Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Hindistanda Cənubi Asiya üçün yeni bir xəbərləşmə peyki Sriharikota kosmos mərkəzindən orbitə buraxılıb. Şri-Lanka, Maldiv, Banqladeş, Nepal və Butanın faydalanacağı peyk bölgə ölkələrinin telekommunikasiya və yayım xidmətlərini inkişaf etdirməyə kömək edəcək. Hindistanın baş naziri Narendra Modi peykin ərsəyə gəlməsində əməyi olan mütəxəssislərlə qürur duyduğunu qeyd edib. Qonşu Pakistan peykdən yararlanacaq ölkələr siyahısına qatılmayıb.

1

Daima yenilikləri ilə istifadəçilərinə sürpriz edən “WhatsApp” sosial şəbəkəsi möhtəşəm yenilik edib. Bəzən işimiz olduğu üçün bizə gələn ismarıclara baxa bilmirik. Məhz buna görə artıq “WhatsApp”da sizə gələn mesajları dinləyə biləcəksiniz. Aşağıda sizə təqdim etdiyimiz videodan ətraflı məlumat ala bilərsiniz:

Yenilənmiş əfsanəvi “Nokia 3310” telefonunun saxta versiyası Çin və Malayziyada satışa çıxarılıb. “S-Mobile S331” adlandırılan cihaz təxminən 36 dollar qiymətində alıcılara təqdim edilir. Telefonun orijinalı isə 55 dollara olmalıdır. Saxta versiyalı telefonun ekranında “Go to” düyməsi yoxdur. “Menu” bölməsi orijinal versiyada olduğu kimi ortada deyil, ekranın sağında yerləşir. Ekranın keyfiyyəti aşağıdır. Bundan başqa, başqa şriftdən istifadə olunur. Saxta aparatın düymələri kiçikdir və onlar qara rənglə örtülüb. Qeyd edək ki, əfsanəvi “Nokia 3310” mobil telefonunun yenilənmiş versiyası bu ilin fevral ayında təqdim edilib. Yeniliyin Avropa regionunda satışlarına yaxın zamanlarda başlanılması gözlənilir.

2

“Strategy Analytics” analitik şirkətinin mütəxəssisləri bu ilin birinci rübündə daşınar elektron cihazların tədarükü barədə məlumatları öyrənib və müvafiq hesabat dərc ediblər. Onların hesablamalarına əsasən, cəmi üç ay ərzində 22 milyon ədəd daşınar cihaz tədarük edilib. Hesabat dövrünün nəticələrinə görə, bazarın təxminən 16 faizi tutan “Apple” şirkəti lider olub. Bundan öncə ilk yer “Fitbit” şirkətinə məxsus idi. Ötən ilin birinci rübündə 18,2 milyon ədəd cihaz tədarük edilib ki, bu da bir il ərzində 21 faiz artım deməkdir. Analitiklərin fikrincə, bu səbəb Şimali Amerika, Qərbi Avropa və Asiyada saatların yeni modellərinə artan tələbat olub. “Apple” şirkəti bir ildə tədarükünü 2,2 milyon ədəddən 3,5 milyon ədədə qədər artırıb ki, bu da onun payının 12,1 faizdən 15,9 faizə qədər artmasına səbəb olub. İkinci yerdə “Xiaomi” şirkəti yerləşir. İl ərzində şirkət tədarükünü 3,8 milyon ədəddən 3,4 milyon ədədə qədər azaldıb. Nəticədə onun payı 20,9 faizdən 15,5 faizə qədər azalıb. “Fitbit” şirkəti bir il öncə 4,5 milyon ədəd cihaz tədarük edib ki, cari rübdə cəmi 2,9 milyon ədəd cihaz istehsal edib. Nəticədə payı 24,7 faizdən 13,2 faizə qədər azalıb. Bazarın digər iştirakçıları ümumilikdə 12,2 milyon ədəd cihaz istehsal ediblər.

3

Alimlər müəyyən ediblər ki, altı ayından iki yaşa qədər olan uşağın smartfon və ya planşet istifadə etməsi onun danışıq və nitq inkişafını ləngidir. Aparılan araşdırmaya əsasən, balaca uşaq cihaz önündə nə qədər çox vaxt keçirirsə, çox güman ki, onun nitq və danışmaq inkişafı uzanacaq. Təcrübədə 900 uşaq iştirak edib. Onların 20 faizi orta hesabla gündəlik planşet arxasında 28 dəqiqə vaxt keçirir. Hələlik uşaqların müasir mobil cihazların istifadəsi ilə digər kommunikasiya vasitələri, yəni əl və dil jestləri arasında hər hansı əlaqə müəyyən etmək mümkün olmayıb.

4

“Facebook” bütün dünya üzrə “Messenger” xidmətində onlayn oyunlar üçün “Instant Games”i işə salıb. Hazırda “Pokemon”dan başlayaraq “8 Ball Pool” kimi siyahıya 50-yə yaxın oyun daxildir. Bu barədə “Facebook Newsroom” rəsmi bloqu yazır. Əlavə olaraq, “Facebook” tərtibatşşılara oyunların səviyyəsi və mükafatlar barədə danışmaq üçün oyun botları yaratmağa imkan verib. “Instant Games” – istifadəçilər üçün çatda cavab gözləyən zaman messencerdən çıxmamağa və ya çata başlamağa səbəb və imkan verəcək bir məşğuliyyət olacaq. Şəbəkənin məlumatına görə, son 90 gün ərzində istifadəçilər “Messenger”də 1,5 milyon dəfə oyun oynamaq imkanı əldə ediblər. Hələlik xidmətdə bütün oyunlar pulsuzdur. Şirkətin fikrincə, oyun şəbəkəsinin inkişafı orada inkişaf etməlidir ki, orada istifadəçilər daha çox vaxt keçirirlər. Yəni, “Messenger”də…

5

Prinsipcə yeni tip qrafen dinamik yaradılıb. Böyük Britaniyanın Ekseter Universitetinin alimləri qrafen materialından mexaniki vibrasiyasız, prinsipcə, yeni tip dinamik icad ediblər. Yeni dinamikin iş prinsipi qrafen temperaturunun səsin əmələ gəlməsinə səbəb olan dəyişməsinə əsaslanır. Əvvəllər qrafen dinamiklərin yaradılmasında tətbiq edilib, həmçinin keçmişdə ondan diffuzorların hazırlanması nəticəsində qurğuların işinin effektivliyini artırmaq mümkün olub. Yeni dinamikdə isə bütün hərəkət edən hissələr ləğv edilib ki, bu da onun ölçüsünü dəfələrlə azaltmağa və səmərəliliyini artırmağa imkan verib. Dinamik baş barmaq dırnağı ölçüsündə mikroprosessor formfaktorunda yaradılıb. Prosessorun korpusu daxilində dinamiklə yanaşı, gücləndirici və qrafik ekvalayzer quraşdırılıb. Termoakustik iş prinsipi temperaturu səsə və ya əksinə, səs dəyişmələrini istiliyə çevirməyə imkan verir. Bu effekt ilk dəfə XIX əsrin sonunda alim Lord Reley tərəfindən təsvir edilib. Gözəl keçiricilik qabiliyyətinə malik qrafendən elektrik impulsları keçirərkən onu tez isitmək və soyutmaq olur. Qrafen membranının genişlənməsi və yığılması ətraf havaya təsir göstərir və nəticədə səs dalğaları yaranır. İsitmə və soyutma silsilələri eyni anda çoxsaylı səs tezliyi yaratmağa imkan verir. Nəticədə alimlər hətta ultrasəs əldə etməyə nail olublar. Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

6

“Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. Məlumata əsasən şirkət, yeni smatfonu standart 3.5 mm-lik audiogirişdən məhrum etmək istəyir. İndi isə internetdə hələ anonsu olmamış cihazın ilk render fotoları sızdırılıb. Smartfonun aşağı paneli, sözügedən şaiyələri təsdiq edir. Əgər bu məlumat düz olsa, onda Honor 9 istifadəçiləri USB Type-C girişi üçün xüsusi naqilli və ya Bluetooth qulaqlıqlardan istifadə etməli olacaqlar. İkinci foto, smartfonun ikili arxa kameraya sahib olacağını göstərir. Yeni smartfon, bu brenddə gördüyümüz əvvəlki dizayn özəlliklərini özündə daşıyacaq. Daha bir özəllik isə barmaq izi skanının arxa paneldən ön paneldəki fiziki “Home” düyməsinə inteqrasiyası ola bilər. Qeyd etmək lazımdır ki, sızdırılmış render fotoların düzgünlüyü təsdiq edilməyib. Buna görədə onlara tam şəkildə inanmaq lazım deyil.

7

Azərbaycan Texniki Universitetinin tələbələri qeyri-adi eynəklər hazırlayıb. Universitetin IV kurs tələbələri olan Şahin Xəlilov, Taleh Qurbanov, Alim Babazadə və İdrak Əsədbəyli ADA universitetində keçirilən “Seedstars World” adlı yarışda iştirak ediblər. Onların hazırladığı qeyri-adi eynəklər hər kəsin böyük marağına səbəb olub və tələbələr yarışmada qalib olublar. Belə ki, gənc ixtiraçıların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir. Qeyri-adi ixtiraları ilə qalib gələn komanda üzvləri hazırda bu layihənin həyata keçirilməsi üçün şirkətlər və iş adamları ilə görüşürlər.

8

“Android” qurğularının əksəriyyətində Britaniyanın “ARM” şirkəti tərəfindən hazırlanmış prosessorlar istifadə olunur. Məhz bu şirkət “Cortex-A” nüvəsinin və “Mali” qrafik sürətləndiricisinin yaradılması ilə məşğul olur. “ARM” şirkəti martın sonunda “DynamIQ” prosessorlarının yaradılması üçün yeni arxitektura, bu həftə isə şəkillərin emalı üçün “Mali-Cetus” adlı növbəti nəsil prosessor təqdim edib. Bu, yüksək təsvir ölçülü ekranları dəstəkləyən tamamilə yeni arxitekturadır. “ARM” şirkətinin məlumatına görə, “Mali-Cetus” prosessorları 120 hersədək yeniləmə tezliyində 4Kx2K təsvir ölçülü ekranlar üçün nəzərdə tutulub.

9

“Microsoft” şirkəti “Windows” əməliyyat sisteminin “məktəb” versiyası ilə işləyən ilk noutbukunu nümayiş etdirib. 13,5 düymlük displeylə təchiz edilmiş “Surface Laptop” noutbuku 13 düymlük “MacBook Pro”dan daha sürətli işləyir və avtonom iş vaxtı 14,5 saat təşkil edir. Yeni noutbuk Nyu-Yorkda keçirilmiş konfransda təqdim olunub. Yeni leptop “Surface” seriyasına məxsus cihazlar arasında planşetə çevrilməyən ilk qurğudur. Yeni cihazın klaviaturası “Surface Pro 4” noutbukunda olduğu kimi süni dəri ilə işlənib və displey “Surface Pen” stilusuna qarşı həssasdır. “Surface Laptop” noutbuku “Intel Core i7” prosessoru, 1080p “PixelSense” (tərəflər nisbəti 3:2) displeyi, 1 TB-lıq SSD daşıyıcı, “USB-A” portu və “Dolby Premium” səs sistemi ilə təchiz edilib, çəkisi 1,25 kq-dır. “Core i5” çipi ilə təchiz edilmiş başlanğıc səviyyəli model 999 dollara satılacaq. Yeni noutbuk 15 iyun tarixində satışa çıxarılacaq.

10

“Toshiba” şirkəti “Portege X30 Ultraportable” adlı noutbukunu satışa çıxarıb. Kompüterin ən güclü modeli qabaqcıl “Intel Core i7-7600U” prosessoru, 13,3 düymlük sensor ekran, 2 133 MHs takt tezlikli 16 QB-lıq DDR4 əməli yaddaşı və 512 QB SSD daşıyıcı ilə təchiz edilib. Yeni “Portege X30” noutbuku sifətin tanınması sistemi, barmaq izinin skaneri, “BitLocker” disklərin şifrlənməsi, smart kartları oxuma qurğusu, “Intel Authenticate” və “Trusted Platform Module” texnologiyaları daxil olmaqla əlavə təhlükəsizlik elementləri təklif edir. “Portege X30 Ultraportable” noutbukunda korpusun qalınlığı 15,9 mm-dir,  çəkisi isə 1,1 kq-dır. İstehsalçının sözlərinə görə, yeni noutbuk 18 saat avtonom işləyə bilir. “Mil-SPEC-810G” sertifikatını almış noutbuk ekstremal temperatur, su, vibrasiya, zərbə və toza qarşı davamlıdır. “Portege X30” noutbukunda 2 ədəd “USB Type-C” və “USB 3.0” portları, HDMI konnektoru, “microSD” üçün slot var. Standart konfiqurasiyalı “Toshiba Portege X30 Ultraportable” noutbukunun qiyməti 1449 dollardır.

11

“IDC” analitiklərinin proqnozuna görə, cari ildə dünyada koqnitiv sistemlər və süni intellekt sistemlərinin satış həcmi 59,3% yüksələrək 12,5 milyard dollar təşkil edəcək. Yaxın illərdə bu texnologiyalara yatırılan korporativ investisiyaların həcmi yüksək olacaq və bunun sayəsində artım tempi yüksək səviyyədə (ildə orta hesabla 54,4%) qalacaq. Bazarın ən böyük seqmenti (2017-ci ildə 4,5 milyard dollar) koqnitiv proqramlar seqmenti olacaq. Süni intellektdən istifadə edən proqram platformalarının payına 2,5 milyard dollar düşür. İT və biznes sahəsində xidmətlər 3,9 milyard dollar, ixtisaslaşdırılmış server və məlumatların saxlanılması sistemlərinin satışı isə 1,9 milyard dollar gəlir qazandırır. Analitiklər indi daha böyük investisiyalar cəlb edən süni intellekt və koqnitiv sistemlərin 5 tətbiq sahəsini ayırıblar. Bunlar aşağıdakılardır: 1. Keyfiyyəti idarəetmə sahəsində tədqiqat və tövsiyələr sistemi; 2. Müalicə-diaqnostika sistemləri; 3. Müştərilərə avtomatlaşdırılmış dəstək xidməti; 4. Təhlükələrin qarşısının alınması üzrə avtomatlaşdırılmış sistemlər; 5. Fırıldaqçılıq hallarının araşdırılması və təhlili sistemləri.

12

Çin alimləri yeni kvant hesablama maşını yaradıblar. Yeni düzəldilən kvant hesablama qurğusu adi kompüterləri dəfələrlə üstələyir. Məlumata görə, qurğunun prototipi ümumi təyinatlı ilk elektron rəqəmli “ENIAC” qurğusundan 10-100 dəfə sürətlidir. Hesablama qurğusunun, həmçinin klassik kompüterləri geridə qoyan və işdə tək-tək fotonlardan istifadə edən ilk qurğu olması bildirilir. Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir. Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər. Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

13

Massaçusets Texnologiya İnstitutunun alimləri radiosiqnallardan istifadə etməklə insanın hərəkət sürətini ölçən “WiGait” adlı qurğu hazırlayıblar. Kiçik şəkil ölçüsündə divar lövhəciyi kimi görünən qurğu mobil telefonların və ya ev “Wi-Fi” modeminin siqnallarından zəif radiosiqnallar buraxır. Boy və bədən nisbətini nəzərə alaraq bir neçə insanı “fərqləndirən” “WiGait” siqnalların insan bədənində necə “əks olunmasını” qeydə alır və onların hərəkətini izləyir. Yeni texnologiya eyni alimlər qrupu tərəfindən yaradılan “RF Capture” texnologiyasına əsaslanır. Bu, insanların hərəkətini simsiz şəbəkə vasitəsilə “izləmək” üçün ilk cəhd olmasa da, texnologiya yaradıcıları siqnalın kənar səslərdən təmizlənməsi alqoritmləri ilə işə böyük diqqət yetiriblər. Bu, texnologiyaya 15 insan bədəninin cizgisini təxminən 90 faiz dəqiqliklə fərqləndirməyə imkan verib. “WiGait” məlumatları 99 faizlik dəqiqliklə emal edir. Alqoritm yerişi digər gündəlik məişət hərəkətlərindən, məsələn, təmizlik işlərindən fərqləndirə bilir.

14

“Microsoft” şirkəti istifadəçilərə “Windows 10 S” əməliyyat sistemində (ƏS) standart brauzeri dəyişdirməyi qadağan edib. Bu haqda yeni ƏS ilə bağlı FAQ bölməsində məlumat verilib. Məlumata görə, “Windows 10 S” sistemi ilə işləyən qurğuların sahibləri standart “Edge” brauzerini digərinə dəyişdirə bilməyəcəklər. Beləliklə, istifadəçi istənilən kənar brauzeri yüklədiyi halda belə elektron poçta göndərilmiş məktublardakı bütün istinadlar və başqa xidmətlər standart “Microsoft Edge” brauzerində açılacaq. Bu halda istifadəçilər, həmçinin standart axtarış sistemini dəyişdirə bilməyəcəklər. İstifadəçi ünvan sətrinə sorğu yazdıqda avtomatik “Bing” axtarış sistemində yönləndiriləcək. Həmçinin “Google” şirkəti “Chrome OS” əməliyyat sistemində standart brauzeri dəyişdirməyi qadağan edir, ancaq standart axtarış sistemini dəyişdirməyə imkan verir. Xatırladaq ki, yeni “Windows 10 S” əməliyyat sistemi 2 may tarixində təqdim edilib. Sistem məhdud funksionallığa malikdir və yalnız “Windows Store” mağazasından yüklənmiş proqramlar işləyəcək. Bu sistem ucuz  noutbuklar üçün nəzərdə tutulub və “Chrome OS” proqram platformasına rəqibdir.

15

“Apple” şirkətinin baş direktoru Tim Kuk korporasiyasının illik gəlirləri barədə hesabat təqdim edib. Tim Kuk bildirib ki, “Apple Watch” “ağıllı” saatlarından gəlirlər iki dəfə artıb. Bu günə qədər Kupertinodan olan şirkət bu cihazlara olan alıcılıq tələbatını gizlədirdi və onlar “Apple TV”, “AirPods”, “Beats” kimi aksesuar cihazlar bölməsinə daxil edilib. Mütəxəssislər hesab edirlər ki, “Apple” bilərəkdən gəlirləri barədə məlumatları gizlədib ki, “SmartWatch”u dəstəkləməkdən imtina edən “eBay”, “Amazon”, “Google” kimi şirkətlərlə “hesab çürütsün”. Proqnozlara görə, yaxın zamanlarda şirkətin səhmləri dəyişə bilər. Buna səbəb mobil cihazlar bazarı ilə bir araya sığmayan bir sıra kənar problemlərdir. Gəlirlərdən danışarkən T.Kuk dəqiq rəqəmlər deməyib və ancaq müqayisəli analoqlar misal çəkib. Məsələn, o, “AirPods”, “Beats headphones” və “Apple Watch” şirkətlərinin satışlarından gələn gəlirləri “Fortune 500” şirkətinin dəyəri ilə müqayisə edib.

16

“Microsoft” şirkəti yeni “Windows 10 S” əməliyyat sistemini rəsmən təqdim edib. Proqram platforması ucuz kompüterlərdə istifadə üçün nəzərdə tutulub və “Google Chromebook” noutbuklarına rəqibdir. “Windows 10 S” sistemi yalnız “Windows Store” proqramlar mağazasından “Win32”, həmçinin “Universal Windows Platform” (UWP) proqramlarını işə salmağa imkan verir. Bu, sözügedən sistemi “Windows 10” əməliyyat sistemindən fərqləndirir, ikincisi, çoxlu sayda UWP proqramlarının yaradılmasına səbəb olacaq. Bu isə proqram nəhəngi üçün son dərəcə vacibdir, çünki məhz UWP proqramları çox platformalıdır. “Windows 10 S” sisteminin arxitekturası həmin “Windows 10” proqram platformasıdır, sadəcə, onun funksiyalarının bir hissəsi blok edilib. Təxminlərə görə, “Windows 10 S” sistemi “Windows”un daha sürətli işləyən versiyası olacaq. Həmçinin “Windows 10” sistemi ilə müqayisədə daha tez açılacaq. Sistemin əsas brauzeri “Edge”dir, bundan başqa “Windows 10 S” platforması “Windows Store” mağazasında əlçatan istənilən brauzerdən istifadəyə imkan verəcək. Yeni sistemdə başlanğıc ayar kimi “OneDrive” “bulud” xidməti ilə aktiv sinxronlaşdırma imkanı mövcuddur. “Windows 10 S” əməliyyat sistemi ilk növbədə şagird və tələbələrə hədəflənib.

17

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register