Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” korporasiyası pilotsuz avtomobillərin sınaqlarını keçirmək üçün NASA-nın mühəndislərini işə cəlb edib. Bu fakt göstərir ki, “Apple” avtomobil bazarının bu seqmentində rəqiblərindən ciddi şəkildə geri qalır və itirdiklərini bərpa etməyə çalışır. Artıq şirkət NASA-nın 6 mütəxəssisi, o cümlədən və mühəndis və robot texnikləri ilə müqavilə bağladığı haqda ABŞ-ın dövlət orqanlarını məlumatlandırıb.  Aprelin 14-də Kaliforniyanın Nəqliyyat Vasitələri Departamenti “Apple”ın pilotsuz avtomobilləri test etmək hüququ alan şirkətlərin siyahısına daxil edildiyini açıqlayıb. Siyahıda “Volkswagen Group of America”, “Mercedes-Benz”, “Google”, “Tesla”, “Nissan”, BMW, “Honda”, “Ford” kimi məşhur brendlər də var. Martın sonunda NASA özüidarəolunun avtomobil nümunələrinin təkmilləşdirilməsi layihəsinə qoşulduğunu rəsmən elan edib. Məqsəd sürücünün iştirakı olmadan hərəkət edən, yoldakı durumu təhlil etmə qabiliyyətinə malik etibarlı və təhlükəsiz nəqliyyat vasitəsinin işlənib hazırlanmasından gedir. WSJ xəbər verir ki, “Apple” əvvəlcə yarımavtonom avtomobil layihələndirmək istəyib. Tədricən şirkətin planları daha ambisiyalı olub və tam avtonom layihənin hazırlanması qarşıya məqsəd qoyulub. Bu avtomobil sahibini barmaq izlərindən tanımalı və düyməni basmaqla hərəkətə gələrək sərnişinləri təyinat məntəqəsinə müstəqil çatdırmalıdır.

1

Böyük Britaniya sakinləri iki ildən sonra pilotsuz taksilərin xidmətindən istifadə edə biləcəklər. Britaniya hökuməti avtomobillərin pilotsuz idarəedilməsi texnologiyasının işlənməsi ilə məşğul olan konsorsiumun yaradılmasını dəstəkləyib. Büdcədən layihənin reallaşdırılması üçün 12,8 milyon funt sterlinq ayrılıb. Konsorsium işlərini 2019-cu ildə yekunlaşdırmağı vəd edir.

2

ABŞ-ın “Mode Modern” dizayn studiyası “ağıllı yastıq” istehsal edib. Yataq otağını işıqlandırmaq üçün lampa, zəngli saat və fitnes-trekerini özündə birləşdirən smart-yastıq “Sunrise Smart Pillow” adlanır. Sözügedən qeyri-adi yastıq yuxuöncəsi mütaliə, səhər isə sahibini günəş çıxmasından xəbərdar etmək üçün ideal olan daxili işıq diodları ilə təchiz olunub. Bundan əlavə, “Sunrise Smart Pillow” sahibinə rahat yuxu təmin etmək üçün musiqi parçaları və audiokitabları səsləndirmək, eləcə də xüsusi pult vasitəsilə tənzimləndikdən sonra səhər yuxudan oyatmaqda yardımçı olacaq zəngli saat rolunu oynamaq qabiliyyətinə də malikdir. “Smart Pillow” yastıqlarının daha bir maraqlı funksiyası hidroskop, akselerometr və mikrofon vasitəsilə yuxunun izlənməsi, bununla da istifadəçini məhz ətrafdakı hansı səsin oyatmasını müəyyən etməkdir. Sözügedən yastıq eyni zamanda hər gecənin yekununda yuxu keyfiyyətini müvafiq göstərici ilə qiymətləndirə də bilir. İstehsalçının sözlərinə görə, bu yastıqlar paltaryuyan vasitəsilə asanlıqla təmizlənə bilər. Qeyd edək ki, hər kəsin “Sunrise Smart Pillow” barəsində daha ətraflı məlumat alması üçün şirkət tərəfindən təqdimat videoçarxı da hazırlanıb.

Kaliforniya Universitetinin professorları Çingiz Ozkan və Mihri Ozkan elektrik nəqliyyat vasitələri və şəxsi elektronika üçün yüksək keyfiyyətli litium-ion batareyaları hazırlayıblar. Alimlər batareyalar üçün nano silikon anod yaratmaq məqsədilə tullantı şüşə qablardan və ucuz kimyəvi proseslərdən istifadə ediblər. Alimlərin sözlərinə görə, bu batareyalar elektrik və hibrid maşınlarının istifadəsini artıracaq, mobil telefon və dizüstü kompüterlərin (netbuk) az enerji yığmaqla daha çox istifadəsinə imkan yaradacaq.

3

İnnovativ virtual reallıq kamerası nümayiş olunub. “Google” Çinin “Yi Technology” şirkətinin iştirakı ilə 360 dərəcəlik və virtual reallıq videosunun çəkilişi üçün yeni kamera hazırlayıb. “Yi Halo” tərkibinə stereoskopik videonu “8K” təsvir ölçüsündə saniyədə 30 kadr və ya “5.8K” formatında saniyədə 60 kadr sürətində çəkən 17 kameranın daxil olduğu qurğudur. Qiyməti 18 min dollar təşkil edəcək yeni kamera ilk növbədə kinorejissor və video çəkilişi ilə məşğul olan digər peşəkarlar üçün nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, 16 “GoPro” kamerasından istifadə edən “Google Jump” sferik kamerasının qiyməti 8 min dollardan başlayır. Qurğu kompleksində modifikasiya edilmiş “4K” formatlı kameralar tətbiq edilib. “Facebook” şirkətinin 25 min dollarlıq “Surround 360” kamerasından fərqli olaraq “Yi Halo” qurğusunda istifadəçinin başı üzərində yerləşərək 360 dərəcəlik çəkilişi təmin edən daha bir kamera quraşdırılıb. Həmçinin, qurğu üçün süni üfüqi xətti idarə etməyə imkan verən mobil proqram təklif olunur. Mayın 22-dən etibarən məhdud sayda istifadəçilərin əldə edə biləcəkləri ilk 100 “Yi Halo” kamerasını virtual reallıq formatında çəkilişlər aparan kino istehsalçılarına təqdim etmək nəzərdə tutulur.

Ötən həftə “Windows 10” əməliyyat sistemi üçün ikinci ən böyük yeniləmə (Creators Update) təqdim olunub, bu il “Redstone 3” kod adı ilə daha bir böyük yeniləmənin buraxılacağı açıqlanıb. Bundan başqa, “Windows Insider” proqramının iştirakçıları artıq gələcək yeniləmənin ilk sınaq quraşdırmalarından yararlanmaq imkanı əldə ediblər. “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün yeni funksiyalı böyük yeniləmələrin bundan sonra ildə iki dəfə – mart və sentyabrda buraxılacağını bəyan edib. Həmçinin, hər buraxılış üçün 18 ay müddətində texniki xidmət və dəstək nəzərdə tutulur. Məlumata görə, növbəti “Windows 10 Redstone 3” yeniləməsində yenilənmiş “Project NEON” istifadəçi interfeysinin, seçilmiş kontaktlarla tez əlaqə üçün “My People” funksiyasının, qovluq və tab-vərəqləri birləşdirmək imkanının istifadəçilərin ixtiyarına verilməsi ehtimal olunur. Bundan əlavə, mobil qurğularda “x86” proqramlarını işə salmaq mümkün olacaq. “Microsoft” korporasiyası tərəfindən mayın 10-12-də Sietldə keçiriləcək “BUILD 2017” konfransında “Windows 10 Redstone 3” haqqında ətraflı məlumat veriləcəyi, eləcə də “Windows 10” əməliyyat sisteminin “bulud” versiyasının nümayiş olunacağı gözlənilir.

4

“Oculus Research” şirkətinin əməkdaşı Maykl Abraş deyib ki, 2022-ci ildə artırılmış reallıq eynəyi cihazları əvəz edəcək. Yeni qurğu insanlara ağıl və qabiliyyətlərini inkişaf etdirmək üçün imkan yaradacaq, çünki insan belə eynək vasitəsilə fasiləsiz virtual informasiya əldə edəcək. Hətta əşyalara baxmaqla onların temperaturunu öyrənmək mümkün olacaq, bundan başqa eynəkdə səs-küyün filteri və müxtəlif dillərdən olan sözlərin tərcüməsi funksiyası nəzərdə tutulub. Yeni aparat görmə və eşitmə qabiliyyətinii yaxşılaşdıracaq, onu istənilən yerə özünlə götürmək mümkündür. Buna görə istehsalçılar əmindirlər ki, sözügedən artırılmış reallıq eynəyi smartfonları əvəz edəcək.

5

Bloqer Sonni Dikson “Twitter” sosial şəbəkəsində öz səhifəsində yeni “iPhone 8” korpusunun sxemini dərc edib. Şəkildə smartfonun arxa qapağı təsvir edilib. Sxemin şəklinə əsasən söyləmək olar ki, “Touch ID” barmaq izi skaneri arxa qapağa keçiriləcək. “Pacific Crest Securities” şirkətinin analitiki Endi Xarqrivz düşünür ki, “Apple” şirkəti skanerin smartfonda displeyin alt hissəsinə inteqrasiyası problemilə üzləşdiyinə görə ondan imtina edə bilər. Çertyoja əsasən, smartfon virtual reallıq məzmununun çəkilişi üçün şaquli istiqamətdə yerləşmiş ikiqat kamera ilə təchiz ediləcək. Həmçinin telefonun korpusunun ölçüləri məlumdur: hündürlüyü 149,5 mm, eni 72,5 mm. Şayiələrə görə, “iPhone 8” smartfonunun qalınlığı 8,6 mm təşkil edəcək. Şirkətin son patentlərinə əsasən, “iPhone 8” smartfonunun korpusu maye metaldan düzəldiləcək. Maye metal sirkonium, titan, nikel, mis və başqa metalların xüsusi ərintisidir və strukturuna görə şüşəyə oxşayır. Amma çox möhkəmdir, korroziyaya qarşı davamlıdır.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register