Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyası Böyük Britaniyada satışa çıxarılıb. Orijinal model 2005-ci ildə satışdan çıxarılıb – həmin vaxta qədər 126 milyon belə telefon istehsal olunmuşdu. “Nokia” şirkəti özü telefon istehsalı ilə məşğul deyil, “Nokia 3310”-un yeni versiyasının istehsalı və satışı üzrə lisenziya isə “HMD Global” şirkətinə məxsusdur. İki meqapiksel kamera ilə təchiz edilmiş və internetə məhdud çıxışı olan telefon Britaniyada 49,99 funta satılır. İstehsalçı şirkətin məlumatına əsasən, telefonun akkumulyatoru danışıq rejimində 22 saata, gözləmə rejimində isə bir aya qədər “zaryadka” saxlaya bilir.

1

Avstraliyanın qərbində polis cinayətkarları təqib etmək və xilasedicilərə kömək məqsədilə dronlardan istifadə edəcək. Qərbi Avstraliya polisi distansion aviasiya sistemlərinin idarə olunması ilə bağlı təcrübəyə malik olan pilotu işə götürüb. Pilotsuz uçuş aparatları polis üçün helikopterlərdən daha ucuz başa gələcək və gizli əməliyyatlarda daha effektiv ola bilər. Dronların gecəgörmə cihazları ilə təchiz edilməsi də mümkündür. Onlar real rejimdə bütün informasiyaları kompüter və smartfonlara ötürəcək. Cinayətkarların təqibi ilə yanaşı, xilasedici qrupların işinə kömək üçün də dronlardan istifadə olunması planlaşdırılır.

2

İnternetdə “Samsung”un növbəti flaqmanı – “Galaxy S9” smartfonu barədə ilk informasiyalar yayılıb. Yeni cihazın hazırlanması işi tam sürətlə gedir. Hazırda yeni smartfonun böyük və kiçik modeli “Star” və “Star2” kod adları ilə tərtib olunur. “S9”un ekranı “Galaxy S8”lə eyni olsa da, təkmilləşdirilmiş variantdan istifadə ediləcək. Cihazın “Qualcomm” və ”Samsung”un istehsalı olan 7-ci nəsil prosessorlar təchiz ediləcəyi gözlənilir. “Samsung”un yeni smartfon üçün komponentlərin istehsalını sürətləndirərək prototipin hazırlanması müddətini azalda biləcəyi deyilir. Bunun nəticəsində “Galaxy S9” artıq bu ilin sonunda kütləvi istehsala buraxıla bilər. Bu isə o deməkdir ki, yeni məhsul nəzərdə tutulandan daha tez müddətdə satışa çıxarılacaq.

3

“Mail.Ru Group” telefonun yaddaşındakı və “Mail.Ru Group” layihələrinin istifadəçiləri arasındakı dostlarla əlaqə qurmağa imkan verən yeni messencer istifadəyə verib. “TamTam” adlanan messencer bütün dünya üzrə “Android” və iOS əməliyyat sistemləri ilə çalışan smartfon sahibləri üçün əlçatandır. Yeni proqram əlavəsi “Odnoklassniki” sosial şəbəkəsinin “OK Soobşeniya” messencerinin bazasında yaradılıb və online əlavə mağazalarında onu əvəz edəcək. “TamTam” vasitəsilə dostlarla yazışmaq, qrup çatlarında söhbət etmək, gif-animasiyalı stikerlərlə bölüşmək, foto, video və audioyazılar göndərmək mümkündür. Proqram zəif internet bağlantısı zamanı da stabil çalışır. Oflayn rejimdə də məlumat göndərmək mümkündür, bu halda internet bağlantısı yaranan kimi mesaj ünvana çatmış olacaq.

4

“Facebook” rəhbərliyi özünün yaxın gələcəkdə yaradacağı video xidməti üçün şouların hazırlanması üçün mühüm addım atıb. Sosial şəbəkə bu məqsədlə “Buzzfeed”, “Vox Media” və digər xəbər-əyləncə kontenti yaradıcıları ilə müqavilə bağlayıb. “Facebook” üçün iki tip şou yaradılacaq: onlardan biri 20-30 dəqiqə davam edəcək və ssenariyə malik olacaq, digərinin epizodları isə uzağı 10 dəqiqə davam edəcək. “Facebook” bu tip proqramlar üzərində hüquqlara malik olmayacaq. Xatırladaq ki, hazırda sosial şəbəkədə onlayn-yayımlar mümkündür. Qeyd edək ki, bu ilin mart ayında “The Wall Street Journal” qəzeti “Facebook”un öz video xidmətini yaratmaq planları barədə yazmışdı. Mümkün formatlar arasında şou, serial və proqramlar qeyd olunurdu. Roliklər elm, pop-mədəniyyəti, idman, həyat tərzi və videooyunlar mövzularını işıqlandırmalıdır. “Facebook” xəbərlərlə məşğul olmayacağını bildirib.

