Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” şirkəti öz saytında Rusiya hakimiyyət orqanları ilə əlaqələr üzrə menecer vakansiyası elan edib. Menecerin iş yeri kimi isə Varşava göstərilib. Qeyd edilir ki, menecerin vəzifələrinə qanunvericilikdə sosial şəbəkələrə toxuna biləcək son dəyişikliklərin monitorinqi, məmurlarla görüşlərdə “Facebook”un maraqlarının təqdim olunması daxildir. Namizəddən rus dilini ideal səviyyədə, ingilis dilini isə danışıq dili səviyyəsində bilmək, yüksək rütbəli məmurlarla iş və mətbuat katibliyi təcrübəsi, eləcə də, internet və “Facebook”un cəmiyyətin faydasına olmasına inanmaq tələb olunur.

1

“Yahoo”nun səhmləri satıldı, adı isə dəyişdi. ABŞ-in internet xidməti şirkəti “Yahoo”nun səhmdarları şirkətin “Verizon”a olan satış əməliyyatını təsdiqləyib. “Verizon” “Yahoo”nun səhmlərinə 4.48 milyard dollar ödəyib. Məlumata görə, razılıq müqaviləsi 13 iyunda imzalanacaq. “Yahoo”nun yeni adı isə bundan sonra  “Altaba Inc” olacaq. Bu açıqlamadan sonra Nyu-York birjasında “Yahoo”nun hissələri günlük 10.2 faiz, “Verizon”un hissələri 0.7 faiz dəyər itkisi ilə üzləşib. Mütəxəsislər “Yahoo”nun 1 milyarddan çox istifadəçisinin  “Verizon”a keçəcəyini vurğulayır. Onların fikrincə, şirkətin internet xidmətləri bazarında payı ciddi şəkildə artacaq.

2

ABŞ-ın beynəlxalq şəbəkə texnologiyaları şirkəti  “Cisco” dünya üzrə internet trafiki həcminin 2021-ci ildə üç dəfə artacağını bildirib. “Cisco”nun  “2017 Virtual Şəbəkə İndeksi” (VNI) adlı hesabatına görə, ötən il dünya miqyasında aylıq orta hesabla 73,1 exabyte olan internet trafiki 2021-ci ildə 235,7 exabyte səviyyəsinə çatacaq. Bu da 3,2 dəfə artım deməkdir. Hesabatda keçən il adambaşına düşən aylıq ortalama internet istifadəsinin 12,9 gigabyte olduğu qeyd edilib. Bunun 2021-ci ildə 2,7 dəfə yüksələrək,  35,5 gigabyte-a çatacağı vurğulanıb. O da qeyd edilib ki, mobil məlumat trafiki 2016-2021-ci illərdə 7 dəfə artacaq. Ötən il 9,8 faiz olan mobil məlumat trafikinin qlobal internet trafikində payının 2021-də 20,5 faiz səviyyəsinə yüksəlməsinin nəzərdə tutulduğu bildirilib. Məlum olub ki, ötən il dünya miqyasında internet trafikinin 67%-i videogörüntülərdən ibarət olub. Bu nisbətin 2021-ci ildə 80%-ə yüksəlməsi proqnozlaşdırılıb.

3

Kosmosda pilotsuz bazanın əsasında Asqardiya adlı müstəqil dövlət yaradılacaq. Layihənin müəllifi UNESCO-nun Kosmos məsələləri üzrə Komissiyasının prezidenti, Azərbaycan əsilli Rusiya iş adamı, texnika elmləri doktoru İsa Rauf oğlu Aşurbəylidir. O təklif edir ki, orbitə pilotsuz stansiya buraxılmalı, sonradan o, genişləndirilərək yaşayış məhəlləsinə və beynəlxalq qanunlardan asılı olmayan müstəqil dövlətə çevrilməlidir. Asqardiya vətəndaşlığı almaq üçün qeydiyyat saytda aparılır. Artıq 180 min nəfər qeydiyyatdan keçib. Ekspertlər rusiyalı alimin bu ideyasına şübhə ilə yanaşırlar. Ən azı ona görə ki, bunu həyata keçirmək üçün külli miqdarda vəsait lazımdır.

4

ABŞ-ın Oklahoma Universitetinin alimləri Yerə bənzəyən 7 planet aşkarladıqlarını bəyan ediblər. Planetlər TRAPPİST-1 sistemində tapılıb. Alimlər onların öz atmosfer və dərinliyinə görə Yerə çox bənzədiyini vurğulayıblar. Universitetin aparıcı tədqiqatçısı Billi Kuors deyib ki, bu planetlərin hamısı həyatın yaranması üçün bütün zəruri şərtlərə malikdir. Qeyd edək ki, TRAPPİST-1 bu ilin yazında aşkarlanıb. O, Yerdən 30 işıq ili məsafəsində yerləşir və tərkibinə “cırtdan planet” ətrafında dövr edən 3 planet daxildir. ALimlər hesab edir ki, bu cismin daxilində su var və çəkisi Yerin kütləsinə bərabərdir.

5

Sinqapur yaşayış məhəllələrindən zibillərin toplanması və daşınması üçün ağıllı sistemlərin tətbiqinə başlanır. Bunun nəticəsində sözügedən sahədə insan əməyi 70% ixtisar olunacaq, həmçinin sakinlər üçün rahatlığı, təhlükəsizliyi və aşağı kommunal ödənişləri təmin edəcək. Mənzil tikintisi və inkişaf üzrə Sinqapur Şurasının sədri Çonq Kun Xeyn deyib ki, ölkəsi əcnəbi işçi qüvvəyə arxalana bilməz və zibil daşımaq problemini müasir texnologiyalara əsaslanaraq həll etmək lazımdır. Evlərdəki ötürücü vasitəsilə toplanan zibilin həcminə nəzarət etmək və zibil qabları 80% dolduğu halda, zibilyığan maşını çağırmaq mümkün olacaq.

6

Kiçik cihaz yuxu zamanı apnoe xəstəliyinə diaqnoz qoyur. Apnoe xəstəliyinə (tənəffüs hərəkətlərinin dayanması) diaqnoz qoymaq üçün insanlar yuxu laboratoriyasına (polisomnoqrafiya) göndərilir. Pasiyentlər tədqiqat çərçivəsində başa bərkidilmiş çoxsaylı elektrodların nəzarəti altında gecəni tibbi müəssisədə keçirməli olurlar. Bundan başqa, mövcud olan diaqnostik qurğular evdə də istifadə oluna bilər, ancaq belə qurğular kifayət qədər böyük yer tutur. İndi “Somnarus” startapı tərəfindən təqdim edilmiş “SomnaPatch” adlı kiçik cihaz yuxu zamanı apnoe xəstəliyinə yüksək dəqiqliklə diaqnoz qoya bilir. Kaliforniya startapı tərəfindən yaradılmış 30 qram ağırlığında cihaz birdəfəlik yapışqan plastırdan ibarətdir, alın nahiyəsinə bərkidilir və taxma vasitəsilə buruna birləşdirilir. Pasiyent yatdıqda cihaza qurulmuş datçiklər qanın oksigenlə doyma dərəcəsini, ürək ritmini, yuxunun müddətini və bədənin vəziyyətində dəyişiklikləri qeydə alır. “Somnarus” startapı ötən il qurğunu ABŞ-ın 3 yuxu klinikasında sınaqdan keçirib. Tədqiqatda iştirak etmiş 174 pasiyentin 50%-i standart polisomnoqrafiya edib, digərləri isə “SomnaPatch” cihazından istifadə ediblər. Məlum olub ki, yeni cihazın dəqiqliyi 87,4% təşkil edir.

7

Yeni dron bütün istiqamətlər üzrə uçacaq. İsveçrədə bütün istiqamətlər üzrə sərbəst hərəkət edən pilotsuz uçan aparat yaradılıb. Əksər dronlar havada üfüqi şəkildə qaldığı halda, “Voliro” adlanan aparat istənilən əyilmə bucağı altında asanlıqla hərəkət edə bilir. Buna bütün tərəflərə dönən altı müstəqil propeller sayəsində nail olmaq mümkün olub. Pilotsuz uçan aparat İsveçrənin Sürix Ali Texniki Məktəbinin (ETH Zürich) və Sürix İncəsənət Universitetinin (ZHdK) 11 tələbəsi tərəfindən ərsəyə gətirilib. Onlar layihə üzərində 9 ay çalışdıqdan sonra iyunun əvvəlində aparatın ilk prototipini təqdim ediblər. Təqdim edilən videoda dron əvvəlcə qapalı yerdə, sonra küçədə uçur. Ayaqlarla təchiz edilən aparatın vintləri xüsusi altıbucaqlarla qorunur. O, havada sanki rəqs edir, piruetlər edir və arxası üstə çevrilir. Gələcəkdə aparatın mərkəzdə quraşdırılan kürə sayəsində döşəməyə perpendikulyar uçması və yerə enməsi nəzərdə tutulur. Dronun satışa çıxarılacağı barədə məlumat verilmir.

8

Kvant kompüterləri üçün lazım olan ultranazik maqnit yaradılıb. Massaçusets Texnologiya İnstitutu və Vaşinqton Universitetinin alimləri dünyada ilk dəfə ikiölçülü maqnit yaratmağa müvəffəq olublar. Alimlərin sözlərinə görə, xrom triodid adlı birləşmə hətta bir atom qalınlığında olarkən maqnit xüsusiyyətlərini saxlamaq qabiliyyətinə malikdir. Alimlər tərəfindən 2004-cü ildə qrafenin kəşfindən sonra ikiölçülü vəziyyətdə olan başqa materiallar (məsələn, stanen və borofen) da aşkar edilib, lakin onlar bir atom qalınlığında ikən öz maqnit xüsusiyyətlərini itiriblər. Bundan başqa alimlər müəyyən ediblər ki, iki atom qatı qalınlığında olan xrom triodid maqnit xüsusiyyətlərini itirir, üçqat qalınlığında isə maqnit xüsusiyyətləri geri qayıdır. Alimlər bu hadisəni öyrənməyi planlaşdırırlar. Son tapıntı alimlərə maqnetizm sahəsində yeni sınaqlar keçirməyə, ən nazik elektron qurğular, hətta kvant kompüterləri yaratmağa imkan verəcək.

9

Asiyanın ən böyük ticarət şirkətinin maliyyə şöbəsi, robot və süni zəka üçün vakansiyalar elan edib. “Aeon” adlı şirkət, kredit kartlarının verilməsi məsələsində adi konsultantları Pepper adlı robotlarla əvəz edəcək və 100-ə yaxın ödəniş terminallarını “IBM” şirkətinin süni zəkası ilə təchiz edəcək. Şirkət, insana bənzər Pepper adlı 30 robotu bu il işə götərəcək. Yaponiyada artıq məşhur olmuş bu robotlar, müştərilərə kredit kartların verilməsi üçün nəzərdə tutulmuş sənədlərin doldurulmasında yardımçı olacaq, sənədlərdəki səhvləri düzəldəcək və müştərilərin suallarına cavab verəcəklər. Bundan əlavə olaraq bu cür robot eyni anda 3 müştəriyə xidmət göstərə bilər. Əvvəllər bu işlə məşğul olmuş işçilər isə şirkətin digər şöbələrində çalışacaqlar. Buna misal olaraq satış şöbəsini gətirmək olar. Bununla yanaşı növbəti 3 il ərzində şirkət, “IBM”in süni zəkasına sahib 100 yeni terminalları müxtəlif bank şöbələrində və ticarət mərkəzlərində quraşdıracaq. Süni zəka, kredit kartı ilə bağlı 700-800 suala cavab verə biləcək. Bu isə öz növbəsində kredit kartı alışında sürətli xidməti yaradacaq və müştəriləri uzun növbələrdən azad edəcək.

Keçən il “Google” şirkəti Pixel və Pixel XL adlı yeni smartfon modellərini təqdim etmişdi. Beləliklə şirkət, Nexus seriyasından tamamilə imtina etdiyini bildirmişdi. Smartfonların satışa çıxması ilə bir sıra istifadəçilər sözügedən smartfonlarda bəzi problemlər ilə qarşılaşırdılar. Lakin buna baxmayarq bir çoxları bu smartfonları ən yaxşı Android smartfonlar adlandırır. Hələ bu ilin əvvəlində bəzi xəbərlər yayılmışdı ki, “Google” şirkəti, artıq bu smartfonların yeni versiyaları üzərində çalışır. İndi isə bunun ilk real sübutu ortaya çıxıb. Belə ki, Google Pixel XL 2-nin ilk texniki göstəriciləri internetə sızdırılıb. Pixel XL 2-ni, keçmiş versiyadan ilk öncə onun xarici görünüşü fərqləndirməlidir. Məlumatlara əsasən smartfon, 5.6 inç ekran, 2.4 GHz tezlikli Qualcomm prosessoru (çox güman ki, Snapdragon 835), 4 GB RAM, 128 GB daxili yaddaş, 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. “Google” tərəfindən yeni smartfonların bu ilin Oktyabr və ya Noyabr ayında təqdim olunacağı güman edilir.

10

“Google” şirkətinin sahibləri, “Boston Dynamics” şirkətini yapon holdinqinə satmaq qərarına gəldilər. “Alphabet” şirkətinin sahibləri Larry Page və Sergey Brin (“Google”ın yaradıcıları), Yaponiyanın “Softbank” holdinqi ilə sövdələşmə bağlayıblar. Sövdələşməyə əsasən “Google” şirkətinin sahiblik etdiyi “Boston Dynamics” şirkəti bundan sonra “Softbank”a məxsus olacaq. Qeyd etmək lazımdır ki, “Softbank” isə öz növbəsində robotexnika və süni zəka sahəsinə külli miqdarda investisiyaların yatırılmasına başlayır. Sözügedən sövdələşmənin qiyməti barəsində heç bir məlumat yoxdur. “Google” şirkəti, “Boston Dynamics”i 2013-cü ilin Dekabr ayında almışdı. Keçən il isə onu satmaq istəyirdi. Şirkət qorxurdu ki, yaxın bir neçə il ərzində “Boston Dynamics” rəqabətə dözümlü bir məhsul təqdim edə bilməyəcək. Bu müddət ərzində isə “Boston Dynamics” şirkəti öz keçmiş məhsullarının bir sıra yeni modellərini təqdim etməyi bacardı. Onların arasında dördayaqlı robot SpotMini və SPOT, sürətli Wild Cat robotu və iki ələ, iki təkərə sahib Handle robotu var. Bundan əlavə olaraq “Google”ın idarəçiliyi dövründə insana bənzər ATLAS robotu da təkmilləşdirilmişdir. İndi isə “Boston Dynamics”in robotexnika şöbəsi birbaşa “Softbank”a və ya onun Vision Fund adlı fonduna məxsus olacaq.

11

Nazilərin blitzkriq hücumunun ən əsas hissəsi 1.350 tonluq qatar relsi üzərində hərəkət edən Gustavıydı. Müharibənin ən böyük silahı sayılan bu nəhəng 7 tonluq gülləsiylə fransızların bazalarını 43 km uzaqlıqdan məhv etməliydi. Lakin blitzkriq o qədər sürətliydiki almanlar Parisi tutanda hələ də Gustav hazır olmamışdı. Sonradan Nazilər Gustavı Barbarossa planında istifadə etmək qərarına gəldilər və Qırmızı orduya hücum zamanı bir çox rus bunkerini məhz bu nəhəng silahla məhv etdilər. Amma 1944cü ilin sonlarında məğlub olan almanlar topatanın Qırmızı ordunun əlinə keçməməsi üçün darmadağın etdilər. 250 nəfərlik komandanın köməyilə çalışan və ancaq qatar relsləri üzərində hərəkətə gələn bu silah hələdə müharibənin ən nəhəngi olaraq qalır.

12

Sahibini yuxudan ayıltmaq üçün elektrik şoku ötürən saat istehsal edildi. Hər səhər işə getmək üçün zəngli saat qururuq, lakin buna baxmayaraq zəngli saatları söndürüb yenidən yuxuya gedirik və beləliklə də işə gecikirik. Artıq bu problemi aradan qaldıran yeni cihaz yaradılıb. Kickstarter üzərindən kampaniyası başladılan Alarmshock, istifadəçilərinin zəngli saatlarını təxirə salaraq gec qalma vərdişlərini aradan qaldırmağı qarşısına məqsəd qoyub. İstifadə olunan sistem olduqca sadədir. AlarmShock bir stend və qolbaqdan meydana gəlir. Gecə yatmazdan əvvəl, yuxudan durmaq istədiyiniz vaxtı stend üzərindən təyin edirsiz. Daha sonra isə qolbağı taxaraq yatırsınız. Vaxtı gəldiyində isə qolbağ həm siqnal çalır, həm də titrəyişlər edərək sizi yuxudan oyadır. Zəngli saatı dayandırmaq üçün isə, yataqdan qalxaraq qolbağı stendə qoymaq lazımdır. Fərz edək ki, zəngli saatı söndürmədiz. Yaxşı o zaman nə olur? Zəngli saat iki dəqiqə ərzində dayandırılmadıqda, qolbaq istifadəçilərinə kiçik elektrik şoku ötürür. Beləliklə də insanların yuxudan oyanmamaq şansı qalmır. Üstəlik, stend, istifadəçiləri yuxudan oyandırmaqdan əlavə, qolbağı enerji ilə təmin edir. Alarmshock texnologiyasına sahib olmaq istəyənlər 90 sterlinq, yəni təxminən 117 dollar pul ödəməlidirlər. Kickstarter kampaniyası yeni başladığından bu məhsula qısa müddət ərzində, 77 sterlinq yəni 100 dollar ödəməklə sahib ola bilərlər.

13

Çinin “OUKITEL” şirkəti yeni “K10000 Pro” smartfonunu təqdim edib. “K10000 Pro” smartfonunda akkumulyator batareyasının tutumu adından göründüyü kimi, 10 min milliamper/saat təşkil edir. Bu o deməkdir ki, gözləmə rejimində smartfon 770 saatadək və ya 33 gün işləyə bilir. Güclü adapter sayəsində 2,5 saat ərzində aparatın akkumulyatorunu 100% səviyyəsində enerji ilə doldurmaq olar. “K10000 Pro”, həmçinin istifadəçiləri öz görünüşü və məhsuldarlığı ilə heyrətləndirir. Smartfon təbii buzov dərisindən işlənib və metal korpusa malikdir, 3 QB əməli yaddaş, “ARM Mali-T860” qrafik çipi və səkkiznüvəli “MT6750T” prosessoru ilə təchiz edilib. “OUKITEL K10000 Pro” smartfonunun qiyməti 219,99 dollardır, aksiya çərçivəsində 179,99 dollara satın almaq olar.

14

ABŞ-ın “Oracle” korporativ proqram təminatı istehsalçısı süni intellektə malik “Adaptive Intelligent Apps for CX” əlavələrini təqdim edib. Proqramlar elektron ticarət, marketinq, satış və servis sahəsində peşəkarlara müştəri ilə iş müddəti ərzində real vaxt rejimində keyfiyyəti artırmağa kömək məqsədi daşıyır. “Adaptive Intelligent Apps for CX” məlumatları “Oracle Data Cloud” “bulud” platformasından alır. “Oracle” nümayəndələrinin sözlərinə görə, platforma dünyada 5 milyard fərdi şəxs və şirkətin istifadə etdiyi və gündəlik 7,5 trilyon məlumat daxiletmə sorğusunun qeydə alındığı iri qlobal informasiya meydançasıdır. Bildirilir ki, müştəri ilə təmasda daim əlavə edilən və təkmilləşdirilən fərdi sorğular üzrə analitik tab-vərəqələr almağa imkan verən əlavələrə istehlakçılar və “B2B” biznes modeli üzrə peşəkarlar üçün hazırlanan innovativ proqramlar daxildir. “Adaptive Intelligent Apps for CX” əlavələri “Oracle CX Cloud Suite” platforması çərçivəsində elektron ticarət, marketinq, satış, müştəri xidmətləri üçün mövcud əlavələri təkmilləşdirmək məqsədilə yaradılıb.

15

İnternetdə şəkilləri yayılan yeni “Huawei Honor 9” smartfonu metal çərçivəli şüşə korpusla təchiz ediləcək. Fotoşəkillərlə yanaşı, internetdə smartfonun təqdimatının yeri və tarixi barədə informasiya yerləşdirilib. Yeni qurğunun fotoşəkillərdə başqa rakursda təqdim edildiyi qeyd olunur. Məsələn, smartfonun korpusunun fraqmentinin nümayiş etdirildiyi fotoşəkilə görə, yeni qurğunun ön və arxa paneli perimetr üzrə smartfonu əhatə edən şüşədən və metal çərçivədən düzəldilib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, qurğu qoşa tipli arxa kamera ilə təchiz ediləcək. Öz növbəsində mütəxəssislər tərəfindən yeni smartfonda bəzi çatışmazlıqlar da aşkar olunub. Məsələn, onlar 3,5 millimetrlik qulaqcıqlar üçün çıxışın quraşdırılmamasını qeyd edirlər. Yeni qurğu haqqında daha ətraflı məlumatın iyunun 12-də Şanxayda keçiriləcək rəsmi təqdimat zamanı veriləcəyi gözlənilir.

16

NASA Marsa gedəcək ilk ekspedisiyanın 12 nəfərlik heyətini müəyyənləşdirib. Onlardan 7-si kişi, 5-i qadındır. NASA-nın rəhbər əvəzi Robert Laytfut bununla bağlı keçirilən təntənəli mərasimdə bildirib ki, ekspedisiyaya ən yaxşılar göndəriləcək və agentliyin bütün komandası onlara kömək etməyə hazırdır. Bu il astronavt olmaq üçün 18 min nəfər müraciət edib ki, 1978-ci il rekordunu (8 min nəfər) yeniləyib.

17

“Samsung” şirkəti ucuz “Galaxy J” smartfon seriyasını müasirləşdirib. “J3” modeli 5 düymlük “HD” formatlı ekran, 1,4 QHs takt tezlikli dördnüvəli “Exynos 7570” prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş, həmçinin 2400 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Daha bahalı “J5” və “J7” modelləri “Super AMOLED” texnologiyası üzrə hazırlanmış müvafiq olaraq 5,2 və 5,5 düymlük “HD” displeylər, “microSD” kartlar (256 QB-dək) hesabına artırıla bilən 16 QB-lıq fləş daşıyıcı, dördnüvəli çiplər (1,6 QHs), 13 meqapiksellik əsas və ön kameralarla təchiz edilib. “J7” modelində əməli yaddaşın tutumu 3 QB təşkil edir. Təqdim edilmiş yeni smartfon modelləri “Android” mobil əməliyyat sisteminin yeni “Nougat” versiyası ilə işləyir. Hər üç aparat qara və ya qızılı rənglərdə əlçatan olacaq. Avropada 279 avro dəyərində olan “J5” smartfonunun satışına iyunda, 339 avro dəyərində olan “J7” modelinin satışına isə iyulda başlanılacaq.

18

“Microsoft” korporasiyası Çinin “Bilibili” videoservisindəki rəsmi hesabında istehsal ediləcək yeni smartfon haqqında təsadüfən məlumat dərc edilib. Bir müddət sonra məlumat silinib, lakin onun keşlənmiş surəti müxtəlif saytlar tərəfindən oxuculara təqdim edilib. Məlumata görə, “Surface Phone” adlanacaq qurğu “Continuum” rejimində təsviri istənilən düz səthə proyeksiya edə biləcək quraşdırılmış proyektorla təchiz ediləcək. Bununla yanaşı, smartfonun bu funksiyadan rahat istifadə üçün xüsusi çıxarılabilən altlığa malik olacağı ehtimal edilir. Bildirilir ki, proyektor 1 saat fasiləsiz işləyə biləcək. Buna səbəb kimi istilikvermə və enerjidən çox istifadə göstərilir. Həmçinin, yeni smartfon xüsusi “Surface Pen” elektron qələmi ilə təchiz ediləcək. İstifadəçilər qurğunun daxilində yerləşdiriləcək qələm vasitəsilə “OneNote” əlavəsini ekrana bir dəfə basmaqla açmaq imkanı əldə edəcəklər. Bundan başqa, qurğunun interfeysi barədə qısa məlumatlar əldə olunub. Belə ki, “Microsoft” nümayəndələri “Surface Phone” smartfonunun interfeysinin məhsuldarlıq və enerji sərfiyyatı arasında ideal balans təmin edəcəyini bildirsələr də, konkret xüsusiyyətlər barədə məlumat verməyiblər. Analitiklərin ehtimalına görə, smartfon bu yaxınlarda işıq üzü görən və sınaqlar zamanı yüksək nəticələr nümayiş etdirən “Snapdragon 660” prosessoru əsasında işləyəcək. Lakin bir müddət əvvəl qurğunun “Snapdragon 835” prosessoru ilə işləyəcəyi barədə məlumatların yayılması səbəbindən bununla bağlı yekdil fikir yoxdur. Həmçinin, qurğunun “Windows 10 Mobile” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi, adi “Win32” proqramlarını dəstəkləyəcəyi ehtimal edilir. Bu funksionallığın “Continuum” rejimi ilə məhdudlaşacağı naməlumdur. “Surface Phone” smartfonunun satışa çıxarılma müddəti barədə məlumatın verilməməsinə baxmayaraq istifadəçilərə bir yox, “Surface Peking” və “Surface Slavonia” adı ilə iki yeni smartfon modelinin təqdim ediləcəyi gözlənilir.

19

“Apple” şirkəti “iOS 11” əməliyyat sistemində “Facebook” və “Twitter” şəbəkələrinin birbaşa inteqrasiyası funksiyasından imtina edir. “Facebook” sosial şəbəkəsinin “iOS” funksiyalarında avtomatik avtorizəsinə 2012-ci ildən başlanılıb. Bir müddət əvvəl isə “Twitter” üçün də birbaşa avtorizə əlavə olunub. Avtorizə sistemlərinin tətbiqindən sonra istifadəçilər hesabların istifadəçi kod-parolunu birbaşa sistem funksiyalarında göstərməklə bütün əlavələr üçün avtomatik məlumatlar almağa imkan yaranıb və hesablara daxil olmaq mümkün olub. Lakin bundan sonra bu növ avtorizə üsulundan istifadə qeyri-mümkün olacaq. Belə ki, “iOS 11” əməliyyat sistemindən başlayaraq “Twitter” və “Facebook” birbaşa inteqrasiya funksiyasından məhrum olacaq və istifadəçilər digər əlavələrdə olduğu kimi, əllə avtorizə olunacaqlar. Bundan başqa, qeyd edilən proqramların tərtibatçıları rəqiblərdə olduğu kimi, əməliyyat sisteminə çıxış üçün eyni əlavə genişləndirməsindən istifadəni quraşdırmağa məcbur olacaqlar. Qeyd edək ki, “iOS” qurğuları üçün yeni əməliyyat sistemi “WWDC 2017” konfransında təqdim edilib. “Apple” şirkəti “iMessage” təcili məlumat mübadiləsi xidmətində yeni dizayn, əlavə reallıqdan istifadə və birbaşa pulköçürmələri funksiyalarını tətbiq edib. Bundan əlavə, “Siri” virtual köməkçi funksiyasının təkmilləşdirilməsi ingilisdilli istifadəçilərin nitqini fransız, alman, Çin, italyan və ispan dillərinə tərcümə etməyə imkan verir. Funksiyalardan payızda yararlanmaq mümkün olacaq.

20

Cari ilin iyulunda təqdim ediləcək “CHAARGO” adlı qeyri-adi simsiz enerjidoldurma qurğusu cihazların şarj problemini həll edəcək. “CHAARGO” – bu, portmanet formasında 4000 milliamper/saat tutuma malik nazik enerjidoldurma qurğusudur. Cihazı enerji ilə doldurmaq üçün onu portmanetin üzərinə qoymaq kifayətdir. “CHAARGO” qurğusu dəri/alüminium kombinasiyasından hazırlanıb və “Qi 1.2” sürətli simsiz enerjidoldurma  standartını dəstəkləyir. Enerjidoldurma qurğusu 2,1 amper gücündə adapter və “USB-C” kabellə enerji toplayır. Batareyanın statusu rəngli LED indikatorla əks olunur. Portmanet formasında hazırlanmış “CHAARGO” qurğusu aşağıdakı hissələrdən ibarətdir: Pul üçün yer; • Sikkələr üçün cib; Kartlar üçün 3 ədəd böyük yer. Portmanetin fiziki ölçüləri 115x95x15 mm, çəkisi isə 205 qr-dır. Telefon simsiz enerjidoldurmanı dəstəkləyirsə, narahatçılığa heç bir əsas yoxdur. Aparatı portmanetin üzərinə qoyduqdan sonra o, enerji toplamağa başlayacaq. Dəstəklənən telefonların siyahısı aşağıda göstərilib: “CHAARGO” portmanetinin pərakəndə qiyməti 75 funt təşkil edəcək.

21

Payızda istifadəyə veriləcək yeni “iOS 11” əməliyyat sistemində “Do Not Disturb While Driving” (“Sükan arxasında narahat etməyin” – DNDWD) adlı maraqlı və faydalı funksiya quraşdırılıb. “Sükan arxasında narahat etməyin” barəsində çoxdan şayiələrin yayıldığı avtomatik rejimdir.  Funksiya sürücüyə hərəkət zamanı smartfondan istifadəni qadağan edir. “DNDWD” avtomatik rejimdən fərqli olaraq rabitə vasitələrini deyil, “Narahat etməyin” standart rejiminə oxşar məlumat və ya zənglər haqqında bildirişləri söndürür. Onu əllə işə salan zaman “Sükan arxasında narahat etməyin” “iPhone”un avtomobilin çox sürətlə hərəkət etməsini anladıqda avtomatik işə düşür. “Apple” nümayəndələrinin sözlərinə görə, sürət “Bluetooth” və “Wi-Fi” şəbəkələrinin çıxış nöqtələrinə görə hesablansa da, smartfonda akselerometr quraşdırılıb. Məlumata görə, “DNDWD” daxil olan məlumatlara proqramlaşdırılmış mətnlə və ya istifadəçinin sükan arxasında olmasını və sonradan cavab verəcəyini bildirən sadə bildirişlə avtomatik cavablandırır. Həmçinin, “Seçilmiş kontaktlar” siyahısına müəyyən kontaktların əlavə edilməsi üçün imkan yaradılıb. Bu, kontaktların ikinci dəfədən zəng etməsinə və ya məlumat göndərməsinə imkan verir. Funksiya təhlükəsizliklə yanaşı, “iPhone” sahiblərinin smartfonun avtomobilin multimedia sisteminə inteqrasiyasından (Apple CarPlay) daha çox istifadə etmələri üçün nəzərdə tutulub. “Sükan arxasında narahat etməyin” funksiyasını istifadəçinin avtomobil sürücüsü deyil, sərnişin olmasını bildirən düyməni basmaqla söndürmək mümkündür.

https://ww.flickr.com/photos/144535053@N04/35242580595/in/dateposted-public/

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask bildirib ki, süni intellekt insan intellektini təxminən 2030-2040-cı ildə ötüb keçəcək. Mask digər proqnozlarını da açıqlayıb. Onun fikrincə, 2024-cü ildə maşınlar mətnləri insanlardan daha yaxşı tərcümə edəcək, 2026-cı ildə isə məktəb inşalarını insanlarla müqayisədə daha yaxşı yazacaq. Qeyd edək ki, İlon Mask yaxın 4 il ərzində insan beyni ilə kompüteri birləşdirəcəyini bəyan edib.

23

Cenevrədə keçirilən “Süni intellekt naminə” Ümumdünya sammitinin iştirakçıları olan aparıcı şirkətlərin liderləri, akademik dairə və elmi tədqiqat institutlarının nümayəndələri, həmçinin hökumət nümayəndələri “ağıllı” maşınların yoxsulluq və aclıqla mübarizədə, insanların təhsil almasında, səhiyyədə, ətraf mühitin mühafizəsində rolunu müzakirə edirlər. Forumun nümayəndələri, həmçinin robotlaşdırma və bu proseslə bağlı bütün başqa risklərin mümkün nəticələrini müzakirə edəcəklər. Sammit BMT ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil edilib. Tədbirdə insan fəaliyyətinin bu və ya digər növlərinin proqram səviyyəsində modelləşdirilməsi ilə məşğul olan 70 aparıcı şirkətin liderləri iştirak edirlər. “Süni intellekt sülh və rifah şəraitində hamı üçün layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində tərəqqini sürətləndirmək üçün lazımi potensiala malikdir” –  BMT-ın Baş katibi forum iştirakçılarına deyib. O diqqətə çatdırıb ki, “Süni intellekt naminə” Ümumdünya sammiti – bu, süni intellektin inkişafının bütün bəşəriyyətə fayda gətirməsinə hədəflənmiş ilk mərhələdir.

24

Yaponiyanın “Cartivator” qrupunun alimləri “Toyota” avtomobilləri üçün nəzərdə tutulan “SkyDrive” texnologiyasının sınağını keçiriblər. “Cartivator” 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunları ərəfəsində “Sky Drive”ın kommersiya məqsədli istifadəsinə başlamağı planlaşdırır. “Cartivator” layihə üzərində 2012-ci ildən çalışır. Əvvəlcə alimlər bu işi könüllülük əsasında aparırdı, lakin bir qədər sonra “Toyota” layihəyə 380 min dollardan sox vəsait ayırıb. Layihənin ideyası budur ki, elektriklə çalışan, qatlanan böyük kvadratkopter yaradılsın və bu qurğu həm ümumi istifadə üçün nəzərdə tutulan yollarda hərəkət etsin, həm də uça bilsin. Qurğunun yerdə maksimal sürəti 150 km, uçuş zamanı isə 100 km təşkil edəcək. Yayılan videodan görünür ki, 8 rotorlu prototip 1,5 metr havaya qalxır, lakin tarazlığı itirərək sərt eniş edir. Layihə üzrə işlər davam etdiriləcək.

25

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register