Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Ən az trafik sərf edən mobil messencer hansıdır? İtaliyanın “SosTariffe” operatoru ən populyar messencerlər arasında internet trafikinin işlənməsi üzrə statistikanı tədqiq edərək onlardan hansı birinin daha az mobil meqabayt sərf etməsini müəyyənləşdirib. Müqayisədə “WhatsApp”, “Telegram”, “Hangouts”, “Line”, “Viber”, “Facebook Messenger” və “Skype” kimi yeddi messencer iştirak edib. Ekspertlər tərəfindən testlər 1 saat ərzində “LTE” şəbəkələrindən istifadə edilməklə aparılıb. Nəticələrdən məlum olub ki, “Telegram” ən az, “Skype” və “Facebook Messenger” isə ən çox trafik sərf edir. Məlumata görə, sınaqlar üç istifadə rejimi üzrə keçirilib: Kiçik – 20 göndərilən və 20 alınan məlumat, 5 göndərilən və 5 alınan fotoşəkil. Orta – 40 göndərilən və 40 alınan məlumat, 10 alınan və 5 göndərilən fotoşəkil. Yüksək – 100 göndərilən və 100 alınan məlumat, 50 alınan və 20 göndərilən fotoşəkil. “WhatsApp” messencerini geridə qoyan “Telegram” 1 saat istifadə üçün 0,42-3,75 meqabayt nəticə ilə ən az mobil trafik sərf etməsi ilə xarakterizə olunur ki, bu da “Facebook” messencerindən 35-40% azdır. Digər əlavələr saatda 0,65-6,23 meqabayt sərf edən “WhatsApp”dan daha çox trafik sərf edirlər. “Hangouts” və “Line” servisləri “WhatsApp” ilə müqayisədə trafiki 6-18% çox işlədir. Lakin aktiv rejimdə “Line” 5,85 meqabayt, “WhatsApp” isə 6,23 meqabayt sərf edib. “Viber”, “Facebook Messenger” və “Skype” ən çox internet trafiki sərf edənlər sırasında yer alıb. Belə ki, “Viber” saatda 1,56-15,25, “Facebook” və “Skype” isə 2,05-22,22 meqabayt işlədib.

1

Finlandiyanın “HDM Global” şirkəti bu ilin mayın 24-dən etibarən “Nokia 3310” smartfonlarının satışına start veriləcəyini elan edib. Böyük Britaniyada yeni telefonu mayın 24-dən əldə etmək mümkün olacaq. Almaniya bazarına yeni məhsul mayın 26-da çıxarılacaq. Belçika və Hollandiyada “Nokia 3310”-u iyunun 5-dən sonra almaq mümkün olacaq. Şirkətin Rusiya bölməsinin mətbuat xidmətinin verdiyi məlumata görə, bu ölkədə yeniliyi 2017-ci ilin ikinci yarısından sonra tapmaq mümkün olacaq. Rusiyada satışların dəqiq vaxtı hələlik açıqlanmayıb. Telefonun orijinal versiyası 2000-ci ildə yaradılıb və böyük tələbata malik idi. O zaman bu telefon bütün dünyada 126 milyon nüsxə ilə satılıb. Yenilik orijinalla müqayisədə isə daha yüngül və nazik olacaq, korpusu 4 rəngə malik olacaq. Bunlar göy, sarı, qırmızı və boz rənglərdir. Telefonun qiyməti 49 avro təşkil edir. Rusiyada isə “Nokia 3310”-ün qiyməti 3 042 rub və 90-91 manat təşkil edəcək.

2

2016-cı ildə Rusiyada internet piratçılığı 300 faiz artıb. Bu barədə ABŞ Ticarət Nümayəndəliyinin dərc etdiyi hesabatda deyilir. Əldə olunan məlumata əsasən, Rusiya əqli mülkiyyətin müdafiəsinə nəzarətdə əsas ölkələr siyahısına daxil edilib. Bu siyahıda həmçinin Tayland, Hindistan, Ukrayna, Argentina, Çili, Əlcəzair də mühüm yer tuturlar. Bununla belə, ticarət nümayəndəliyinin əməkdaşları qeyd edirlər ki, Rusiya qanunvericiliyində əsas məsələ hələ də həllini tapmayıb – pirat kontentli saytların sahiblərinin təqib edilməsi nəzərdə tutulmur.

3

İtaliyanın Florensiya Universitetinin alimləri suyun keyfiyyətinə nəzarət edən robot-balıqlar tərtib ediblər. Gözlənilir ki, bu maşınlar ekoloji resurslara nəzarət və vaxtlı-vaxtında ətraf mühit şəraitinin dəyişikliyi ilə bağlı xəbərdarlıq edəcəklər. Alimlər diqqəti planetin su resurslarının mühafizəsinə yönəltməyi qərara alıblar. Okean və dənizlərə çıxışı olan bir çox ölkələrin sakinlərinin rasionu dəniz məhsullarından ibarətdir. Bununla əlaqədar olaraq sual yaranır ki, insanlar zəhərli məhsulların istifadəsindən necə qorunsun. Suyun çirklənməsinin, həmçinin dəniz canlılarında xəstəliklərin inkişafının qarşısını almaq üçün okean və dənizlərin ekologiyasına nəzarəti həyata keçirmək vacibdir. Alimlər bu məqsədlə planetin su resurslarını təmizləyə biləcək robot-balıq yaradıblar. Quyruğu nəzərə alınmamaqla, robotun uzunluğu 30 sm təşkil edir. Robot suyun keyfiyyət göstəricilərinə nəzarət edir və ekologiyanın korlanması zamanı dərhal mütəxəssisləri xəbərdar edir. Artıq elmi işçilər yalnız suyun parametrlərinə deyil, həm də balıqların sağlamlığına nəzarət edə biləcəklər.

4

İtaliyanın antiinhisar idarəsi “WhatsApp” messencerini cərimələyib. Populyar messencer İtaliya dövlətinə 3 milyon avro məbləğində cərimə ödəyəcək. Səbəb “WhatsApp”ın istifadəçilərə öz şərtlərini “sırıması” ilə bağlıdır. Xatırladaq ki, İtaliya daha öncə ABŞ-ın “Apple” və “Google” şirkətlərini də böyük miqdarda cərimələyib. “WhatsApp” isə “Facebook” şirkətinə məxsusdur.

5

London İmperiya Kollecinin tədqiqatçılar qrupu insan sifətinin ən dəqiq rəqəmli modelini yaradıb. Tədqiqatçıların sözlərinə görə, texnologiya videooyunlarda və kinematoqrafiyada insan sifətlərinin üçölçülü modellərinin yaradılmasında, eləcə də təhlükəsizlik sistemlərində və sifətin tanınması texnologiyalarının təkmilləşdirilməsində istifadə oluna bilər. Məlumata görə, hazırda kompüter oyunlarının yaradılmasında üçölçülü morfoloji model (3D morphable model – 3DMM) metodundan istifadə edilir. “Əsas” kimi başlıca nöqtələrin uzaqlaşmasının böyüklüyünü xarakterizə edən parametrlər dəsti şəklində karkasdan istifadə olunur. Hər parametri əllə quraşdırmaq, daha sonra yekun modeli “3D” redaktorda düzəltmək tələb olunur. İngilis alimləri isə “3DMM” modellərin tərtibi üzrə prosesin tam avtomatlaşdırılması üsulunu yaradıblar ki, bu da ora çoxlu insandan əldə edilən məlumatları daxil etməyə imkan verir. Alqoritm insan sifətinin şəkillərini məkan yerləşməsinə uyğun avtomatik sıralayaraq onların əsasında üçölçülü modeli tərtib edir. Bundan başqa, alqoritm vasitəsilə səhvləri aşkarlayaraq onları son nəticələrdən silmək mümkündür. Hazırlanma prosesində kompüter sistemi müxtəlif yaş, millət və cinslərə aid çoxlu insan sifəti şəkillərini təhlil edib. Məlumatların emalı nəticəsində “Large scale facial model” (LSFM) adlı orta insan sifəti modeli tərtib olunub. Yeni “LSFM” modelindən neyron şəbəkə əsaslı süni intellekt sisteminin təlimi üçün istifadə olunan 100 min fotoşəkilin generasiyası üçün tətbiq edilib. Sonra neyron şəbəkə müstəqil şəkildə insan sifətlərinin ikiölçülü şəkillərini dəqiq üçölçülü modellərə çevirməyə başlayıb. Hazırda tədqiqatçılar sistemin insan emosiyalarını tanıması məqsədilə alqoritmin təkmilləşdirilməsi ilə məşğuldurlar. Bunun yeni “3D” modelləşdirmə üsulunun geniş imkanlarını daha da yaxşılaşdıracağı gözlənilir.

6

Karneqi-Mellon Universitetinin əməkdaşı Herad Laput tərəfindən təqdim edilmiş universal qurğu hər hansı evdə müxtəlif hadisələri izləyir, məişət qurğularını dəyişmədən və ya mövcud cihazları fərdi sensorlarla təchiz etmədən adi evi “ağıllı” evə çevirməyə imkan verir. “Synthetic Sensor” adlı qurğu şəffaf korpusa malik kiçik lövhə formasındadır, üzərinə kontroller və mikrofon, akselerometr, temperatur, rənglər, maqnit sahəsinin gərginliyi, “Wi-Fi” və atmosfer təzyiqi daxil olmaqla bir neçə datçik qurulub. USB konnektorlu adapter vasitəsilə qurğu enerji ilə doldurulur. Cihaz aktivləşdirildikdən sonra evdə baş verən hadisələri izləyərək bu məlumatları fərdi kompüterə ötürür. Fərdi kompüterdə quraşdırılmış proqram təminatı kompüter təlimindən istifadə edir. Məsələn, proqram təminatı sensorlardan toplanılmış məlumatlar əsasında krandan su axdığını, qazın yandığını, blender və ya başqa cihazların işlədiyini müəyyənləşdirə bilir.

7

Cənubi Koreyada bərpa edilmiş “Galaxy Note 7” smartfonunun bu yaxınlarda fotoşəkilləri yayılan “Galaxy Note 7R” versiyasının satışa çıxarılmasına hazırlıqlar gedir. Orijinal modellə müqayisədə qurğunun qiymətinin iki dəfə ucuz olacağı gözlənilir. Yenilənmiş “Samsung Galaxy Note 7R” tövsiyə edilən qiymətdən 50 faiz ucuz ola bilər. Əvvəllər smartfonun Cənubi Koreyada qiymətinin əvvəlki 870 dollara nisbətdə 620 dollar olacağı ehtimal olunub. Bununla belə, smartfon ABŞ-da 849,99 dollar qiymətləndirilib ki, bu da nəzəri baxımdan “Samsung Galaxy Note 7R” qurğusunun satışa 424,99 dollara çıxarıla biləcəyini deməyə əsas verir. Məlumata görə, təxminən on ay əvvəl buraxılan smartfon üçün dəyərin yarısının tələb olunmasını batareya tutumunun 3500 milliamper/saatdan 3200 milliamper/saatadək azaldılmasına baxmayaraq əlverişli təklif hesab etmək olar. Nəzərə almaq lazımdır ki, akkumulyatorla bağlı səs-küy yaranmamışdan əvvəl orijinal “Note 7” auditoriya tərəfindən çox yaxşı qarşılanıb. Bunu modelin “Android Authority” resursu tərəfindən yüksək qiymətləndirilməsi (mümkün 10 baldan 9,3 bal) bir daha sübut edir.

8

Kvant kompüterlər üçün soyutma sistemi yaradılıb. Finlandiyanın Aalto Universitetinin tədqiqatçılar qrupu kvant kompüterin yaradılması istiqamətində mövcud maneələrdən birini aradan qaldıraraq nanosoyuducu yaradıb. Adi kompüterdə informasiya bir və ya sıfırla göstərilən bit şəklində saxlanılır. Lakin kvant kompüterlərdə informasiya vahidi olan kubit eyni anda bir və sıfır rəqəmi ola bilər. Kubitlər vasitəsilə informasiyanın saxlanılması kompüter sisteminin gücünü əhəmiyyətli dərəcədə artıra bilər. Bildirilir ki, lakin kvant kompüterlər reallığa çevrilməmişdən əvvəl alimlər onların bütün komponentlərini yenidən icad etməlidirlər. Tranzistorların, yenidən proqramlaşdırılan çiplərin, məlumatların ötürülmə üsullarının və qeyri-sabit kvant sistemlərinin stabilləşdirilməsi metodlarının hazırlanması üzrə işlər aparılır. Universitet alimləri Mikko Mottonen və Yen Tan kvant dünyasında daha bir ümumi kompüter komponentinin – soyutma sisteminin təşəkkülündə irəliləyişə nail olublar. Məlumata görə, alimlər elektronun maneədən həm hissəcik, həm də dalğa kimi işləməsinə görə keçə bilməsi sayəsində yaranan kvant tunelləşdirmə effektindən istifadə ediblər. Mütəxəssislər eksperimentdə elektronu 2 nanometr qalınlığında maneənin dəf edilməsi üçün ona lazım olan enerji ilə təchiz etməyiblər. Nəticədə elektronlar tapşırığın yerinə yetirilməsi üçün tələb olunan enerjini kvant qurğudan sərf edərək sistemi soyudub. Qurğunun iş prinsipini yoxlamaq üçün alimlər eksperimentdə real kubitlərdən deyil, analoji şəkildə fəaliyyət göstərən yüksək keçiriciliyə malik rezonatordan yararlanıblar. Gələcəkdə real kvant bitlərlə işləmək, qurğunu daha aşağı temperaturda quraşdırmaq, eləcə də onun işə salınması və söndürülməsini sürətləndirmək planlaşdırılır. Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə, kubitlərdən istifadə edir. Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər. Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

Fiziki müalicədə istifadə ediləcək, eyni anda diaqnoz qoyub müalicə tətbiq edə bilən reabilitasiya robotu düzəldilib. Təxminən 15 ildir fiziki müalicə məqsədli məşq robotu hazırlamaq üçün tər tökən mütəxəssislər dünyadakı nümunlərdən qat-qat üstün olan robot hazırlamağı bacardı. Bu mövzuda 2004-cü ildən etibarən işlədiklərini dilə gətirən mütəxəssislər, robot barəsində məlumat verdilər: “İlk olaraq məşq robotu olan və diz üçün işləyən robotu hazırladıq. Ardından da bilək və qol üçün istifadə edilən ikinci robotu keçən il hazırladıq. Bu robotlar süni zəka ilə işləyən sistemlərdir. Sistemin proqramlarında hərəkətlər öyrədilir və sistem bunları təkrar edə bilir. Bundan əlavə, xəstədən gələn reaksiyalara cavab verərək, müalicə müddətində dəyişikliklər edə bilir. Sistem hərəkətləri yaddaşında saxlayır. Bu məlumatları nəzərdən keçirib müalicə edir. Sistem, xəstənin yaxşılaşma müddətini obyektiv olaraq ölçüb, təqib edə bilir. İnternet əsaslı olduğu üçün məlumatları müalicə mərkəzinə çatdırır. Mütəxəssislər də buna görə üsul təyin edir”.

10

“Intel” korporasiyasının istehsalı olan çiplərdə aşkar edilmiş boşluq hakerlərə kompüter üzərində uzaq məsafədən nəzarəti tam ələ keçirməyə imkan verir. Boşluq “Active Management Technology” (AMT) aparat texnologiyasında aşkar edilib. İnzibatçılar bu aparat texnologiyasının köməyi ilə uzaq məsafədən kompüterlərə xidmət göstərir və başqa məsələləri (məsələn, proqram təminatını yeniləyir və sərt diskləri təmizləyirlər) yerinə yetirirlər. AMT qurğu sönülü olduqda belə klaviatura və “maus”u idarə etməyə imkan verir. Brauzer vasitəsilə istifadəsi mümkün olan texnologiya inzibatçı tərəfindən təyin edilən şifr ilə mühafizə edilir. Problem ondadır ki, haker şifr sahəsinə heç nə yazmadan konsola daxil ola bilir. Şəbəkə təhlükəsizliyinin təmini ilə məşğul olan “Tenable” şirkəti boşluğun mövcudluğunu təsdiq edib. “Intel” korporasiyasının məlumatına görə, sözügedən boşluq 2010-cu ilin istehsalı olan noutbuk, masaüstü kompüter və serverlərdə mövcuddur. “Intel” şirkəti tərəfdaşlarla birgə problemin aradan qaldırılması üzərində işləyir. Həmçinin sistemi boşluq baxımından yoxlayan alət istifadəyə verib.

11

ABŞ-ın “Sprint” şirkəti dünyada ilk simsiz “4G” mini-mobil rabitə baza stansiyasını təqdim edib. Həm kommersiya, həm də şəxsi istifadə üçün nəzərdə tutulan qurğu ABŞ istifadəçilərinin yararlandığı “Sprint LTE Plus” şəbəkəsində əhatəni və məlumatların ötürülmə sürətini xeyli yaxşılaşdırmağa imkan verir. Məlumata görə, “Sprint Magic Box” adlanan modelin qabariti ayaqqabı qutusu ölçüsündədir və ev və ya bina daxilində istifadə üçün nəzərdə tutulub. Əlavə funksiyaların quraşdırılmasını tələb etməyən yeni qurğunu pəncərəyə yaxın yerləşdirmək və elektrik şəbəkəsinə qoşmaq lazımdır. İki dəqiqədən sonra “Magic Box” yaxın “Sprint LTE Plus” baza stansiyasına avtomatik qoşularaq keyfiyyətli “4G LTE” siqnalını paylamağa başlayacaq. Qurğu 2800 kvadratmetrədək ümumi ərazidə qoşulmanı təmin edir.

12

ABŞ-ın “Qualcomm” şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan 14 nanometrlik “Snapdragon 630” prosessorunu təqdim edib. Modelin əsasını 64 bitlik arxitekturanı dəstəkləyən səkkiz “ARM Cortex-A53” hesablama nüvəsi təşkil edir. Onlar hər biri dörd ədəd olmaqla 1,8 və 2,2 giqahers takt tezlikli blokda birləşib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni qurğu “Snapdragon 626” çipindən 30 faiz güclüdür. “Adreno 508” qrafik kontrollerinin və “X12 LTE” mobil modeminin quraşdırıldığı kristal əsaslı sistemdə məlumatların yüklənmə sürəti 600 Mbit/saniyə təşkil edir. Bildirilir ki, prosessor 8 giqabayt tutumlu “LPDDR4-1333” formatlı operativ yaddaşla işləyir. “Snapdragon 630” ilə təchiz edilən smartfonlarda 1920×1200 piksel təsvir ölçüsündə ekrandan və 24 meqapikselli kameradan istifadə mümkündür. Həmçinin, “Wi-Fi 802.11ac”, “802.11n”, “802.11a/b/g”, “Bluetooth 5.0” və “NFC” texnologiyaları dəstəklənir. Bundan əlavə, yeni prosessor “GPS”, “GLONASS”, “Beidou” və “Galileo” naviqasiya sistemləri ilə uyğunluq təşkil edir. “Qualcomm Snapdragon 630” prosessorunun tədarükünə cari rübün sonunadək başlamaq nəzərdə tutulur.

13

“Telegram” servisi kompüterlər üçün proqram təminatında zəng funksiyasını istifadəyə verib. Hazırda “Telegram” servisinin “macOS”, “Windows” və “Linux” əməliyyat sistemləri üçün proqramında başqa istifadəçilərə zəng funksiyası, son çağırışların siyahısı və zənglər üçün məxfilik sazlamaları əlçatandır. Sözügedən servisin proqram təminatı kompüterdə istifadə edildikdə səs qulaqlıqlara deyil, dinamiklərə ötürülür. Səsli zənglər funksiyası, hələ ki, alfa versiyada əlçatandır. Yekun variant haqda məlumat yoxdur. Məlumat üçün bildirək ki, “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün “Telegram”ın mobil versiyası vasitəsilə zəng etmək imkanı 2017-ci il martın sonunda istifadəçilərə əlçatan olub. 2017-ci ilin yanvarında “Telegram” messencerinin qurucusu Pavel Durov öz “Twitter” hesabında yazıb ki, şirkət messencerə səsli zənglər funksiyasını əlavə edəcək.

14

Ötən həftə “Microsoft” şirkəti “Microsoft EDU” konfransında yeni “Windows 10 S” əməliyyat sistemini təqdim edib. “Windows 10” sisteminin bu versiyasının özəlliklərindən biri yalnız “Windows Store” mağazasından yüklənilən proqramların dəstəklənməsi olub. Proqram nəhəngi tədbir çərçivəsində məlumat verib ki,  “Google” və “Mozilla” şirkətləri öz brauzerlərini “Windows Store” tətbiqlər mağazasında yerləşdirə bilərlər. Ancaq sonra məlum olub ki,  tətbiqlər mağazasının siyasətinə görə, adı çəkilən şirkətlər bunu edə bilməyəcək. “Windows Store” tətbiqlər mağazasının tələbinə əsasən brauzerlər universal “Windows” platformasının müvafiq mühərrikindən (“EdgeHTML”) istifadə etməlidirlər. Eyni zamanda “Chromium” mühərrikindən istifadə edən “Google Chrome” brauzeri heç vaxt sözügedən tətbiqlər mağazasında yerləşdirilə bilməz. Bu haqda “Twitter”də “Google Chrome” brauzerinin tərtibatçılarından biri məlumat verib.

15

“Opera” şirkəti eyniadlı brauzerin “Facebook Messenger”, “Telegram” və “WhatsApp” kimi messencerlərin quraşdırıldığı yeni versiyasını (Reborn) hazırlayıb. Internet messencerlərindən xüsusi əlavələr quraşdırmadan yararlanmaq olar. İstifadəçilər əlavə işarələrini brauzerin yan panelində görə bilərlər. Şirkət nümayəndələrinin sözlərinə görə, brauzerin başlıca xüsusiyyəti istifadəçilərin ünsiyyətdən noutbuk və ya fərdi kompüterdə (informasiyanı telefonlarda olduğu kimi, tez əldə etmək) informasiya axtarışına keçidini sadələşdirməkdən ibarətdir. Messencerlərlə inteqrasiya ilə yanaşı, brauzerin xarici görünüşü yenilənib, eləcə də quraşdırılmış “VPN” şəbəkəsi və reklam bloklayıcısı olduğu kimi qalıb. 2017-ci ilin yanvarında “Opera” ilk dəfə messencer və brauzerin “Windows” və “macOS” sistemləri üçün “Neon” əlavəsinə inteqrasiyası ilə bağlı ideyanı təqdim edib. Əksər ekspertlərin fikrincə, brauzerin yenilənmiş versiyası çox rahatdır. Bir messencerdən istifadə etmək və tez axtarış sətrinə keçmək asan olsa da, ünsiyyət üçün bir neçə proqramla işləmək çətinlik törədir.

16

Karneqi-Mellon Universitetinin alimləri elektrik keçirən xüsusi rəngin köməyi ilə istənilən səthi sensor panelə çevirməyə imkan verən yeni texnologiya təqdim ediblər. “Electrick” adlandırılan yeni həllin əsasını elektrik tomoqrafiyasından istifadə təşkil edir. Bu texnologiyanın köməyi ilə istənilən obyekti toxunuşlara həssas etmək və kompüteri elə proqramlaşdırmaq olar ki, bu və ya digər əşyaya toxunuş vaxtı müvafiq funksiyaları yerinə yetirsin. Dosent Kris Harrison bildirib ki, bu, ilk hadisədir ki, içərisi rəng dolu balonun köməyi ilə istənilən əşyanı daxiletmə elementinə çevirmək olar.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register