Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Instagram” sosial şəbəkəsi effektivliyə görə “Facebook”u 400% qabaqlayır. Bu bəyanatla “SocialBakers” xidmətinin analitikləri çıxış ediblər. Ekspertlər istifadəçilərin aludəçilik səviyyəsini müəyyənləşdirməyə çalışıblar. Bu göstəriciyə görə “Instagram” “Facebook”u xeyli geridə qoyub. Bunun səbəbi odur ki, “Instagram”da xeyli məşhur qeydiyyatdan keçib və şəxsi həyatları ilə bağlı şəkillər paylaşırlar. Bu baxımdan “Facebook” “Instagram”a bu sahədə rəqib ola bilmir. Çünki onun istifadəçiləri daha çox xəbər lentlərini izləyirlər. Başqa sözlə, bu sahədə qüvvələr nisbəti “Facebook”un xeyrinədir.

1

“Twitter” sosial şəbəkəsi yeni formatda reklamı işə salmağa hazırlaşır. Format “Direct Message Cards” adlanır. Bu format vasitəsilə şirkətlər istifadəçilərin şəxsi mesaj qutusuna bildirişlər göndərə biləcəklər.

2

İstehsala hazırlanan smartfonlarla bağlı gizli məlumatlar əldə etməsi ilə tanınan bloger Bencamin Qaskin yeni “iPhone”un təqdimat və satış tarixlərini açıqlayıb. B. Qaskin “iPhone 8“in sentyabrın 17-də təqdim olunacağını, satışların isə sentyabrın 25-də başlayacağını bildirib. Bloger artıq bu barədə informasiyanın elektron məktublar vasitəsilə “Apple” əməkdaşlarına göndərildiyini deyib. Rəhbərlik hələlik bu tarixləri təxmini olaraq müəyyənləşdirib və dəyişə biləcəyini də qeyd edib.

3

Çində dünyanın ən böyük üzən günəş elektrik stansiyası istifadəyə verilib və qurğunun gücü 40 meqavat təşkil edir. 2020-ci ilədək Çin bir neçə belə üzən elektrik stansiyası quraşdırmağı planlaşdırır. Bunun nəticəsində elektrik enerjisinin dəyəri ən azı üç dəfə düşə bilər. Alimlərin fikrincə, bu elektrik stansiyasından təxminən 100 min nəfər fasiləsiz istifadə edə bilər. Bundan bir müddət əvvəl Çində 20 meqavat gücündə elektrik stansiyası quraşdırılmışdı. Üzən elektrik stansiyalarının istifadə səmərəliliyi hələ bir neçə il əvvəl sübut olunub. Belə enerji qurğusu yüksək faydalı iş əmsalına malikdir və quruda çox yer tutmur. Çin artıq bir neçə ildir nəhəng alternativ enerji istehsalına sahibdir və qüdrətini ildən-ilə artırır.

4

ABŞ-ın Rays Universitetinin tədqiqatçıları mövcud litium-ion batareyalarla müqayisədə üç dəfə çox tutuma malik yeni tip litium akkumulyatorlar yaradıblar. Yeni prototip texniki baxımdan təkmilləşdirilmiş litium-metal batareya kimi təsnif edilir. Tədqiqatçılar böyük miqdarda enerjinin saxlanılması üçün batareyanı zədələyən, qısa qapanma və hətta partlayışa səbəb ola bilən dendritlər kimi tanınan, ayrılmalarla nəticələnən “dendrit problemi”ni həll etməyə nail olublar. Kimyaçı Ceyms Tur həmkarları ilə birlikdə dendritlərin yaranması ilə bağlı problemin həllini kəşf edərək karbon və qrafen nanoborucuqlardan ibarət “unikal anod” yaradıb. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyadan istifadə edilməklə hazırlanan litium-metal batareyalar dendritlərin yaranmasından yayınmaq üçün karbon komponentlər eninə bərabər litiumla örtülüb. Hibrid nanoborucuqların hazırda kommersiya litium-ion akkumulyatorlarında istifadə edilən qrafit anodları əvəz edəcəyi qeyd edilir. Məlumata görə, universitetin hazırladığı batareya 1 qram litiumda 3 351 milliamper/saat enerji saxlayır ki, bu da mövcud litium-ion akkumulyatorların göstəriciləri ilə müqayisədə daha çoxdur. Mütəxəssislər hesab edir ki, yeni texnologiya smartfon, daşınan qurğular, elektrik avtomobilləri və digər qurğuların avtonomluğunu yaxşılaşdırmağa imkan verəcək.

5

“Huawei” şirkəti rəsmi olaraq keçən ilki nova və nova Plus modellərinin yeni versiyalarını təqdim edib. Yeni cihazlar nova 2 və nova 2 Plus adlanır. Həm xarici görünüş, həmdə texniki göstəricilərinə görə hər iki smartfon, keçən ilki versiyalardan çox fərqlənir. Hər iki smartfonda ən böyük diqqət isə məhz kameralara ayrılıb. Bu baxımdan sözügedən bu iki cihazı, yüksək foto keyfiyyətinə önəm verən insanlara məsləhət görmək olar. Xarici görünüşcə nova 2 və nova 2 Plus-ı bu ilin Fevral ayında təqdim olunmuş P10 və P10 Plus modelləri ilə səhv salmaq olar. Onları yalnız barmaq izi skanının yerləşmə hissəsinə görə ayırmaq olar. Belə ki, təqdim olunmuş hər iki smartfonda barmaq izi skanı, korpusun arxa panelində yerləşir. Hər iki smartfon metal korpusa sahibdir. Texniki göstəricilərinə gəldikdə isə nova 2, 5 inç Full HD ekran, 8 nüvəli Kirin 659 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (128 GB-a kimi microSD özəllikli), biri 12 MP, digəri 8 MP olmaqla ikili arxa kamera, 20 MP-lik ön kamera və 2950 mAh enerji tutumlu batareya ilə təchiz olunub. USB Type-C girişinin olmasına baxmayaraq bu model özündə 3.5 mm-lik audiogirişi qoruyub. Nova 2 modeli, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Nova 2 Plus modeli isə 5.5 inç Full HD ekran, 8 nüvəli Kirin 659 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş (128 GB-a kimi microSD özəllikli), 12 və 8 MP-lik ikili arxa kamera, 20 MP-lik ön kamera və 3340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu modeldə də həm USB Type-C, həmdə 3.5 mm-lik audiogiriş vardır. Nova 2 Plus modeli, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Hər iki smartfon 16 İyun tarixində satışa çıxacaq. Nova 2-nin qiyməti 364$, nova 2 Plus-ın qiyməti isə 422$ təşkil edəcək.

6

PlayStation 2, indiyənə kimi yaradılmış ən yaxşı oyun konsollarından biri hesab olunur. Geniş və müxtəlif növ oyunlar, PlayStation 2-ni konsolların 6-cı nəsli zamanında birinci yerə yüksəltmişdi. Son illər ərzində bir çox insanlar PlayStation 2-nin portativ versiyasını yaratmağa çalışmışdılar. Lakin onlardan heç biri uğurla nəticələnmədi. Bu işdə ən tutarlı uğuru qazanan yeganə şəxs isə hələki Gman ləqəbli oyunçu hesab edilir. Gman ilk dəfə olaraq portativ konsol adına layiq kiçik PS2 versiyanı yaradıb. Bunu etməyə çalışmış digər şəxslərdən fərqli olaraq Gman, enerji tutumu üçün nəzərdə tutulmuş batareyanı korpusun daxilinə yerləşdirib. Korpusun özü Gman tərəfindən 3D printerdə çap olunub. Konsolun 5 inç-lik ekranı isə eBay-dan sifariş edilib. Ekran, PS2 sisteminə VGA vasitəsilə qoşulub. Beləliklə daha keyfiyyətli oyun görüntüsü əldə olunur. Portativ konsolun ətraflı şəkildə hazırlanması haqqında videonu isə aşağıdan izləyə bilərsiniz.

“Samsung” şirkəti növbəti flaqman smartfon olacaq Galaxy S9-un hazırlanmasına start verib. Bu barədə The Bell adlı Cənubi Koreya nəşriyyatı bildirib. Məlumdur ki, smartfon iki versiyada satışa çıxacaq. Onlar arasında fərq isə sadəcə ekran ölçüsündə olacaq. Məlumata əsasən Galaxy S9 və Galaxy S9+ modelləri Star və Star 2 kod adları ilə adlandırılıblar. Qeyd etmək lazımdır ki, Galaxy S8, Project Dream kod adını, daha təhlükəsiz versiya olan Galaxy S8 Active modeli isə Cruiser kod adını daşıyırdı. The Bell adlı nəşriyyatın verdiyi məlumata əsasən yeni model smartfonların dizaynları, Galaxy S8 və Galaxy S8+ modellərindən heç də fərqlənməyəcək. Əsas fərqləndirici özəllik isə barmaq izi skanının yerləşəcəyi hissə olacaq. Belə ki, yeni modellərdə barmaq izi skanı, ekranın alt hissəsinə inteqrasiya olunacaq. Bundan əlavə olaraq “Samsung” şirkəti, “Qualcomm” ilə birlikdə Snapdragon 845 adlı yeni nəsil prosessorun hazırlanması ilə məşğuldur. Məhz bu yeni prosessorlar, Galaxy S9 və Galaxy S9+ modellərində olacaq. “Hələki yeni smartfonların texniki göstəriciləri barəsində nəsə demək çox tezdir. Lakin eşitdiyimə görə onların ekranları, Galaxy S8 və Galaxy S8+ modellərində olduğu kimi olacaq” – deyə mənbə bildirib. Sözügedən yeni smartfonların 2017-ci ilin sonunda istehsal olunacağı da bildirilib. Əgər bu məlumatlar düzdürsə, onda yeni modellərin anonsunu gələn ilin əvvəlində gözləmək olar. Ən real vaxt kimi isə hər ilin Fevral ayında Barselonada keçirilən MWC konfransını düşünmək olar.

7

“Samsung” şirkəti qabaqcıl “Galaxy Note 8” smartfonunun satışa çıxarılması ilə bağlı məlumatı rəsmən təsdiq edib. Yeni qurğunun sentyabrın 1-6-da Berlində keçiriləcək “IFA” sərgisi çərçivəsində nümayişi nəzərdə tutulur. 2017-ci ilin sentyabrınadək yeni prosessorların buraxılmayacağı hamıya məlumdur. Cənubi Koreya istehsalçısı gücünə görə “Apple A10” çipli “iPhone 7” modelini geridə qoymaq üçün yeni qurğuda “Exynos 8895” və “Snapdragon 835” prosessorlarının sürətləndirilmiş versiyalarını tətbiq etmək niyyətindədir. Bundan başqa, internetdə qabaqcıl modelin naməlum materialdan hazırlanan korpusda fotoşəkilləri yayılıb. Mütəxəssislərin fikrincə, fotoda maket təsvir edilsə də, o, “Samsung”un nümayiş etdirəcəyi həqiqi smartfonun görünüşünə uyğundur. Həmçinin, “Note 8”-in müqayisə üçün “Galaxy S7” ilə yan-yana qoyulan şəkili var. Buna əsasən dəqiqliklə demək mümkündür ki, elektron qələmlə təchiz edilən qurğunun ekranının tərəflərinin nisbəti 2:1 təşkil edir, eləcə də qoşa ön və əsas kamera quraşdırılıb. Yeni qurğu baza modifikasiyasında 6 qiqabaytlıq operativ yaddaş və “4K” formatlı 6,3 düymlü ekranla təchiz olunacaq. Bundan əlavə, fotoşəkildə əsas kameranın altında işıq diodlu işıqlandırıcı görmək mümkündür. Barmaq izi skanerinin olmaması isə “Samsung”un onu sensorlu ekranda quraşdırdığını deməyə əsas verir.

8

Cənubi Koreyanın “LG Electronics” korporasiyası tərəfindən təqdim edilmiş orta səviyyəli yeni smartfon yüksək təhlükəsizlik imkanlarına malikdir. “LG X Venture” modeli “IP68” və “MIL-STD 810G” standartlarına cavab verir və bu, o deməkdir ki, qurğu 30 dəqiqə ərzində 1,5 metr dərinliyində suyun içində qala bilər. Bundan başqa, telefon zərbələrə, toz və suya qarşı davamlıdır. Smartfon “IPS” matrisi və “In-Cell Touch” sensor texnologiyası üzrə hazırlanmış “Full HD” (1920×1080 piksel) 5,2 düymlük ekranla təchiz edilib. Aparat 1,14 takt tezlikli 8 nüvəli “Qualcomm Snapdragon 435” prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daimi yaddaşa malikdir. Əsas kameranın təsvir ölçüsü 16 meqapiksel, ön kamerada isə 5 meqapikseldir. Telefon 4100 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və “Android 7.0 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Smartfonun qalınlığı 9,3 mm, çəkisi isə 167 qr-dır. 26 may 2017-ci il tarixində satışa çıxarılacaq “LG X Venture” smartfonunun qiyməti təxminən 330 dollar təşkil edəcək.

9

“Microsoft” şirkəti Şanxayda keçirilmiş xüsusi tədbirdə yeni “Surface Pro” planşet kompüterini təqdim edib. İstehsalçı modellərin nömrələnməsindən imtina edib, buna görə yeni qurğu, sadəcə, “Surface Pro” adlanır. Yeni “Surface Pro” planşetində əsas dəyişikliklər “Intel” korporasiyasının yeddinci nəsil prosessorları və sistem lövhəsinə birləşdirilmiş əməli yaddaş olub. Planşetin avtonom iş vaxtı 13,5 saatdır. Bundan başqa, “Intel Core m3” və “Intel Core i5” prosessorları ilə təchiz edilmiş kiçik modellərdə soyuma sistemi ləğv edilib, deməli, tamamilə səssiz işləyir. “Surface Pro” planşetinin texniki xarakteristikaları aşağıdakılardır: displey: 12,3 düym, 2736×1824 piksel; prosessor: “Intel Core m3 7Y30” / “Intel Core i5-7300U” / “Intel Core i7-7660U”; qrafika: “Intel HD Graphics 615” (m3) / “Intel HD Graphics 620” (i5) / “Intel Iris Plus Graphics 640” (i7); əməli yaddaş: 4/8/16 QB, “LPDDR3”, 1866 MHs; daxili yaddaş:  512 QB-dək tutumunda “SSD”; yaddaş kartları üçün slot: var, “microSDXC”; simsiz interfeyslər: “Wi-Fi 802.11ac”, “Bluetooth 4.1”; rabitə: “LTE”; səs: 2,1 Dolby Audio Premium stere dinamikləri; veb-kamera: “Windows Hello” dəstəkli 5 meqapiksel; çəki: 770 qr; iş vaxtı: 13,5 saatadək. Yeni “Surface Pro” planşeti artıq 799 dollardan ilkin sifariş üçün əlçatandır. Klaviatura və stilus müvafiq olaraq 129 və 99 dollara satılır.

İndi əksər nəhəng korporasiyalar yeni məlumat daşıyıcılarının yaradılması sahəsində tədqiqatlar keçirirlər. Amma “Microsoft Research”in tədqiqat qrupu bu istiqamətdə daha irəlidədir. Ötən il istehsalçılar bildirmişdilər ki, informasiyanın saxlanılması üçün dezoksiribinuklein turşusundan istifadə etmək istəyirlər. “MIT Technology Review” nəşrinə inansaq, 3 il sonra istifadəyə veriləcək sistem məlumatları məsafədən dezoksiribinuklein turşusunda saxlamağa imkan verəcək. Indi “Microsoft” şirkəti “Twist Bioscience” şirkəti ilə əməkdaşlıq edir. Bu qurum süni dezoksiribinuklein turşusunun istehsalı üzrə ixtisaslaşıb. İstehsalçılar hesab edirlər ki, onların məlumat daşıyıcıları ötən əsrin 70-ci illərinin sürət texnikası ölçüsündə olacaq. Dezoksiribinuklein turşusu molekulu son dərəcə yüksək yazma sıxlığına malikdir.

10

“Google” şirkəti “Jamboard” adlı interaktiv lövhənin satışlarına başlayıb. Məlumat üçün, sözügedən qurğu 2016-cı ilin oktyabrında təqdim edilib. “Jamboard” böyük ölçülü sensor ekrandır və adi interaktiv lövhə kimi istifadə edilə bilər. Qurğu “G Suite” korporativ paketinə əlavə kimi təqdim edilir və “Google”un “bulud” xidmətlərinə inteqrasiya edilib. Sensor displey eyni anda 16-dək toxunuşu “tanıyır”, 55 düymlük diaqonala, “4K Ultra HD” (3840×2160 piksel) təsvir ölçüsünə malikdir, daxili HD veb-kamera, dinamiklər, “HDMI”, “USB” portları ilə təchiz edilib və “Wi-Fi” texnologiyasını dəstəkləyir. “Android” və “iOS” mobil əməliyyat sistemləri üçün nəzərdə tutulmuş mobil proqramlar kolleqaların uzaq məsafədən müzakirə və yaradıcılıq prosesində iştirakına imkan verəcək. ABŞ-da “Google Jamboard” interaktiv lövhəsini 4999 dollara ilkin sifariş etmək mümkündür. Həmçinin iki stilus, bir lastik və divar bərkitməsi qiymətə daxildir. Təkərli altlıq 1199 dollardır.

“Tractica” tədqiqat şirkəti növbəti 5 ildə istehlak robotlarının qlobal tədarükünün 5 qat artımını proqnozlaşdırır. Gözləntilərə görə ev, oyun və təhsil robotlarının geniş yayılması fonunda istehlak robotlarının tədarük həcmi 2016-cı ildə 10 milyondan 2022-ci ildə 50,7 milyonadək artacaq. Eyni zamanda pul baxımından istehlak robotları bazarının həcmi 3,8-dən 13,2 milyard dollaradək yüksələcək. Proqnozu şərh edən “Tractica” şirkətinin analitiki Manoj Sahi bildirib ki, istehlak robotları bazarında evi təmizləmək üçün nəzərdə tutulmuş modellərin yüksəliş mərhələsi sona yaxınlaşır və indi şəxsi köməkçi rolunu yerinə yetirən robotlar böyük populyarlıq qazanır.

11

Çinin “Huawei” şirkəti “Honor Play Tab 2” planşet kompüterlərinin təqdimatına hazırlaşır. 8 və 9,6 düym diaqonallı modellərdən ibarət qurğuların “IPS” ekranlarının təsvir ölçüsü 1280×800 piksel təşkil edir. Qabarit və çəkidən başqa modellər digər xüsusiyyətlərinə görə tam oxşardır. 1,4 qiqahers takt tezlikli dördnüvəli “Snapdragon 425” prosessorunun quraşdırıldığı planşetin operativ yaddaşı 2 və ya 3 qiqabayta, quraşdırılmış yaddaşı 16 və ya 32 qiqabayta bərabərdir. Həmçinin, yalnız “Wi-Fi” və ya “4G/LTE” şəbəkələrini dəstəkləyən versiyalar mövcuddur. Kameralarının təsvir ölçüsü 5 və 2 meqapiksel təşkil edən planşetlərin korpusunda “microSD” yaddaş kartı üçün çıxış, “Bluetooth 4.1” və “GPS” modulları quraşdırılıb. Akkumulyatorun tutumu 4800 milliamper/saat təşkil edir. Kiçik versiyanın qabarit ölçüləri 211,07×124,65×7,95 mm, çəkisi 350 qram, böyük versiyanın müvafiq olaraq 229,8×159,8×7,95 mm və 460 qramdır. Modellər “EMUI 5.1” interfeysli “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Qurğuların satışına iyunun 1-dən etibarən başlamaq nəzərdə tutulur.

12

Yaponiyanın “Sony” texnoloji şirkəti sentyabrda Berlində keçiriləcək “IFA” konfransında “Xperia XZ1”, “Xperia XZ1 Compact” və “Xperia X1” smartfon modellərinin nümayişini planlaşdırır. Qabaqcıl “Xperia XZ1” qurğusunun aparat platformasının əsasında 4 qiqabaytlıq operativ yaddaşla birlikdə birkristallı “Qualcomm Snapdragon 835” məhsuldarlıq sistemi tətbiq ediləcək. Smartfonun ekran diaqonalı 5,2 düym, təsvir ölçüsü 1080×1920 piksel təşkil edəcək. “Xperia XZ1 Compact” adından göründüyü kimi, qabaqcıl “XZ1” modelinin kiçildilmiş versiyasıdır. Qurğuda eyni çip və operativ yaddaş həcmi quraşdırılsa da, displeyin diaqonalı 4,6 düymə bərabər olacaq. Beş düymlü ekranla təchiz edilən “Xperia X1” smartfonunda az məhsuldarlığa malik “Snapdragon 660” prosessoru və 4 qiqabaytlıq operativ yaddaş quraşdırılıb. Yeni “Sony” smartfonlarının kamera ilə əlaqədar innovativ texnologiya ilə seçiləcəyi gözlənilir.

13

“Apple” şirkəti üzvi işıq diodlu ekranları (OLED) üstələyən növbəti nəsil “micro-LED” displey panellərinin test istehsalına başlamaq niyyətindədir. Şirkətin cari ilin ikinci rübündə məhdud sayda innovativ panellərin buraxılışına başlayacağı bildirilir. “Apple” 2014-cü ildə “micro-LED” texnologiya istehsalçısını – “LuxVue” şirkətini satın alıb. Tayvanın şimal hissəsində yerləşən “LuxVue” müəssisəsində ilin sonunadək belə displeylərin sınaq buraxılışına başlamaq nəzərdə tutulur. Növbəti yarımildə “micro-LED” panellərinin buraxılışına başlaya biləcək ikinci istehsalçı kimi Tayvanın “PlayNitride” şirkəti qeyd olunur. Bundan əvvəl “Apple” şirkətinin qabaqcıl ekranlarla əvvəlcə “Apple Watch” “ağıllı” saatlarını təchiz etməyə hazırlaşması barədə məlumatlar yayılıb. Gələcəkdə şirkət “iPhone” smartfonlarını və “iPad” planşetlərini yeni displeylərlə təchiz etməyi planlaşdırır. Qeyd edək ki, “micro-LED” displeyləri maye-kristal (LCD) və “OLED” ekranlardan daha nazik, parlaq və enerji səmərəlidir. Bununla yanaşı, bu texnologiya üzrə ekranların istehsalı bahalı və çətindir. Hazırda texniki çətinliklər “micro-LED” panellərinin kütləvi istehsalına mane olsa da, onların aradan qaldırılacağı təqdirdə displeylərin maya dəyəri hazırkı işıq diodlu ekranlardan ucuz olacaq.

14

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register