Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Populyar “WhatsApp” messencerində bir sıra faydalı yenilənmələrin olduğu məlum olub. Artıq iOS əməliyyat sisteminin istifadəçiləri öz media fayllarına fitrlər əlavə etmək imkanı əldə edəcəklər. Bildirilir ki, artıq şəkil, video çarx və ya gif göndərərkən istifadəçi barmağı ilə fayl üzərindən yuxarı çəkməklə, 5 filtrdən birini seçə biləcək. Bu filtrlərin arasında “açıq”, “ağ-qara”, “soyuq”, “xrom” və “plyonka” filtrləri mövcuddur. “iPhone” sahibləri şəkilləri tam albom şəklində göndərə biləcəklər. Bir dəfəyə beş və daha çox şəkil göndərildiyi halda, şəkillər alıcıda avtomatik olaraq qruplaşacaq. Bundan başqa, tərtibatçılar məlumatlara cavab vermək sistemini daha da sadələşdiriblər. Daxil olan məlumata cavab göndərmək üçün istənilən göndərilən məlumata sağdan yuxarı barmağı aparmaq kifayətdir.

1

“Facebook” şirkəti uşaqlar üçün xüsusi messencer istifadəyə vermək niyyətindədir. u messencer “Facebook”da hesab yaratmağı tələb etməyəcək, amma valideynlərə öz uşaqlarına nəzarət etməkdə və lazımi təhlükəsizlik səviyyəsini təmin etməkdə kömək edəcək. “Engadget” nəşrinin əməkdaşlarının sözlərinə görə, Mark Zukerberqin komandasının yeni həlli “Snapchat” kimi analoji məhsullarla rəqabət aparacaq. Həmçinin şirkətin serverlərinin yüksək məhsuldarlığına baxmayaraq, ehtimal ki, onlar 24 saat ərzində arzuolunmaz məzmunun silinməsi məsələsinin öhdəsindən gəlmir. Qeyd edək ki, yalnız “Facebook” deyil, həmçinin “Twitter” və “YouTube” bu problemdən əziyyət çəkir. Şayiələrə görə, “Talk” adlanacaq yeni proqram uşaq və yeniyetmələrin kontaktlarına tam nəzarət etməyə imkan verəcək və 16 yaşadək yeniyetmələr üçün nəzərdə tutulub. “Talk” messenceri oyunlar oynamağa, doğmalar, dostlarla foto və yazıları paylaşmağa imkan verəcək. Bu halda yeni messencer üçün “Facebook”da hesab açmaq lazım deyil, amma valideynlər “böyük” messencerin köməyi ilə uşaq tərəfindən şəbəkədə baxılan məzmuna nəzarət edə biləcək.

2

“Microsoft” korporasiyası iyulun 1-dən Windows Phone əməliyyat sisteminə malik smartfonlarda “Skype” əlavəsini dəstəkləməyi dayandıracaq. Artıq istifadəçilər “Windows Phone 8” və “8.1” üzərindən yazılmış messencerin fəaliyyətinin dayandırılması barədə bildirişlər alıblar. OC RT və “10 Mobile” əməliyyat sistemlərinə də aid ediləcək. “Microsoft” tərtibatçıları “Skype”ı P2P platformasına keçirmək niyyətindədirlər və hazırda bunun üzərində aktiv işləyirlər. Bu isə o deməkdir ki, əlavənin köhnə versiyaları işləməyi dayandıracaq.

3

NASA Marsa gedəcək ilk ekspedisiyanın 12 nəfərlik heyətini müəyyənləşdirib. Onlardan 7-si kişi, 5-i qadındır. NASA-nın rəhbər əvəzi Robert Laytfut bununla bağlı keçirilən təntənəli mərasimdə bildirib ki, ekspedisiyaya ən yaxşılar göndəriləcək və agentliyin bütün komandası onlara kömək etməyə hazırdır. Bu il astronavt olmaq üçün 18 min nəfər müraciət edib ki, 1978-ci il rekordunu (8 min nəfər) yeniləyib.

4

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask bildirib ki, süni intellekt insan intellektini təxminən 2030-2040-cı ildə ötüb keçəcək. Mask digər proqnozlarını da açıqlayıb. Onun fikrincə, 2024-cü ildə maşınlar mətnləri insanlardan daha yaxşı tərcümə edəcək, 2026-cı ildə isə məktəb inşalarını insanlarla müqayisədə daha yaxşı yazacaq. Qeyd edək ki, İlon Mask yaxın 4 il ərzində insan beyni ilə kompüteri birləşdirəcəyini bəyan edib.