5

Dünya avtomobil sənayesinin liderlərindən olan “Mercedes-Benz” şirkəti noutbuk istehsal etməyə başlayıb. Artıq “VAİO Z” noutbuklarının Yaponiyada satışına başlanıb. Cihaz “Microsoft Windows 10” əməliyyat sistemi ilə fəaliyyət göstərir. 13,3 diaqonallı ekrana, sensor səthə malikdir. Yeni məhsulun üzərində “Mercedes-Benz”in simvolu və loqotipi var. Noutbukun klaviaturası göy rəngli işıqlandırma ilə çalışır. Noutbuk “Core i5” və ya “Core i7” seriyasından olan “İntel” prosessoru ilə təchiz edilib. Əməliyyat yaddaşı 8 GB, yaddaş kartı 256 GB təşkil edir. “Mercedes-Benz” portativ “VAİO Z” kompüterinin qiyməti 2230 ABŞ dollarıdır.

6

Dronla təchiz edilən ilk avtonom mühafizə avtomobili təqdim olunub. Müşahidə xarakterli pilotsuz uçan aparatların və avtonom avtomobillərin yenilik olmamasına baxmayaraq Sinqapurun “Otsaw Digital” şirkəti onları bir texnologiyada birləşdirməyə nail olub. “O-R3” özündə həm yerüstü pilotsuz uçan aparat nəqliyyat vasitəsini, həm də avtonom dronu birləşdirən dünyanın ilk avtonom yerüstü hava mühafizə avtomobilidir. “O-R3” yoldakı vəziyyəti dinamik şəkildə qiymətləndirməyə və maneələrdən yan keçməyə imkan verən kompüter təlimi alqoritmləri əsasında işləyir. Bununla yanaşı, sistem, məsələn, nəzarətsiz qalmış çantalar kimi obyektləri müəyyənləşdirə bilir. Sistemə, həmçinin insanların və ya nəqliyyat vasitələrinin qadağan olunmuş yerlərdə olmasının identifikasiyası üçün nəzərdə tutulan insan sifətlərinin və nömrə nişanlarının tanınması texnologiyası daxildir. Məlumata görə, müşahidə avtomobili pilotsuz uçan aparatı platformadan nəqliyyat vasitəsinin arxa hissəsindən irəliyə çıxmaq tələb olunanda işə salınır. Havada pilotsuz aparat şübhəli şəxslərin izlənilməsini avtomobildən 100 metrədək məsafədə həyata keçirir. Xidmət göstərən işçi heyətinə tələbatı azaltmaq üçün yaradılan sistem bütün günü və istirahət günləri olmadan işləyir. Qeyri-adi hadisələr haqqında məlumatlar idarəetmə mərkəzinə göndərilir və orada qrup tərəfindən emal olunur, eləcə də lazım gəldikdə “O-R3” avtomobilinin idarəetməsi həyata keçirilir. Avtomobil, həmçinin akkumulyatorun enerjisi bitən zaman enerjidoldurma stansiyasına müstəqil şəkildə qayıtmaq imkanına malikdir. “O-R3” bir sıra sadə problemləri aradan qaldıra bilsə də, şirkət bunun tam avtomatik sistem olmadığını qeyd edir. Vəziyyətin izlənilməsi və maşının qeydə aldığı xəbərdarlıqların qiymətləndirilməsi üçün təcrübəli işçi heyətinə tələbat olaraq qalır. “Otsaw Digital” şirkəti “O-R3” avtomobilinin Sinqapurda keçirilən “CommunicAsia17” konfransında nümayişini planlaşdırır.

“Robocop” adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda “Arabian Business” nəşri məlumat verib. Məlumata görə, robotun hündürlüyü 170 sm, çəkisi 100 kq-dır. Robot emosiyaları müəyyənləşdirən detektorla təchiz edilib və insanlarda sifət ifadələrini və jestləri 1,5 metrədək məsafədən “tanıyır”. Beləliklə, robot insanlarla əlaqə yarada və qanun pozanları aşkar edə bilər. Robot ona qurulmuş daxili naviqator sayəsində ərazidə hərəkət edir, ərəb və ingilis dilləri daxil olmaqla 6 dildə danışır. Vətəndaşlar sözügedən robot vasitəsilə kredit kartları ilə polis xidmətlərini ödəyə bilərlər. Küçə və ticarət mərkəzlərində patrulluq edən “Robocop” müvafiq video çəkilişlərini təqdim etməklə qanun keşikçilərinə cinayətkarları tapmaqda kömək edəcək.

7

Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq “Airbus” şirkətinin “uçan avtomobil”ində gediş qiyməti adi taksi ilə eyni olacaq. Layihənin direktoru Zak Loverinq deyib ki, “hava” taksisindən istifadə zamanı hər mil (1,6 km) üçün gediş qiyməti 1,5-2,5 dollar təşkil edəcək. “Airbus” şirkətinin uçan aparatı kabinində pilot olmayan avtonom uçan aparatdır. Müştərilər mobil proqramın köməyi ilə uçan avtomobili yaxınlıqda yerləşən helikopter meydançasına sifariş edə biləcəklər. Konsern ilin sonunadək pilotsuz uçan avtomobili sınaqdan keçirmək niyyətindədir. Hazırlanmış prototipin maksimum uçuş məsafəsi təxminən 50 km təşkil edəcək. 2020-ci ilədək təqdim ediləcək yekun modeldə uçuş məsafəsi iki dəfə daha yüksək olacaq.

8

“Panasonic” şirkəti “Windows 10” əməliyyat sistemi ilə işləyən “Toughbook 33” adlı möhkəm hibrid planşetinin satışına başlayır. Sözügedən planşet mayın sonunadək 3649 dollar qiymətinə əlçatan olacaq. Planşetin üzərində “Windows ink” ilə iş rejimini dəstəkləyən və “IP55” standartı üzrə qorunmuş elektron qələm təklif edilir. “Panasonic Toughbook 33” planşeti 1200 kd/m2 parlaq göstəricisi və “QHD” (2160×1440 piksel) təsvir ölçüsünə malik 12 düymlük sensor ekranla təchiz edilib. Ekran açıq havada, parlaq günəş işığı və ya güclü yağış zamanı istifadəyə yararlıdır. Həm ələ taxılmış əlcək, həm də rəqəmli qələmin köməyi ilə displeyi idarə etmək mümkündür. Planşet “Intel Core i5” və “i7” prosessorları, 16 QB-dək əməli yaddaş, 512 QB-dək sərtgövdəli daşıyıcı, stereo mikrofon, 2 meqapiksellik veb-kamera, 8 meqapiksellik arxa kamera ilə təchiz edilib. “LTE” mobil şəbəkəsini dəstəkləyir. “USB 3.0”, “HDMI”, “LAN”, “Micro SD-X” portları, audio konnektor nəzərdə tutulub. “Toughbook 33” planşetinin korpusu maqnezium ərintisindən hazırlanıb və 1,2 metr hündürlükdən yerə düşməyə davamlıdır. Noutbuk toz və suya qarşı dayanıqlıdır. Yığcam kompüter rejimində qurğunun çəkisi 2,76 kq, planşet rejimində isə 1,52 kq-dır.

9

Təqdimatı Şanxayda ixtisaslaşmış sərgi çərçivəsində keçiriləcək “Microsoft Surface Pro” planşet kompüteri haqqında yeni məlumatlar açıqlanıb. “Surface Pro 4” planşetini əvəz edəcək universal qurğu “Windows 10 S” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Son vaxtadək ABŞ-ın “Microsof” korporasiyasının növbəti yeni qurğusunun “Surface Pro 5” adlanacağı ehtimal edilsə də, vitse-prezident Panos Panaya bu şayiələri təkzib edərək ictimaiyyəti başqa adla, prinsipcə, yeni qurğunun işıq üzü görəcəyinə əmin edib. İlkin məlumata görə, söhbət tam kompüter qismində işləyə biləcək qurğudan gedir. Planşetin oyun həvəskarları üçün nəzərdə tutulmamasına baxmayaraq onun əsas funksiyalarına mətnin kompleks redaktəsi, fotoşəkilin və videomaterialların keyfiyyətli emalının daxil olması səbəbindən ofis işçi heyəti üçün əlverişli qurğu hesab edilir. “4K” formatlı videonu dəstəkləyəcək planşetdə, həmçinin elektron qələm quraşdırılacaq. Qurğunun texniki xüsusiyyətləri barədə ətraflı məlumat, eləcə də məhsulun qiyməti hələlik sirr olaraq qalır. “Microsoft Surface Pro” planşetinin mayın 23-də rəsmən nümayiş olunacağı gözlənilir.

10

“Oppo” şirkəti “selfie” həvəskarları üçün nəzərdə tutulan yeni “Oppo A77” smartfon modelini nümayiş etdirib. Bu məqsəd üçün qurğuda əlavə xüsusi portret rejimi və “Beauty 4.0” təsvirlərinin dərhal emalı üçün alətlər dəstindən ibarət “f/2,0” maksimal diafraqmalı 16 meqapikselli ön kamera quraşdırılıb. Smartfon  1920×1080 (Full HD) piksel təsvir ölçülü 5 düymlü ekran, 1,5 qiqahers takt tezlikli səkkiznüvəli “MediaTek MT6750T” prosessor, 4 qiqabayt operativ və 64 qiqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilib. Əsas kamera “f/2,2” maksimal diafraqmalı 13 meqapikselli modul, mərhələli avtomatik fokuslama və iki işıqlandırıcı ilə təchiz olunub. Akkumulyatorun tutumu 3200 milliamper/saat təşkil edir. Korpusu metaldan ibarət qurğunun “Home” düyməsində barmaq izi skaneri quraşdırılıb. Dördüncü nəsil mobil rabitə şəbəkələrində (4G) işi dəstəkləyən və qiyməti 360 dollara bərabər smartfon “Android Marshmallow” əməliyyat sisteminin “ColorOS 3.0” versiyasının idarəetməsi ilə işləyir.

11

UBS analitikləri payızda təqdimatı keçiriləcək “iPhone” smartfonunun mümkün qiymətini açıqlayıblar. Ekspertlər start qiymətinin 870 dollar olacağını proqnozlaşdırır. Daha əvvəl analitik Stiven Milunoviç “iPhone 8″in baza versiyasının 850 dollar, top versiyasının isə 1000 dollar olacağını bildirmişdi. UBS-in dəyərləndirməsi qiymətlərin bundan baha olacağını ehtimal etməyə əsas verir. Yeni cihazın baza versiyası 870 dollar olarsa, top versiyasının 1070 dollardan satışa çıxarılacağı gözlənilir.

12

Hindistanda 18 yaşlı tələbə Rifat Şaaruk ən yüngül və miniatür kosmik aparat yaradıb. Hindistanın keçmiş prezidenti Əbdül Kəlamın xatirəsinə həsr olunan “KalamSat” adlı peyk üçölçülü çap texnologiyası vasitəsilə karbon lifindən hazırlanıb. Məlumata görə, çəkisi 64 qram təşkil edən aparat kub şəklində 4 santimetrlik till uzunluğunda düzəldilib. “KalamSat” miniatür ölçülərinə baxmayaraq bort kompüterləri, eləcə də Yer kürəsinin sürətlənmə, fırlanma və maqnitosferasını ölçəcək 8 ötürücü ilə təchiz edilib. R.Şaarukun mini-peyk layihəsi ABŞ Kosmik Agentliyinin (NASA) “Cubes in Space” müsabiqəsində qalib olub. Kompakt aparatın iyunun 21-də Virciniyanın Uollops adasından buraxılması planlaşdırılır. “KalamSat” peykinin 12 dəqiqəsi mikroqravitasiya şəraitində olmaqla 4 saatlıq suborbital uçuş edəcəyi nəzərdə tutulur.

13

Çinli elm adamları işıq verən bitki hazırladı. ölkənin Yünnan şəhərində elm adamları tütün bitkisi ailəsinə daxil olan Nicotiana Benthamiana florasına dənizdə yerləşən bəzi mikroorqanizmlərin genlərini köçürdülər. Yeni genlər sayəsində bitkinin işıq saçdığı və bu parlaqlığın çox rahatlıqla görünə bildiyi müəyyən oldu. Araşdırma qrupunun rəhbəri Duan Kanq, bitkiyə genetik mühəndisliyi sayəsində bu xüsusiyyətin verildiyini bildirərək, bitkinin daha çox işıq verməsi üçün araşdırmaların davam etdiyini bildirdi. Ətrafı işıqlandıran bitkilər üçün geniş bir istifadə sahəsi olduğuna diqqəti çəkən Kanq, layihənin hədəfinin həmin bitkilərin şəhərlərdə işıq mənbəyi kimi istifadə edilməsi olduğunu qeyd edib. Əgər bu yenilik baş verərsə, şəhərlərin işıqlandırma sistemləri tamamilə fərqlənəcək.

14

2020-ci ildə təxminən 400 milyon insanın 5G xidmətlərindən istifadə edəcəyi gözlənilir. Belə bir proqnozla “Ovum” şirkətinin mütəxəssisləri çıxış edib. Onların fikrincə, yüksək sürətli şəbəkə abunəçilərinin sayı sürətlə artmaqda davam edəcək. Bundan əvvəl “Ovum”da hesab edirdilər ki, 2021-ci ildə 5G xidmətlərindən istifadə edən istifadəçilərin sayı 24 milyon nəfər təşkil edəcək. Yeri gəlmişkən, GSMA monitorinqinə əsasən artıq 2025-ci ildə istifadəçilərin sayı 1,1 milyard nəfərə çatacaq. Xatırladaq ki, 5G şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq. Bəzi operatorlar artıq beşinci nəsil rabitənin sınaqlarını aparırlar.

15

Mütəxəssislər “iPhone” smartfonlarının yaddaşının təmizlənməsinin yolunu tapıblar. Mütəxəssislər bütün dünya üzrə bir çox “Apple” istifadəçilərinə məxfi funksiyalar barədə danışıblar. Müəyyən edilib ki, “iPhone” sahibləri heç bir çətinlik çəkmədən öz smartfonlarının yaddaşını təmizləyə bilərlər. Bunun üçün iOS əməliyyat sisteminin 10-cu versiyasına əlavə olunmuş məxfi funksiyadan istifadə etmək lazımdır. Ekspertlər bildiriblər ki, “Musiqi” bölməsində “Saxlancın optimizasiyası” seçimi yerləşir və o, söndürülmüş vəziyyətdə olur. Bu funksiyanı aktivləşdirdikdən sonra istifadəçi yeni audioyazılar üçün yaddaşı təmizləmək imkanı əldə edir. Belə bir sistem orijinal xüsusiyyətə – “ağıllı təmizləmə”yə malikdir ki, bu da uzun müddət dinlənilməyən faylları silərək təmizləyir.

16

Rəqs etməyi bacarmırsınız? Yaxud rəqs etməyə tərəfdaş yoxdur? Narahat olmayın, robot təlimatçı rəqs edir və hətta rəqs etməyi də öyrədir. Yaponiyanın Senday şəhərindəki Tohoku Universitetinin professoru Dieqo Felipe Pas Qranadosun dediyinə görə, onların yaratdıqları robot mexaniki rəqs ustasıdır. “Bu robot ilkin rəqs təmrinlərini və hərəkətlərini bilir. Onun özəlliyi isə insandan rəqs hərəkətlərini əxz etməsi və müstəqil şəkildə təkmilləşə bilməsidir. Üstəlik, robot rəqs zamanı tərəfdaşla çox zərif davranır”, – Qranados söyləyib. 1,8 metr hündürlüyü olan robotun yuxarı hissəsi rəqqas kimi hərəkət edir. Qüvvə sensoru və iki lazer məsafəölçəni robotun “şagird”inin hərəkətlərini izləyir, peşəkar rəqqasların hərəkətlərinin robotun yaddaşına yazılmış obrazları ilə müqayisə edir. Şagirdin bacarığı artdıqca robot təlimatçı daha sərbəst davranmağa başlayır, rəqs zamanı təşəbbüsü şagirdə verməyə başlayır. Sınaqlar zamanı rəqs edə bilməyən könüllülər robot təlimatçı sayəsində rəqs öyrəniblər. Sınaqların sonucları bu ayın sonunda Sinqapurda keçiriləcək Beynəlxalq Robot Texnikası və Avtomatlaşdırma konfransında açıqlanacaq.

17

“WannaCry” virusuna yoluxma hallarının 98%-i “Windows 7” sisteminin idarəetməsi altında işləyən kompüterlərin payına düşür, həm də yoluxmaların 60%-dən çoxu sözügedən sistemin 64 bitlik versiyasına zərər vurub. “Kasperski Laboratoriyası”nın analitikləri bildiriblər. Statistikaya görə, sözügedən virusa yoluxmuş kompüterlərin 1%-dən az hissəsi “Windows Server 2008 R2” və “Windows 10” (0,03%) sistemləri ilə işləyir. “Kasperski Laboratoriyası”nın mütəxəssisi Kostin Rayunun sözlərinə görə, “Windows XP” əməliyyat sistemi ilə işləyən kompüterlərin sözügedən virusa yoluxma halları cüzidir”. “WannyCry” virusunun özəl cəhəti öz-özünə çoxalma funksiyasıdır. Ekspertlərin məlumatına görə, fırıldaqçı proqram təminatından zərərçəkənlərin sayı artıq 400 mini ötüb.

18

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register