Texno Xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” tezliklə yeni funksiyası ilə istifadəçilərini sevindirəcək. “Pinned messages” (sancaqlanmış mesajlar) adlı funskiya mesajların yerini sabitləşdirməklə bağlıdır. Belə ki, artıq ən çox yazışdığınız şəxsin adını “pin” edərək onun mesajlarını yuxarı çəkə bilərsiniz. Bunu etdiyiniz təqdirdə, başqaları mesaj yazsa belə, adını seçdiyiniz şəxsin mesajı hər zaman siyahının yuxarısında olacaq. Qeyd edək ki, artıq bu funksiyanın “beta” versiyası təqdim olunub.

1.1

1

“Twitter” mikrobloqu “Bloomberg Media” şirkəti ilə birlikdə fasiləsiz xəbər yayımı ilə məşğul olacaq xidmət yaratmağı planlaşdırır. Online televiziya layihəsi sosial şəbəkənin platformasında yaradılacaq. Layihənin bu ilin payızında həyata keçirilməsi nəzərdə tutulub. Hələlik adı olmayan telekanal real rejimdə öz xəbərlərini və “Twitter” istifadəçilərinin yoxlanılmış videolarını yayacaq. “Bloomberg Media”nın icraçı direktoru Castin Smit bildirib ki, çoxları xəbərləri telekanalların birbaşa efirində izləyir və bunları sosial şəbəkədə şərh edir. Şirkət isə bunları vahid platformada birləşdirmək istəyir. “Bloomberg” və “Twitter” hələlik anlaşmanın maddi tərəflərini açıqlamırlar. Lakin qeyd olunur ki, “Bloomberg” kanalın məzmununa tam nəzarət edəcək. Kanalda reklamlara da yer veriləcək.

2

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MİT) mütəxəssisləri dünyada 3D printerlə çap edilmiş plastikdən hazırlanmış ilk raket mühərrikini sınaqdan keçiriblər. Sınağın qısa videosu “YouTube”da yerləşdirilib. Sınaqdan sonra mühərrikin korpusu çox az əriməyə məruz qalıb və mühəndislər bunu pis nəticə saymır. İndi onlar tam plastik raket hazırlamaq istəyirlər. Bu raket metal analoqundan daha ucuz olacaq. Ümumilikdə məqsəd raket istehsalına çəkilən xərcləri azaltmaqdır. Belə ki, plastiki çap edən 3D printerin qiyməti 14 min dollar olduğu halda, metal tərkibli analoji detalların hazırlanması xeyli baha başa gəlir.

“Google”, “Amazon” və “eBay” kimi internet nəhəngləri “Apple Watch”da bir sıra əlavələri dəstəkləməyi dayandırıb. Buna səbəb əlavələrin istifadəçilər arasında populyar olmamasıdır. Son həftələrdə “Google Maps”, “eBay”, “Amazon” və “Target” ticarət şəbəkəsinin əlavələri “Apple Watch”da fəaliyyətini dayandırıb. “Google” şirkətinin nümayəndəsi “AppleInsider”ə bildirib ki, korporasiya öz xidmətləri üçün “ağıllı” saatların dəstəklənməsini bərpa edəcək.

3

Koreyada uşağın bezinin dəyişdiriləcəyi vaxtı müəyyən etməyi bacaran yeni cihaz yaradılıb. Cihaz smartfon üçün xüsusi əlavə ilə işləyir. İşləyən zaman cihaz havanın temperaturunu, nəmliyin dərəcəsini yoxlayır. Bundan sonra cihaz valideynin smartfonuna pampersin dəyişdirilməsinə ehtiyac olması ilə bağlı bildiriş göndərir. Cihazı uşağın paltarının üzərində yerləşdirmək mümkündür. Startapın yaradıcısı Toni Park bildirib ki, o, uşaqların hansı səbəbdən ağladığını, onların niyə yatmadığını bilmirdi və ağlına belə bir ideya gəlib, uşaqların daşıması üçün xüsusi cihaz yaradıb. Onun sözlərinə görə, cihaz yükü digərlərindən yaxşı bölüşdürür, uzun müddət daşıdıqda bel və çiyinlərdə ağrılar olmur. Cihaz avqust ayında ilk olaraq yalnız Koreyada satışa çıxarılacaq.

4

Çinin “Greatmetal” şirkətinin tərtibatçıları Pekində keçirilən “G-Festival” festivalı çərçivəsində “Monkey King” (“Meymunların kralı”) adlı nəhəng döyüş robotunu geniş ictimaiyyətə təqdim ediblər. Yeni idarə olunan robot bu ilin avqust ayında özünə bənzər robotla rinqdə döyüşəcək. Fantastik filmlərdə robotların iştirakı ilə izlədiyimiz həyəcanlı süjetlər tədricən reallığa çevrilir. Onların ən yaxşısı isə artıq Yaponiya və ABŞ-da populyar olmuş idman arenalarında keçirilən çempionatda müəyyən edilir. Çindən olan yeni robot “Monkey King” adını özünün nəinki dörd ayağı, hətta arxa ayaqları üzərində hərəkət etmək kimi unikal qabiliyyəti sayəsində qazanıb. “Greatmetal” şirkətinin nümayəndələri bildiriblər ki, 4 ton çəkisi olan robotun ziyarətçilər qarşısında şou göstərməsi üçün iki ay müddətində sərasər işləmək lazım olub. Tərtibatçılar yaratdıqları robotun döyüş qabiliyyəti ilə bağlı şərh vermək istəməyiblər. Məlumdur ki, “Monkey King” liderlik uğrunda bu il ərzində amerikalı MK.3 və yaponiyalı “Kuratas” robotları ilə döyüşəcək.

Satışına yeni start verilən “Samsung Galaxy S8” barədə ilk şikayətlər eşidilməyə başlanıb. Bir neçə istifadəçi smartfonun daimi şəkildə yenidən yüklənməsi (restart) problemi ilə üzləşdiyini bildirib. Məsələn, istifadəçilərdən biri 10 saat ərzində cihazda 7 dəfə öz-özünə yüklənmə baş verdiyini bildirib. Digəri isə deyib ki, onun “Galaxy S8”i bir həftə ərzində 12 dəfə özbaşına restart olub. Hətta bəziləri öz smartfonlarını yenisi ilə dəyişdirdikdən sonra da analoji problem təkrarlanıb. Hələlik “Samsung” şirkəti məsələyə hər hansı şərh verməyib.

5

Çinin smartfon istehsalçısı “Xiaomi” şirkəti bu il təqdimatı baş tutmalı olan “Xiaomi Mi 6 Plus” smartfonunun istehsalından imtina edib. Belə bir qərarı verilməsinə səbəb şirkətin modelləri arasında daxili rəqabətə yol verməməkdir. Məsələ burasındadır ki, 2017-ci ilin yayında “Xiaomi” şirkəti yeni “Xiaomi Mi Note 3” smartfonu istehsal etməyi planlaşdırır. Bu smartfon 5,7 düym ölçülü ekran, yeni “Qualcomm Snapdragon 835” prosessoru, 6 Gb əməliyyat yaddaşı və 128 Gb daxili yaddaşı ilə öyünə bilər. Mahiyyətcə “Mi 6 Plus” və “Mi Note 3” smartfonlarının texniki xüsusiyyətləri çox az fərqlənir. Bu səbəbdən “Xiaomi” “Mi 6 Plus” modelinin istehsalından imtina etmək qərarına gəlib.

6

Kanadanın “BlackBerry” brendinin sahibi – Çinin “TCL” şirkəti eyniadlı ilk smartfonun təqdim ediləcəyi tarixi açıqlayıb. Belə ki, otuz beş klaviatura klavişi və barmaq izi skaneri ilə təchiz ediləcək “KEYone” modeli mayın 31-də satışa çıxarılacaq. Kanadada qurğu üçün əvvəlcədən sifarişlərin qəbuluna mayın 18-də başlamaq nəzərdə tutulur. Smartfonun satışı ilə yerli “Bell”, “Bell MTS”, “Rogers”, “SaskTel” və”TELUS Business” operatorları məşğul olacaq. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək qurğunun ABŞ və Avropa bazarında satışa çıxarılma vaxtı barədə sonradan məlumat veriləcək. Məlumata görə, fevralda “MWC 2017” sərgisində nümayiş olunan “BlackBerry KEYone” ən yeni “Android” (7.1.1 Nougat) versiyası, 1620×1080 piksel təsvir ölçülü 4,5 düymlü ekran, metal korpus və 3505 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və “Qualcomm Snapdragon 625” prosessoru ilə işləyir. Smartfon 3 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də “microSD” kartı üçün çıxışa malikdir. Əsas kamera “Google Pixel” smartfonlarının istifadə etdiyi 12 meqapikselli “Sony IMX378” sensoru ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir. ABŞ-da 549 dollara (Avropada 600 avro) satılacaq yeni qurğu qabaqcıl “Apple”, “Google” və “Samsung” smartfonlarından 100 dollar ucuz olacaq.

7

İxtiraçı Yakob Bey “Kickstarter” platformasında smartfonu 5 dəqiqə müddətində enerji ilə doldurmaq qabiliyyətinə malik “Zeus Hybrid” adlı xarici akkumulyator təqdim edib. “Zeus Hybrid” akkumulyatorunun tutumu 6000 milliamper/saat təşkil edir. Əvvəllər yalnız sənaye məqsədləri naminə istifadə edilən karbondan hazırlanmış superkondensatorlardan istifadə nəticəsində sürətli enerjidoldurma mümkün olub. Adi litium-ion akkumulyatorları ilə müqayisədə superkondensatorlar bir sıra üstünlüklərə malikdir. Məsələn, “Zeus Hybrid” akkumulyatorunun köməyi ilə smartfonu 20 il ərzində enerji ilə doldurmaq mümkün olacaq, çünki o, adi akkumulyatorlarla müqayisədə 100 dəfə çox enerjidoldurma dövrünə malikdir. “Zeus Hybrid” qurğusunu “Kickstarter” platformasından təxminən 60 dollara sifariş etmək olar.

8

Adətən “HTC” şirkəti öz flaqman smartfonlarını ilin birinci yarısında təqdim edir. Lakin bu dəfə təqdimat biraz gec olacaq. Görünür bunun səbəbi Snapdragon 835 prosessorlarının çatışmamazlığıdır. Böyük ehtimal ilə “Samsung” şirkəti sözügedən bütün prosessorları əldə edib. Nəticədə “HTC” və “Xiaomi” kimi şirkətlər öz flaqman smartfonlarının təqdimat tarixlərini daha gec reallaşdırmalı olurlar. HTC U 11 adlı smartfon rəsmi olaraq 16 May tarixində təqdim olunacaq. Lakin indidən bu smartfonun texniki göstəriciləri məlumdur. Deməli HTC U 11, 5.5 inç Super LCD QHD ekran (Corning Gorilla Glass 5 qoruyucu şüşəli), 8 nüvəli Snapdragon 835 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, 3000 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma özəlliyi ilə birlikdə), 12 MP-lik UltraPixel 3 əsas kamera və 12 MP-lik ön kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon, sensorlu çərçivəyə sahib olacaq. Həmin sensorlu çərçivədən istifadə edərək siz smartfonun ikinci dərəcəli funksiyalarını idarə edə biləcəksiniz. Bundan əlavə olaraq HTC U 11-in fiziki “Home” düyməsi barmaq izi skanına, korpusu isə IP57 standartlı sudan və tozdan qorunma özəlliyinə sahib  olacaq.

9

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunmuş yeni texnologiya kimyada, fizikada və biologiyada baş verən sürətli prosesləri lentə almağa yardımçı olacaq. Çəkilişin yeni qaydası, 200 femtosaniyə (1 saniyənin kvadrillionda bir hissəsi) ərzində baş vermiş hadisəni qeyd etməyə imkan verəcək. Femtosaniyəni adi saniyə kimi əks etdirəndə, 0.00000000000002 saniyə alınır. Bu göstərici, adi insan gözü üçün real olmayandır. İsveçli alimlər, bir karda bir neçə təsvirin kodlaşdırılmasının əsasında yeni alqoritm hazırlayıblar. Çəkilməsi nəzərdə tutulmuş obyektə lazer impulsları göndərilir. Hər bir impuls isə öz unikal koduna sahib olur. İmpulslar obyektdən lazımi mənbəyə müəyyən ardıcıllıqlarla əks olunur. Daha sonra həmin siqnallar bir faylda yığılır və kompüterdəki xüsusi açar vasitəsilə aktiv edilir. Sözügedən texnologiya, Frequency Recognition Algorithm for Multiple Exposures (FRAME) adını alıb. Alimlər artıq sürətli kameranın ilk prototipini hazırlayıblar. Onların proqnozlarına əsasən 2 ildən sonra bu cür kamera bütün alimlər üçün təqdim olunacaq.

“Apple” şirkəti bu günlərdə dərc edilən yeni patentdə təkcə smartfonlarda deyil, “ağıllı” saatlar kimi digər mobil qurğularda yeni birləşdiricidən istifadə barədə söhbət açıb. Bu, “iPad Pro” planşetində quraşdırılan birləşdiriciyə (connector) bənzəmir. Patentdə qeyd olunub ki, birləşdirici smartfona qoşulan zaman kabel birləşdiricisinin keçə biləcəyi xüsusi özünübərpa edən materialda yerləşəcək. Kabel ayrıldıqdan sonra material öz formasını bərpa edəcək, korpusda isə dəlik qalmayacaq. Qoşulmanı analoji üsulla “ağıllı” saatlarda da etmək mümkündür. ABŞ istehsalçısının yeni patentdə, həmçinin keramik korpuslu “iPhone” smartfonunu xatırladan elektron qurğu təsvir edilib. Keramik örtükdə aktiv elektrik komponentlər quraşdırılacaq. Söhbətin qurğunun korpusunun toxunuşlara həssas olması barədə getməsi ehtimal edilir.

10

“Samsung” şirkəti Los-Ancelesdə keçirilən “VRLA Expo 2017” sərgisində “FaceSense” adlı virtual reallıq interfeysinin prototipini nümayiş etdirib. Texnologiya konsepsiyasının mahiyyəti virtual səyahətləri əldən istifadə etmədən adi səsli komandaların tanınması və biometrik siqnallar vasitəsilə həyata keçirməyə imkan verən yeni virtual reallıq naviqasiyası yanaşmasından ibarətdir. Istifadəçi danışan zaman elektrik siqnallarının generasiyası – üz ifadəsinin və ya baxışın istiqamətinin dəyişməsi baş verir. “FaceSense” həmin biometrik impulsları ötürücülər vasitəsilə tanıyaraq onlardan daha sadə naviqasiya üçün istifadə edə bilir. Sərgi çərçivəsində təqdim olunan prototip məxsusi olaraq “Samsung Gear VR” qarnituru üçün hazırlanıb. Məlumata görə, istifadəçinin üz əzələlərinin və göz hərəkətlərinin dəyişikliklərini qeydə alan “FaceSense” texnologiyası “ləğv et”, “seç”, “geriyə” kimi ayrı-ayrı sözləri və səsli komandaları başa düşür. Texnologiyanın istifadəçilərə, o cümlədən adi qarniturlar vasitəsilə virtual reallıq mühiti ilə ünsiyyət zamanı çətinliklərlə üzləşən insanlara virtual reallıqla tanış olmağa kömək edəcək yeni biometrik həllərin hazırlanmasına təkan verəcəyi gözlənilir.

11

Yaponiyanın populyar “Nintendo” şirkəti artıq 2,74 milyon ədəd “Switch” adlanan yeni innovativ oyun platformasının satışını həyata keçirib. Şirkətin yaydığı fond hesabatından sonra “Nintendo”nun satışları barədə  açıq məlumatlar yayılıb. Hesabatda bu ilin mart ayının əvvəlində açıq satışa çıxarılan “Switch” müasir oyun avadanlığının satışlarının sayı da qeydə alınıb. Bu müddət ərzində 5 milyon dollar məbləğdən artıq müxtəlif əlavələr, proqram təminatı, yeni nəsil avadanlıq üçün oyunlar əldə edilib. Ən çox alınan əfsanəvi “The Legend of Zelda: Breath of the Wild” oyununun nüsxələri olub. Bu oyun dəfələrlə ilin ən gözlənilən oyunlarından biri kimi qəbul edilib. İstifadəçilər bu oyundan 2,76 milyon nüsxə əldə ediblər.

12

“Google” şirkəti ötən il səyahətlərin planlaşdırılması üçün “Trips” mobil proqramını təqdim edib. Gediləcək yeri avtomatik müəyyənləşdirən mobil əlavə hotel və mehmanxanaların, restoranların və görməli yerlərin siyahısı kimi faydalı informasiya təklif edir. Bu həftə böyük proqram yeniləməsi işıq üzü görəcəyinə görə “Google” əsas yeniliklər barədə məlumat vermək qərarına gəlib. İstifadəçiləri səyahətlərin planlaşdırılmasını sadələşdirəcək üç yeni funksiya gözləyir. İlk yenilik eyni yerdə rezervasiya edilən hotel, reys və qarşıdakı səfərlə bağlı digər informasiyaya baxmaq imkanıdır. Bu, xüsusilə səyahət zamanı bir neçə yerdə dayanma nəzərdə tutulanda faydalı olacaq. Həmçinin, “Reservations” bölməsində poçtda qəbz və biletlər olmayan zaman əllə hotel, qatar, avtobus və təyyarə üçün bilet, restoran və avtomobillərin icarəsini əlavə etmək imkanı yaradılıb. Səyahət zamanı qatar və ya avtobusdan istifadə üçün “Google Trips” eyni yerdə bütün biletləri toplayaraq platforma, təyinat yeri və s. haqqında ətraflı məlumat göstərəcək. “Google Trips” proqramının vacib funksiyalarından biri qarşıdakı səfərlə bağlı bütün informasiyanı oflayn istifadə üçün saxlamaq imkanıdır. Bununla hotelin harada yerləşməsini və ya reysin nə vaxt olmasını öyrənmək üçün “Wi-Fi” şəbəkəsini axtarmağa və ya rouminq xidməti üçün ödəniş etməyə ehtiyac qalmayacaq.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register