27 aprel işğalı

1920-ci il aprelin 26-nın ilk saatlarında bolşevik Rusiyasının XI ordusu Azərbaycan sərhədlərini pozaraq Bakıya doğru irəliləməyə başladı. Ertəsi gün Bakıdakı tərəfdarlarının, xüsusən də Çingiz İldırımın təbliğatı nəticəsində düşmən tərəfinə keçmiş Xəzər donanmasının köməyi ilə Bakı mühasirəyə alındı. Azərbaycan Demokratik Respublikasının parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum verildi.

Həmin dövrdə Azərbaycan dövləti olduqca mürəkkəb problemlərlə üz-üzə idi (hərçənd, mövcud olduğu 23 ay ərzində milli hökumətin qeyri-mürəkkəb dövrünü xatırlamaq çətindir). 1 ay öncə Nəsibbəy Yusifbəylinin başçılıq etdiyi hökumət istefa vermişdi. Yeni hökumət qurmaq üçün parlamentdən mandat alan Məhəmməd Həsən Hacınski hədəfinə nail ola bilmədi, üstəlik Kommunist Partiyasına qoşulduğunu bəyan etdi. Beləcə, Azərbaycan yadelli müdaxiləni siyasi böhran şəraitində qarşılamalı oldu.

Qarabağda erməni silahlı qüvvələrinə qarşı 1 aydan artıq idi ki, hərbi əməliyyatlar aparılırdı. Bu əməliyyatlar Azərbaycan ordusunun üstünlüyü şəraitində keçsə də, üsyançılara ağır zərbələr endirilsə də, ölkənin ümumi müdafiə qabiliyyətini zəiflətmişdi. Belə ki, hərbi qüvvələrimizin 2/3 hissəsi Qarabağa göndərilmişdi. 72 minlik şəxsi heyətə malik XI ordunun hərəkət istiqamətində isə cəmi 5 minlik qüvvəmiz vardı.

İqtisadi vəziyyət ağır olaraq qalmaqda idi. Keçmiş Rusiya imperiyasının çöküşü ənənəvi iqtisadi əlaqələri dağıtmış, yenilərini isə yaratmaq hələ mümkün olmamışdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə, hərbi əməliyyatlar, respublikanın dünyaya çıxışında körpü ola biləcək Rusiya və Türkiyədə gedən müharibələr iqtisadiyyatın normallaşdırılması yolunda böyük maneə idi.

Qırmızı işğal qarşısında müqaviməti mənəvi cəhətdən zəiflədən amil Türkiyə ilə bağlı idi. XI ordu ilə gələn bəzi türk zabitləri bolşeviklərin Azərbaycanı işğal etməyə deyil, yunan işğalına qarşı qurtuluş savaşı aparan türklərə köməyə getdiyini söyləyirdilər. Azərbaycanın Bakı sovetinin qətliamlarından qurtarılmasında önəmli rolu olan Ənvər paşanın əmisi Halil paşanın (sonralar Atatürk tərəfindən Kut soyadı verildi) bu zabitlər arasında olması xüsusi çaşqınlıq yaradırdı.

Belə ağır şətrlər altında işğalçıların ultimatumunu (formal olaraq ultimatum XI ordunun deyil, Azərbaycan kommunist partiyasının adından verilmişdi) müzakirə edən parlamentdə fraksiyaların əksəriyyəti onun qəbul edilməsinə tərəfdar çıxdılar. Yalnız Məhəmməd Əmin Rəsulzadə Müsavat fraksiyası adından çıxış edərək ultimatumun rədd olunmasını təklif etdi.

“Əfəndilər! Amansız bir ultimatum qarşısında qalmışıq. Buradan təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək? Kimə təslim oluruq? Bizə deyirlər ki, sərhədimizi keçən ordunun başında Nəcati adlı bir türk komandanı durur. Bizi inandırırlar ki, Rusiyadan gələn bu təcavüzkar ordu ölüm-dirim savaşı aparan Türkiyəni xilas etməyə gedir.

Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır. Amali-milliyətimizin hörmətləndirdiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən bir qüvvəni biz məmnuniyyətlə yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvə bizim azadlığımızı, müstəqilliyimizi çeynəməsin. Halbuki, əfəndilər, bizdən soruşmadan torpağımıza keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir. Gələn rus ordusudur. Onun istədiyi 1914-cü il hüdudlarını almaqdır. Anadolunun imdadına getmək bəhanəsilə yurdumuza gələn işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu qəbul etməyə ehtiyac yoxdur. Bu ultimatumu kəmali-nüfrətlə rədd edirik”.

Təbii ki, Rəsulzadə müqavimət imkanlarının olmamasını gözəl bilirdi. Onun bu çıxışı heç də reallıqla hesablaşmamaqdan irəli gəlmirdi. O, sadəcə işğala legitimlik donunun biçilməsini istəmirdi. Müsavat başqanı hesab edirdi ki, parlament üzvləri həyatları bahasına olsa belə, buna getməməlidirlər. Buna görə də nitqinin sonunda söylədiyi “biz buraya millətin iradəsi və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvə və süngü çıxarmalıdır” sözləri təsadüfi deyildi. Lakin parlament əksəriyyəti bu fədakarlığa hazır olmadı.

Gecə saatlarına qədər uzanan müzakirələrdən sonra parlament –

1) rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaşa Anadolunun köməyinə gedəcək;
2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq;
3) Azərbaycan ordusu buraxılmayacaq;
4) Azərbaycan siyasi partiyaları üçün fəaliyyət sərbəstliyi təmin olunacaq;
5) keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanılacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;
6) azad şəraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin idarə şəklini təyin edəcək.
şərtləri ilə hakimiyyətin Azərbaycan Kommunist Partiyasına təhvil verilməsi haqqında qərar qəbul etdi.

Lakin sonrakı hadisələr göstərdi ki, bolşeviklər bu şərtlərə əməl etmək fikrində deyillər. Onların içərisində ən vazkeçilməzi olan müstəqillik və ərazi bütövlüyü də daxil, bütün şərtlər tapdandı. Təkcə 1920-ci il ərzində Azərbaycan ordusunun 12 generalı güllələndi.

Məhəmməd Əmin Rəsulzadə proseslərin belə şəkil alacağına əmin idi. Artıq işğaldan bir neçə gün sonra qeyri-leqal şəraitdə yaşadığı Lahıcda qələmə aldığı “Əsrimizin Siyavuşu” əsərində parlamentin son iclası haqqında yazırdı:

“Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Birlik və istiqlaliyyətimizin işarəsi olaraq əlimizdə türklüyümüzü, müsəlmançılığımızı və çağdaş bir xalq olduğumuzu göstərən istiqlal bayrağı vardı. Yazıqlar olsun ki, biz daha səpələnmiş etiqadımızla “Bir kərə yüksələn bayraq bir daha enməz!” idealına etdiyimiz afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal bayrağını bir bezə dəyişdirdik. İntriqaçı və zalım bir qüvvət tərəfindən susdurulduq. Dilim gəlmir… təslim olduq!”

Aprelin 28-də Müvəqqəti İnqilab Komitəsinin yaradılması ilə Azərbaycanda 71 il davam edən sovet hakimiyyətinin əsası qoyuldu. Uzun illər bu gün bizə inqilab günü kimi təlqin edilsə də, banal işğaldan başqa bir şey deyildi.

Azərbaycan Demokratik Respublikasının süqutu ilə bağlı bu gün müxtəlif fikirlər eşitmək mümkündür. O cümlədən, ADR xadimlərini həddindən artıq demokratik və liberal xətt yürütməkdə qınayanlar da olur. Lakin bununla razılaşmaq çətindir.

İlk respublikamızın süqutu sırf geopolitik səbəblərlə bağlı idi. Birinci dünya müharibəsindən ağır nəticələrlə çıxmış böyük dövlətlər bir yandan yeni müstəqil dövlətlər uğrunda Rusiya ilə yeni münaqişəyə cəlb olunmaq istəmirdilər. Digər tərəfdən, bu dövlətlərdə bolşevik hakimiyyətinin uzunömürlü olmayacağı fikri hakim idi.

Bolşeviklərsiz vahid və bölünməz Rusiya isə onların maraqlarına cavab verirdi.

Süqutun əsas səbəbi isə həm canlı qüvvə, həm də texniki baxımdan müqayisə olunmaz dərəcədə daha güclü bir qüvvənin təcavüzünə məruz qalmamız idi. Azərbaycan Demokratik Respublikası daha avtoritar siyasət yürütsəydi belə, bu işğalın qarşısını almaq mümkün olmayacaqdı. Əvəzində isə ADR-in bizə yadigar qoyduğu demokratik nümunələrlə öyünə bilməyəcəkdik.

P.S. Azərbaycanın işğal olunmasında xüsusi fərqlənən şəxslər – XI ordunun komandanı Mixail Levandovski, yerli bolşeviklər Çingiz İldırım, Mirzə Davud Hüseynov, Əliheydər Qarayev və digərləri 30-cu illərdə öz qurduqları rejim tərəfindən amansız işgəncələrdən sonra güllələndilər.

Mənbə: MEYDAN TV

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register