“Yeni Gürcüstan” partiyasının üzvü Kamran Məmmədov “Marneuli” radiosunun jurnalistini təhqir etdi

marneulifm_logo

29 may tarixində “Marneuli” radiosunun jurnalisti Pərvin Abdullayevin “Uzun incə bir yol” (http://marneulifm.ge/az/2017/05/29/kamran-mamedov-studionu-yarimciq-t%C9%99rk-etdi/) müəllif verilişinə “Yeni Gürcüstan” partiyasının üzvü Kamran Məmmədov dəvət olunmuşdu, söhbətin mövzusu isə gənclərin problemi idi. Kamran Məmmədov dəfələrlə radiomuzun qonağı olmuşdur, keçənilki seçkilərdən əvvəl bizim mediaplatformamız digər partiyaların nümayəndələri üçün olduğu kimi, onun üçün də açıq idi – Bizim icma radiomuzun məqsədi və vəzifəsi seçicilər baxımından məlumatlandırılmış seçkilərin keçirilməsinin təmin edilməsi üçün seçki ərəfəsində bütün partiyalar və bütün namizədlər haqqında xalqa məlumatların çatdırılması idi.

Bu mərhələdə radiomuz internet vasitəsilə (livestream), həmçinin sosial şəbəkə Facebook canlı yayımı ilə efirə çıxır. Müsahibə də bu iki yolla canlı efirdə yayımlanırdı.

Müsahibə əsnasında jurnalistimiz uşaqların fundamental hüququ – təhsil hüququ barəsində sual verdi. Əməkdaşımız diqqəti ümumtəhsil məktəblərinin həddi buluğa çatmamış uşaqlar tərəfindən yarımçıq tərk edilməsinə yönəltdi – verilişin aparıcısı qonağa bu problemin nə ilə izah edilə biləcəyi barədə sual ünvanladı. Sual tamamlanan kimi K.Məmmədov redaksiyamız üçün də gözlənilməz olaraq jurnalistə qarşı təhqirlərə yol verdi – sonradan aydın oldu ki, K.Məmmədovun fikrincə sual erkən evliliyi nəzərdə tuturmuş (həddi buluğa çatmamış şagirdlərin təhsilini yarımçıq dayandırmasının səbəblərindən birinin məhz erkən evlilik olduğu da aşkardır və bu məsələnin müzakirəsinin bizim vəzifələrimizdən biri olduğunu hesab edirik. Lakin bu konkret halda diqqəti təhsil hüququna yönəltmək istəyirdik və siyasi partiya nümayəndəsinin fikri ilə maraqlanırdıq).

Verilişin qonağının təhqirləri və səsini yüksəltməsi nəticəsində efir yarımçıq qaldı. Bu dəfə K.Məmmədov öz şəxsi Facebook səhifəsində hədə dolu ifadələrin yer aldığı mətn paylaşdı, bundan başqa Facebook canlı yayımı vasitəsilə jurnalisti təhqir etdi və erkən evlilik faktlarına həvəsləndirici ifadələr işlətdi.

Biz açıq şəkildə vurğulamaq istəyirik ki, “Marneuli” icma radiosu hər zaman icmanın bütün fərdlərinin Konstitusiya ilə təmin olunmuş hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələrin keçirilməsinə dəstək olur – biz media təşkilatıq və məhz buna görə də cəmiyyətin ən zəif qruplarının maraqlarını qorumağa, problemlərinin həlli üçün səslərini hakimiyyətə çatdırmağa borcluyuq, bu prosesi müşahidə etmək və bu prosesə nəzarət etmək bizim vəzifəmizdir.

“Marneuli” radiosu dəvət olunmuş qonaqlar tərəfindən – əksəriyyətin dəstəyini almaq və icmanı, bələdiyyəni, bölgəni, ölkəni idarə etmək kimi ambisiyaları olan siyasi partiyaların nümayəndələri olsalar belə – zorakı, təhqir və insan haqlarının pozulması kimi hərəkətləri alqışlaya bilməz.

Müvafiq olaraq “Yeni Gürcüstan” partiyasının üzvünü ictimai şəkildə üzr istəməyə çağırırıq və partiyanın mərkəzi və regional ofislərindən bu barədə izahat tələb edirik: Müstəqil mətbuata qarşı belə hərəkət müasir demokratik standartlarla uyğun gəlmir.

Biz bu və ya digər siyasi partiyanın və ya hakimiyyət nümayəndələrinin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, yenə də belə kəskin məsələlərin müzakirələrinə davam edəcəyik, çünki biz ictimaiyyətə xidmət edirik və icma üçün çalışırıq.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register