5

Rusiyanın “Roselektronika” şirkəti yeni nəsil “Elbrus 101-PC” kompüterlərinin buraxılışına başlayır. Ilk olaraq test partiyası hazırlanacaq. Maraqlıdır ki, test modelinin qiyməti “Apple”ın “MacBook”undan baha olacaq. Belə ki, kompüterin qiyməti təxminən 130 min rubl (2280 dollar) təşkil edəcək. Lakin kütləvi istehsal başladıqda qiymət 70 min rubla (1200 dollar) enəcək. Şirkətdən bildiriblər ki, test məqsədli ilk partiya dövlət idarələrinə, özəl şirkətlərə və sənaye müəssisələrinə göndəriləcək. Qeyd edək ki, hazırda 12 ekran ölçülü ən yeni “MacBook”un qiyməti təxminən 2 min dollardır.

6

Çinin Çendu şəhərində “AI-MATHS” adlı robot ölkədə ali məktəblərə qəbul üçün riyaziyyat fənni üzrə imtahanda iştirak edib. “Chengdu Zhunxingyunxue Technology” şirkətinin mütəxəssislərinin hazırladığı robot internetin köməyi olmadan 22 dəqiqəyə 150 mümkün baldan 105 bal toplaya bilib. Şirkətin icraçı direktoru bildirib ki, həmin test imtahanında sualları insan ən yaxşı halda 2 saata cavablandıra bilərdi. Həmin robot fevralda eyni test imtahanında 93 bal toplaya bilmişdi. Qeyd etmək lazımdır ki, ali məktəbə qəbul üçün riyaziyyatdan keçid balı 90-dır.

7

“Apple”nin ötən günlərdə təşkil etdiyi WWDC 2017 konfransında təqdim etdiyiiOS 11 ilə şifrə istəməkproblemi artıq tarixə qovuşur. Belə ki,iOS 11 “iPhone” istifadəçilərini böyük bir çətinlikdən qurtaracaq xüsusiyyət gətirir. “iOS’ 11 ilə”iPhone” istifadəçiləriWi-Fi şifrəsini istədiyi adamla paylaşa biləcək. Bu xüsusiyyəti istifadə edə bilmək üçün iki dənə “Apple” qurğusununyan-yana olması lazımdır. Beləcə, digər cihazaşifrətələbi göndərilir. Şifrə sahibi “təsdiq” verdiyi zaman internetə daxil olmaq təmin ediləcək. Cihaza “təsdiq” istəyi göndərilməsi, sistemin etibarlı olduğunu göstərir. Əks halda sui-istifadə edilə bilər.

8

“iPhone”ların yeni “iOS 11” platformasındakı funksiyalarından biri avia-rejimin avtomobil variantı olacaq. Sürücü avtomobili işə saldıqda qurğunun displeyi bloklanacaq. Məqsəd maşın sürən sürücünün diqqətini yayındırmamaqdır. Bu zaman gələn bildirişlər də ertələnəcək. Həmin vaxt mesaj göndərən hər kəsə belə bir cavab veriləcək: “Abunəçi rul arxasındadır”. Sürücü ilə əlaqə saxlamağın yeganə yolu mesajda “urgent” (“təcili”) sözünün yazılması olacaq. Bu zaman displey mesajın işıqlanmasına imkan verəcək. Əgər “iPhone” sürücü ilə sərnişini səhv salıb avtomobildə hərəkətdə olan telefonu bloklayarsa, ekrandakı xüsusi düyməyə basmaqla funksiyanı deaktiv etmək və yanlışlığı aradan qaldırmaq olar. Hazırda “iOS 11” əməliyyat sistemi test mərhələsindədir və payızda əlçatan olacaq.

9

WhatsApp-ın iOS versiyası yeni funksiyalara sahib olub. Yeni funksiyaların arasında filtrlər var. Bundan sonra WhatsApp-da fotoları filtr köməkliyi ilə redaktə etmək mümkün olacaq. Həmin filtrlərdən istifadə, ğursuz işıqlanmaya sahib fotoların daha yaxşı şəkildə görünməsinə yardımçı olacaq. İkinci yeni funksiya isə “Sürətli cavablar” adlanır. Bu funksiya sayəsində istifadəçilər çox rahat şəkildə qrup çatlarda iştirak edə biləcəklər. Belə ki, ümumi çatda konkret bir ismarıca cavab vermək mümkün olacaq. Bunun üçün sadəcə olaraq konkret ismarıca klik etmək lazımdır. Beləliklə qrup çatında iştirak edən digər istifadəçilər hansısa ismarıcın kimə ünvanlanmasında problem yaşamayacaqlar. Sonuncu yenilik isə WhatsApp vasitəsilə çoxlu fotolar əldə edən insanlar üçün nəzərdə tutulub. Belə ki, hansısa şəxs tərəfindən qəbul olunmuş bütün fotolar xüsusi albomda yığılacaq. Qeyd etmək lazımdır ki, bu yeni funksiyalar hələki yalnız iOS istifadəçiləri üçün nəzərdə tutulub. Lakin “Facebook”un verdiyi məlumata əsasən yaxın zamanda bu funksiyalar Android istifadəçiləri üçün də aktiv olacaq.

10

NASA, Mars üçün nəzərdə tutulmuş yeni roveri (Mars planeti üçün nəqliyyat vasitəsi) təqdim edib. Sözügedən yeni rover həm nəqliyyat vasitəsi, həmdə laboratoriya qismində çıxış edir. Yeni rover, NASA mütəxəssislər və “Parker Brothers Concepts” şirkətinin əməkdaşları ilə birlikdə hazırlanıb. Bu şirkət, fantastik janrlı filmlərdə olan ideyaların hazırlanması və reallaşdırılması üzrə fəaliyyət göstərir. Yeni Mars Rover-in uzunluğu 8 metr, hündürlüyü 3.4 metr, enliyi isə 4 metrdir. Onun korpusu yüngül və dözümlü materiallardan hazırlanmışdır. 50 inç-lik ölçüyə sahib 6 ədəd təkər, qatı torpaq səthində hərəkət etmək üçün nəzərdə tutulub. Sözügedən rover, düz yolda saatda 110 km sürətlə hərəkət etməyə qadirdir. Lakin Mars planetində olan münbit şərait sayəsində çətin ki, bu rover saatda 25 km sürəti keçə bilsin. Roverin əsas hissəsində 4 nəfər astronavt yerləşə bilir. Onun ikinci hissəsi isə müxtəlif avadanlıqlarla dolu olub daha yığcamdır. NASA qeyd edib ki, gələcəkdə Mars planetinə bu roverin tam kopyası göndərilməyəcək. Sözügedən rover yalnız prototip qismində çıxış edir. Lakin gələcəkdə Mars üçün rover istehsalında, təqdim olunmuş bu modelin təməlində iştirak etmiş texnologiyalardan istifadə olunacaq.

Aparıcı İT şirkətləri tərəfindən təqdim edilmiş virtual səs köməkçiləri bu gün mobil qurğu istifadəçiləri arasında populyardır. Bəs gündəlik həyatımızda virtual səs köməkçilərinə nə qədər ehtiyac var? Bütün səs assistentlərinin əsas problemi insan nitqini anlamaq qabiliyyətidir. “Siri” virtual səs köməkçisində səsin tanınması dəqiqliyi aşağıdır, bəzən hətta yaxşı diksiya ilə səsləndirilmiş sadə ifadələr səhv kimi qəbul edilir. “Google” şirkətinin məlumatına görə, internet nəhənginin virtual səs köməkçisi nitqi insandan pis başa düşmür. Şirkətin nümayəndəsi Meri Miker “Code Conference” çərçivəsində deyib ki, “Google” ingilis nitqinin tanınması dəqiqliyini 95%-dək yüksəldib. Kompüter təliminin alqoritmləri sayəsində indi “Google”un axtarış sistemi və səs köməkçisi ingilis dilini bu dilin daşıyıcıları kimi başa düşür. Statistikaya əsasən, son 4 ildə səsin tanınması dəqiqliyi 20% yüksəlib. 2013-cü ildə ingilis dilinin tanınması dəqiqliyi 75% təşkil edirdi.

11

Çinin “Xiaomi” şirkəti gələn həftə əməliyyat sisteminin yeni versiyasını təqdim etməyi planlaşdırır. Sistemdə başlıca yenilik smartfon ekranlarını yarıya bölməyə imkan verəcək yeni “MIUI 8” funksiyası olacaq. Məlumata görə, ekranın bir hissəsində istənilən mobil əlavəni işə salmaq mümkün olacaq. Analoji funksiya “iOS 10” əməliyyat sistemində də quraşdırılıb. Lakin Çin istehsalçısının sistemində istifadəçilər təkcə “MiPad” planşetinin deyil, bütün “Xiaomi” smartfon ekranlarını tən yarıya bölmək imkanı əldə edəcəklər. Bildirilir ki, əməliyyat sisteminin yenilənmiş versiyasını bir neçə gün sonra yükləmək mümkün olsa da, bu, ilkin mərhələdə qapalı beta test olacaq, bir neçə həftə sonra ondan hamı yararlana biləcək. Əməliyyat sisteminin son versiyasının iyulda Çində satışa çıxarılacağı gözlənilir. Onun dünya bazarına nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.

12

Tayvanın “BenQ” şirkəti kompüter arxasında daha çox vaxt keçirənlər üçün nəzərdə tutulmuş “GW2470ML” monitorunu təqdim edib. Yeni monitor işıqlandırmada göy rəngin azalması (Low Blue Light Plus funksiyası) ilə səciyyələnir ki, bu da fərdi kompüterdə uzunmüddətli iş zamanı gözlərə düşən gərginliyi azaldır. Qurğu, həmçinin sayrışmanı aradan qaldıran “Flicker-Free” texnologiyası və “Brightness Intelligence” intellektual parlaqlıq tənzimləmə rejiminə malikdir. Təqdim edilmiş model “VA” matrisinə malik və 1920×1080 piksel (Full HD) təsvir ölçülü 23,8 düymlük ekranla təchiz edilib. Ekran, həmçinin aşağıdakı parametrlərə malikdir: “GtG” rejimində pikselin reaksiya vaxtı – 4 ms, parlaqlıq – 250 kd/kv. m, dinamik kontrastlıq – 20 000 000:1, statik kontrastlıq – 3000:1, üfüqi və şaquli baxış bucağı – 178 dərəcə. Bundan başqa, monitor hər biri 2 vatt gücündə 2 ədəd stereodinamika, “D-sub”, “DVI” və “HDMI 1.4” portları ilə təchiz edilib. Monitorun çəkisi 4,1 kq-dır.

13

“Apple” şirkətinin “App Store” mağazasında “Files” proqramı istifadəyə verilib. Bu, “iPhone” smartfonuna yüklənən sənədlərin redaktə edilməsi prosesini sadələşdirəcək fayl meneceridir. “WWDC17” ümumdünya proqram tərtibatçıları konfransından 10 saat əvvəl istifadəyə verilən əlavə “iOS 11” əməliyyat sistemi üçün nəzərdə tutulub. Proqramın yeni versiyasının təqdimatının bugünkü tədbir çərçivəsində baş tutacağı gözlənilir. Məlumata görə, “Apple” şirkətinin informasiyanı istifadəçilərin marağını artırmaq üçün qəsdən sızdırdığı ehtimal olunur. Proqram tərtibatçısı Stiv Troton-Smit yeni əlavəyə diqqət yetirib. Onun sözlərinə görə, əlavəyə tələblərdə qeyd edilib ki, smartfonda “iOS 11” əməliyyat sistemi quraşdırılmalı, işarədə (icon) ənənəvi “Apple” üslubunda qovluq göstərilməlidir. Proqram tərtibatçısı “Twitter” səhifəsində yazıb ki, “iOS 11” sistemindən əvvəl “App Store” mağazasında “Files” proqramının prototipi istifadəyə verilib. Ondan istifadə üçün “iOS 11.0” və ya sistemin sonrakı versiyası tələb olunur.

14

Miniatür fərdi kompüterlərin buraxılışı üzrə ixtisaslaşmış “Zotac” şirkəti yeni “Zotac PI225” kompüterini təqdim edib. “Zotac PI225” kompüterinin fiziki ölçüləri 95x60x8 mm təşkil edir. Müqayisə üçün qeyd edək ki, yeni kompüterin ölçüsü 2.5 düymlük sərt diskdən kiçikdir. Sözügedən qurğu 1.1-dən 2.4 QHs-dək takt tezliyində işləyən 32 bitlik 2 nüvəli “Intel Celeron N3350” prosessoru, həmçinin passiv soyuma sistemi ilə təchiz edilib ki, bu da cihazın tamamilə səssiz işləməsi ilə nəticələnib. 64 bitlik “Windows 10” əməliyyat sisteminin idarəsi altında işləyən “Zotac PI225” mini-fərdi kompüteri “4K” formatında olan videonun aparat emalını təmin edir, 4 QB-lıq əməli yaddaş, 32 QB-lıq “eMMC” diski, “Wi-Fi 802.11ac”, “Bluetooth 4.2” modulları, “SD” kartlar üçün slot, “Micro-USB” və 2 ədəd “USB 3.0 Type-C” portları ilə təchiz edilib.

15

İDC analitikləri cari ilin birinci rübünün nəticələrinə əsasən daşınar elektronika bazarını qiymətləndiriblər. Ilk 3 ay ərzində 24,7 milyon ədəd cihaz satışa çıxarılıb ki, bu da bir il əvvəlki göstəricidən 17,9 faiz çoxdur. İDC birinci yerə “Xiaomi” şirkətinin çıxarıb. Bu şirkət 3,6 milyon ədəd cihaz satışa çıxarıb ki, bununla da bazarın 14,7 faiz payına sahib olub. Bununla belə, istehsalçı illik nisbətdə satışlarını 3,3 faiz azaldıb. İkinci yerə “Apple” şirkəti çıxıb. Onun da göstəriciləri eynidir: 3,6 milyon ədəd cihaz sataraq bazarın 14,6 faiz payına sahib olub. Kupertinyo nəhəngi bir il ərzində satışlarını 64,1 faiz artıra bilib. Liderlərin ilk üçlüyünü 12,3 faiz bazar payı ilə “Fitbit” şirkəti qapayır. Şirkət bu müddət ərzində 3 milyon ədəd cihaz satıb ki, bu da daha əvvəlki illə müqayisədə 37,7 faiz azdır. Sonrakı yeri “Samsung” şirkəti tutur. Bu şirkət 1,4 milyon ədəd cihaz satışı ilə bazarın 5,5 faiz payına malik olub ki, bu da illik nisbətdə 90,8 faiz artım deməkdir. Beşinci yeri “Garmin” şirkəti tutur ki, onun da bu müddət ərzində satışları 1,1 milyon ədəd cihaz olub, bu isə bir il əvvəllə müqayisədə 1,6 faiz artım deməkdir. Bu şirkət bazarın 4,6 faiz payına sahibdir. Bütün digər istehsalçılar ümumilikdə bir il ərzində satışlarını 43,9 faiz artıblar.

16

“Microsoft” bir neçə il əvvəl korporasiya əməkdaşlarına boş vaxtlarında mobil əlavələr hazırlamağa imkan verən “Garage” layihəsini istifadəyə verib. Təşəbbüs sayəsində “iOS” və “Android” əməliyyat sistemləri üçün çoxlu proqramlar yaradılıb. Bu yaxınlarda isə ABŞ proqram təminatı istehsalçısının mühəndislər qrupu populyar aktyor və ya film personajının surət modelini istifadəçi sifətinə yerləşdirərək yoxlamağa imkan verən “Face Swap” mobil əlavəsini hazırlayıb. Bunun üçün “Microsoft Research” mütəxəssisləri tərəfindən yaradılan sifətin tanınması texnologiyasından və “Bing” sistemində fotoşəkillərin axtarışından istifadə olunur. “Face Swap” əlavəsi işə salındıqdan sonra “selfie” çəkmək tələb olunur. Proqram, həmçinin kadrı daha yaxşı qurmaqla bağlı tövsiyələr verəcək. Əlavə sifəti avtomatik tapdıqdan sonra onu quraşdırılmış axtarış sistemi vasitəsilə aşkar edilən digər istənilən fotoşəkilə yerləşdirmək mümkün olacaq. Əksər analoqlardan fərqli olaraq “Face Swap” dərinin rəngini, işıqlandırma şəraitini, başın dönməsini və əyilməsini düzəldir. Mütəxəssislər gələcəkdə də müntəzəm olaraq sifətin dəyişdirilməsi üçün tövsiyə edilən fotoşəkillərin seçimini yeniləməyi planlaşdırırlar. Hazırda “Android” sistemli qurğu istifadəçilərinin yükləyə bildiyi “Face Swap” əlavəsinin tezliklə “iOS” sistemində də istifadəyə veriləcəyi gözlənilir.

Bir anlıq bu gün əlinizə götürdüyünüz  əşyalar haqda düşünün. Ola bilsin ki bu, açar, stəkan, diş fırçası, çəngəl və ya qaşıq olub. Bəs bu əşyaları əlinizə düzgün götürmək üçün siz nə qədər əqli enerji sərf edirsiniz? Ehtimal ki, bu, sizin üçün çətin deyil, ancaq robotlar üçün ciddi problemdir. Amma indi Kaliforniya Universitetində işləyən tədqiqatçıların yeni elmi işi sayəsində robotlar insan bacarıqlarına yiyələniblər. Insanlar ələ götürülən əşyanın yerə düşməməsi üçün instinktiv üsul bilirlər, amma robotlar belə qabiliyyətə malik deyillər. Buna görə tədqiqatçılar robotun istənilən formalı obyektləri 99% dəqiqliklə “ələ” götürməsinə kömək məqsədilə dərin təlim konsepsiyasından istifadə ediblər. Dərin təlim – bu, avtomatlaşdırılmış təlim tipidir və kompüter daxil edilən böyük tutumlu məlumatlar sayəsində qərarlar qəbul edə bilir.

“Google”, “Apple”, “Microsoft”, “Amazon” və “Facebook” şirkətləri dünyanın ən bahalı brendləri beşliyinə daxil olub. Bu barədə Böyük Britaniyanın “WPP” və “Kantar Millward Brown” şirkətlərinin “The BrandZ Global Top 100” adlı birgə illik hesabatında deyilir. Bu il liderlər üçlüyü dəyişməz qalıb, “Amazon” şirkəti göstəricilərini yaxşılaşdıraraq yeddinci yerdən dördüncü pilləyə yüksəlib, “Facebook” mövqeyini qoruyub. Qeyd edilən şirkətlərin mədaxili reytinqdə yer alan yüz müəssisənin gəlirinin 25 faizini təşkil edir. Tədqiqatda iştirak edən brendlərin 2017-ci ildə ümumi dəyəri 8 faiz – 2016-cı ildəki 3,4 trilyon dollardan 3,6 trilyon dollaradək artıb. “The BrandZ Global Top 100″ reytinqində lider mövqeləri ilk günlərdən dünya arenasında fəaliyyət göstərən, güclü və innovativ platformalar üzərində qurulan internet nəhəngləri tutur”, – “Kantar Millward Brown” nümayəndəsi Piter Volş bildirib. Tədqiqat zamanı analitiklər 3 milyondan çox alıcının dünyanın 50 bazarında təmsil olunan 120 min brendə münasibətini öyrəniblər. Bundan başqa, müxtəlif şirkətlərin maliyyə və biznes göstəriciləri nəzərə alınıb. 1971-ci ildə təsis edilən “WPP” şirkəti reklam və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərir. O, brendlərin tədqiqi ilə məşğul olan və brend strategiyaları, reklamın hazırlanması və optimallaşdırılması və brend kapitalının öyrənilməsi sahəsində konsaltinq məsləhətləri təqdim edən “Kantar Millward Brown” şirkətinin sahibidir.

17

İnsayderlər “Samsung Galaxy Note 8” smartfonunun çertyojlarını təqdim ediblər. Yeni qurğunun “iPhone 8” modelinə rəqib olacağı gözlənilir. Smartfonda barmaq izi skanerinin korpusun digər hissələrinin çertyojlarında qeyd edilməməsinə görə onun ekranda yerləşdiriləcəyi ehtimal olunur. Bundan başqa, qurğuda ikitərəfli kamera quraşdırılacaq. “Samsung” şirkətinin bununla bağlı qərarı əksər istehsalçıların qeyd edilən texnologiyadan istifadə etmələrinə görə təəccüb doğurmur. Həmçinin, “Galaxy Note 8” smartfonunda “Infinity” displeyi quraşdırılacaq. Ekranın bucaq radiusunun kiçik olmasına görə onun ölçüsü daha da böyük olacaq. Sentyabrda nümayiş olunacaq 8 nüvəli prosessora malik “Samsung Galaxy Note 8” smartfonu 4 qiqabaytlıq operativ, 64 qiqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək.

18

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register