrında “Apple” ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Milli İdarəsinə (NHTSA) avtopilotlu maşınlar üçün qayda və məhdudiyyətlərlə bağlı mövzuda məktub ünvanlayıb. Məktubda şirkət rəsmən maşınlar üçün avtomatik idarəetmə sisteminin yaradılması üzərində işləməsini təsdiq edərək oxşar avadanlıq istehsalçılarını səyləri birləşdirməyə və qazanılan təcrübəni bölüşməyə çağırıb.

17

ABŞ-ın “Verizon” telekommunikasiya şirkəti “4G” standartlı rabitə avadanlığı ilə təchiz edilən pilotsuz uçan aparatın uğurlu sınağını keçirib. Perspektivdə belə uçan aparatlardan təbii fəlakətlərdən ziyan çəkən yerlərdə rabitənin bərpası üçün uçan mobil rabitə stansiyaları kimi istifadə planlaşdırılır. “RS-20” pilotsuz uçan aparatının uğurlu sınaq uçuşları 914 metr hündürlükdə aparılıb. Aparatın qanadlarının uzunluğu 5,2 metr, maksimal uçuş çəkisi 24,9 kq təşkil edir. Buraxılışı üçün pnevmatik katapultdan istifadə olunan “RS-20” havada 16 saat qalmaqla 6,7 km hündürlüyə qalxıb. Məlumata görə, bu ilin mayında “Verizon” pilotsuz uçan aparatı xilasetmə xidmətlərinin genişmiqyaslı təlimləri zamanı sınaqdan keçirmək niyyətindədir. Təlimlər zamanı təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması taktikası məşq ediləcək. Qeyd edək ki, oxşar sınaqları bu ilin fevralında ABŞ-ın “AT&T” rabitə operatoru keçirib. Şirkət təbii fəlakətlərdən ziyan çəkən yerlər üçün uçan mobil rabitə stansiyası qismində bənd edilən “Flying COW” (Flying Cell on Wings) adlanan drondan istifadə etmək niyyətindədir. Aparat 104 kvadrat km. ərazidə dayanıqlı rabitəni təmin edə bilən “LTE” (4G) standartlı siqnalın ötürülməsi və qəbulu avadanlığı ilə təchiz edilib.

18

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register