Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
“Microsoft” şirkəti “Windows 10 S” əməliyyat sistemi ilə işləyən “Sufrace Laptop” noutbukunu təqdim edib. Bu barədə “The Verge” məlumat yayıb. Yeni noutbuku 2256×1504 ölçüsü olan 13,5 düyümlük ekrana sahibdir və “Corning Gorilla Glass” şüşəsi ilə mühafizə edilir. Qurğunun korpusu metaldır, klaviatura alkantradan hazırlanıb. Digər xarakterik cəhətlərə gəldikdə isə leptopun “Intel Core i5” və ya i7 prosessoru, 4,6 və ya 16 GQ əməliyyat yaddaşı və 128-dən 512 GB qədər əlavə yaddaşı olması məlumdur. İstehsalçıların sözlərinə görə, noutbuk 14,5 saat müstəqil işləmə qabiliyyətinə malikdir. Noutbuk 15 iyundan satışa çıxarılacaq.
Böyük texnoloji şirkətlər “Apple Watch” saatlarının dəstəklənməsini dayandırıb. Bir sıra iri texnoloji şirkətlər, o cümlədən “Google”, “Amazon” və “eBay” “Apple Watch” “ağıllı” saatlarında bəzi proqramların dəstəklənməsini dayandırıb. şirkətlərin nümayəndələri məhsulların bundan sonra “Apple” şirkətinin “ağıllı” saatlarının dəstəklənməsinin dayandırılması səbəbi barədə məlumat verməyib. Bəzi mötəbər ekspertlərin fikrincə, buna səbəb “Apple Watch” qurğusunun işlədiyi “watchOS” əməliyyat sisteminin yeni versiyasının tezliklə təqdimatının gözlənilməsidir. “Gələcəkdə bizim servis yenidən “Apple Watch” intellektual saatlarında işləyəcək, lakin bunun nə vaxt baş verəcəyini biz hələ ki deyə bilmərik”,- deyə “Google” şirkətinin nümayəndələri “Google Maps” servisi tərəfindən “Apple Watch” saatlarının dəstəklənməsindən imtina edilməsini şərh edərkən qeyd edib. Digər şirkətlərin nümayəndələri məsələyə münasibət bildirməyib.
“Xiaomi” şirkəti növbəti dəfə qeyri-adi məhsulunu təqdim edib. Bu qeyri-adi məhsul uşaq velosipedi olub. Ötən ilki qatlanan “Xiaomi Mi Qicycle Folding Electric Bicycle”dən fərqli olaraq, yeni “Xiaomi Qicycle Children Bike” heç bir elektrik mühərrikə malik deyil. “Xiaomi Qicycle Children Bike” yaradılarkən tərtibatçılar erqonomikanı və uşağın xəsarət ala bilməməsi üçün heç bir iti detalların olmamasını düşünüblər. Oturacağı yumşaqdır, velosipedin raması isə köpük materiallı qoruyucu təbəqə ilə örtülüb. Velosiped pedalla və pedalsız da istifadə edilə bilər. Sonuncu halda velosiped uşağın daha tez yeriməyi öyrənməsinə də kömək edə bilər. Uşaq böyüdükdən sonra isə valideynləri velosipedə pedal da quraşdıra biləcəklər. “Xiaomi Qicycle Children Bike” satışa iyunun 9-da çıxarılacaq və qiyməti 87 dollar olacaq.
Bu ilin birinci rübündə Çinin “Huawei” şirkətinin smartfon tədarükü 34,55 milyon ədəd təşkil edib. Bu, bir il öncəki analoji dövrlə müqayisədə 21,6 faiz artım deməkdir. Bu barədə şirkətin “Consumer Business” bölməsinin hesabatında deyilir. Bu, “Huawei”ə öz mövqelərini gücləndirməyə və dünya smartfon bazarında 9,8 faiz paya sahib olaraq üçüncü yeri tutmağa imkan verib. Şirkət qeyd edir ki, ilin birinci rübündə dünyanın 52 ölkəsində tədarükün həcmi 50 faizdən çox artıb. Dünyanın 32 ölkəsində isə illik artım 100 faizdən də çox olub. Çin və Avropada “Huawei” smartfonlarının tədarükü 20 və 15 faiz müvafiq olaraq artıb. Cənub-Şərqi Asiya ölkələrində isə smartfon tədarükünün artımı 70 faizi ötüb. İkinci rübdə isə şirkət özünün flaqman “Huawei P10” və “P10 Plus” smartfonları sayəsində mövqelərini daha da yaxşılaşdırmalıdır.
Dünyanın ən böyük video saytı olan “Youtube” dəyişikliyə hazırlaşır. Artıq “Youtube”-də tünd rəngin tətbiq olunması ilə daha rahat video izləmək mümkün olacaq. Həmçinin, yeni rəng səhifələr arasında keçidləri daha da rahat etməyə imkan verəcək.
Çinin öz istehsalı olan C919 sərnişin təyyarəsi mayın 5-də ilk uçuşunu yerinə yetirəcək. Çinin dövlət təyyarə istehsalı korporasiyasının (COMAC) yaydığı məlumata əsasən, debüt uçuşu Şanxaydakı Pudon beynəlxalq aeroportundan həyata keçiriləcək. “Boeing 737”nin ölçülərinə yaxın olan C919 tipli ilk təyyarənin istehsalı 2015-ci ilin noyabrından başa çatıb. Ötən müddətdə mühəndislər 118 yoxlama apararaq təyyarəni ilk uçuşa hazırlayıblar. COMAC 158 sərnişin yerinə malik və 4 min kilometr uçuş qabiliyyəti olan C919 tipli 570 təyyarənin satışı üzrə 23 yerli və xarici müştəridən sifarişlər qəbul edib.
Türkiyə mediasında yayılan xəbərlərdə telefonlara yüklənilən “Oculus” proqramının təcili silinməsi tövsiyyə olunur. Bu, həmin tətbiqin telefonun enerjisinin 70 faizini 3 saat ərzində tükətməsi ilə bağlıdır. Qeyd edək ki, bu proqram “Gear VR” eynəyi üçün istifadə olunur.
Yeni kvant hesablama qurğusu yaradılıb. Çin alimləri yeni kvant hesablama maşını yaradıblar. Yeni düzəldilən kvant hesablama qurğusu adi kompüterləri dəfələrlə üstələyir. Məlumata görə, qurğunun prototipi ümumi təyinatlı ilk elektron rəqəmli “ENIAC” qurğusundan 10-100 dəfə sürətlidir. Hesablama qurğusunun, həmçinin klassik kompüterləri geridə qoyan və işdə tək-tək fotonlardan istifadə edən ilk qurğu olması bildirilir. Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir. Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər. Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments