Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Finlandiyanın “Nokia” şirkəti və ABŞ-ın “Apple” korporasiyası patent hüquqlarının pozulması məsələsi ilə bağlı yaranmış mübahisəni həll ediblər. Şirkət rəsmiləri əməkdaşlıq haqqında razılığa gəliblər. Xatırladaq ki, ötən ilin sonunda “Nokia” “Apple” şirkətinə qarşı 11 ölkədə patent hüququnun pozulması ilə bağlı məhkəmə iddiası qaldırıb. Finlandiya şirkəti “Apple”ın mobil cihazlarının bir sıra elementlərinə öz iradlarını bildirib. Əldə olunmuş razılığa əsasən “Nokia” “Apple” üçün şəbəkə infrastrukturu sahəsində bəzi məhsullar və xidmətlər təqdim edəcək. Həmçinin, iki şirkət sağlamlıq üçün elektron məhsullar sahəsində birgə fəaliyyət göstərəcəklər.
“Nokia 9” flaqman smartfonu “Geekbench” bençmarkında (məhsuldarlıq testi) rekord əldə edib. “Nokia 9” testdə 7770 bal yığaraq məhsuldarlıq üzrə “Samsung Galaxy S8” və “iPhone 7”ni ötüb. “iPhone” yalnız 6083 bal toplaya bilib. “Nokia”nın yeni flaqmanı “Snapdragon 835” prosessoru ilə təchiz olunub, 4 Gb operativ yaddaşa malikdir və “Android 7.1.1” əməliyyat sistemi ilə çalışır. Smartfonun rəsmi təqdimatı payızda keçiriləcək.
“Amazon” və “Blue Origin” kosmik şirkətinin yaradıcısı Ceff Bezos Ayda daimi baza inşa etmək niyyətindədir. Milyarder bildirib ki, Yer planetinin əhalisinin artımı ilə əlaqədar daha çox resurs tələb olunacaq. Bu, o deməkdir ki, Ayda daimi bazanın tikintisinə ehtiyac yaranacaq. Bu da kosmosun resurslarının daha tez və rahat kəşfinə imkan verəcək. Ceff Bezos qeyd edib ki, daimi bazanı süni peykin qütblərinin birində tikmək lazımdır. Çünki məhz orada donmuş su ehtiyatların olması ehtimal edilir. İş adamı arzu edir ki, milyonlarla insan kosmosda yaşasın və işləsin. Bunun üçün o, hər il “Blue Origin” kosmik şirkətinə 1 milyard dollar yatırır.
“Credit Suisse” maliyyə-analitik şirkəti hesab edir ki, yaxın 3 il ərzində “Apple” istifadəçilərinin sayı 1 milyarda çatacaq. Bu barədə “Business Insider” portalı şirkətin analitiklərinə istinadən məlumat verib. Mütəxəssislər düşünürlər ki, yüksək texnologiyalı “iPhone 8” flaqmanının çıxması davamlı ödənməyən istehlakçı tələbatı yaradacaq. 2019-cu ilin əvvəlində “Apple”ın illik satışları 270 milyon ədəd təşkil edəcək. Həmin ilin sonunda isə bu rəqəm 970 milyon ədəd olacaq. Bazar analitikləri əmindirlər ki, “iPhone”un hər bir flaqmanı satışların artımını stimullaşdırır. Yeni cihaz alıcılıq tələbatına həmin təsiri göstərəcək və yaxın bir neçə il ərzində davamlı satış artımı imkanı yaradacaq. “Credit Suisse” mütəxəssisləri müəyyən ediblər ki, 2013-cü ildən bəri “Apple” istifadəçilərinin sayı iki dəfə artıb. Hazırda istifadəçilərin sayı təxminən 700 milyon nəfər təşkil edir.
Rusiyada dövlət qurumları və sənaye müəssisələrinə “Skype” xidmətinin yerli analoqu təklif ediləcək. Xidmətin tərtibatı ilə “Rostex” məşğul olacaq. Tərtibatçılar bildirir ki, sistemin internetə çıxışı olmayacaq və o, hakerlərdən, xarici xüsusi xidmət orqanlarından mühafizə olunur. Xidmət videozəng, mətn və fayllar mübadiləsi funksiyalarını özündə birləşdirir. Prototipin yaradılması üçün “Maynd Labs” konfrans xidməti və “Ommgi Technology” messencerindən istifadə edilib. Layihənin detalları Rusiyanın rəqamsal sənaye sərgisində açıqlanacaq.
“Apple” korporasiyası 5G (millimeter wave) texnologiyasının sınaqlarına başlayıb. Bu texnologiya “iPhone”larda peyk rabitəsinin buraxıcılıq qabiliyyətini artırmalıdır. Test prosesinin 1 ildən çox davam edəcəyi gözlənilir. 5G texnologiyası növbəti nəsil simsiz internetin əsasını təşkil etməlidir. Bu texnologiya gecikmələri azaltmağa və məlumat mübadiləsi imkanlarını yüksəltməyə imkan verəcək.
“FCA RUS” şirkəti Rusiyada 9 minə yaxın “Jeep” avtomobilini geri çağırıb. Bu qərar ötürücülər qutusunda elektron selektorunda qeydə alınan qüsurlarla bağlıdır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-2016-cı illərdə Rusiyada satılmış “Grand Cherokee” modellərinə şamil olunur. Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.
“Facebook” istifadəçilərinə daha bir yeniliyi təqdim edəcək. Burada artıq canlı yayım zamanı onu izləyən insanlarla yazışmaq mümkün olacaq. Bu yeniliyin yaxın vaxtlarda tətbiq olunacağı gözlənilir.
“Vertu” şirkəti yeni “Signature Cobra Limited Edition” mobil telefon modelini təqdim edib. Səkkiz ədəd tirajla buraxılacaq mobil telefonun hər birinin qiyməti 360 min dollar olacaq. Telefonun korpusu bədəni 439 yaqut daşından, gözləri zümrüddən ibarət olan ilan fiquru ilə bəzədilib. Telefon Fransanın “Boucheron” zərgərlik şirkətinin mütəxəssislərinin iştirakı ilə əllə yığılıb.
“Microsoft” korporasiyası “Surface Pro” istehsal xəttindən olan noutbukları yeniləyərək qurğunun beşinci nəslini təqdim edib. Ayrıca olaraq sensorlu ekrana malik noutbuklarla iş üçün uyğunlaşdırılan sensorlu qələm nümayiş olunub. Mühəndis Stivi Batiçin sözlərinə görə, “Microsoft Surface Pen” qurğusu ilə korporasiya irəliyə böyük addım atıb. İndi qələm basılmanı daha yaxşı imitasiya edərək pero qələm və ya karandaş təsəvvürü yaradır. Həmçinin, basılmadan cizgilərin qalınlığı asılı olur, qələm isə məlumatları kompüterə daha tez ötürür. Məlumata görə, ekranda mürəkkəbin görünmə sürəti və çağırışa reaksiya vermə vaxtı 100 milli-saniyə təşkil edir. “Microsoft” nümayəndələrinin sözlərinə görə, bu, dünyada ən sürətli qələmdir. Məsələn, o, çağırışa reaksiya vermə baxımından əvvəlki nəsil qələmdən dörd dəfə sürətlidir. Həmçinin, “Microsoft Surface Pen” sürətinə görə “Apple” şirkətinin oxşar “Apple Pencil” aksesuarını iki dəfə üstələyir. Qələm həm yeni, həm də köhnə “Microsoft” noutbukları ilə işləyəcək. Lakin köhnə model noutbuklarda qurğunun sürətinin zəif olacağı qeyd olunur.
Bu ilin I rübünün yekunlarına görə, “Toyota Corolla” dünyada ən çox satılan minik avtomobili olub. Rusiya mətbuatı xəbər verir ki, 2017-ci ilin yanvar-mart aylarında Yaponiyanın avtomobil istehsalçısı sözügedən modeldən 297471 ədəd satıb. Bu isə 2016-cı ilin eyni dövrünə nisbətən 0,9% azdır. Bir il bundan əvvəl dünyada 306357 ədəd “Toyota Corolla” realizə edilib. Hesabat dövründə populyarlığına görə 2-ci yerdə pikap ban tipli “Ford F-Series” qərarlaşıb. Bu avtomobilin satış həcmi 244709 olub ki, bu da illik müqayisədə 9,8% çoxdur. Ən çox satılan avtomobillər arasında 3-cü yeri isə “Volkswagen Golf” tutub. Üç ay ərzində ondan 220140 ədəd satılıb ki, bu da illik müqayisədə10,1% azdır. “Honda CR-V”,”Honda Civic” modelləri müvafiq olaraq 214144 ədəd (14,4% çox) və 179948 ədəd (30,6% çox) satılaraq 4-cü və 5-ci yerlərə sahib çıxıb. “Toyota RAV4” 175095 ədədlə 6-cı, “Ford Focus” 172927 ədədlə 7-ci, “Volkswagen Polo” 170984 ədədlə 8-ci, “Volkswagen Tiguan” 170736 ədədlə 9-cu, “Toyota Hilux” isə 168370 ədədlə 10-cu yeri tutub.
“Amazon” şirkəti Avropada kassaları olmayan innovativ mağazalar açacaq. Artıq Britaniyanın Əqli Mülkiyyət Məsələləri üzrə Bürosu şəbəkənin sloqanını təsdiqləyib. Mağazaların açılması ilə bağlı rəsmi məlumat hələlik yoxdur. Ancaq bildirilir ki, “Amazon” şirkəti Böyük Britaniya ərazisində hərfi mənada “Növbə yox, kassa yox” kimi tərcümə olan “No lines. No checkout” sloqanından istifadə olunması üçün razılıq alıb. Bundan əvvəl bu şüar ABŞ ərazisində kassasız mağazaların açılışında istifadə edilib. Orada ilk belə innovativ satış məntəqələri hələ ötən ilin dekabr ayında fəaliyyətə başlayıb. Yeni tip mağazalar “Amazon Go” adlanır. Bu ticarət şəbəkəsinin əsas fərqi xidmət personalının və kassaların olmamasıdır. Ticarət obyektinə girişdə ziyarətçi QR-kodunu skan etməlidir, bu kod alıcıya smartfon üçün olan xüsusi proqram əlavəsi vasitəsilə verilir. Sonra alıcı bəyəndiyi məhsulu seçir və aldığı məhsulla mağazadan çıxır. Onun xərclədiyi vəsait isə kartından tutulur.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments