Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ-ın Kaliforniya ştatının Moxave səhrasında ilk dəfə olaraq dünyanın ən böyük nəqliyyat təyyarəsi nümayiş etdirilib. Bu barədə informasiyanı təyyarənin hazırlığını həyata keçirən “Stratolanç” şirkəti yayıb. Şirkət bu təyyarənin ilk dəfə anqarı tərk etdiyini bildirib. Qanadlarının uzunluğu 117 metr olan təyyarənin çəkisi 230 tondur. Onun 15 metr hündürlüyü və 28 təkəri var. Təyyarə 250 ton yük daşımaq gücündədir. “Stratolanç”ın təyyarəsi Pegasus XL raket daşıyıcılarının buraxılması üçün hava platforması kimi istifadə ediləcək.

Yaxın vaxtlarda “Skype”ın dizaynı ciddi şəkildə dəyişəcək və istifadəçiyə “Snapchat”ı xatırladacaq. Servisin “Android” üçün mobil versiyasında səsli danışmaq və ya mətn yazışması zamanı selfi çəkib dostlara göndərmək üçün ayrıca düymə olacaq. Bundan başqa, “Skype”ın özünün “tarixçə” analoqu da olacaq – istifadəçi öz şəklini bütün və ya ayrı-ayrı istifadəçilərlə bölüşə biləcək. Bu funksiya artıq “Instagram”, “Snapchat”, “VKontakte” və digər sosial şəbəkələrdə mövcuddur. Yaxın gələcəkdə yeniləmiş “Skype”ın iOS və kompüter versiyası da olacaq.

1

“5G” texnologiyası 2035-ci ilədək dünya iqtisadiyyatına 12,3 trilyon dollar xeyir gətirəcək. Bu barədə “5G Americas” ticarət qrupunun rəhbəri Kris Pirson Tokioda keçirilən “Global 5G Event” tədbiri çərçivəsində bildirib. Şirkət rəhbərinin proqnozuna görə, 2035-ci ilədək “5G” şəbəkə infrastrukturu Yer kürəsində 22 milyon iş yerini dəstəkləyəcək, 2020-2035-ci illərdə onun qlobal Ümumi Daxili Məhsula töhfəsi Hindistan iqtisadiyyatının həcminə bərabər olacaq. K.Pirsonun fikrincə, “5G” texnologiyasına keçid bəşəriyyətin həyat tərzinə əhəmiyyətli təsir göstərəcək. Məsələn, texnologiya energetika, nəqliyyat, səhiyyə və ictimai təhlükəsizlik kimi sahələrdə yeni imkanlar açacaq, eləcə də “ağıllı” şəhərlərdə ona tələbat yaranacaq. Bununla yanaşı, “5G” inkişaf etdikcə “Əşyalar interneti” (IoT) texnologiyası üçün xərclər artaraq 2020-ci ilədək 1,7 trilyon dollar təşkil edə bilər. Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma səviyyəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

4

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, ABŞ-ın məşhur iş adamı İlon Mask (Elon Musk) prezident yanında Ekspert Şurasının tərkibindən çıxa biləcəyini bəyan edib. İ. Mask “Twitter”də bildirib ki, əgər Donald Tramp ABŞ-ın iqlim məsələləri üzrə Paris razılaşmasından çıxması barədə qərar verərsə, o, Ekspert Şurasından kənarlaşacaq. İş adamı prezidenti fikrindən daşındırmaq üçün bacardığını etdiyini söyləyib. Tramp razılaşmadan çıxmağa qərar verəcəyi təqdirdə, nə edəcəyi barədə sualı İ. Mask belə cavablandırıb: “Mənim prezident yanında şuranı tərk etməkdən başqa yolum qalmayacaq”. Xatırladaq ki, İ. Mask 2016-cı ilin dekabrında digər məşhur iş adamları ilə birlikdə prezident yanında Ekspert Şurasına qoşulub.

3

Musiqi əsərləri yazan neyroşəbəkə yaradılıb. “Yandex” axtarış sisteminin proqramçıları məşhur bəstəkarlar üslubunda musiqi əsərləri yazan unikal neyroşəbəkə icad ediblər. Yeni neyroşəbəkə musiqi əsərlərini analiz edərək tanış kompozisiyalara bənzəməyən kompozisiyalar yazır. Məlumata görə, yeni süni intellekt sistemi hər biri görkəmli bəstəkarların musiqisindən ibarət sadə elementləri təhlil edən bir-biri ilə əlaqəli neyron qatlarından ibarətdir. Süni intellekt musiqi yazan zaman əvvəlcədən dinlənilən materialdan istifadə edərək kompozisiya yaradır. Süni intellektin təlimi zamanı mütəxəssislər proqrama Bethoven, Motsart və digər bəstəkarların 600 saat musiqi əsərini təhlil etməyə imkan verdikdən sonra neyroşəbəkə müstəqil şəkildə musiqi yazmaq qabiliyyətinə yiyələnib.

4

“Xiaomi” şirkəti təsdiqləyib ki, “Mi Max” smartfonlarının istehsala başladığı gündən 3 milyon ədəddən çox smartfonunun satışına nail ola bilib. Cihaz hələ ötən ilin may ayında istehsal olunub. İki ay ərzində 1,5 milyon ədəd cihaz satılıb. Onun davamçısı olan “Mi Max 2” smartfonu isə rəsmi olaraq dünən təqdim edilib. Təsdiq isə kimdənsə deyil, “Mi Max 2” smartfonunun təqdimatı zamanı Çin şirkətinin baş direktoru Ley Tzyundan baş gəlib. Xatırladaq ki, bu smartfon “Snapdragon 625” prosessoru və 6,44 düym həcmli FullHD displeyə malikdir. Əməliyyat yaddaşının həcmi 4 GB, əlavə edilmiş yaddaşın həcmi isə 64 GB və 128 GB təşkil edir. Telefon həmçinin 12 və 5 meqapiksel kameralarla təchiz edilib. Akkumulyatorunun həcmi 5 300 mA/saat təşkil edir və o, “Android Nougat” əməliyyat sistemi ilə çalışır.

5

Bill Gates tərəfindən maliyyələşdirilən “Beyond Meat” şirkəti özünün istehsalı olan süni ət məhsulunun məşhurlaşdırılmasını planlaşdırır. Yaxın zamanda noxud zülalından, maya ekstraktından və kakos yağından hazırlanmış süni ət, Safeway mağazalar şəbəkəsində satılmağa başlayacaq. Bir neçə müddət bundan öncə “Beyond Meat” şirkətinin süni ət məhsulunu yalnız bəzi restoranlarda və Whole Foods mağazalar şəbəkəsində dadmaq olurdu. İndi isə şirkət daha böyük bazara çıxmaq şansına sahibdir. Belə ki, süni ət məhsulu, Safeway ticarət şəbəkəsinin 280 mağazasında satışa çıxacaq. “Bu, bizim, əti necə qavramağımız uğrunda vacib bir addımdır. Biz düşünürük ki, heyvanlar ətin əldə olunması üçün lazımdır. Lakin bu yanlışdır” – deyə şirkətin CEO-su Ethan Brown bildirib. Bu günə kimi üzərində süni ət yazısı olan məhsullar, adi ətə demək olar ki, bənzəmirdilər. Onları daha çox dondurulmuş tərəvəzlərin arasında tapmaq olardı. “Beyond Meat” şirkəti, süni əti dad və daxili strukturuna görə maksimal dərəcədə əsl ətə oxşatmağa çalışır. Belə ki, süni ətin tavada özünü əsl ət kimi aparması üçün ona qurudulmuş çuğundur və müxtəlif şərbətlər əlavə olunur. Süni ət, 2 ədəd ətin olacağı xüsusi qablaşdırılmada satılacaq. Belə bir məhsulun qiyməti isə 5.99$ təşkil edəcək. Yəni əsl ətdən 2 dəfə daha baha. Aliied Market Research-in məlumatlarına əsasən süni ətdən ibarət məhsul bazarı hər il 8.4% artacaq və 2020-ci ildə 5.2 milyard dollar təşkil edəcək. İndi isə süni ət, əsl ətə daha çox oxşamağa başlayır və ABŞ sakinlərinin 2/3 hissəsi ondan istifadə etməyə hazırdır.

6

“Google” həmtəsisçisi Sergey Brinin təşəbbüsü ilə hazırlanan sirli dirijabl ərzaq, tibbi ləvazimatlar da daxil olmaqla, humanitar yüklərin çətin relyefə malik yerlərə çatdırılması üçün istifadə ediləcək. Dirijablın uzunluğu 200 metrə yaxın olacaq. Bu, hazırda dünyadakı ən böyük dirijabldır. Mənbə bildirib ki, dirijablın layihələndirilməsi və yaradılması şəxsən S. Brin tərəfindən maliyyələşdirilir. Layihənin dəyəri 100-150 milyon dollar həcmində qiymətləndirilir. Mənbə qeyd edib ki, dirijablın S. Brin, onun ailəsi və dostları üçün komfortlu hava yaxtası kimi də istifadəsi də nəzərdə tutulub. Layihənin hazırlanmasında iştirak edən İqor Pasternak bildirib ki, dirijabllar qlobal internetin kommunikasiya sahəsində etdiyi inqilabı daşımaçılıq bazarında təkrarlaya bilər: “Yük avtomobilləri o vaxt yaxşı olur ki, yollar yaxşı olsun. Qatarlar yalnız dəmir yolu ilə hərəkət edə bilər. Təyyarələrə hava limanları lazımdır. Dirijabl isə yükləri istənilən yerdə A nöqtəsindən B nöqtəsinə yolda dayanmadan çartdıra bilər”. Xatırladaq ki, nəhəng dirijablın hazırlanması barədə xəbər apreldə yayılıb. Mənbələr deyiblər ki, iş Kaliforniyada yerləşən NASA-nın Tədqiqat Mərkəzinə aid anqarda aparılır. Layihəyə NASA-nın keçmiş proqram direktoru Alan Ueston rəhbərlik edir.

7

Ötən həftə Los-Ancelesdə keçirilmiş “Society for Information Display 2017” illik sərgisində istehsalçılar displeylər sahəsində öz qabaqcıl texnologiyalarını təqdim ediblər. “Samsung” şirkəti bir neçə innovativ həll təqdim edib. Məsələn, 4K təsvir ölçüsünü dəstəkləyən 1,96 düymlük LCD displey və xüsusi eynəkdən istifadə etmədən 3D dəstəkli 5,09 düymlük “OLED” ekran nümayiş etdirilib. Ən mühüm yenilik dartıla bilən ekran olub. İndi “Samsung Display” sözügedən ekranın işini nümayiş etdirib. “Samsung” şirkətinin yeni tip displeyini yalnız bükmək deyil, həm də dartmaq mümkündür. Videoda bu texnologiya üzrə hazırlanmış 91 düymlük “OLED” displeyin aşağıdan basılması göstərilir. Bundan sonra ekran əvvəlki formasına qayıdır.

Əksər istifadəçilər smartfonlarda fərdi məlumatların mühafizəsi üçün parol, qrafik açar, barmaq izi skaneri və digər avtorizə üsullarından istifadə edir. Lakin mükəmməl mühafizə vasitəsi mövcud deyil və bütün bloklama tiplərindən yan keçmək mümkündür. Buna əməliyyat sistemindəki səhvlər də səbəb ola bilər. Məsələn, ötən il “Siri” səslə idarəetmə funksiyasının işində dəfələrlə səhvlərin baş verməsi nəticəsində kənar şəxslər bloklanmış qurğuda fotoşəkil, kontakt və digər fərdi məlumatları ələ keçirə biliblər. Bu dəfə isə “Reddit” saytının istifadəçiləri tərəfindən “Siri” funksiyasının işində yeni boşluq aşkar edilib. “Siri”dən “iOS 9” – “iOS 10.3.3” əməliyyat sisteminin idarəetməsi ilə işləyən blok edilmiş “iPhone” smartfonunda mobil rabitənin söndürülməsi istənilən zaman funksiya bunu parolu daxil etmədən etməyin qeyri-mümkün olması cavabını verəcək. Funksiyadan mobil rabitənin statusunu soruşduqda isə ekranda onu söndürməyə imkan verən dəyişdirici açar görünəcək. Qeyd olunan səhv əhəmiyyətsiz görünsə də, “iPhone” smartfonu itirilən və ya oğurlanan zaman onu tapanın və ya oğrunun “Siri” vasitəsilə mobil rabitə məlumatlarının ötürülməsini söndürməsi nəticəsində smartfonu izləmək və ya bloklamaq qeyri-mümkün olacaq.

8

“Microsoft” ötən ildən etibarən istehsalçılar üçün artırılmış reallıq qarniturunun tədarükünə başlayıb. “Air New Zealand” aviaşirkəti bu qarnitur sayəsində “gələcəyin bort bələdçiləri” üçün eynək yaradıblar. Təyyarənin ekipajı hazırda kompüter oyunlarında əlçatan olan imkanlara yiyələniblər. “HoloLens” platformasının köməyi ilə işləyən “stüardessa eynəyinin” standart funksiyası aşağıdakılardır: istənilən vaxt sərnişinin sifətinə baxmaqla onun haqda  ətraflı informasiya (ad, yaş, səfərin məqsədi, vərdişlər, sərnişin tərəfindən edilmiş içki sifarişindən keçən vaxt) əldə etmək mümkündür. Bundan başqa, fobiyalar haqda məlumatlar, tibbi əks göstərişlər, təhlükəsizlik xidmətindən əldə edilmiş məlumatlar əlçatan olacaq. Bütün bu informasiya indi də əlçatandır, amma personalın işi dəfələrlə asanlaşacaq. Əhəmiyyətinə görə ikinci vacib opsiya sərnişinin emosional vəziyyətinin təhlilidir. Sistem onun mimikasını, nəbz, nəfəs, səs tembrini araşdırır və onun emosional vəziyyətini qiymətləndirir.

9

İstehsala hazırlanan smartfonlarla bağlı gizli məlumatlar əldə etməsi ilə tanınan bloger Bencamin Qaskin yeni “iPhone”un təqdimat və satış tarixlərini açıqlayıb. B. Qaskin “iPhone 8″in sentyabrın 17-də təqdim olunacağını, satışların isə sentyabrın 25-də başlayacağını bildirib. Bloger artıq bu barədə informasiyanın elektron məktublar vasitəsilə “Apple” əməkdaşlarına göndərildiyini deyib. Rəhbərlik hələlik bu tarixləri təxmini olaraq müəyyənləşdirib və dəyişə biləcəyini də qeyd edib.

10

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register