Abxaziya-Gürcüstan, ayrılma xətti: müharibədən 25 il sonra

abxaziya

Ayrılma xəttində həyat haqqında reportaj.

Mətn, foto və video JAMnews tərəfdaşı olan Ukraynanın Hromadske teleşirkəti tərəfindən hazırlanıb
 

“Burada heç nə dəyişmir. Hər şey yerində addımlayır. Bir hökumət gəlir, sonra gedir. Burada isə yaxşı heç nə baş vermir”, – Abxaziya və Gürcüstanın qalan ərazisi arasında xətdəki vəziyyəti İnquri körpüsündən keçən Gürcüstan buraxılış məntəqəsi yaxınlığındakı kafenin sahibi Terenti Kvaratsxeliya belə təsvir edir.  

Artıq 25 ildir ki, o, Abxaziya ilə Gürcüstanın qalan ərazisi arasında bu, bəzən rəsmi müzakirələr zamanı de-fakto sərhəd adlandırılan yerdə yaşayır və işləyir.

2017-ci ildə 1992-1993-cü illərdə Gürcüstan-Abxaziya müharibəsinin başlamasından 25 il keçir. Təxminən 25 ildir ki, bu münaqişə dondurulub. Amma doğrudanmı orada, həmin reallıqda yaşayanların gözlərində göründüyü kimi, heç nə dəyişmir? Ukraynanın Hromadske TV media-qrupunun jurnalistləri Abxaziya ilə Gürcüstanın qalan hissəsi arasındakı ayırma xəttində nələrin baş verdiyini öz gözləri ilə görmək üçün “dondurulmuş zona”da dörd gün qaldılar.

 

   Xətt və sərhəd

İnqur körpüsündən inzibati xətti keçmək üçün nəzarət-buraxılış məntəqəsi yaxınlığında, Gürcüstanın Ruxi qəsəbəsində hərbçilər gözə dəymir. Burada olsalar belə, rast gəlmədik. Əsas nəzarəti polis həyata keçirir.

Heç bir növbə də yoxdur – nə adamlardan, nə də maşınlardan. Burada inəklər rahatca gəzişir. At qoşulmuş araba yavaş-yavaş adamlarla dolur. Bu, faktiki “sərhədin” bir tayından o biri tayına sərnişin daşımaq üçün yerli servisdir. Yaşlı adamlar, tələsənlər və ya sadəcə yorulanlar üçün özünə məxsus atlı transferdir.

İnquri çayı üzərindəki körpü sadə vətəndaşların inzibati xətti keçə biləcəyi yeganə yerdir. Düzdür, İnquri SES-nə xidmət üçün texniki Lakubırxua nəzarət-keçid məntəqəsi var.

İnquri körpüsü

ATƏT müşahidəçilərinin məlumatına görə, hər gün körpü ilə bir tərəfdən o biri tərəfə minə yaxın adam keçir. 2017-ci ilin mart ayında Abxaziya dörd nəzarət-buraxılış məntəqəsindən ikisini bağlayandan sonra onların sayı bir az da artdı. Hazırda Nabakiya və Otobaya məntəqələri işləmir.

Adamlar Abxaziyadan qonşu gürcü Zuqdidi şəhərindəki bazara gedir, ayırma xəttini həm də Abxaziyada yaşayan, Gürcüstanda isə təhsil alan uşaqlar keçir. İki qalan məntəqə bağlandığından valideynlər övladlarını beş iş günü müddətində gürcü tərəfində yaşayan qohumlarının yanında qalması üçün imkanlar axtarırlar. Onda məktəblilər evlərinə ancaq istirahət günlərində qayıdır. Hazırda de-fakto sərhədi keçmək yerli sakinlərin dediyinə görə, 15 dəqiqədən bir saata qədər çəkir.

Gürcüstan tərəfinə gedən Abxaziya sakinlərindən xəbər alırıq – onların xətti keçməklə bağlı problemləri varmı, bu prosesin necə keçməsindən razıdırlarmı? Hamısı deyir ki, hazırda problem həqiqətən də yoxdur, əgər söhbət məhz İnquri körpüsündən gedirsə. Bu problemsizliyin arxasında Gürcüstanın separatist respublikanın sakinlərinə münasibətdə tam düşünülmüş siyasəti durur.

İnzibati ayrılma xətti Gürcüstan üçün əlaqə xəttidir. O, bu yolla Abxaziya nömrəli avtomobilləri buraxır və BMT-yə üzv olan dörd dövlətin: Rusiya, Venesuela, Nikaraqua və Nauru (sonuncu sakit okeanda yerləşən və 10 minə yaxın əhalisi olan cırtdan ada ölkəsidir) tərəfindən tanınan qondarma respublikanın sakinlərindən əlavə sənəd tələb etmir.

O tayda yaşayan abxazlar və gürcülərdən Gürcüstan ərazisinə keçmək üçün əlavə sənədlər tələb olunmur. Məsələ ondadır ki, Gürcüstan tərəfində polis məntəqəsinin yanında Gürcüstan bankının səyyar nümayəndəliyi var. Orada Gürcüstan pasportları olan Abxaziya sakinləri pensiya və sosial ödənişlər alır. Heç bir növbə olmadan, İnquri çayını keçən kimi. Burada bu, “pensiya turizmi” kimi deyil, təbii proses kimi qəbul edilir.

Eyni zamanda Abxaziya “hökuməti” üçün bu, ayırma xətti deyil, “dövlət sərhədidir”. Abxaziya tərəfi və Rusiyanın güc qurumları İnquri körpüsünün o biri tərəfinə Gürcüstan maşınlarını buraxmır, Gürcüstan vətəndaşlarından və əcnəbilərdən giriş vizaları tələb edirlər.

MDB ölkələri vətəndaşları Abxaziyaya ancaq Psou nəzarət-buraxılışı məntəqəsindən keçə bilər və təbii ki, ölkəni də bu məntəqədən tərk edə bilərlər. Biz, jurnalist kimi, Abxaziyaya giriş vizasını Gürcüstan tərəfindən  nəzarət-buraxılış məntəqəsi vasitəsiylə almağa çalışdıq, amma ala bilmədik.

Abxaziyanın bir çox sakinləri gürcü pasportlarını saxlayır.

Daha bir məntəqə Gürcüstanın Xurça kəndində yerləşir. Bu məntəqə vasitəsiylə ətrafdakı abxaz kəndlərinin sakinləri qısa müddətdə Gürcüstanın nəzarəti altında olan əraziyə keçə bilirlər. Düzdür, 2017-ci ildə Abxaziya bu məntəqəni bağladı. Yerli sakinlər hasarın arxasından görünən binanı göstərirlər: danışırlar ki, orada rusiyalı hərbçilər yaşayır.

Taksi sürücüsü Ənvər Pertaya bağlı nəzarət-buraxılış məntəqəsinin yanında durub, əlini yelləyir: həyat burada dayanıb.

“Vəziyyət ağırdır. Həmişə birlikdə yaşamışıq. Bir-birimizin toyumuza, vayımıza getmişik. Mənim Abxaziya tərəfə getmək üçün sənədim yoxdur. Sənədi olan da o tərəfə keçmək üçün dairə vurmalıdır. Abxaz pasportun olmalıdır. Gürcü pasportu ilə məni ora kim buraxar?” – o, artıq işlədə bilmədiyi avtomobilinin yanında durub, danışır. Əvvəllər  taksi sürücüsü işi ona yaxşı gəlir gətirirdi, indi də daşımağa adam yoxdur.

Xurça kəndində bağlanan Abxaziya nəzarət-buraxılış məntəqəsində atılmış qalan kiosk və köşklər

Məhz Xurçadakı məntəqədə 2016-cı ilin may ayında abxaziyalı “sərhədçi” Raşid Kanci-oğlu Gürcüstan vətəndaşı Qiqa Otzoxoriyanı güllələdi. Otzoxoriya ərzaqları Abxaziya tərəfinə keçirmək istəyirdi. Aralarında yaranan münaqişə faciə ilə bitdi. Kanci-oğlu Abxaziya ərazisinə qaçdı. Gürcüstanda ona qiyabi şəkildə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsdilər.

Bu iş cinayətkarın həyasızlığı səbəbindən böyük səs-küy doğurdu: Abxaziya sakini ayrılma xəttini keçərək, düz Gürcüstanın müşahidə kameraları altında Gürcüstan tərəfinin bildirdiyinə görə, münaqişədən qaçmağa çalışan Gürcüstan vətəndaşını qətlə yetirdi.

                 Heç yerə aparmayan körpü və Abxaziyanın hesabları

Bir tərəfdən burada inzibati ayrılma xəttinin keçilməsinin nisbətən liberal rejimi fəaliyyət göstərir. Digər tərəfdən də, ticarət və yük daşınmaları Gürcüstanın keçmədiyi həmin o qırmızı xətdir. O, separatist regionla rəsmi ticarət münasibətləri həyata keçirmir. Bununla belə, yerli sakinlər kamera arxasında qaçaqmalçılıq və “gizli yollar” barədə danışır.

Dəmir yolunun keçdiyi körpünün xarabalıqları 

Gürcüstanın Qanmuxuri kəndi ərazisində körpünün xarabalıqlarını görmək mümkündür. Bir vaxtlar bu yol başqa ölkələrə aparırdı, indi isə heç yerə. Bu, yerli hakimiyyətin prinsipial qərarı oldu. Əvvəllər bu körpü ilə Abxaziyadan  Gürcüstanın qalan hissəsinə dəmir yolu əlaqəsi keçirdi. Bu yolla birbaşa Ermənistan, Azərbaycan və digər ölkələrə sitrus daşıyırdılar. İndi isə Abxaziya fındığını və ya portağallarını Ermənistana dolayı yollarla, bütün Cənubi Qafqazı keçməklə çatdırmalı olurlar. Bu şəraitdə də abxazlar öz ixrac mallarını Rusiyaya yönəltdilər.

Gürcüstanda hesab edirlər ki, Abxaziya ilə dəmir yolu əlaqəsinin bərpası onun “hakimiyyətinin” legitimliyini tanımağa bərabərdir. Hər halda indiyə qədər ölkədə bu məsələylə bağlı konsensus mövcud olub.

Gürcüstan Abxaziyadan yükləri buraxmır və dəmir yolunu bərpa etmir, bu zaman da Rusiya deyil, məhz Gürcüstan Abxaziya üçün elektrik enerjisinin generasiya edilməsi ilə bağlı olan xərcləri və Rusiyadan əlavə ixraca görə Abxaziyanın hesablarını ödəyir.

Buna ehtiyac su anbarında suyun səviyyəsi kritik həddə çatanda və ya İnqur SES təmirə bağlananda yaranır. Həm müharibə vaxtı, həm də ondan sonra gürcülər və abxazlar birlikdə İnqur çayı üzərindəki nəhəng su elektrik stansiyasını idarə ediblər.

Gürcüstan və Abxaziyanın dondurulmuş münaqişəyə baxmayaraq, birlikdə istismar etdiyi İnqur SES-in bəndinin görüntüsü

İnqur SES olmadan Abxaziya tamamiylə elektrik enerjisiz qalardı və Rusiyadan yüz faizlik idxala ehtiyacı olardı. Eyni zamanda bu SES həm də Qərbi Gürcüstanı elektrik enerjisi ilə təmin edir.

Xarabalıqlar

 

Gürcüstanın Zuqdidi şəhərində yarıdağılmış ev görmək mümkündür, suyu və kanalizasiyası olmayan bu binada on illərdir ki, abxaz köçkünləri yaşayır. Bu xarabalıqların sakinləri əsasən köçkünlər üçün nəzərdə tutulmuş aylıq 45 lari (18 dollar) və yoxsullar üçün 160 lari (66 dollar) həcmində sosial yardım hesabına yaşayırlar. Onlar 24 il hakimiyyətdən yeni tikilən binalardan mənzil gözləyirdilər.

Xaraba evin qapısından içəri daxil oluruq: binanın birinci mərtəbəsində açıq qapıdan tüstü çıxır – nəsə yanır. Amma adamlar çölə çıxmır. Sakitcə masa arxasında oturub, söhbət edirlər. Digər mənzillərdə dövlətdən mənzil almaqlarını bayram edirlər.

Proqnozlara görə, Abxaziya və Cənubi Osetiyadan olan 273 411 köçkünü evlə təmin etmək və onların bütün sosial problemlərini həll etmək üçün Gürcüstana daha 30 il lazımdır. Rəsmi məlumatlara görə, məhz bu qədər insan hazırda köçkün statusuna malikdir.

Zuqdidi şəhər soveti rəhbərinin vəzifələrini icra edən Giorgi Todua köçkünlər üçün evlərin tikintisinin necə maliyyələşdirildiyini izah edir: “Zuqdididə köçkünlər üçün yaşayış evlərinin tikintisini  köçkünlərlə iş üzrə nazirlik maliyyələşdirir. Şəhər və bələdiyyə büdcəsində də bu məqsədlər üçün müəyyən vəsaitimiz var. Amma əlbəttə ki, bu çatmır”.

Dövlətdən mənzil almaq haqqına heç də hər kəs malik deyil: köçkünlər anket doldurur. Bundan sonra onların cavabları qiymətləndirilir: ailə maksimal bal toplaya bilirsə – dövlət ev verməlidir. Daha az bal toplayanlara ancaq pul müavinəti verilir.

Dövlət kömək edir, amma ləng tərpənir. Münaqişə dondurulandan 25 il keçməsinə baxmayaraq, problemlərin sayı azalmır, İaqo Fasandze danışır. O, köçkünlərə kömək edən qeyri-hökumət təşkilatı yaradıb. Ailəsi də Abxaziyanı müharibəyə görə tərk etməli olub.

“Dövlət köçkünlər üçün evlər tikir. Amma çoxlarının xeyli başqa problemləri də var. Misal üçün, dərmana ehtiyacları var. Qeyri-hökumət təşkilatı olaraq vaxtında kömək etmək imkanına malik deyilik. Bundan başqa, onlar üçün evlər də çox ləng tikilir”, – İaqo deyir.

 

Ayrılma xəttində səhiyyə

Ayrılma xəttində qəribə proseduranı müşahidə etmək olar: abxaz nömrələri olan təcili tibbi yardım maşını Gürcüstanın nəzarət-buraxılış məntəqəsinə yaxınlaşır, eyni zamanda da orada Gürcüstanın arabası dayanır, abxazlı həkimlər kişini xərəkdə gürcü həmkarlarına ötürürlər. Abxaziya sakinləri Gürcüstanda müalicə almağı üstün tutur: orada onlar üçün tibbi sığorta proqramı fəaliyyət göstərir.

Hazırda Gürcüstan hakimiyyəti Ruxi kəndində çoxprofilli klinika tikir. O, abxazlar üçün açıq olacaq. Gürcüstan xəstəxanalarının abxaz pasientlərinin təhlükəsizliyi məqsədiylə onlar haqqında məlumatı açıqlamır. Misal üçün, jurnalistlər Abxaziyada yaşayan və Gürcüstanda müalicə alan insanların sayı haqda məlumat əldə edə bilmir.

“Abxaziya sakinləri üçün səhiyyə proqramı var: onlar üçün bütün xidmətlər pulsuzdur. Hesab edirik ki, bu cür proqramlar həmin adamlarla gələcəkdə barışmaq üçün çox vacibdir. Amma ikinci tərəf o qədər də açıq deyil. Mən rusiyalıları deyil, abxazları nəzərdə tuturam. Bu, Rusiyanın siyasətidir”, – Zuqdidi şəhər sovetinin başçısı vəzifələrini icra edən Giorgi Todua izah edir.

Barışıqlıq

 

“Biz adamları qaytarmalıyıq, vacib olanı budur”, – Giorgi Todua deyir. Səhiyyə, sərhədi sərbəst keçmək, sosial ödənişlər, Abxaziya üçün elektrik enerjisinin idxalının ödənilməsi – bütün bunlar Rusiyanın bu dondurulmuş münaqişədə təsirinin qarşısını ala və ya neytrallaşdıra bilərmi?

Abxaziya və Rusiya ümumi qoşun qruplaşması yaradıblar, hazırda Abxaziya ərazisinə Rusiyanın müxtəlif hərbi obyektləri səpələnib. Rusiya həm də separatist respublikaya subsidiyalar yatırır və orada öz təbliğatını yayır.

Müharibədən 25 il keçəndən sonra Gürcüstan insanların qəlbi, Rusiya isə ərazi uğrunda mübarizə aparır. Amma heç bir tərəfin qələbəsi də zəmanət vermir ki, qaçqınlar, xüsusən də qohumları Gürcüstan tərəfində döyüşən qaçqınlar nə vaxtsa vətənlərinə qayıda biləcəklər. Bu insanlar “dondurulmuş”, sonu bilinməyən evə qayıdışın nə demək olduğunu bilir.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

 Mənbə: jam-news.net
 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register