Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Sosial şəbəkələrdə yeni “iPhone” maketlərinin görüntüləri yayılıb. “iPhone 8” telefonları məhz bu maketlər əsasında istehsal ediləcək. Görüntülərə əsasən ehtimal olunur ki, yeni smartfonların arxa hissəsi şüşədən hazırlanacaq, ikili kamera isə şaquli olacaq. Bundan başqa həmin maketlərdə “Home” düyməsi mövcud deyil. Ehtimal olunur ki, “Apple” barmaq izləri skanerini birbaşa ekrana quraşdıracaq. “iPhone 8” bu ilin sentyabrında təqdim olunacaq.

1

Böyük Britaniya alimləri “İnstagram”ın insan sağlamlığı üçün ən təhlükəli sosial şəbəkə olduğunu müəyyənləşdiriblər. Bu barədə İctimai Sağlamlıq üzrə Kral Cəmiyyətinin (RSPH) və Gənclərin Sağlamlığı üzrə Hərəkatın hesabatında deyilir. Sosial şəbəkələrin gənclərə zərərləri barədə aparılan araşdırma zamanı 14 yaşdan 24 yaşa qədər 1479 nəfərlə sorğu keçirilib. Gənclərdən sevdikləri sosial şəbəkələr və onlardan istifadənin nəticələri barədə nə düşündükləri soruşulub. Hər şəbəkəni bir sıra açar sözlər (yalnızlıq, depressiya, həyəcan, ələsalma, zahiri imicin formalaşdırılması) üzrə qiymətləndirmək təklif olunub. Ümumilikdə respondentlərə 14 sual ünvanlanıb. Tədqiqat çərçivəsində “YouTube”, “Instagram”, “Snapchat”, “Facebook” və “Twitter” araşdırılıb. Siyahıda ən müsbət imicə malik olan sosial şəbəkə “YouTube” olub. Bu xidmət gənclərə ən pozitiv təsir göstərən xidmətdir. Sonra “Twitter” və “Facebook” gəlir. “Snapchat” və “Instagram“ ən pis qiymətləndirilən sosial şəbəkələr olublar. Araşdırma müəllifləri 16-24 yaş arası gənclərin 91%-nin sosial şəbəkələrdən istifadə etdiyini bildiriblər. “Sosial şəbəkələr asılılıq baxımından siqaret və alkoqoldan daha təhlükəlidir. Gənclər arasında depressiya və həyəcan hissinin səviyyəsi son 25 ildə 70% artıb”, – deyə hesabatda qeyd olunur.

2

“Facebook” sosial şəbəkəsi restoranlardan yemək sifarişi funksiyasını test rejimində istifadəyə verib. Hazırda bu yenilik yalnız bəzi amerikalı istifadəçilər üçün əlçatandır. İstifadəçi yemək sifariş etmək üçün sosial şəbəkə ilə əməkdaşlıq edən müəssisələrin siyahısının yer aldığı xüsusi bölməyə daxil olmalıdır. Orada, həmçinin restoranların fotosu, menyular, qiymətləndirmə və reytinq də var. Funksiyadan mobil proqramlar vasitəsi ilə də istifadə etmək mümkündür.

3

Facebook sosial şəbəkəsi restoranlardan yemək sifarişi funksiyasını test rejimində istifadəyə verib. Hazırda bu yenilik yalnız bəzi amerikalı istifadəçilər üçün əlçatandır. İstifadəçi yemək sifariş etmək üçün sosial şəbəkə ilə əməkdaşlıq edən müəssisələrin siyahısının yer aldığı xüsusi bölməyə daxil olmalıdır. Orada, həmçinin restoranların fotosu, menyular, qiymətləndirmə və reytinq də var. Funksiyadan mobil proqramlar vasitəsi ilə də istifadə etmək mümkündür.

4

“Telegram” messenceri istifadəçilərə onlayn ödənişlər etmək imkanı verir. 190 ölkənin sakinləri artıq bu imkanlardan istifadə edə biləcək. Bundan başqa, “Telegram”ın yeni xidməti artıq çoxdan mövcud olan və şəbəkədə fasiləsiz ünsiyyət yaratmağa imkan verən “Skype”, “İCQ” və digər messencerlər üçün olduqca pis olmayan alternativdir. Ancaq yalnız bu gün bu proqramın tərtibatçıları messencerin yeni seçimi – onlayn ödənmişlərin işə salınması barədə məlumat veriblər. İnternetin bir çox təcrübəli istifadəçiləri artıq evdən çıxmadan hesablarından onlayn ödənişlərin köməyi ilə ödənişlər etməyə vərdiş ediblər. Bu olduqca rahat, praktikdir və heç bir maddi kapital yatırımları tələb etmir. Mütəxəssislərin sözlərinə görə, ilk bir neçə gün ərzində bu xidmət dünyanın 190 ölkəsində “PaymentWall” və “RazorPay” sistemləri vasitəsilə istifadə etmək mümkün olacaq. Bir müddət sonra isə Rusiyada sistemdə “Yandeks Denqi” və “Qiwi”, Özbəkistanda isə “Payme” ödənişləri də əlavə olunacaq. Onlayn ödənişlərin işləməsinin məqsədi bütün dünyada yaradılmış botların işi ilə bağlıdır.

5

Britaniyanın “ArtAlienTV” şirkətindən olan ufoloqlar Mars planetində “Curiosity” araşdırma aparatı ilə çəkilən şəkildə köhnə kassa aparatını xatırladan sirli bir obyekt aşkar ediblər. Ufoloqlar yenə də iddia edirlər ki, NASA kosmik agentliyinin mütəxəssisləri insanlardan nəyisə gizlədirlər. Bu dəfə konspirologiya nəzəriyyəsinin həvəskarları bildiriblər ki, NASA əməkdaşları bilərəkdən “Qırmızı planet”dən olan görüntüləri pisləşdirirlər ki, adi izləyicilər Marsın üzərində yerləşən digər gözəl əşyaları görə bilməsinlər. Onların fikrincə, yeni şəkillərdə ötən əsrin 40-cı illərində mağazalarda istifadə olunan nadir kassa aparatı görünür. Skeptiklər isə ufoloqların başgicəlləndirən nəticələrinə cavab olaraq bildirirlər ki, bu obyekt optik illüziya və ya görüntü qüsurudur.

6

ABŞ-ın “Google” korporasiyası öz aktivlərinə Gmail.ru domenini də əlavə edib. Domenin sahibi olan Sema.ru internet studiyası hələlik KİV-lərdə dərc olunan bu məlumatı nə inkar edir, nə də təsdiqləyir. Mənbənin məlumatına görə, təkrar qeydiyyatla bağlı əqd cümə günü, mayın 19-da baş tutub. Sema.ru rəhbərliyi öz domeninə görə 10 min dollar alıb. Baxmayaraq ki, mütəxəssislərin birgə rəyinə görə, “Google” bu domenin alınması üçün 10 dəfə çox pul verə bilərdi və verməli idi. Sema.ru studiyası 14 il müddətində Gmail.ru domeninin sahibi olub. Rusiya Patent Bürosunda eyni adlı ticarət markası qeydə alınıb.  İnternet bazarının analitikləri hazırda beynəlxalq şirkətlərin Rusiya domen adları seqmentinə olan marağından danışırlar.

7

Rusiyanın “Energiya” raket-kosmik korporasiyasının mühəndisləri Beynəlxalq Kosmik Stansiyada paltaryuyan maşın quraşdırmağı təklif edirlər. Bu, kosmonavtların paltarları tullamaması, əksinə, onları yuya bilməsi üçün edilir. “Energiya” mühəndislərinin fikrincə, bu addım orbitə göndərilən yüklərin sayını azaltmağa imkan verəcək. Şirkətdən bildiriblər ki, hazırda kosmonavtlar 4 sutkadan sonra kostyumları atmağa məcburdurlar. Çünki adi paltaryuyan maşını stansiyada istifadə etmək mümkün deyil. Çox güman ki, kosmonavtlar paltarı qurğuda quraşdırılan və onlar nəfəs aldıqları zaman yaranan oksigenlə emal etməli olacaqlar.

8

Beynəlxalq Kosmik Stansiya göyərtəsində üçölçülü printer hüququna malik “Made In Space” şirkəti orbitdə obyektlərin quraşdırılması üzrə unikal aparat yaradıb. “Archinaut” adlanan qurğu böyük “3D” printeri və elastik kosmik manipulyatoru vahid blokda birləşdirir. şirkətin baş direktoru Endryu Raşın sözlərinə görə, yeni aparatın oxşar qurğulardan fərqi onun kosmosda böyük obyektləri yığa bilməsindədir ki, onları da kosmosa yığılmış və ya sökülmüş vəziyyətdə göndərmək qeyri-mümkündür. Məlumata görə, belə obyektlərə qabaritlərinə görə raketin ön müqavimət sipərində yerləşdirilən orbital teleskoplar aid edilir.

9

Rusiyanın Yerin fəzasında olan süni peyklərindən biri sıradan çıxıb. “Resurs-P3” peyki Yerə informasiya ötürülməsini dayandırıb. Qeyd olunur ki, peyk sonuncu dəfə Yerə fevral ayında görüntülər göndərib. Peykin fəaliyyətində problemlər fevral-mart aylarında müşahidə olunmağa başlayıb. Məlumatda bildirilir ki, peykin Günəş batareyalarından biri açılmayıb.

10

“YouTube” administrasiyası servisin bütün istifadəçilərinə öz kanalında birbaşa yayımı işə salmağa icazə verib. Daha əvvəl efirə çıxmaq üçün akkaunt sahibinin azı min abunəçisi olmalı idi. “Go Live” onlyan translyasiyanın tətbiq edilməsi üçün istifadəçinin akkauntu verifikasiya (istifadəçinin şəxsiyyətinin təsdiqi proseduru) edilməlidir. Bundan başqa, son 90 gün ərzində canlı efirlərin aparılmasına qadağa almış blogerlər də əlaqəyə çıxa bilməzlər. “Google” və “YouTube” nümayəndələri məlumatı hələ təsdiq etməyiblər. Lakin qaydalara dəyişikliyin qarşıdakı bir neçə gün ərzində qüvvəyə minməsi gözlənilir. Xatırladaq ki, “Google” “YouTube” videohostinqi vasitəsilə birbaşa yayımların aparılması imkanını 2016-cı ilin iyununda əlavə edib. Əvvəlcə mobil qurğuda onlayn efirin işə salınması 10 min abunəçisi olan istifadəçilər üçün əlçatan olub, sonra abunəçilikdə tələb min nəfərədək azaldılıb.

11

Almaniyanın məşhur avtomobil istehsalçısı BMW Çində yeni yığım zavodunu işə salıb. Şenyan şəhərində fəaliyyətə başlayan zavodun inşasına 1,11 milyard ABŞ dolları vəsait sərf olunub. Bununla BMW-nin Çindəki zavodlarının illik istehsal gücü 450 min avtomobilə çatacaq. Çin BMW avtomobillərinin ən böyük bazarıdır. Ötən il BMW-nin Çindəki zavodlarında 316 min avtomobil istehsal olunub ki, bu da şirkətin dünya üzrə istehsalının 12,5 faizinə bərabərdir.

12

Cənubi Koreyanın “Hyundai Motor Co.” şirkətinin istehsalı olan elektrik mühərrikli sərnişin avtobusları gələn ildən satışda olacaq. Şirkətin yaydığı məlumatda deyilir ki, hökumətin ölkədə elektrik mühərriki ilə işləyən avtomobillərin enerji doldurma məntəqələrinin sayının çoxalması ilə bağlı planı “Hyundai Motor Co.”nu bu tip avtomobillərin, o cümlədən avtobusların istehsalını artırmağa təşviq edib. Şirkət bir neçə ildir ki, elektrik mühərriki ilə işləyən avtomobillərin (“Elec City”) istehsalı üzərində işləyir. Lakin ölkədə əvvəllər bu cür avtomobillər üçün enerji doldurma məntəqələrinin sayının az olması “Hyundai Motor Co.”nun istehsalı çoxaltmaq planlarına mənfi təsir göstərmişdi. İstehsalçı şirkətin mütəxəssisləri hesab edir ki, elektrik mühərrikli avtobuslar bir dəfə enerji yığmaqla 290 kilometr məsafə qət edə biləcəklər.

13

Nüfuzli avtomobil brendi olan “Bentley” ov üçün xüsusi maşın modelini hazırlayıb. “Bentley Bentayga” adlı bu modelə ağac və dəridən hazırlanmış xüsusi avadanlıqlar əlavə edilib. Komplektə iki taxta əsaslı qutu əlavə edilib. Bunlardan biri ərzaq, içki və ov avadanlıqları üçün, digəri isə qara, laklı qutudur ki, burda ovda vazkeçilməz olan şahin quşu üçün yer ayrılıb. Elə avtomobilin ön işarəsi də şahinlə əvəzlənib. “Bentley” şirkətindən bildirilib ki, avtomobil Yaxın Şərq üçün hazırlanıb. Çünki o ölkələrdə şahinlə ova çıxmaq zənginlərin həyat tərzidir.

14

İsveç polisi yeni elektromobilləri uğurla sınaqdan keçirib. Sınaqlar Stokholm, Malmö və Höteborqda həyata keçirilib. Cəmi doqquz elektrokar test olunub. İsveç Milli Polis İdarəsinin rəsmi nümayəndəsi Henrik Lanqmark bildirib ki, bu elektromobillərdən təkcə qısa məsafələrə, o cümlədən görüşə getmək, cinayətkar yaxalamaq və insanlar arasında sorğu aparmaq üçün istifadə olunub. Amma heç bir elektrokar patrul maşını kimi tətbiq edilməyib. Polis nümayəndəsi elektrokarların üstünlüklərindən danışarkən onların havaya işlənmiş qaz buraxmadığını və əməliyyat xərclərinin aşağı olduğunu qeyd edib. Ancaq bu maşınların səssiz hərəkət etməsi və bir dəfə elektriklə dolma gücünün yalnız qısa məsafələrə kifayət etməsi çox vaxt polislər üçün problem yaradır. Qeyd edək ki, İsveçin asayiş keşikçiləri elektromobilləri daxiliyanma mühərrikli avtomobillərdən istifadəni 2030-cu ilə qədər dayandırmaq məqsədi daşıyan proqram çərçivəsində sınaqdan keçirirlər.

15

Bir neçə gün bundan öncə “HTC” şirkəti özünün yeni flaqmanı olan HTC U11-i təqdim etmişdi. Təqdim olunmuş yeni smartfon, istifadəçiyə Edge Sense adlı tamamilə yeni və qeyri-adi qarşılıqlı əlaqəni təqdim edir. Belə ki, bu funksiya vasitəsilə istifadəçi, smartfonun müəyyən hissələrini sıxaraq bu və ya digər əməliyyatı yerinə yetirə bilər. Dizayn baxımından yeni smartfon, HTC 10-a bənzəyir. Cihazın aşağı hissəsində USB Type-C girişi ilə birlikdə səsgücləndirici yerləşdirilmişdir. Gözlənildiyi kimi standart 3.5 mm-lik audiogiriş hissəsi yeni smartfonda yoxdur. Şirkətin öz istehsal etdiyi qulaqlıqlar isə hər bir istifadəçinin istəyinə uyğunlaşır və səsboğucu sistem ilə təchiz olunub. Bundan əlavə olaraq HTC U11, IP 67 standartına uyğun olaraq tozdan və su damcılarından qorunur. Lakin buna baxmayaraq smartfon suya düşən zaman zədələnə bilər. Edge Sense, smartfonun kənar hissələrində yerləşən təzyiq ötürücüləridir. İstifadəçi smartfonun korpusunu sıxan zaman istifadəçi tərəfindən öncədən müəyyən təzyiq səviyyəsinə uyğun seçdiyi əməliyyat işə düşür. Sadə sözlə desək ötürücülər bir növ düymə rolunu oynayırlar. Məsələn korpusu sıxan zaman hansısa tətbiqi işə salmaq olar. Korpusun müxtəlif tərzdə sıxılması, müxtəlif əməliyyatların işə düşməsini təmin edir. İstifadəçilər həmçinin korpusu sıxma prosesinin gücünü də tənzimləyə bilərlər. Öz texniki göstəricilərinə əsasən HTC U11 əsl flaqman adına layiqdir. Belə ki, o, 5.5 inç Super LCD ekran (3D Corning Gorilla Glass qoruma şüşəli), 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (microSD özəllikli), 3000 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 özəllikli), 12 MP-lik HTC UltraPixel 3 arxa kamera (4K videoçəkiliş, təsvirin optik və elektron stabilizasiya sistem özəllikli) və Full HD videoçəkiliş özəllikli 16 MP-lik ön kamera ilə təchiz olunub. HTC U11 artıq bir sıra bazarlarda satışa çıxıb. Onun qiyməti isə 650$ təşkil edir.

2013-cü ildə “VKontakte” sosial şəbəkəsinin qurucusu Pavel Durov “iOS” platformasında işləyən “Telegram” messencerini istifadəyə verib. 4 il müddətində servis bütün platformalarda əlçatan olub və istifadəçilərin rəğbətini qazanıb. Vaxt keçdikcə tərtibatçılar yeni funksiyalar əlavə etməklə messencerin imkanlarını genişləndiriblər. Bu günlərdə servisin fərdi kompüter versiyasında ən mühüm yeniliklərdən biri həyata keçirilib. Bu yaxınlarda “Telegram” messenceri “VoIP” zəngləri (başqa istifadəçilərə səsli zənglər etmək imkanı) dəstəkləməyə başlayıb. Son yeniləmə nəticəsində xidmətin fərdi kompüter versiyasında da sözügedən funksiya istifadəyə verilib. Beləliklə, “Telegram” servisi “Skype” xidmətinin rəqibinə çevrilməkdədir. Tərtibatçılar əmin edirlər ki, fərdi kompüterlər üçün son yeniləmə kompüter təlimi texnologiyasına əsaslanır, buna görə vaxt keçdikcə rabitə və səsin ötürülməsi keyfiyyəti daha da yaxşılaşacaq.

16

Yaponiyanın “Panasonic” şirkəti “P85” və “Eluga Ray” smartfon modellərini təqdim edib. Modellər çoxlu oxşarlıqlara malikdir: “Android 6.0 Marshmallow” əməliyyat sistemi, 1280×720 piksel təsvir ölçülü 5 düym diaqonallı ekran, “4G” şəbəkəsinin və “VoLTE” texnologiyasının, “Wi-Fi 802.11b/g/n”, “GPS və “Bluetooth 4.0” modullarının dəstəklənməsi, qulaqcıqlar üçün 3,5 mm-lik çıxışın mövcudluğu, 4 min milliamper/saat tutumlu akkumulyator, 16 giqabaytlıq quraşdırılmış yaddaş. Kiçik model – “Panasonic P85” 1 giqahers takt tezlikli dördnüvəli prosessor, 2 giqabaytlıq operativ yaddaş və 8 və 2 meqapikselli kameralarla təchiz edilib. Yeni qurğunun qabaritləri 145×72,2×9,35 mm, çəkisi 146,7 qram təşkil edir. “Panasonic Eluga Ray” modeli dördnüvəli prosessora malik olsa da, 1,3 giqahers takt tezliyi ilə işləyir, eləcə də 3 giqabaytlıq operativ yaddaş və 13 və 5 meqapikselli kameralarla təchiz olunub. Həmçinin, barmaq izi skanerinin quraşdırıldığı modelin qabaritləri 144,4×71,6×9,7 mm, çəkisi 169 qram təşkil edir. “Panasonic P85” və “Eluga Ray” smartfonlarının qiyməti müvafiq olaraq 100 və 125 dollara bərabər olacaq. Xatırladaq ki, martda “Panasonic” oxşar texniki xüsusiyyətlərə malik digər iki qurğu (Eluga Ray Max və Ray X) nümayiş etdirib.

17

Dünyada məşhur və ən çox istifadəçiləri olan Tvitter sosial şəbəkəsində son günlər müəyyən problemlər yaşanıb. Artıq bir neçə gündür ki, Tvitter vasitəsilə bağlantılar zamanı xətalar baş verir. Ən çox problem bir ölkədən başqa bir ölkəyə tvitlər göndərilərkən qeydə alınır. Şirkətdən bildirilib ki, bu problem barədə xəbərdardılar. Twitter Inc. Şirkətindən bildirilib ki, hazırda yaranan texniki problemlər araşdırılır və qısa zaman ərzində qüsurlar aradan qaldırılacaq. “İstifadəçilərimizin çoxunda texniki problemlər yaranıb. Bəziləri yaradılmış hesaba daxil ola bilmirlər. Bəziləri isə tvitlər göndərə bilmirlər. Biz bu problmelər barədə xəbərdarıq. Hazırda problmelərin aradan qaldırılması istiqamətində çalışırıq”, – deyə şirkətdən bildirilib. Qeyd edək ki, Tvitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. Qısa müddətdə sürətlə məşhurlaşan “Twitter”in, 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olub. Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytın siyahısına daxil olub və “İnternetin SMS-i” kimi tanınıb. Twitter Inc. San-Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San-Antonio şəhərlərində də vardır.

18

“Hewlett Packard” şirkəti rekord – 160 terabayt yaddaş tutumuna malik kompüter prototipi təqdim edib. Söhbət özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini birləşdirən yaddaşdan gedir. Iritutumlu məlumatlarla iş üçün yaradılan kompüter eyni anda həcmi 160 milyon kitaba bərabər informasiyanı təhlil edə bilir. Məlumata görə, “The Machine” adlanan qurğu “Linux” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Kompüter yaradıcıları əsas diqqəti prosessora deyil, yaddaşa yönəldiblər. Şirkət nümayəndələri bildirib ki, kompüterin yaradıldığı tədqiqat layihəsi çərçivəsində yekun nəticədə sonsuz yaddaş tutumuna malik qurğu hazırlana bilər. “HP” rəhbəri xanım Meq Uitman qeyd edib ki, bütün sənayeni dəyişəcək və ya texnologiyaların həyatını dəyişən növbəti elmi tərəqqinin, innovasiyaların sirrinin açılması bu yaxınlarda baş verəcək. “Biz əvvəlki texnologiyalara güvənə bilmərik, bizə iritutumlu məlumatlar dövrü üçün yaradılan kompüter lazımdır”, – o vurğulayıb. “The Machine” kompüteri üzərində iş beş il əvvəl başlayıb. Şirkət mütəxəssisləri mövcud kompüterlərin gücünün iritutumlu məlumatlarla iş üçün kifayət etməməsi qərarına gələrək məxsusi olaraq bu məqsəd üçün yeni superkompüter yaradıblar. Təxminən üç il əvvəl “HP” laboratoriyası əməkdaşlarının 75 faizi kompüterin hazırlanması ilə məşğul olub.

19

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register