Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Kosmos üçün ən böyük təyyarə hazırlanır. Ilk uçuşun 2018-ci ildə həyata keçirilməsi planlaşdırılır. Lakin təyyarə xidmət üçün 2020-ci ildə istifadəyə verilcək. Qanadının uzunluğu 117 metr olan təyyarə 6 ədəd “Boeing 747” mühərrikindən güc alacaq. “Stratolaunch Carrier” adı verilən təyyarə kosmosa yük daşıyaraq yüksək hündürlükdən orbitin içinə peyk buraxacaq. Təyyarə 226 ton ağırlığında yük daşıya biləcək.
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi WhatsApp İOS platformalı telefonlar üçün yenilik edib. 88 Mb-lıq 2.16.10 seriyalı yenilik İOS 10-un funksiyalarından daha yaxşı yararlanmaq üçün istifadəyə verilib. Yenilik sayəsində artıq Siri ilə WhatsApp-ı da əlaqələndirmək olacaq. Belə ki, Siri sizə səsli olaraq WhatsApp mesajınızı oxuyacaq və sizin dediklərinizi mesaj olaraq göndərəcək.
“Facebook” sosial şəbəkəsində virtual reallıq sistemi tətbiq olunub .Yeni sistemə əsasən, eyni zamanda, bir nəfərdən çox dostla ünsiyyət qurmaq və əylənməyə imkan yaradan “Spaces” xidməti istifadəyə verilib. Bu xidmət hələ ki, beta-versiyada və yalnız “Oculus Rift” şlemi və “Oculus Touch” kontrolleri istifadə olunduqda işləyir. Bu xidmət hər bir istifadəçiyə məzəli cizgi film personajı şəklində öz 3D-avataranı yaratmağa imkan verir. Burada istifadəçilər dostları ilə ünsiyyət qura, “Facebook Messenger” vasitəsilə tanışlarına zəng edə, musiqi dinləyə, müxtəlif obyektlərin rəsmini çəkə, panoram filmlərinə baxa, hətta virtual selfi-çubuğun köməyi ilə şəkillər çəkə bilərlər. “Spaces” yaradıcıları bildiriblər ki, hazırda xidmətdə planlaşdırılmış imkanların yalnız bir faizi reallaşdırılıb.
“Facebook” şirkəti F8 konfransında bəyan edib ki, “Tether-tenna” layihəsinə başlanmaq haqqında qərar qəbul edib. Layihə planetin hər bir sakininin “Facebook” sosial şəbəkəsinə girişini təmin etmək istəyindən yaranıb. İnternetə çıxışı asanlaşdıran qurğu kiçik vertolyotdan ibarətdir. Vertolyot internetə qoşulacaq və bortunda enerji mənbəyi quraşdırılacaq. Fövqəladə hallar və işlək şəbəkənin zədələnməsi vaxtı vertolyot fiber-optik kabelə qoşulacaq və azca hündürlüyə qalxaraq bir növ antena rolunu oynayacaq. “Tether-tenna” layihəsinin sınaqları hələ keçirilməsə də, “Facebook” şirkətinin nümayəndələri bildiriblər ki, sistemin işə salınmasına bir neçə ay kifayətdir.
Slovakiyanın “AeroMobil” şirkəti Monakoda keçirilən sərgidə özünün uçan avtomobilini təqdim edib. Avtomobil üçün artıq ilkin sifarişlərin qəbuluna başlanıb. Uçan avtomobilin dəyəri 1 milyon dollardan artıqdır və 2020-ci ildən etibarən alıcıların istifadəsinə veriləcək. Hibrid mühərriklə təchiz olunmuş maşını həm yerdə, həm də göydə sürmək mümkün olacaq. Yerdə maksimal sürəti 160 km/saat, maksimal gedişi 700 km olacaq. Göydə isə bu göstəricilər müvafiq olaraq 360 km/saat və 750 km olacaq. Avtomobili uçuş rejiminə keçirmək üçün 3 dəqiqə lazım gələcək. Nəqliyyat vasitəsi həm avtomobil, həm də uçan aparat kimi qeydiyyatdan keçəcək. Bu isə o deməkdir ki, onu idarə edən şəxsin həm sürücülük vəsiqəsi, həm də pilot lisenziyası olmalıdır.
“Yandeks” korporasiyası istifadəçilərin uşaq mütəxəssisi və ya pediatrla onlayn rejimdə məsləhətləşə biləcəyi yeni layihəsini işə salıb. Hələlik əlavə test rejimində çalışır. 24 saat ərzində internet doktor video əlaqə ilə qəbul keçirəcək və ya çat vasitəsilə məsləhətlərini verə biləcək. Belə xidmət 499 rubla və ya 15 manata başa gələcək. Tərtibatçıların əsas məqsədi ondan ibarətdir ki, insanlar özünü müalicə etməkdən imtina etsinlər. Çünki bu, bir çox hallarda onların sağlamlığına zərərli təsir göstərir. Əgər problem yaranıbsa, həkimlə dərhal məsləhətləşmə tələb olunursa, “Yandeks” mehribanlıqla onu təmin edəcək. Şirkət nümayəndələri iddia edir ki, mütəxəssislər yüksək təcrübəlidirlər və mütəmadi olaraq yoxlamalardan keçirlər. Artıq onların köməyi ilə arzu edən şəxslər analizləri aydınlaşdıra, yaxud bu və digər xəstəliklərin əlamətlərini öyrənə biləcəklər. Mobil əlavələr vasitəsilə istifadəçilər paytaxtın özəl klinikalarında qəbullara yazıla biləcəklər.
2022-ci ildə əlavə reallıq eynəkləri smartfonu əvəz edə biləcəklər. Bunu “Facebook” şirkətində çalışan “Oculus Research” layihəsinin baş elmi əməkdaşı Maykl Abraş bildirib. M.Abraşın rəhbərliyi ilə tərtib edilən əlavə reallıq eynəkləri xarici dillərdə olan mətnləri ani olaraq tərcümə etməyə, yalnız bir baxışla temperaturu müəyyən etməyə, kənar səsləri “söndürməyə”, həmçinin istifadəçinin yaddaş həcmini artırmağa imkan verəcək. “Discover 24” nəşri yazır ki, virtual reallıq eynəklərindən fərqli olaraq, əlavə reallıq eynəkləri insanı ayrıca dünyaya aparmır, yalnız onun imkanlarını genişləndirir.
Almaniyanın Lilium adlı startapı, şaquli qalxış və enişli elektrikli təyyarəsinin ilk uçuş testini keçirdib. Uzaqdan idarə olunan Lilium Jet adlı təyyarə, havaya vertolyot kimi qalxaraq aerodinamik uçuş rejiminə keçib və şaquli şəkildə yerə eniş edib. Lilium Jet uçuş aparatının ilk uçuş testi Münhendə keçirilib. Test zamanı Lilium Jet, dronlarda və vertolyotlarda olduğu kimi havaya qalxıb və adi təyyarələrdə olduğu kimi qanadlarının qaldırıcı gücü vasitəsilə aerodinamik uçuş rejiminə keçid edib. Sözügedən cihaz, 36 elektromühərrik ilə təchiz olunub və onlar qanadlar boyunca əyilmiş qalxanların alt hissəsində yerləşir. Şaquli uçuş zamanı qalxanlar aşağı doğru əyilir, aerodinamik rejim zamanı isə üfüqi istiqamətə keçirlər. Startap əməkdaşları qeyd ediblər ki, aparatın enerji mənbəyi digər analoqlardan fərqli olaraq 90% daha az enerji sərf edir. 1 km məsafəyə Lilium Jet, elektrikli avtomobilin sərf etdiyi enerjini sərf edir. Lakin fərq ondan ibarətdir ki, Lilium Jet daha sürətlidir. Startap, tıxacların çox olduğu şəhərlərdə 5 nəfərlik elektrik təyyarəsini taksi kimi fəaliyyətə salmağı planlaşdırır. Uçan taksileri xüsusi mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq. Bu zaman sözügedən elektrikli hava taksiləri, şəhərlərdə olan vertolyot sahələrindən qalxacaqlar. Məsələn Nyu York şəhərini misal gətirsək, Manhettendən John Kennedy adına hava limanına bu aparatla yolu qət etmək üçün 5 dəqiqəvaxt lazım olacaq. Gediş haqqı isə 6$ təşkil edəcək. Təhlükəli və gözlənilməz anlarda sərnişinlər paraşütlərdən istifadə edə biləcəklər. Bundan əlavə olaraq pilotun təhlküəli manevrlər etməsini əngəlləyəcək xüsusi sistem də fəaliyyət göstərəcək. Keçən ilin sonunda startap, “Atomico” adlı vençur şirkətindən və digər investorlardan 10 milyon avro investisiya cəlb etmişdi. Bu vəsait, komandanın genişləndirilməsinə və mühəndislər üçün xərclənəcək.
Çərçivəsiz dizaynıyla ötən il böyük səs gətirən Xiaomi Mi Mix-in yenisi Xiaomi Mi Mix 2 haqqında yeni məlumatlar ortaya çıxdı. Telefonun təchizatı canavar kimi olacaq. Ötən il satışa çıxan və xüsusilə çərçivəsiz dizaynıyla böyük maraqa səbəb olan Xiaomi Mi Mix yenilənir. Xiaomi Mi Mix 2 adıyla satışa təqdim ediləcək model, GearBest’də ortaya çıxdı və xüsusilə texniki xüsusiyyətləri ilə bir xeyli diqqət cəlb edicidir. Telefon gücünü Snapdragon 835 prosessorundan alacaq. Digər texniki xüsusiyyətləri isə telefonun versiyasına görə dəyişəcək. Üç fərqli versiyası olacaq olan Mi Mix 2-nin bir modelində 4 GB RAM + 128 GB yaddaş sahəsi, digər bir modelində 6 GB RAM + 128 GB yaddaş sahəsi yer alacaq, ən üst səviyyə modeldə isə 8 GB RAM və 256 GB daxili yaddaş sahəsi təqdim edəcək. 6.4 düym ölçülü ekranda 1440 x 2540 keyfiyyətində AMOLED panel təqdim edəcək olan cihaz, 19 MP ana kamera ilə birlikdə 13 MP-lik selfie kamerası təmin edəcək. Əlavə olaraq MIUI 9 üzərində çalışan Android 7.1 Nougat əməliyyat sisteminin olacağını da qeyd etmək lazımdır. Təbii ki hələlik bütün bu ortaya çıxan məlumatlar bir iddiadan ibarətdir. Telefonun rəsmi təqdimatı nə zaman olacaq və bu məlumatların nə qədərinin öz təsdiqini tapacağını izləyib görəcəyik.
Çinin “Huawei” şirkəti iki yeni planşet kompüterini nümayiş etdirib. 7 və 8 düymlük ekranla təchiz edilmiş “MediaPad T3” planşetləri yaxın gələcəkdə satışa çıxarılacaq. 7 düymlük model “Android 6.0” mobil əməliyyat sistemi ilə işləyən yığcam və ucuz planşetdir. Qurğu 1024×600 nöqtə təsvir ölçülü 7 düymlük “IPS” displey, 1,3 QHs takt tezlikli “MediaTek MT8127” prosessoru, 1 və ya 2 QB əməli yaddaş və 16/32 QB-lıq daşıyıcı ilə təchiz edilib. Bundan başqa planşetdə iki ədəd 2 meqapiksellik kamera, bütün əsas simsiz modullar dəsti mövcuddur və akkumulyator batareyasının tutumu 3100 milliamper/saat təşkil edir. 8 düymlük model 7 düymlük modeldən daha məhsuldar elektron içliyə malikdir. Sözügedən planşet 1,4 QHs takt tezlikli “Qualcomm Snapdragon 425” prosessoru, 1280×800 nöqtə təsvir ölçülü 8 düymlük ekran, 2/3 QB-lıq əməli yaddaş və 16/32 QB-lıq daşıyıcı ilə təchiz edilib. 8 düymlük ekranla təchiz edilmiş “MediaPad T3” modeli, həmçinin 5 və 2 meqapiksellik kameralar və 4800 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. 8 düymlük model “EMUI 5.1” interfeysli “Android 7.0” sistemi ilə işləyir. İstehsalçı hələlik qurğuların satışa çıxarılma tarixini və qiymətini açıqlamayıb.
“Microsoft Authenticator” mobil tətbiqi proqram nəhənginin istənilən xidmətinə şifrsiz daxil olmağa imkan verir. Belə ki, “Microsoft” şirkətinin sözügedən proqramında tənzimlənmələr bölməsindən telefon vasitəsilə autentifikasiya funksiyasını aktivləşdirmək olar. Növbəti dəfə kompüterdən “Microsoft”un hesabına giriş zamanı yalnız istifadəçi adını daxil etmək lazımdır və bundan sonra fərdi kompüterdə girişin təsdiqlənməsi üçün telefona xəbərdarlıq göndəriləcək. Təsdiqetmə düyməsinə sıxdıqdan sonra hesaba giriş həyata keçiriləcək. Xəbərdarlıq hesabı qanunsuz giriş cəhdlərindən qoruyur. “Microsoft Authenticator” mobil tətbiqi, həmçinin giriş üçün ehtiyat variant kimi unikal kod yarada bilər. Əlbəttə ki, ənənəvi giriş sisteminə geri qayıtmaq və autentifikasiya vaxtı yenidən parol daxil etmək olar.
Yaponiyanın “Sharp” şirkəti qabaqcıl “Aquos R” smartfonunu təqdim edib. Sözügedən qurğu yüksək təsvir ölçülü kameralarla təchiz edilib. Yeni aparat 2560 x 1440 piksel təsvir ölçülü 5,3 düymlük “IGZO” displey, “HDR10” texnologiyası, yüksək məhsuldarlıqlı “Qualcomm Snapdragon 835” prosessoru, 4 QB-lıq əməli və 64 QB-lıq daimi yaddaşla təchiz edilib. Çıxarılıb taxılan “microSD” daşıyıcısı mövcuddur. Əsas kamera 22,6 meqapiksellik matrisə və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü 16 meqapikseldir. Telefon metal və şüşədən düzəldilmiş korpusa malikdir. Smartfonun digər özəlliyi “IPx8” standartı üzrə suya qarşı davamlı olmasıdır. Cihazın fiziki ölçüsü 153x74x8,7 mm-dir və “Android 7.1” mobil əməliyyat sistemi ilə işləyir. “Quick Charge 3.0” sürətli enerji doldurma funksiyasını dəstəkləyən akkumulyator batareyasının tutumu 3160 milliamper/saatdır. “Aquos R” modelinin satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.
“MasterCard” ödəniş sistemi Cənubi Afrika Respublikasında sensorlu barmaq izi skanerinə malik ödəniş kartlarını sınaqdan keçirməyə başlayıb. Kart sahibinin şifrlənmiş barmaq izi məlumatları “EMV” çipinə yazılır. Mikrosxemə yalnız kart sahibinə məxsus ikiyədək barmaq izini yazmaq olar. Yeni kartın qalınlığı adi kredit kartı qalınlığındadır. Barmaq izi skaneri yuxarı sağ küncdə yerləşən və istifadəsi ödəniş terminalına daxil ediləndə mümkün olan kiçik düzbucaqlı şəklindədir. Pərakəndə satışla məşğul olanlardan biometrik modulu dəstəkləyən plastik kartların qəbulu üçün yeni avadanlığın alınması tələb edilmir. “MasterCard” kartları cari ilin sonunadək bütün dünyada yaymağı planlaşdırır. Bir çox məsələlərin konkret banklar və müvafiq qanunvericilikdən asılı olmasına görə texnologiyanın əvvəlcə istifadəyə veriləcək ölkələrin siyahısı hələ ki dərc olunmayıb.
“Fujitsu” şirkəti uzun müddətdir korporativ seqment üçün planşet kompüterləri istehsal edir. Buna görə yapon şirkəti öz məhsullarında təhlükəsizliyin təmini üçün olduqca maraqlı həllər tətbiq edir. Məsələn, “Windows 10” sistemi ilə işləyən yeni 10,1 düymlük “ARROWS Tab Q507/P-SP” planşetində “Slide Passport” adlı inqilabi biometrik autentifikasiya funksiyası tətbiq edilib. Sistem istifadəçinin avtorizasiyası üçün onun ovcunun içindəki vena damarının şəklini skan edir. İstifadəçi qurğunu blokdan çıxaran zaman barmaqlarını ekrana aşağıdakı şəkildə göstərildiyi kimi qoymalı və onları lazımi istiqamətdə aparmalıdır. Bu əməliyyatın icrası zamanı sağ çərçivədə yerləşən skaner ovucun içindəki vena damarının şəklini skan edir. Bu planşetin daha bir özəlliyi “IP54” standartı üzrə toz və suya qarşı davamlı olmasıdır. “Fujitsu ARROWS Tab Q507/P-SP” planşeti avqustun əvvəlində 780 dollara satışa çıxarılacaq.
ABŞ-ın “Tesla” və “SpaceX” özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı İlon Mask (Elon Musk) insan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya işləyib hazırlayan “Neuralink” layihəsinə rəhbərlik edəcəyini təsdiqləyib. İ. Mask yaxın 4 il ərzində yeni startapın ilk nəticələr ortaya qoyacağını vəd edib. Qeyd edək ki, “Neuralink” insan beynindəki məlumatları hesablayaraq onları rəqəmli daşıyıcılara yazmağa imkan verən texnologiya hazırlayır. Söhbət insan beyni və maşınların bir növ, simbiozundan gedir. “Neyron krujeva” adlanan texnologiya elektrodların beyinə implantasiyasını nəzərdə tutur. Bununla insanlar hər hansı fiziki alət olmadan birbaşa kompüterə informasiya yükləyə biləcəklər. Eyni zamanda, süni intellekt vasitəsilə beyin aktivliyi artırılacaq. “Neuralink”in rəhbərləri gələcəkdə bu metodun bəzi xəstəlikləri, o cümlədən epilepsiya və iflici müalicə etməyə imkan verəcəyini də düşünürlər. Layihə ilkin mərhələdədir. Artıq yeni şirkətə əməkdaşların cəlb olunmasına başlanıb.
“Bose” qulaqlıqlarının istehsalçısı istifadəçi məlumatlarını qanunsuz toplamaqda ittiham olunur. Belə ki, Kayl Zak “Bose” mobil proqramı vasitəsilə istifadəçilərin izlənməsi faktını aşkar edib. O, “QuietComfort” qulaqlığının sahibidir. “Reuters” nəşrinin məlumatına görə, Kayl Zak “Bose” mobil proqramından istifadə zamanı şəxsi məlumatların kənar serverə gizli ötürülməsini qeydə alıb. Məlum olub ki, mobil tətbiq dinlənilmiş treklər haqda informasiyanı toplayaraq kommersiya məqsədilə üçüncü şəxsə ötürür. “Bose Connect” mobil proqramında hesab açmaq üçün şəxsiyyət vəsiqəsi məlumatlarının daxil edilməsini nəzərə aldıqda bu işin nə qədər təhlükəli olduğu aydın olur.
“Nokia”nın məşhur 3310 modelinin yenilənmiş versiyası may ayında satışa çıxarılacaq. Böyük Britaniyada yeni modelin qiyməti 49 avro olacaq. Yeni “Nokia 3310”-un 2 meqapiksel ölçülü kamerası və enerji doldurulmadan 3 həftə işləyə biləcək akkumulyatoru olacaq. Telefonun paneli qırmızı, sarı, qara və boz rənglərdə olacaq. Artıq bu modelə 3 mindən çox sifariş qəbul olunub.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments