Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” korporasiyası “iPad Pro” planşet kompüterinin yeni modelini təqdim edib. Bu və bir sıra digər yeniliklər təqdimatı “Apple” proqram təminatı tərtibatçılarının San-Xose şəhərində (Kaliforniya ştatı) keçirilən konfransında baş tutub. Yeni “iPad Pro” 10,5 dyüm diaqonallı “Retina” ekranı, 12 meqapiksellik əsas kamera, həmçinin təkmilləşdirilmiş prosessora malikdir. Planşet ekranı 9,7 və 13 dyümlük mövcud “Pro” modelləri silsiləsinə əlavə olunacaq. Yeni model 4K-videonu dəstəkləyəcək, yeni prosessor isə qurğunun məhsuldarlığını 30%-dək artıracaq. Yeni “iPad Pro”nun qiyməti 649 dollardan (yaddaşı 64 qiqabayt olan modelə görə) başlayır. Planşetin gələn həftədən ABŞ-da satışa çıxarılacağı gözlənilir.

1

Feysbuk terrorizmlə aktiv mübarizə qərarı verib. Bununla bağlı sosial şəbəkə rəsmiləri yazılı bəyanat yayıb. Bəyanatda terror məzmunlu paylaşımları təsbit etdikləri halda sərt tədbir görüləcəyi bildirilib. Bu cür məlumatlar paylaşılan kimi feysbuk rəsmiləri məlumatlandırılacaq. Lazımi addımlar atılacaq. Terrorizmlə sərt mübarizə qərarı Londondakı terror hücumundan sonra İngiltərə baş naziri Teresa Meyin çıxışı əsasında verilib. Belə ki, baş nazir ötən gün çıxışında bu məsələyə birbaşa fikir bildirmişdi. O, internet və sosial medianın bu məsələdə daha qatı olması çağırışını edib.

2

Bu gün “Nubia Z17” smartfonu satışa çıxarılıb. Bu, “Quick Charge 4.0+” tezdoldurulma texnologiyasını dəstəkləyən ilk smartfondur. Smartfonun standart komplektində “Quick Charge 3.0” doldurulma cihazı da mövcuddur. Çinin iri internet mağazalarından birı olan “Jingdong” bildirib ki, “Nubia Z17” smartfonunun ilk 1 milyon ədədi 51 saniyəyə satılıb. Yeni flaqman üçün cəmi 4 dəqiqə tələb olunub ki, mobil cihazlar kateqoriyasında mağazanın tarixində satışlara görə rekorda imza atılsın. Mağaza “Nubia Z17”-nin satışları ilə bağlı cari məlumatları açıqlamır. Smartfon cəlbedici xüsusiyyətinə görə əlverişli qiymətə malikdir və onun satışları 410 dollardan başlayır.

3

“Microsoft” korporasiyası iyulun 1-dən “Skype” əlavəsini dəstəkləməyi dayandıracaq. Artıq istifadəçilər “Windows Phone 8” və “8.1” üzərindən yazılmış messencerin fəaliyyətinin dayandırılması barədə bildirişlər alıblar. Bir qədər sonra bu, OC RT və “10 Mobile” əməliyyat sistemlərinə də aid ediləcək. “Microsoft” tərtibatçıları “Skype”ı P2P platformasına keçirmək niyyətindədirlər və hazırda bunun üzərində aktiv işləyirlər. Bu isə o deməkdir ki, əlavənin köhnə versiyaları işləməyi dayandıracaq.

4

NASA pilotsuz sərnişin təyyarələrinin yaradılması işini sürətləndirməyi planlaşdırır. Bu məqsədlə aviasiyada avtonom texnologiyaların tətbiqi üzrə xüsusi tədqiqat qrupu yaradılıb. Artıq NASA 3 şirkətə avtonom aeronavtika sahəsində çalışmağı təklif edib. Tədqiqatların məqsədi pilotsuz təyyarələrin təhlükəsiz şəkildə nəqliyyat şəbəkəsində tətbiqidir. NASA bu sahədə hələ ilk addımlarını atır. Ona görə də pilotsuz sərnişin təyyarələrinin yaradılması üçün hələ uzun zaman lazım olacağı güman edilir.

5

Dünyanın ən bahalı brendləri arasına “Google”, “Apple”, “Microsoft”, “Amazon” və “Facebook” şirkətləri daxil olub. Bu barədə Böyük Britaniyanın WPP və “Kantar Millward Brown” şirkətlərinin “The BrandZ Global Top 100” adlanan hesabatında deyilir. 2017-ci ildə liderlərin 3-lüyü dəyişməyib. “Amazon” şirkəti yeddinci yerdən 4-cü yerə qalxa bilib. “Facebook” isə öz mövqeyini qoruyub. “Fəxri 5-liy”in gəlirləri reytinqə daxil olan 100 müəssisənin ümumi gəlirinin 25 faizini təşkil edir. Təhlildə iştirak edən brendlərin ümumi dəyəri isə 8 faiz artaraq ötən ildəki 3,4 trilyon dollardan bu il 3,6 trilyon dollara qədər artıb. Reytinqi tərtib edənlər bütün dünya üzrə 3 milyon alıcı arasında sorğu keçiriblər və onların təxminən 120 000 brendə olan münasibətini öyrəniblər. Həmçinin şirkətlərin müxtəlif maliyyə və biznes göstəriciləri də nəzərə alınıb.

6

“Google” şirkətinin daxil olduğu “Alphabet Holding”in 1 ədəd səhminin dəyəri ilk dəfə olaraq 1000 dolları ötüb. Iyunun 5-də “Nasdaq” birjasında ticarət əməliyyatlarının açılışında “Alphabet” səhmləri 997,89 dollardan satılmağa başlanıb. Qapanışa yaxın isə səhmlərin qiyməti 1003,88 dollara yüksəlib. 2017-ci ilin əvvəlindən bəri “Alphabet”in qiymətli kağızlarının qiyməti 25% yüksəlib. Artım “Google”un reklam biznesinin gəlirlərinin artması ilə bağlıdır. Hazırda “Alphabet” bazar dəyərinə görə (680 milyard dollara yaxın) yalnız “Apple”ın (800 milyard dollardan çox) gerisində qalır. “Microsoft” 571 milyardla üçüncüdür. Bir həftə öncə 1 səhminin qiyməti 1000 dolları ötən “Amazon” 4-cü sırada qərarlaşıb. Onu da əlavə edək ki, 2014-cü ildə “Google”un səhmlərinin qiyməti 1200 dollara çatmışdı.

7

İDC analitikləri cari ilin birinci rübünün nəticələrinə əsasən daşınar elektronika bazarını qiymətləndiriblər. Ilk 3 ay ərzində 24,7 milyon ədəd cihaz satışa çıxarılıb ki, bu da bir il əvvəlki göstəricidən 17,9 faiz çoxdur. İDC birinci yerə “Xiaomi” şirkətinin çıxarıb. Bu şirkət 3,6 milyon ədəd cihaz satışa çıxarıb ki, bununla da bazarın 14,7 faiz payına sahib olub. Bununla belə, istehsalçı illik nisbətdə satışlarını 3,3 faiz azaldıb. İkinci yerə “Apple” şirkəti çıxıb. Onun da göstəriciləri eynidir: 3,6 milyon ədəd cihaz sataraq bazarın 14,6 faiz payına sahib olub. Kupertinyo nəhəngi bir il ərzində satışlarını 64,1 faiz artıra bilib. Liderlərin ilk üçlüyünü 12,3 faiz bazar payı ilə “Fitbit” şirkəti qapayır. Şirkət bu müddət ərzində 3 milyon ədəd cihaz satıb ki, bu da daha əvvəlki illə müqayisədə 37,7 faiz azdır. Sonrakı yeri “Samsung” şirkəti tutur. Bu şirkət 1,4 milyon ədəd cihaz satışı ilə bazarın 5,5 faiz payına malik olub ki, bu da illik nisbətdə 90,8 faiz artım deməkdir. Beşinci yeri “Garmin” şirkəti tutur ki, onun da bu müddət ərzində satışları 1,1 milyon ədəd cihaz olub, bu isə bir il əvvəllə müqayisədə 1,6 faiz artım deməkdir. Bu şirkət bazarın 4,6 faiz payına sahibdir. Bütün digər istehsalçılar ümumilikdə bir il ərzində satışlarını 43,9 faiz artıblar.

8

Dünyada ilk 5 nanometrlik tranzistor təqdim edilib. ABŞ-ın “IBM” korporasiyası “GlobalFoundries” və Cənubi Koreyanın “Samsung” şirkəti ilə əməkdaşlıq çərçivəsində 5 nanometrlik (nm) mikrosxemlər üçün ilk tranzistor hazırlayıb. Yeni texnologiya insan dırnağı ölçüsündə olan çipdə 30 milyardadək tranzistor yerləşdirməyə və ondan ən müxtəlif qurğularda istifadəyə imkan verir. Müqayisə üçün, şirkət tərəfindən 2 il əvvəl təqdim edilmiş dünyada ilk 7 nm-lik çiplər 20 milyard tranzistordan ibarət olub. Şirkətin məlumatına görə, mikrosxemdə yerləşdirilmiş tranzistorların daha yüksək sıxlığı onlar arasında ötürülən siqnalın sürətini artırır. “IBM” şirkətinin nümayəndələri qeyd ediblər ki, 5 nm-lik həllər indiki 10 nm-lik həllərdən 40% daha məhsuldar və enerji cəhətdən 75% səmərəlidir. Məsələn, smartfonlarda yeni çiplərin tətbiqi perspektivdə qurğuların avtonom işləmə vaxtını 2-3 dəfə artırmağa imkan verəcək. 5 nm-lik çiplərin kütləvi istehsal tarixi dəqiq məlum deyil. Təxmin edilir ki, belə çiplər 2020-ci ildə bazara çıxarılacaq.

9

“Amazon” şirkəti özünün Android smartfonunu istehsal etməyi planlaşdırır. Sözügedən smartfon Ice adlanacaq və bütün Google servisləri ilə sinxronlaşdırılacaq. Məlumata əsasən şirkətin istehsal edəcəyi smartfon, Hindistan kimi inkişafda olan ölkələr üçün nəzərdə tutulacaq. Məhz buna görə də onun texniki göstəriciləri orta səviyyədə olacaq. 5.2/5.3 inç ekran, 2 GB RAM, 16 GB daxili yaddaş və arxa paneldə olacaq barmaq izi skanı. Hal hazırki planlara əsasən smartfonun qiyməti 93$ təşkil edəcək. Lakin onun satışa çıxacağı vaxta qədər çox şey dəyişə bilər. Məlumatlara əsasən yeni smartfon, Alexa səsli köməkçisini dəstəkləməyəcək. Onu da qeyd etmək lazımdır ki, “Amazon”nun daha əvvəl satışa çıxartdığı smartfon çox uğursuz olmuşdu. Həmin uğursuz smartfonun adı Fire idi və o baha qiymətə satılırdı. Bundan əlavə olaraq onun Android OS əməliyyat sisteminin dəyişdirilmiş versiyasına sahib olmasına baxmayaraq o, Android tətbiqlərini dəstəkləmirdi. Yeni smartfon ilə isə tamamilə fərqli vəziyyətdir. Belə ki, Ice adlı smartfon digər bahalı smartfonlarla rəqabətdə olmayacaq. Əksinə o, ucuz smartfonla bazarında öz yerini tutmağa çalışacaq. “Amazon”un inkişafda olan ölkələrdə yaxşı uğur qazanması üçün potensial şansı var. ‘Google” ilə bu cür əməkdaşlıq isə hər iki şirkət üçün müsbət cəhət olacaq.

10

“Apple” şirkəti, WWDC 2017 tədbirində iMac Pro kompüterini və keçmiş monoblokların yenilənmiş versiyalarını təqdim edib. Təbii ki, yeni iMac-lar təkcə ekran təkmilləşdirilməsindən başqa həmçinin 7-ci nəsil Intel Kaby Lake prosessorları ilə də təchiz olunub. Bu prosessorlar isə öz növbəsində istifadəçilərə yüksək texniki performans təqdim edəcəklər. Bundan əlavə olaraq 21.5 inç ekrana sahib versiya, 32 GB RAM, 27 inç ekrana sahib versiya isə 64 GB RAM-a sahibdir. 27 inç-lik iMac versiyasına gəldikdə, ona Fusion Drive texnologiyası tətbiq olunub. Bu texnologiya, HDD ilə SDD-nin birləşməsinə imkan verir. Bundan əlavə olaraq həmin modelə 3 ədəd Thunderbolt 3 girişi əlavə olunub. iMac-in hər bir konfiqurasiyası qrafik cəhətdən böyük addımlar edib. Məsələn 21.5 inç-lik versiya, Intel Iris Plus Graphics 640 videokartı ilə təchiz olunub. Bu isə keçmiş modeldən 80% daha sürətlidir. Adi iMac versiyasından əlavə olaraq “Apple” şirkəti, 21.5 inç-lik Retina 4K ekranlı iMac-ı da təqdim edib. Bu versiya iMac, 4 GB-lıq Radeon Pro 555/560 videokartı ilə təchiz olunub. 27 inç-lik iMac Retina 5K versiyası isə 8 GB-lıq Radeon 570/575/580 videokartı ilə təchiz olunub. Şirkət qeyd edib ki, yüksək performanslı modellər əsasən professional istifadəçilər üçün nəzərdə tutulub. O istifadəçilər hansılar ki, məsələn VR kontent yaratmaq ilə məşğul olurlar. Ən əsas modeli isə şirkət bir qədər axıra saxladı. Söhbət iMac Pro modelindən gedir. Bu model iMac seriyasında olan ən güclü versiyadır. iMac Pro modelini təqdim edərkən şirkət bildirib ki, bu modeldə soyutma sistemi tamamilə təkmilləşdirilib. Bunun sayəsində iMac Pro, istifadəçini inanılmaz dərəcədə yüksək texniki performans ilə sevindirəcək. iMac Pro, 8/10/18 nüvəli Xeon prosessoru, 18 GB videoyaddaş, 128 GB ECC yaddaş və 3 ədəd Thunderbolt 3 girişi ilə təchiz olunacaq. 21.5 inç-lik iMac, 1099$-a, 21.5 inç-lik Retina 4K ekrana sahib iMac, 1299$-a, 27 inç-lik Retina 5K ekrana sahib iMac isə 1799$-a satılacaq. Bununla yanaşı 5K ekranlı və 8 nüvəli prosessorlu iMac Pro modeli, 4499$-a başa gələcək. iMac Pro modeli bu ilin Dekabr ayında satışa çıxacaq. Yenilənmiş iMac modellərindən başqa “Apple” şirkəti həmçinin yeni MacBook və MacBook Pro modellərini də təqdim edib. Sözügedən modellərin yeni versiyaları daha əvvəl də söz verildiyi kimi 7-ci nəsil Intel Core Kaby Lake prosessorlarına sahibdirlıər. Bunun sayəsində yeni cihazlar 50% daha sürətli çalışırlar. 15 inç-lik MacBook Pro modeli isə indi daha yüksək keyfiyyətli qrafikaya sahibdir. Adi MacBook, 1299$-a, 13 inç-lik MacBook Pro, 1499$-a, Touch Bar-a sahib 13 inç-lik MacBook Pro, 1799$-a, Touch Bar-a sahib 15 inç-lik MacBook Pro isə 2399$-a satılacaq.

