Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
“Apple” şirkəti iyunun əvvəlində üç yeni noutbuk modeli təqdim etməyi planlaşdırır. Bu barədə “Bloomberg” məlumat yayıb. Nəşrin məlumatına görə, “Apple” şirkətinin rəhbərliyi müvafiq bəyanatı San-Xosedə (Kaliforniya) iyunun 5-də keçiriləcək Texnoloji konfrans zamanı edəcək. Şirkət “İntel” şirkətinin “Kaby Lake” prosessoru ilə təmin edilmiş “MacBook Pro” noutbukunu, eləcə də 12 düyümlük “MacBook” və yenilənmiş “MacBook Air”i istehsal etmək niyyətindədir. “İntel” və “Apple” tərəfindən rəsmi şərhlər verilməyib.
“Hewlett Packard” şirkəti 160 terabayt yaddaş həcmi olan kompüterin prototipini yaradıb. Şirkətdə hesab edirlər ki, söhbət operativ və daimi olan yaddaşdan gedir. Marneulifm bu barədə BBC-yə istinadən xəbər verir. Böyük həcmli məlumatlar ilə işləmək üçün yaradılan kompüter, eyni zamanda 160 milyon kitab ekvivalentində olan məlumatı təhlil edə bilər. “The Machine” (“maşın”) adı alan qurğuda “Linux” əsaslı əməliyyat sistemindən istifadə edilir. Kompüterin yaradıcıları əsas diqqəti prosessora deyil, yaddaşa yönəldiblər. HP bəyan edib ki, kompüterin ərsəyə gəldiyi tədqiqat layihəsi çərçivəsində, son nəticə olaraq “demək olar ki, sonsuz” yaddaş yaradılıb. “Maşın” üzərində iş beş il öncə başlanıb. HP mütəxəssisləri mövcud kompüterlərin böyük həcmli materiallar ilə işləmək üçün yetərli olmadığı və məhz bu məqsədlə superkompüter yaratmaq qərarına gəliblər. Təxminən üç il öncə bu kompüterin üzərində HP laboratoriyalarının 75% əməkdaşı çalışırdı.
“WhatsApp” messencerinin Gürcüstan və dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problemlə üzləşiblər. Təxminən bir milyard insanın istifadə etdiyi proqramın fəaliyyətində çərşənbə günü axşam saatlarında nasazlıq yaranıb. Bəzi istifadəçilər artıq sosial şəbəkələrdə öz narazılığını bildiriblər. Qeyd edək ki, smartfonlar üçün nəzərdə tutulan “WhatsApp” istifadəçilər üçün fotoşəkillər, mətn, audio və videomesajlar, görüntülərin mübadiləsinə xidmət edir. Messencer 2009-ci ildə yaradılıb, 2014-ci ildə “Facebook” onu 21,8 milyard dollara alıb.
“Telegram” messencerinin yaradıcıları iddialı bəyanatla çıxış ediblər. Onlar bildiriblər ki, istifadəçilərin məlumatları heç vaxt heç kimə verilməyəcək. “İndiyədək heç bir hökumət və xüsusi xidmət orqanı bizdən 1 bit informasiya da ala bilməyib. Və bu, həmişə belə olacaq” – deyə açıqlamada bildirilir. Qeyd olunub ki, “Telegram” messencerində gizli çatlarda verilən məlumatlar şifrələnir.
“DxOMark” şirkəti “iPhone 7” və “Samsung Galaxy S8” smartfonlarının kameralarını müqayisə edib. Test zamanı müəyyənləşdirilib ki, “Samsung Galaxy S8”in kamerası amerikalı rəqibini üstələyir. Testdə “Galaxy S8” 88 bal, “iPhone 7” isə 86 bal alıb. Cənubi Koreya istehsalçısının smartfonu çəkiliş zamanı yüksək detallaşdırma və zəif işıqlandırmanın olduğu məkanlarda yaxşı rəng ötürücülüyü nümayiş etdirib. Maraqlıdır ki, “Galaxy S8”in kamerası “Galaxy S7”dən demək olar ki, fərqlənmir. Yalnız fotoların emalı alqoritmləri yaxşılaşdırılıb, bu səbəblə nəticə əvvəlkindən fərqlənir.
ABŞ-ın “Apple” şirkəti pitsa üçün qeyri-adi qutunu patentləşdirib. Pitsa üçün müasir qutunun tərtibatında şirkətin qida xidmətinin rəhbəri Françesko Lonqoni də iştirak edib. “Apple”in qeyri-adi qutusu şirkətin kampusunun (binasının) daxilində istifadə üçün nəzərdə tutulub. Qeyd edilir ki, əməkdaşlar onun köməyi ilə pitsanı yeməkxanadan öz ofislərinə gətirə biləcəklər. Patentlə bağlı müraciət hələ 7 il əvvəl edilib. Qutunun əsas xüsusiyyətlərindən biri xüsusi ventilyasiya dəliklərinin olmasıdır. Bu dəliklər isti pitsadan yaranan buxarı içəridə saxlasa da, nəmlik yaratmır.
Ən böyük mesajlaşma proqramı olan Vatsapda yeni təhlükəli virus yayılıb. Proqram istifadəçilərinə “Whatsapp.com” linki göndərilir. Linkə daxil olanda Vatsapla əlaqəsi olmayan sayt açılır. Maraqlıdır ki, həmin saytda hərflər kiril əlifbasındadır. Vatsap idarəçiləri istifadəçilərə xəbərdarlıq edib ki, mobil əlavəni telefona yükləməsinlər, bu, təhlükəli virus ola bilər.
Telefonu naqilsiz enerji ilə təmin edə bilən bel çantası təqdim olunub. Knomo bir çantadan gözlədiyiniz bütün ehtiyacları qarşılayıb naqilsiz enerji doldurma xüsusiyyəti ilə də seçilən bir bel çantasıdır. Bel çantası şəhər həyatı daxilində daimi olaraq məkan dəyişdirərkən və ya ev ilə ofis arasında gedib-gələrkən artıq ayrıla bilmədiyimiz bir aksessuarımız olub. İstifadə edəcəyimiz əşyalar get-gedə artarkən daima bel çantası ilə gəzmək məcburiyyətində qalırıq. Kickstarter-də dəstək toplayan Knomo-nun LiveFree Backpack-I hər gün hər saat istifadə edə biləcəyiniz bel çantasıdır. Naqilsiz enerji doldurma xüsusiyyəti ilə irəli çıxan LiveFree Backpack ilə telefonunuzu sadəcə çantaya ataraq enerji ilə təmin edə bilirsiniz. Əgər iPhone 6 və ya başqa model bir telefona sahibsinizsə, əlavə olaraq telefonunuza taxacağınız keys ilə də cihazınızı enerji ilə təmin edə bilirsiniz. LiveFree Backpack-ın naqilsiz enerji doldurma xüsusiyyətinə əlavə olaraq, GPS xüsusiyyəti də mövcuddur. Beləliklə də ən son unutduğunuz yeri mobil tətbiq üzərindən görə bilirsiniz. Lakin telefonunuzu enerji ilə təmin edərkən, çantanızı unutsanız nələr ola biləcəyi kimi maraqlı bir sual da yaranır. Su keçirməyən parçası ilə hər hava şəraitində istifadə edə biləcəyiniz bel çantası yan, çarpaz və ön cibləri ilə əşyaları yerləşdirmək üçün rahat imkanlar təklif edir. Çantanın içində isə dəftər, qələm və digər əşyalarınızı yerləşdirmək üçün ayrı-ayrılıqda sahələr mövcuddur. Kickstarter-də dəstək toplamağa davam edən Knomo 12 illik bir işin nəticəsi olaraq həyata keçib. 50 min sterlinq hədəfinə çatan layihə 12 gün ərzində daha çox dəstək və ilkin sifariş toplamağa davam edəcək.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments