Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Sosial şəbəkələrdə yeni “iPhone” maketlərinin görüntüləri yayılıb. “iPhone 8” telefonları məhz bu maketlər əsasında istehsal ediləcək. Görüntülərə əsasən ehtimal olunur ki, yeni smartfonların arxa hissəsi şüşədən hazırlanacaq, ikili kamera isə şaquli olacaq. Bundan başqa həmin maketlərdə “Home” düyməsi mövcud deyil. Ehtimal olunur ki, “Apple” barmaq izləri skanerini birbaşa ekrana quraşdıracaq. “iPhone 8” bu ilin sentyabrında təqdim olunacaq.

1

Kanadanın “Daymak” şirkəti dünyada ən sürətli elektromobil istehsal etmək planlarını açıqlayıb. Tərtibatçılar bildiriblər ki, “Daymak C5 Blast” model 96 km/saat sürəti 1,5 saniyəyə toplayacaq. Üstəlik, gələcəkdə ona uçmağı da “öyrədəcəklər”. Hazırda dünyanın ən sürətli elektromobili “Team Delft” komandasının “Formula Student” çərçivəsində tərtib etdiyi nəqliyyat vasitəsi sayılır. O, 96 km/saat sürəti 2 saniyəyə yığır.

“Apple” şirkəti “iPhone SE” smartfonlarının ilk partiyasını Hindistandakı müəssisədə istehsal edib. Smartfonlar Hindistanın Karnataka ştatında Tayvanın “Wistron” şirkətinin müəssisəsində yığılıb. İlk cihazlar artıq bu ay yerli mağazalarda satışa çıxarılacaq. Analitiklər qeyd edirlər ki, bu hadisə “Apple” üçün çox vacibdir. Çünki Kupertinyodan olan korporasiya üçün Hindistan bazarı olduqca perspektivlidir. “iPhone”un qlobal satışları 3 faizi keçmədiyi dövrdə, Hindistanda bu göstərici 2016-cı ildə 18 faizə çatıb. Hindistan istehsalı olan “iPhone SE”-nin qiyməti hələlik məlum deyil. Bir qayda olaraq bu model 399 dollara satılır, ancaq yerli hökumət ümid edir ki, “Apple” güzəştə gedəcək və cihazın pərakəndə qiymətini 100 dollara salacaq. İDC təhlil şirkətinin məlumatına görə, hazırda Hindistanda smartfonun orta qiyməti 155 dollar təşkil edir. Yerli əhalinin əksər hissəsi Çin istehsalçılarının cihazlarına üstünlük verirlər. Onun payına satışların 50 faizi düşür.

2

“Google” şirkəti əsas diqqətini süni intellektin tədqiqinə yönəltmək fikrindədir. Bu barədə şirkətin tərtibatçılar konfransında bildirilib. Qeyd olunub ki, “Google” süni intellektin tədqiqi məqsədilə “Google.ai” adlı bölmə yaradır. Bölmə həm də süni intellekt texnologiyaları ilə işləmək üçün avadanlıqlar hazırlayacaq. Artıq “Google” dərin neyron şəbəkələrinin tədqiqi üçün yeni prosessor tərtib edib. O, maşınla tərcüməni 1 gündən 6 saata qədər azalda biləcək. Şirkət bu qurğunu satmayacaq, sadəcə, ilin sonunda istifadəyə veriləcək yeni bulud xidməti ilə işləmək imkanı təqdim edəcək.

3

Avropa İttifaqının inhisarçılığa qarşı tənzimləyici orqanı “Facebook”u 110 milyon avro (122 milyon dollar) məbləğində cərimələyib. Səbəb 2014-cü ildə “WhatsApp” messencerinin satın alınmasına hazırlıq barədə Avropa Komissiyasına yanlış məlumatın verilməsidir. Araşdırma zamanı müəyyən edilib ki, “Facebook” satınalma barədə Avropa qurumlarına sorğu verərkən sosial şəbəkə istifadəçilərinin akkauntları ilə “WhatsApp” messencerini avtomatik birləşdirməyəcəyini bildirib. Halbuki 2 il sonra bu birləşməni reallaşdıran xidmət istifadəyə verib. Avropa Komissiyası hesab edir ki, 2014-cü ildə sosial şəbəkə ilə messencerin avtomatik birləşməsini təmin edən texnologiya var idi və “Facebook” rəhbərliyi bunu bilirdi. Komissiya cərimə məbləğini adekvat hesab edib və sosial şəbəkəni bundan sonra sui-istifadə hallarından çəkinməyə çağırıb. “Facebook” isə bəyan edib ki, 2014-cü ildə Avropa Komissiyasına sənədlərini təqdim edərkən yol verdiyi yanlışlıq bilərəkdən olmayıb.

4

ABŞ-ın “SpaceX” şirkəti açıq kosmosda dəf mərasimləri təşkil etmək niyyətindədir. Bunun üçün “Elysium Star II” adlanan ilk memorial gəminin işə salınması planlaşdırılır.Bu barədə “Elysium Space” şirkətinin saytında deyilir. İnsan ölüsünün külü ilə dolu gəmini yerin orbitinə “Falcon 9” raket daşıyıcısı çatdıracaq. “Elysium Star II”-də yerin bron edilməsinin qiyməti 2 490 dollardan başlayır. Mobil əlavənin köməyi ilə real vaxt rejimində memorial gəminin yerləşdiyi yeri izləmək mümkün olacaq. Hazırda gəmidə küllə dolu konteynerlər üçün 100 yer artıq bron edilib. İlk memorial kosmik gəminin fəzaya uçması 2017-ci ilin sonunda nəzərdə tutulub.

5

“Apple” şirkəti yeni “iPad Mini 5” istehsal etmək niyyətində deyil. Tərtibatçılar deyir ki, hazırda bütün diqqət bu ilin payızının əvvəlində təqdimatı planlaşdırılan “iPhone 8” smartfonuna yönəlib. Mütəxəssislər qeyd edirlər ki, 7 düym həcmli planşetlər asanlıqla analoji funksiyalara malik “iPhone 7 Plus” smartfonlarını əvəz edə biləcək. Bu planşetlər həmçinin telefon danışıqları funksiyasına da malikdir. Gələcəkdə bu tip cihazların istehsalı bağlanmaq təhlükəsi altında qala bilər. Çünki onların populyarlığı istehlakçılar arasında tədricən azalır. Həmçinin məlum olub ki, şirkət hələlik “iPad mini 4”-ü istehsaldan çıxarmaq niyyətində deyil. Ehtimal var ki, gələcəkdə bu seriya dar funksiyalarına görə aşağı salınmış qiymətlərlə satılacaq ki, onlar da asanlıqla istənilən müasir telefonu əvəz edə bilərlər. Cari ildə displeyi ətrafında kiçildilmiş çərçivəsi olacaq “iPad Pro” planşetinin təqdimatı da baş tuta bilər. Bu planşet 12 meqapiksel əsas kamera ilə təchiz ediləcək. Cihazın qiyməti və onun təqdimatının dəqiq tarixi ilə bağlı hələlik heç bir məlumat verilmir.

6

ABŞ hökuməti Avropadan uçan təyyarələrdə noutbuk daşınmasına qadağa qoymaq ideyasından imtina edib. Bu barədə qərar ABŞ və Avropa İttifaqı ekspertlərinin Brüsseldə keçirilən görüşündə əldə olunub. Vaşinqton ABŞ-a uçan təyyarələrin göyərtəsində təhlükəsizliyi təmin etmək üçün başqa üsulları nəzərdən keçirməyi qərara alıb.

7

“Apple” şirkəti “Build” proqram tərtibatçıları konfransında “Windows Store” mağazasında “iTunes” musiqi əlavəsinin istifadəyə verilməsi ilə bağlı planlarını açıqlayıb. Məlumata görə, istifadəçilər “Apple” musiqi proqramını tez-tez axtarsalar da, ondan “Windows Store” mağazasında yararlanmaq imkanından məhrumdurlar. Bununla əlaqədar olaraq “Microsoft” korporasiyası “Apple” ilə proqramın əldə edilməsi üçün danışıqlar aparıb. Bildirilir ki, yeni “iTunes” versiyasının funksionallığı “iPhone”, “iPad” və “iPod” qurğuları ilə sinxronlaşma imkanına malik klassik versiya kimi geniş olacaq. “Microsoft” mağazasında, həmçinin bir sıra “Adobe” proqramlarının və “Chrome” brauzerinin quraşdırılması planlaşdırılır. Bununla yanaşı, alternativ brauzer “Microsoft” əlavələrinə sərt tələblər səbəbindən “Windows Store”da quraşdırılmayacaq. Bundan başqa, “Microsoft”un məhsullarını populyarlaşdırmaq üzərində aktiv çalışmasına görə “Windows 10 S” əməliyyat sistemində “Google”un “Bing” əvəzinə standart axtarış sistemi kimi quraşdırılması qeyri-mümkün olacaq, “.html” formatlı bütün əlavələr isə “Edge” brauzerində açılacaq. “Windows 10 S” sisteminin yalnız standart “Windows Store” əlavələri ilə işləməsi səbəbindən mağazada “iTunes” əlavəsinin istifadəyə verilməsi ilə bağlı xəbərin əksər istifadəçiləri sevindirəcəyi gözlənilir.

8

“Apple Watch” smart saatları neyron şəbəkələri ilə vəhdətdə ürək-damar sistemi xəstəliyinin simptomlarını 97% dəqiqliklə müəyyənləşdirmək qabiliyyətinə malikdir. Kaliforniya Universitetinin kardioloqları belə qənaətə gəliblər. Alimlərin məlumatına görə, “Apple” cihazına qurulmuş nəbzölçən ürək qulaqcıqları fibrilyasiyasını (ürək əzələsinin normal fəaliyyətinin pozulması) aşkar etmək gücündədir. Sözügedən xəstəlik qan dövranında problemlər, insult və tromboz kimi fəsadlar yarada bilər. Araşdırmada iştirak etmiş 200 nəfərə ürək qulaqcıqlarının fibrilyasiyası diaqnozu qoyulub. 51 pasiyentdən test nümunəsi götürmüş alimlər “Apple Watch” smart saatının göstəricisini elektrokardioqramın göstəricisi ilə müqayisə etdikdə məlum olub ki, “Apple” şirkətinin qurğusu 97% halda xəstəliyi müəyyənləşdirmək qabiliyyətinə malikdir.

9

İyunun 30-dan etibarən 2012-ci ildə buraxılan və ya daha əvvəl istehsal olunan televizorlarda “YouTube” əlavəsinin dəstəklənməsi dayandırılacaq. Bu barədə “YouTube” servisinin texniki dəstək saytında dərc edilən məlumatda deyilir. Məlumata görə, köhnəlmiş “YouTube” “flash” proqramı üçün 2012-ci ildə “HTML5” texnologiyası əsasında onun çoxlu imkanlara malik müasir versiyası hazırlanıb. “Bundan başqa, tematik tab-vərəqələr, daha asan axtarış, sadələşdirilmiş naviqasiya və təkmilləşdirilmiş tövsiyə sistemi kimi yeni funksiyalar əlavə olunub. Bu funksiyaların “flash” proqramına inteqrasiyası isə qeyri-mümkündür”, – məlumatda qeyd olunur. Bununla belə, bundan sonra “YouTube”a baxmaq üçün istifadəçilərə köhnəlmiş televizora qoşulacaq “Chromecast” və “Android TV” kimi müasir media qurğusu və ya yeni televizor modeli almaq tövsiyə olunur. Bildirilir ki, “YouTube” əlavəsinin aktual versiyasından 2013-cü ildə və ya daha sonra buraxılan “ağıllı” televizorlarda yararlanmaq mümkün olacaq. Aktual versiyanı, həmçinin “PlayStation 3”, “PlayStation 4”, “Xbox 360”, “Xbox One” və “Wii U” oyun konsollarının istifadəçiləri quraşdıra bilərlər.

10

“StoreDot” şirkəti tərəfindən hazırlanmış texnologiya bir neçə dəqiqə ərzində elektrik avtomobilinin akkumulyatorunun şarjını tamamilə doldurmağa imkan verir. Şirkət tərəfindən patentləşdirilmiş həllər belə enerjidoldurma sürətini təmin edir. Indi “StoreDot” şirkəti kütləvi istehsala başlamaq üçün partnyor və investorlar axtarır. İstehsalçıların iddiasına görə, onların akkumulyatoru yalnız tez enerji toplamır, həm də başqa batareyalarla müqayisədə daha təhlükəsizdir. Şirkət nümayəndələrinin proqnozuna görə, yeni akkumulyatorlar artıq bir neçə il sonra satışa çıxarıla bilər, indi isə onları diqqətlə testdən keçirmək lazımdır. Yeni tip batareya ilə təchiz edilmiş smartfonların sınaqları artıq başa çatıb.

11

“Android” mobil əməliyyat sisteminin yaradıcısı Endi Rubi tərəfindən maliyyələşdirilən “Lighthouse” startapının məhsulu olan təhlükəsizlik kamerası insan və ev heyvanlarının sifətini tanıya bilir. “3D görüntü” texnologiyası sayəsində qurğu evə kimin daxil olduğu və nə etdiyini müəyyənləşdirir. “Lighthouse” cihazı gecəgörmə və 1080p formatında video çəkilişi funksiyalarına, dinamik, mikrofon, sirena, həmçinin canlı və cansız obyektlər arasında fərqi müəyyənləşdirən 3D datçikə malik RGB kamera ilə təchiz edilib. Cihaz müxtəlif vəziyyətlər haqda xəbərdarlıqların göndərilməsi üçün  proqramlaşdırıla bilər. Sifətin tanınmasına süni intellekt sistemi məsuliyyət daşıyır. Lakin sistemin ailənin bir üzvünü digərindən nə dərəcədə ayırması məlum deyil. Bundan başqa, kamera informasiyanı “bank səviyyəsində” şifrləyir. Məlumatlar 30 gün ərzində saxlanılır, bundan sonra avtomatik silinir. ABŞ-da sözügedən cihazı 399 dollara ilkin sifariş etmək mümkündür. Sentyabrda kameranın tədarükünə başlanacaq.

12

Çinli neftçilər dünyada ilk dəfə olaraq “yanar buz” adlanan təbii qaz hidratını əldə ediblər. “Yanar buz” Cənubi Çin dənizində çıxarılıb. Bu barədə Çin Xalq Respublikasının Torpaq və Təbii Ehtiyatlar Nazirliyi rəsmi açıqlama yayıb. “Bu, bir qədər əvvəl ABŞ-da yaşanmış “şist inqilabı” kimi çox ciddi, böyük hadisədir. Sonucda enerjidən istifadə metodları köklü şəkildə dəyişəcək”, – nazirliyin Geoloji Tədqiqatlar İdarəsinin rəis müavini Li Szinfa deyib. Onun sözlərinə görə, təbii qaz hidratının hasil edilməsinin nəzəri bazası və texnologiyaları baxımdan bütün dünya ölkələrini qabaqlayan Çin indi lider mövqe tutub. Cənubi Çin dənizində “yanar buz” 1,” kiloqmetr dərinlikdən çıxarılıb. 200 metrlik sualtı qazma quyusu isə Honkonqdan 285 km cənub-şərqdə olub. 8 günlük fəaliyyət nəticəsində 120 kubmetr “yanar buz” çıxarılıb. Bu “yanar buz”da metanın miqdarı 99,5 faizdir. 1 kubmetr təbii qaz hidratı 160 kubmetr təbii qaza bərabərdir. “Yanar buz” hasilatı ilə bağlı işləri Yaponiya da aparır. Yaponiyanın JOGMEC (Japan Oil, Gas and Metals National Corporation)  korporasiyası 2013-cü ilin martında Asumi yarımadasının yaxınlığında “yanar buz”dan metan əldə etmişdi.

“Microsoft” korporasiyası “Build 2017” konfransında “Fluent Design System” sisteminin dizaynını nümayiş etdirərək yeniliyin tədricən tətbiq ediləcəyini və onun ilk elementlərinin bir neçə həftə sonra hiss olunacağını açıqlayıb. Korporasiya əsas funksiyaları qeyd edərək fərdi kompüter və planşetlər, “Xbox” oyun qurğusu və “HoloLens” əlavə reallıq eynəyi üçün “FDS” interfeysini təqdim edib. Daha sonra isə yeniliyin “Universal Windows Platform” platforması sayəsində “Windows 10 Mobile” əməliyyat sistemində quraşdırılacağı məlum olub. Bu isə o deməkdir ki, “FDS” interfeysli universal əlavələr fərdi kompüterlərdə olduğu kimi, smartfonlarda da göstəriləcək. Proqram tərtibatçıları istəklərinə uyğun dəyişikliklər edə bilsələr də, interfeysin əksər elementləri bütün platformalarla uyğunluq təşkil edəcək. Məlumata görə, həmçinin, “Microsoft”un “Groove Music” və “Movies & TV” kimi mobil əlavələrində “FDS” elementlərinə rast gəlmək mümkündür. “Fluent Design System” sisteminə tam keçid platformalar üçün növbəti böyük yeniləmənin təqdim ediləcəyi payıza planlaşdırılır.

Kanadanın Toronto Universitetinin alimlər qrupu tərəfindən yaradılmış  xüsusi proqram təminatı uzaq məsafədən sadə analizlər həyata keçirməyə imkan verəcək. Belə proqram həkimlərin işini daha səmərəli edəcək. Indi uzaq məsafədən qanın analizini həyata keçirməyə imkan verən proqram təminatı mövcuddur. Şəklin internet vasitəsilə sürətli ötürülməsi proqrama aralıq diaqnoz qoymağa imkan verir və təcili tibbi yardımın göstərilməsi vaxtı həkimlər bu diaqnoza əsaslanırlar. Bu metod özünü doğrultduğuna görə gələcəkdə böyük populyarlıq qazanacaq. Smartfonlar üçün yeni proqram bəzi analizləri məsafədən həyata keçirməyə imkan verəcək. Pasiyent xüsusi yığcam mikroskopun köməyi ilə şəkil çəkdirməli olacaq və bundan sonra proqram məlumatları emal edəcək. Bütün bu əməliyyatlardan sonra mütəxəssis qan plazmasında olan bakteriyalar haqda məlumat əldə edəcək. Yeni proqram könüllülərdə yoxlamadan keçirilir və bu ilin sonuna eksperimental əsasda istifadəsi planlaşdırılır. Alimlər bildiriblər ki, smartfonlar üçün yeni proqram bir çox insanın həyatını xilas etməyə kömək edəcək.

13

“Google” şirkəti itmiş smartfonların axtarışı üçün nəzərdə tutulmuş “Find My Device” mobil proqramını təqdim edib. Proqramı “Google Play” internet mağazasından yükləmək mümkündür. “Find My Device” mobil tətbiqi “Find My iPhone” xidmətinin analoqudur. Bu proqram itmiş və ya oğurlanmış smartfonların axtarışı üçün nəzərdə tutulub. İstifadəçilər qurğuda zəng funksiyasını işə sala, blok edə, məsafədən vacib məlumatı silə və ya cihazın yerləşdiyi yerə xəritədə baxa bilərlər. İstifadəçi telefonunu mənzildə tapa bilmədiyi halda “Find My Device” mobil tətbiqi zəng funksiyasını aktivləşdirir. Bu, qurğunu tez tapmağa imkan verəcək. Mobil qurğu küçə və ya restoranda itirildiyi halda onun olduğu yerə xəritədə baxmaq olar. İtmiş və ya oğurlanmış smartfon və ya planşeti geri qaytarmaq mümkün olmadıqda ən azı məxfi informasiyanı qorumaq olar. “Find My Device” mobil proqramı telefondakı faylları uzaq məsafədən silməyə imkan verir.

14

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register