11

“LG Electronics” şirkəti “LG Pay” mobil ödənişlər servisini istifadəyə verib. Servis digər Cənubi Koreya istehsalçısı – “Samsung” şirkətinin “Samsung Pay” sisteminin analoqu hesab edilir. “MCT” (Magnetic Communication Technology) texnologiyasından istifadə edən yeni xidmət smartfonu adi terminallara yaxınlaşdırmaqla ödənişlər həyata keçirməyə imkan verir. Əməliyyatların istifadəçinin barmaq izi skaneri ilə təsdiq edilməsi tələb olunur. Məlumata görə, hazırda Cənubi Koreya ərazisində istifadəyə verilən “LG Pay” sistemi “Shinhan”, “KB”, “BC” və “Lotte” bank kartlarını dəstəkləyir. Gələcəkdə şirkət servisin coğrafiyasını genişləndirməyi nəzərdə tutsa da, hazırda bu barədə konkret planlar açıqlamır. “LG Pay” xidmətini ilkin olaraq proqram təminatı ilə birlikdə yeni funksiyaya malik olacaq “LG G6” smartfon istifadəçiləri sınaqdan keçirə biləcəklər. Bir müddət sonra digər qurğu istehsalçıları da servisi dəstəkləməyi planlaşdırır.

12

“Wacom” şirkəti “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün nəzərdə tutulan “ağıllı” “Bamboo Sketch” qələmini (stylus) nümayiş etdirib. “iPhone” və “iPad” qurğuları ilə uyğunluq təşkil edən stilusun rezin hissəsinin karbonla örtülməsi ekranla təması rahat və təbii edir. Qurğu əlavə dəqiqliyə ehtiyac duyan peşəkarlar üçün nəzərdə tutulub. Adi stiluslara nisbətən tam funksionallığı təmin edən aktiv “Wacom Bamboo Sketch” qələminin uc hissəsi 2048 basılma səviyyəsini qeydə alır. Məlumata görə, qurğu “Apple” smartfon və planşetləri ilə “Bluetooth” interfeysi vasitəsilə bağlantı yaradaraq onlarla işləyə bilir. Akkumulyatorun avtonom iş vaxtı 15 saat təşkil edir. “Wacom Bamboo Sketch”, həmçinin bir sıra əlavələrlə, o cümlədən “Bamboo Paper”, “ArtRage”, “Autodesk SketchBook”, “Concepts” və “MediaBang Paint” ilə işləyir. Qurğunun gələcəkdə digər qurğularla da uyğunluq təşkil edəcəyi gözlənilir. Yeni “Wacom” qələminin ABŞ-da satış qiyməti 80 dollar, Avropada 90 avro təşkil edir.

ABŞ-ın Karnegi-Mellon Universitetinin əməkdaşları robotların modullu layihələndirilməsi üçün proqram təminatı hazırlayıblar. Məlumat bazasında mövcud modullardan addımlayan və ya təkərli robot modelləri yaratmağa imkan verən proqram sayəsində layihələndirmə prosesini dəfələrlə sadələşdirmək mümkün olacaq. Layihə müəlliflərinin sözlərinə görə, robotların yaradılması texnologiyaların sürətli inkişafına baxmayaraq yetərincə mürəkkəb vəzifə olaraq qalır. “Məsələn, mühəndislər kütlənin paylanmasını, robotun ayrı-ayrı hissələrinin təsirini, eləcə də çoxsaylı mürəkkəb materialların sayının hesablanmasını aparmalı olurlar. Burada buraxılan kiçik səhv isə kifayət qədər mənfi nəticələrə səbəb olur. Biz robotlaşdırılmış mexanizmlərin layihələndirilməsi prosesini sadələşdirmək qərarına gələrək bunun üçün xüsusi proqram təminatı yaratdıq”, – mütəxəssislər bildirib. ABŞ alimlərinin ərsəyə gətirdiyi proqramdan istifadə çox sadədir. İntellektual alqoritmlər detalların bir-birinə uyğunlaşdırılması ilə bağlı bütün çətin işləri görür, istifadəçi isə yalnız robotun hansı modullardan ibarət olmasını seçir.

13

“Microsoft” korporasiyasının fərdi kompüter və mobil qurğular üçün “Windows 10” əməliyyat sisteminin növbəti yenilənməsi smartfon və planşetləri sıradan çıxararaq fasiləsiz yükləmələr edir. 16212 yenilənməsi buraxılış üçün nəzərdə tutulmasa da, səhvən insayderlərə və “Windows Insider” proqramında iştirak etməyən bəzi istifadəçilərə göndərilib. 16212 yeniləməsinin quraşdırıldığı mobil qurğunun işinin bərpası üçün yeganə üsul “Windows Device Recovery Tool” vasitəsilə funksiyaları ləğv etməkdir. Lakin bu halda qurğuda saxlanılan bütün faylların itməsi mümkündür. Bildirilir ki, sazlama ləğv edildikdən sonra problemli qurğu sahibi “Windows Insider” proqramında yenidən qeydiyyatdan keçməli olacaq. Nəzərə almaq lazımdır ki, əməliyyat sisteminin “Windows Insider” çərçivəsində təqdim edilən yenilənmələrində səhvlərin olmasına görə onlar işçi qurğularında quraşdırılmaq üçün nəzərdə tutulmayıb. Qeyd edək ki, 2014-cü ildə “Microsoft” tərəfindən nümayiş etdirilən “Windows Insider” “Windows 10” əməliyyat sistemi yeniləmələrinin beta sınaq proqramıdır. 2015-ci ildə proqram iştirakçılarının sayı 7 milyon təşkil edib. “Windows Device Recovery Tool” proqram təminatının bərpası və əvvəlki “Windows Phone” versiyalarından imtina üçün nəzərdə tutulan “Microsoft” alətidir. Proqram “Windows Phone 8.0/8.1” və “Windows 10” sistemlərindən istifadə edən “HTC” və “LG”, eləcə də “Lumia” qurğuları ilə işləyir.

14

“Google” şirkəti gələn ilin əvvəlində daxili reklam bloketmə mexanizminə malik “Chrome” brauzerini təqdim edəcək. Şirkət yeni funksiya haqda öncədən məlumat verib ki, bloqer, KİV və başqa məzmun tədarükçüləri əvvəlcədən öz saytlarını yeni brauzerin xüsusiyyətlərinə uyğunlaşdıra bilsinlər. Belə ki, yalnız istifadəçiləri qıcıqlandıran elanlar bloka salınacaq. “biz onlayn reklam sahəsinin inkişafına inanırıq. Buna görə ən yaxşı reklam (Coalition for Better Ads) üçün koalisiyaya qoşulmuşuq” –  şirkətin rəsmi bloqunda qeyd edilib. Bu, nəşriyyat, texnologiya və reklam şirkətlərinin ittifaqıdır. “Google”, “Facebook”, “News Corp” və “The Washington Post” bu ittifaqa daxildirlər. Koalisiyanın məqsədi interneti zəhlətökən elanlardan təmizləməkdir. İstifadəçilərə qaydalara uyğun reklam göstəriləcək. Bloketmə mexanizmi həm masaüstü, həm də mobil versiyada işləyəcək.

15

“Samsung Galaxy S8” smartfonları “Galaxy S7” modelindən iki dəfə daha populyar olub. şirkətin rəsmi nümayəndəsi bildirib ki, bu barədə brendin vətənində təqdimat tarixindən bəri qeydə alınan satışların nəticələri sübut edir. Flaqmanın təqdimatından 37 gün keçib və bu müddət ərzində 1 milyon cihaz satılıb. Göstəricilər belə qənaətə gəlməyə əsas verir ki, “Samsung Galaxy S8” özündən əvvəlki model olan “S6” və “S7” modelləri ilə müqayisədə iki dəfə fəal alınır. Bu smartfonların Cənubi Koreyada milyardıncı nüsxəsinə müvafiq olaraq satışların 74 və 75-ci günlərində nail olmaq mümkün olub. Bütün dünya üzrə “Samsung Galaxy S8” smartfonlarının ümumi satış həcmi may ayının ortalarında 10 milyon ədəd təşkil edib. Bəzi mütəxəssislər əmindirlər ki, bu ilin sonuna qədər istifadəçilər bu modeldən olan 60 milyon ədəd smartfon əldə edəcəklər.

16

“Microsoft” şirkəti Taybeydə keçirilən “Computex” sərgisində “Qualcomm” şirkətinin mobil “ARM” prosessorları ilə təchiz ediləcək “Windows 10” sistemli ilk fərdi kompüterləri elan edib. “Microsoft”un rəsmiləri bildiriblər ki, yeni “Qualcomm Snapdragon 835” prosessoru ilə təchiz ediləcək noutbukların istehsalı ilə “Asus”, “HP” və “Lenovo” şirkətləri məşğul olacaqlar. Həmçinin “Microsoft” və “Qualcomm” şirkətlərinin nümayəndələri qeyd ediblər ki, gələcək fərdi kompüterlərdə enerji sərfiyyatı daha da yaxşılaşacaq və “LTE” şəbəkələrinin dəstəyi təmin ediləcək. “Qualcomm” və “Microsoft”un nümayəndələri “Asus”, “HP” və “Lenovo” şirkətlərinin istehsalı olan yeni fərdi kompüterlərin təqdimetmə tarixini açıqlamayıblar. Bundan əvvəl “Qualcomm” şirkətinin icraçı direktoru Stiv Mollenkopf qeyd edib ki, “ARM” prosessorlarla təchiz edilmiş və “Windows 10” sistemi ilə işləyən ilk kompüterlər cari ilin 4-cü rübündən tez əlçatan olmayacaq.

Ötən il təqdim edilən “Snapdragon 835” prosessoru “Quick Charge 4.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləməyə başlayıb. Texnologiya qurğulara “Quick Charge 3.0” ilə müqayisədə 20 faiz tez və az qızma ilə enerji toplamağa imkan verir. “Qualcomm” şirkəti nümayəndələrinin sözlərinə görə, qurğunun 5 saat işləməsi üçün 5 dəqiqə enerjinin toplanması kifayət edir. Həmçinin, texnologiyanı bu yaxınlarda təqdim olunan “Snapdragon 660” prosessoru dəstəkləyir. Naməlum səbəblərə görə, “Xiaomi Mi6”, “Samsung Galaxy S8”, “HTC U11” və “Snapdragon 835” əsaslı digər qurğular “Quick Charge 4.0” texnologiyasını dəstəkləmir. Buna baxmayaraq “Qualcomm” “Quick Charge 4.0+” texnologiyasını nümayiş etdirib. “Quick Charge 4.0+” “Quick Charge 4.0” texnologiyasının təkmilləşdirilmiş versiyasıdır. “Qualcomm” diqqəti səmərəlilik, sürət və istilikvermə kimi 3 əsas parametrə yönəldib. Belə ki, xüsusi “Dual Charge” texnologiyası enerji cərəyanını bölərək istiliyin ayrılmasını 3°C azaltmağa və enerjinin toplanma vaxtını 15 faiz sürətləndirməyə imkan verir. İstilikvermənin zəiflədilməsi, həmçinin akkumulyatorun istismar müddətini artıracaq. Bundan başqa, “Qualcomm” enerjinin doldurulması zamanı təhlükəsizliyin artırılması üçün əlavə funksiyalar quraşdırıb. Məsələn, “Quick Charge 4.0+” eyni anda korpus və portun temperatur səviyyələrinə nəzarət edir ki, bu da qızma, qısa qapanma və ya “USB Type-C” çıxışının zədələnməsinin qarşısını alacaq. Şirkət nümayəndəsinin sözlərinə görə, enerjinin toplanma səmərəliliyi “Quick Charge 4.0” ilə müqayisədə 30 faiz yüksəlib. “Quick Charge 4.0+” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən ilk qurğu bu həftənin əvvəlində təqdim edilən “Nubia Z17” smartfon modeli olub.

17

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register