Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Yaxın vaxtlarda “Skype”ın dizaynı ciddi şəkildə dəyişəcək və istifadəçiyə “Snapchat”ı xatırladacaq. Servisin “Android” üçün mobil versiyasında səsli danışmaq və ya mətn yazışması zamanı selfi çəkib dostlara göndərmək üçün ayrıca düymə olacaq. Bundan başqa, “Skype”ın özünün “tarixçə” analoqu da olacaq – istifadəçi öz şəklini bütün və ya ayrı-ayrı istifadəçilərlə bölüşə biləcək. Bu funksiya artıq “Instagram”, “Snapchat”, “VKontakte” və digər sosial şəbəkələrdə mövcuddur. Yaxın gələcəkdə yeniləmiş “Skype”ın iOS və kompüter versiyası da olacaq.

1

Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan “WhatsApp” daha bir neçə telefona verdiyi dəstəyini geri çəkir. Bir ay sonra bəzi köhnə modellərdə xidmət işləməyəcək. Məhdudiyyətlərə bir ay qalmış “WhatsApp” əməkdaşlığı dayandırdığı markaların adlarını da açıqlayıb. İyul ayına kimi “WhatsApp”dan məhrum olacaq modellər aşağıdakılardır: – BlackBerry 10, BlackBerry OS, Nokia S60, Nokia S40, Android 2.0, iOS 7.0. Xatırladaq ki, ilin əvvəlində – yanvar ayında “Android 2.0” və bəzi köhnə proqram sistemi olan “iPhone”larda da “WhatsApp”ın işi dayandırılmışdı.

2

Microsoft istifadəçilərə Google-dan imtinaya görə pul ödəyəcək. Google istifadəçilərini öz tərəfinə çəkmək istəyən Microsoft bonusların köçürülməsi kampaniyasına başlayıb. Proqram hələ ki yalnız Böyük Britaniyada tətbiq edilir. Bu barədə The Independent məlumat yayıb. Şərtlərə görə, istifadəçi Microsoft uçot qeydiyyatı ilə Bing-də qeydiyyatdan keçməlidir. İstifadəçilər hər axtarış sorğusu üçün hədiyyə xallar qazanacaqlar. İstifadəçilər yenilər və bir qədər təcrübəlilərə bölünüb. Belə ki, birincilər gündə 10-dan çox olmayaraq, ikincilər isə 50-yə qədər xal qazana bilərlər.

3

“Google” bezdirici reklamı blok edəcək. “Google” öz bloqunda sayt sahiblərinə “Ad Experience Reports”u təqdim edəcəyini bildirib, bu tətbiq onlara hansı reklamın yolverilən olduğunu anlamağa, eləcə də standartlara uyğun olmayan reklam ilə problemləri həll etməyə yardım edəcək. Bu barədə BBC məlumat yayıb. Reklamın keyfiyyətlərini “Yaxşı reklam uğrunda Koalisiya”sı müəyyən edəcək, bura  “Google”, “Facebook”, “News Corp”, “Interactive Advertising Bureau” (IAB), “Procter & Gamble” və digər şirkətlər daxildir. Yolverilməz reklam, əsasən ani açılan pəncərələr, avtomatik başlayan video-çarxlar və geriyə sayım ilə olan reklam elanları hesab ediləcək.

4

“WikiLeaks” saytı ABŞ MKİ-nin “Pandemiya” layihəsinə dair sənədlər dərc edib. “Pandemiya” troyan virusunu sistemə yükləyib lokal kompüter şəbəkəsi ilə sürətlə yaymağı nəzərdə tutur. Bu virus “Microsoft Windows”lu kompüterə yüklənir, onun kodunu yoluxmuş kodla əvəzləyir, daha sonra lokal şəbəkədəki digər kompüterlər troyanı özünə çəkir və onlar da yoluxur.

5

Böyük Britaniyanın Oksford Universitetinin insanlığın gələcəyi İnstitutunun tədqiqatçıları və ABŞ-ın Yel Universitetinin siyasi elmlər bölməsi süni intellektin insan ağlının imkanlarını nə vaxt üstələyəcəyi ilə bağlı qiymətləndirmə aparıblar. Alimlər bildirir ki, mətnlərin bir dildən digərinə tərcüməsi işində süni intellekt insanı 2024-cü ildə ötəcək. Yük avtomobilləri sürücüləri 2027-ci ildən süni intellektin gerisində qalacaq. 2053-cü ildən cərrahlara ehtiyac qalmayacaq. Belletristika (bədii ədəbiyyatın növü) 2049-cu ildə yoxa çıxacaq. Süni intellektin 50 il sonra insanı tam əvəz etməsi ehtimalını alimlər 50% həddində qiymətləndirirlər. Tədqiqat zamanı alimlər süni intellekt sahəsində çalışan 350-dən çox alim arasında qlobal sorğu aparıblar.

6

Yaxın zamanlarda robotlar sürücüləri, yazıçıları və cərrahları əvəz edə biləcək. Bu barədə Böyük Britaniyanın Oksford Universitetinin Bəşəriyyətin Gələcəyi İnstitutu və ABŞ-ın Yel Universitetinin siyasi elmlər bölməsinin araşdırmaçıları bildiriblər. Alimlər süni intellektin insan şüurunu üstələyəcəyi vaxtı da qiymətləndiriblər. Mütəxəssislər təxmin edirlər ki, 2014-cü ilə qədər dillərin tərcüməsində robotlar üstünlük əldə edəcəklər. Yük maşını sürücülərini süni intellekt 2027-ci ildə əvəz edəcək. Yazıçı peşəsi isə süni intellektə 2049-cu ildə əlçatan olacaq. Cərrahlara olan ehtiyac isə tam olaraq 2053-cü ildə itəcək. Tədqiqatın müəllifləri iddia edir ki, süni intellektin 50 faizi 45 ildən sonra insanı əvəz edəcək. Bu təhlili aparmaq üçün alimlər qlobal səviyyədə süni intellekt sahəsində ixtisaslaşmış dünya səviyyəli 350 mütəxəssis arasında sorğu aparıblar.

7

“Google”un tərkibində olan və pilotsuz avtomobillər üçün texnologiyalar işləyib hazırlayan “Waymo” şirkəti avtonom yük maşınlarının sınaqlarına başlayıb. Daha əvvəl açıqlanmayan bu layihə “Uber” üçün ciddi rəqib kimi qiymətləndirilir. Belə ki, “Uber” bir il əvvəl avtonom yükdaşımaları sahəsində innovasiyalar üzərində çalışan “Otto” şirkətini satın alıb. “Waymo” nümayəndəsi bildirib ki, hələlik şirkətin 1 ədəd test modeli var. Sınaq zamanı həmin model ənənəvi üsulla – insan tərəfindən idarə edilib və lazımi məlumatlar toplanıb. “Avtonom idarəetmə texnologiyası insanları və yükləri indikindən daha təhlükəsiz daşımağa, bununla da il ərzində yük avtomobillərinin törətdiyi qəzalarda minlərlə insanın ölməsinin qarşısını almağa imkan verəcək”, – deyə şirkət təmsilçisi söyləyib.

8

Yaponiyanın “Toyota” şirkəti ABŞ-ın “Tesla” şirkətində sahib olduğu bütün səhmləri satıb. “Toyota” satdığı səhmlərdən 50 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, şirkətlər arasında əməkdaşlıq 2010-cu ildə başlayıb. Yaponlar “Tesla”nın səhmlərinin 3,15%-ni 40,5 milyon dollara satın alıb. O zamandan bəri “Toyota” “Tesla” batareyaları ilə çalışan idman avtomobilləri buraxıb. “Bizim “Tesla” ilə tərəfdaşlığımız sona çatdı, çünki artıq hər hansı yeniliklər yoxdur və biz qərara gəldik ki, əlimizdəki payı sataq”, – deyə “Toyota”dan bildirilib. Xatırladaq ki, “Tesla” elektromobillərin istehsalı sahəsində ixtisaslaşıb.

10

Mayın 3-də İstanbulda maşinistsiz idarə olunan qatarlar metro xəttinə buraxılıb. Bu münasibətlə metronun Seyrantepe stansiyasında rəsmi mərasim təşkil olunub. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş məlumat verib ki, maşinistsiz idarə olunan qatarlar Yeniqapı-Hacıosman metro xətti üzrə hərəkət edəcək. Hazırda bu xətdə 92 qatar var. Cari ilin dekabrına kimi istismara buraxılan yeni 68 qatarın sınağı başa çatacaq. Bələdiyyə sədrinin sözlərinə görə, Türkiyə istehsalı olan yeni metro qatarları müasir standartlara uyğun şəkildə sərnişinlərin xidmətinə hazırlanıb.

9

Çinin milli ödəniş sistemi olan UnionPay ölkənin 40 kommersiya bankı ilə birlikdə QR-kod əsasında UnionPay Cloud Quick Pass QR adlı ödəniş xidmətinin yaradıldığını rəsmi olaraq elan etdi. İstifadəçilər QR-kodun köməkliyi ilə tətbiqetmədə qeydiyyatdan keçə və ödəniş həyata keçirə bilər. Hazırda sözügedən bu xidmət QR-kod ilə ödəniş bazarının 90%-nə sahib olan Alipay və WeChat istifadəçiləri üçün əlçatandır. İstifadəçilər Cloud Quick Pass QR vasitəsilə satıcıların QR-kodlarını skan edə və yaxud P2P-köçürmələr və şirkətlərə pul köçürmələri həyata keçirə bilərlər. Həmçinin şirkətlərarası köçürmələr də mümkündür. Gələcəkdə yeni xidmətin köməkliyi ilə bankomatdan pul çıxarmaq və digər tranzaksiyalar etmək imkanlarının yaradılması planlaşdırılır. Xidməti ilk olaraq dəstəkləyəcək olan banklar Çinin Kommersiya bankı, Çinin Kənd təsərrüfatı bankı, Çin bankı, Çin İnşaat bankı, Çin Kommunikasiya bankı və Çin Ticarət bankıdır. Ümumilikdə layihədə 40 bank iştirak edəcək.

11

İyunun 5-də proqram tərtibatçıları üçün ənənəvi illik “WWDC 2017” konfransı işə başlayacaq. Ənənəyə görə, “Apple” şirkətinin “iOS”, “macOS”, “watchOS” və “tvOS” daxil olmaqla bütün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcəyi gözlənilir. Həmçinin bu il konfransda yeni qurğuların nümayişi nəzərdə tutulur. ABŞ istehsalçısı “Siri” səsli köməkçi funksiyası üçün yenilənmə və “Amazon Echo” və “Google Home” kimi qurğulara bənzər “ağıllı” evin mərkəzi olacaq “ağıllı” kolonka hazırladığı barədə də məlumat yayılıb. Digər “Apple” qurğuları haqqında informasiya isə şirkətin saytının rus versiyasında yerləşdirilib. “Apple”ın saytında A1289, A1347, A1418, A1419 və A1481 nömrəli “macOS Sierra” sisteminin idarəetməsi ilə işləyən beş yeni kompüter modeli barədə məlumat yer alıb. Bunun yenilənmiş “MacBook Pro” (13 və 15 düymlü versiyalar), 12 düymlü “MacBook” və “MacBook Air” qurğularının olması ehtimal edilir. Bundan başqa, saytda A1843 model nömrəsi ilə yeni simsiz klaviatura haqqında informasiya qeyd edilib. Onun ötən il buraxılan “MacBook Pro” noutbuklarında olduğu kimi, “Touch Bar” sensorlu ekranla təchiz ediləcəyi gözlənilir. Saytda, həmçinin A1671, A1709, A1670 və A1701 model nömrəli dörd planşet kompüter barədə məlumatlar var. Bu isə 10,5 düymlü yeni “iPad Pro” planşetinin təqdimatı və istehsal xəttinin yenilənməsi ilə bağlı şayiələri təsdiq edir.

12

“Qualcomm” şirkəti, Quick Charge 4.0+ sürətli enerji yığma standartını təqdim etdi. Quick Charge 4.0+ sürətli enerji yığma standartı, keçmiş versiyadan fərqli olaraq 15% daha sürətli və 30% daha effektivdir. Şirkət qeyd edib ki, 2750 mAh enerji tutumlu batareyaya sahib smartfon 5 dəqiqə ərzində yığacağı enerjinin sayəsində 5 saat çalışa biləcək. Smartfonun enerji yığma prosesi zamanı şarj cihazı 3 dərəcə aşağı səviyyədə qızır. Təqdim olunmuş yeni standart həmçinin smartfonun korpus və enerji yığma girşinin temperaturuna da nəzarət edir. Bu üsulla şarj cihazı, tez bir zamanda sıradan çıxmadan və yanmadan qorunacaq. Bundan əlavə olaraq Quick Charge 4.0+ standartında istiliyin ayrılması zamanı enerji itməsi 30% aşağı endirilib. Quick Charge 4.0+ standartına sahib ilk smartfon isə ZTE Nubia Z17-dir. Şirkətin verdiyi məlumata əsasən bu smartfon, 50% enerjini 25 dəqiqə ərzində yığır.

13

Artıq əksər insanlar gündəlik həyatda qələmdən az istifadə edirlər, əsasən qeydləri telefonuna yazırlar. Lakin hələ də köhnə üsuldan imtina edə bilməyənlərin sayı olduqca çoxdur. Pininfarina yazı yazmağı sevənlərə ömür boyu istifadə edə biləcəkləri bir qələm təqdim edir. Pininfarina Cambiano mürəkkəb istifadə etməyən, bu sayədə əsla tükənməyən bir qələm olmasıyla diqqət çəkir. İndiki vaxtda yazı yazma ilə bağlı işlərin böyük bir qisimini kompüter və ya ağıllı telefonlarımızla həyata keçiririk. Lakin bəzən rəsmi sənədləri doldurmaq üçün və ya kiçik qeydlər etmək üçün qələmdən istifadə edirik. Bu kimi vəziyyətlərdə ən böyük problem yazmayan, yəni mürəkkəbi bitən qələmlər olur. Bu problemin həllərindən biri də, Pininfarina Cambiano adlı qələmdir. Əsla tükənməyən bu qələm Ethergraf adı verilən, bir ərintidən istifadə edir. Yalnız qələmin uc qismində istifadə edilməsi kifayət edən bu ərinti, eynilə karandaş kimi yazır. Karandaşla yazılan yazıları pozanla sildiyimiz kimi, bu qələmlə yazılanlarıda silmək mümkündür. Beləliklə də diyircəkli qələm dizaynında bir karandaş əldə etmiş olursunuz.

14

“Intel” şirkəti xarici USB akkumulyatoru xatırladan “Compute Card” adlı incə kompüter haqda məlumat verib. “Cib” qurğusu hələ cari ilin yanvarında “CES 2017” sərgisində nümayiş etdirilmişdi. İndi isə Taybeydə keçirilən “Computex” sərgisində çip istehsalçısı sözügedən qurğunun konfiqurasiyasını açıqlayıb. “Compute Card” kompüterinə ən müxtəlif prosessorlar quraşdırıla bilər: enerji cəhətdən effektiv “Intel Celeron”, “Pentium”, daha məhsuldar “Core m3” və 7-ci nəsil “i5”. Modeldən asılı olaraq, mini-fərdi kompüter 4 QB-lıq DDR3 tipli əməli yaddaş, “Wireless-AC 7265” və ya “8265” modemi (“Bluetooth 4.2” modulu ilə), həmçinin 64 QB-lıq “eMMC” və ya 128 QB-lıq SSD daşıyıcısı ilə təchiz edilə bilər. Bundan başqa, “Intel” şirkəti tərəfindən buraxılmış “Device Design Kit” alətinin köməyilə partnyor şirkətlər “Compute Card” kompüterinə uyğun qurğular hazırlaya biləcəklər. Artıq “LG”, “Display”, “Sharp”, “Dell” və “HP” kimi istehsalçılar “Intel” şirkəti ilə əməkdaşlıq niyyətini ifadə ediblər.

15

“Samsung” şirkəti Taybeydə keçirilən “Computex 2017” sərgisində yeni “Notebook 9 Pro” noutbukunu təqdim edib. Sözügedən noutbuk iki versiyada (13,3 və 15,6 düymlük ekranlar) əlçatandır. Kiçik modelin qalınlığı 16mm, çəkisi 1,3 kq-dır, böyük modelin qalınlığı 17 mm, çəkisi isə 400 qr ağırdır. Hər iki noutbuk görünüşcə eynidir və 360 dərəcə fırlanan sensor ekrana malikdirlər. Bundan başqa, “Samsung” şirkəti “Notebook 9 Pro” noutbukunu “Windows 10” üçün geniş funksiya dəstinə malik “S Pen” stilisu ilə təchiz edib. “Notebook 9 Pro” noutbuku “Full HD” formatlı ekran, “Intel Core i7-7500U” prosessoru, “Intel HD Graphics 620” daxili videokartı, 256 QB-lıq “SSD” disk, 1,5 Vattlıq iki dinamik, videozənglər üçün “Windows Hello” dəstəkli “HD” kamera, iki mikrofon, “Wi-Fi 802.11ac”, “Bluetooth 4.1” modulları və 54 Vatt/saat tutumunda akkumulyatorla təchiz edilib. 15 düymlük model əlavə olaraq 2 QB-lıq video yaddaşa malik “AMD Radeon 540” diskret videokartı və 16 QB-lıq DDR4 tipli əməli yaddaşa malikdir. Noutbuklar, həmçinin 2 ədəd “USB 2.0”, 1 ədəd “USB Type-C”, “HDMI” konnektorları, “microSD” slotu və qulaqlıqlar üçün çıxış ilə təchiz edilib. “Samsung Galaxy” smartfonlarının sahibləri “Notebook 9 Pro” noutbukunda daxil olan zəngləri qəbul edə, mesajlara cavab verə və mobil qurğunun tərkibinə simsiz şəbəkənin köməyi ilə baxa biləcəklər.

16

ABŞ tədqiqatçıları sürücüsüz avtomobillərin daha təhlükəsiz hərəkətinin təmin edilməsinə imkan verən unikal sistem ərsəyə gətiriblər. Hazırda innovativ texnologiyalı ilk avtomobillərin ilkin sınaqları keçirilir. Yeni sistemin əsasını səsli impulslar vasitəsilə yoldakı maneələrin olduğu yerləri müəyyənləşdirməyə imkan verən səsli naviqasiya analoqu təşkil edir. Kompüter bir neçə saniyə ərzində bir neçə yüz metr radius üçün xəritəni cızır ki, bu da yolda toqquşma hallarından yayınmağa şərait yaradır. Tədqiqatçılar qeyd edir ki, test zamanı yeni növ nəqliyyat vasitəsi yaxşı nəticələr nümayiş etdirib. Sınaqlar zamanı avtomobilin yolda obyektlərin 90 faizindən yan keçməsi müəyyənləşdirilib. Bildirilir ki, yeni sistem hətta hərəkət edən obyektləri müəyyənləşdirərək onların 90 faizindən yan keçməklə manevr edir. Səsli naviqasiya sistemi ilə yanaşı, prototipdə kiçik məsafədə (10 metrədək) maneələri qeydə alan hərəkət ötürücüsü quraşdırılıb. Yeni nəqliyyat vasitəsi əvvəllər ilk sürücüsüz “Google” avtomobil prototiplərində tətbiq edilən “Waymo” maşın prototipi əsasında yaradılıb. Yeni sistemlə təchiz edilən sürücüsüz avtomobillərin yaxın illərdə satışa çıxarılacağı gözlənilir.

17

Növbəti qabaqcıl “LG G7” smartfon modeli üzərində aktiv çalışan “LG Electronics” şirkəti perspektivli qurğunu “Qualcomm” şirkətinin güclü prosessoru ilə təchiz etməyi planlaşdırır. Söhbət “Snapdragon 835” ilə müqayisədə 30 faiz güclü olacaq “Snapdragon 845” prosessorundan gedir. Bu istiqamətdə işə mayın əvvəlində başlayan Cənubi Koreya istehsalçısının mütəxəssisləri yeni prosessorla bağlı “Qualcomm” şirkəti ilə sıx əməkdaşlıq edirlər. Əvvəllər analoji məlumatlar məşhur “Samsung” istehsalçısı haqqında yayılıb. Apreldə nümayiş edilən “Samsung Galaxy S8” qurğusu üçün “Snapdragon 835” versiyasına edilən çoxlu sifarişlər nəticəsində “LG” şirkəti qabaqcıl “G6” modelində həmin prosessorun quraşdırılmasından imtina etməyə məcbur olub. Belə ki, “Qualcomm” şirkətinin hər iki qurğunun təqdimatınadək lazımi sayda komplekt hissələri hazırlamaq üçün vaxtı çatmayıb və son nəticədə “LG G6” modelində “Snapdragon 821” versiyası quraşdırılıb. Təqdimatı gələn ilin əvvəlinə nəzərdə tutulan “LG G7” smartfonunun yeni birkristallı sistemlə yanaşı, müasir “OLED” ekranla təchiz ediləcəyi gözlənilir.

18

Asus” şirkəti Taybeydə keçirilən “Computex 2017” beynəlxalq kompüter sərgisində 3 ədəd “ZenBook” və 2 ədəd “VivoBook” təqdim edib. Ən mühüm yenilik “Zenbook” istehsal xəttinə aid və fırlanan ekrana malik “Flip S” modeli olub: korpusunun qalınlığı 11 mm təşkil edən model  6-cı nəsil “Intel i5/i7” prosessoru və 1 TB-lıq “SSD” daşıyıcı ilə təchiz edilib. “Asus” şirkətinin iddiasına görə, “Flip S” modeli fırlanan ekrana malik ən nazik noutbukdur. 3840×2160 piksel təsvir ölçülü 13 düymlük ekranla təchiz edilmiş aparat stilusla iş rejimini dəstəkləyir, həmçinin 16 QB-lıq “LPDDR3” yaddaşa malikdir. Noutbukun qiyməti 1100 dollardır. “Zenbook 3 Deluxe” noutbuku 14 düymlük displey, “Core i5/i7” prosessoru, 1 TB-lıq daşıyıcı və 16 QB əməli yaddaşla təchiz edilib. 2 ədəd “Thunderbolt 3” portuna malikdir, displeyi “Corning Gorilla Glass 5” şüşəsi ilə qorunur. “Zenbook Pro” noutbuku 15,6 düymlük “UHD” ekrana malikdir, 1 TB-lıq “SSD” daşıyıcı, “Core i5/i7” prosessoru və “Nvidia 1050ti” qrafik kartı ilə təchiz edilib. “Asus”un nümayəndəsi bildirib ki, bu model 14 saat avtonom iş vaxtına malikdir. “Zenbook 3 Deluxe” noutbukunun qiyməti 1200 dollar, “Zenbook Pro” noutbukunun qiyməti isə 1300 dollardır. Qiyməti 500 dollar olan “VivoBook S” noutbuku “Nvidia 940MX” qrafik kartı, “Intel i3/i5/i7” prosessoru, 16 QB-dək “DDR4” tipli yaddaşla təchiz edilib. Bundan başqa, qurğuya “Windows Hello” biometrik identifikasiya sistemi quraşdırıla bilər. Qiyməti 800 dollardan başlayan “VivoBook Pro” modeli “Core i5/i7” prosessoru, “Nvidia 1050” qrafik kartı, “Asus Pen” stilisunu dəstəkləyən 15 düymlük ekran, həmçinin “Intel Optane” texnologiyasını dəstəkləyən “SSD” daşıyıcı ilə təchiz edilib.

19

“Samsung” şirkəti “Galaxy” istehsal xəttindən olan smartfon və planşet sahibləri üçün nəzərdə tutulan yeni “SoundAssistant” əlavəsini təqdim edib. Proqram vasitəsilə istifadəçilər səsə aid bütün funksiyaları tənzimləmək imkanı əldə edəcəklər. Belə ki, əlavənin köməyi ilə multimedianın səsini zəngin səsindən ayrıca tənzimləmək, quraşdırılmış ekvalayzer vasitəsilə səsin keyfiyyətini sazlamaq və s. mümkün olacaq. “SoundAssistant” daha dəqiq quraşdırma üçün 150 səs tənzimləmə səviyyəsinə malikdir. Qulaqcıq qoşulan zaman qulaqlar üçün ayrıca səs ucalığını və səsləndirməni zövqə uyğun sazlamaq olar. “Galaxy S8” və “Galaxy S8 Plus” smartfon sahibləri əlavə vasitəsilə müxtəlif proqramlar üçün səsin səsləndirilməsi üsullarını quraşdıra bilərlər. Məsələn, musiqi pleyerindən səs simsiz kolonkaya, oyundan isə smartfonda quraşdırılan dinamikə ötürüləcək. “SoundAssistant” əlavəsini “Google Play” mağazasından və ya buradan yükləmək mümkündür.

20

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register