Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
“İphone 8” modelinin ilk fotoları yayıldı. “İphone 8” modelinin prototipinin ilk real fotoları sosial şəbəkədə yayıldı. Telefonun cilalanmış polad şəbəkəsi var və arxa paneli şüşədən hazırlanıb. Yeni modeldə barmaq izini oxuyan skaner yoxdur. Modul ikiqat kamera ilə təchiz edilib. Kameraların obyektivləri bir-birinin üstünə yerləşdirilib. “Touch İD” skaneri yerinə çox güman ki, üz cizgilərini SD skan edən funksiya yerləşdiriləcək. Dizayn cəhətdən yeni model “İphone 4” modelinə bənzəyir. Yeni “İphone 8” modelinin fotolarını “Tvitter” sosial şəbəkəsində Bencamin Geskin paylaşıb.
“Volvo”nun sahibi olan Çinin “Geely” şirkəti İsveç konserninin nüfuzundan istifadə etmək qərarına gəlib. “Geely” “Volvo” brendli elektrokar istehsal edəcək. Çində yığılacaq elektrokarlar xaricdə satılacaq. İlk elektromobillər 2019-cu ildə satışa çıxarılacaq. “Geely” bildirir ki, bu elektrokarlar bir dəfə enerji ilə doldurulduqda, 400 km yol gedə biləcək, qiyməti isə 40 min dollar olacaq. “Volvo” 2025-ci ilədək 1 milyon elektromobil buraxmağı planlaşdırır.
“Apple” şirkəti ətraf mühitin mühafizəsinə dair hesabatını açıqlayıb. Hesabatda köhnə və sınmış “iPhone”ları təkrar emala hazırlayan “Liam” robotunun fəaliyyəti barədə geniş məlumat verilib. “Liam” 29 mikrorobotdan ibarət vahid konveyerdir. “iPhone”un müxtəlif hissələrini toplamaq məqsədilə bu mikrorobotlar 21 “stansiyaya” bölünüb. “Liam” 11 saniyə ərzində “iPhone”u 8 hissəyə bölə bilir. İl ərzində 1,2 milyon ədəd smartfon bu robotun süzgəcindən keçir. “Apple”in sərəncamında cəmi 2 robot-utilizator var. Bunlardan biri Kaliforniyada, digəri isə Niderlanddadır.
Bu ilin üçüncü rübündə Çinin “Xiaomi” şirkətinin yeni məhsulunun satışa çıxarılacağı gözlənilir. Söhbət flaqman cihazından gedir. Şəbəkədə artıq yeni smartfonun bəzi detalları peyda olub. Xatırladaq ki, 2016-cı ilin oktyabr ayında “Xiaomi Mi6” smartfonunun əvvəlki modeli “Xiaomi Mi Mix” modeli ilə eyni gündə təqdim edilib. İstehsalçı isə hətta “Xiaomi Mi Note 2” modelini özünün ən yaxşı tərtibatı elan edib. Təəssüf ki, bu cihaz OLED panellərin istehsalı zamanı yaranan problemlər səbəbindən bütün alıcı əhatəsi üçün əlçatan olmadı. Gözlənilir ki, “Xiaomi Mi Note 3” modeli də özündən əvvəlki model kimi əyilən OLED panellə təchiz ediləcək. Onun əsası kimi yeni “Snapdragon 835” çipsetindən istifadə olunacaq. “Xiaomi”nin flaqmanı barədə heç bir əlavə məlumat yoxdur.
İnsan saçından min dəfə nazik karbon borucuq yaradılıb. ABŞ alimləri insan saçından min dəfə nazik karbon nanoborucuq yaradıblar. Texnologiya bəşəriyyət üçün böyük addım hesab olunur. çox nazik olan nanoborucuqlar misdən təxminən 50 dəfə möhkəmdir. Həmçinin, onlar elektrikkeçirmə qabiliyyətinə malikdir və müxtəlif mexanizmlərdə istifadə oluna bilər. Ümumilikdə nanoborucuqlar elastiklik səviyyəsinə görə müasir analoqlarını xeyli üstələyir. Bununla əlaqədar olaraq yeni yaradılan borucuqdan aviasiya, maşınqayırma, kosmonavtika və digər qabaqcıl texnologiyalarda istifadə mümkündür. Ekspertlər diqqəti əldə olunan kəşfin elektronikadan istifadə üçün xərcləri azaltmağa və materialların möhkəmlik səviyyəsini artırmağa kömək edəcəyinə yönəldiblər. Strukturun möhkəmliyi layihənin həyata keçirilməsi zamanı mühüm amillərdən biridir. Metoddan ilk istifadə bu ilin sonunda gözlənilir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments