Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

İlon Maskın “The Boring Company” innovasiya şirkəti yeraltı avtobusun konseptini təqdim edib, bu yeraltı avtobus sərnişinləri Los-Ancelesin altında yerləşən tunel boyu daşıyacaq. Yeni nəqliyyat növünün eskizlərini şirkət öz saytında dərc edib. Məlumatda qeyd edilir ki, tunellərin yeraltı sistemi 30 səviyyədən ibarət olacaq. Avtobus relslər ilə hərəkət edəcək, salonda sərnişinlər üçün oturacaqlar olacaq. Avtobusun korpusu iri şüşə paneldən ibarətdir. Vankuverdə keçirilən sərgidə İlon Mask Los-Anceles üçün hazırlanmış yeraltı ictimai nəqliyyatın konseptini təqdim edib. Yeni nəqliyyat növü 200 km/saata qədər sürət yığa bilir.

1

Sinqapurdakı Politexnik Universiteti dünyada ilk dəfə olaraq diplomlarını blokçeyn texnologiyası əsasında verəcək. “Ngee Ann Polytechnic” Universiteti ildə 4 min məzuna diplom verir. Ali məktəbdə hesab edirlər ki, blokçeyn texnologiyası əsasında verilən diplomların əslini yoxlamaq çox da çətin olmayacaq. İşəgötürən iş üçün müraciət edən şəxs və təhsili haqqında bilgi almaq üçün əziyyət çəkməyəcək. Məzunlar aldıqları diplom və sertifikatları dərhal “LinkedIn” profillərinə yükləyə də biləcəklər. Layihəni həyata keçirmək üçün universitet “Attores” startapı ilə razılığa gəlib. Proqram təminatı isə “Parity Technologies” şirkətinə məxsus olacaq.

2

“Apple” şirkəti bu ilin iyun ayında bir sıra populyar cihazların dəstəklənməsini dayandıracaq. Servis mərkəzlərində bu qurğulara xidmət göstərilməyəcək və sındıqları halda pulsuz təmir olunmayacaq. Bunlar 2011-ci ilin istehsalı olan “MacBook Air”, “MacBook Pro”, “AirPort Express 802. 11n” və “iPhone 3GS”dir. Qeyd edək ki, bu, “Apple” üçün adi qaydadır – buraxılış ilindən 6-7 il sonra ehtiyat hissələrinin çatışmazlığı əsas gətirilərək müəyyən qurğuların dəstəklənməsi dayandırılır. Onların sahiblərinə servis mərkəzlərində mütəxəssislər heç məsləhət də vermir.

3

Yaponiyada 500 GB yaddaşlı “PlayStation 3” oyun avadanlığının standart modelinin istehsalı dayandırılıb. Radio Marneuli “PlayStation”un rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, istehsalda olan sonuncu model idi. Qeyd edək ki, “PlayStation 3”ün satışlarına 2016-cı ilin noyabr ayında başlanılıb. “Sony” şirkəti dəfələrlə oyun avadanlığının 10 il yaşayacağını bildirib və verdiyi vədi yerinə yetirib. Yaponiyada “PlayStation 3” böyük fərqlə rəqibi “Xbox 360” oyun avadanlığını qabaqlayıb. Ancaq Avropa və ABŞ-da bu avadanlıqlar arasında əsl müharibə gedir. “VGChartz” nəşrinin məlumatına görə, “PlayStation 3” və “Xbox 360”un ümumi satışları bütün dünya üzrə 87 və 86 milyon ədəd oyun avadanlığı təşkil edir.

4

ABŞ alimləri müəyyən ediblər ki, mobil texnologiyalar uşaqların inkişafına təsir göstərir. Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, uşaqların elektron cihazlarla həddən çox maraqlanması bir sıra problemlərə gətirib çıxara bilər. Tədqiqat çərçivəsində mütəxəssislər Çjen Yana və Lennart Hardell cihazların uşaqlara, həmçinin onların valideynlərinə təsiri ilə bağlı məsələlərə aid çoxsaylı elmi məqalələri təhlil ediblər. Mütəxəssislər müəyyən ediblər ki, smartfonlardan həddindən artıq istifadə edilməsi uşağın beyninin inkişafına və idrakının nəzarətinə mənfi təsir göstərir.

5

Britaniyalı ixtiraçı və populyar videoblogger Kolin Farz öz azarkeşlərini növbəti yeni qeyri-adi cihazı ilə sevindirib. Yeməyini mikrodalğalı sobada bişirənlər və onların gözləmə anlarını daha da rəngarəng etmək üçün K.Farz xüsusi olaraq  soba layihələndirib ki, onu oyun avadanlığı kimi də istifadə etmək mümkündür. İxtiraçı tərəfindən layihələndirilən “Play-o-Wave” adlanan cihaz mikrodalğalı sobaya oxşayır. Onun qapısına rəngli displey təchiz edilib, idarəetmə panelində əlavə keçiricilər və oyun avadanlığının qoşulması üçün dəlik də əlavə edilib. Video çarxda Farz cihazın iş qabiliyyətini nümayiş etdirib və sobaya yerfındığı yağı ilə sürtülmüş soğan yerləşdirərək iki dəqiqə ərzində velosipedlə yarış oyunu oynayıb.

“Asus” şirkəti Tayvanın paytaxtı Taybeydə “Computex” sərgisinin açılışı ərəfəsində yeni “Zenbook Flip S” və “Zenbook 3 Deluxe” noutbuklarını, eləcə də “Zenbook Pro” leptopunun yenilənmiş versiyasını təqdim edib. Cihazların hamısı “Windows 10” əməliyyat sistemi ilə çalışır. “Zenbook Flip S” modeli 4 K formatlı, 13,3 ölçülü sensor displey, “Intel Core i5-7200U” (və ya son nəsil “i7-7500U”) prosessoru, 1 terabaytlıq SSD-yığıcı ilə təchiz olunub. Çəkisi 1,1 kq, qalınlığı 10,9 mm-dir. Avtonom iş rejimi 11,5 saatdır. “Zenbook Flip S” soyuducu ventilyasiya sisteminə də malikdir. Cihaz yaxın aylarda satışa çıxarılacaq. Start qiyməti 1099 dollardır. “Zenbook 3 Deluxe” leptopu “Zenbook 3”ün böyüdülmüş versiyasıdır. O, alüminium korpusa, 14 düymlük nazik çərçivəli “FulllHD” displeyə, “Intel Core i5-7200U” (və ya “i7-7500U”) prosessoruna, 16 GB operativ yaddaşa, 1 terabaytlıq SSD-yığıcıya malikdir. Çəkisi 1,1 kq, qalınlığı 12,9 mm-dir. Bu, 14 ekran ölçülü noutbuklar arasında ən nazik cihazdır. Əsas yeniliklər arasında “Thunderbolt 3” dəstəkli iki “USB Type-C”, barmaq izi “datçiki” və 9 saatlıq iş rejimini təmin edən batareyanı göstərmək olar. Qiyməti 1199 dollardır. Yenilənmiş “Zenbook Pro” isə “Full HD” və ya “4K Ultra HD” formatlı 15,6 ölçülü displeyə, “Intel Core i5” (və ya i7 H) prosessoruna, “NVIDIA GeForce 1050Ti” (və ya 1050) videokarta, 8-16 GB operativ yaddaşa, 1 TR SSD-yığıcıya sahibdir. Avtonom iş rejimi 14 saata qədərdir. Çəkisi 1,8 kq, qalınlığı 18,9 mm-dir. Dörd dinamiki və barmaq izi “datçiki” var. Qiyməti 1299 dollardır.

“Samsung Galaxy S8” smartfonları “Galaxy S7” modelindən iki dəfə daha populyar olub. Şirkətin rəsmi nümayəndəsi bildirib ki, bu barədə brendin vətənində təqdimat tarixindən bəri qeydə alınan satışların nəticələri sübut edir. Flaqmanın təqdimatından 37 gün keçib və bu müddət ərzində 1 milyon cihaz satılıb. Göstəricilər belə qənaətə gəlməyə əsas verir ki, “Samsung Galaxy S8” özündən əvvəlki model olan “S6” və “S7” modelləri ilə müqayisədə iki dəfə fəal alınır. Bu smartfonların Cənubi Koreyada milyardıncı nüsxəsinə müvafiq olaraq satışların 74 və 75-ci günlərində nail olmaq mümkün olub. Bütün dünya üzrə “Samsung Galaxy S8” smartfonlarının ümumi satış həcmi may ayının ortalarında 10 milyon ədəd təşkil edib. Bəzi mütəxəssislər əmindirlər ki, bu ilin sonuna qədər istifadəçilər bu modeldən olan 60 milyon ədəd smartfon əldə edəcəklər.

6

“Google” həmtəsisçisi Sergey Brinin təşəbbüsü ilə hazırlanan sirli dirijabl ərzaq, tibbi ləvazimatlar da daxil olmaqla, humanitar yüklərin çətin relyefə malik yerlərə çatdırılması üçün istifadə ediləcək. Dirijablın uzunluğu 200 metrə yaxın olacaq. Bu, hazırda dünyadakı ən böyük dirijabldır. Mənbə bildirib ki, dirijablın layihələndirilməsi və yaradılması şəxsən S. Brin tərəfindən maliyyələşdirilir. Layihənin dəyəri 100-150 milyon dollar həcmində qiymətləndirilir. Mənbə qeyd edib ki, dirijablın S. Brin, onun ailəsi və dostları üçün komfortlu hava yaxtası kimi də istifadəsi də nəzərdə tutulub. Layihənin hazırlanmasında iştirak edən İqor Pasternak bildirib ki, dirijabllar qlobal internetin kommunikasiya sahəsində etdiyi inqilabı daşımaçılıq bazarında təkrarlaya bilər: “Yük avtomobilləri o vaxt yaxşı olur ki, yollar yaxşı olsun. Qatarlar yalnız dəmir yolu ilə hərəkət edə bilər. Təyyarələrə hava limanları lazımdır. Dirijabl isə yükləri istənilən yerdə A nöqtəsindən B nöqtəsinə yolda dayanmadan çartdıra bilər”. Xatırladaq ki, nəhəng dirijablın hazırlanması barədə xəbər apreldə yayılıb. Mənbələr deyiblər ki, iş Kaliforniyada yerləşən NASA-nın Tədqiqat Mərkəzinə aid anqarda aparılır. Layihəyə NASA-nın keçmiş proqram direktoru Alan Ueston rəhbərlik edir.

7

Dubay polisi partladıcı qurğuların zərərsizləşdirilməsi üzrə əməliyyatlarda məsafədən idarə olunan su topu ilə təchiz edilmiş pilotsuz uçuş aparatlından istifadə planlarını açıqlayıb. Yerli KİV-lər Dubay polisinin başçısı, general-mayor Abdulla Xəlifə Əl-Merrinin bəyanatına istinadla xəbər verir ki, pilotsuz aparatlar istehkamçı dəstənin sərəncamında olacaq. Bildirilir ki, kamera ilə təchiz edilmiş drondan avtomobillərdə və ya binalarda şüşələrin və pəncərələrin qırılması, habelə partlayıcı maddələrin axtarışı üçün istifadə edilə bilər.

8

Android əməliyyat sisteminin yaradıcısı Andy Rubin-in yaratdığı Essential Phone smartfonunun ilk foto və məlumatları təqdim olundu. Qeyd etmək lazımdır ki, sözügedən smartfon, Andy Rubin-in “Essential” şirkəti tərəfindən yaradılıb. Android əməliyyat sistemi vasitəsilə çalışan yeni smartfonun korpusu titan və keramikadan hazırlanmışdır. O, demək olar ki, çərçivəsiz ekrana sahibdir. Deməli Essential Phone, 5.7 inç ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş, 3040 mAh enerji tutumlu batareya, 13 MP-lik ikili arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfonun arxa paneli sanki şüşədən hazırlanmışa oxşasa da, əslində o keramikadan ibarətdir. Smartfonun ekranını isə 5-ci nəsil Gorilla Glass şüşəsi qoruyur. Bundan əlavə olaraq Essential Phone üçün iki ədəd ayrıca cihaz da təqdim olunub. Onlardan biri 360 dərəcəlik kamera, digəri isə enerji yığmaq üçün nəzərdə tutulmuş enerji stansiyasıdır. Qeyd etmək lazımdır ki, sözügedən smartfon, 3.5 mm-lik standart audiogirişdən məhrumdur. Çox güman ki, onu xüsusi keçidli naqil əvəz edəcək .Essential Phone ilk öncə ABŞ bazarında satışa çıxacaq. Onun qiyməti isə 700$ təşkil edəcək.

9

Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən dünyanın nəhəng “Alibaba Group Holding” şirkəti insan sifətinin tanınması texnologiyası əsasında məhsul ödəniş sisteminin sınaqlarını başa çatdırıb. Bundan sonra mal almaq istəyən alıcı öz sifətini skan edərək mobil telefon nömrəsinin son dörd rəqəmini daxil etməlidir. Mütəxəssislər tərəfindən uğurla sınaqdan keçirilən sistemi “Alipay” ödəniş servisi yoxlamağı planlaşdırır. Məlumata görə, fırıldaqçılığa yol verməmək üçün sistem istifadəçidən baş tərpətməyi, göz qırpmağı və ya üz-gözü turşutmağı tələb edəcək. Bunun texnologiyaya onun qarşısında fotoşəkilin deyil, canlı insanın durmasına əmin olmağa kömək edəcəyi qeyd olunur. Texnologiyanın yaxın vaxtlarda tətbiqinə başlamaq nəzərdə tutulur.

10

Yeni texnologiyaya keçid cəsarət tələb edir. Bu il böyükölçülü “OLED” displey yeni “iPhone” smartfonunda əsas özəllik olacaq. İlk dəfə olaraq “Apple” şirkətinin istehsalı olan smartfonda displey bütün ön paneli zəbt edəcək. “DigiTimes” analitik şirkətinin məlumatına əsasən, “Apple”ın yubiley smartfonu şirkətin tarixində ilk dəfə olaraq tərəflər nisbəti 18:9 olan “OLED” displeylə təchiz ediləcək. Belə tərəflər nisbəti 5,8 düymlük diaqonala malik “iPhone 8” smartfonunun ön panelindəki sahədən daha səmərəli istifadəyə imkan verəcək. Məlumat üçün bildirək ki,  “LG G6”, “Samsung Galaxy S8” və 2017-ci ildə təqdim edilmiş “Galaxy S8+” smartfonları 18:9 formatlı ekranla təchiz edilib. “iPhone” smartfonunun başqa modellərində tərəflər nisbəti 16:9 təşkil edir. “Apple” şirkəti displeyin çərçivəsinin ölçüsünü kiçiltməklə daha geniş formata nail olacaq.

11

2 il bundan əvvəl “Intel” korporasiyası iki perspektivli texnologiyanı birləşdirməklə kompüter interfeyslərinin inkişaf istiqamətini müəyyənləşdirib: “USB-C” simmetrik portu və “Thunderbolt 3” sürət interfeysi. Amma sənaye sözügedən yeniliyin tətbiqinə tələsmir, yalnız ən bahalı kompüterlərdə bu texnologiyalar tətbiq edilir. “Intel” bu vəziyyəti düzəltməyə qərar verib. Şirkətin rəsmisi elan edib ki, birincisi, “Thunderbolt 3” interfeysi prosessor səviyyəsində dəstəklənəcək. Bu halda qurğu istehsalçıları xüsusi kontrollerlərə vəsait xərcləməyəcək və nəticədə öz məhsullarının qiymətini azaldacaqlar. İkincisi, gələn ildən “Thunderbolt 3” spesifikasiyası açıq olacaq, kənar çipset və periferiya istehsalçıları “Intel” şirkətinə heç nə ödəmədən bu protokoldan istifadə edə biləcəklər. Məlumat üçün, “Thunderbolt 3” interfeysi “USB 3” ilə müqayisədə məlumatların yüksək sürətlə ötürülməsini təmin edir: hər bir istiqamətdə saniyədə 40 qiqabitədək. Bu o deməkdir ki, bu interfeysin köməyi ilə “4K” təsvir ölçüsündə sıxılmış filmi bir neçə saniyə ərzində ötürmək olar. “Intel” tərəfindən təşəbbüs edilmiş bu addım, ehtimal ki, istehsalçıları, hətta ucuz modellərə “Thunderbolt 3” interfeysini dəstəkləyən “USB-C” portların quraşdırılmasına sövq edəcək.

12

Paris Biznes Məktəbində distansiyalı məşğələlər zamanı şagirdlərin diqqətini izləmək üçün süni intellektdən istifadə planlaşdırılır. Sentyabrdan etibarən “Nestor” adlanan proqram müşahidə kameraları vasitəsilə şagirdlərin üzlərinin analizinə başlayacaq. “Nestor” dərslər zamanı məktəblilərin gözlərinin hərəkətini və emosiyalarını izləyəcək. Mühazirələr başa çatdıqdan sonra onlara diqqətlərinin yayındığı hallarla bağlı bir neçə sual veriləcək. Həmçinin, müəllimlər şagirdlərin dərsə maraq göstərməsini və ya göstərməməsini təhlil edərək mühazirələri yaxşılaşdıra biləcəklər. Məlumata görə, “LCA Learning” şirkəti “Nestor” proqramını ötən həftə Nyu-Yorkda keçirilən konfransda təqdim edib. Texnologiya distansiyalı dərslər prosesində sınaqdan keçirildikdən sonra ondan adi mühazirələrdə istifadə nəzərdə tutulur. Şirkət yaradıcısı Marsel Souset bildirib ki, “Nestor”un kənar şirkətlərə məlumat göndərməyəcəyinə görə bütün informasiya məxfi qalacaq. Bundan başqa, məlumatlar şifrlənəcək və anonimləşdiriləcək.

“Apple” şirkəti hazırladığı əlavələrin təhlükəsizlik səviyyəsini gücləndirmək niyyətindədir. Məlumata görə, iyundan etibarən “iCloud” servisinin istifadəçilərindən kənar proqramlardan istifadə üçün parolları dəyişmək tələb olunacaq. Bildirilir ki, “iCloud” istifadəçiləri “bulud” əlavəsinə daxil olmazdan əvvəl bir sıra əməliyyatları yerinə yetirməli olacaqlar. Hazırda “Apple” parolların göstərilməsini mütləq tələb kimi tətbiq etməyə başlamayıb. Ekspertlərin fikrincə, ABŞ istehsalçısı bu addımı Çində “Apple” əlavələrinin mühafizə səviyyəsinin zəif siyahıya daxil edilməsini bildirən hesabat dərc edildikdən sonra atmalı olub. Bundan əlavə, bu yaxınlarda dünyada milyonlarla kompüteri yoluxduran virus hücumu nəzərə alınıb. Qeyd edək ki, ilk dəfə 2011-ci ilin ortalarında təqdim edilən “Apple” şirkətinin “iCloud” “bulud” servisi qurğular (PC, Mac, iPod Touch, iPhone, iPad) arasında müxtəlif informasiyanı sinxronlaşdırmağa imkan verir. Burada bütün istifadəçilərə müxtəlif informasiyanı saxlamaq üçün 5 qiqabaytlıq disk verilir. Servis, həmçinin “iTunes” musiqi pleyeri ilə sinxronizə edilib. “iCloud” vasitəsilə elektron poçt məlumatlarının mübadiləsi mümkündür. Yaxın insanların və dostların əvvəlcədən razılığı ilə onların olduqları yerlər haqqında məlumat əldə etməyə imkan verən “Dostları tap” əlavəsi xüsusi diqqət cəlb edir.

13

İstehsala hazırlanan smartfonlarla bağlı gizli məlumatlar əldə etməsi ilə tanınan bloger Bencamin Qaskin yeni “iPhone”un təqdimat və satış tarixlərini açıqlayıb. B. Qaskin “iPhone 8″in sentyabrın 17-də təqdim olunacağını, satışların isə sentyabrın 25-də başlayacağını bildirib. Bloger artıq bu barədə informasiyanın elektron məktublar vasitəsilə “Apple” əməkdaşlarına göndərildiyini deyib. Rəhbərlik hələlik bu tarixləri təxmini olaraq müəyyənləşdirib və dəyişə biləcəyini də qeyd edib.

14

Cənubi Koreyanın Samsung korporasiyası ilk əsas (frontal) iki kameralı smartfonunu satışa hazırlayır. Samsung Galaxy C10 modeli orta qiymət seqmentinə məxsus olacaq. Şirkət bu minvalla ilk əvvəl iki kameralı smartfonu orta seqmentdə sınamağı, sonra texnologiyanı flaqman modellərə tətbiq etməyi düşünür. Hazırda bazarda olan iPhone 7 Plus adi görünüşh moduluna və ikiqat zuma, Huawei P10 – genişlənmiş dinamik diapazona, LG G6  isə genişbucaqlı obyektivə malikdir. Samsung Galaxy C10 ikiqat kamera modulu, USB Type-C və 3,5 mm portları, solda Bixby assistentinin çağırışı üçün düymə, 5,5 düymlük displey, metal korpus olacaq. Telefonun öölçüləri 152,5×74,8×7,68 mm-dir.

15

“İnstagram” insanın psixi sağlamlığına ən mənfi təsir göstərən şəbəkə hesab olunur. Bu, “İnstaqram” istifadəçiləri arasında keçirilən sorğu nəticəsində sübuta yetirilib. Böyük Britaniyanın Sağlamlıq Cəmiyyəti tərəfindən aparılan tədqiqata 14 yaşdan 24 yaşa qədər 1479 iştirakçı qatılıb. Tədqiqat iştirakçılarına “YouTube”, “İnstaqram”, “Snapchat”, “Facebook” və “Twitter”in onların sağlamlıq və əhval-ruhiyyələrinə təsiri barədə suallar verilib. Verilən suallara cavablar nəticəsində tədqiqat aparanlar bu qənaətə gəliblər ki, “İnstagram” insanın psixi sağlamlığına ən mənfi təsir göstərən şəbəkədir.

16

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register